Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

SEARCHES. INVESTIGATIONS

Thoughts around the book "Türk çələng" by A.Shaig - Lutviyya Askarzadeh

11-03-2024 [ 11:44 ] [ read:10 ]
printerA+ | A-

Hər kitab bir dünyadır, bir tarixdir, oxucunu yazıldığı dövrə götürür, dövrün prosesləri ilə tanış edir. Kitabın hansı zərurətlərdən yaranmasına maraqlı olan oxucu tarixə ekskursiya edir. “Türk çələngi” dərsliyi də keçən əsrin əvvəllərində müsəlman Şərqində ilk demokratik respublikanın, 1918-ci il mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyətinın fəaliyyəti dövründə hazırlandığı üçün XX əsrin əvvəllərində Azərbaycanın ictimai-siyasi və ədəbi həyatına nəzər salmaq zərurudir. 

XIX əsrin sonu - XX əsrin əvvəllərində Azərbaycan ictimai fikrinin ən görkəmli nümayəndələri, mütəfəkkir Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu Peterburq baş Mətbuat İdarəsinə ərizə ilə müraciətlə "Həyat" adlı qəzet nəşr etmək istəyini bildirdilər (16 aprel 1905). Mesenat H.Z.Tağıyevin böyük nüfuzu sayəsində Qafqaz Canişini Vorontsov Daşkov "Həyat" qəzetinin nəşrinə icazə verdi (22 aprel  1905). Milli ictimai-siyasi fikrinin üç nəhəngi- Əlimərdan bəy Topçubaşov (naşir), Əhməd bəy Ağaoğlu (redaktor) və Əli bəy Hüseynzadə (redaktor) “Həyat” qəzetinin təməlini qoydu və Azərbaycanda mətbuatı xalqın tribunasına çevirdi. Bu tribunadan millətin kimliyini, tarixini, dilini xalqına bəyan etdi: “Bilirsiniz, Türklər kimdir və kimlərdən ibarətdir”? Məqalə birmənalı qarşılanmadı. Rusiyanın Qafqazdakı vəkili “Türk” sözünün “Tatar”la dəyişdirilməsini tələb etdi. Əli Bəy "Türk" kəliməsini "Tatar"la dəyişdirmədi, əksinə  məsələnin nə qədər əhəmiyyətli olduğunu bir daha vurğuladı: “Biz ki Türk oğlu Türküz, biz ki millətlərin ən qədimi və ulusuyuz!” İzlədiyi ideologiya səbəbiylə “Həyat” qəzetinin yayınlanması dayandırılsa da, qısa zaman sonra mesenant Hacı Zeynalabdin Tağıyevin maddi dəstəyi və  Ə.Hüseyinzadənin redaktorluğu ilə “Füyuzat” (1906-1907) dərgisi yayınlandı. Dərgi eyni ideologiyanı təqib etdi. Azərbaycan mətbuatı (“Füyuzat” dərgisi), Füyuzat Ədəbyyat məktəbinin yaranmasına öncüllük etdi. Hüseyin Cavid, Məhəmməd Hadi, Abbas Səhhət, Abdulla Saiq və s. bu məktəbinin təmsilçiləri idi. 
“Füyuzat” həmçinin Osmanlı türkcəsinin Azərbaycan ədəbi dili üzərində təsirini qüvvətləndirdi. XX əsrin əvvəllərində Azərbaycan mətbuatının dilində Osmanlı türkcəsinin təsiri görünməyə başladı. Bu mənada “Füyuzat” məcmuəsi o dövrün ədəbi dilini əks etdirirdi.  “Osmanlı türkcəsini kitablar vasitəsi ilə öyrəndiyini, gənclərin də eyni cür hərəkət etdiyini, Osmanlı şivəsinə olan məhəbbətin onları təqlid həvəsinə saldığını, onların öz yazılarını qərb türkcəsinə bənzətdiklərini və nə qədər çox bənzətsələr özlərini o qədər də çox bacarıqlı qələm sahibi hesab etdiklərini yazan görkəmli ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadə  o dövrü “Asan dil – yeni lisan” adlı məqaləsində (1913) belə xarakterizə edirdi: “Bakıda fəal dövri-ədəbi başladı. Möhtərəm ədibimiz Əli bəy Hüseynzadə ilə Əhməd Kamal bəy Bakıya gəldilər. “Füyuzat” təsis olundu. Osmanlıcanı təqlid həvəsində olanlar üçün əlləri altında bir nümunə hazırlandı. Yerli mühərrirlər (yəni İstanbulu görməyən mənim kimi acizlər) onların təntənəli üslublarını tənzirə başladılar. Hələ Əli bəy həzrətlərinin yazılarına məclub olmamaq və onu “model” ittixaz etməmək mümkün deyil. Çünki öylə ülvi bir sənət və fəzilətə təslim olmamaq, daha məsləklərində möhkəmləşməmiş olan cavanların iqtidarında deyildi.”
Azərbaycan türklərinin milli haqlarının güzgüsü sayılan “Füyuzat”ın ömrü qısa oldu, lakin dərgi millətimizin İslam ümmətindən İslam millətçiliyinə, oradan da türk millətçiliyinə keçidində mühüm rol oynadı. Əli bəy Milli Dirçəliş və Milli İstiqlal düsturu ilə türkçülüyün siyasi proqramını və elmi-nəzəri əsaslarını qoydu. Tezliklə Azərbaycan Xalq Cümhuriyyətinin milli dövlət ideologiyasına çevrilən bu üçlü tezis xalqın qan yaddaşına daxil oldu, dövlət bayrağımızın rəng palitrasında əbədiləşdi. Osmanlı türkcəsi ilə Azərbaycan türkcəsi demək olar ki, ortaq məxrəcə gətirildi. Dil birliyi Azərbaycan mətbuatında və ədəbiyyatında da öz əksini tapdı. Dil birliyi üçün mübarizə aparan “Füyuzat” dərgisi və bu məktəbin üzvləri olan şair və yazıçılar öz məqalə və əsərlərini türk dili üzərində qururdu. 
Cümhuriyyət dönəmində türk, türkçülük anlayışı daha da populyarlaşdı. Bakının işğaldan azad olunması, bütövlükdə türkün xilaskarlıq missiyası böyük bir coşquyla qarşılandı, türk ordusuna şeirlər yazıldı, alqışlar söyləndi, iftixarla azadlıq uğruna tökülən qanlardan bəhs olundu. M.Hadinin "Türk nəğməsi" şeiri "Azərbaycan" qəzetində çap olundu. Bu mövzuda şeir yazanlar yalnız H.Cavid, Ə.Cavad, M.Hadi, A.Şaiq deyildi. Bu xətt Umgülsüm, Davud, C.Cabbarlı, Salman Mümtaz, Əliyusif Rai, Əlabbas Müznib, Əmin Abidin yaradıcılığının ana xəttini təşkil edirdi. Romantik Abdulla Şaiq cümhuriyyət dönəmində milli ruhlu şeirlər yazanların öncüllərindən idi. O, "Arazdan Turana", "Vətənin yanıq səsi" adlı şeirlərində türkçülük, turançılıq ideyalarının poetik xəritəsini çəkmiş, “türkçülük-turançılıq-azərbaycançılığı” bir-birindən ayrı deyil, vahid  şəkildə tərənnüm etmiş, türk xalqlarının birliyini arzu etmişdir. Bu ideologiya A.Şaiqin bütün yaradıcılığına yansımışdı, bəzən “açıq”, bəzən “gizli.” Məsələn, A.Şaiq "Arazdan Turana" poemasında yalnız turançılıq  tərənnüm olunmur. Poema keçmişi və bugünü özündə ehtiva edir. “Bu poema ilk əsərdir ki, adında Turan sözü ilə yanaşı Araz sözü də işlənir ki, bu da Azərbaycanı Turan kimi dərk etmək fikrindən irəli gəlirdi. Hadisələr Araz, Kür çayları ilə Quzğun dəniz arasında baş verir. Turan dərdi Arazı danışdırır. Şair nağıllara qayıdır və "Qızıl alma" ideyasına müraciət edir.” "Qızıl alma"ya müraciət etməsi A.Şaiqin Z.Göyalpın Turançılıqla bağlı nəzəri və poetik düşüncələri ilə tanışlığının təqdimidir. Bu cür yanaşma milli romantizmin əsas xüsusiyyətlərindəndir. Əsərin baş qəhrəmanı Dünya gözəli indi dardadır; Div onu əsir almış, başını onun dizinin üstünə qoymuşdur. Dünya gözəli vətən, vətən isə Turandır. Yad əllərə düşmüş Dünya gözəli onu azad edəcək xilaskarını  gözləyir: “Yoxmu Turanda qurtaracaq ər bəni?” Onun iniltisini anaya, Quzğun dənizə çatdırırlar. Bu dərdi  iki yavrudan - Kür və Arazdan dinləyən Quzğun dəniz. "Dişi bir qaplan" kimi qeyzə gəlib, Dünya gözəlini azad edir: “O dağ kibi yüksələn dalğaları yürüdü, Yüz milyonluq Turanı başdan-başa bürüdü.” Poemanın dünya gözəlinin azad olması ilə nəticələnməsi, şairin Turanın qurulacağına inamıdır. 
Bütün fəaliyyətində: şeirlərində və dərsliklərində türkçülük, dil birliyi, ədəbiyyat birliyi ideologiyasını təqib etmiş füyuzatçılar hərəkatına mənsub yaradıcı şəxsiyyətlərdən olan A.Şaiqin əsərlərində “türkləşmək, islamlaşmaq, avropalaşmaq (müasirləşmək)” konsepsiyasının ifadə olunması normaldı. Bu dəyərlərdən çıxış etməsi A.Şaiqi ortaq dil, din, tarix, mədəniyyət, gələcək tale barədə düşüncələri onu Turan coğrafiyasına bağlayır və “Dildə, fikirdə və əməldə birlik” (İsmayıl Qaspiralı) ideyasının daşıyıcılarından biri kimi təqdim edir. Ümumtürk tarixinə, dilinə, ədəbiyyatına və onun tədqiq və tədrisinin əhəmiyyətininə  böyük əhəmiyyət verən Abdulla Şaiq bu işi ədəbiyyata dair dərsliklərində, publisistik yazılarında, nəsr, dramaturgiya və poeziyasında ardıcıl və sistemli şəkildə davam etdirirdi. 
Məlum olduğu kimi, A.Şaiq dövrünün ən nümunəvi pedoqoq və ən məhsuldar dərslik müəlliflərindən idi. “Uşaq çeşməyi” (1907), “Uşaq gözlüyü” (1910), “Türk ədəbiyyatı”, “Gülşəni-ədəbiyyat” əlifba dərslikləri, “Gülzar” (1912), “Türk ədəbiyyatına ilk qədəm” (1914, M.Mahmudbəyovla birgə), “Milli qiraət” 1919), “Müntəxəbat”, “Türk çələngi” (1919), “Ədəbiyyat dərsləri” (1919 H.Cavidlə birgə) “İkinci il”, “Türk dili” dərsliklərinin müəllifi olan A.Şaiqin hazırladığı dərsliklər Azərbaycan ədəbiyyatının öyrənilməsində, şagirdlərin oxuma və yazmasında, təhsilində xüsüsi əhəmiyyət kəsb edirdi. 
A.Şaiq əsrin əvvəllərində  nəşr edilmiş “Gülzar” (1912) adlı dərsliyində  özünü püxtələşmiş bir müəllif kimi təqdim etmişdir. Təbiət, əxlaq, davranış haqqında mətnlər verilmiş dərslikdə “Şeyx-əl şüəra Füzuli”, “Molla Pənah Vaqif”, “Mirzə Fətəli Axundov”, “Ədib şair Əli bəy Hüseynzadə”, “Mərhum Sabir”  haqqında materiallar verilmişdir. A.Şaiqin Ə. Hüseynzadənin adını cəsarətlə korifeylərlə birlikdə çəkməsi, tərcümeyi-halını verməsi diqətçəkicidir. A.Şaiq “Türkləşmək, İslamlaşmaq, Avropalaşmaq” ideyasının banisi, “millət atası” Əli bəy Hüseynzadəni xalqa tanıtmaqla bərabər, onun ideya və fikirləri ilə  həmfikir olduğunu göstərmişdir.
A.Şaiq Cümhuriyyət dövründə təşkil edilmiş Bakı Dövlət Universitetində və  yenicə fəaliyyətə başlamış Ali Pedaqoji İnstitutunda tədris olunan Azərbaycan ədəbiyyatı tarixi üzrə mühazirələr aparmışdır. Ana dilində proqram və dərsliklərin azlığı, hətta yoxluğu dərsliklərin yazılmasını zəruri etmişdi. A.Şaiq qısa müddət ərzində H.Cavidlə birlikdə “Ədəbiyyat dərsləri” adlı vəsait hazırlamışdı.  Dərsliklərin hazırlanmasında var qüvvəsi ilə çalışan  A.Şaiq “Xatirələrim”də bu dövrü xarakterizə edərək yazırdı: “Zəif vücudumla gecə-gün düz çalışaraq yoxluqlardan bir varlıq yaratmalı idim. Bir tərəfdən müxtəlif proqramlar yazıb Maarif Komissarlığında təsdiq etdirir, bir tərəfdən ədəbiyyata məxsus dərsliklər tərtib edir, bir tərəfdən ədəbiyyat və ədəbiyyat nəzəriyyəsinə dair elmi materiallar hazırlayırdım.” Ə.Hüseynzadə, "İntiqad ediyoruz, intiqad olunuyoruz" başlıqlı məqaləsində yazırdı: "Fədai lazımdır, fədai! Türk qanlı, müsəlman etiqadlı, firəng fikirli, Avropa qiyafəli fədai!" Abdulla Şaiq “Zəif vücuduyla gecə-gündüz çalışaraq” xalqına xidmət edən, gənclərin yolunu işiqlandıran “fədai” idi.
A.Şaiqin bütün dərslikləri əhəmiyyətli və qiymətlidir, bunların ikisi Azərbaycan Xalq Cumhuriyyəti Maarif Nazirliyinin nəşr etdirdiyi “Ədəbiyyat dərsləri” (H.Cavidlə birgə, 1919) və “Türk çələngi” (1919) siyasi və elmi müstəvidə xüsusi əhəmiyyətə malik dərsliklərdir. Bu dərsliklər AXC-nin yürütdüyü siyasəti özündə əks etdirir. Dərsliklərdən söz açarkən AXC- nin dilə münasibətinin üzərindən sükutla keçmək olmur. Bu dövrdə “Azərbaycan parlamentinin dilində də iki cəhət özünü aydın göstərir: bir tərəfdən, Azərbaycan ümumxalq dili üzərində yüksələn, o biri tərəfdən daha çox Osmanlı dilinə çəkən, bəzi hallarda tamamilə Osmanlı dilindən ibarət olan bir dil.” Cümhuriyyətin qurucusu Məhəmməd Əmin Rəsulzadənin öz dili Osmanlı dilinə yaxın idi.
 AXC yarandığı gündən ədəbi dilə xüsusi əhəmiyyət vermiş, bunu dövlət səviyyəsində həyata keçirmişdi. Ana dilini bilməyən şəxslər yüksək vəzifələrə təyin edilməmiş, ana dilində yazılmayan ərizələrə baxılmamışdır. AXC dövründə nəşr olunan ilk milli dərsliklər, o cümlədən Abdulla Şaiqin “Türk çələngi” və “Ədəbiyyat dərsləri” Ortaq Türk Dili, Ortaq Türk Ədəbiyyatı və Ortaq Türk Kültürü ideologiyasına xidmətə köklənmişdi. Azərbaycan ədəbi-tənqidi fikrimizin patriarxı Yaşar Qarayev Azərbaycan ədəbiyyatı və Osmanlı-türk nümunələrindən pedaqoji fəaliyyəti sintez şəklində bir-birini tamamlayan A.Şaiq haqqında yazırdı: “Abdulla Şaiq şair ikən də müəllim, müəllim ikən də şairdir... Şeirdə də, tərbiyədə də məqsədi gəncliyin mənəvi çırağını alışdırmaq idi. Şair öz şeirlərini ilk əvvəl dərsliklər üçün yazır, pyes və hekayələrini ən əvvəl tərbiyəvi-əxlaqi bir niyyət və qayə naminə qələmə alırdı.” Bunu A.Şaiqin bütün dərsliklərinə aid etmək olar. 
A.Şaiqin 1919-cu ildə tərtib və çap etdirdiyi "Türk çələngi" dərsliyində Əlabbas Müznib, Bürhanəddin, Əhməd Hikmət, Məhəmməd Əmin Yurdaqul, Hüseyn Cavid, Ziya Göyalp, S.P.Sezai, Ə.Qanib bəy,  A.Gündüz, S.Nihal, X.Ədib, Ə.Müznib, S.Ə.Şirvani, M.P.Vaqif və digər türk və Azərbaycan şair və yazıçılarının şeir və hekayələri verilmişdi. Burada toplanan bütün hekayə və şeirlərdə, "Vətən torpağı", “Altun ordu", "Sancaqdar", "Qanın üsyanı", "Azərbaycan", "Bayrağım", "Vətən yanğısı", "Altun ordu", "Yeni ay doğarkən" və s. türk qəhrəmanlığı tərənnüm olunur, türk yurdunun indiki zamanda başına gələn fəlakətlər anladılırdı. Bütövlükdə, A.Şaiqin  tərtib etdiyi dərsliklərin yeni ziyalı nəslinin türk ruhunda formalaşmasında böyük əməyi olmuş, "Türk ədəmi-mərkəziyyət Müsavat-Marş"da "Birləşəlim, türk oğlu, bu yol millət yoludur",- deyə xalqı birliyə çağırmışdır. 
Abdulla Şaiqin Hüseyn Cavidlə birlikdə hazırladıqları “Ədəbiyyat dərsləri” kitabı Azərbaycanda ədəbiyyat nəzəriyyəsi sahəsində məlum olan ilk dərslik kimi əhəmiyyətlidir. “Müəlliflərin ön sözdəki qeydi, osmanlı türk şair və ədiblərinə istinadlar “Ədəbiyyat dərsləri”nə istər -istəməz Osmanlı-Türkiyə mühiti çevrəsində nəzər salmaq tələbatı yaradır. Müəlliflər kitabın ön sözündə qısa bir zamanda dərslik hazırlamaq zərurətini nəzərə alaraq mövcud təcrübədən faydalandıqlarını qeyd edirlər: “Qısa bir zamanda ortaya bir şey çıxarmaq üçün hər halda mətbu kitablardan istifadə edilməliydi. Binaən-əleyh İstanbul ədəbiyyat müəllimlərindən Muhiddin bəyin “Yeni ədəbiyyat”ından mühüm qisimlərini eynən təlxis edərək, başqa əsərlərdən bir taqım nümunələr əlavə etməklə yazılmış işbu kitabın məktəblərimizdə tədris edilmək üçün təb və nəşrinə qərar verildi.” 
AXC yürütdüyü siyasətə, Ortaq Türk Dili, Ortaq Türk Ədəbiyyatına uyğun olaraq hazırlanmış dərslik konkret mövzulara ayrılmış, bölümlər içərisində qısa və aydın məlumat verilmiş, izah olunan mövzulara bədii mətnlərdən nümunələr əlavə edilmişdir. Dərsliyə adları göstərilən türk şair və yazıçılarının əsərlərindən ayrıca nümunələr və parçalar salınmışdır: Şinasi (“Minacat”), Ziya Paşa (“Tərkib bənd”dən), Tevfiq Fikrət (“Əskər keçərkən”), Cəlal Sahir (“Ənin”), Şairzadə (“Qürub”), Hüseyn Cahid (“Yarpaq”), Əbdülhəqq Hamid (“Tariq”dən monoloq və “Duxtəri hindu”dan bir parça), (“Zeynəb”dən bir parça), Sami Paşazadə Sezayi (“İki yüz əlli quruşa bir əsr”). Dərslikdə, nəzəri mövzular daxilində izah və nümunə məqsədilə Osman Qazinin, Nəfinin, Nədimin, Şinasinin, Qoca Raqib Paşanın, Ziya Paşanın, Ali Canibin, Əbdülhəqq Hamidin, Məhəmməd Əmin Bəyin, Tevfiq Fikrətin, Rza Tevfiqin şeirlərindən nümunələr verilmiş, Mövlana Cəlaləddin Ruminin, Əşrəfin, Xalid Ziyanın, Hüseyn Rəhminin, Xalidə Ədibin isə özlərinin və əsərlərinin adları çəkilmiş, “Mavi və siyah” (Xalid Ziya Uşaqlıgil), “Mətrəs” (Hüseyn Rəhmi), “Mövlud həkim” (Xalidə Ədib) romanlarının qəhrəmanları haqqında məlumat verilmiş, Məhməd Əmin Bəylə Tevfiq Fikrətin yaradıcılığına istinadlar olunmuşdur. “Ədəbiyyat dərsləri”ndə Azərbaycan şair və yazıçılarından Füzulinin, Seyid Əzim Şirvaninin, Mirzə Fətəli Axundzadənin, Hüseyn Cavidin və Sabirin adı çəkilsə də, yalnız Füzulinin şeirlərinə istinad olunmuş, komediyadan bəhs edilərkən janra nümunə olaraq M.F.Axundzadənin “Hacı Qara” əsəri göstərilmiş, yeni ədəbiyyat məsələlərindən bəhs edilərkən qərbli müəlliflərin də adı çəkilmişdir. 
Beləliklə, XX əsr Azərbaycan pedaqoji fikir tarixində xətti və imzası olan şəxsiyyətlərdən biri olan A.Şaiq türkçülük əhvali-ruhiyyəsi ilə xalqına xidmət etmişdir. Yaradıcılığının müxtəlif mərhələlərində 11 adda ədəbiyyata, 4 adda Azərbaycan dilinin qrammatikasına dair dərslik hazırlamışdı. Dərsliklər Azərbaycan Demokratik Cümhuriyyəti dövründə yüksək dəyərləndirilmiş, “Gülzar”, “Uşaq gözlüyü”, “Türk çələngi”, H.Cavidlə birgə yazdığı “Ədəbiyyat dərsləri” kitabları Maarif Komissarlığının komissiyasının qərarı ilə ikinci dəfə çapdan çıxmış,  məktəblərdə dərslik kimi istifadə olunmuşdur. 
Bu baxımdan filologiya üzrə fəlsəfə doktoru,   AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi Arzu Əhməd Hacıyevanın  böyük əziyyət bahasına transfoneliterasiya edərək nəşr etdirdiyi “Türk çələngi” dərsliyi əhəmiyyətlidir, günümüzdə aktuallıq kəsb edir. “Türk çələngi” dərsliyi A.Şaiqin türklük düşüncələrinin təqdimidir. A.Şaiq, böyük sevgi, məhəbbət və diqqətlə bu çələngin içərisinə Turan adlı məmləkətin şair və yazarlarını toplayaraq bütövləşdirmişdir. Bu çələngin (Turanın) içərisində  Turan adlı məmləkətin şair və yazıçıları eyni dildə danışan tək millətdir, birdir, birlikdir. 

Lütviyyə Əsgərzadə

filologiya elmləri doktoru
 

 

OTHER NEWS