Remembering the master is worship, they said.
Dear teacher, he was a master.
During his lifetime, the work of the dear teacher was from time to time in the attention of the scientific and literary community, and a monograph entitled "Aziz Mirahmedov: The Life of a Scientist" (Z. Askerli. Baku: Elm, 2000) was written about him with great appreciation, reflecting the main points of his life and work. Mirahmadov. Bibliography" (Z. Askerli. Baku: Ozan, 1999) was published. Even today, his research is cited as a reliable source. After the death of Aziz teacher, a collection of memories of his contemporaries called "Requiem" (collector and editor: A. Eldarova. Baku: Azerbaijan, 2003) was also published. But all these "Who is the dear teacher?" is not a complete answer to the question. J. Mammadguluzadeh writes in one of his articles about M.F. Akhundzade: "It is necessary to write a lot about M.F. Akhundov, or not to write it... one should not consider the spoken and written articles to be enough, it is necessary to say a lot about this matter."
Bu fikri böyük insan və böyük alim, ədəbiyyatımızın müdrik və vicdanlı tədqiqatçısı, yeni tipli ədəbiyyatşünaslıq məktəbinin yaradıcısı olan AMEA-nın müxbir üzvü Əziz müəllimə də aid etmək olar. Mən, Əziz müəllimin elmi fəaliyyətini təhlil etmək niyyətində deyiləm, sadəcə onunla bağlı yaddaşımda olan müxtəlif məqamlarda çözələnən bəzi xatirələrimi sizlərlə bölüşmək istəyindəyəm.
Əziz müəllim sıradan bir alim - ədəbiyyatşünas deyildi. Əziz müəllim ədəbiyyat və mətbuat tarixi bilicisi, mənbəşünas, nəzəriyyəçi, mətnşünas, tənqidçi, kitabşünas, ensiklopedist və s. idi. Onun sadalanan bu sahələrlə bağlı arxiv sənədlərinə, elmi-biblioqrafik mənbələrə, dövri mətbuatdan gətirilən yeni-yeni fakt bolluğuna, nəzəriyyəyə əsaslanan tədqiqatlarının hər abzası irihəcmli bir işin tezisi idi. Əziz müəllim elmin umacaqsız, təmənnasız təəssübkeşi, yorulmaz cəfakeşi, fədaisi idi, desək, səhv etmiş olmarıq. Ümumi işin xeyrinə bildiyini kimsədən əsirgəməyən, hamıya yol göstərən, işindən zövq alan bir ziyalı idi. Fitrətində əslindən, nəcabətindən gələn bir kübarlıq, ağayanalıq, amiranəlik var idi. Hökmlü, qürurlu idi Əziz müəllim. Zəhmli - eyni zamanda rəhmli idi. Sərt idi, amma qəlb incidən deyildi. Kövrək və təvazökar idi. Biz onun tələbkarlığından çəkinir, savadının isə vurğunu idik.
Əziz müəllim işdə son dərəcə ciddi, tələbkar idi, güzəşt etməyi bacarmazdı. Prinsipial idi. Elmi Şuralarda özündən yaşca böyük alimlərdən sonra danışardı. Amma çox halda onun danışdığı Şuranın qərarı olardı. Z.Bünyadov, Q.Məmmədli, H.Məmmədzadə, A.İmanquliyeva, V.Aslanov, T.Məhərrəmov, N.Y.Makeyev, R.Əliyev, X.Məmmədov, Moskvadan Q.Əliyev kimi bir çox şərqşünas, dilçi, etnoqraf, tarixçi alimlər məsləhətləşmək üçün tez-tez şöbəyə gələr, bu söhbətlərdən biz də qənimət kimi çox şey öyrənməyə çalışardıq.
Əziz müəllim özündən əvvəlki alimlərə - Mir Cəlal müəllimə, Həmid müəllimə, Arif müəllimə, Məmməd Cəfər müəllimə çox böyük ehtiram və qədrşünaslıqla yanaşardı. Mir Cəlal müəllimdən, Abdulla Şaiqdən danışanda qəribə bir mülayimlik olurdu üzündə.
Əziz müəllim hər kəsi şöbəyə işçi qəbul etmirdi, hər kəsin elmi rəhbəri olmurdu. Əslində onun ciddiyyəti və tələbkarlığından çəkinib bu şöbəyə gəlmək istəyən, yaxud onu rəhbər seçən də az idi. Bu az içərisində N.Zeynalov, V.Məmmədov, Ə.Hüseyni, İ.Ağayev, A.Feyzullayeva, O.Bayramova, N.Nəcəfov, A.Əmrah, Z.Əsgərli, İ.Qəribli, A.Bayramoğlu, A.Salmansoy, Əziz müəllimin çox işlətdiyi ifadə ilə desək, bu sətirlərin müəllifi "bəndeyi-həqir" və digərləri var idi. Əziz müəllimlə həmsənət olmaq, rəhbərlik etdiyi bir institutda, hətta bir şöbədə işləmək, onun tələbəsi olmaq xoşbəxtliyi bizlərə qismət oldu. Onu savadın, bacarığın, məsuliyyətin, işgüzarlığın kimi, həm də ədəbin, davranışınla qane etmək, etimadını qazanmaq hər kəsin hünəri deyildi.
Əziz müəllimin yazı üslubu nə qədər seçimli, biçimli, cilalı idisə, bizlərdən də o cür tələb edirdi. Əslində bu, Əziz müəllimin tələbi deyildi. Bizim Əziz müəllimə oxşamaq istəyimiz - özümüzün özümüzdən etdiyimiz tələb idi. Yeganə rəhbər idi ki, bizə yazmaq yox, pozmağı öyrədirdi. Əziz müəllimin şöbəsinin işçisi olmaq özü bir öyünc, qürur idi. "Əziz müəllim işə götürüb", "Əziz müəllimin şöbəsinin işçisidir", "Əziz müəllimin aspirantıdır" "titul"larını qazanmaq bizim təltifə, fəxri ada bərabər ilk uğurumuz idi. Onun üçün bu "kimin kimidir", qohumluq, yaxud yerlipərəstlik kimi cılız hisslər yad idi. O, özünə bu "kimlərlə" yuxarılarda nəinki dayaq nöqtəsi axtarmırdı, hətta heç qəbul da etmirdi. Bəlkə elə bir çoxları tərəfindən sevilməməsinin də əsas səbəbi bu idi.
Onun öz prinsipləri vardı. Sınaqdan keçirməmiş heç kəsi işə götürməzdi. Ona elmi rəhbər olmazdı. Bunu Əziz müəllimin tələbələrinin hamısı bilir. Hamı kimi mən də bu sınaqdan keşmişəm... 60-cı illərin sonunda Mərkəzi Komitə tərəfindən "Molla Nəsrəddin" jurnalının təkrar nəşr olunması Ədəbiyyat İnstitutuna tapşırılır. Təbii ki, bu işin icrası mətnşünaslıq şöbəsinin - Əziz müəllimin öhdəsinə düşür. İşin icrasının tezləşdirilməsi üçün şöbənin o vaxtkı əməkdaşları, filologiya elmləri namizədi Ə.Hüseynov və T.Həsənzadədən əlavə, daha bir işçi lazım olur. İşsiz idim. Mən bundan xəbər tutub Əziz müəllimə müraciət etdim. O, otaqdakı dəmir seyfin üstündən ərəb əlifbasında olan bir qəzet dəsti götürüb mənə oxutdurdu. Yaxşıdı - dedi. Bir ay ödənişsiz gələ bilərsənsə gəl, iş verim işlə. Elə də oldu. Ay tamam olanda bu dəfə məni maaşla 3 aylıq ödənişli sınaq müddəti ilə işə götürdülər. Sonralar başa düşdüm ki, bu üç ay mənim təkcə iş qabiliyyətimi, intizamımı, bacarığımı yoxlamaq üçün deyil, həm də davranışımı, ədəbimi, bu müqəddəs elm məbədinə, elm ocağının ab-havasına uyğun olub-olmamağımı müəyyən etmək üçün də ola bilərdi.
Yaxşı yadımdadır, bir dəfə otağa bir nəfər daxil oldu və özünü fəxrlə "Həsən ağanın" qohumu kimi təqdim etdi. Biz bilirdik ki, Əziz müəllimə "Həsən ağa" yox, onun özünün kimliyi vacib idi. Əziz müəllim ilk tanışlıq üçün ona oxunması vacib olan 25-ə qədər kitab adı yazdırdı. Əziz müəllim onun hər bir kitabın adını və müəllifini yazarkən necə çətinlik və nabələdlik göstərdiyini səbr və təmkinlə müşahidə edirdi. Sonda daha bir kitab əlavə etdi. Yaz, - dedi: "Bəndeyi-həqir. M.Ə.Sabir". Bunları oxu, gəl danışaq - dedi.
İki həftədən sonra həmin adam gəldi. Otağa daxil olan kimi yenə "Həsən ağanın" salamını təbərrük kimi təntənəli bir şəkildə Əziz müəllimə çatdırdı. Təbii ki, bu qısa müddətdə o qədər kitabı oxumaq mümkün deyildi. Həmin adam gəlib bütün kitabları oxuduğunu təkcə "Bəndeyi-həqirin M.Ə.Sabir" kitabını tapa bilmədiyini dedi. Əziz müəllim bir qədər susdu, sonra təmkinlə məndən soruşdu: Qasımova, sən də bu kitabı oxumamısan? Dedim: Oxumuşam. Hardan tapmısan? - dedi. Dedim: Axundovdan (yəni Azərbaycan Milli Kitabxanasından). Onda Əziz müəllim dedi: Hə... sən də bir Axundova dəy, tap oxu. Sonra gələrsən qərarlaşarıq. Orta və ali təhsili olan bu adamın M.F.Axundzadə, Mirzə Cəlil, Sabir, Haqverdiyev haqqında tədqiqatlarla yox, ən azı bədii yaradıcılıqları ilə tanışlığı olsaydı, "Bəndeyi-həqir" birləşməsinin mənasını - yəni kimə işarə edildiyini bilərdi. Həmin adam getdi, amma bir daha gəlmədi. Əziz müəllim ona rəhbər olmaqdan açıq şəkildə imtina etmədi. Səbrlə qərarı onun öz öhdəsinə verdi.
Biz yazdığımız ilk məqalələri Əziz müəllim oxumadan çap edə bilməzdik. O, bu məqalələri oxuyub təshih edər, məsləhət, irad və tövsiyələrini verməkdən xüsusi zövq alardı. Bu, həm onun yaşadığı əvvəlki onilliklərin ideoloji xovfu, həm də bizi tənqiddən qorumaq cavabdehliyi idi. Bəzən redaktə etdiyi məqalələrin vərəqləri arasına sıxacla qiymətli kağızlar sıxar, ehtiyacı olan aspirantlara müxtəlif üsullarla "rayondan gəlib, kənd uşağıdır, onun üçün çətindi" deyib əl tutardı. Bu üsullardan biri də bu idi: öz qonorarlarını almaq üçün redaksiyaya həmişə cavanları göndərər, xoş zarafatlarla onlara bağışlayardı.
Əziz müəllim işindən razı qaldığı adamla işləyərdi. Biz özümüz haqda Əziz müəllimin etdiyi tərifi başqalarının dilindən eşidərdik. Bu bizi çox sevindirərdi. Əziz müəllimin tələbkarlığı sayəsində sonrakı mərhələlərdə opponentin tövsiyə, məsləhət, sual və iradlarına imkan qalmırdı. Çoxları Əziz müəllimlə danışmaqdan çəkinərdi. Zahirən nə qədər zabitəli, ciddi görünsə də son dərəcə rəhmli, həssas idi. Güclü yumoru vardı. Hər sözün dəyərini və yerini bilirdi, sözünün ağası idi.
Əziz müəllim son dərəcə məsuliyyətli redaktor idi. İndi mətndə bir vergül, ya nöqtə düzəlişi etməyən xəbərsizin nəşrin titul vərəqində adının "Redaktor" olması adiləşib. Yaxud dünyasını dəyişmiş bir alimin, hətta öz ustadının belə adını pozub əvəzində vərəqi vərəq üstə qoymayan birisinin çəkinmədən özünü "Redaktor", eləcə də fərq qoyulmadan "Nəşrin elmi rəhbəri", "Çapa hazırlayan", "Toplayan", "Tərtibçi", "Transfoneliterasiya edən", hətta "Müəllif" yazması - elmdə olan bu xəyanətin, cinayətin, hərcmərcliyin nəzarətdən kənar və cəzasız qalması adamda heyrət doğurur. Buna görə heç kəs məsuliyyət daşımır. "Kimə deyəsən?" sualının cavabsızlığı təəssüf, məyusluq doğurur. Ürək ağrısı ilə yoğrulmuş acı bir "Allah sənə rəhmət eləsin, Mirzə Cəlil" (bəlkə də ironik bir tərzdə "Şeyx Nəsrullah") deməkdən savayı bir çarə qalmır.
Böyük adamların səhvi də, günahı da, ona edilən haqsızlıq da böyük olur. İstər sağlığında, istər dünyasını dəyişəndən sonra. Əziz müəllim də belələrindən idi. Əziz müəllimin M.Hadidən yazdığı ilk namizədlik işi elə müdafiə zamanındaca ləğv edildi. O, əvəzində "M.Ə.Sabirin həyat və yaradıcılığı" mövzusunda ikinci namizədlik dissertasiyası yazdı; Əziz müəllimin doktorluq dissertasiyasının - kitabının adı bir müəllif kimi ondan razılıq alınmadan nəşriyyatda dəyişdirildi; Əziz müəllimin doktorluq dissertasiyası uzun müddət Moskvada Ali Attestasiya Komissiyasında təsdiq olunmadı. Hamı bu qərəzin kim tərəfindən edildiyini bilirdi; "Molla Nəsrəddin" jurnalının təkrar nəşrinin mətni 7-8 il ərzində ərəb əlifbasından kirilə, daha sonra ləngidiyi üçün latına çevrildi. Jurnalın 50-55 qovluqdan ibarət mətni 10 illərlə şöbənin dəmir seyfində qaldı. Jurnal nəşr olunmadı. Bu, nəşrin elmi rəhbəri olan Əziz müəllimi çox incidirdi. C.Məmmədquluzadənin redaktorluğu ilə 25 il nəşr olunan jurnalın təkrar nəşri 45 ilə başa çatdı. Məndən başqa, nə nəşrin elmi rəhbəri və redaktoru Əziz müəllimə, nə də həmkarlarımdan heç birinə təkrar nəşri tam görmək sevincini yaşamaq qismət olmadı. Amma yaxşı ki, mənim kimi onun acısını da yaşamadılar...
Haqsızlıqlar içərisində ən böyüyü dünya mətnşünaslarının "mötəbər mətnsiz, mötəbər elm yoxdur" yekdil qənaətinə rəğmən mətnşünaslığı elmin başlanğıcı, ədəbiyyatşünaslığın əsası, müxtəlif elm sahələrinin qovuşağı olan müstəqil bir elm sahəsi kimi dəyərləndirən, tanıdan Əziz müəllimin uzun illər rəhbərlik etdiyi mətnşünaslıq şöbəsinin ləğv edilməsi oldu. Fəaliyyəti dövründə İnstitutda hazırlanan bütün nəşrlər mətnşünaslıq şöbəsinin nəzarətindən keçib nəşriyyata yol alardı. Şöbənin bağlanması təkcə Əziz müəllimə olan haqsızlıq deyildi. Böyük zaman ötümündən sonra İnstitutda açılması vacib bilinən yeni-yeni şöbələrin adları sırasında mətnşünaslıq şöbəsinin adı olmadı. Bu, məsul şəxslərin maraq, istək və düşüncələrindən kənarda qaldı. Bu gün İnstitutun Elmi Şurasının qərarı ilə nəşr edilən bir çox kitabların üz qabığındakı, titul vərəqindəki müəllif hüququna zidd hərcmərcliklərdən, əsas mətn korpusundakı elmi, nəzəri, üslubi, faktoloji, qüsur bolluğu, köçürmələrdən (hətta çox "ağılsız", "savadsız" köçürmələr) tutmuş, sonundakı müəllif bioqrafiyasına qədər olan qüsurlar indiyə qədər formalaşmış kitab nəşri mədəniyyətimizə xəyanətdir. Saymamazlıq, bütün bunların üzərinə çəkilən susqunluq örtüyü qəbulolunmaz və ürəkbulandırıcıdır. Hər bir sahə kimi yaranışı, tarixi, təşəkkül mərhələləri olan mətnşünaslıq, kitabşünaslıq və kitab nəşri mədəniyyəti kimi bir sahə də var axı...
1968-ci ildən Ədəbiyyat İnstitutunun əməkdaşıyam. Adım gedən şöbəyə uzun illərdir ki, Əziz müəllimin yetirmələrinin rəhbərlik etməsi mənim üçün sevindiricidir. Bununla belə mən indi də özümü Əziz müəllimin rəhbərlik etdiyi mətnşünaslıq şöbəsinin əməkdaşı hesab edirəm və indiyə qədər gördüyüm işlər mətnşünaslıqla bağlıdır. Bu gün də görmək istədiyim, başlayacağım hər bir işlə bağlı xəyalən Əziz müəllimlə məsləhətləşir, ondan xeyir-dua alıram, gördüyüm işə görə onun qarşısında məsuliyyət daşıyıram. Ona hesabat verirəm.
Mən namizədlik işi kimi müəyyənləşdirdiyim mövzunu Əziz müəllimə deyəndə: "Yaxşı mövzu seçmisən. Çətin olacaq səninçün. Sənə ədəbiyyat verə bilməyəcəyəm" - dedi. Cəmi 3 mənbə göstərdi: N.Ağayevin gizli imzalarla bağlı əsəri, Ə.Nəzminin 11 ç.v. həcmində irihəcmli mənzum "Keçmiş günlər" xatirəsi - hər ikisi ərəb əlifbasında karandaşla yazılmış əlyazması, bir də M.Ş.Mirzəyevin "Türk mətbuatı tarixi ilə bağlı materiallar" adlı rus dilində əlyazması. Heyif ki, heç biri nəşr olunmayıb, - dedi. Əziz müəllim dünyasını dəyişəndən sonra mən bu 3 əlyazmanın üçünü də çapa hazırlayıb nəşr etdirdim.
İcrasını vacib bildiyi daha bir istəyi var idi Əziz müəllimin. Bu, "Molla Nəsrəddin" jurnalının təkrar nəşrinin elmiliyinin mükəmməlliyini təmin etmək məqsədilə son cildi kimi mətndəki onomastik vahidləri toplamaq və nəşrə "Əlavə" etmək idi. Ömrün mənə verdiyi fürsətdən istifadə edib onun ruhuna hesabat vermək gümanı ilə mən bu cildin də öhdəmə düşən "İmzalar" hissəsini (müştərək müəlliflə) işləyib ayrıca kitab (E.Qasımova, A.Əliyeva. "Molla Nəsrəddin" jurnalı (1906-1931). İmzalar. Bakı: Avropa, 2015) halında nəşr etdirdim.
Əziz müəllim çox dəyərli, sanballı, mənalı bir ömür - hamımızın qibtə edə biləcəyimiz bir ömür yaşadı. Bu ömür ona görə dəyərli oldu ki, Əziz müəllim bu ömrü minnətsiz, təmənnasız, mərdanə, ağayana yaşadı. Biz onu necə tanıdıqsa, ömrünün sonuna kimi elə gördük. 82 illik (1920-2002) bir dövrün fəsillərinin dəyişkən ab-havası, müxtəlif səmtlərdən əsən küləkləri onun üzünün rəngini, cizgilərini dəyişə bilmədi. O, bu gün də yaddaşımızda bizim Əziz müəllimimiz olaraq qaldı.
Biz hamımız ona oxşamaq istədik, ondan öyrəndik, hətta içərimizdə gizli bir Əziz müəllim olmaq iddiamız da oldu. Biz ondan öyrəndik, ona oxşadıq, amma heç birimiz Əziz müəllim olmadıq.
Əziz müəllim ustadi-əzəm idi.
Ustadı yad etmək ibadətdəndir, - deyiblər.