Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

SEARCHES. INVESTIGATIONS

Huseyn Kurdoglu‘s eternal poetry - Dilara Adilgil

18-07-2023 [ 22:59 ] [ read:33 ]
printerA+ | A-
103607

"Poetry is the bread of the chosen ones, but it is a dry crust, not everyone's tooth sinks in". I boldly attribute this aphorism of the Nobel laureate Gabriel García Márquez to the addressee of my post - our beautiful poet Huseyn Kurdoğlu, one of those chosen ones. And if I say a little more, it is his halal right. That is, it is on the name. Huseyn Kurdoglu, who created the most beautiful examples of syllabic weight in the traditions of folk poetry, is one of the unique masters of words who have their own place, role and weight in our poetry of 1950-2000. He was a tireless singer of love, beauty, native nature, and humanism for half a century and enriched our literature with his realist-romantic creativity.

H.Kürdoğlunun lirikasında aşıb-daşan təb, incə ruh, ürəyəyatımlılıq, ana dilinin məntiqi və gözəlliyi xüsusi qeyd olunmalı cəhətlərdir. Nə idi onun şeirlərini xalqa sevdirən? İstedad, müdriklik, yanğı, səmimiyyət! Sərhədləri həssas olan bu alanda oxucu ilə özü ilə təklikdə olduğu kimi sərbəst, səmimi idi. Onun oxucudan saxladığı sözü-sirri yox idi. Bəzən səmimiyyəti "qəsdən kiminsə ayağını tapdalamaq" kimi yozurlar. Daha demirlər ki, sevən insan kövrək, sevdiyindən dolayı həm də müdafiəsiz olur. Nə etmək olar, hər kəs öz mənəviyyatı çərçivəsində fikir yürüdür. H.Kürdoğlunun poeziyası saflıqdan, özünə-sözünə inamdan, daxili "mən"inə sədaqətdən qaynaqlanırdı. O, poeziyanı sevirdi, poeziya da onu sevirdi. O, poeziyaya, poeziya da ona yaraşırdı. Onun şeirləri sanki yazılmırdı, doğulurdu. Özü anadan şair doğulan kimi. H.Kürdoğlunun yaradıcılığı çoxşaxəli olub, qanunauyğun şəkildə formasını dəyişir, hecadan əruza, qoşmadan gəraylıya, qəzəldən bayatıya keçir. O, ilk öncə təbiət şairi kimi tanınmışdır. Təbiət onun qanında, canında idi. Şeirlərini oxuyanda, həm də gözlə görürsən. Yazdığına sözlə illüstrasiya çəkir. Doğma Laçınının laçın vaxtlarnı görən, yaşayan, şeirlərinə köçürən H.Kürdoğlu əslində, elə təbiətin özü idi. Son illər ondan aralı düşsə də... Onun peyzaj lirikası "gözlərimizə inanmağa kömək edir", mənzərəni real təsvir etməyi öyrədir. Şairin duyğulu poeziyası psixoloji və emosional yükü ilə seçilir.

Varlıqla yoxluğun arasındayam,

Ağrıyam, dağların yarasındayam.

Yurdumu-yuvamı dağıtmış yağı,

Bilmirəm dünyanın harasındayam.

İnsanın hissləri onun düşüncələrindən dərindir. Əbəs yerə demirlər ki, insandan geriyə atmosferə qarışan hissdən başqa heç nə qalmır...

Kürdoğlu məhəbbət şairidir. Məhəbbət onun poeziyasının mayası, cövhəridır. H.Kürdoğlunun sevgisi sadə, pafosdan uzaqdır. Sanki bir hekayədir...

Baxmıram borana, çovğuna, yağışa,

Pəncərəmi açıram qışa,

Sən düşəndə yadıma.

Tuturuq qol-qola, çıxırıq qarlı yola,

Dəyirmana qaçırıq dağ aşağı...

Od qarışır oduma, sən düşəndə yadıma!

Şeirlərində bəzən özü istəmədən belə, özünü təsvir edir, içini açıb-tökür.

Mən ki Məcnun varisiyəm,

            səhraya sevgilənmişəm,

Xumar gözlü, bulud saçlı

            Leylaya sevgilənmişəm.

Ayım-günüm üzündədir,

            gözündədir gülçöhrəmin,

Bundan yana həm günəşə,

            həm aya sevgilənmişəm.

H.Kürdoğlu qəlb şairidir... Bu misralara diqqət etmək kifayətdir. Duymağı bilənə...

Olmadım ağlımın ağası bir gün,

Odur ki, qəlbimin nökəriyəm mən...

Məncə, azadlıq, təmənnasızlıq, təvazö bundan dəqiq verilə bilməz. Və ən təbii şeir də, ağlın göstərişi ilə deyil, qəlbin istəyi ilə yazılır.

H.Kürdoğlu Vətən şairidir. Onun ilham pərisi Vətəndir, ona məxsus olan nə varsa, odur. Od-ocaq sevgisi bütün qələm adamlarının yaradıcılığında həmişə öndə olub.

H.Kürdoğlu milli şairdir. Şairin şeirlərini oxuyanda göz önünə millətin modeli gəlir, milli kimliyin, özünüdərkin oyanır. H.Kürdoğlunun yaradıcılığı folklor motivləri, atalar sözləri, özünün yaratdığı hikmətli sözlərlə zəngindir. Hansı ki, müəllifdən iti ağıl, uzaqgörənlik tələb edir. Deyirlər, "xalqın mədəniyyət qalası yeganə qaladır ki, heç vaxt tikilib qurtarmır, hər gələn nəsil onun təzə qatını hörür". H.Kürdoğlu da həmin bünövrənin divarlarını hörənlərdən idi...

H.Kürdoğlunun poeziyası işğala qədər təbiət-məhəbbət, işğaldan sonra təbiət-dərd arasında müvazinət sərgiləyirdi. Şeirlərinə bir peşmançılıq, günahkarlıq duyğusu daxil olmağa başlayır.

Qurda dost demişik, ilana qardaş,

Qatırdan olarmı qulana qardaş?

Yalan olduğunu bilə-bilə biz,

Niyə inanmışıq yalana qardaş?!

Elə suallar var ki, cavabı yoxdur. Şair fəlakətlərimizdə özünü, özümüzü qınayır, bu nöqtəyə necə gəlib çatdığımızı, bütün bunları bizim yaşadığımızı qəbul etmək istəmir. Şairin içində müdhiş boşluqla yanaşı, bir protest, inqilabilik var. "Yeddi il" şeiri işğalın illərini sayır. 2000-də "Səkkiz il" yazılır. Şair bu 8-in 28 olduğunu bilmədi. 28-in də sonuncu... Yəqin ayan olar ona...

Onun bəzi şeirlərini təkrar oxumaq olmur, çünki ağrı-acısı çoxdur. Dil ilə, sözlə gözəl "oynayan" şairin şeirləri bir tərəfə, hər misrası aforizmdir, bənzətmədir, rəmzdir. "Şeirimin çiynində getsəm dünyadan ", "dünyanın başında bayquş ulayır", "insafı quruyub göyün", "yer üzü başdan-başa qara məzar deyilmi?", "bağrımdan qan içir qələm, fikrimə don biçir qələm" və s. H.Kürdoğlunun poeziyası insansevən, ona pərəstiş edən, xidmətində duran poeziyadır. Sənət qurban tələb edir. Lakin onu hər kəsdən də qəbul etmir, yalnız əvvəldə qeyd etdiyim kimi, seçilmişlərdən... H.Kürdoğlunun lirikası oxucuya dəyib qayıtmır, silkələyir, izini qoyur, yaddaşa həkk olur. Lakin bu şeirlərin arxasında dayanan qəlbdə nə təlatümlər, tufanlar baş verir, hansı yaralar qaynayıb-qanayır, oxucu üçün pərdəarxasıdır.

Dağlar Laçının simvollarındandır. Hüseyn Kürdoğlunun da əsas məkan obrazlarından. Onun üçün dağ məfhumu özü xüsusi isimdir. Ondan evi kimi danışır, yuvası bilir. İnsanlar doğulduqları yerə, onun iqliminə bənzəyərlər. H.Kürdoğlunun xarici görünüşü də nəhəng, əzəmətli dağa bənzəyirdi, cəzb etmə gücü də. Sazdan, sözdən, yazmaqdan doymayan, həyatının mənasını yaradıcılıqda görən H.Kürdoğlu 50 il ləyaqətlə "qələmin qulluğunda" dayandı.

Mən şairəm, yarım kağız-qələmdir,

Sarı Aşıq, xan Ələsgər lələmdir.

Gözlərimdən axır indi Həkəri,

Dağ həsrəti dağdan ağır şələmdir.

Bu gün "Laçın" deyə-deyə dünyadan köçən, "ömrü bir əsim yel" olan dağlar oğlunun azad ruhu şaddır. Torpağımızın üstü də, altı da özümüzündür. Deyir, savaş ölüncə deyil, düşmənə bənzəyincə kaybedilir. Şükür, xalq olaraq sona qədər özümüz olmağı bacardıq. Böyük Zəfərimizdən sonra H.Kürdoğlunun poeziyası daha uca məna kəsb edir, bir ayrı cilvə ilə oxunur. Yenə də qəlbimizi isidir, ruhumuzu oxşayır.

"Ədəbiyyat qəzeti", 2023, 10 iyul

OTHER NEWS