Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

SEARCHES. INVESTIGATIONS

Alawite poet Sayat Nova (Sayat Nova) - Salida Sharifova

13-04-2023 [ 13:34 ] [ read:51 ]
printerA+ | A-
103270

Introduction

The appropriation and appropriation of the heritage of our writers by other nations should be prevented, and the heritage of those writers should be studied and introduced to the world from the point of view of the all-Turkish and all-Azerbaijani literary heritage. One such poet is Sayat Nava (Sayat Nova). The time to put an end to the controversy surrounding Sayat Nava, a lover of Turkish origin, has long come and gone. There are different opinions about Sayat Nava's nationality, he is Azerbaijani, Armenian, Georgian, etc. allegations are being made about its existence.

 

Səyat Nəvanın tərcümeyi-halı haqqında məlumatlar

Səyat Nəvanın milli mənsubiyyəti haqqında müxtəlif fikirlərin mövcud olmasına baxmayaraq, ədibin qələmə aldığı poetik nümunələrdə özünü türk kimi təqdim etməsi diqqətdən yayınmır. “...Sayat Nova Azərbaycan türkcəsində qələmə aldığı bir şerində özünün türk olduğunu bildirməkdədir:

Vəslinə eylədi ərk Sayat Nova,

Məcnuna görk Sayat Nova,

Aşıq Sayat Nova,

Türk Sayat Nova”. [24]

Səyat Nəvanın türk olması amili bir çox tədqiqatçılarımız tərəfindən də vurğulanmışdır. “Zaman içində əlimizdən getdi, ermənilər dünyaya təqdim elədilər ki, erməni aşığıdır. Onun erməni olması ilə bağlı heç bir fakt yoxdur” deyə həyacan təbili çalan prof. Məhərrəm Qasımlı bir mənalı şəkildə Səyat Nəvanın Azərbaycan sənətkarı olmasını qeyd edir: “Bilmirəm, erməni məsələsi haradan Sayat Novanın üstünə yazılıb. Əslində, Sayat Nova yox, Səyat Nəvadır. Bizim köhnə aşıqlarımız istənilən vaxt rus, gürcü, erməni dilində şeirlər deyirdilər. Səyat Nəva da erməni və gürcü dilində şeirlər yazıb. Amma onun əsas yaradıcılığı Azərbaycan dilindədir və Səyat Nəva erməni yox, Azərbaycan sənətkarıdır. Tiflisdə doğulub, azərbaycanlıdır”. [12] Lalə Cəmilli də qətiyyətlə Səyat Nəvanın azərbaycanlı olmasını belə əsaslandırır: “Qeyd edim ki, S. Nəva Azərbaycan xalqının çox istedadlı övladlarından biridir. O, Tiflisdə yaşayıb fəaliyyət göstərdiyindən, tamaşaçıların etnik tərkibini nəzərə alaraq, orada yaşayan müxtəlif xalqların dilində də şeirlər söyləyib. Bu da təbiidir. Şair el üçündür, xalq onun yazdıqlarını eşitməlidir. Deyim ki, uzun müddətdir bəzi qonşu dövlətlərin də mətbuatında Səyat Nəvanın kimliyi haqda araşdırma məqalələr, fikirlər dərc edilir. S. Nəvanın milli kimliyi haqqında əsas fikir odur ki, o, erməni deyil, azərbaycanlıdır. O əsasən doğma Azərbaycan dilində yazıb yaradıb”. [12]

Teymur Əhmədov Sayat Əmirzadənin Səyat Nəvanın milli kimliyini sübut etməsi məqamına münasibətini bildirərkən qeyd edir ki, “Sayat Əmirzadənin “Respublika” qəzeti redaksiyasına təqdim etdiyi tədqiqat əsəri mənim heyrətimə səbəb oldu. Sən demə, Sayat Nova azərbaycanlı imiş.

İstedadlı tədqiqatçı alim S. Əmirzadə həmkarı Sara Sərablı ilə Sayat Novanın külliyyatını dərindən dərinə araşdırmaqla təkzib edilməyən tutarlı dəlillərlə iki yüz ildən artıq sirrini özündə gizlədən, erməni mənəvi terrorunu ifşa edən qeyri-adi problemi – mübhəm düyünü açmışlar. Onlar təkzibedilməz faktlarla Sayat Novanın kimliyini sübut etmişlər”. [25, s.9]

Tədqiqatçılar tərəfindən Səyat Nəvanın atasının suriyalı, anasının gürcü qızı olması vurğulanır: “Səyat Nəva XVIII əsrdə yaşamış, atası suriyalı, anası isə gürcü qızı olmuş qafqazlı aşıqdır”. [11] Belə əsaslandırılma, Səyat Nəvanın qələmə aldığı poetik nümunəyə əsaslanılaraq iddia edilir. Səyat Nəvanın qələmə aldığı poetik nümunələrdə onun atasının Hələbdən gəlməsi vurğulanır: “Sayat Novanın anası Sara Tbilisi şəhərində anadan olmuş, atası Karapet isə Hələb şəhərindən gəlmiş ermənilərdən idi”. [9] Səyat Nəvanın atasının Hələbdən olması şairin özünün qələmə aldığı poetik nümunəyə əsaslandırılaraq vurğulanmaqdadır:

Birisi deyir Sayat Nova haradan,

Birisi hind deyər, biri Həmədan.

Vətənim Tiflisdir, səmti- Gürcüstan.

Anam havlabarlı, atam hələblü. [14]

Səyat Nəva “Bir yar, bir müsahib” şeirində atasının Hələbdən olması məqamına açıq-aydın şəkildə toxunur. Səyat Nəva qələmə aldığı “Könül” şeirində də ata vətəni Hələb olmasını vurğulayır:

Sayat Nova deyir atam Vətəni

Soruşanlar ya Hələbdi, ya Adana. [15, s.36]

Şairin təqdim etdiyi poetik nümunə ilə razılaşaraq, onun atasının “hələblü” olmasını qəbul edək. Onu vurğulamaq istərdim ki, erməni tədqiqatçıları tərəfindən Hələb şəhəri Suriyanın Hələb şəhəri olması göstərilir. Diqqəti cəlb edən məqam isə Hələbdə ermənilərin çoxluq təşkil edilməsi amilinin qabardılmasıdır. Lakin Hələb şəhərinin Səyat Nəvanın atasının oranı tərk etdiyi tarixi dövrü, hətta ondan bir neçə əsr əvvəlki tarixinə nəzər saldıqda, bu şəhərdə yalnız ermənilərin deyil, xristianlıların belə yaşamadıqları məlum olur. Qeyd edək ki, Hələb və ya Aleppo 1440-ci ildə Tamerlan tərəfindən məmlüklərin əlindən alınaraq zəbt edildi. Sonrakı illərdə bütün müsəlman əhalisi Hələbə qayıdır. Onu vurğulamaq da lazımdır ki, istila zamanı Hələbi ya Alepponu tərk etmiş xristianlar şəhərə qayıda bilmirlər. Şəhərin köhnə hissəsindəki məhəllələrinə geri qayıda bilməyən xristianlar 1420-ci ildə Hələbin (Aleppo) şimal ətraflarında şəhər divarlarından kənarda tikilmiş və  əl-Jdeyde (ərəb dilində “yeni rayon”) adlanan məhəllə yaradaraq orda məskunlaşırlar. Hələ1337-ci ildə Suriya türkmənləri Şamda (Suriya) Dulkədirilər bəyliyini yaratmaları, 1516-cı ildə Mərc Dəbik döyüşündə Osmanlılar Məmlükləri məğlub edərək bu ərazidə 400 il Osmanlı hakimiyyəti qurmaları da tarixin reallıqlarıdır.

Suriyada türk tayfalarının məskən salması, kök baxımından digər türkdilli xalqlarla sıx bağlı olması bəllidir. Məsələn, Suriya və İraqdakı türk tayfalarının (türkmənlərin) Orta Asiya türk tayfaları ilə (türkmən) qohum olması tədqiqatçılar tərəfindən vurğulanır. Ancaq, Suriya və İraqdakı türk tayfaları Orta Asiya türkmənləri ilə deyil, daha çox İrandan olan azərbaycan tayfalarına daha yaxındırlar. Orta Asiya türkmənləri də, İrandan olan azərbaycan tayfaları da türk xalqlarının Oğuz qolundandır. Suriya və İraq türkmənlərinin danışdıqlarında ərəb dilindən alınmış sözləri nəzərə almasaq, onların danışıq dili Azərbaycan türkcəsinə çox yaxındır. Yeri gəlmişkən, Suriya və İraq türkmənləri Azərbaycan ədəbiyyatının klassikləri Məhəmməd Füzuli və İmadəddin Nəsimini öz müəllifləri hesab edirlər. Onu da vurğulamalıyıq ki, Azərbaycan klassiki İmadəddin Nəsiminin məzarı Hələbdə yerləşmişdir, Əsədin qoşunları ilə Rusiyada qadağan olunmuş “İslam Dövləti” təşkilatının birləşmələri arasında döyüşlər zamanı partladılmışdır.

Burada, əsasən, İslamın sünni təriqqəti coxluq, ələvi təriqqəti isə azlıq təşkil etmişdir. Ələvi-qızılbaşlar əsasən kəndlərdə yaşayan türkmən və kürd mənşəli kəndli və köçərilər olması iddia edilir. XV əsrin əvvəllərində ələvilərə qarşı Osmanlı təqibləri dözülməz hala gəlir və ələvilər Səfəvi dövlətini idarə edən Şah İsmayıl Xətaini dəstəkləyirlər. Özlərini qızılbaş adlandıran Şah İsmayıl Xətai tərəfdarları on iki qatlı qırmızı papaqdan da istifadə edirdilər.

Ələvi şairi Səyat Nəvanın adı Azərbaycan ədiblərinin adları ilə birgə çəkilməsi diqqətdən yayınmır. Dövrünün məşhur aşığı olmuş Qaraçaəmirli Qasım (1866-1919) şairin adını Azərbaycan aşıq ədəbiyyatının klassik nümayəndələri ilə birgə çəkir. Şəmkirli Aşıq Hüseynin şagirdi olmuş Qaraçaəmirli Qasım Səyat Nəvanın adını Aşıq Ələsgər, Aşıq Musa, Alı, Məmmədhüseyn, Pənah, Molla Cümə, Çoban, Hüseyn kimi Azərbaycan ədəbiyyatı klassiklərinin adları ilə bir sıraya qoyur:

Aşıq Sayat Nova, Aşıq Ələsgər,

Aşıq Musa, Alı, Məmməd Hüseyn var,

Pənah, Molla Cuma, Çoban, müxtəsər,

Söyün kimi elmə dolan görmədim. [28, s.3-19]

Şah İsmayıl Xətai və Abbas Tufarqanlı kimi söz xiridarlarının Səyat Nəva yaradıcılığına təsir etməsi tədqiqatçılar tərəfindən də xüsusi vurğulanmaqdadır: “... Türk aşıklarından Hatai ve Tufarganlı Abbas'ın etkisi açık olarak görülür. Üç dilde söylediği şiirlerinde Türk halk hikayelerinden Leyla ile Mecnun, Ferhat ile Şirin, Aşık Garip, Kerım ile Aslı gibi tanınmış kahramanların maceralarına sık sık tel yapmıştır. Türkçe şiirleri de son derecede başarılıdır.

Gavvas olup deryalara dalınışam

Ferhat gibi aşk gayası delmişem

Macnun kimi Leyli deyip galmışam

Gözüm galmış nazlı yarın yolunda [2, s.62] - dörtlüğünde görülen telmihler Türk. halk edebiyatının etkisini açık olarak göstermektedir”. [7, s.19]

Səyat Nəvanın özününküləşdirilməsi prosesi özünü daim göstərməkdədir. Məsələn, Tbilisidə Şeytanbazarda (indiki Qorqasali meydanında) kiçik bir bağçada Səyat Nəvanın xatirə obeliskində isə “XVIII əsrin böyük tiflisli aşığı” ifadəsi həkk olunub ki, bu da aşığın milli mənsubiyyətinin danılmasıdır. Səyat Nəvanın ədəbi irsinin konkret bir ədəbiyyata aid edilməsi və həmin ədəbiyyatın nümayəndəsi olması faktına tədqiqatçıların ehtiyatla yanaşmaları da özünü göstərməkdədir. Məsələn, Səyat Nəvanın rus dilinə tərcümə edilmiş əsərlərinin birinin anatosiyasında bu faktla üzləşirik. Ədibin heç bir dəlil olmadan Arutin Sayadyan olmasına toxunularaq, ədəbi irsinin Zaqafqaziya xalqlarının mədəniyyətinin tərkib hissəsi kimi təqdim edilməsi diqqətdən yayınmır: “Şair-müğənni Səyat-Nəvanın (əsl adı Arutin Sayadyan, 18-ci əsr) ədəbi irsi Zaqafqaziya xalqları mədəniyyətinin tərkib hissəsidir. Səyat-Nəvanın erməni, gürcü və azərbaycan dillərində yazılmış mahnıları bu günə kimi öz bədii əhəmiyyətini və populyarlığını qoruyub saxlamışdır”. [29, s.4] Səyat Nəvanın rus dilində nəşr edilmiş kitabında onun konkter hansı millətə aid olması vurğulanmır. Səyat Nəvanın milli mənsubiyyətinin dəqiq təqdim edilməsi zəruri məsələ kimi diqqəti cəlb edir. Səyat Nəvanın ermənilər tərəfindən özününküləşdirilməsinə cəhdləri bu şairin milli kimliyinin həqiqiliyinin dünya ictimaiyyətinə çatdırılmasının labüd məsələ olmasını aktuallaşdırmaqdadır. Ermənilərin Səyat Nəvanı erməniləşdirmələrinə cəhdi özünü qabarıq şəkildə göstərməkdədir. Səyat Nəvanın erməni şairi olması ətrafında təbliğat daim aparılmaqdadır. Onu erməni kimi təqdim etməyə cəhd edənlər, istər-istəməz fikirlərində təzadlığa yol verirlər. Məsələn, Tomas de Vaal Səyat Nəvanı erməni şairi kimi təqdim etməsinə rəğmən, Ermənistanın “türkdilli müsəlmanların” məskəni olmasına və Qafqazda Azərbyacan dilinin “lingua franca” qismində çıxış etməsini vurğulayır: “Müasir Ermənistanda bu kiçik faktlar barədə çox az sayda insan xəbərdardır. Lakin Yerevanda ən böyük prospektlərdən birinə adı verilmiş və ermənilərin pərəstiş etdiyi on səkkizinci əsrin məşhur aşığı Səyat Nəvanı heç təəccübləndirməzdi ki, Ermənistan bir çox türkdilli müsəlmanların vətəni olub. O, Ermənistanda doğulub, Sanahin monastırının rahibi olub, lakin sonradan Tiflisdə gürcü kralı İkinci İrakli onu öz sarayında şair təyin edib. Səyat-Nəva erməni, Azərbaycan, gürcü və fars dillərində şer yazıb (onun ən məşhur şerlərindən biri eyni zamanda dörd dildə yazılıb). Onun bu günə kimi gəlib çatmış dastanlarının əksəriyyəti həmin zamanlar Qafqazda lingua franka, yəni hamının qəbul etdiyi və geniş yayılmış dil olan Azərbaycan dilində yazılıb”. [26, s.100] Tomas de Vaal Səyat Nəvanın Qafqazda lingua franka olan Azərbaycan dilində yazıb yaratmasına toxunur. Qafqazda lingua franka olan Azərbaycan dilinin Tbilsidə belə mövqeyə malik olması tədqiqatçılara əsas verir ki, Tbilisi həm də türkdilli xalqların şəhəri olmuşdur. Tomas de Vaalın Səyat Nəvanın Azərbaycan dilində poetik nümunələr yaratmasını Azərbaycan türkcəsinin Qafqazda lingua franka ilə əlaqələndirməsi, ədibin zorən erməniləşdirilməsinə cəhddidir. Tomas de Vaal Səyat Nəva haqqında maraqlı bir məqama aydınlıq gətirməsinə cəhdi onun aşığın milliyyətinin erməni olmasına olan şübhəsini əks etdirir. Tomas de Vaal açıq-açığına bunu vurğulamasa da, üstüörtülü şəkildə münasibətini bildirir: “XVIII əsrdə yaşamış erməni aşığı Səyat Nəva üç dildə - gürcü, erməni və həmin dövrdə Qafqazda “linqva franka”, yəni ən yayılmış dil olan Azərbaycan dilində yazırdı (Azərbaycan dilində olan bəzi şerlər hətta erməni əlifbası ilə yazılıb). Səyat Nəva Qafqazın istənilən yerində və istənilən xalqı arasında özünü rahat hiss edirdi. Özünü körpü salıcısı sanan şair Azərbaycan dilində yazdığı şerlərinin birində ölümündən sonrakı taleyindən belə yazır:

Körpü salan qocaya acıyaraq,

Yoldan keçən daş qoyar bünövrəyə.

Xalqım üçün candan-qandan keçmişəm,

Qoy qardaşım bir daş qoysun qəbrimə. [6, s.427]

Çarlz Dousett şairin rübaidə işlətdiyi “xalq” sözünün mənasını araşdırması da maraq doğurur: “Hansı xalqdan söhbət gedir? Əgər bu, erməni və ya gürcü xalqı haqqındadırsa, onda nə üçün şeir Azərbaycan dilində yazılıb? Görünür, şairin düşüncəsi daha genişdir və o, vahid Qafqaz birliyinə işarə edir, o birliyə ki, ermənilər, gürcülər və azərbaycanlılar İkinci İrakli kimi müdrik hökmdarın mərhəmətli hökmranlığı altında əmin-amanlıq şəraitində yaşayırmışlar. Azərbaycan dili isə ən yayılmış dil olduğundan şair fikirlərini ifadə etmək üçün məhz bu dilə üstünlük verirdi.” [26, s.322]

Səyat Nəvanın erməniləşdirilməsinə cəhdlər həm də onun qələmə aldığı poetik nümunələrdəki sözlərin erməniləşdirilməsində də açıq-aydın şəkildə özünü göstərməkdədir. Məsələn, şairin erməni dilindən tərcümə edilmiş “Bayatı” poetik nümunəsində sözlərin erməniləşdirlməsi özünü əks etdirir. Poetik nümunədə istifadə edilən “hazara” sözünün işlənməsinə diqqət yetirək:

Hazara hazar gərək,

Yanan qəlbə qar gərək.

Eşq əlindən məcnunam,

Mənə doğru yar gərək.

“Hazar- ermənicə min-miqdar deməkdir” kimi hazar sözünün izahı verilmişdir. [18, s.76] Bənddə istifadə edilən “hazara hazar gərək” sətrini erməni dilində olan sözlərin mənası ilə təqdim etdikdə, bu sətrin şeirin o biri sətirləri ilə əlaqələnməsi özünü göstərmir. Hərfi tərcümə etsək “minə min gərəkdir” kimi mənasını verir. Lakin Azərbaycan dilində “həzər” sözü işlənilmişdir ki, mənası da saqınma, uzaq olma, ehtiyat etmə, qorunma, çəkinmə, özünü gözləmə və s. mənalarındadır. Sətir də “qorumağa qorumaq gərək” kimi fikir ifadə etməsi özünü göstərir.

Səyat Nəvanın poetik əsərlərinin dilinin deyil, həmçinin adının da doğma dildən uzaqlaşdırılmasına cəhdlər özünü göstərməkdədir. Bir sıra üzdəniraq tədqiqatçıların Səyat Nəva adını hind dili ilə əlaqələndirməyə cəhdlərinə, Mirəli Seyidov dəyərli cavab verə bilir: “Halbuki nə “Sayat”, nə də “Nova” hindcə deyildir. Məlum olduğu üzrə, “sayat”, yaxud “səyad” ərəbcə ovçu deməkdir; “nova” (“nəva”) isə on iki əsas muğamdan biridir. Böyük Azərbaycan bəstəkarı akademik Üzeyir Hacıbəyovun dediyi kimi, “nova” (“nəva”) yunan tonlarına görə “mi”dir. Demək, nova (“nəva”) kəlməsi bilavasitə musiqi ilə əlaqədardır. Məlum olduğu kimi, SSRİ Elmlər Akademiyasının müxbir üzvü E. Bertels də Nəvainin təxəllüsünü “melodiçnıy” deyə izah etmişdir. Bizcə, bütün bunlardan nəticə çıxararaq, aşığın qəbul etmiş olduğu təxəllüsün mənasını “musiqi ovçusu”, “musiqi aşiqi”, “musiqi ustadı” və ya “musiqidə şöhrət qazanmış” deyə izah etmək daha doğru olar”. [20, s.89] Azərbaycanın ən məşhur muğamlarından biri də “Şur” muğam ailəsinə daxil olan 12 klassik muğamdan biri olan “Nəva” kimi muğamın olması da bəllidir.

Ermənilərin 1828-ci ildən sonra Qafqaza köçürülməsini, Səyat Nəvanın da təqribən 1712-ci ildə anadan olmasını və 1795-ci ildə qətlə yetirilməsini diqqətə aldıqda, aşıq-şairin “Tiflisdəki erməni monastrına zorən gətirilməsi, yenidən vəftiz edilməsi və rahib olması, “Ter-Stepanos” adı ilə əvvəlcə İrandakı Ənzəli kilsəsində, 1765-ci ildə isə Qaxdakı kilsədə xidmət göstərməsi” [22] kimi faktların ermənilərin şair haqqında dedikləri bir uydurma olması özünü qabarıq şəkildə göstərir.

Səyat Nəva haqqında bir çox iddialar səsləndirilməkdədir. Onlardan biri də şairin erməni kilsəsində əsir saxlanılması məqamıdır. Bu fakt tədqiqatçılar tərəfindən vurğulanır. Teymur Əhmədov “təxminən 1770-ci ildə 30 ildən artıq zorla erməni monastrında dustaq edilmiş müsəlman şair Harut Seyid fiziki və mənəvi terrora məruz qalmışdır” fikri ilə də ədibin həm erməni əsirliyində olmasına toxunur, digər tərəfdən də erməni olması haqqında fikri alt-üst edir. Akademik Bonda Arveladze Səyat Nəvanın erməni əsirliyində olması məqamına belə aydınlıq gətirir: “Səyat Nəva mahiyyət etibarilə iki dəfə erməni piutokratlarının əsirliyinə düşüb. Bir dəfə həyatında, nə zaman ki o, iradəsinə qarşı erməni monastrında dustaq edilmişdi və ikinci dəfə , onun yaradıcılığının mahiyyəti qəsdən bilə-bilə təhrif edilib, saxtalaşdırılıb, tamamilə tarixi gerçəkliyə zidd hala salınırkən”. [25, s.9]

Səyat Nəvanın ermənilər tərəfindən qətlə yetirilməsi kimi iddialar da səsləndirilməkdədir: “Səyat Nəva ermənilər tərəfindən, erməni kilsəsində öldürülüb”. [11] Bu iddia belə sual yaradır ki, dövrünün məşhur adamı niyə ermənilər tərəfindən qətlə yetirilib? Səyat Nəvanın ermənilər tərəfindən qətlə yetirilməsinin bir səbəbi də onun Mərmər adlı türk qızı ilə evlənməsi iddia edilir. Milli ənənəyə görə türk qızının erməni əsilli keşişlə evlənməsi qeyri-mümkün olan bir əməldir. Səyat Nəvanın türk qızı ilə evlənməsinin iddia edilməsi onun türk, yəni azərbaycanlı olmasına dəlalət edir. Bu faktların dərindən araşdırılmasına, daha doğrusu faktların ortaya qoyulmasına zərurət özünü göstərir.

Səyat Nəvanın Ağa Məhəmməd şah Qacarın 1795-ci ildə Tiflisə hücum edərkən onun döyüşçüləri tərəfindən qətlə yetirilməsi, “Şah Abbasın Tiflisə hücumu ərəfəsində isə birdən-birə və səbəbsiz qətlə yetirilməsi” [22], qəbrinin Tbilisidə kilsə qarşısında dəfn edilməsi və s. kimi mübahisəli məsələlər özünü göstərməkdədir. Azərbaycanlının kilsə qarşısında dəfn edilməsi nə qədər məntiqəuyğundur... Səyat Nəva haqqında uydurma məlumatların olması, hətta onun qəbrinin saxta olması faktı tədqiqatçılar tərəfindən üzə çıxarılmışıdr. Aleksandr Potsxişvili “Səyat Nəva - əfsanələr və həqiqət” kitabında onun Ağa Məhəmməd şah Qacarın Tiflisə hücumu zamanı deyil, həmin vaxtdan 6 il sonra öz əcəli ilə vəfat etməsini, Platon İoselianinin şairin ölüm tarixini 1801-ci il olmasını vurğulaması şairin Ağa Məhəmməd şah Qacarın döyüşçüləri tərəfindən qətlə yetirilməsini təkzib edir.

Gürcü tədqiqatçıları hətta onun Tbilisidəki Supgeorq kilsəsinin həyətində deyil, Axpat monastrının həyətində dəfn olunmasını, Supgeorq kilsəsinin həyətində şairin saxta qəbri üzərində qəbir daşının -abidənin qoyulması faktını vurğulamaları Səyat Nəva haqqında uydurmaların çox olmasının üzə çıxarılmasına şərait yaradır.

 

Səyat Nəvanın yaradıcılığa Azərbaycan türkcəsində başlaması

Səyat Nəvanın poetik yaradıcılığının iki dəftərdə toplanmış 209 şeirin 115-i Azərbaycan, 60-ı erməni və 34-ü gürcü, bir neçəsi isə fars və ərəb dillərində olması diqqətdən yayınmır. 1760-cı ildə Səyat Nəvanın öz əli ilə ayrıca bir dəftərə köçürüb saxladığı mahnılardan 114-ü Azərbaycan dilindədir. İkinci dəftər 1823-cü ildə gürcü şahzadəsi Teymurazın tapşırığı ilə şairin oğlu Ohan tərəfindən tərtib edilib. Səyat Nəvanın “gürcü əlifbası ilə yazıya alınmış 27 şeiri ötən əsrin 1880-ci illərində tapılıb. Bu şeirlərdə onun Azərbaycan aşıq sənətinin incəliklərini dərindən bildiyi göstərilir.” [8] Teymur Əhmədov Səyat Nəvanın mövcud olan “Dəftər”ininniyə erməni tərəfindən Azərbaycan dilində yazılması məqamı açıqlayan iddialarını səsləndirmişdir: “Onun yaradıcılığı ilə yaxından tanışlıq məndə qəti bir fikir oyatmışdı ki, əgər Sayat Nova ermənidirsə, “Dəftər”indəki şeirlər onun orijinal əsəri ola bilməzdi. Bu, olsa-olsa Azərbaycan və gürcü dillərini bilən bir eməni aşığının öz repertuarı üçün Cənubi Qafqaz xalqlarının bədii ədəbiyyatından seçmələri öz “Dəftər”inə köçürməsi ola bilərdi”. [4, s.5]

Əli Şamilov Səyat Nəva yaradıcılığında Azərbaycan dilində olan poetik nümunələrin dolğun olmasına və Teymur Əhmədovdan fərqli olaraq, şairə aid olması faktına toxunur: “Erməni, gürcü tədqiqatçıları da yazırlar ki, onun şerləri içərisində ən güclüsü, bədii cəhətdən nisbətən dolğunu türkcə olanlardır. Aşıq Ələsgərin, Xəstə Qasımın, Aşıq Alının, Növrəs Simanın, başqa aşıqlarımızın şerlərindən fərqli olaraq, Sayat Nova şerlərinin variantları yoxdur. Bu şeirlər əlyazma şəklində və 18-ci əsrdə yazıya alındığına və 20-ci əsrdə çap olunduğuna görə variantsızdır. Necə yazıbsa, o cür də qalıb”. [13]

XVIII əsrin ikinci yarısında yaşayıb yaratmış Səyat Nəvanın yaradıcılığa Azərbaycan dilində başlaması erməni tədqiqatçıları tərəfindən qeyd edilir. Məsələn, V.S. Nalbandyan bu məqamı belə açıqlayır: “Məlumdur ki, o dövrdə Zaqafqaziya aşıqlarının əksəriyyəti türk dilində azəri (azərbaycan) dilində mahnılar bəstələyirdilər ki, yeri gəlmişkən, Şərqi ermənilərin bir hissəsi tərəfindən başa düşürlürdü. Yəqin ki, ənənəyə sadiq qalaraq, Səyat-Nəva əvvəl azərbaycan dilində bəstələməyə başladı, sonra erməni və gürcü dillərinə keçdi.” [29, s.8] V.S. Nalbandyan Səyat Nəvanın bizə gəlib çatan ilk mahnısının Azərbaycan dilində və 1742-ci ilə aid olmasını, erməni dilində isə 1752-ci ilə aid olmasını qeyd edir. Onu qeyd etmək lazımdır ki, Səyat Nəvanın Sankt -Peterburqun Asiya muzeyi arxivində saxlanılan dəftərində azərbaycanca yazılan ilk şeirin tarixi 1742-ci il, ermənicə yazılan şeirin tarixi isə 1752-ci il göstərilir ki, ermənilər bu faktı təkzib edə bilmirlər. Arxivdə saxlanılan dəftər və V.S. Nalbandyanın qeydləri onu deməyə əsas verir ki, Səyat Nəva öz ana dilində, yəni Azərbaycan dilində yazıb yaratmışdır.

Moris Həsrətyan da V.S. Nalbandyan kimi Səyat Nəvanın bədii yaradıcılığa Azərbaycan dilində başalaması məqamına toxunaraq qeyd edir ki, “...Səyat Nəva lap qabaqcadan Azərbaycan dilində yazmağa başlamışdır, ancaq 10-12 il sonra ana dilində - ermənicə şeirlər yazmağa girişmişdir”. [27] Maraq doğuran sual ortaya çıxır ki, Səyat Nəva Tiflisdə niyə Azərbaycan dilində yaradıcılığa başlayıb? Morus Həsrətyanının Səyat Nəvanın yalnız Azərbaycan dilində yazmağa hələ 18-20 yaşlarında ikən başlamasını, 10-12 ildən sonra gürcücə, 30 yaşına çatdıqdan sonra isə ana dili olan ermənicə yazmağa başlamasını vurğulaması məntiqəuyğun deyil. 10-12 il az zaman deyil. Başqa millətə xas olan bir şairin bu zaman axarında ana dilində yazmaması sual doğurur. Bu sualın da cavabıda budur ki, “Səyat Nəvanın milli kimliyi sual altında olsa da, yazdığı və bəhrələndiyi dil və ədəbiyyat doğma Azərbaycan dilimizdir. Sovet İmperiyası dövründə belə, Səyat Nəvanın xüsusi maraq kəsb edən yaradıcılıq nümunəsi yaratmadığını saxtalaşdırmaq mümkün olmayıb”. [11]

Bir məqamı vurğulamaq lazımdır ki, Səyat Nəva əvvəl öz ana dilində yazmağa başlamalı, məşhurlaşdıqdan sonra dövrün və yaşadığı mühitin tələb etdiyi dildə yazıb yaratması məntiqəuyğun olardı. Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlının erməni dilinin aşıq yaradıcılığına, yəni aşıq dilinə uyğun olmamasını qeyd etməsi erməni tədqiqatçılarının Səyat Nəva haqqında dediklərini təkzib edir: “... erməni dili aşığa uyğun deyil, saza yatmır. Sazın sırf Azərbaycan hadisəsi olduğunu öz dili ilə deyirdi”. [12] Tarixi təcrübə göstərir ki, erməni dilinin daşıyıcıları Azərbaycan dilinin incəliklərinə vara bilmədikləri kimi də, tələffüz baxımından uyğunlaşa bilmirlər.

 

Səyat Nəvanın əsərlərinin janr xüsusiyyəti

Səyat Nəvanın poetik yaradıcılığı iki dəftərdə toplanmış 115-i Azərbaycan, 60-ı erməni və 34-ü gürcü, bir neçəsi isə fars və ərəb dillərində olan şeirlərinin janrı diqqəti cəlb edir. Trdat Balean Səyat Nəvanın müxtəlif şeir formalarında yazıb yaratmasına toxunmuşdur: “Hətta şeirlərin adları da türkcədir: qoşma, dastan, qələndər, müstəzad-qələndər, müxəmməs-qələndər, divani, qəzəl, rübai-divani, müsəddəs-divani, səmai, müsəddəs-səmai, naxişkar-səmai, ədəkli-səmai, dübeyti, müxəmməs, təcnis, zəncirləmə, dildəyməz, əlifləmə, sətrənc, qitə, qəsidə, nəqarət və s.” [3, s.9]

Səyat Nəvanın aşıq şeirinin geniş yayılmış qoşma növündə yazıb yaratması maraq kəsb edir. Şairin poetik yaradıcılığında “Arasında”, “Qorxaram” və s. qoşmaları diqqəti cəlb edir. Hər bəndi dörd misradan, hər misrası 11 hecadan ibarət olan şeir şəklinə tez-tez müraciət edən Səyat Nəva qoşmanın gözəl nümunələrini yaratmağa nail olmuşdur:

Bəs deyirlər dünya vaqiə imiş,

Onun üçün söhbət-sazdan qorxuram.

Bülbül uçar, gedər öz yuvasından,

Boş qalmasın, o qəfəsdən qorxuram. [15, s.28]

Qoşmanın ilk bəndində birinci və üçüncü misralar sərbəst olur, ikinci və dördüncü misra isə qafiyələnir. Birinci bənd abcb şəklində olur. Qoşmanın sonrakı bəndlərində ilk üç misra öz aralarında qafiyələnir, son misra birinci bəndin ikinci və dördüncü misraları ilə həmqafiyə olur:

Sayat Nova deyər xata yetişir,

Günahkarlar o zülmətə yetişir,

Şükür haqqa, həqiqətə yetişir

Günah çəkən daş-tarazdan qorxuram. [15, s.29]

Səyat Nəvanın qoşmaları əsasən beş bənddən ibarət olması ilə diqqətdən yayınmır.

Səyat Nəvanın aşıq şeirinin janrlarından olan qoşmanın təcnis növünə tez-tez müraciət etməsi diqqəti cəlb edir. Təcnisin bir növü olan cığalı təcnisdə qələmə aldığı “Təcnis-bayatı”, “Cığalı təcnis” və s. poetik nümunələr kamilliyi ilə maraq doğurur. Müəllif hər bəndə bir bayatı əlavə etmişdir ki, əlavə edilən bayatı cığa bənd adlanır:

Könlüm düyünlüdür dağ arasında,

Yanar neçə piltə dağ arasında.

Oxu, dağ arasında,

Şamam tağ arasında.

Nazlı dilbər zar çəkmiş,

Yaşıl dağ arasında.

Ta Şirin gülməsə, dağ arasında

Fərhad o qayasın yaralı bilməz. [15, s.49]

Cığa bənd təcnisin arasında, yəni ilk iki misradan sonra verilir və bayatıdan sonra da iki misra yerləşir. Təcnisdə son bənddə aşığın adı göstərilir. Səyat Nəva da bu ənənəni təcnislərində yerinə yetirir. Məsələn,

Qalmışam avnaçar Sayat Novadan,

Ovçumsan ovla sayad ovadan.

Çağır Səyat ovadan,

Gözlə Sayat Novadan.

Tora tərlan giribdir,

Bilməz Səyat nəvadan.

Çünki yar dönübdür Sayat Novadan,

Sinəm üstə eşq qəmzəsi naçağam. [15, s.51]

Səyat Nəvanın aşıq şeirinin geniş yayılmış növlərindən olan gəraylı janrına da müraciət etməsi maraq doğurur. Səyat Nəvanın gəraylı janrında yazması məqamı Araz Dadaşzadə tərəfindən açıqlanır: “XVIII əsrdə geniş müraciət edilən xalq şeir formalarından biri də gəraylıdır. Aşıqlarla bərabər şairlərimizdən Əmani, Qövsi, XVIII əsrdə isə Vidadi, habelə Sayat‑Nova bu formada yazmışlar”. [5, s.227] Müəllifin “Dolana-dolana” poetik nümunəsi formasına görə qoşma ilə eynidir. Ancaq hecalardakı fərq gəraylını qoşmadan fərqləndirir, 8 hecadan ibarət olur:

Gəl gəzək bağın dörd yanın,

Kişi, dolana-dolana!

Mən bülbüləm güldən müşyaq,

Qışı dolana-dolana. [15, s.23]

Gəraylıda da son bənddə müəllifin adı göstərilir. Səyat Nəva qələmə aldığı gəraylılarda buna riayət edir. Məsələn, şair “Qovuşa-qovuşa” adlı gəraylısının son bəndində adını göstərir:

Sayat Novayam yetirdim,

Üzümü yerlərə sürtdüm

Ömrümün tağın çürütdüm,

Yara qovuşa-qovuşa. [15, s.24]

Səyat Nəvanın qələmə aldığı “Vücudnamə”si həyatının ayrı-ayrı yaş mərhələlərinin xüsusiyyətlərini əks etdirir. Şair həyat yolunu əks etdirə bilir. Biz şairin təqribən 95 yaşdan çox yaşamasının şahidi olururq:

Doxsan ilim tamam oldu, özümdən oldum bezar,

Doxsan beşim tamam oldu, yetdim min illi kaftara. [15, s.55]

Cığalı-müxəmməs – müxəmməsə cığa əlavə etməklə yaradılır. Təcnisdən fərqli olaraq müxəmməslərdə cığalar əksər halda bəndin dördüncü və beşinci misralarının arasına əlavə edilir. Bu halda cığa dördüncü misralarda verilən fikirlə bağlı olur. Nümunə üçün Səyat Nəvanın cığalı müxəmməsindən bir parçaya nəzər salaq:

Pak və təmiz sözlərinlə ömrü uzat sən, qardaşım,

Qızıl cama doldurulmuş abi-həyatsan, qardaşım,

Bir dadlı süd çeşməsisən, hamıya çatsan qardaşım!

Əgər dünya ümmandırsa, yelkən qanadsan qardaşım,

Qorxuram ki, mən də yanam, közünə çatsan, qardaşım.

 

Tanırsan hər gəliş məni,

Sözümdən başə düş məni

Sanma qızıl suyu ilə

Cilalanan gümüş məni.

Bu şeirdə isə cığa müxəmməsin beşinci misrasından sonra yerləşdirilmişdir.

Səyat Nəvanın Azərbaycan dilinə tərcümə edilmiş “Sədəfli sazla” şeirinin müstəzadlı-zəncirli divani şəklində qələmə alınması tədqiqatçılar tərəfindən qeyd edilir: “Qeyd etməliyik ki, bu poetik forma öz mənbəyini XII-XIII əsrlərdən götürüb yaşamış, həm də xalq şeirində işlənmişdir. Erməni aşığı adlandırdığımız türk əsilli Səyat Nəva özünün Azərbaycan dilində yazdığı məhşur “Sədəfli sazla” şeirini məhz misraları həmqafiyə sözlərdən istifadə edilməklə müstəzadlı-zəncirli divani şəklində yazmışdır.

Ey güli reyhan, gözləri ceyran, oldum hərasan,

Mən sənə qurban!

Gözüm yaşı qan, olmuşam giryan, tapılmır dərman,

Baxışı Loğman!

Yeri xuraman, təndə şirin can, boyuna heyran,

Ey sərvi rəvan!

Gəl çıxaq bağa, dodaq-dodağa, ötək avazla,

Sədəfli sazla.

Erməni araşdırıcılarının etiraf etdikləri kimi Səyat Nəva həmin poetik formanı azəri və türk xalq şeirindən istifadə etməklə qoşmuşdur. Daha sonrakı dövrlərdə klassik və xalq şeiri üslubunda yazan şairlərimiz ədəbiyyatımızda Nəsimi ənənələrini davam etdirmişlər. [10]

Səyat Nəva yaradıcılığında heca vəznində poetik nümunələri, daha dəqiqi qəzəllərinini ustadnamə adlandırılması da diqqəti cəlb edir. Həmid Araslı Səyat Nəvanın “divani” adlandırılan heca vəzninə müraciə etməsindən danışarkәn yazır: “Mәncә, şairin “divani” adlandırdığı heca vәznindә qәzәllәri bir növ ustadnamәdir. Aşıq öz ustadının әsәrini oxumazdan әvvәl ustada hәsr olunmuş divani ilә mәclisә üz tutur. Bu divani bir qayda olaraq, Şah Xәtaiyә xitabәn başlayır. Bu, tәkcә Azәrbaycan dilindә yazılan divanilәrdә deyil, ermәni, gürcü dilindә yazılan divanilәrdә dә belәdir”. [16, s.10-11]

 

Səyat Nəvanın poetik nümunələrinin bədii dili

Səyat Nəvanın poetik əsərlərinin dili zəngindir. Lakin onun əsərlərinin transliterasiyası zamanı səhvlərə yol verilməsi özünü göstərmişdir. Səyat Nəvanın “Dustağıyam” şeirində istifadə etdiyi didar sözü bəzi kitablarda diydar, bəzi kitablarda diyar kimi təqdim edilir. Məsələn, Həmid Araslının tərtib etdiyi “Sayat Nova” kitabında “diydar”, Teymur Əhmədovun tərtib etdiyi “Qulaq as sözümə” kitabında “diyar” kimi təqdim edilir. Şeirdə təqdim edilən bəndə diqqət yetirdikdə isə sözün “didar” mənasında olması qənaətinə gəlirik. Bəndə diqqət yetirək:

Şöləsin gündən alıbdır,

Üzünə şəfəq salıbdır,

Gözüm diydarda qalıbdır,

Nazlı yarın dustağıyam;

Dustağıyam. [16, s.12]

Poetik nümunənin bu bəndinin məğzinə diqqət yetirdikdə müəllifin nə demək istədiyi göz önündə canlanır. Qeyd etməliyik ki, ayrı-ayrı bölgələrdə elçilikqabağı tədbirlər olurdu. Elçikqabağı tədbirlər müxtəlif adlarla (“qızabaxdı / qızsaraflama”, “qızgörümü / qızgörümcəyi”, “görümcək / görəli”, “görücügetmə / görücügəzmə”, “bəlləmə” və s.) təqdim edilirdi ki, bunlardan biri də “didar” adlanırdı. Bu mərasim oğlanın bəyənib-seçdiyi qızla evlənmək fikrinə düşdüyü zamanı fikrini ata-anasına bildirməsindən sonra, oğlan evində qızın ailəsi haqda kifayət qədər məlumat olmadıqda, oğlan anasının, yaxud onun böyük bacısının (bir yaxın qohumu və ya bundan ötrü dəvət edilmiş ara arvadının iştirakı ilə) keçirdiyi elçilik qabağı qızgördüsüdür. Həmçinin didar sözü fars sözü olub, görünüş, üz, sifət, zahiri sima, çöhrə və s. mənalarda da işlənilir. Səyat Nəvanın işlətdiyi “didar” sözü sevdiyi qızın siması ilə əlaqəli olması özünü qabarıq şəkildə göstərir. Müəllif gözü sevgilisinin simasında qalmasını poetik dillə təqdim edir. Səyat Nəva “Yıxılar könlüm şəhəri” şeirində də didar sözünə müraciət etmişdir:

Eşqindən məstəm, uymanam,

Didar gözəldir, doymanam.

Səyat Nəvanın poetik nümunələrində işlətdiyi “naçaq” sözü də diqqətdən yayınmır. Müəllifin “Eylədin” poetik nümunəsində “naçaq” sözünün işlənilməsi məqamına diqqət yetirək:

Eşqindən olmuşam xəstə,

Cəbrinən naçaq eylədin.

“Cəbri”sözü zorla icra olunan, zorla edilən, məcburi, zorən, “naçaq” sözü isə kefsiz, xəstə kimi, süst, əzgin, xəstəhal, nasaz deməkdir. Müəllif Azərbaycan dilinin zənginliklərinə vara bilmişdir ki, bunu başqa millətin nümayəndələri dili nə qədər də mükəmməl bilsələr də, bu incəliyə vara bilməzdilər. Səyat Nəva “Cəbrinən naçaq eylədin” misrasında zorla xəstə etdin demək istəyir.

Səyat Nəva “Bundadır” şeirində işlətdiyi sözlər dilin incəliklərinə bələd olmasını əks etdirir. Şair sözləri yerli-yerində işlətməyə nail olur. Müəllifin sözlərdən ustalıqla istifadə etməsi məqamına diqqət yetirək. Şeirin son bəndində işlətdiyi “cünun” sözü dəlilik, dəli olma, dəli kimi mənasındadır:

Dedilər ki, yar dönübdür, yalandır, Sayat Nova,

Cünun olmuş, saz əlində çalandır Sayat Nova

Səyat Nəvanın “Təcnis” adlı poetik nümunəsində sözləri işlətməsi onun Azərbaycan dilinin incəliklərinə bələd olmasını təsdiq edir:

Sayat Nova ya bu gündən, ya dündən,

Razı olgil həmdəmündən, yadundan,

Əcəl görüşəndə düşər yadundan,

İstər min il çəktürəsən cana dəm.

Poetik nümunədəki “ya dündən”, “yadundan”, “yadundan” sözlərinin müxtəlif məna bildirməsi, yəni dünən, yad-özgə, yaddaş mənalarını ifadə etməsi diqqətdən yayınmır. Təcnisdə şəkilcə eyni, mənaca fərqli olan cinasların qafiyə yaratması müəllifin sənətkarlığına dəlalət edir.

Səyat Nəvanın poetik nümunəsində bəzi sözlərin sırf türk xalqı, islam dinin və adətləri ilə bağlı olması da özünü göstərir. Bəllidir ki, aşıq sənətində sazın çalınması vergi kimi təqdim edilir. Səyat Nəva da bu amili “Nazın var” şeirində qabardaraq qeyd edir ki,

Pirdən pay almışam, sazın çalmışam,

Atəşindən atəş alıb gəlmişəm.

Aşıq “Arasında” şeirində isə Şərq ədəbiyyatına xas olan buta verilmə məqamına toxunur:

Eşq üstümə varıb birdən almışam,

Bağrımı dəlibdir tipdən almışam,

Sayat Nova deyər: pirdən almışam,

Butamsan çıxıbsan fal arasında.

Səyat Nəva “Deyişmə”sində də buta verilmə məqamına diqqəti yönəldir:

Nuri aldı deyər: -Səninki mənəm,

Ah çəksin cahanda gülməsin anam.

Mən səni sevərəm necə Şahsənəm,

Pirdən butə aldın cəm Sayat Nova!

Səyat Nəva müsəlmanların dini ayinlər zamanı geydikləri kəfənə oxşar uzun ağ paltar və meyiti sarıdıqları ağı, bezi poetik nümunədə istifadə edir. Müəllif “beş arşun bezi” var dedikdə kəfəni nəzərdə tutur. Qeyd etməliyik ki, arşın ölçü vahidi olmaqla bərabər türk sözüdür. Çox qədimdən işlənən ölçü vahidi olan arşın 0,71 metrə bərabərdir. Səyat Nəva “Qorxaram” şeirində insanın rəhmətə getdikdən sonrakı ayini təsvir etməsi və bundan qorxması təsvir edilir:

Əcəl gəlür, acnımı azara salur,

Hükmü vardur, tənüm mazara salur.

Beş arşun bezi var, bazara salur,

Zor sovdali o bəzazdan qorxuram.

Səyat Nəva şeirlərində özünü tez-tez dərviş kimi təqdim edir. Dərviş təmiz qəlbə malik olmaqla bərabər, maddi mеyl və həvəslərdən uzaq, mənəvi-əxlaqi cəhətdən pak və saf еtiqadlı müridlər hesab edilir. Qeyd edək ki, dərviş fars sözü olub “qapı-qapı dolaşan”, “dilənçi”, ərəbcə isə “fəqir” mənasını verir. Sufilikdə bu anlayışların hər ikisinin işlənilməsi özünü göstərir. Səyat Nəvanın yaradıcılığında dərviş kəlamının bu məqamlarda işlənilməsinin şahidi oluruq:

Ala gözlərinə özüm mayiləm,

Dərddən az qalıram xış tək əyiləm.

Əlbəttə, mən sənə layiq deyiləm,

Sən bir şahzadəsən, mən isə dərviş.

 

Səyat Nəvanın dini görüşləri

Qeyd etməliyik ki, Səyat Nəvanın dini görüşləri qələmə aldığı poetik nümunələrdə tam açıqlanır. Aşıq bədii yaradıcılığı ilə bir ələvi şairi idi. XV əsrin ikinci yarısında formalaşmış Qızılbaşlıq hərəkatı Azərbaycan, İran, İraq və Şərqi Anadoluda yaşayan türkdilli tayfaların tarixində yer aldı. Dini baxımdan Qızılbaşlıq İslamda bir Reformasiya hərəkatı idi. Bu təriqətin nümayəndələri şiəliyi sufiliyin müxtəlif cərəyanları ilə zənginləşmışdilər. Şiəliyə dayanan Qızılbaş dövlətini qurucusu Şah İsmayıl Xətai olmuşdur. Qızılbaş tayfaları türk tayfalarından ibarət idi.

Qızılbaşlıq ideologiyası əsasən Şah İsmayıl Xətainin divanında, Ələvi-Bəktaşiliyin dini normativ aktları səviyyəsində sayılan və Ərdəbil xanədanlığı (Ərdəbil sufi ordeni) tərəfindən göndərilməsi vurğulanan “Şeyx Səfi vəsiyyətnaməsi/və ya buyruğu” , “İmam Cəfər buyruğu”, “Böyük buyruq” adlanan unikal mənbələrdə rast gəlinir.

Ələvilərə görə din bir növ Allah ilə şəxs arasında eşqdir. Sayat Novanın şeirlərində də şair aşiq Allah isə onun Məşuqudur. Şairin şeirlərində Allah eşqi şairin öz pirinə, ailəsinə və s. olan sevgisində zühur edir. Səyat Nəvanın şeirlərində Ələvilərin ibadətdə şəkilə deyil niyyətə əsas fikir vermələri özünü göstərir. Yəni Məşuq aşiqin qəlbinə nəzər salır. Məşuqla aşiqin bir birlərini təmənnasız sevməsi, Məşuqun aşiqə etdikləri qarşısında heç bir qarşılıq gözləməməsi, yalnız sevgi olmasının təbliği şeirlərdə əksini tapır. Səyat Nəvanın poetik nümunələrində ələvilikdə olan müsəlmanlığın təməl inancı olan axirət inancı və cənnətə cəhənnəmə inam əksini tapsa da, əsasən nə cənnət sevdası, nə də cəhənnəm qorxusu əksini tapır. Onun şeirlərində Allaha sevgi insanlara qarşı xeyirxahlıq və yaxşılığın təmənnasız edilməsi, Hz. Əliyə, Əhli-Beytə ünvanlanmış irfani ifadələr əksini tapır. Səyat Nəva ələvilər kimi düşünür, gördüyü hər hansı savab işin insanların bilməsini deyil, Allahın bilməsinin yetərli olmasını da təbliğ edir. Məsələn, aşığın “Sənə” şeirinə diqqət yetirək:

Qoca adamlara çox hörmət eylə,

Yoxsula, fağıra, inayət eylə.

Qəribə, mehmana xoş xidmət eylə,

Hə eylik əyləsən, bulacaq səni.

Səyat Nəva Qızılbaş təriqətin əsası olan mənəvi saflığı, hikməti, elmi, biliyi, səbri, təqva iradəni, könüldə kin-təkəbbürün, ədavətin olmaması və s. insani keyfiyyətləri poetik nümunələrinin əsas qayəsinə çevirimişdir. Sufilik yoluna girən talibin Pirə sözsüz qulaq asması əsasdır. Pir öz talibinə bildiyi hər şeyi öyrətməklə gerçək bir sufi kimi yetişdirməsinə nail olur. Pir dedikdə peyğəmbər soyundan olan, taliblərə yol göstərən mürşidlər nəzərdə tutulur. Səyat Nəvanın şeirlərində pirə tez-tez müraciət edilməsi bu məqsədi daşıyır. Məsələn, “Rəhmət Pir ustada” adlı poetik nümunəsində bu məqamın şahidi oluruq:

Rəhmət pir ustada, körpü tikənə,

Yetən təməlinə bir daş düzeyir.

El üçün can çəkdim, ömrüm tükəndi,

Qəbrim qayasını qardaş düzeyir.

Səyat Nəvanın “Bir ağac” şeirində də müəllifin pir dədə kimi müraciət etməsini görürük:

Pir dədələr gorun ziya dolanar,

Hər öyüdün bir qamçıdır, bir ağac.

Hər quş adı bülbül deyə dolanır,

Gül-qönçədən uzaq gəzər bir ağac.

Ələvi-Qızılbaşlıqda özlərini məzəmmət etmə və pir qarşısında inayət istəmə var ki, Səyat Nəva yaradıcılığında bunun şahidi oluruq:

Çərxi-fələk bizə salmış töhmətin,

Pirdən pay almışam çəkib zəhmətin,

Sayat Nova sal ustadi rəhmətin,

Yaşımızı teyü əlif, iki kaf.

Qızılbaşlıq ideologiyasınnda mürşidə bağlılıq, ona itaət, elm ərkan sahibi olmaq və s. yer tutur ki, bu məqamlarda ədibin yaradıcılığında əksini tapır.

Bu dünya bir taxtdır... çəkməmiş

Aşıqlıq ağırdır qantər çəkməmiş,

Hər kim pir ustadın qəhrin çəkməmiş

Dörd evlü (bir) ya bu buzovdur, ya dana.

Bəllidir ki, sufi Qızılbaşlığın ayrılmaz tərkib hissələrindən biri də iqrardır, yəni söz, and verməsidir. Qeyd etməliyik ki, ələvilərdə (Qızılbaşlıqda) “öl iqrar vermə, öl iqrarından dönmə!” deyimi özünü göstərir ki, Səyat Nəva yaradıcılığında bunula rastlaşırıq:

Neynim, çəkinmirəm bu ahu-zardan,

Könlüm zədə almış, yar, intizardan,

Ölmək var, dönmək yoxdur iqrardan,

Hüzuruna qoymuş baş Sayat Nova.

Səyat Nəva öz yaradıcılığı ilə Ələvi (Qızılbaş) olmasını təsdiq edir. Onun yaradıcılığında bu məqamlar özünü qabarıq şəkildə göstərir. Məsələn, Səyat Nəva yaradıcılığında ələvilikdə mühüm yer tutan müsahiblik inancına da rast gəlinir. Müsahiblik qarşılıqlı sahib olma deməkdir. Bu inanca riayət edən insanlar bir birlərinə görə qarşılıqlı məsuliyyət daşıyırlar, günahlarına görə məzəmmət edirlər, uğurlarını da öz uğurları hesab edirlər. Bu məqam Səyat Nəvanın şeirlərində özünü əks etdirir:

Üz vurma namərdə, sir vermə yada,

Bir gün sitəmə salacaq səni.

Özgənin malına gözünü tikmə,

Dərin qayğıları qalacaq sənə.

Qeyd edək ki, bu qoşma yazıçı Sero Xanzadyan tərəfindən Aşıq Məhərrəm Hacıyevdən eşidilərək tərtib edilib, 26 oktyabr 1963-cü ildə “Sovet Ermənistanı” qəzetində nəşr edilib.

Səyat Nəvanın uzun müddət Səfəvi sarayında xidmət göstərməsi, orada yüksək mövqe tutan rütbəlilərdən birinin bacısına aşiq olması, bu səbəbdən də nüfuzunu itirib saraydan uzaqlaşması haqqında müxtəlif mənbələrdə məlumatların yer alması da iddia edilməkdədir. Bu iddia Səyat Nəvanın Səfəvi sarayı ilə bağlı olmasını göstərirsə, şairin şeirləri təsdiq edir ki, o, yaradıcılığı ilə bir ələviliyə riayət edən şairdir. “Onun yaradıcılığında Azərbaycanda və Anadoluda yayılmış bəzi sufi təriqətlərinin Hz. Əli və Əhli-Beyt aşiqliyi (onları sevənləri sevmək), təbərra (Əhli-Beyti sevməyənləri sevməmək) kimi prinsipləri də özünü büruzə verib”. [22]

Bir amili qeyd etmək lazımdır ki, Səyat Nəva erməni şairi olsaydı, dini görüşlərinə görə erməni kilsəsinin qanunlarına əsasən cəzalandırılmalıydı. Qədim erməni hüququ abidələri arasında erməni kilsəsinin kafedralları tərəfindən yaradılmış qanunlar əsas yer tutur. Onlar erməni xalqının hüquqi fikrinin mühüm mənbəyidir və feodalizm dövründə hüquq tarixini öyrənmək üçün böyük dəyərə malik olmaları ilə diqqəti cəlb edirlər. Erməni kilsəsinin kanonik fərmanlarını özündə əks etdirən “Erməni kanonları kitabı”na əsasən dinə qarşı çıxan, başqa dini xüsusiyyətləri təbliğ edənlər cəzalandırılmalı idi. Kitabın s

OTHER NEWS