Menu
Национальная Академия Наук Азербайджана
Институт литературы имени Низами Гянджеви

ПОИСКИ. ИССЛЕДОВАНИЯ

Творческий идиолект и идиостиль Алекпера Салахзаде - Низами Мамедов Тагисой

29-05-2024 [ 11:23 ] [ прочитано:100 ]
printerA+ | A-
104602

Ələkbər Salahzadənin poeziyasından bəhs edərkən, onun yaradıcı idiolekt və idioüslubundan da danışmaq zəruridir. Şairin poetik istedadı son dərəcə çoxcəhətlidir. Odur ki, fikrimizcə, onun bədii arsenalındakı izafilik, bəlkə də bir neçə şairin yaradıcılığı üçün kifayət edərdi və bu mənada, onlardan hər birinin ortaya qoyduqları yetərincə orijinal görünərdi. Eyni zamanda Ələkbərin yaradıcılığını digərləri ilə qarışdırmaq da mümkün deyildir. Üslub şairin dünyaya baxışı, onu görməsi, onun qanunauyğunluqlarını dərk etməsi, həyat təcrübəsi, mənəvi prinsipləri və estetik zövqü və s. kimi yaradıcılıq problemləri ilə sıx bağlıdır. Fikrimizcə, Ələkbər Salahzadə yaradıcılığı üçün açıq-aydın emosionallıq, qaynar və parlaq temperamentlilik, poetik nəfəsinin tamamilə sərbəstliyi, misralarının çoxyönlülüyü, polisemiyası, ildırım sürəti ilə dəyişkən tempi, zəngin səs və polifoniya instrumentovkası, son dərəcə ağlagəlməyən söz oyunu və s. səciyyəvidir. Bununla bərabər, o, şeirlərində həm də daim aforistik kamilliyə, fərdi tamlığa və məna konkretliyinə can atır. "Fevral - 1966" kitabına daxil edilmiş "Od elegiyası" məcmuəsində yer almış "İki əsrin kəsri" şeirində müəllifin məhz bu kontekstdə qoyduğu suallara baxaq:

 

Bu yüz ilə tənə daşı

Yoxsa yeni əsrə qalır?

O gedənin son əlacı

bu gələndən üzrə qalır!

 

Köhnə gedir, dönməz geri,

təzəyə de: tez keç, bəri.

Surət biri, məxrəc biri,

gümanmı bu kəsrə qalır?

 

Çalan çaldı zurnasıynan,

oynadıqmı hər nazıynan?

Təsəllimız durnasıynan

Bağdad qalır, Bəsrə qalır... 

 

Şeirdə təkcə məzmun, mahiyyət yox, həm də bütün leksik-semantik çevrədə söz düzümü, söz yaradıcılığı, sintaksisi, üslub çalarları o qədər fərdidir. Şairin buradakı yanaşmaları tarixi, fəlsəfi və folklor amalı, şübhə və nisgil ilə yüklənmişdir ki, onun hər bir sözü, ifadəsi, sualı və nidası üzərində təkrar-təkrar düşünməli olursan. Odur ki, "tənə daşının yeni əsrə qalması", "köhnənin gedib, geri dönməzliy"i, "gümanın kəsrə qalması", "ötənlərin çözələnməsi" və s. kimi ifadələr Ə.Salahzadənin idioüslubunun fərdi elementləridir.

Ə.Salahzadənin şeirlərinin struktur baxımından təşkilində ən mühüm vasitəsi ritmdir. Rus simvolisti Andrey Belinin təbirincə desək, onun şeirlərinin ritminin əsas xassəsi "məğlubedilməzliyidir". Çünki Azərbaycan şairlərindən heç birinin şeiri, yaxud onun hər hansı bir misrasını Ələkbər kimi qeyri-adi hissələrə bölənlərini tanımırıq. O, özünün yaradıcılıq üslubuna sadiq qalıb, təkrirlərlə, ifadələri sətirdən-sətrə adlatmaqla yeni şeir sırasını yarımçıq cümlələrə bölür, bu zaman o, özünün xüsusi sintaksisinə söykənərək onu öz ritmik intonasiyasına tabe edir. Bundan başqa, Ələkbərin şeirlərində pauza mühüm rol oynayır, burada o çox nöqtə və tire, nitqin yarısözdə qırılması, adi danışıq misrasından istifadəyə üstünlük vermə, qafıyədən kənarlaşma və s. yararlanmanı görürük. Şair yola salınan yüz ildən narazı olduğundan, bu tənənin yeni əsrə qalacağına da şübhə ilə yanaşır, köhnənin geri dönməyəcəyini düşünməklə keçən yüzillə gələn yüzili surətə və məxrəcə bölüb, gümanın kəsrə qalması üzərində düşüncələrə qərq olur.

Ə.Salahzadənin poetik sintaksisi onun şeirlərinin obrazlı ifadəliliyini gücləndirir. Müəllifin poetik sintaksisində bədii ifadə vasitələri olan təkrir, inversiya, paralelizm, ritotik sual və digər bu kimi poetik nitqin fərdi fiqurları vardır. 

Ələkbər Salahzadənin poetik idioüslubunun leksik tərkibini təhlil etdikdə, görürük ki, onun dilindəki söz və söz birləşmələri Azərbaycan mədəniyyətinin baza konseptləri ilə həmahəngdir. Eyni zamanda onun fərdi bədii konseptləri çoxqatlı olmaqla, hissi (əşyavi), anlam, obrazlı, assosiativ, simvolik və dəyər komponentlərindən ibarətdir. Qeyd etdiklərimizi "Şuşa" şeiri üzərində illüstrasiya edək:

 

Şuşa əsirliyi əsrdən əsrə keçdi,

yoxsa

məşum bu məchul da

həlli müşkül kəsrə keçdi?

Bircə gecə qonaq qaldığım Şuşa

gündüzümdə, gecəmdə;

qırıq-qırıq

çilik-çilik şüşədi içimdə.

 

...Əsirdi Şuşa, əsir,

keçdi əsirliyi əsrdən-əsrə,

açarı atıldı,

yoxsa, qırx qıfıllı qaranlıq qəsrə?

İçimi qanadan şüşə çilikləri

ürəyə ən yaxın guşədə.

Yoxsa mən bir divəm indi,

canım da

Şuşada... 

 

Ələkbərin nümunə kimi təqdim etdiyimiz bu şeiri onun idioüslubunun kifayət qədər fərdi və qeyri-adi olduğunu daha yaxşı sübut edir. Şair "əsirlik", "əsr", "məchul", "həlli müşkül kəsr", "qırıq-qırıq", "çilik-çilik", "şüşə", "əsrdən-əsrə", "şüşə", "guşə" və "Şuşa" ifadələri yetərincə fərqli mövqedən müəllifin idioüslubunu ortaya qoyur. Onun istifadə etdiyi məzmun və formal linqvistik xüsusiyyətlər sənətkarın dilinin ifadə üsullarını unikal şəkildə şeir mətnində təcəssüm etdirir. Elə buradaca qeyd edək ki, "idioüslub"la "idiolekt" terminləri bir-biri ilə uyğunluq təşkil edir. Bədii ədəbiyyat nəzəriyyəsində onların fərqi aşağıdakılardan ibarətdir. İdiolekt dedikdə, biz müəyyən müəllifin xronoloji ardıcıllıqla yaradılmış bütün mətnini nəzərdə tuturuq. İdioüslub dedikdə isə, müəyyən müəllifin dominant və konstant olaraq dərin mətn yaratmasının bütövlüyünü nəzərdə tuturuq ki, onlar (yəni bu mətnlər) ardıcıllıqda nəzərdən keçirilir.

Təbii ki, idioüslub müəllif yaradıcılığının qəlbinin döyüntüsüdür. Ələkbərin fərdi üslub xüsusiyyətləri onun bütün ömrü boyu formalaşmışdır. Onun yaradıcılığında ritm hissi təhkiyənin tempini tutmağa kömək edir, onu kənar istiqamətlərə sapınmadan hifz edir. İdiolekt və idioüslub anlayışları tədqiqatçılar tərəfindən müxtəlif cür izah olunduğuna görə müvafiq olaraq dil anlayışları ilə, mətn və "dil şəxsiyyəti" ilə müxtəlif cərgə münasibətlərində olurlar ki, bu da onları son dövrlərdə linqvistik poetikanın maraq dairəsinə yaxınlaşdırır.

Hazırkı dövrdə idioüslubun nəyi ehtiva etməsi daha geniş kontekstdə çeşidli baxışlarla zənginləşdirilir. Bəzi alimlər onu "nitq diapozonunun yenidən təcəssümü" və "yaradıcılığın strukturyaradıcı nüvəsi" kimi nəzərdən keçirirlər. Bu tipli idioüslubu Ə.Salahzadənin "Qorxu günü" şeirində biz, nəinki nümunənin struktur-kompozisiya elementlərində, həm də hər bir sözün, ibarənin özünün sırf fərdi tədqimatında nəinki görürük, sanki hər bir sözə dərindən nəzər salıb, onda hansı emosional-ekspressiv yük daşıdığının şahidi oluruq:

 

Bir bax,

öndə yıxıb səni

gendə vurub yıxdığın gün!

Qorxma-qorxma,

yola çıxıb

gələr, gələr qorxduğun gün!

Qayçılanar yal quyruğun

saqqalını qırxdığın gün.

Yeridikcə

yaxınlaşır,

yəqinləşir qorxduğun gün.

 

Ələkbərin şeirlərinin idioüslubu, ilk növbədə, onun əsərlərində istifadə etdiyi leksik, semantik, söz yaradıcılığı imkanları ilə bağlıdır. Ümumiyyətlə, poeziyada "Qorxu günü" adlı mövzuya biz, nəinki Azərbaycan, həm də dünya şairlərinin yaradıcılığında bəlkə də rast gəlməmişik. Onun yaradıcı təfəkküründə, poetik dilində, poetik mətnlərində, poetik idiolektində və idioüslubunda iki mühüm yanaşmanı qeyd etmək olar. Birinci onunla bağlıdır ki, burada idiolekt və idioüslub öz aralarında "Məna-Mətn", yaxud triada yaradan "Mövzu-Fərd" ifadəetmə priyomları-Mətn" şəklində təsvir oluna bilər. Burada mətn səthində bir-biri ilə dil faktoru ilə bağlı olan çoxsaylı yanaşmalar öz funksional kökləri ilə "dil yaddaşı" və müəllifin "genetik linqvistik təfəkkürü"nə gedib dirənir ki, nəticədə Ə.Salahzadənin poetik aləmini yaradan və təşkil edən "qorxu" sözünün və onunla bağlı leksik və semantik çevrənin invariantlarının ierarxik sisteminə bağlı olur. Elə buradaca qeyd etmək yerinə düşər ki, idioüslub və idiolekt anlayışları V.V.Vinoqradov, M.M.Baxtin, Y.N.Tınyanov, L.S.Vıqotski və başqa bu kimi rus alimlərinin elmi yaradıcılığında çeşidli yönlərdən nəzərdən keçirilmişdir. Y.N.Tınyanov və L.S.Vıqotskinın əsərlərində idioüslubun bütöv təsviri funksional dominant yanaşmada dərindən öyrənilmişdir. Onlara görə poetik idiolekt və idioüslub öz aralarında bir-biri ilə əlaqədə olan dominant və funksional sahələrdəki sistem kimi təsvir oluna bilər. Ələkbər Salahzadənin "Qorxu günü" adlı əsəri adi bir poetik nümunə yox, həm də dərin mifoloji, dini, fəlsəfi çalarları özündə ehtiva edir. Şairin hər bir kəsin onu yıxacağı günün yaxınlaşacağı, qiyaməttək qorxduğu günün onu haqlayacağı, ayağı altdan qaçaraq dar ağacının qurulan gününü özünəməxsus, fəlsəfi ifadələrlə verməsi onun mövzuya öz iduoüslubunda yanaşmasının bariz təzahürüdür. Ələkbərin yaradıcı baxışlarında yer almış mətnlərdə müxtəlif mətn parametrlərindəki semantik ekvivalentlik münasibətləri özünü təsvir olunan situasiyanın strukturunda, konsepsiyanın vahidliyində, kompozisiya prinsiplərində, mətndə yer almış səslərin və ritmik sintaktik baxımdan təşkilində görmək mümkündür. "Qorxu günü" şeirində "gün" leksemi 8 dəfə, "qorxduğun" və "qorxma" ifadələri isə 6 dəfə təkrarlanmaqla, Salahzadə mətninin idioüslubunu əks etdirməkdədir. Mətnin səs təşkili yaxın səslənən sözlər arasında qurulmaqla kifayət qədər çeşidli ekspressiv məna çalarları qazanır. Nəticədə uyğunluq və səslərin qarışıq semantik plandan semantik səsə keçidi baş verir. Bundan başqa, sözün (yaxud sözlərin) ritmik-sintaktik yaddaşı özündə Ələkbərin fərdi "qafiyə yaddaşı"nı əks etdirir ki, bu da onu kombinator və səs yaddaşı ilə bağlayır, nəticədə bunların hamısı sabit ritmik-sintaktik formullar söz, sintaktik, ritmik və metrik (Ə.Salahzadənin şeirinin öz struktur-kompozisiya sisteminə uyğun olaraq) sistem yaradır.

Heç təsəvvür etmək olmur ki, Ələkbər kitablarına yyerləşdirdiyi adları, bölmələri, rubrikaları hardan seçmiş, hardan tapmışdır. Onlardan biri də "Fevral-1966"da yer almış "Kimin kimdən xəbəri var" bölməsidir. Burada toplanmış "Mən böldüm bu dünyanı", "Öncə...", "Yer üstü, yerin altı", "Gələcək", "Diş", "Bir də gördün...", "Son", "Qaranquş yazı", "2x2", "Gecələr göy", "Baxırsan - görmürsən", "Kimin kimdən xəbəri var", "Qırılan ağacın qolu", "Yarımada", "Hesablayın məni, hesablayın", "Damla", "Xəyal mahnısı", "Saman çöpü", "Tənha qoca ölümü" (poema) və s. kimi şedevrlər yer almışdır. Ələkbər Salahzadə bütün şeirlərində və poemalarında, onlardakı təqdim etdiyi həyat baxışlarında, dünya duyumunda daim özündən böyük və müdrik görünüb. O, sanki uşaqlıq və gənclik illərini də yaşamayıb. Hardasa bu real dünyadan perik duşüb, irreal dünyada qərar tutub. Bunu biz "Öncə..." şeirinin məzmununa baxdıqda daha aydın görürük:

 

Öncə kökdü ağac,

gövdədi, budaqdı,

sonra da heyvadı, almadı.

 

...Öncə insandı adam.

sonra da insandı,

lap sonra da yapondu, çexdi, almandı.

hinddi, ərəbdi, ispandı...

Öncə insandı adam,

lap sonra da insandı!..

 

Gördüyümüz kimi, Ə.Salahzadə insanla adam arasında yetərincə fərqlər qoyur. Onun baxışlarında adam insan olana qədər uzun bir yol qət edir. Get-gedə adam ictimai varlıq olub, təfəkkür və düşüncə daşıyıcısına, ictimai-tarixi fəaliyyəti və mədəniyyəti ilə varlığın mühüm subyektinə çevrilir. O, uzunmüddətli bir zaman kəsiyində təkamül prosesində və antropogenezdə bioloji baxımdan inkişaf edir. Buna görə də şair insanın inkişafını onun sosial-mədəni bacarıqlarının və mənəvi-əxlaqi keyfiyyətlərinin imkanları kimi nəzərdən keçirir. Odur ki, şairin fikrincə, kök ağaca, gövdəyə, budağa çevrilib bar verdiyi kimi, insan da adam kimi doğulduqdan sonra insan olmağa qədər yol qət etməyə borcludur.