Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

SEARCHES. INVESTIGATIONS

A scientific viewpoint on the extent of the All-Turk and the reality of Azerbaijan, according to academic Isa Habibbeyli

14-05-2024 [ 11:46 ] [ read:129 ]
printerA+ | A-

Məlum olduğu kimi, XX əsr ərzində Azərbaycan filologiya elmində türkoloji dilçiliyin ümumi problemləri, yaxud türk dillərinin müqayisəli-tarixi qrammatikasının araşdırılıb tədqiq olunması aparıcılıq təşkil etmişdir. Yaxud türkologiya anlayışı mənasında yalnız əsas, aparıcı türk xalqlarının qrammatikasından bəhs olunmuşdur. Beləliklə, dilçilik elmində müxtəlif qrammatik hadisələrdən əsasən ayrı-ayrılıqda söz açılmışdır. Bu baxımdan Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın "Ümumtürk dilləri dialekt və şivələrinin qarşılıqlı inteqrasiyası" monoqrafiyası türkologiya elmində problemə fərqli bir baxışın ifadəsidir. Belə ki, indiyədək türk dilləri tədqiq olunarkən müqayisəli-tipoloji tədqiqatdan başqa, daha çox eyni kökə malik olan qohum dillərin əsasən leksik, fonetik, morfoloji, sintaktik və üslubi xüsusiyyətlərindən bəhs edilmiş, bu istiqamətdə mühüm elmi nailiyyətlər əldə olunmuşdur. Filologiya elmləri doktoru, professor Mahirə Hüseynova isə türk dillərinin dialekt və şivələrini tədqiqat obyekti seçməklə türkologiya elminin əhatə dairəsini daha da dərinləşdirmiş və genişləndirmişdir. Məlum olduğu kimi, türk dillərindən ayrı-ayrılıqda və ya bir yerdə söz açmaq ənənəsi türkologiyada geniş yayılmış tədqiqat üsuludur. Bundan başqa, həm dünya dilçilik elmində və həm də türkologiyada dialekt və şivələrdən əsasən hər bir dilin daşıyıcısı olan tədqiqatçılar araşdırmalar aparmışlar. Çünki dilin  dialekt və şivə qatına dair materialları toplamaq və əldə olunmuş dilçilik faktlarını həm də haqqında bəhs edilən dilin xüsusiyyətləri ilə üzvi əlaqə şəraitində izah etmək lazım gəlir. Ədəbi dildən fərqli olaraq dialekt və şivələr əsasında elmi ümumiləşdirmələr aparmaq xeyli dərəcədə çətindir. Fikrimcə, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova türk dillərinin dialektləri və şivələrini tədqiqat obyekti seçməklə türkologiyada az işlənmiş həmin boşluğu doldurmaq kimi zəruri bir missiyanı uğurla həyata keçirmişdir. Azərbaycan Respublikasının Dövlət Mükafatına təqdim olunmuş professor Mahirə Nağı qızı Hüseynovanın "Ümumtürk dilləri dialekt və şivələrinin qarşılıqlı inteqrasiyası" monoqrafiyasının türkologiyada mövcud olan tədqiqatlardan əsas fərqi məhz bundan ibarətdir. Mahirə Hüseynova türk dilləri ailəsindəki dialekt və şivələri tədqiqat obyekti kimi seçərək və daha dərin qatlardakı ortaq kökləri elmi cəhətdən təhlil edərək qiymətləndirmişdir. Müəllifin özünün də düzgün olaraq qeyd etdiyi kimi, ilk dəfə olaraq "əsərdə türk dilləri dialektlərinin (Oğuz və Qıpçaq qrupu) bu və ya digər türk dillərinin ədəbi dillərə inteqrasiyasında mühüm rol oynayan dialektləri müəyyənləşdirilmiş və bununla qədim türk protodilləri rekonstruksiya edilmişdir". Real gerçəklikdə bu, Mahirə Hüseynovanın apardığı tədqiqat işində mövzunun aktuallığından bəhs edərkən nəzərə çatdırdığı kimi, "türk xalqlarının tarixi və inkişaf mərhələlərinin təsnifatına yeni elmi baxışın" elmi ifadəsidir.

Professor Mahirə Hüseynova mahiyyəti etibarilə yeni və əhəmiyyətli olan belə elmi nəticəyə gəlib çıxmaq üçün: 1.Azərbaycan dilçiliyində ümumtürk dilləri dialekt və şivələrinin müqayisəli aspektdə tədqiqi məsələlərini əsaslı şəkildə təhlildən keçirmiş; 2. "Ümumtürk dilləri dialekt və şivələrinin qarşılıqlı inteqrasiyasını" aydınlaşdırmış; 3. Türk dillərinin fonetik bölünməsi hadisəsini aydınlaşdırmış; 4. Ümumtürk miqyasında qohum dillərin fonetik, morfoloji və leksik xüsusiyyətlərini müəyyən etmişdir. Əhatə dairəsinin genişliyindən aydın şəkildə görünür ki, yuxarıda qeyd edilən təsnifatda öz əksini tapmış problemlərdən hər biri monoqrafik səviyyədə xüsusi elmi tədqiqatın mövzusu ola bilər. Lakin professor Mahirə Hüseynova türk dilləri ailəsinin dialekt və şivələri ilə əlaqədar olan bu məsələlərin ümumi mənzərəsini yaratmaq, sahə üzrə aparılan tədqiqatlar sayəsində gəlinmiş elmi-nəzəri nəticələri ümumiləşdirmək məqsədilə türk dillərinin dialekt və şivələri ilə əlaqədar olan bütün əsas məsələlərdən 599 səhifədən ibarət olan geniş həcmli bir monoqrafiyada bəhs etmişdir. Bu, Azərbaycan dilçilik elmində türk dilləri dialekt və şivələrinin qarşılıqlı inteqrasiya şəraitində sistemli şəkildə tədqiq edilməsi sahəsində ilk ümumiləşdirilmiş tədqiqatlardan biri kimi meydana çıxmış elmi əsər olaraq mühüm əhəmiyyətə malikdir.

Monoqrafiyada ilk dəfə olaraq Azərbaycan dilçilik elmində ümumtürk dilləri dialekt və şivələrinin müqayisəli aspektdə tədqiqi məsələləri müstəqil tədqiqat obyektinə çevrilmişdir. Bu məqsədlə müəllif mövzu ilə əlaqədar geniş və aydın təsəvvür yaratmaq üçün Azərbaycanın görkəmli dilçi alimlərinin ümumtürk dilləri dialekt və şivələrinin leksik-qrammatik xüsusiyyətlərinin tədqiq olunması sahəsindəki xidmətlərini araşdırıb ortaya qoymuşdur. Bu məqamda o, tanınmış dilçi alimlərin apardığı tədqiqat işlərinin özünəməxsusluğunu və onların gəldikləri nəticələrin obyektiv qiymətləndirilməsini diqqət mərkəzində saxlamışdır. Bu baxımdan akademik Məmmədağa Şirəliyevin tədqiqat prosesində toplama materiallarından çıxış etməsini, ilk dəfə olaraq türk dilləri dialekt və şivələri üçün də səciyyəvi olan diftonqların funksiyalarının, sait və sammit səslərin əvəzlənməsi hadisəsinin araşdırılmasını həyata keçirməklə "Azərbaycan dialektologiyasının əsaslarını" yaratdığını əsaslandırmışdır. Akademik Ağamusa Axundovun türk dillərinin dialektləri və şivələrinin tədqiqində daha çox nəzəri məsələləri ön mövqeyə çəkməsi bu görkəmli alimin özünəməxsusluğu şəklində diqqətə çatdırılmışdır. Haqlı olaraq Ağamusa müəllim "dialekt sistemləri və dil sistemi arasında homomorfizm, dialektlərin öz sistemləri arasında isə izomorfizm münasibətlərinin mövcudluğu" nəzəriyyəsinin yaradıcısı kimi təqdim olunur. Akademik Tofiq Hacıyevin tədqiqatlarında isə mövzuya tarixi aspektdən yanaşılmasının və ilk dəfə olaraq dialekt və şivələrdəki səssizlərin xüsusiyyətlərinin öyrənilməsinin üstünlük qazanması diqqət mərkəzinə çəkilir. Mahirə Hüseynovanın görkəmli türkoloq alim, professor Fərhad Zeynalovun dialektik və şivələrdə mənşə və funksionallıq məsələlərinin elmi şərhinə, türk dillərinin coğrafi bölgülər üzrə təsnif edilərək tədqiqata cəlb olunmasına nail olduğunu müəyyən etmişdir. Tədqiqatçının araşdırmalarında geniş yer tutan professor Həsən Mirzəyevin dilçilik elminə "keçid şivələri" nəzəriyyəsini gətirməsini nəzəri və praktik cəhətdən əsaslandırılmış, onun Dərələyəz şivələrinin tədqiqi, bu regionun dialekt və şivələrinin lüğətinin yaradılması sahəsindəki böyük xidmətləri yüksək qiymətləndirilmişdir. Monoqrafiyada tanınmış dilçi alimlərdən Elbrus Əzizovun "tarixi dialektologiya", Bayram Əhmədovun "dialekt və şivələrdə sadələşmə meylləri", İsmayıl Kazımovun "mesxeti dialekti" və "Axıska şivəsi", Məhərrəm Məmmədlinin "türkcələrin dialektlərinin səs sistemini" araşdırması, Hüseyn Əsgərovun maddi-mədəniyyət dialektlərinin və "məhəlli dialektizmlərin" öyrənilməsi, Əzizxan Tanrıverdinin "dialekt və şivələrin ilkin formalarının" müqayisəli və qarşılaşdırmalı şəkildə tədqiqi, Buludxan Xəlilovun mövzuya genologiya baxımından yanaşması, qrammatik xüsusiyyətlərlə yanaşı, coğrafi baxımdan da yanaşılmasının qanunauyğunluqları, Kamil Bəşirovun "morfoloji kateqoriyaları" ön mövqeyə çəkməsi Azərbaycan dilçilik elminin türkologiya sahəsindəki mühüm xidmətləri səviyyəsində müəyyən edilərək qiymətləndirilmişdir. Təqdim edilən dəyərləndirmələrdə hər dilçi alimin xidmətlərinin fərqli istiqamətlərinin tapılıb üzə çıxarılması, beləliklə, onların fərdi özünəməxsusluqlarının dəqiqləşdirilməsi nəticə etibarilə Mahirə Hüseynovanın özünün də dərin və geniş dilçilik görüşlərinə malik dilçi alim olduğunu göstərir.   

Beləliklə, Azərbaycan dilçilik elmində ümumtürk dialekt və şivələrinin araşdırılması sahəsində əldə edilmiş mühüm elmi nəticələr professor Mahirə Hüseynova üçün bu sahədə baş verən inteqrasiya proseslərini geniş şəkildə tədqiq etmək baxımından baş məşq, yaxud möhkəm elmi baza funksiyasını yerinə yetirmişdir. Digər türk xalqlarında da dialekt və şivələrin araşdırılması məsələlərinə diqqət  yetirsə də, Azərbaycan dilçiliyində məsələnin qoyuluşu Mahirə Hüseynova üçün start nöqtəsinə çevrilmişdir.

Monoqrafiyada türk dilləri anlayışı geniş miqyasda təqdim olunmuşdur. Türkologiyada bu məqsədlə ən çox istinad olunan Azərbaycan, Türkiyə, özbək, qazax, türkmən, qırğız, uyğur türkləri ilə yanaşı, Mahirə Hüseynovanın tədqiqatlarında "Qərbdə Balkan yarımadasından və Egey dənizindən tutmuş Şərqdə Çinə qədər" geniş bir ərazidə yaşayan bütün türk xalqlarının dialekt və şivələrini tədqiqata cəlb etməklə türkologiyanın sərhədlərini genişləndirmişdir. Kitabın "Türk dillərinin dialekt və şivələrinin qarşılıqlı inteqrasiyası" adlanan ikinci fəslində ifadə edildiyi kimi, Mahirə Hüseynova "türkologiya aləmində tarixi-müqayisəli metodun əsasını qoyan Mahmud Kaşğarinin "Divanü lüğat-it-türk" əsərindəki türk dillərinin həm ərazi prinsiplərinə, həm də keyfiyyətinə görə təsnif edilməsi" prinsipinə əməl etməklə türkologiyanı daha geniş arealın miqyası masştabına doğru inkişaf etdirmişdir. Bu baxımdan müəllifin ənənəvi türkologiyada çox işlənən "türk dilləri" ifadəsi əvəzinə "ümumtürk dilləri" anlayışını işlətməsi sadəcə sözdəyişməsi hadisəsi olmayıb, tədqiqat obyektinin üfüqlərini daha da genişləndirmək səylərinin əks-sədasıdır. "Türkcələrin dialekt bölünməsi" adlanan üçüncü fəsildə təqdim olunan türk dillərinin dialektlərinin yeni və daha geniş təsnifatı Azərbaycan dilçilik elminin yeni tarixi mərhələdə gəldiyi nəzəri qənaətlərdir. Mahirə Hüseynovanın ənənəvi türkologiyada qəbul edilmiş Oğuz qrupu, Qıpçaq qrupu, Bulqar qrupu və Karluq qrupu türk dilləri ailələrinə aid edilən dillərin təkmilləşdirilmiş təsnifatını təqdim etməsi Azərbaycan dilçiliyi üçün əhəmiyyətli hadisədir. Bundan başqa, Mahirə Hüseynova türk dillərinin mövcud təsnifatının təkmilləşdirilmiş versiyasını dilçilik tədqiqatları sferasına daxil etməklə bərabər, həm də müasir dövrün reallıqlarından doğan genişləndirilmiş fərqli variantı da nəzərə çatdırmaqla türkologiya elmini zənginləşdirməyə xidmət etmişdir. Bu mənada monoqrafiyada ənənəvi türkoloji dilçilikdə mövcud olan oğuz, qıpçaq, bulqar, karluq dil qrupları dairəsinə karluq-uyğur, uyğur-oğuz, çuvaş və yakut dil qruplarını da əlavə etməsi nəzəri dilçilik üçün də düşündürücü addımdır. Bu vaxta qədərki tədqiqatlarda da səsləndirilməsinə baxmayaraq, Mahirə Hüseynovanın türk dilləri ailəsinin əhatə dairəsini genişləndirmə təşəbbüsləri türkologiyaya dair müasir baxışların formalaşdırılmasına xidmət edir. Tədqiqatçının formalaşmış ədəbi dil yaratmış türk xalqları ilə yanaşı, bolqar, şor, tofalar, salar, noqay, tuva, qaraçay, balkar kimi müqayisədə nisbətən az öyrənilmiş türk dillərinin dialekt və şivələrindən bəhs etməsi ümumiyyətlə türkologiya elmi üçün diqqəti cəlb edən addımlardır. Eyni zamanda, hər bir türk dilinin daxilindəki dialekt qruplarının sistemli şəkildə təsnifləndirilməsi də elmi-nəzəri cəhətdən əhəmiyyətlidir.

"Ümumtürk dilləri dialekt və şivələrinin qarşılıqlı inteqrasiyası" monoqrafiyasında türk dillərinin dialektologiyasının qrammatik əsasları bütün reallıqları və genişliyi ilə tədqiq olunub ümumiləşdirilmişdir. Mahirə Hüseynovanın ümumtürk dillərinin dialekt və şivələrinin fonetik, morfoloji və leksik xüsusiyyətlərinə həsr edilmiş araşdırmaları "Nəticə"də deyildiyi kimi, "qədim türklərin söz istehsalının ən mühüm cəhətlərini meydana çıxarmaq" mümkün olmuşdur. Ümumtürk dillərinin dialekt və şivələrində diftonqlaşdırma, proteza, səsdüşünü, metateza, assimilyasiya və sair kimi  fonetik hadisələrin şərqi türkcələrdən hər birinin oxşar və fərqli xüsusiyyətlərinin müəyyən edilməsinə imkan yaradır. Azərbaycan dilinin fonetik tərkibinin özbək, türkmən, qazax dilləri ilə müqayisəli şəkildə tədqiq edilib ümumiləşdirilməsi türk dilinin digər qrupları ilə də müqayisələrin və paralellərin araşdırılması üçün açar rolunu oynayır.

Məlum olduğu kimi, türk xalqlarının dillərinin inkişaf edərək sabitləşməsi morfoloji kateqoriyaların da formalaşmasını müəyyən etmişdir. Bu proses türk dillərinin morfoloji strukturunda dialektlərin yerinin və mövqeyinin möhkəmlənməsinə səbəb olmuşdur. Bütün bunlar türk dillərinin morfoloji sistemində dialektlərin və şivələrin funksiyalarının elmi cəhətdən araşdırılması aktuallıq kəsb edir. Buna görə də türkcələrdəki morfemlərin daxilindəki dialektizmlərin tədqiqi  türkologiyanın zəruri mərhələlərindən biridir. Mahirə Hüseynovanın "Ümumtürk dilləri dialekt və şivələrinin qarşılıqlı inteqrasiyası" monoqrafiyasında morfoloji xüsusiyyətlərin araşdırılmasına xüsusi bir fəslin həsr edilməsi təbii və qanunauyğundur. Ümumtürk dillərində mənsubiyyət və hal kateqoriyalarının morfoloji əlamətlərinin müəyyən edilərək araşdırılması, feil düzəldən şəkilçilərin əvəzlik, məsdər və zərflərin dialektlərdəki yerinin və əhəmiyyətinin təyin edilməsi geniş mənada nitq hissələrinin formalaşmasında dialektizmlərin rolunun aydınlaşdırılmasına imkan verir. Aparılan tədqiqatlar nəticə etibarilə türk dillərinin söz köklərinin möhkəm əsaslarının yaranmasında morfoloji xüsusiyyətlərin əhəmiyyətini üzə çıxarır.

Türk dillərinin dialekt və şivələrinin leksik xüsusiyyətləri qohum dillərdə inteqrasiya proseslərinin izlənilməsinə daha geniş şərait yaradır. Mahirə Hüseynovanın ümumtürk dillərindəki leksik vahidlərin inteqrasiyası sahəsində apardığı araşdırmalar və müşahidələr qohum dillərin qarşılıqlı zənginləşdirilməsi imkanlarını meydana qoymağa əsas verir. Türk dillərində qədim tarixi və geniş ənənəsi olan söz yaradıcılığı və məna zənginliyinin üzə çıxarılması son nəticədə həm qədimlik anlayışının və həm də sinonimlik imkanlarının yaradılmasında dialekt və şivələrin rolunu nəzərə çatdırır. Mahirə Hüseynova tayfa, nəsil, qohumluq, peşə, təsərrüfat münasibətlərini ifadə edən sözlərdə və ya söz birləşmələrində dialekt və şivə faktorunun əhəmiyyətini göstərmək üçün çox zəngin dil faktoruna istinad edərək, türk dillərinin leksik bazasının genişliyini diqqət mərkəzinə çəkmişdir. Türk dillərində qarşılıqlı inteqrasiya proseslərinin genişləndirilməsi zənginləşdirmə faktoruna təsir göstərən əsas amillərdən biri kimi təqdim olunur. Beləliklə, dialektlər və şivələr türk dünyasının dil zənginliyinin və dildə yeniləşdirilmə proseslərinin əsas qaynağı kimi müəyyən olunmuşdur.

Dilçilikdə də riyaziyyatda olduğu kimi, dəqiqlik və konkretlik vacib faktorlardır. Bu amillər dil hadisələrinin dilçilik faktoruna çevrilməsində mühüm rol oynayır. Bütün bunlara görə Mahirə Hüseynova tədqiqatın bütün bölmələrində müşahidə etdiyi, yaxud irəli sürdüyü müddəaları dil faktları ilə təsdiq etmək üçün dilçi alimlərin nəzəri fikirlərinə və bədii əsərlərin dilindəki dialektizmlərə istinad etməklə qənaətlərini əsaslandırmışdır. Monoqrafiyada klassik və müasir ədəbiyyatdan gətirilmiş bədii parçalar, elm adamlarının əsərlərindən olunmuş istinadlar müəllifin elmi müddəalarının əsaslandırılmasını və təsdiq edilməsini möhürləyir. Filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın "Ümumtürk dilləri dialekt və şivələrinin qarşılıqlı inteqrasiyası" monoqrafiyası zəngin mənbəşünaslıq bazasıdır. Monoqrafiyanın "Kitabiyyat"ı problemin mahiyyəti və həlli ilə üzvi surətdə bağlı olub, müəllifin geniş elmi dünyagörüşünü, mübahisə və təhlil qabiliyyətlərini diqqət mərkəzinə çəkir. Ədəbiyyat siyahısı, həmçinin türk dillərində dialekt və şivələrin tədqiqi ilə məşğul olan alimlərin kimlərdən ibarət olduğunu və hansı ölkədə yaşadıqlarını əyani şəkildə təqdim edir. "Ümumtürk dilləri dialekt və şivələrin qarşılıqlı inteqrasiyası" kimi sanballı monoqrafiyası filologiya elmləri doktoru, professor Mahirə Hüseynovanın adının da həmin tanınmış tədqiqatçıların sırasında  olduğunu görməyə və göstərməyə əsas verir. "Ümumtürk dilləri dialekt və şivələrin qarşılıqlı inteqrasiyası" monoqrafiyası da müasir dövrdə bu mövzuda yazılmış elmi əsərlərin ədəbiyyat siyahısına daxil olacaqdır. Ümumtürk miqyasında elmi yanaşmalar əsasında yazılmış monoqrafiya mövcud problemə dair Azərbaycan reallığını meydana qoyan elmi əsər kimi mühüm elmi əhəmiyyətə malikdir.

OTHER NEWS