Menu
Национальная Академия Наук Азербайджана
Институт литературы имени Низами Гянджеви

ПОИСКИ. ИССЛЕДОВАНИЯ

Печальная ирония писателя Анара - Тегеран Алишаноглу

02-05-2024 [ 14:38 ] [ прочитано:27 ]
printerA+ | A-

1. Bir neçə ay öncə yazıçı Anarın son yaradıcılığına dair, yazıçının "Azərbaycan" jurnalında çap olunmuş "Əcəl" povesti (2023, № 9) üzərinə akademik Nizami Cəfərov dəyərli bir məqalə ilə çıxış etdi: "Qırmızı limuzin"in mistikasından "Əcəl"in realistikasına" ("Ədəbiyyat qəzeti", 28 oktyabr 2023)

Bir-birinin "ideya-məzmun" davamı, "və quruluş-kompozisiya qaynağı" kimi aldığı "Qırmızı limuzin" hekayəsi (1991), "Təqib" ssenarisi (2007) və "Əcəl" povestinin (2023) altqat bağlarını bircə-bircə, təfsilən çözməklə yanaşı (Qeyd etmək lazımdır ki, povestin "Qırmızı limuzin" hekayəsi və "Təqib" ssenarisi əsasında qələmə alındığını yazıçı özü vurğulayır), məqalədə akademik ümumən Anar nəsri barəsində bəzi yeni fikirlərini də bölüşdü. Bu, yazıçı Anarın son dövr nəsrinə diqqəti daha da artırdı.

2. Akademik yazır: "Hərdən mənə elə gəlir ki, "Qırmızı limuzin" - "Təqib" - "Əcəl" əsəri hər bir təzahür üçün 15 il tələb olunmaqla yazıçının yaradıcılığının 45 ilini əhatə edir. Və keçən əsrin 70-ci illərinin ortalarından başlayan bu 45 illik yaradıcılıq axtarışları üçün strateji təmayül, görünür, realizmin müxtəlif modern metodlar hesabına zənginləşdirilməsindən ibarətdir. Xüsusilə o baxımdan ki, "Qırmızı limuzin" hekayəsindəki (və ümumiyyətlə, Anar yaradıcılığının 70-ci, 80-ci illərə düşən dövründəki) sürrealist gərilmələr yeni əsrin əvvəllərində ("Təqib" dövründə) zəifləyir, bir qədər sonra isə Anarın təcrübəsində, demək olar ki, bütün modernist axtarışları açıq-açığına realizmin xidmətində görürük" (N.Cəfərov, "Qırmızı limuzin"in mistikasından "Əcəl"in realistikasına" - ƏQ, 28 oktyabr 2023) 

Maraqlıdır ki, yazıçı Anarın son illərdə yazdığı bir sıra hekayələr: "Təhminənin son sirri" (ƏQ, 13 noyabr 2021), "Kəbirlinskinin son etirafı" (ƏQ, 17 iyun 2023), "Balaca" Fuadın son xahişi" də (ƏQ, 18 noyabr 2023) həmin bu ideya-estetik ərazidəndir və akademikin gəldiyi qənaətləri təsdiqləməklə, bir daha sorğulamağa da meydan verir. 

3. XXI əsrlə birgə bizdə dekonstruksiyalar dövrü başladı. Bu yolla bir çox klassiklərin irsini - Dədəm Qorqudu və Koroğlunu, Nəsimini və Füzulini, Vaqifi və Mirzə Fətəlini, Mirzə Cəlili və Mirzə Ələkbər Sabiri, Səməd Vurğunu və Rəsul Rzanı, İsmayıl Şıxlını və İlyas Əfəndiyevi, Anarı və Elçini... - yaxşı-pis, uğurlu-uğursuz, incə-dürüst, ya kobud-qaba, Günün reallığına çıxarmağa cəhdlər oldu. Nə qədər əcaib-qəraib görünsə də, neçə və necə etirazlar doğursa da, bu da klassikanı günümüzə çağırmaq-çalışdırmağın, utilitə cəmiyyətinə alışdırmağın daha bir üsulu sayıla bilərdi. Elə bircə "Təhminə"nin son otuz ildə neçə dekonstruksiyaları obrazın necə diri, gündəm, kreativ olduğunu xəbər verdi...

Anar "eqoist" yazıçıdır; klassik mətnlərini sonrakı "talanlara" buraxmayıb, son əsərlərində özü Günə çıxarmağa başladı: "Şəhərin yay günləri"ni "Şəhərin qış gecələri"nə; "Ağ liman" və "Beşmərtəbəli evin altıncı mərtəbəsi"ni "Təhminənin son sirri"nə; "Dantenin yubileyi"ni "Kəbirlinskinin son etirafı"na; "Macal" və "Gürcü familiyası"nı "Balaca Fuadın son xahişi"nə, "Qırmızı limuzin" və "Təqib"i "Əcəl"ə "dekonstruksiya" elədi. Zatən vaxt var ikən niyə sonraya bel bağlayasan; bir halda ki, yazıçı öz obrazları, qəhrəmanları, personajları üzərinə bu qədər narahat, nigaran, "son" taleyinə həssasdır...

4. Yazıçı Anarın "dekonstruksiyalar"ı dahiyanə sadə və akademikin vurğuladığı kimi, realistcəsinədir; qəhrəmanlarını, personajlarını, onların mühitini mövcud (əvvəlki) mətnin "sirli" aurasından qoparıb, bugünlə üz-üzə qoyur. Bir baxın: "Tabutu sağ tərəfdən daşıyan maskasını çıxartdı. Bu, Murtuz Balayeviç idi: - Sən kiminlə belə danışırsan? - deyə polisin üstünə qabardı - Mən polkovnikəm. Onun arxasındakı kişi də maskasını çıxartdı: -Mən də KQB-nin mayoruyam - dedi. Dadaş idi. Sol tərəfdəki kişi də maskasını çıxartdı. Polis rişxəndlə: -sən də generalsan yəqin, - dedi. Səfdər dayı: -Yox, mən kassirəm, - dedi..." (ƏQ, 13 noyabr 2021) Maskaları çıxarmaq zamanıdır, cənablar...

Bu yolla "Təhminənin son sirri"ndə heç "altıncı mərtəbə"nin də əzəlki olmadığını ("Evlərinə gəldi. Liftə girib altıncı mərtəbənin düyməsini basdı, lift hərəkətə gələndə yadına düşdü ki, sarımsaq almayıb. Geri qayıdıb evlərinin altındakı dükandan sarımsaq almaq istədi, amma elə bu an lift gəlib altıncı mərtəbədə - onların mənzili olan mərtəbədə dayandı, qapılar açıldı..."), Firəngizin də bir zaman tanıdığımız olmadığını ("Uzaq gəncliklərində, təzə evlənəndə Firəngizin səsi çıxmazdı, kimsə onu dindirəndə qıpqırmızı qızarar, sanki danışmağa söz tapmazdı. İndi maşallah elə bil dilotu yeyib..."), qadın düşkünü Spartakın da yüz səksən dərəcə dəyişib, Firəngizin "kəntoş, qulluqçu, xalabacı" dediyi, "özündən otuz yaş cavan Qızbəs"ə evləndiyini ("Başımın tükü sayı qadınlarım, sevgililərim olub. Hamısı da bir-birindən gözəl, indi mənim bu yaşımda mənə qadın yox, arvad lazımdı..."), Məmməd Nəsirin də "ölümsüz" olmadığını ("Aman Allah, Məmməd Nəsir də ölərmiş...") görürük. Heç Zaur da ("İllərdi başqa bir həyatla yaşayırdı və o həyatdan bu həyatda heç bir iz, soraq qalmamışdı. Amma indi..."), "xalqımız" da ("Çox nizam-intizamlı xalqımız var, - deyə düşündü. - Bütün deyilənlərə riayət edir...") əvvəlki deyil, təbii ki zəmanə də: "O da ağlına gəldi ki, son zamanlar viruslar haqqında düşünəndə onları şüurlu məxluq sayır və ona elə gəlir ki, bu şüurlu məxluqlar şüurlu surətdə insanlığı məhv edib planetə hakim olmağı qərarlaşdırıb, bu qərarı həyata keçirirlər..." (ƏQ, 13 noyabr 2021)

5. Yazıçı Anarın "realistikası"na söz yox; bir zaman qəhrəmanları, bu əhvala "yuxu əhvalı" demək mümkün isə: yuxu və gerçəklər, heçlik və varlıq, iç (ekzistensial) və dış (ictimai) dünyaları arasında vurnuxub-yaşayırkən, indilərdə onları olan-qalan ekzistensiyadan-"sirr"dən də məhrum edir. Yəqin ki, yazıçının son hekayələrində "son" problematikasına diqqət etmisiz: "son sirr", "son etiraf", "son xahiş" (hələ mətnə səpələnmiş dəfələrlə "son" vurğularını demirəm) - Anar qəhrəmanlarını sonda soyuqcasına ölüm (Əcəl) faktı-faktoru qarşısında qoyur. Bu ki, son hekayələrdə hər şey gerçəklərin (bəlkə elə "ekzistensial yalanlar"ın da) xeyrinədir: "Nə ölümdən qorxmaq ayıb, nə də düşünmək ölümü" ("Əcəl"in epiqrafından)...

6. Razıyam ki: əsas məsələlərdən birisi "Anarın böyük bir yazıçı-mütəfəkkir olaraq bütün yaradıcılığı boyu üzərində düşündüyü insan konsepsiyası"dır (N.Cəfərov, "Qırmızı limuzin"in mistikasından "Əcəl"in realistikasına" - ƏQ, 28 oktyabr 2023) və konkret halda ("Əcəl"də, həm əlavə edək: son hekayələrində) "...qəhrəmanının bir obraz-konsept olaraq ideya-estetik dəyəri (və müəllifin yaradıcılıq hünəri!) ədəbiyyatın ictimai idealları mövqeyində dayanıb mövcud mənəvi-ruhi kataklizmlərin formalaşdırdığı "insan subyekti"ni, fərdi psixoloji yaşantıları, hərəkət və tərəddüdləri cəsarətlə mühakimə predmetinə çevirməsindədir..." (N.Cəfərov, "Qırmızı limuzin"in mistikasından "Əcəl"in realistikasına" - ƏQ, 28 oktyabr 2023) Üst(ün) plankada məhz belədir: Spartakın, Zaurun, Feyzulla Kəbirlinskinin, Oqtayın, Fuadın, Osmanın... düşdüyü (yeni) situasiya, zaman, mühit də elə bunu deyir, bu "mühakimələr"ə yol açır. Bu - məsələnin ictimai-sosial tərəfidir; ekzistensiyasına ("sirr"inə) varsaq, indilərdə burda axı Anarın kədər-nisgil-"mühakimə" qarışıq ironiya acısını da duymamaq olmur...

7. Nə imiş axı Təhminənin "sirr"i? Zauru "bir ömür" incidən, əslində, ömründən edən ("Bu etirafın bir ömür gecikdiyini düşünürdü. Bəlkə bunu vaxtında dərk etsəydi, tamam başqa bir həyat yaşayacaqdı..."), və təkcə Zaurumu?, bəlkə (həyatda) neçə oxucu nəslini də məşğul edən, çaşdıran, suallara qərq edən, hətta (ədəbiyyatda) neçə və necə "dekonstruksiyalar"a yol açan "sirr" nə imiş görəsən? Spartak etiraf edir: "Çox-çox üzr istəyirəm, bunu da deməliyəm. Ona yanaşdım, çiyinlərindən yapışdım, özümə tərəf çəkmək istədim, anında dartınıb qollarımın arasından çıxdı. Məni məzəmmət də eləmədi, ancaq bir söz dedi: - Gedək şəhərə..." (ƏQ, 13 noyabr 2021) Demə, hər cür gümanlara rəğmən, Spartakla Təhminənin arasında ciddi nəsə yoxmuş. Bu qədər.

Yadımızdasa, "Gürcü familiyası" hekayəsinin (və "Gün keçdi" filminin) qəhrəmanı Əsmər də Moskvadan ilk sevgisinin havasına Oqtayı görməyə gələndə aralarında ciddi nəsə olmur; bu məqamı "Balaca" Fuadın son xahişi" hekayəsində Oqtay bir daha yada salır: "Və yalnız bir gün - Oqtayın ad günü ərəfəsində qəfildən uçub Bakıya gəldi - Oqtayı təbrik etməkçün. Bütün günü bir yerdə olsalar da, aralarındakı bu qeyri-müəyyən münasibət, zamanın, ictimai mövqelərin, həyat tərzinin yaratdığı sədlər aşılmadı..." (ƏQ, 18 noyabr 2023)

Və hətta sanki "sədlər aşıldığı" yerdə belə; "Əcəl" povestində belə bir an var: "Ayağa durub qolunu Allanın boynuna dolamaq istədi. Alla ehmallıca, amma qətiyyətlə geri çəkildi. - Lazım deyil, - dedi. - Heç nəyi qaytarmaq mümkün deyil, - susdu..." - "sirr" əzəldən yox imiş: "Osman Allanın hər enişinə-yoxuşuna, hər dikinə-çökəyinə bələd olduğu bədəni haqqında düşünür və onu da düşünürdü ki, bu bədənə nə qədər bələd imişsə, bu ruha da bir o qədər nabələd imiş..." ("Azərbaycan", 2023, № 9, s. 40)

Əlbəttə, oxucularını az qala yarım əsr belə uzun intizarda qoyan bu "sirr"də bir qədər utilizə də var. Amma o da danılmazdır ki, mental qadın həqiqətinə həssas Anar qələmi onu heç vəch ucuzlaşdırmağa şans vermir.

8. Bəs Kəbirlinskinin kədəri? Hələ "Dantenin yubileyi" povesti (və eyni adlı filmdən) bilirik ki, Feyzulla Kəbirlinskinin həyatı "yuxu" içində, "yuxu" kimi keçmiş, elə ölümqabağı son etirafını da yuxuda edir: "Düşündü ki, Eldara bunu mütləq deməlidir. İndi də deməsə haçan deyəcək? "-Eldar, bilirsənmi mən sənin atan deyiləm. Sənin atan məşhur alim İsgəndər Muradəliyevdir. Anan yazıqla avtomobil qəzasında həlak oldular. Sən körpəydin, salamat qalmışdın. Səni Həcər xalanla biz böyütdük". Eldar gözünü qırpmadan: "-Təzə xəbər! - dedi. - Mən bunu çoxdan bilirəm". "-Bilirdin?" "-Əlbəttə, amma mənim atam sənsən, anam da Həcər..." (ƏQ, 17 iyun 2023) Demə, Kəbirlinskinin "sirr" bildiyi, bütöv bir ömür əritdiyi gizlini özündən başqa hər kəsə bəlli imiş... Üstəlik, daha bir "yuxu əhvalı": "Sonra Eldar qəfilcə: -Mən həmişə səninlə qürur duymuşam, - dedi" (yenə orada). Anar yaradıcılığında bütün "sirr"lərə açar olan "yuxu" poetikası indi hər yerdə gerçəklərin (realistikanın) xeyrinə işləyir...

9. Həmişə belə fikirləşmişəm ki: "Macal"da və ümumən də Anarın "Macal"dan sonrakı yaradıcılığında ekzistensial olan həmişə ictimai-sosial olana uduzur. Oqtaydan sonra "Balaca" Fuad da bu həqiqəti yaşayır, bu məqama gəlir və bu yerdə yazıçının gur, sürəkli, acı və şaqraq qəhqəhələri başlayır, dayanmaq bilmir, ta "Əcəl"əcən: "Uzun zaman gülür, toxtaya bilmirdi. Maşından düşən cavan oğlan əlindəki qəzeti kənara atıb gülən adama baxır, təəccüblənirdi, "görəsən, qəzetdə nə belə məzəli əhvalat yazılıb ki, bu yaşlı kişi belə qəhqəhə çəkir, ugunub gedir?" (ƏQ, 18 noyabr 2023). 

"Balaca" Fuad Anarın "Macal" povestindən tanıdığımız Fuaddır; məşhur memar "Fuad Salahlıdan fərqləndirmək üçün hamının "balaca Fuad" adlandırdıqları Fuad Mehdiyev". Povestdən yadımızdadır ki, "Balaca Fuad" heç də müəllimi Fuad Salahlının deyil, onun rəqibi Şövqü Şəfizadənin yolunu tutur, qızı Rumiyyə ilə evlənir, kürəkəni olur və habelə kreslosuna sahib çıxır. Üstündən vaxt keçmiş, qəhrəmanlar yaşa dolmuş, hər iki korifey həyatdan köçmüş, hətta Fəxri Xiyabanda: "Təsadüfənmi, ya bilərəkdənmi, Şövqünün heykəli və Fuad Salahlının qabartma-portreti əks istiqamətdə baxırdılar, elə bil bir-birindən üz çevirmişdilər..." (ƏQ, 18 noyabr 2023)

Hekayədə belədir ki, vaxtilə "Şövqünün, ondan sonra da Fuadın sürücüsü" olmuş Qasım, "bu yaşı ötmüş, amma peşəsindən əl çəkməyən kişi indi Oqtayın sürücüsü"dür, Rumiyyənin və Fuadın təkidi ilə, Oqtaydan Fuadı qəbul etməsi üçün görüş saatı alır. Bir zaman ("Macal" povestində) Oqtay müəllimləri Fuad Salahlının ölümünə rəsmi Nekroloq xahişi ilə Fuadın qəbuluna düşmək istəmişdi; indi (hekayədə) əksinədir. Yeni hakimiyyətin, Xalq Cəbhəsinin hökmranlığı dövrüdür, köklü dəyişmələr gedir, kimsə Şövqü Şəfizadənin adını daşıyan küçənin adını Fuad Salahlıya dəyişib: "İncimə, Fuad, axı çoxları Fuad Salahlının başına gələnlərdə, yəni sağlığında heç bir layihəsinin tikilməməsində Şövqünün barmağı olduğunu düşünür" (yenə orada). Fuadın "son xahiş"i bundan ibarətdir ki: "heç olmasa, yaşadığı evin divarından Şövqünün xatirə lövhəsini çıxarmasınlar. Yoxsa Rumiyyə buna dözməz. Ürək xəstəsidir. Qəzetdə Şövqü haqqında yazılanları ondan gizlədirəm..." (yenə orada)

Hakimiyyətlər dəyişir, hakimiyyətin münasibəti isə heç vəch dəyişmir: "Oqtayın otağından qarışıq hisslərlə çıxırdı. Bir yandan, Oqtay sözünü yerə salmamışdı, hətta Şövqünün xidmətlərini qeyd etmişdi. O biri tərəfdən, tam əminlik də yoxdu ki, Oqtay istəsə belə bunun qarşısını ala biləcək; "hər halda Rumiyyəni bir az sakitləşdirə bilərəm" (yenə orada)

10. Fərd və cəmiyyət, insan və mühit məsələsi. Bu barədə akademik Nizami Cəfərovun qənaətlərinin sonrasına da tam şərik oluram: "...həmin mühakimələrində getdikcə daha davamlı şəkildə fərdi "kor dalan"a sıxışdırmaqda olan yeni sosial-iqtisadi münasibətləri ittiham etməklə Anar məhz fərdin (İnsanın!) müdafiəsində dayanır ki, bu, heç şübhəsiz, böyük ədəbiyyatın (və əsl yazıçının) missiyasıdır" (N.Cəfərov, "Qırmızı limuzin"in mistikasından "Əcəl"in realistikasına" - ƏQ, 28 oktyabr 2023)

"Yeni sosial-iqtisadi münasibətlər" "Təhminənin son sirri" hekayəsində də var; az qala bütün İçəri şəhəri əlinə alıb: "Binanın qarşısında Zərdabi mağmın-mağmın oturmuşdu. Daha doğrusu, Zərdabinin hələ o vaxtlardan qalan heykəli. İndi bu binada nəşriyyat-filan yoxdu. Restoran açmışdılar burda. Zaura elə gəldi ki, Zərdabini də burda restoranın qapıçısı kimi saxlayıblar - gəlib-gedənləri qarşılayıb yola salsın..." (ƏQ, 13 noyabr 2021). Bu isə Məmməd Nəsirin bacısı oğlu Rizvandır, ölümündən qırx günü gözləməyib biznesini inkişaf etdirməyə tələsib: "Bu evi də mənə özü vəsiyyət eləmişdi. Axı məndən başqa heç kəsi yoxdu. Mənim Nardaranda bir balaca dükanım var. Oranı da saxlamışam, amma dedim şəhərdə də bir balaca dükan açım. Savab işdi. Dayımın da ruhu şad olar..." (yenə orada)

Yeni zamanların abhavası "Kəbirlinskinin son etirafı" hekayəsində xəstəxana mühitinin ağır nəfəsi ilə öz aləmində olan baş həkimin laqeyd, toxdaq, biganə münasibəti arasındakı kontrastda da özünü göstərir ("Baş həkim cavab vermədən başıyla razılıq işarəsi verdi, sonra telefona: - Yox əşşi? - deyə şaqqanaq çəkib güldü"). "Balaca" Fuadın son xahişi" hekayəsində isə köhnə bürokratik sistemin "inqilabi" şəkildə qabıq dəyişməsinin şahidi oluruq: "Qafur Əhmədli, ardınca da çiyni avtomatlı yekəpər bir kişi qəbul otağına daxil oldular. Qafur Əhmədli Fuada gözucu baxdı, tanısa da tanımamış kimi, ağızucu salam verib tələsik otağına keçdi. Amma onunla gələn saqqallı kişi, - güman ki, Əhmədlinin cangüdəni idi - Fuadı tanıdı... "-Həri, Zeydullayam da. Görürsən də, Fuad yoldaş, - yoldaş sözünü açıq istehzayla dedi, - kiminin əvvəli, kiminin axırı". Fuad -Bəli, elədir, - dedi, Əhmədovun cangüdənisən? "-Həri, qardaşım oğluyla qonşudu Qafur bəy, məni işə götürdü, canı-başı sağ olsun, partiyasına da üzv elədi..." (ƏQ, 18 noyabr 2023)

"Əcəl"də yeni sosial-iqtisadi formasiyanın "köhnə dünya" üzərinə total həmləsi artıq başa çatmışdır; qocaman jurnalist Osman Həsənoğlu bir yandan iş yerində, "vicdanlı jurnalistika"dan sıxışdırılır, yerinə "şou əhli" gəlir ("-Əzizim, yazılarla və fotolarla Qarabağı qaytarmaq olmaz. Oxucu da bu dəhşətləri eşitməkdən, görməkdən bezib. Camaat başını qatmaq, əylənmək istəyir. Onsuz da hərənin öz qayğıları, dərdi-səri yetərincədir..." - "Azərbaycan", 2023, № 9, s. 29), digər tərəfdən təzə qonşusu, yeni "burjuaziya"nın nümayəndəsi Mehman İmanov İçəri şəhərdə, evinə sahib çıxmaq, israrla onu satmağa razı salmaq həvəsindədir; həm də ən munis duyğularına məhəl belə qoymadan ("-Necə izah edim sizə? Bura mənim ata-babalarıma aid son xatirə yeridir. Burda babam yaşayıb, atamı burdan sürgünə aparıblar, heç bilmirəm qəbri də hardadır. Anam burada vəfat edib. Mənim nə yaxın qohumum qalıb, nə oğul-uşağım var. Mən də burda öləcəm. Məndən sonra bu otağa da sahib olarsız..." - "Azərbaycan", 2023, № 9, s. 34)

Akademik haqlıdır: "Oxucuda belə bir inam yaranmaya bilməz ki, Mehman əvvəl-axır öz məqsədinə nail olacaq, aldığı mənzilin sonuncu otağını da ələ keçirəcəkdir. Çünki onun iddiaları, hökmü Osman kimi yalnız bir fərdə məxsus hadisə deyil, dövrün, zamanın iradəsini əks etdirir..." (N.Cəfərov, "Qırmızı limuzin"in mistikasından "Əcəl"in realistikasına" - ƏQ, 28 oktyabr 2023) Kədərli olan da elə budur.

Yazıçı Anarın ironiyası dərinlərdən - Molla Nəsrəddin gülüşündən, Füzuli kədərindən gəlir, Mirzə Cəlil təpərindən, Sabir satirasından güc alır. Bu, özünə-ironiyadır, özümüzə ironiyadır. 

11. Anarın realistikasına dair daha bir qeyd. Akademik İsa Həbibbəyli Anarın yaradıcılığını "Yeni realizm - neorealizm" ədəbi cərəyanına aid edir (bax: İsa Həbibbəyli, "Çoxmetodlu ədəbiyyata keçid və yeni ədəbi cərəyanların formalaşması prosesləri" - Poetika.izm, 2023, № 1, s. 9) Akademikin ardınca, mən də Anar başda olmaqla Azərbaycan "yeni nəsri"ni vaxtilə "neorealizm"ə yozmuşam ("Azərbaycan yeni nəsri bədii metodu, tipologiyası etibarilə XX əsrin neorealist tipli ədəbiyyatına daxildir" - bax: T.Əlişanoğlu, Azərbaycan "yeni nəsr"i, Bakı, "Elm", 1999, s. 68); bu təriqlə ki, "neorealizm" XX əsr modernist cərəyanlarından birisidir. Anarın son hekayələrini oxuyarkən, o da mənə maraqlı gəldi ki, qəhrəmanlarının "həyatı" əsasən 1990-cı illərdə bitir, sonrası ya "əcəl" gəlir, ya da "dekonstruksiya"... Bu açıdan akademik İsa Həbibbəylinin yaxınlarda elmi məclislərdən birində səsləndirdiyi daha bir fikir yadıma düşür. Azərbaycan modernizminin ədəbiyyatımızda yeri və sərhədlərini müəyyən etməyə çalışan akademik bu cərəyanı 1960-1990-cı illər arasında gördüyünü bildirdi; platforması, təmərküz nöqtəsi və ruporu kimi isə Anarın "Qobustan"ını hesab etdiyini söylədi. Hərçənd bu artıq başqa əhvalatın mövzusudur...

https://edebiyyatqazeti.az/news/edebi-tenqid/11619-yazici-anarin-kederli-ironiyasi