Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

SEARCHES. INVESTIGATIONS

Polyfunctionality and polyphonism of Elchin‘s creativity - Nizami Mammadov Taghisoy

30-05-2023 [ 12:41 ] [ read:117 ]
printerA+ | A-
103420

Professor, literary critic-critic

Although Elchi's artistic creative pursuits coincided with the very beginning of the 60s of the 20th century, in a short period of time he became one of the writers whose signature appeared more often on the literary front. , Anar, I. Huseynov, S. Ahmadli, I. Malikzadeh, Kh.R. Ulutürk, M. Araz and others, became one of the memorable faces of the literature of the 60s. Adib's "Mahmud and Maryam", "The Tale of the Nightingale", "White Camel", "Death Sentence", "The Madman Escaped from the Madhouse", "Baladadash's First Love", "Aquarius", "Bairagdar", "Ilyas Efendiyev: Personality and Art" , "Karabakh Sharif", "Anatomy of the Monster", later "Selected Works" in 10 volumes (it should be mentioned separately about the work "Salyeri's Last Day" that he just wrote) etc. The examples created by him were spread to wide audiences and delivered to the readership of Azerbaijan, the Soviet Union, Europe and the world, and were welcomed by them. Read in the former Soviet republics - Russia, Ukraine, Turkmenistan, Uzbekistan, Kazakhstan, Tajikistan, Belarus, Lithuania, Moldova, Georgia and Armenia, world nations - German, Bulgarian, Czech, Chinese, French, English, Spanish, Swedish, Hungarian, Polish, Romanian, Turkish, Japanese, etc. translated into languages.

***

Elçin yaradıcılığı ilə bağlı tənqidi fikir sərgiləyərkən, heç şübhəsiz ki, bu barədə əsaslı bilgilərə malik olmalı, onun yaradıcılığının oxuculara və ədəbiyyat adamlarına az məlum olan tərəflərindən bəhs etməlisən. Bu kontekstdə Elçin yaradıcılığı ilə bağlı diqqət çəkən mənbələrdən biri 2013-cü ildə Humay Əfəndiyeva tərəfindən tərtib edilmiş "Elçin. Arzu. Həyat. Ədəbiyyat" kitabından danışmaq zəruridir. Burada təqdim olunmuş əsərlərin xeyli hissəsi istedadlı mütərcimlər S.Məmmədzadə, V.Portnov, E.Vəzirova, V.İbrahimoğlu tərcümələrində rusdilli oxuculara təqdim olunmuşdur.

Qeyd etdiyimiz aspektdə "Elçin. "Zaman və Söz" kitabının da adını çəkmək istərdik. Janr və üslub baxımından polifunksionallığı və polifonizmi ilə fərqlənən, müvafiq bədiyyat kanonlarına aid edilməsi mübahisəli olan bu yaradıcılıq məhsulları Elçini orijinal təfəkkür sahibi kimi də təqdir etməyə imkan verir. Kitabın struktur-kompozisiya və məzmun-ideya komponentləri qeyri-adiliyi ilə diqqəti cəlb edir. Burada Elçinin müxtəlif illərdə beynində dolaşan maraqlı fikirləri, mühakimələri, özü-özü ilə mükalimələri, sənət və sənətkarla bağlı düşüncələri, ayrı-ayrı gördüyü hadisələrdən yaranan təəssüratları, düşüncəsini riqqətə gətirən həyat epizodları, sənətkar tərəfindən tamamilə özü də bilmədiyi, götür-qoy etmədiyi, yaxud ağlına gətirmədiyi hallarda kibrit qutusu, salfet, qəzet künclərindəki ağ yerlərdə, hər hansı iclas protokolunun kənarında, müxtəlif tipli proqramlar üzərində, dəvətnamələrdə, hətta teatr tamaşaları, sirk, yaxud kinoseans biletlərinin üzərində saxladığı cızmaqaralardakılardan ortaya gəlmişdir.

Elçin yazıçılıq psixologiyasının sirlərini dərindən mənimsəmiş sənətkar kimi həmin fraqmentləri qoruyub saxlamış, nəhayət vaxt gəlib, vədə yetişdiyi zaman arxivinin qarmaqarışıq künc-bucağını qurdalayarkən uzun illər ərzində qovluq, bloknot, cib dəftərçəsi, özünün digər "ekspromt təfəkkür məhsullarını" saf-çürük etmiş, onlardan bəzilərini "amputasiyaya" məruz qoyaraq, iyirmi-otuz illik avtoqrafları çətinliklə də olsa yaddaşının dərinliklərindən çözələyib dilə gətirərək həmin kiçik qeydləri etdiyi tarixi zaman kəsiminə qayıdaraq öz hiss, duyğu və ürək çırpıntılarını xəyalında canlandırıb, onlara yeni həyat verməyi düşünmüşdü. Ədəbiyyata birbaşa bağlılığı ilə seçilən həmin qeydləri bir yerə yığıb, gündəlik xarakterli ədəbi qeydlər kimi ortaya çıxarmaqla müəllif həmin yazıları "Zaman və Söz" haqqında ədəbi düşüncələr adlandıraraq geniş oxucu auditoriyasına təqdim etmişdir.

Elçinin "Zaman və Söz" əsərini rus dilinə dünyasını vaxtsız dəyişmiş istedadlı teatr bilicisi, "Yuğ" teatrının baş rejissoru və eyni zamanda şəriştəli mütərcim Vaqif İbrahimoğlu tərcümə etmişdir. Tərcümənin dili yetərincə axıcı və oxucu nəzərlərini özünə cəlb edəndir. V.İbrahimoğlunun tərcüməyə nə qədər böyük məsuliyyətlə yanaşdığını onun "Tərcüməçidən. Mənəvi məkan" mövzulu "Ön sözü"nü oxuduqda daha yetərli təsəvvürlər formalaşır.

Elçinin "Zaman və Söz" əsəri onun nəinki Azərbaycan ədəbiyyatında özünə nasir, publisist, dramaturq, mütərcim, kinossenarist, həm də ədəbiyyatşünas tənqidçi kimi mədəniyyətimizin inkişafına individual rakursdan təsir etməyi bacaran alim-tədqiqatçı imicini formalaşdırmaqdadır.

***

1970-ci illərdən Elçin dramaturgiyada özünəməxsus yeniləşmələr etməyə çalışsa da, 90-cı illərdən bu proses daha intensiv xarakter almışdır. "Ah, Paris, Paris!..", "Mənim sevimli dəlim", "Diaqnoz D" ("Mənim ərim dəlidir") triptixi kimi maraqlı əsərləri ilə o, daha çox gündəmi zəbt edirdi. Elçinin dram əsərləri özünün fərqli dramaturji gedişi, orijinal mövzuları, qeyri-adi süjet xətləri və situasiyaları, yeni obrazlar qalereyası ilə tez-tez diqqət mərkəzinə düşürdü. "Qatil", "Teleskop", "Cəhənnəm sakinləri", "Şekspir" və s. kimi dram nümunələri tamaşaçını yetərincə duyğulandıran əsərlərdir. Təsadüfi deyildir ki, Elçinin dram əsərləri müxtəlif janr formalarını özündə çevrələmək baxımından da diqqətəlayiqdir: komediya, tragikomediya, kədərli komediya, xronika, həyat xronikası, məhəbbət dastanı ("Mahmud və Məryəm"), faciə, absurd, improvizasiya və s. kimi maraqlı dramaturji janrların da bu müstəvidə polifonik nümunələr yaratdığını qeyd etməliyik. Eyni zamanda vurğulayaq ki, bu dram əsərlərinin əksəriyyəti Azərbaycanın müxtəlif teatrlarında müxtəlif illərdə tamaşaya qoyulmuş, dünya xalqlarının (London şəhərinin və s.) teatrlarında öz səhnə təcəssümünü tapmışdır.

***

Elçin yaradıcılığını bir qədər dərinləşdirilmiş aspektdə təhlilə cəlb edərkən "müəllif - mətn - oxucu" triadasını nəzərdən keçirməyə ehtiyac duyulur. Burada biz bir qədər mahiyyətə vararaq onu söyləməyi vacib hesab edirik ki, bədii mətn yaradıldığı zaman oxucunun kongeniallığı (Kongeniallıq latın dilində olan "con (cum) - birgəlik, eyni vaxtda və "genius" - "ruh" mənasına gəlir. Kongenial ideya istiqaməti, üslub və fikir obrazları ilə uyğunluq deməkdir) fikri heç də bütün hallarda müəllifin təfəkküründə yer almır. Bununla belə, bu, oxucu üçün mətnin özünün dil xüsusiyyətləri ilə lap başlanğıcdan ortada dayanır.

***

Elçinin XXI əsrin fenomenal nəsr nümunəsi hesab etdiyimiz "Baş" romanının üslubu burada nəinki özünəməxsus janr tipi kimi, həm də bədii formanın vahidliyi, tamlığı, bütövlüyü kimi, üslub kanonu (kanonlaşmada əsərin predmeti ilə ondan öncəki əlaqələrin qurulması, dili və janrı nəzərdə tutulur ki, bu da Azərbaycan, eyni zamanda dünya ədəbiyyatının bəzi nümunələrinin üslubuna təsir göstərə bilmək gücünə malikdir) Elçin yaradıcılığının xüsusi üslubu olaraq diqqəti cəlb edir. "Baş" romanında üslub həm də əsərin predmet məzmununa nisbi olaraq ifadə forması kimi, funksional şəkilli dil üslubu, fərdi üslub (məhz özünün üslubu olaraq), həm də digər tərəfdən, üslubüstü, postrealist, modernist və postmodernist ədəbiyyat üslubu, abstraksionizm üslubu, absurd üslubu və s. bunlar bu və ya digər şəkildə Elçin yaradıcılığında yer almaqdadır. Bizə belə gəlir ki, "Baş" romanında Elçin XIX əsrin birinci yarısı mərhələsinin üslubunu yaratmağa da cəhd etmişdir. Belə yanaşma, heç şübhəsiz ki, həm də müəyyən mənada XIX əsr realizminin individual üslubunu yaratma istəyi, yazıçının müəyyən bədii priyomlardan, onların cəmindən istifadə etmə sistemi kimi ortaya çıxsa da, "Baş" romanında yer almış üslub Azərbaycan ədəbiyyatının XIX əsr dövrünü yaratmaq baxımından tamamilə fərqli yanaşma kimi nəzərdən keçirilməlidir.

***

Elçin yaradıcılığının geniş dünya arenasına çıxması da erkən baş vermişdir. Nümunə üçün deyək ki, 1978-ci ildə onun Moskvadakı "Sovetski pisatel" nəşriyyatında "Glğçin. Serebristıy furqon" adı altında hekayə və povestləri Azərbaycan dilindən ruscaya avtorizə olunmuş tərcümə möhürü ilə rusdilli auditoriyaya təqdim olunmuşdur.

Elçinin əsərlərinin rus tərcümələrindən bəhs etdikdə, heç şübhəsiz ki, 2003-cü ildə Moskvadakı "Avvallon" nəşriyyatında "Smertelğnıy priqovor" adı altında "Mahmud və Məryəm", "Ağ dəvə" və "Ölüm hökmü" romanları Vladimir Portnov və Tatyana İvanovanın tərcüməsində rus oxucularının ixtiyarına verilməsini də qeyd etməliyik. Bu romanların rus dilində təqdimatına nəzər yetirərkən biz Elçin yaradıcılığı üçün aparıcı olan milli kolorit və yerli koloritin orijinala uyğun olaraq saxlanıldığının şahidi oluruq. V.Q.Belinskinin söylədiyi kimi, "əsər bədii baxımdan nə qədər yüksək səviyyəli olarsa, onun milliliyi əks etdirməsi də o qədər yüksək olar" fikri burada olduqca yerinə düşür. Bununla belə, bu əsərlərin orijinalla tutuşdurulub, müqayisəli şəkildə araşdırılması da öz növbəsini gözləyən məsələlərdəndir.

2017-ci ildə Elçinin Daşkənddəki "Qlobal Books" nəşriyyatı tərəfindən nəfis poliqrafiyada buraxılmış "Glçin. Tanlanqan asarlar. İkki jildlik", "Birinçi jild. Kissa va xikoəlar"; "İkinçi jild. Romanlar. Maxmud va Marəm. Ok tuə" əsərləri Azərbaycan dilindən özbəkcəyə çoxsaylı bədii nümunələr çevirmiş Ocman Kuçkarın tərcüməsində təqdim edilmişdir.

***

Elçin barədə söz açdıqda onun elmi-nəzəri yaradıcılığı da bəhs etdiyimiz bu polifonik, çeşidli təfəkkür sahibinin fəaliyyətinin xüsusi tərkib hissəsi kimi maraqlıdır: "Tənqid və ədəbiyyatşünaslığın problemləri", "Klassiklər və müasirlər", "Ədəbiyyatımızın yaradıcılıq problemləri", "Tənqid və nəsr", "Ədəbi düşüncələr", "Azərbaycan ədəbi tənqidinin və ədəbi prosesinin problemləri". "Klassik aşıq poeziyasında dünya obrazı", "Nəriman Nərimanov: şəxsiyyəti və fəaliyyəti", "Şəxsiyyət və istedad (Cəfər Cabbarlı)", "Cəfər Cabbarlı", "Sosrealizm bizə nə verdi", XIX əsr ədəbiyyatına fərdi baxış sərgiləyən "Aqoniya", yoxsa təkamül?" və s. kimi monoqrafik araşdırmaları və məqalələri, Moskva jurnallarında və müxtəlif dərgilərdə dərc edilmiş ədəbiyyat problemləri ilə bağlı düşüncələri Elçini orijinal və novator ədəbiyyatşünaslar sırasına qoymuşdur.

***

Elçinin bədii və dram yaradıcılığı, ədəbi tənqid və ədəbiyyatşünaslıq, estetika və kulturoloji məsələlərə baxışı bədii sənət sahəsini və estetik düşüncəmizi zənginləşdirən sənət nümunələridir. Eyni zamanda onun yaradıcılığı keçmiş SSRİ-nin ədəbi həyatında da yetərincə aparıcı rol oynamış, bu rol bu gün də postsovet məkanında eyni vüsətə və gücə malik olmaqdadır. Bir məsələ də xüsusi olaraq qeyd edilməlidir ki, 60-cı illərin lap əvvəllərindən başlayaraq, Azərbaycan ədəbiyyatı, ədəbiyyatşünaslığının, ədəbi tənqidinin, bir qədər sonra dramaturgiyasının və teatrının dinamikasını Elçinin bədii yaradıcılığa, sənətə və sənətkara adekvat baxışını onu nəzəri düşüncəsindən kənarda təsəvvür etmək də sənət məsələlərinin dəyərləndirilməsində yarımçılıq yarada bilərdi.

Elçinin əhatəli və dərin ədəbiyyatşünaslıq təfəkkürü və zəngin tənqidçilik səriştəsi onu nəinki Azərbaycanda, həm də digər Sovet respublikaları və o vaxtkı mərkəzi mətbuatda, Moskvada nəşr olunan "Literaturnaya qazeta", "Voprosı literaturı", "Literaturnoye obozreniye", "Drujba narodov" və s. kimi dərgilərdə yer almış analitik və polemik məqalələri geniş çevrədə məşhurlaşdırmışdı. Sovet ideoloji-siyasi sistemi nə qədər qapalı olub, zəngin düşüncə tərzinə tendensioz mövqedən yanaşıb, məhəl qoymasa da, Elçinin həmin dövrlərdə "Drujba narodov" jurnalında nəşr etdirdiyi "Ədəbiyyatda əyalətçiliyə qarşı" məqaləsindəki ayıq-sayıq mülahizələri, müəllifin müstəqil düşüncə tərzini gənc yaşlarından nümayiş etdirmişdir. Elçin çağdaş Azərbaycan nəsrinin canlı klassiki olaraq özünə sağlığında abidə ucaltmış sənətkar kimi gələcək nəsillərin də müasiri kimi oxunacaqdır.

OTHER NEWS