Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

SEARCHES. INVESTIGATIONS

The sacred duty of the pen - Badirkhan Ahmadli

19-02-2024 [ 11:53 ] [ read:87 ]
printerA+ | A-

Bu günlərdə çağdaş ədəbiyyatşünaslığımızın sütunlarından biri - filologiya elmləri doktoru, professor Asif Rüstəmlinin 70 yaşı tamam olur; bəlkə də bu informasiya çoxları üçün adi bir həqiqət kimi görünsün. Lakin bu ömür sıradan bir ömür deyil, elmə həsr olunmuş bir ömürdür, böyük ədəbiyyatşünaslıq yolunda hər kəsə nəsib olmayan bir zirvədir. Təkcə ədəbiyyatşünaslıqmı?! Klassik ədəbiyyatşünaslar heç zaman cəmiyyətdən, ictimai fikirdən kənarda olmur, onun yazdıqları cəmiyyətlə əlaqəli olub, onu yönləndirib, maarifləndirib. F.Köçərli, Ə.Abid, B.Çobanzadə, Ə.Nazim, M.Cəlal, H.Araslı, M.Rəfili, M.Arif, K.Talıbzadə, Ə.Mirəhmədov, Y.Qarayev... və başqaları kimi. Yeri gəlmişkən, A.Rüstəmli elmə ilk vəsiqəni-xeyir duanı ədəbiyyatşünaslıq və tənqidin sonuncu mogikanlarından olan Yaşar Qarayevdən almış və bu xeyir-dua onun elm və mənəviyyat zirvəsinə yüksəlmək üçün bir stimul olmuşdur. Bu etimadın işığı ilə böyük bir məsafə qət edərək bir ziyalı kimi xalqın milli-mənəvi varlığının yaşanması yolunda böyük əmək verib, enerji sərf edib. Bəzən onun gördüyü işlərə baxıb heyrət etməyə bilmirsən; iyirmiyə qədər monoqrafiya, tərtiblər, redaktələr, gənc nəslin alim kimi formalaşmasında hazırladığı doktorant və dissertantlar, ssenariləri, elmi simpoziumlarda məruzələri, AAK-dakı dövlət qulluğu statusu, daha nələr, nələr. Bu barədə açıq vikipediyada geniş məlumatlar var. Təkcə bu statistika onun haqqında çox şey deyir. Lakin bu, mənim işim deyil və bu rəqəmlər içində itib batmaq istəmirəm, böyük ədəbiyyat yolunda bu cəfakeş ədəbiyyatşünas alimin yaradıcılığının xarakteri və bəzi məqamları üzərində dayanmaq istəyirəm.

Asif Rüstəmli ədəbiyyatşünaslıq fəaliyyətinin əsas xüsusiyyətlərindən biri indiyədək hələ işlənməmiş problemləri araşdırmaq, üstünü toz basmış və nə zamansa araşdırılması bəzən mümkün olmayan materialları, tapıntıları üzə çıxarmaq və onu xalqın milli sərvətinə çevirmək olub. Elmi yaradıcılığının ilk mərhələsində görkəmli mollanəsrəddinçi şair cənublu Bayraməli Abbaszadənin ədəbi irsinin araşdırılması ədəbiyyatşünaslığımızda o zaman üçün yeni bir addım idi. Tədqiqatçı onun imzalarını və ayrı-ayrı mətbuat orqanlarında iştirakını, yaradıcılıq xüsusiyyətlərini elmi təhlildən keçirərək "Tufanlardan keçən ömür" (Bakı, Sabah, 1995) monoqrafiyasını yazdı və bu şairi ədəbi cameədə tanıtdı. Elmdə ilk addım kimi çoxları bu uğura qibtə edə bilərdi. Ancaq bununla kifayətlənməyərək bu istiqamətdə axtarışlarını davam etdirir və "Bayraməli Abbaszadə: mühiti və mücadiləsi" (Bakı, Ozan, 2014) monoqrafiyası ilə onun ədəbiyyat tariximizdəki yerini bəlirləyir. Qarşıda onu daha böyük elmi uğurlar gözləyirdi. Cəfər Cabbarlı ilə "tanışlığı" bir oxucu kimi başlamışdı, Cabbarlı irsini mənimsəmiş və onun içindən keçmişdi. C.Cabbarlı ilə bir alim kimi tanışlığı onu Cabbarlı sevgisinə gətirib çıxarmış və araşdırmalarının böyük bir hissəsini ona həsr etmişdi. Bu, artıq bir karyera üçün edilən araşdırma deyildi, Cabbarlı irsinin tamamlanması yolunda atdığı fədakar addımlar və sonsuz sevgidən irəli gəlirdi. C.Cabbarlının ədəbiyyat tarixindəki mövcud yeri onu heç cür təmin etmirdi. Bu nədənlə də yeni araşdırmalar aparmaq, gerçək Cabbarlının obrazını yaratmaq missiyası peşəkar bir tədqiqatçı kimi onun üzərinə düşdü. Məsələ burasındadır ki, sosrealizm və sovet ideolojisi bizə C.Cabbarlını başqa cür təqdim edirdi. Əslində isə Cabbarlı sosrealizmin təqdim etdiyi Cabbarlıdan çox fərqlənirdi. Məsələ yalnız onun yeni əsərlərinin ortaya çıxmasında deyildi, həm də Cabbarlı irsinin düzgün oxunması və yeni interpretasiyalarla zənginliyində idi. 80-ci illərin sonlarından başlamış bu axtarışlar indiyədək davam edir. Sonucda tamamilə yeni bir C.Cabbarlı ortaya çıxır, sosrealizm prinsiplərindən arınmış, istiqlal savaşı uğrunda təhlüklərlə üzləşmiş, bəzən yaradıcılıq güzəştləri ilə bunu qapatmağa çalışmış bir Cabbarlı ilə tanış oluruq. A.Rüstəmli C.Cabbarlının indiyədək kitablarına salınmamış 6 pyesini, 4 hekayəsini, 30-a dək lirik və satirik şeirini, 60 ədəbi-tənqidi məqaləsini ilk dəfə üzə çıxarmış, onları ərəb qrafikasından çevirərək dərc etdirmişdir. C.Cabbarlının 4 cildlik "Seçilmiş əsərləri"nin tərtibi, 39 səhifəlik ön sözü və şərhləri də ona məxsusdur. Hələlik A.Rüstəmlinin C.Cabbarlının "Bakı müharibəsi" əsəri üzərindəki axtarışları bir nəticə verməyib. Bəzən axtarışlar da nəticəsiz qalır. Lakin bir çox mənbələrə dayanaraq belə bir əsərin varlığı haqqında danışmaq və onun Bakı qırğınına həsr olunması faktını üzə çıxarmaq özü də bir nəticə hesab olunmalıdır. Bunlar hamısı milli mədəniyyətin, ədəbiyyatşünaslığın inkişafı üçündür. Məsələ bununla da bitmir; Cabbarlının bədii düşüncədə etdiklərini elmi araşdırmaya cəlb etmək, əsərlərini obyektiv şəkildə təhlil etmək, əsərlərinin bədii interpretasiyasını dəyərləndirmək gərəkirdi. Bunun da öhdəsindən ləyaqətlə gəldi və elmi cameəmiz yepyeni bir Cabbarlı ilə qarşılaşdı. Burada mən akademik ədəbiyyatşünaslıq yollarında Asif Rüstəmlinin rolunu ayrıca xatırlatmaq istəyirəm. Məqalənin əvvəlində sələflərinin adlarını çəkdim və onların yolunu davam etdirdiklərini qətiyyətlə qeyd etdim. Burada heç bir mübaliğə yoxdur; Asif Rüstəmlinin yazdıqları akademik ədəbiyyatşünaslığın ən yaxşı örnəklərini təşkil edir. "Cəfər Cabbarlı; həyatı və mühiti" (Bakı, Elm, 2009), "Susmaz duyğuların səltənətində" (Bakı, Elm, 2002), "Mütərcim Cəfər Cabbarlı" (Bakı, Ozan, 2011), "Cəfər Cabbarlı və milli istiqlal hərəkatı" (Bakı, Gənclik, 2018), "Cabbarlı və Cabbarlışünaslıq" (Bakı, Ləman NPM, 2019) və s. monoqrafiya və araşdırmalarında Cabbarlının həyatı, mühiti və yaradıcılığının xarakteri, sənətkar taleyi tədqiq edilir. Akademik Məmməd Arifdən sonra Cəfər Cabbarlı yaradıcılığını bütün yönlərilə araşdırmaq məhz ona qismət olub. Deyim ki, bədii düşüncədəki Cabbarlı zirvəsini elə ədəbiyyatşünaslıqda eyni səviyyədə təmsil etmək də ona nəsib olub. Bu araşdırmaların hamısı bədii mətnə söykənir; tədqiqatçı bu mətnlərin çoxunu ilk dəfə elmi mühitə təqdim etməklə qalmır, onu yüksək elmi-nəzəri səviyyədə təhlil edir. Akademik ədəbiyyatşünaslığı psevdo ədəbiyyatşünaslıqdan fərqləndirən də məhz bu cəhətdir. Onun nəzəri fikirlərini həmişə mətn müşayiət edir və mətndən kənarda hər hansı bir fikrin, ifadənin və elmi qənaətin olduğunu söyləmək çətindir. İllər öncə gürcü əsilli İrakli Andronikovun rus şairi M.Y.Lermontov haqqında bir monoqrafiyasını oxumuşdum. Ədəbiyyatşünas şairin həyatı və mühitini bütün detalları ilə, hətta hansı gün, balda kiminlə rəqs etməsi, mundirinin düyməsinəcən təsvir edirdi. Onun işi çox asan idi, çünki Lermontovun müasirlərinin hər birinin gündəliyi və ya qeydləri dururdu. C.Cabbarlının həyatı və mühiti haqqında bu cür tədqiqat ortaya qoymaq çox çətin olsa da, Asif Rüstəmli bunun öhdəsindən ləyaqətlə gəlir. Arxiv araşdırmaları ilə biz C.Cabbarlının həyatının hər bir məqamını, qaranlıq və gizli səhifələrini (Müsavat partiyasına üzv olması, iclaslarda iştirakı, həbs olunması, istiqlal uğrunda mübarizə aparması, Mirzə Bala ilə münasibətləri və s.) öyrənirik. Bu Cabbarlının həyatının elmi şəkildə bərpa olunması deməkdir. Bu cür elmi nəticə hər ədəbiyyatşünasa müyəssər olmur. A.Rüstəmli yazır: "Mart soyqırımı zamanı İrana, Gürcüstana, Dağıstana, Türküstana və b. daha təhlükəsiz yerlərə pənah aparan sərmayədarlar, tacirlər, mədəniyyət və incəsənət xadimləri, ziyalılar tədricən Bakıya qayıdırdılar. Ailəsini sığınacaq üçün öncə Xızının Upa kəndinə, sonra isə Qılızıya aparan Cəfər Cabbarlı şəhər azad edildikdən, əmin-amanlıq bərpa olunduqdan sonra yenidən ailəsi ilə öz isti ev ocağına qayıtdı. Azərbaycan hökuməti 1918-ci il sentyabrın 23-də Gəncədən Bakıya köçdü. Mart qətliamında yandırılmış "Novruz", "Turan", "Kaspi" və b. mətbəələrin bir qismini bərpa etmək mümkün oldu". Təkcə bu informasiya böyük axtarışlar nəticəsində əldə olunan elmi qənaətlərdir. Yaxud, Nuru Paşanın C.Cabbarlı ilə tanışlığı, onun evinə getməsi və ona yazı stolu bağışlaması faktının aşkara çıxarılmasının arxasında fasiləsiz zəhmət, gerçək alim əməyi dayanır.

Cəfər Cabbarlı elə ədəbi şəxsiyyətlərdəndir ki, onun yaradıcılığını sadə ədəbi-tənqidi sxem üzərindən, ideoloji mövqedən dəyərləndirmək çətindir. Onun yaradıcılığının bədii interpretasiyası hüdudsuzdur və onu düzgün oxumaq lazımdır. Tədqiqatçı C.Cabbarlının istər Cümhuriyyətə qədərki, istər Cümhuriyyət dövrü, istərsə də postcümhuriyyət dövrü yaradıcılığını obyektiv şəkildə ədəbiyyatşünaslıq elminin prinsipləri ilə araşdırır. Bu dəyərləndirmələrdə elmilik, obyektivlik, nəzəri prinsiplər başlıca üstünlük təşkil edir. Tədqiqatçı C.Cabbarlının sovet dövründə yazdığı "Sevil", "Almaz", "Od gəlini", "1905-ci ildə" dramlarını da yeni gözlə, elmi prinsiplə oxuyur və bu əsərlərin aktuallığını şübhə altına alan iddiaçılara elmi şəkildə cavab verir. Bu mənada yazıçının "Gülzar" hekayəsinin təhlili məndə böyük rəğbət doğurmuşdu.  Tədqiqatçı hekayədəki təbiət təsvirlərini təhlil edərək Gülzar obrazında Cümhuriyyətin başına gələn hadisələri nəzərdə tutduğu qənaətini nəzəri şəkildə əsaslandırır.

C.Cabbarlı əsərləri yüz ildən çoxdur ki, elmi düşüncəni məşğul edir və bu zaman kəsiyində A.Rüstəmlinin elmi, nəzəri və praktik araşdırmaları cabbarlışünaslığının qızıl dövrü kimi səciyyələndirməyə tamamilə haqqımız var. Bu, həm də A.Rüstəmlinin halal haqqıdır. Cabbarlı yaradıcılığının cazibəsi heç zaman onu tərk etmədi və bütün fəaliyyəti boyu bu ədəbi irsin, onun mənəvi sərvətinin tərcümanı oldu.

Tale elə gətirdi ki, müstəqillik ərəfəsində cəmiyyətdə insanların mövqeyi görünməyə başladı; istiqlalçılarla, cümhuriyyətçilərlə anticümhuriyyətçilərin mövqeyi aydın şəkildə görünməyə başladı. İstiqlalçı millət vəkillərini yada salaq; cəmiyyətin hər təbəqəsində bu ayrılmaları görmək olurdu. O zaman Asif Rüstəmli ilə şəxsi tanışlığım olmasa da, onun cümhuriyyətçi, istiqlalçı mövqeyini aydın görürdüm. Hələ 1991-ci ildə 20 Yanvar qırğınından bir qədər sonra onun M.Ə.Rəsulzadənin "Azərbaycan Cümhuriyyəti" kitabını ərəb qrafikasından transliterasiya edərək ön sözü və şərhləri ilə 55 min tirajla "Elm" nəşriyyatında çap etdirməsi böyük bir xidmət idi. Bir neçə ay sonra bir qrup Azərbaycan aliminin Ankarada M.Ə.Rəsulzadənin məzarını ziyarət edərkən çəkilən fotoda A.Rüstəmlinin çap etdirdiyi bu kitab böyük liderin məzarı üstündə müəllifinə qovuşmuşdu. Bu, M.Ə.Rəsulzadənin vətənində çap olunan ilk kitabı idi. Məncə, bununla M.Ə.Rəsulzadə irsinin araşdırılması hərəkatı başlamış oldu. Bir neçə il sonra A.Rüstəmli M.Ə.Rəsulzadənin "Bolşeviklərin Şərq siyasəti" kitabını da çap edəcək və bununla da M.Ə.Rəsulzadə irsinin araşdırılmasına yeni töhfəsini verəcəkdi. Sonra bu istiqlalçı mövqe onun yaradıcılığına və ədəbi fəaliyyətinə də yansıdı. C.Cabbarlı və Mirzə Bala Məhəmmədzadənin həyatı və istiqlal uğrunda mübarizəsini bütün detalları ilə araşdırdı. Bu, sadəcə tədqiqat obyektlərinin yaradıcılığını araşdırmaqdan irəli gəlmirdi, həm də müəllifin istiqlal duyğularına verdiyi önəmi ifadə edirdi. Bu mənada, Asif Rüstəmlinin "Cəfər Cabbarlı və istiqlal hərəkatı" və Mirzə Bala Məhəmmədzadəyə həsr etdiyi "İstiqlal mücadiləsi" kitabları özünün fakt zənginliyi, araşdırma diapazonu ilə fərqlənir. C.Cabbarlını biz onun araşdırmalarından bir istiqlalçı kimi tanıyırıq, özü də bu istiqlalçılıq, çoxlarının bu böyük dramaturqun sovet dövrü yaradıcılığını başqa dəyərləndirməsi kontekstində olduqca əhəmiyyətli görünür.

M.B.Məhəmmədzadənin də Azərbaycan istiqlalına verdikləri ilə aldıqları ilə adekvat deyildi. M.Ə.Rəsulzadə ilə birgə və ondan sonra da bu istiqamətdə özünün siyasi fəaliyyəti və yazıları ilə Azərbaycan istiqlalını nəzəri şəkildə yaşadan bu böyük istiqlalçının yaradıcılığı da A.Rüstəmli araşdırmalarında özünün həqiqi qiymətini ala bilmişdir. Onun araşdırmaları, məqalələri, hekayələri tədqiqatçı tərəfindən toplanılmış, öz söz, şərhlərlə nəşr edilib. "Zirədən başlanan yol (Mirzə Bala Məhəmmədzadənin həyatı, yaradıcılığı və mühiti)" (Bakı, Ozan, 2014) monoqrafiyası ilə onun ictimai fikir tariximizdəki yeri müəyyənləşmiş oldu.  A.Rüstəmlinin bu araşdırmaları sonrakı tədqiqatlar üçün də zəngin imkanlar yaradır.

Nə qədər faktlardan qaçmağa çalışsam da, çünki A.Rüstəmlinin gördüyü işlər o qədər çoxdur ki, onları burada sadalamaqla, ədəbiyyatşünas, akademik (bu söz tədqiqatçının elmi fəaliyyətinin xarakteri mənasında işlədilir, lakin elmi fəaliyyəti həm də bu ada adekvatdır!) yaradıcılığının bütün parametrləri üzərində geniş dayanmağa imkan vermir. Bu nədənlə də onun tədqiqatçı, ədəbiyyatşünas, müəllim portretinin bəzi ştrixləri üzərinə qayıtmaq istəyirəm.

Asif Rüstəmlinin elmi yaradıcılığı akademik üslubdadır; faktla nəzəriyyənin qovuşuğu hər zaman gözlənilir. Bu cür üslubda uzun müddət tədqiqat aparmaq hər bir tədqiqatçıya nəsib olmur. Lakin bu akademizmlə yanaşı, bir xüsusiyyət də onun üslubunu zənginləşdirir. Bu da problemə yanaşmada və dəyərləndirmələrdə elmi-nəzəri prinsipə üstünlük verməsidir. Bu amil onun araşdırmalarının əhəmiyyətini bir qədər də artırır. Üstəlik, bu araşdırmalarında tarixi kontekst ilə çağdaş konsept bir-birini əvəzləyir. Onun araşdırmaları daha çox arxeoloji qazıntılara bənzəyir, hər bir araşdırmasında yeni bir tapıntıya rast gəlirik. Yox, bu təsadüfi olmur, özü o tapıntının izinə düşür. Neçə dəfə fikirlərini mənimlə bölüşəndə yeni bir tapıntının izinə düşdüyünü hiss edirəm. Hər hansı bir ədəbi hadisəni dəyərləndirərkən faktlardan sanki bir hörgü hörür; bir problemi, qənaəti təsdiq etmək üçün yalnız bir fakt onun üçün azlıq təşkil edir, gərək bir neçə faktı tutuşdursun ki, müəyyən bir qənaət formalaşmış olsun. Ona görə də çox zaman onun qənaətləri sonrakı ədəbiyyatşünaslar tərəfindən də qəbul edilir. Bu, həm də faktların məntiqidir. Ədəbiyyatşünaslıq da bir elmdir, hər hansı bir fikri təsadüfi bir faktla söyləmək, üstəlik, bu fikirdə israr etmək hər zaman müəllifi pis vəziyyətdə qoya bilər. Asif Rüstəmlinin faktların dəmir məntiqinə söykənən araşdırmaları ədəbiyyatşünaslığımızın ən yaxşı səhifələrini təşkil edir. Yüksək mühakimə və müzakirə mədəniyyəti araşdırmalarının əsas prinsiplərindən biridir.

Asif Rüstəmlinin yazı üslubu sxematik, şablon deyil, bəlkə daha artıq cazibədardır, çoxsəslidir, rəngarəngdir. Çoxları ədəbiyyatşünaslıqda bunun mümkünsüz olduğunu iddia edə bilər. Ancaq onun yazılarında elmi təfəkkürlə bədii təfəkkürün sintezini aydın görmək mümkündür. Zatən bədii təfəkkür olmadan o mətnləri elmi cəhətdən dəyərləndirmək çox zordur. Bu cəhətdən elmi üslubunu çoxşaxəlilik səciyyələndirir, faktları əlində oynada bilir və ona müxtəlif rakurslardan qiymət verməyi bacarır. Çoxdan müşahidə etdiyim yaradıcılığının bu xüsusiyyətini bu günlərdə paylaşdığı "Cümhuriyyət muzeyindən zəng" adlı postunda bir daha bunun şahidi oldum. Bəzən elmi məntiqin deyə bilmədiyini, deməyə çətinlik çəkdiyini adi bir istehzalı dialoqla da çatdırmaq mümkün olur. Burada ifadə olunan və çoxdan mənimlə bölüşdüyü bu fikrin ədəbiyyatşünaslığımızda gərəkli bir tapıntının əsasını qoyduğunu görürəm. Həqiqəti söyləmək hər yerdə hər zaman çətindir, elmi həqiqət də elədir...

Asif Rüstəmli fəaliyyətinin çoxsəsli və çoxşaxəli olduğunu nəzərə alsaq, onun müəllim kimi fəaliyyətindən ayrıca bəhs etmək lazım gəlir. Bu müqəddəs peşənin sirlərini həm universitet auditoriyalarında, həm də magistr və doktorantlarına zaman-zaman aşıladı. Bu fəaliyyətin nəticəsi olaraq "Ədəbi redaktənin əsasları (Tarixi, nəzəriyyəsi, təcrübəsi) (Bakı, Gənclik, 2018) dərs vəsaiti yarandı.

Asif Rüstəmli özünə, elmə qarşı son dərəcə tələbkardır; hər hansı bir ədəbi faktı üzə çıxararkən tələsmir, onu bütün detalları ilə öyrənir və yalnız bundan sonra onu ədəbiyyatşünaslığın malı edir.  Həyatda olduğu kimi, elmdə də səmimi və təvazökardır, ətrafındakılara qayğı ilə yanaşır, daim sadəliyini qoruyub saxlayır.

Mən professor Asif Rüstəmlinin həyatın müxtəlif sahələrində özünü ifadə etdiyi müxtəlif janr və formalar haqda burada geniş söhbət açmaq fikrində deyiləm. Bütün bunların hamısı onun şəxsiyyətində, ədəbi, elmi, pedaqoji fəaliyyətində, ictimai-sosial vəziyyətində aydın şəkildə görünür. Həmişə onu səbirli, işinə məsuliyyətlə yanaşan, cəmiyyətdə nüfuzu olan bir ziyalı kimi görmüşəm, ictimai nüfuzunu ötəri münasibətə heç zaman qurban verməz, konyukturaya getməz, bu nüfuzun qorunub saxlanması üçün əlindən gələni edər. Məncə də, bir ziyalı, alim, vətəndaş üçün bu keyfiyyətlər son dərəcə səciyyəvidir. Asif Rüstəmlinin elmdə son ünvanı professordur, bundan yuxarıda elmi ünvan yoxdur; bu, dünyanın hər yerində belədir. Asif Rüstəmli adı da bu ünvana çox yaraşır, həmişə bu adı yaradıcılığı, intellekti, orijinal əsərləri, araşdırmaları ilə ləyaqətlə, vicdanla təmsil edir. Təxminən yarım əsrə yaxın bir yaradıcılıq yolunda ədəbi, elmi-nəzəri, estetik fikrin inkişafında çox böyük işlər görüb; bu işlər yuxusuz gecələrin, fasiləsiz araşdırmaların, çox zaman isə şəxsi istəklərinin məhdudlaşdırılması hesabına əldə olunub. Qələmin müqəddəs vəzifəsi həqiqəti yazmaqdır; bu, ədəbiyyatşünaslıqda da belədir və professor yaradıcılığı boyu bu vəzifəni ləyaqətlə yerinə yetirib. Böyük ədəbiyyatşünaslıq yolunda alim dostum, həmkarıma uğurlar arzu edir, bundan sonra da bu müqəddəs missiyasını davam etdirməsini, yorulmadan yazıb yaratmasını diləyirəm.