Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

SEARCHES. INVESTIGATIONS

Where is the poet? - Javanshir Yusifli

05-06-2024 [ 15:22 ] [ read:64 ]
printerA+ | A-

İnsanın ürəyində, ruhunda elə yerlər, elə nöqtələr olur ki, hətta şair olsan belə, o nöqtələr sonadək susur, nə bir hənir, nə bir səs... O yerin mövcudluğunu insan ömründə bir dəfə hiss edə bilər, sonra dünya boyda unutqanlıq. Bu nə deməkdir?

Ancaq bəzi şairlərdə, o cümlədən, Əli Kərimdə o məqamlar hərdən bu sirri unudub da danışır; bu məqam Fernando Pessoada da aşkardır; Pol Verlendə, Mirzə Şəfi Vazehdə, Rəsul Rzada... və bu da o deməkdir ki, bir şairin böyüklüyünü başqa birisində görə bilməzsən, onda olanları başqa bir şairə transfer edə, köçürə bilməzsən. Məhəmməd Füzuli öz dövründə və elə indiyəcən də nə qədər sıx-sıx istinad edilsə də, Cabbarlı demişkən, əsrlər o planetin ətafında dönüb dolansa da, bu qarşısıalınmaz təsirlə heç kəsi böyütməyib, heç kəsin də boyundan kəsməyib. Yəni, ədəbi təsir başqa, çox fərqli kateqoriya və səviyyəyə aiddir.

Bu mənada, bizdə işlədilən "böyük şair"  ifadəsi yerində deyil...

Həm də "anlaşılır", onu yaddaşdan dünyaya verdiyi suallarla birgə qoparıb atmaq üçün adının əvvəlinə "böyük" sözünü artırıb məsələni biryolluq xətm etmək naminə.  Cabbarlının şeirlərindəki hava küy deyil, virtual xassəli nəsnədi, onu hiss etmək olar, ona toxuna bilməzsən. Bu havanı duyduqca qəribədi, şeirin səsləndiyini, Cabbarlınınsa susduğunu görərsən. Bu anların əbədiyyət qədər çəkməsi üçün istərsən ki, kimsə gəlib sənin gözlərini bağlasın.

 

Yollar kənarında pinəçilər var,

Alim təfəkkürlü, şair xəyallı...

 

Bu bir mərhələdir, kimsə şeir yazmağı, yaxud elmi iş yazmağıyla qürrələnə bilməz, adi gerçəklikdən o atmosferə düşə bilmək üçün o havanı yaratmalısan,  bu isə  işin ən çətin yeridir, yoxsa, "Aut", "Mən azmaq istəyirəm" kimi mətnlər yarana bilməzdi.

Şairlik həm də və daha çox ətraf mühitlə, rejimlə, siyasi havayla yox, özünlə, ruhuna damanlarla razılaşmamaqdı, hər şeyi Tanrıyla ürəyinin bağlandığı yerdə hiss etməyə məhkum olmaqdı.

 

Dəli könlüm, nə divanə gəzirsən...

 

Ürəyin Tanrıya bağlandığı yer ürək deyil (bu nəsnə, könül... hər şeir yazanda olmur...), ruhundakı açılmamış tumurcuqların, o ilahi pıçıltıların köz kimi isti sözlərə çevrilməsidir. Bəzən deyirlər, özü də haqlı yerə deyirlər ki, Vurğun o dövrdə yaşamasaydı, nələr yazardı? Mənasız sorğudu. O, məhz o məşəqqətin içində yaşamalı və könüllü ölümə getməliydi. Şairlik missiyasındakı bu faciəni hamıdan çox, Vurğun anlamışdı. O nəslin şairləri necə bir coşquyla ədəbiyyata gəlmişdilər və necə bir faciəyə tuş gəldilər. Və onların bu faciə içində ölmələri, bada getmələri də insanların ürəyinə su səpmədi. Əslində repressiyaya uğrayanlarla sağ qalanların faciəsi müqayisəolunmaz dərəcədə "eyniydi", onları fikrən bir sapın üstünə yığsaq, hər ikisini yalnız bir an görə bilərsən. Sonra hər şey yanıb külə dönür.

Ağamalı Sadiq Əfəndidə bir şeir vardı, Cavid haqqında:

 

Bu dünyada bir şair də var idi,

Gülləri heç dəymədi hədəfə...

 

Şairlərin qismətinə kədər, üzüntü, faciələr düşür. Onlar dünyanın baş meydanından çal-çağırla, qələbə marşı altında keçmirlər.

Amma indi belə bir təhlükə var, yəni təhlükəli istək var.

Hanı şair?

OTHER NEWS