Menu
Национальная Академия Наук Азербайджана
Институт литературы имени Низами Гянджеви

ПОИСКИ. ИССЛЕДОВАНИЯ

Художественный образ Моллы Панаха Вагифа в Азербайджанской литературе - Айгюн Багирли

01-09-2021 [ 21:27 ] [ прочитано:63 ]
printerA+ | A-
101104

XVIII əsr Azərbaycan şairi Molla Pənah Vaqifin bədii obrazına Yusif Vəzir Çəmənzəminlinin “İki od arasında” əsərində, Səməd Vurğunun “Vaqif” pyesində, Yusif Səmədoğlunun adı çəkilməsə də, haqqında bəhs olunan şairin Vaqifin obrazının olmasına şübhə etmədiyimiz “Qətl günü”, Aqil Abbasın “Batmanqılınc”, Elçin Hüseynbəylinin “Yenə iki od arasında” romanlarında rast gəlinir. Vaqifin bədii obrazının yaradılmasının birinci səbəbi böyük şair, ictimai xadim Molla Pənaha hörmət və ehtiramdan doğurdusa, ikinci səbəb Çəmənzəminlidə XVIII əsr Azərbaycanının çətin və mürəkkəb ictimai-siyasi vəziyyətini, xanlıqlar arasındakı çəkişmələri göstərmək, Vurğunda taleyi taleyinə çox bənzəyən sələfinin simasında özünün və çağdaşlarının durumunu, öz dövrünün yaşanılan problemlərini əks etdirmək, Yusif Səmədoğluda isə zamanlararası əlaqəni göstərməklə dəyişən, amma əslində hər dəfə təkrarlanan tarixin acı həqiqətlərini bəyan etmək idi.

Yusif Vəzir Çəmənzəminli “İki od arasında” əsərini 1936-1937-ci illərdə cəmi dörd ay ərzində yazmışdır. Əsər ötən əsrin 50-ci illərində Əkbər Ağayev tərəfindən “Qan içində” adıyla xeyli ixtisarla nəşr edilmişdir. Romanın adının dəyişdirilməsinə səbəb professor Tofiq Hüseynoğlunun da dediyi kimi, iki odun - biri İrandırsa, digərinin Rusiya olduğunun asanlıqla anlaşılması idi. Əsərdə “iki od arasında qalmışıq” ifadəsi də məhz Vaqifin dilindən verilir. Səməd Vurğunun “Vaqif” əsərində isə eyni çıxılmaz vəziyyət İbrahim xanın dilindən eşidilir:

Bir yandan Türkiyə, bir yandan İran,

Ordan da Rusiya göndərir fərman...

Xanın məsləhətçisi, sarayda vəzir olan Vaqifin bir missiyası Qarabağ xanlığının timsalında doğma yurdu bu çıxılmaz durumdan xilas etmək üçün düzgün qərar vermək idisə, bir şair kimi, el içindən çıxmış el vəkili kimi həm də xalqı çətin vəziyyətdən usanan xanın qəzəbindən qorumaq idi. Biz “İki od arasında” əsərində Vaqifin dəfələrlə xalqı xanın, saray hökmlülərinin qəzəbindən qurtarmaq üçün müxtəlif yollar axtardığının şahidi oluruq.

Qarabağ xanlığı hər dəfə təhlükə ilə üz-üzə qalanda, məşvərətə ehtiyac yarananda başda İbrahim xan olmaqla bütün saray əyanları Vaqifin üzünə baxır, onun nə deyəcəyini, nə tədbir tökəcəyini gözləyirdilər. Əsərin əvvəlki nəşrlərində ixtisar olunmuş, son variantlarda isə bərpa olunan - Qarabağa yerləşdirilmiş ermənilərin çirkin siyasətini əks etdirən epizodların birində məlum olur ki, Qarabağda sığınacaq tapan erməni məlikləri Yekaterinaya Qarabağ xanından, onlara olunan “zülmlərdən” şikayət məktubu yazırlar. Bunu eşidən Vaqif saray əhlini məşvərətə yığır, uzun məsləhətlərdən sonra saraydakı rəsmi otağına çəkilib Yekaterinaya məktub yazır. Bu, o məktub idi ki, Peterburq sarayının Qarabağa qarşı tərtib etdiyi planı tamamilə dəyişir. Ermənilərin 1783-cü ilin mart ayında Peterburqa çatmış ərizəsinin üstünə knyaz Potyomkin-Tavriçeski “İbrahim xanı taxtdan salıb Qarabağda  erməni əyaləti düzəltməli” dərkənarını yazmışdı. Vaqifin yazdığı məktub eyni ilin aprel ayında Peterburqa yetişib Potyomkini əvvəlki qərarından daşındırır, “İbrahim xanın bizə qarşı bəslədiyi sədaqət rus çariçası üçün ən gözəl bir bacdır” deyə Qarabağ hökmdarına sifariş göndərir.

Bunu deməkdə məqsədimiz həm də odur ki, bu gün şairi bəzi tədqiqatçı və siyasətçilər Rusiyaya meyilli olmaqda ittiham edirlər.  Əslində Vaqifin bu “meyil və istəyi” Qarabağ xanlığını gözləyən böyük təhlükəni sovuşdurmaq məcburiyyətindən doğurdu.

“İki od arasında” əsərində diqqətçəkən maraqlı bir məqam var. Əsərboyu Vaqifə İbrahim xan, saray əhli, digər həmsöhbətləri axund, ağa, şair, aşıq deyə müraciət edir, onun haqqında məhz Vaqif deyə danışılır. Amma Qazaxdan Qarabağa qonaq gələn Vidadi Vaqiflə söhbətində ona Pənah deyə müraciət edir. Bu fərqli xitab diqqəti cəlb edir və çox keçmir ki, bu xitabın mənası anlaşılır. Belə ki, Vidadi Vaqifə bu dünyanın gözəlliklərinə, səfasına çox da bel bağlamamağı tövsiyə edəndə Vaqif onunla razılaşmayıb, “bu dünyanın əzabını” toy bayram biləndə, Vidadi gülümsəyərək “zöhd və təqva işinə gəlmir. Bir az da qocalarsan, ölüm qorxusu canına çökər, onda məsələnə Vaqif olarsan. Hələ Vaqif deyilsən, fəni dünyaya bel bağlayan Pənah oğlansan” deyir. Hamı üçün Vaqif olan Molla Pənah, Vidadi  üçün onda Vaqif olacaqdı ki,

Mən cahan mülkündə mütləq doğru halət görmədim,

Hər nə gördüm, əyri gördüm, özgə babət görmədim.

Aşinalar ixtilatında sədaqət görmədim,

Biətü iqrarü imanü dəyanət görmədim,

Bivəfadan lacərəm təhsili-hacət görmədim.

...Baş ağardı, ruzigarım oldu gün-gündən siyah,

Etmədim, səd heyf kim, bir mahi ruxsarə nigah,

Qədr bilməz həmdəm ilə eylədim ömrü təbah,

Vaqifə, ya rəbbəna, öz lütfünü eylə pənah,

Səndən özgə kimsədə lütfü inayət görmədim.

 - deyə yazacaqdı.

Molla Pənah Vaqifin yaradıcılığı Səməd Vurğunu hələ uşaq yaşlarından özünə aludə etmişdir. Təsadüfi deyildi ki, Səməd Vurğun Puşkinə həsr etdiyi “Şairin şərəfinə” şeirində yazırdı:

Axıtdım alnımın inci tərini,

Yanmadım ömrümün iki ilinə.

Rusiya şeirinin şah əsərini,

Çevirdim “Vaqifin şirin dilinə”.

Qeyd edək ki, şeirin IV misrası ilk variantda “çevirdim ilk dəfə türkün dilinə” olmuş, “türk” kəlməsinin işlədilməsinə qadağa qoyulduqdan sonra Səməd Vurğun da bu yasaq ilə barışmış və “türk dili” ifadəsini “Vaqifin şirin dili” ilə əvəz etmişdir.

Səməd Vurğunun Vaqif şeirinə olan münasibəti, Vaqif şeirinin Vurğun poeziyasına olan nüfuz gücü və bu poeziyanın mündəricə və istiqamətini müəyyənləşdirməsi ciddi maraq doğurur. Vaqif şeirinin ümumi poetik ruhu S.Vurğunun da yaradıcılıq əhvali-ruhiyyəsinə hopmuşdur. S.Vurğun Vaqif yaradıcılığına olan bu səmimi münasibətini həm lirikasının ümumi ab-havasında, həm şairin bədii obrazını yaratdığı “Vaqif” pyesində (əvvəllər “Şairin ölümü” şeirini yazsa da, bu, müəllifi tam qane etməmişdir), həm də məqalə və məruzələrində əks etdirmişdir.

Şair qeyd edirdi ki, Vaqif poeziyası Azərbaycan ədəbiyyatının bir əsrlik yolunu müəyyənləşdirmişdir. Onun çox təqlidçisi olmuş, amma ədəbiyyat tariximizdə Vaqifi əvəz edə bilən şair olmamışdır. S.Vurğun “Hər oxuyan Molla Pənah olmaz” - xalq deyiminin də təsadüfən yaranmadığını qeyd edir, Vaqif poeziyasının səciyyəvi xüsusiyyətlərini açır, dövrün ədəbi-mənəvi təkamülündə onun tutduğu mövqeyi çox düzgün müəyyənləşdirirdi. Şair qeyd edirdi ki, Vaqif xalq şeiri ilə yazılı ədəbiyyatı birləşdirib, Azərbaycan poeziyasına bir axıcılıq və sadəlik gətirib.

Səməd Vurğunun Vaqifin bədii obrazını yaratmaq ehtiyacını nə doğururdu? Bunun bir səbəbi şairə olan hörmət və ehtiramdan yaranırdısa, onu həm bir şəxsiyyət, dövlət xadimi, həm də bir şair kimi təbliğ etmək istəyi idisə, ikinci səbəb dövrün möhnətlərindən çəkdiyi əzabları ifadə etmək metodu idi.

“Şair, hökmdarın hüzurundasan!”  -  Bu sözlər təkcə Vaqifəmi aid idi? Təbii ki, yox! Bu həm də Vurğunun öz oxucusunu agah etmək üsulu idi. O, oxucusunu şairinin hökmdarın hüzurunda olmasından xəbərdar edirdi. Vaqif  XVIII əsrdə:

Alilər xaki məzəllətdə, dənilər mötəbər,

Sahibi-zərdə kərəm yoxdur, kərəm əhlində zər

İşlənən işlərdə ehkami ləyaqət görmədim.

- deyə zəmanəsinə bir etiraz, ədalətsizliyə, nizamsızlığa qarşı üsyan edirdisə (bu, artıq sarayların iç üzünü görmüş, indi azadlıq dünyası axtaran Vaqifin fəryadı idi) iki əsr sonra onun xələfi Vurğun daha kəskinliklə:

Nifrət! Qan çanağı taclara nifrət!

Var olsun azadlıq, bir də məhəbbət! - deyirdi.

Vaqif obrazının müəllifin özünü ifadə etməsi, şairin baxışlarını və yaşantılarını əks etdirməsi barədə bir çox tədqiqatlarda toxunulmuş və geniş bəhs olunmuşdur. Bununla bağlı  onu qeyd etmək istəyirik ki, əsərin elə parçaları var ki, Vaqifin adının yerinə Vurğunun ismi yazılsa, məna uyarlığına heç bir xələl gəlməz. Məsələn,

Vidadi:

Tükəzban! O saray qan ocağıdır,

Onun hər vüsalı hicran dağıdır.

Bir düşün Vaqifi, daima gülən,

Daima şadlanan o böyük hünər

Bəzən taleyindən şikayət yazır;

Səbəb? Saraylardır...

Yaxud yenə Vidadi:

Şairdir... qəlbi var, şirin sözü var,

Böyük bir ölkənin onda gözü var,

O ölsə... dağlar da dil deyib ağlar,

Əfv edin, yaxşılıq qalır yadigar.

Bu nümunələrin sayını daha da artırmaq olar. Göründüyü kimi, sadə, ruha yaxın şeirləri ilə Səməd Vurğunu hələ kiçik yaşlarından özünə aludə edən Vaqif 1938-ci ildə şairi başqa bir aspektdən maraqlandırmışdır. “Vurğun özü də bu zaman yeni bir Qacarla üz-üzə gəlmişdi. Böyük şair təzə Qacarın təqib, hədə və məzəmmətlərindən, xalqa, günahsız adamlara tutduğu divandan darıxır, qəlbində ona qarşı kin və qəzəbi artırdı.

Səməd Vurğun dili ilə deyə bilmədiyini, beynindən keçən qızğın etiraz və kini, yeddibaşlı əjdahanın xalqımıza tutduğu divan haqqında ürək sözlərini bu dramda deməyə çalışmışdır. Böyük Vaqifin düşdüyü çıxılmaz və çətin vəziyyət Səmədin vəziyyətinə çox yaxın idi. Çeşməkli Qacar öz sələfindən daha zülmkar idi”.

S.Vurğun tarixi həqiqətlərə öz dövrünün ictimai-siyasi hadisələri fonunda nəzər salmaqla, şair-psixoloq, şair-ideoloq, şair-filosof ampluasından çıxış edərək XVIII əsr Azərbaycanını təsvir etməklə həm də öz çağının yaşanılan problemlərinin  bədii şərhini verə bilmişdir. Ona görə də ovaxtkı ədəbi tənqid və ədəbiyyatşünaslıq haqlı olaraq bu əsər haqqında yazırdı: “Vaqif” draması ədəbi bir hadisə olmaqla bərabər, eyni zamanda siyasi bir hadisədir”.

“O, (Səməd Vurğun - A.B.) Vaqifin dili ilə şairin, dövlət xadiminin, xalq mənafeyi uğrunda mübarizin necə olması barədə öz fikirlərini verir”.

“Bu vaxtadək heç kəs Vaqifin vətənpərvərliyi, xalqın gözəl gələcəyindən xəbər verən arzuları, onun şəxsi və ictimai faciəsi haqqında bizə belə təsirli lövhələr göstərməmişdir”. Bu pyesin müəllifinə böyük şöhrət qazandırdığı, ədəbi proses tərəfindən razılıqla qarşılanması, uzun müddət teatr repertuarından düşməməsi, dövrünün ən yüksək mükafatına - Stalin adına dövlət mükafatına layiq görülməsi məlum faktdır. O da məlumdur ki, şair ədəbi tənqid tərəfindən həm də bəzi tarixi hadisələri (məs: İbrahim xanın obrazının həqiqətə uyğun olmayan şəkildə təqdimi) təhrif etməkdə ittiham olunurdu. S.Vurğunun bu obrazı tarixi cəhətdən birtərəfli yaratması tarixi faktları bilməməzlikdən irəli gəlmirdi. Şair bu əsəri yazana qədər Vaqifin həyatı və dövrü haqqında yaradıcılıq axtarışları aparmış, ilkin mənbələrə, arxiv sənədlərinə, bir çox tarixi əsərlərə müraciət etmiş, XVIII əsr Azərbaycanını bütövlükdə - ictimai-siyasi, ədəbi-mədəni, tarixi hadisələr fonunda dərk etməyə çalışmışdır. Mehdixan Vəkilov bu haqda yazır: “Vaqifin taleyi üzərində dramaturq uzun müddət düşünmüşdür. O, XVIII əsr Azərbaycan tarixinə, xüsusən Qarabağ xanlığına dair ədəbiyyatı böyük maraqla oxuyurdu. Səməd Vurğunun “Qarabağnamə”ni tapdırıb ona göndərməyi Heydər Hüseynovdan xahiş etdiyi və 1936-cı ildə Vaqifin dövrünə, həyatına, bütövlükdə Qarabağ xanlığı tarixinə dair Yusif Vəzirlə saatlarla söhbəti yaxşı yadımdadır. Biz belə başa düşürük ki, Səməd Vurğun İbrahim xanın simasında öz dövrünün hökmlülərinin obrazını yaratmaq istəyinə görə tarixi təhrif etməyə məcbur olmuşdur və görünür, bu hökm sahibləri, şeyx və təlxəklər əsərdə öz simalarını tanıdığına görə şairə təqib və təhdidlər də göstərmişlər. Məmməd Rahim şair haqqındakı xatirələrində yazır: “...Moskvaya səfərimizdən bir az əvvəl yuxarıda Səmədə hücum etmişlər. Demişlər ki, Vaqif dindardır. Qarabağda şəbigərdanlığı o, düzəltmişdir. Belə bir şairə sən pyes həsr eləmisən. Vaqifə olan bu amansız münasibət, bu cahilanə qiymət Səmədə çox pis təsir eləmişdi”.

Əsərin yazılmasından 70 il keçəndən - o illərin qorxu və xofu tam çəkiləndən sonra çağdaş ədəbyyatşünaslıq pyesin dəyərini belə xarakterizə edir: “Beləliklə də, “Vaqif” mənzum pyesi birinci növbədə həm də xalq mənəviyyatının, ana dilimizin cəmiyyət miqyasında parlaq qələbəsi idi. Bu keyfiyyətlərinə görə də 1930-cu illərin o çox ağır repressiya çağlarında Azərbaycan xalqının milli özünüdərki prosesində iki nəhəng əsər ölçüyəgəlməz dərəcədə böyük rol oynamışdı. Onlardan biri dahi Üzeyir Hacıbəylinin ölməz “Koroğlu” operası, digəri isə böyük şair Səməd Vurğunun kamil sənət əsəri olan “Vaqif” mənzum dramı idi”.

Maraq çəkən bir məqama toxunmaq istəyirik. Səməd Vurğunun “İnsan” əsərində ata Şahbaz üzərində çoxdan işlədiyi əsərini qanlı-qadalı müharibənin içində, düşmənin çevrəsində yazmağı davam etdirsə də, tamamlaya bilmir. Ölüm ayağında olan filosof yarımçıq qalmış əsərini əsir saxlandığı zirzəmidə dırnaqları ilə açdığı bir ovuqda gizlədir və “Ya oğlum tamamlar, ya da öz nəvəm” deyə gələcəyə öz mesajını ötürür. Və pyesin sonunda oğul Şahbaz atanın yarımçıq qalmış əsərini tamamlayaraq, “Qalib gələcəkmi cahanda kamal?” sualını cavablayır.

Zənnimcə, Vurğunun da “Vaqif” əsərində yarımçıq qalan bir məqam var. Vaqifin edam səhnəsi. Məlumdur ki, şair pyesin əvvəlki variantında əsəri Vaqifin ölümü ilə bitirmiş, ancaq sonradan bəzi təkid və təkliflərə görə final bir çox tədqiqatçıların da qeyd etdiyi kimi, süni təsir bağışlayan sonluqla tamamlanmışdır. Kim bilir, bəlkə də Yusif Səmədoğlu Kuteitsinin “xəbərdarlıq”, P.Rudyakovun “ağrılar”, “zamanların əlaqəsi” romanı adlandırdığı “Qətl günü” əsərində məmləkətin iki əsr əvvəlki tarixi keçmişindən bəhs edərkən edam olunan şairlə bağlı epizodla “Vaqif” pyesinin yarımçıq qalmış həmin sonluğunu tamamlamışdır:

“...Neçə gün əqdəm bu qaladan enib hökmdarın yanına gəlmiş və özləri ilə çox vacib məlumatlar gətirmiş iki saray şairinin bəxşiş, daş-qaş əvəzinə istədikləri ölümün vədəsi yetmişdi. Bu gün axşam, gün batanda, hökmdarın hüzurunda və bütün xəlqin gözü qabağında bu məmləkətin böyük şairini edam edib başını həmin o şairlərə verəcəkdilər. Hökmdar buna razılığını çoxdan vermişdi və hələ hökmdar heç bir zaman vədinə xilaf çıxmamışdı.

...Şairi edam yerinə qaldırdılar. O, gözlərini qıyıb əvvəl-əvvəl aşağıda, meydançanın ortasında taxtda əyləşmiş hökmdarı gördü... Sonra şair başını ağır-ağır endirib sərbazlara baxdı: Sağ tərəfdə dayanıb, qorxu içində şairin edamına tamaşa edən öz obalılarını - qocaları, qarıları, cavan oğlan uşaqlarını və nəhayət, ömrüboyu uca qamətlərini və ala gözlərini vəsf elədiyi gəlinləri, qızları görəndə gözündən bir damla da yaş axdı: bu damla da ağ deyildi, bu damla da qırmızı idi. Çünki şairin ürəyi od tutub yandı, şair bildi ki, qara telləri çiyinlərinə tökülüb məlul-məlul dayanmış, göz yaşları qurumuş bu gəlinlərin, bu qızların hər birinin bətnində indi neçə-neçə sərbaz toxumu var. Gözlərinə qırmızı yaş gəldi və şair ürəyində öz obalılarından halallıq istədi”.

Müstəqillik dövründə də Vaqifin bədii obrazına müraciət edilmişdir. Elçin Hüseynbəyli səkkizinci Qarabağnamə adlandırdığı “Yenə iki od arasında” romanında şairin obrazını yaratmışdır. Müəllif adından da göründüyü kimi, əslində Yusif Vəzir Çəmənzəminlidən bəhs edən əsərində sanki yazıçının “İki od arasında” romanının yazılma prosesini təsvir etmişdir. Romanda Molla Pənah Vaqif hazırcavab, müdrik obraz kimi verilmişdir. Məsələn, ...Ağaməhəmməd şah onları amiranə səslə dayandırdı.

“- Yox, hələ bir dayanın. Ona bir sualım da var. Mənim ağlar günə qoyduğum o Tiflisdə nə azarın var idi? Bəs bilmirsən ki, kafirlərə boyun əymək kitabımıza və Quranımıza ziddir?

- Bilirəm, axund Pənah təmkinlə cavab verdi.

- Deməli, bilirdin və bilə-bilə gedib onlarla ixtilat yapdın. Bizəmi qarşı?

- Həlbət ki, yox, sahibi ixtiyar.

- Bəs onda niyə, hiyyy!? Niyə görüşürdün?

- Kafirləri yaxşı tanımaq üçün onlarla görüşmək də, ixtilat da gərəklidir, şah...

- Şah!!! Hmmm... Aparın. Bir az da burda qalsa, mənə siyasətdən dərs demək istəyəcək. Onunla sonra danışarıq”.

Sonda qeyd edək ki, Molla Pənah Vaqifin obrazı təsvir olunan əsərlərdə şairi bir ictimai xadim, müdrik el adamı, gözəllikdən ilham alan yaradıcı insan  kimi görməklə yanaşı, həm də XVIII əsr Qarabağ mühitinin bədii tarixi ilə tanış oluruq. Bir sözlə, bu əsərləri  Qarabağ xanlığı, onun təbəddülatlı və keşməkeşli taleyi haqqında bədii salnamə də adlandırmaq olar.

 

Aygün BAĞIRLI,

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent

Другие новости