Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

SEARCHES. INVESTIGATIONS

"Line" in Khuraman Hummatova‘s "Leyli and Majnun" by Mahammad Fuzuli

14-05-2024 [ 11:53 ] [ read:180 ]
printerA+ | A-

The President of Azerbaijan issued an order to celebrate Muhammad Fuzuli's 530th birthday. This decree imposed a duty on all scientists and inspired others who admired Fuzuli to write in this vein. Lover Fuzuli liked to use codes, symbols, and symbols to express things he was unable to utter out loud during that time in his life. In doing so, he was able to create the illusion of speaking lovely words in his poetry.

Məhəmməd Füzuli "Leyli və Məcnun" əsərində bir çox yerlərdə  "yazı" anlamında işlədilən "xətt" məcazından istifadə etmişdir. Bu xətt (yazı) məcazı insan taleyini formalaşdıran ilahi informasıyadan xəbər verir. Ərəb və fars sözləri lüğətində xətt (yazı) sözünün müxtəlif mənaları verilmişdir: xətt 1) çizgi, cızıq: 2) yazı; 3) sıra və ya cizgi şəklində olan bir şey; 4) gənclərin üzündə yeni çıxmağa başlayan bığ, saqqal; 5) qırış, qırışıq; 6) hökm, əmr, fərman; 7) iltizam, təəhhüd, öhdəçilik; xətti-istiva - ekvator xətti; xətti-mixi (qədim assurilərin və iranlıların şlətdiyi əlifba) xətti - səbz ( göy xətt) gənclərin üzünə yeni çıxmağa başlayan saqqal; xətti-xuda (dini kitablar).

Təsəvvüf təlimində hər şeydən öncə xətt (yazı ) ilahi dərgahda olan Lövhi-məfzun Allahın bütün göstərişləri yazılan bir lövhə olduğu nəzərdə tutulur. "Haqqın vəchinin (üz və mahiyyətinin) gerçəklik aləmində təzahürü və haqqın cəmalının təcəllası xətt adlanır". 

Hər şeydən öncə xətt, yəni hər hansı hərfin, sözünü, fikrin şəkli ifadəsinin cızılmasıdır. Təsəvvüf elmində bu şəkli ifadənin gözəl halda cızılması hüsnxətt (gözəl yazı) deyilən bir yazı növünün yaranmasına səbəb olub. Bu yazı əsnasında insan Allaha olan sevgisini, daxili duyğusunu, bacarığını ortaya qoymaqla gözəl yazı nümunələri yaratmağa çalışmış, bununla da hüsnü -mütləqə olan sevgisini onun gözəllik mücəssəməsi olduğunu gözəl xətt ilə nümayiş etdirmək istəmişdir. Gözəl xətlə yazılan hər bir şey insanın daxili ələmini əks etdirən ayna rolunu oynayır. Yəni insan daxilində olan o gözəlliyi sevgi ilə gözəl şəkildə əks etdirmək istəyir.

"Leyli və Məcnun" əsərindən də görürük ki, Məcnun Leylinin adını gözəl yazmaq üçün onu müxtəlif formalarda yazmaqdan ötürü məşq edir. Məktəbə getdiyi müddətdə zamanını ancaq "iki hərfin" yazılışını öyrənməyə sərf edən aşiq bu hərfləri təkrar-təkrar yazmaqla (?) və (?) "Leyli" adını yazmağı öyrənmişdir:

 

Elmi-xətə ömrün eyləyib sərf,

Məşq etmiş idi həmin iki hərf.

 

Məcnunun məktəbdə Leylanın adını yazmağı artıq ona yaxınlığını, onunla vəhdət halında olmasını bildirir. Bu yolla onunla təmasda olması, öz varlığında bu yaxınlığı cızdığı xətlərlə əks etdirir. Bütün bu yaxınlıq, təmas məzmunu daşıyır. Bu yaxınlıq halını biz N.Gəncəvi "Leyli və Məcnun" əsərində də görürük.

Məcnun dərd əlindən dizlərini iki "lam" kimi qatlamış, qollarımı isə "yey" kimi bükmüş və bunların birləşməsindən sevgilimin adı, yəni "Leyli" əmələ gəlmişdir. Məcnun bədəni ilə Leylinin adını yazması onun məhəbbətinin yüksək səviyyəsini göstərir. Bu, Leylinin düşüncə aləminə, qəlbinə daxil olması, onunla qiyabi görüşməsi və s. kimi izah oluna bilər. Təbii ki, bədii planda bütün bunların hamısı təsəvvüf dünyagörüşündəki "vəhdəti-vücud" fəlsəfəsi ilə birbaşa bağlılığı məntiqi görünür. Belə ki, Məcnun öz bədəni ilə Leylinin adını yazması ilahi yaradılışı simvollaşdırır. 

Uca Allah maddi varlıq aləmini ilk növbədə söz şəklində yaratmışdır. Yəni Allah "ol" demiş, dünya olmuşdur. Başqa sözlə, maddi varlıq aləmi indiki halından qabaq yaradanın düşüncəsində ideya - informasiya şəklində yaranmış, sonra ilahi varlıq onu səsləndirmiş, yəni söz halında təcəssüm etdirmiş və bundan sonra dünya yaranmışdır. Bütün bunlar dini və təsəvvüfi fəlsəfədə ilahi yazı konseptində simvollaşır. Burada yazı-ilahi tale, proqramlaşdırılmış informasiya deməkdir. Özünü artıq maddi dünyada ölmüş hesab etdiyi üçün pal-paltarlarını cıran Məcnun bir ruh vəziyyətindədir. Öz bədənini Leyli formasına salan Məcnun bu halda sanki Leyliyə qovuşmaqdadır. 

 

Sən sanma ki, oldur ol, mənəm mən,

Bir can ilə zindədir iki tən.

Xürrəm oluram, ol olsa xürrəm,

Qəm yetsə ona, mənə yetər qəm.

 

Təsəvvüfdə bu, "sən və mən" anlayışlarının itməsi, varlığın bütün təzahürlərinin onların maddi obraz və təbii keyfiyyətlərindən asılı olmayaraq, Vahiddə qovuşması, təcəssüm olunması deməkdir. Beləliklə, Məcnun öz bədəni ilə "Leyli" adını yazmaqla yaradılışın ilahi sxemini simvollaşdırır. Bu, ilahi vüsaldır. Çünki yaradılışın başlanğıcında sonradan bir-birindən şəkil və təbiətcə ayrılmış ünsürlər ilk öncə bir yerdə, vahid halda, yəni qovuşmuş şəkildə idilər. Məcnun "Leyli" simvolu ilə həmin ilkin başlanğıca qayıdır.

İnsan dünyanın kiçik nüsxəsi olduğu üçün o, həm də kitabdır. Kitab da "yazı" deməkdir, varlıq aləminin yazısını yazan Allahdır (c.c.) Qurani-Kərim də sadəcə, ilahi vəhylərdən ibarət müqəddəs kitab deyil, o həm də bütün kainatın, varlıq aləminin yazı modelidir. Yaradılışın bütün mahiyyəti kitablar kitabı olan Qurani-Kərimdə təcəssüm olunmuşdur.

Yazı yazmaq, xətt nümayiş etdirməklə, Leylinin adını Məcnunun təkrar-təkrar yazması təsəvvüfdəki seyri-süluk arasında bir oxşarlığın olduğunu görürük. Salik üçün bu hal öz seyri-sülukunda çocuqluq mərhələsidir. Zahiri cizgilərin seyrinə dalmaq, yəni xəttin zövqünə qatlaşmaq uşağa Quran oxumaq kimidir. Çünki uşaq Quranın xəttini-yazısını oxuyur, lakin onun mahiyyətini, batini anlamını dərk edə bilmir. Bunun kimi də zahiri gözəlliyin seyrinə dalan salik hələ surət aləminə bağlı qalır və məna dünyasından xəbərsizdir. Məcnun da məktəbdə oxuduğu dövrdə Leylinin ilk öncə zahiri gözəlliyinə aşiq olmuş, bununla da surət aləminə bağlanmışdır. Bu sevgi artdıqca onun Leyliyə olan məhbbəti daha da artır, bunula da müyyən çətinliklərlə qarşılaşır. Bu çətinlikləri dəf edən aşiq müəyyən məqamları təkrarlamaqla məna aləmini dərk etmiş olur. Necə ki, hüsni-mütləqə qovuşmaq istəyən mürid də bu yolda mürşidin qoyduğu tələbləri təkrar-təkrar yerinə yetirməklə fəna-fillah halına çatmış olur. Məcnunun məktəbdə Leylanın adını yazmağı öyrənib yazması artıq ona yaxınlığını, onunla vəhdət halında olmasını bildirir. Bu yolla onunla təmasda olması, öz varlığında bu yaxınlığı cızdığı xətlərlə (yazı) ona toxunması ilə nail olur. Bütün bu yaxınlıq, təmas məzmunu daşıyır.

Füzuli yaradıcılığında  "xətt" sözünün başqa anlamlarına da rast gəlirik. Bilirik ki, "xətt" sözü təsəvvüf poeziyasında üzdə olan narın tük, örtük, pərdə, örtük və s. mənaları da var. "İrfanda Haqdan savayı nə varsa hicab və masiva adlanır. Bəşər öz qəlbi ilə Tanrı arasında olan pərdələri dəf etməklə mərifətə və həqiqətə yetişə bilər." Füzuli qəzəllərinin birində deyir:

Yüzdə sirişk qanı, söylər dəmi-nihani,

Qəd təzhərül-mənai bil-xətt fil ləvayeh.

 

Beytin açılışı (üzündən axan göz yaşı gizli olanları söyləyir, mənalar lövhə üzərində xətt ilə izhar olur) Burada təbii ki, şair ilahi dərgahdakı lövhədə yazılan insanın tale yazısını nəzərdə tutur. Aşiqin gözündən axan yaş onun başına gələnlərin əksidir. Aşiq taleyində olanları göz yaşları ilə gizlətmək istəyir. Təbii ki, bütün başa gələnlər ilahi lövhədəki tale yazısıdır ki, insan onu yaşayır. İnsan başına nə gələcəyini bilmədiyi üçün o da sirr halındadır. Üzdə olan narın tük təbəqəsi də bu gizli olanları sirr kimi örtür. Şair başqa bir qəzəlində deyir:     

 

Baxma, ey can, xətü rüxsarına məhbubilərin,

Ehtiva eylə, günah üzrə günah etmə dəxi.  

 

Beytin açılışı (ey can, gözəllərin üzünə örtük kimi çəkilmiş o xəttə baxma, əgər baxarsansa, günaha batarsan, günah üstünə günah gələr).

Beytin üst qatındakı görünən anlama görə burada iki məna diqqəti çəkir: ilk baxışda şair aşiqi gözəlin üzünə baxmamağı tövsiyə edir, çünki islami düşüncəyə görə naməhrəmə baxmaq günahdır. Bu baxış ifadəsinin özünün müxtəlif məna yükləri var. İnsanın daxili məna kəsb edən məzmun gözəlliyi onun üz cizgilərində əks olunur. İlk baxışda insan üzünə baxarkən diqqəti cəlb edən onun üzünün ifadəsi olur. İnsanın üzündəki mimika xətləri onun daxili dünyasının ifadəsini əks etdirir. Həmin cizgilər ilə insan daxilində olan hisslərini zahirə ötürür. Deməli, üzdəki xətlər (qırışlar) həm də ötürücülük funksiyası rolu oynayır. İnsanın üzündə onun həm zahiri, həm də batini aləmi gizlənir. Buna görə də demək olar ki,  üzündəki cizgilər, yəni, xəttlər həqiqətlə məcaz arasında əlaqə yaradır. İslami düşüncəyə görə gözəl üzə baxmaq, həm də yaradılan insan vücuduna, bədəninə baxmaq nəzərdə tutulur. Bu da insan varlığında  tamaha, həzzə səbəb olur. Bu da islami qaydalarına görə zahiri gözəlliyə vurulub ondan zövq almaq funksiyasını yerinə yetirir ki, günah sayılır.

Şair burada xətt kəlməsi işlətməklə ilahi lövhədə yazılan insanın taleyini nəzərdə tutur. İlahi dərgahda olan Lövhi-məfzun təsəvvüfin təbliğ etdiyi ideyaya görə Allahın bütün göstərişləri yazılan bir lövhədir. Deməli, xətt poeziyada həm də həqiqətlə məcaz arasında ekvator (keçid) rolunu oynayır.

OTHER NEWS