The influence of Arabic and Persian literary traditions in classical Azerbaijani literature is an undeniable fact. This is not only due to the abundance of Arabic-Persian words used in our classical literary language, but also the structure of the classical poetry collection-divans, the order of arrangement of poems, the predominance of religious-mangabi ghazals and odes, etc. is confirmed by features such as It should also be noted here that in the work of our poets who wrote in Arabic and Persian languages with some objective requirements of the time, the development of Azerbaijani-Turkish words and idiomatic expressions, as well as the manifestation of the Azerbaijani-Turkish way of thinking and speaking. E.g. In this regard, there are enough scientific and literary facts in the works of H. Tabrizi, A. Khagani and N. Ganjavi. Some researches have been conducted on this, and a number of national-ethnic features that distinguish those poets from classical Arab-Persian poets have been discovered.
Fikrimizcə, Azərbaycan-türk dilində yazıb-yaradan klassik şairlərimizin yaradıcılığı da bu baxımdan araşdırılmalı, milli-etnik özəlliklərinin əks olunduğu məqamlar diqqətlə təhlil edilməlidir. Azərbaycan türkcəsində ilk qəzəl və türkü yazan divan ədəbiyyatı şairlərindən Həsənoğlunun əlimizdə olan qəzəlləri ümumi üslub-stil baxımından ərəb-fars ədəbi ənənələrinə sadiq qalsa da, bəzi qaynaqlarda onun təmiz xalq danışıq dilində yazılmış kifayət qədər qoşqu-türkülərinin olduğu bildirilir. Dövrümüzə gəlib çıxmayan həmin qoşqu və türkülərin müəllifinin təxəllüsünü sırf türkcə, yəni türk soyad sisteminə uyğun olaraq "Həsənoğlu" seçməsi də çox önəmlidir.
Q.Bürhanəddin, İ.Nəsimi, Ş.İ.Xətai və b. türkdilli şairlərimizin də yaradıcılığında klassik divan üslubundan kənara çıxan bəzi ədəbi-bədii fakt və məzmun elementləri vardır.
"Bütün türk şairlərinin babası" (F.Köçərli) və "Şərq şairlərinin günəşi" (Gibb) kimi tanınmış dahi Azərbaycan şairi M.Füzuli yaradıcılığı bu baxımdan da ayrıca öyrənilməyə və tədqiq olunmağa layiqdir. Belə ki, o, öz milli-etnik kimliyi və mənsubiyyətini dilə gətirən, özünün ata-babasının təmiz türk olması və ana dilinin də türk dili olması haqqında açıq danışan ilk böyük şairimizdir. Bu barədə bəzi tədqiqat və araşdırmalarda az-çox danışılsa da, biz burada bu tipli məqam və görsənişləri sistemli və ardıcıl şəkildə incələmək istərdik.
Bəllidir ki, Füzulinin türkcə divanının dibaçəsində onun milli mənsubiyyətinə birbaşa işarə edən misralar vardır. Türkcə qəzəllərini və bəzi başqa şeirlərini toplayıb divan halına salan şair rumlu söz ustaları və tatar şeir xiridarlarına üz tutaraq, ömrü boyu ərəb İraqından heç bir yerə səyahət etmədiyi üçün, o yerlərin "əlfazü ibarətlərindən" və "lətaifü zərbülməsəllərindən" əsərlərində görməsələr, onu bağışlamalarını xahiş edir. Yəni, dolayısıyla olsa da, öz əsərlərinin həmin yerlərdə, daha dəqiq desək, Osmanlı imperiyasının mərkəzi - İstanbulda və Krım-Kazan tatarları arasında geniş yayılıb-oxunacağından əmindir. Bu da onun milli-etnik baxımdan türksoylu olması və ana dilinin Azərbaycan-türk dili olduğunu təsdiqləyən bir dəlil kimi başa düşülməlidir. Eyni zamanda bu, İraqdan kənara çıxmayan şairin türk dili danışılan bir çox ölkələrdə əsərlərinin oxunması və sevilməsi iddiasında olduğunu göstərir. Bu, o dövr üçün türkçülük, turançılıq deyilsə, bəs nədir?!
Farsca divanının dibaçəsində isə, Füzuli bu məsələyə fərqli yanaşır, öz milli-etnik kökəni və ana dili haqqında daha açıq və aydın bilgi verir: "Bəzən ərəbcə şeir yazdım və ərəb fəsihlərini müxtəlif mənzumələrimlə şadlandırdım. Bu, mənim üçün asan idi, çünki mənim elmi bəhslər dilim ərəbcə idi. Bəzən türkcə şeir meydanında at çapdım və türk zəriflərinə türkcə şeirin gözəlliklərilə zövq verdim. Bu da məni o qədər təşvişə salmadı, çünki türkcə şeir mənim əslimin səliqəsinə uyğundur. Bəzən fars dili sapına inci düzdüm və o budaqdan könül meyvəsi dərdim". Göründüyü kimi, İslam Şərqinin hər üç dilində qələm çaldığını dilə gətirən şair türkcə şeir meydanında məharətlə at oynatdığını və türk zəriflərinin könlünü oxşadığını bildirir. Hətta bunun səbəbini də açıb göstərir, türkcə şeirin öz əslinin səliqəsinə uyğun olduğunu, dolayısıyla türkcənin əslinin-nəslinin doğma dili olduğunu təsdiqləyir. Görünür, elə buna görə də şair farsca divanının başqa divanlarına nisbətən gec hazır olduğunu qeyd edir.
Füzulinin türklüyə və türk dilinin intişarına xidmətləri, bu yöndə bütün gücü və istedadıyla çalışması başqa məqamlarda da üzə çıxır. Məs. məşhur fars-tacik şairi Ə.Caminin "Hədisi-ərbəin" ("Qırx hədis") əsərini ana dilimizə tərcümə edərkən də, bu məqsədi güddüyü aydın olur. Belə ki, "qırx danə gövhər" adlandırdığı həmin hədisləri farscadan türkcəyə tərcümə etməklə, Allah və peyğəmbər sözlərinin ana dilimizdə səsləndirilməsini istəmiş və onların məzmununu savadsız xalq kütlələrinin başa düşməsinə çalışmışdır. Tərcüməyə yazdığı çox qısa müqəddimədə belə də deyir: "Ümum feyz üçün tərcümeyi-türki olunur".
Fikrimizcə, Füzuli məşhur "Leyli və Məcnun məsnəvisini də məhz türkcə yazmağı qarşısına məqsəd qoyarkən bu missiyanı yerinə yetirmək istəmişdir. "Rum zəriflərinin" dilindən deyilən sözlər əsərin türkcə yazılması üçün, sadəcə, bir bəhanə rolunu oynayır.
Leyli-Məcnun əcəmdə çoxdur,
Ətrakdə ol fəsanə yoxdur.
Bəllidir ki, Füzuliyə qədər türk dilində Həqiqi və Nəvai kimi böyük sənətkarlar türkcə "Leyli və Məcnun" poeması yazmışdılar. Füzuli həmin əsərlərin varlığından xəbərsiz ola bilməzdi. Sadəcə, fars dilində "Leyli və Məcnun"ların çoxluğu, türkcə isə barmaqla sayılacaq qədər az olması şairə yuxarıdakı sözləri yazdırmışdır.
Füzulinin türksoylu şairlərin daha çox farsca yazmaları, türk dilində zərif və incə mənalı şeirlər yazmağın çətinlikləri və məsuliyyəti barəsində yazdığı kiçik bir qit`ənin məzmunu çoxlarına bəllidir:
Ol səbəbdən farsi ləfzilə çoxdur nəzm kim,
Nəzmi-nazik türk ləfzilə ikən düşvar olur.
Ləhceyi-türki qəbuli-nəzmi-tərkib etməyib,
Əksərən əlfazı namərbutü nahəmvar olur.
Məndə tövfiq olsa, bu düşvarı asan eylərəm,
Novbahar olğac tikəndən bərgi-gül izhar olur.
Həmişə asan yolla gedən, şeir-poeziya dili kimi cilalanmış fars dilində yazmağa üstünlük verən, zəhmətə qatlaşmaq istəməyən və ən əsası, türklük qeyrəti və təəssübünü çəkməyən şairlərdən fərqli olaraq, o, ilk dəfə bu çətinliyin altına çiyin vermək, bu məsuliyyəti öz üzərinə götürmək, türkcəni yazda açılan gül yarpağı halına gətirmək məqsədilə qol çırmadığını açıqca deyir və bu məqsədlə də ömrünün sonuna kimi ana dilində yazıb-yaratmaqdan çəkinmir. Onu da deməliyik ki, dahi sənətkar bu vəzifənin öhdəsindən elə bacarıqla və layiqincə gəlir ki, ondan sonra türksoylu şairlərin fars dilində yazmaq ənənəsinə, demək olar ki, son qoyulur.
Fikrimizcə, "Hədiqətüs-süəda" məqtəlinin yazılması da eyni məqsəd və mərama qulluq edir. Belə ki, əsərə yazdığı Dibaçədə şair ərəb və fars dilində Kərbəla faciəsi haqqında yazılmış məqtəllər olduğu, ərəb və əcəm əhalisinin oxuyub faydalandığı halda, sayca daha çox olan türklərin, kitab səhifələrinin artıq sətirləri kimi, məclis səflərindən xaricdə qaldığını, əsl həqiqətləri dərk etməkdən məhrum olduqlarını təəssüflə bildirir. Bu bir neçə cümlədən Füzulinin irihəcmli və fundamental bir məqtəl yazmasının əsl səbəblərini öyrənirik; türklər ərəb və fars dillərində olan məqtəlləri dinləmək və oxumaq məcburiyyətində qalmasınlar, möhtəşəm şəhidlik nümunəsi sayılan Kərbəla vaqiəsiylə öz doğma dillərində tanış olsunlar.
Həmin əsərin müqəddiməsində yenə türk dilində belə geniş və ciddi məzmunlu nəsr örnəklərinin yazılma təcrübəsinin olmadığından şikayətlənən şair yazır: "Əgərçi ibarəti-türkidə bəyani-vəqaye düşvardır, zira ki, əksəri əlfazı rəkik və ibaratı nahəmvardır, ümmid ki, himməti-övliya itmamına müsaidət və əncamına müavinət qıla". Sonra da bu çətin və məsuliyyətli işin öhdəsindən gəlmək üçün Allahdan yardım istəyir, özü də burada yenə ərəb və farsdilli məqtəl yazanlarla yanaşı, türkdilli Füzulini də unutmamağı xahiş edir:
Ey feyzrəsani-ərəbü türkü əvəm,
Qıldın ərəbi əfsəhi-əhli-aləm,
Etdin füsəhayi-əcəmi İsadəm,
Bən türkzəbandan iltifat eyləmə kəm.
"Qəlb şairi"nin bədii-estetik baxımdan misilsiz olan qəzəl və qəsidələrində ənənəvi ərəb-fars modelindən kənara çıxan elə incə məqamlar, türkçülük psixologiyasına rəvac verən elə elementlər vardır ki, onlar da bu yerdə mütləq qeyd olunmalıdır. "Hünər bostanının gülü" adlandırdığı qəzəl, eləcə də, "mübhəm ifadələr meydanı və mətin mənalar məkanı" hesab etdiyi qəsidə janrında, yeri gəldikcə, klassik kanonlardan fərqli olaraq, türk düşüncə-danışıq üslubuna xas elə söz və ifadələr işlətmişdir ki, onları, bəlkə də Füzulinin yaratdığını və klassik poetik dilə gətirdiyini cəsarətlə deyə bilərik. Məs. "ağırlamaq", "iltər", "yüküş", "sataşdırmaq", "qatı", "tutuşmaq" və s. "Bir içim su ilə ağırlamadın mehmanın", "Xarü xəs iltər anda ki, quş aşiyan tutar", "Məni kim qurtarar tanrı sataşdırmış bəlalərdən?" və s.
Göründüyü kimi, Füzuli bu sahəyə o qədər diqqət yetirmişdir ki, türk sözlərinin çoxmənalılığından ustalıqla yararlanmış, hər hansı bir sözün mümkün olan bütün variant və nüanslarını "istismara" cəlb etmiş, necə deyərlər, ədəbi tədavülə buraxmışdır. Məs. aşağıda ilk və son beytlərini verdiyimiz "Yetməzmi" rədifli qəzəlində təkcə "yetmək" sözünün 15 məna çalarını kəşf etmiş, bədii dilə gətirmiş, bu yolla da parlaq təşbeh və metafora örnəkləri yaratmışdır:
Könül, yetdi əcəl,
zövqi-rüxi-dildar yetməzmi?
Ağardı muyi-sər,
sövday-zülfi-yar yetməzmi?
...Füzuli, demə, yetmək
mənzili-məqsudə müşküldür,
Tutan damani-şər`i-Əhmədi-muxtar yetməzmi?
Əsərlərini diqqətlə oxuduqca görürük ki, dahi sənətkar əruz vəzninin tələbilə nə qədər çox ərəb-fars sözləri işlətmək zorunda qalsa da, məna və məzmuna xələl gətirmədən, mümkün qədər türk sözləri işlətməyə və onları da əruz təf`ilələrinə uyğunlaşdırmağa çalışmışdır. Bu məsələ Füzulinin diqqət və istedadını o qədər məşğul etmişdir ki, başdan-sonadək rədif, yaxud qafiyələri bütünlüklə xalis türk sözlərindən qurulmuş ayrıca qəzəllər də yazmışdır. Bəzi araşdırmalarda Füzulinin rədif, yaxud qafiyələri türkcə olan 1-2 qəzəlinin olduğu deyilsə də, biz şairimizin bu tipli, yəni qafiyə və rədiflərinin təmiz türk dilində olduğu 5 qəzəlini müəyyən etdik. Bu baxımdan
Saqiya, cam tut ol aşiqə kim, qayğuludur,
Qayğu çəkmək nə üçün, cam ilə aləm doludur.
- misraları ilə başlayan qəzəli daha çox hallandırılır. Halbuki;
Gəlir ol sərvi-səhi, ey gülü lalə, açılın!
Vey məhü mehr, çıxın, qüdrətə nəzzarə qılın!
Könül, səccadəyə basma ayaq, təsbihə əl urma,
Namaz əhlinə uyma, onlar ilə durma, oturma.
- beytləriylə başlayan qəzəllərindən başqa, məşhur "Məni candan usandırdı..." və "Könlümü" rədifli qəzəli də sırf türk mənşəli sözlərlə qafiyələnmişdir. Göründüyü kimi, orta yüzil sənətkarlarının fərqinə varmadığı, diqqət yetirmədiyi bu kimi incə məsələlər də Füzulinin tükü-tükdən seçən gözündən yayınmamış, diqqətindən kənarda qalmamışdır. Müqayisə üçün deyək ki, yeni dövrdə - XIX əsrdə Füzulini şair saymayan və tənqid edən M.F.Axundzadə məqalə və məktublarında neçə yerdə "milləti-islam" ifadəsini işlətmiş, yəni dini və etnik mənsubiyyətə o qədər də fərq qoymamışdır.
Başqa "Leyli və Məcnun"lardan fərqli olaraq, Füzulinin eyniadlı poemasındakı əsas obrazlardan biri, özü də cəsur, döyüşkən və xeyirxah bir igid kimi təsvir etdiyi Nofəlin etnik mənşəcə türk olduğunu da burada qeyd etməliyik.
Maraqlıdır ki, XVII yüzildə yaşamış türk səyyahı Ö.Çələbinin "Səyahətnamə"sində məhərrəmlik zamanı Təbriz şəhərində Füzulinin "Hədiqətüs-süəda"sı əsasında göstərilən şəbih tamaşalarından biri ətraflı təsvir edilmişdir. Onu da deməliyik ki, "Hədiqətüs-süəda", orta əsrlərdən başlayaraq, bugünədək türk dili anlaşılan bir çox ölkələrdə oxunub tamaşaya qoyulmaqdadır. Türkiyəli füzulişünas alim d-r Ş.Güngörün fikrincə, "Füzulinin "Hədiqətüs-süəda"sı əsrimizdə dəxi türk topluluqlarının bulunduqları sahələrdə və Pakistan kimi türkcənin iyi bilinmədiyi məmləkətlərin bəzi bölgələrində də, özəlliklə, şeirlərinin bir qisminin oxunduğunu eşitməkdəyiz".
Füzuli poeziyası, nəinki Azərbaycan, hətta bütün Yaxın və Orta Şərq ədəbiyyatında böyük təsir buraxmış, Türkiyə, İran, özbək, türkmən, tatar və s. şair və yazıçıları uzun müddət onun əsərlərindən bəhrələnmiş, ölməz qəzəllərinə bənzətmə və nəzirələr yazmışlar. "Yalnız Füzulini yetişdirən Azərbaycan sahəsi deyil, Osmanlı və cığatay ədəbiyyatları da əsrlərdən bəri onun qüvvətli nüfuzu altında qalmışdır. Daşkənddən Kazana, Krımdan Macarıstan sərhədlərinə, Bağdaddan Qahirəyə, Təbrizdən Buxaraya və İstanbula qədər bütün türk sahəsi əsrlərcə onun tərənnümlərini dinlədi. Azərbaycan, İran və Güney Qafqaz türklərinin fars dilinin müdhiş təhəkkümünə rəğmən, əsrlərcə türklüklərini mühafizə etmələrində, türk aləminin vəhdətinin pozulmamasında Füzulinin pək böyük bir təsiri vardır". Deməli, Avropa və rus imperializminin parça-tikə edib bir-birindən uzaq saldığı Türk dünyasının yüz illərlə vahid-bütöv orqanizm kimi qorunub saxlanmasında, türk-oğuz dil birliyinin bu gün də yaşamasında Füzuli dühası və istedadının misilsiz xidmətləri olmuşdur. Bu baxımdan, Füzuli divanını Yalnız Dədə Qorqud kitabıyla müqayisə edə bilərik. Son olaraq, demək istərdik ki, orta yüzillərdə - ümmətçiliyin milli-etnik əsasları üstələdiyi dövrdə, ərəb İraqı kimi xurafat və cəhalət mühitində yaşasa da, Füzuli milli kimliyini aydın dərk etmiş, dini və etnik mənsubluğu heç vaxt qarışdırmamış, etnik mənşə və soykökünün fərqində olmuş və öz milli mənsubiyyətiylə fəxr etmiş tək-tək klassik şairlərimizdəndir.