Menu
Национальная Академия Наук Азербайджана
Институт литературы имени Низами Гянджеви

Академик Иса Габиббейли - храм литературоведческой науки

14-11-2018 [ 15:36 ] [ прочитано:170 ]
printerA+ | A-
90150

Milli Elmlər Akademiyası Azərbaycan elminin baş qərargahı, ölkə ziyalılığının elmi laboratoriyası, xalqımızın zəngin milli sərvətidir. Elmi tədqiqat institutları Baş qərargahın nizami hissələri, elm adamları isə alimlər ordusunu təmsil edən və silahı qələmə çevirərək mübarizə aparan qüvvələrdir. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Akademiya Baş qərargahının humanitar cəbhəsinin əsas aparıcı elmi qvardiyalarından biridir. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu elm sahəsində bütün tarixi boyu milli ideoloji cəbhənin önündə gedən, bu istiqamətdə söz sahibi olan təşkilatlanmış bir elmi qurumdur. Ölkədə ədəbi-ictimai fikrin və ümummilli ideologiyanı formalaşdıran ən mühüm elm ocaqlarından biri Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutudur.

Azərbaycan ədəbiyyatşünaslıq elminin formalaşması və inkişaf etdirilməsində Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun böyük xidmətləri vardır. Ölkəmizdə ədəbiyyat siyasətinin müəyyən edilməsində və həyata keçirilməsində Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu həmişə aparıcı mövqedə dayanmışdır. Bu mənada Nizami adına Ədəbiyyat İnstitutu da, öz növbəsində, Azərbaycanda ədəbiyyat tədqiqatlarının Baş qərargahıdır. Azərbaycan ədəbiyyatının və ədəbiyyatşünaslıq elminin strategiyası və taktikası əsasən Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda hazırlanmışdır. Fəaliyyət göstərdiyi 85 il ərzində ölkəmizdə bədii yaradıcılığın və ədəbiyyatşünaslıq elminin inkişaf etdirilməsi sahəsində meydana çıxmış istiqamətverici ideyaların və tezislərin müəlliflik hüququ digər elm və ali təhsil qurumları ilə müqayisədə hamıdan çox Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna məxsusdur. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu bu gün də respublikamızda ədəbiyyat haqqında elmin əsas mərkəzi funksiyasını məsuliyyətlə və şərəflə yerinə yetirməkdədir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ədəbiyyat haqqında dediyi aşağıdakı sözləri eyni dərəcədə ədəbiyyat haqqında elmə də aid etmək olar: "Azərbaycanın milli azadlığı, istiqlaliyyəti yolunda ən çox bizim ədəbiyyatımız, incəsənətimiz, mədəniyyətimiz xidmət göstəribdir… Azərbaycan ədəbiyyatı qədim dövrlərdən indiyədək öz zənginliyi ilə bütün dünya xalqları içərisində öncül yerlərdə olubdur. Demək bu, həm bizim tariximizdir, həm mənəviyyatımız, həm də milli mədəniyyətimizdir".

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu zəngin, keşməkeşli və şərəfli bir yol keçmişdir. Ədəbiyyat İnstitutunun keçdiyi yol milli ədəbiyyatın və Azərbaycan ədəbiyyatşünaslıq elminin təşəkkül və inkişaf yolu deməkdir. Ədəbiyyat İnstitutu ədəbiyyatşünaslıq elminin inkişafının barometri kimi bu elm sahəsinin tənəzzülü və tərəqqisini özündə əks etdirir. Ədəbiyyat İnstitutunun tənəzzül yaşadığı illər, eyni zamanda, ədəbiyyatın və onun haqqında elmin böhranlı və ya məşəqqətli dövrü olmuşdur. Əksinə, Ədəbiyyat İnstitutunun tərəqqi etdiyi illərdə Azərbaycan ədəbiyyatı da, ədəbiyyatşünaslıq elmi də, ictimai fikir də inkişaf etmişdir. Ona görə də Ədəbiyyat İnstitutundan danışmaq tam mənası ilə ədəbiyyatdan və ədəbiyyatşünaslıq elmindən, ictimai fikrin inkişaf səviyyəsindən söz açmaq mənasını daşıyır. Obrazlı şəkildə belə demək mümkündür ki, Ədəbiyyat İnstitutu ədəbiyyat və ədəbiyyatşünaslıq anlayışlarının sinonimidir. Bədii ədəbiyyat Ədəbiyyat İnstitutunun tədqiqat obyektini, ədəbiyyatşünaslıq elmi isə ədəbiyyatın elmi mahiyyətini ifadə edir. Əgər çoxəsrlik zəngin Azərbaycan ədəbiyyatı möhtəşəm bir məbəddirsə, Ədəbiyyat İnstitutu onun qızıl açarıdır. Ədəbiyyat İnstitutu, ədəbiyyatşünaslıq elmi bədii ədəbiyyatın, yaradıcılıq proseslərinin mahiyyətini müəyyən edir, qiymətini verir, gələcək inkişaf yollarına işıq salır, təsir göstərir. Keçdiyi şərəfli və keşməkeşli yol, yaratdığı davamlı elmi ənənələr, yetirdiyi böyük elmi simalar, meydana qoyduğu zəngin elmi irs Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunu da möhtəşəm elm məbədinə çevirmişdir.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu XX əsrin əvvəllərində fəaliyyət göstərmiş Tədqiq və Tətəbbö Cəmiyyətinin (Azərbaycanı Öyrənmə Cəmiyyətinin - İ.H.) və Azərbaycan Elmi Tədqiqat İnstitutunun Dil, Ədəbiyyat və İncəsənət bölməsinin bazasında yaradılmış akademik elmi qurumdur. SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialı Azərbaycan bölməsində 22 mart 1933-cü il tarixində yaradılan Ədəbiyyat sektoru Akademiya sistemində Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun bünövrəsini, təməlini təşkil edir. Dövrün tanınmış ədəbiyyatşünas alimi Əli Nazim Mahmudzadə (1906-1941) Ədəbiyyat sektoruna rəhbərlik etmişdir. Bu ilk akademik qurumda Əli Nazim Ədəbiyyat sektorunun sədri olmaqla yanaşı, həm də ədəbi abidələrin nəşri seksiyasına, Salman Mümtaz ədəbi irs, Hənəfi Zeynallı şifahi ədəbiyyat, Həsən İmanov Əlyazma qaynaqları seksiyalarına rəhbərlik etmək vəzifələrini həyata keçirmişlər. Mikayıl Rəfili, Bəkir Çobanzadə, Həbibulla Səmədzadə, Əmin Abid, Böyükağa Talıblı, Xalid Səid Xocayev, Paşa Sultanov kimi istedadlı elm adamlarının burada çalışması Ədəbiyyat sektorunda hansı səviyyədə elmi tədqiqat qurumu olduğunu təsəvvür etməyə imkan verir. Ədəbiyyat sektoru ölkəmizdə ədəbiyyatşünaslıq üzrə sistemli elmi tədqiqatların təməllərini yaratmışdır. Qısa müddətdə Ədəbiyyat sektorunda Məhəmməd Füzulinin, Mirzə Fətəli Axundzadənin, Cəlil Məmmədquluzadənin, Mirzə Ələkbər Sabirin, Seyid Hüseynin, Sultan Məcid Qənizadənin əsərləri çapa hazırlanıb nəşr etdirilmişdir. Burada Tədqiq və Tətəbbö Cəmiyyəti dövründən başlanan folklor materiallarının toplanması və nəşri işi ardıcıl olaraq davam etdirilmişdir. Ədəbiyyat sektorunda "Kitabi-Dədə Qorqud"un elmi-tənqidi mətni hazırlanmışdır. Ədəbiyyatşünaslıq istiqaməti üzrə Azərbaycan ədəbiyyatı klassiklərinin, XIX-XX əsrlərdə yaşayıb-yaratmış yazıçı və şairlərin həyatı və yaradıcılığı haqqında ilk elmi tədqiqatlar meydana çıxmışdır. Bundan başqa, Türk Mədəniyyət sarayının (indiki Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binasının - İ.H.) 1932-ci ilin 29 dekabrında Az OZFAN-ın sərəncamına verilməsi burada digər elm sahələri ilə yanaşı, ədəbiyyatşünaslıq elminin də inkişaf etdirilməsi işinin normal şəkildə təşkilinə münbit şərait yaratmışdır.

SSRİ Elmlər Akademiyasının Zaqafqaziya Filialının Azərbaycan bölməsi 25 oktyabr 1935-ci il tarixindən etibarən mərkəzi Akademik qurumun birbaşa Azərbaycan filialına çevrilməsindən sonra bu elmi təşkilatın nəzdində müstəqil Dil və Ədəbiyyat İnstitutu yaradılmışdır. Azərbaycan Elmlər Akademiyasının təsis edildiyi 1945-ci ilə qədərki on il müddətində dövrün xüsusi çətinliklərinə görə Dil və Ədəbiyyat İnstitutunun rəhbərliyi səkkiz dəfə dəyişdirilmişdir. Xüsusən, ölkədə repressiya tədbirlərinin həyata keçirildiyi 1936-1939-cu illərdə Dil və Ədəbiyyat İnstitutunda direktor vəzifəsi bəzən hər il bir neçə dəfə əvəzlənməli olmuşdur. Milli mənsubiyyət etibarilə eston olan Artur Rudolfoviç Zifeldt - Simumyaqi (1889-1938) Dil və Ədəbiyyat İnstitutuna 27 fevral 1936-cı ildən 1 iyun 1937-ci ilə qədər cəmisi bir il 3 ay başçılıq etmişdir. Dil və Ədəbiyyat İnstitutunda Əhməd Əhmədov 41 gün (1 iyun - 11 iyul 1937-ci il), İdris Həsənov 6 ay 28 gün (19 iyul 1937 - 17 fevral 1938-ci il), Aleksey Klimov 10 ay 14 gün (17 fevral - 31 dekabr 1938-ci il), Heydər Hüseynov 8 ay 25 gün (1 yanvar - 25 sentyabr 1939-cu il), Fəziləddin Babayev 2 ay (1 avqust - 1 oktyabr 1939-cu il) - direktor vəzifəsində çalışmışlar. Heydər Hüseynovdan başqa direktorların hamısı repressiyanın qurbanı olmuşlar. Direktor müavini Qulam Bağırzadə və elmi katib Hənəfi Zeynallı da qanlı repressiya ilə üzləşmişdir. Heydər Hüseynov isə bir qədər sonra 1950-ci ildə siyasi təqiblərə dözməyərək intihar etməli olmuşdur. Dil və Ədəbiyyat İnstitutuna 1939-cu ildən 1950-ci ilə qədər rəhbərlik etmiş Məmməd Arif Dadaşzadə də 1950-ci ildə siyasi rejim tərəfindən "Türkiyə casusu" elan edilərək şübhəli şəxs kimi vəzifəsindən və partiya sıralarından azad edilməklə ev dustağı cəzası almışdır.

Belə çətin şəraitə baxmayaraq, Dil və Ədəbiyyat İnstitutunda elmi tədqiqatlar davam etdirilmiş, ədəbiyyat tarixinə iz salan nəticələr əldə olunmuşdur. Dilçilik tədqiqatları ilə geniş dairədə tanınan Artur Rudolfoviç Simumyaqi özünün "Azərbaycanı öyrənməyə doğru", "Azərbaycan ədəbi dili haqqında", "Türk dillərində elmi terminologiyanın yaranması prinsipi haqqında" adlı sanballı əsərlərindən başqa Dil və Ədəbiyyat İnstitutunda dilçilik tədqiqatlarına geniş meydan açmışdır.  Dil və Ədəbiyyat İnstitutunun direktor müavinləri Əli Nazim Mahmudzadə və Qulam Bağırzadə, elmi katib Hənəfi Zeynallı ədəbiyyatşünaslıq və dilçilik sahələrinin bütün istiqamətlər üzrə inkişaf etdirilməsinə səy göstərmişlər. "Molla Nəsrəddin haqqında" tədqiqat əsərinə görə Əli Nazim Mahmudzadəyə dissertasiya müdafiə etmədən elmlər namizədi elmi dərəcəsi verilmişdir. Bu mərhələdə Mahmud Qaşqarinin "Divani-lüğət-it-türk" əsəri Xalid Səid Xocayev tərəfindən çapa hazırlanmışdır. Mirzə Ələkbər Sabirin vəfatının 25 illiyinə dair keçirilmiş elmi konfrans böyük əks-səda doğurmuşdur. Toplanma materialları əsasında "Koroğlu" dastanı nəşr edilmişdir. Böyük Azərbaycan şairi Nizami Gəncəvinin anadan olmasının 800 illik yubileyi ilə əlaqədar bütün tədbirlər: əsərlərinin Azərbaycan dilinə tərcüməsi və nəşri haqqında elmi tədqiqatların aparılması və çap edilməsi kimi əhəmiyyətli məsələlər Dil və Ədəbiyyat İnstitutu tərəfindən uğurla həyata keçirilmişdir. Bundan başqa, 1943-1944-cü illərdə 2 cildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin hazırlanıb nəşr edilməsi ölkə miqyasında mühüm elmi hadisə kimi qarşılanmışdır. Azərbaycan SSR Xalq Komissarları Sovetinin 8 sentyabr 1938-ci il tarixli 4925 saylı qərarı ilə Dil və Ədəbiyyat İnstitutuna Nizami Gəncəvinin adının verilməsi də əhəmiyyətli hadisəyə çevrilmişdir.

Ümumiyyətlə, ölkəmizdə elmin inkişafında, o cümlədən də Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun hərtərəfli şəkildə tərəqqi etməsində 27 mart 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının yaradılması geniş meydan açmışdır. Bu dövrdən etibarən Nizami adına Ədəbiyyat İnstitutunun inkişafında yeni mərhələ başlanmışdır. Elmlər Akademiyasının prinsiplərinə uyğun olaraq bu elmi tədqiqat institutunda planlı və sistemli tədqiqatlar aparılmış, sanballı çoxcildlik nəşrlər və monoqrafik tədqiqatlar hazırlanaraq elmi ictimaiyyətə çatdırılmışdır. Respublikanın ədəbi-mədəni və ictimai həyatında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu aparıcı mövqeyi ilə seçilmişdir. Ölkədə keçirilmiş ədəbi şəxsiyyətlərin yubiley mərasimlərində, elmi konfranslarda və müzakirələrdə, hətta ideoloji xarakterli müşavirələrdə Ədəbiyyat İnstitutu aparıcı söz sahibi olmuşdur. Ədəbiyyatşünaslıq üzrə elmi dərəcəli yeni nəsil mütəxəssislərin hazırlanması sahəsində də Ədəbiyyat İnstitutu səmərəli fəaliyyət göstərmişdir. Ölkəmizin digər ali təhsil müəssisələri və elmi tədqiqat qurumları üçün yüksək ixtisaslı elmi kadrların hazırlanması işini Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu yerinə yetirmişdir. Beləliklə, Nizami adına Ədəbiyyat İnstitutu Azərbaycan SSR Elmlər Akademiyası sistemində özünəlayiq şərəfli yer tutmuş, ölkə miqyasında nüfuzlu elmi tədqiqat ocağı kimi qəbul edilmişdir.

Elmlər Akademiyasının tərkibinə daxil olduqdan sonra Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna müxtəlif illərdə aşağıdakı elm xadimləri rəhbərlik etmişlər:

1. Akademik Məmməd Arif Dadaşzadə (10.06.1904-27.12.1975) - 25 sentyabr 1939-27 iyul 1950-ci il; İkinci dəfə: 7 dekabr 1957 -17 sentyabr 1959-cu il.

2. Akademik Mirzə İbrahimov (28.10.1911-17.12.1993) - 15 avqust 1950-29 fevral 1952-ci il.

3. Professor Mirzəağa Quluzadə (24.10.1907-1979) - 29 fevral 1952-7 dekabr 1957-ci il. İkinci dəfə: 19 aprel 1968-9 aprel 1979-cu il.

4. Akademik Məmmədağa Şirəliyev (13.09.1909-19.04.1991) - 1 iyun 1960- 19 aprel 1968-ci il.

5. Akademik Kamal Talıbzadə (1923-2006) - direktor v.i.e. - 19 aprel 1979-15 may 1980-ci il.

6. Akademik Məmməd Cəfər Cəfərov (09.05.1909-09.05.1992) - 15 may 1980-10 aprel 1981-ci il.

7. AMEA-nın müxbir üzvü Əziz Mirəhmədov (11.02.1920-28.08.2002) - 10 aprel 1981-9 sentyabr 1985-ci il.

8. AMEA-nın müxbir üzvü Yaşar Qarayev (05.03.1936-25.08.2002) - 9 sentyabr 1985-25 avqust 2002-ci il.

9. Akademik Bəkir Nəbiyev (21.08.1930-15.03.2012) - 10 fevral 2003 - 15 mart 2012-ci il.

10. AMEA-nın müxbir üzvü Teymur Kərimli (1953, 2 oktyabr) direktor v.i.e. - 4 iyul 2002-10 fevral 2003-cü il; İkinci dəfə: 15 mart 2012 - 9 iyun 2013-cü il.

11. Akademik İsa Həbibbəyli (1949, 16 oktyabr) - Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru - 19 iyun 2013-cü il tarixindən.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda müxtəlif tarixi dövrlərdə Azərbaycan və dünya  ədəbiyyatının ayrı-ayrı istiqamətlər üzrə tədqiq edilməsi sahəsində mühüm işlər həyata keçirilmişdir. İlk növbədə onu qeyd etmək lazımdır ki, Azərbaycan ədəbiyyatının tarixi ilə əlaqədar araşdırmalar Ədəbiyyat İnstitutunun çoxcəhətli fəaliyyətində aparıcılıq təşkil etmişdir. Bu həm elmi tədqiqat institutu əməkdaşlarının plan işlərində, həm də müdafiə olunmuş doktorluq və namizədlik dissertasiyalarında ədəbiyyat tarixçiliyi ilə əlaqədar tədqiqatlar əsas yer tutmuşdur. Ədəbiyyat İnstitutunun müxtəlif illərdə nəşr etdirdiyi "Azərbaycan ədəbiyyatı məsələləri" (1964), "Sovet ədəbiyyatşünaslığının aktual problemləri" (1974), "Azərbaycan mətnşünaslığı məsələləri" (1974), "Azərbaycan filologiyası məsələləri" (1988) və sair kitablarda və toplularda sistemli şəkildə olmasa da ədəbiyyat tarixçiliyi məsələlərindən söz açılmışdır.

Bundan başqa, Azərbaycan ədəbiyyatı tarixinə və ya milli ədəbiyyatın ayrı-ayrı inkişaf mərhələlərinə və görkəmli yaradıcıların həyat və yaradıcılığına həsr olunmuş monoqrafik tədqiqatlar Ədəbiyyat İnstitutunda hazırlanıb Elmlər Akademiyasının "Elm" nəşriyyatında nəşr olunmuşdur. Böyük Vətən müharibəsi illərində çap edilmiş 2 cildlik "Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi" (1943-1944) Ədəbiyyat İnstitutunun ədəbiyyat tarixinə həsr olunmuş ilk sistemli elmi nəşri idi. Bu elmi nəşrdə Azərbaycan ədəbiyyatı tarixi ən qədim dövrlərdən XX əsrin əvvəllərinə qədərki bütün mərhələlər üzrə ardıcıl şəkildə təqdim olunmuşdur. Bundan sonra Ədəbiyyat İnstitutunda hazırlanıb çap edilmiş 3 cildlik "Azərbaycan ədəbiyyatı tarixi" (1957-1960) XX əsr ərzində Azərbaycan ədəbiyyatının çoxəsrlik tarixi inkişaf yoluna və əsas simalarına həsr edilmiş ən sanballı akademik nəşrdir. Bu çoxcildlik nəşrdə elmi-nəzəri cəhətdən xüsusi bir dövrləşmə aparılmasa və ədəbiyyatın inkişaf dövrlərinin adları göstərilməsə də, Azərbaycan ədəbiyyatı tarixi mərhələlər üzrə təqdim olunmuşdur. Çoxcildlikdə "Ən qədim dövrlərdən XVIII əsrin sonuna qədərki çoxəsrlik Azərbaycan ədəbiyyatı" təsnifat baxımından vahid bir dövr kimi verilmişdir. Kitabın ikinci cildində XIX əsrin əvvəllərindən 1917-ci ilə qədər olan tarixi mərhələ bu dövrü əhatə edən rum rəqəmləri ilə XIX-XX əsrlər Azərbaycan ədəbiyyatı adlandırılmışdır. Çünki sosializmin və kapitalizmin bir-birinə düşmən münasibəti bəslədiyi bir vaxtda Azərbaycanda kapitalist münasibətlərinin formalaşdığı həmin mərhələlərin xüsusi bir dövr və ya "yeni dövr Azərbaycan ədəbiyyatı" adlandırılması çətin məsələ idi. Eyni zamanda, ideoloji prinsiplər nəzərə alınmaqla Azərbaycan sovet ədəbiyyatının tarixi Azərbaycanda sovet hakimiyyətinin quruculuğu 1920-ci ildən yox, Rusiyada bolşeviklərin hakimiyyətə gəldiyi 1917-ci ildən hesab edilmişdir. Bununla belə, 3 cildlik "Azərbaycan ədəbiyyatı tarixi"ndə dövrləşmədə ideoloji meyarlar nəzərə alınsa da, icmallarda və portret-oçerklərdə əksər hallarda milli ədəbiyyatın daxili inkişaf qanunauyğunluqlarından, yazıçı və şairlərin fərdi yaradıcılıq xüsusiyyətlərindən, bədii mətndən çıxış etmək əsas kimi qəbul olunmuşdur. Buna görə də "Azərbaycan ədəbiyyatı tarixi" çoxcildliyindəki bir çox icmallar və portret-oçerklər monoqrafik xarakter daşıyır. Səməd Vurğun, Mirzə İbrahimov və Məmməd Arif Dadaşzadənin ümumi redaktorluğu ilə Ədəbiyyat İnstitutunun əməkdaşları tərəfindən yazılıb nəşr edilmiş 3 cildlik "Azərbaycan ədəbiyyatı tarixi" geniş mənada Azərbaycan ədəbiyyatşünaslıq elminin mühüm elmi nailiyyəti idi.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda akademik Məmməd Arif Dadaşzadənin baş redaktorluğu ilə hazırlanıb çapdan buraxılmış 2 cildlik "Azərbaycan sovet ədəbiyyatı tarixi" (1967) kitabında da ideoloji prinsiplərin əleyhinə çıxmadan, zəruri hallarda hakim ideologiyanın tələblərinə əməl etməklə ədəbiyyatın bu tarixi mərhələsi inkişaf dövrləri əsasında və ədəbi növlər üzrə təhlil edilib qiymətləndirilmişdir. Bu, ədəbiyyat tarixçiliyi baxımından Azərbaycan sovet ədəbiyyatına münasibətdə Ədəbiyyat İnstitutunun formalaşdırdığı model kimi orta və ali məktəblər üçün hazırlanan dərsliklər üçün də qəbul edilmiş bir formata çevrilmişdir. Akademik Məmməd Arif Dadaşzadənin Moskvada rus dilində nəşr edilmiş "Azərbaycan ədəbiyyatı" adlı monoqrafiyasında da (1979) ədəbi materialdan  çıxış etmək ideoloji sxemləri üstələmişdir.

Dövlət müstəqilliyi illərində Azərbaycan ədəbiyyatı tarixinin yeni konsepsiyasının işlənib hazırlanması istiqamətində Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda ardıcıl iş aparılmışdır. Bu münasibətlə 1994-cü ildə Ədəbiyyat İnstitutunda "Ədəbiyyat tariximiz necə yazılmalıdır" mövzusunda keçirilmiş müşavirə milli ədəbiyyat tarixçiliyi konsepsiyasının hazırlanması baxımdan birinci mühüm addım hesab oluna bilər. Ədəbiyyat İnstitutunun direktoru, görkəmli ədəbiyyatşünas Yaşar Qarayevin rəhbərliyi ilə keçirilən müşavirədə çıxış edən Azadə Rüstəmova, Tehran Əlişanoğlu, Tahirə Məmməd, Zaman Əsgərli, Hüseyn Həşimli, Nazif Qəhrəmanlı və başqalarının ədəbiyyat tarixçiliyinə dair baxışları bu mühüm işin elmi konsepsiyasının ayrı-ayrı detallarını əks etdirmişdir.

Yaşar Qarayevin "Azərbaycan ədəbiyyatı XIX-XX əsrlər" (2002), Şirindil Alışanlının "Müasir humanitar təfəkkür və Azərbaycan ədəbiyyatşünaslığı" (2011), Nazif Qəhrəmanlının "Milli ədəbiyyat tarixçiliyi: genezis, inkişaf və dövrləşdirmə problemləri" (1997) monoqrafik tədqiqatlarında Azərbaycan ədəbiyyatı tarixinin inkişaf mərhələləri üzrə dövrləşdirilməsi haqqında əhəmiyyətli elmi-nəzəri qənaətlər irəli sürülmüşdür. Ədəbiyyat İnstitutunun əməkdaşlarından Elməddin Əlibəyzadənin "Azərbaycan ədəbiyyatı tarixi" (2009), Baloğlan Şəfizadənin "Azərbaycan ədəbiyyatı tarixi" (2002), Bədirxan Əhmədovun "XX əsr Azərbaycan ədəbiyyatı tarixi" 2 cildliyi (2011), Alxan Bayramoğlunun "Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi oçerki" (2013) kitabları bu elmi tədqiqat institutunda formalaşdırılmış ədəbiyyat tarixçiliyi axtarışlarının məntiqi yekunu kimi meydana çıxmışdır. Nəhayət, İsa Həbibbəylinin "Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri" layihəsinin Ədəbiyyat İnstitutunun Elmi şurasında, AMEA Rəyasət Heyətinin və Humanitar Elmlər bölməsinin iclaslarında müzakirə edilməsi və elmi ictimaiyyətə təqdim olunması ilə ədəbiyyat tarixçiliyinə dair konsepsiya axtarışları yekunlaşdırılmışdır. Nizami adına Ədəbiyyat İnstitutunda müəlliflər kollektivi tərəfindən yazılıb nəşr edilmiş "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" 2 cildliyi ölkəmizdə dövlət müstəqilliyi şəraitində ümummilli meyarlar və müasir elmi-nəzəri prinsiplər əsasında hazırlanmış mükəmməl akademik nəşrdir. İkicildlikdə dövrləşdirmə baxımından bu tarixi mərhələ müstəqillik dövrü çoxmetodlu ədəbiyyat dövrü kimi səciyyələndirilmişdir. İlk dəfə olaraq dövlət müstəqilliyi illərində meydana çıxmış neorealizm, postmodernizm, dekadentizm, magik realizm kimi ədəbi cərəyanları da diqqət mərkəzinə 2 cildlik "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" yeni tarixi epoxada Ədəbiyyat İnstitutunun mühüm elmi nailiyyətlərindən biri sayılmağa layiqdir. Yeni dövrləşmə konsepsiyası əsasında hazırlanmasına start verilmiş "Azərbaycan ədəbiyyatı tarixi" 10 cildlik nəşrinin birinci cildinin çapdan çıxması Ədəbiyyat İnstitutunun 85 illik yubileyinə əhəmiyyətli bir töhfədir. Üzərində tamamlama işləri gedən 7 cildik "Azərbaycan ədəbiyyatı tarixi"nin 5-ci cildi, "Molla Nəsrəddin" və "Mirzə Fətəli Axundzadə" ensiklopediyası da ədəbiyyat tarixçiliyi ənənələrinin işığında yaradılan ciddi elmi layihələrdir. Nizami Gəncəvinin "Sirlər xəzinəsi" əsəri əsasında Siracəddin Hacının yazdığı oncildlik monoqrafiya müəllifin böyük zəhmətinin nəticəsi olmaqla bərabər, Ədəbiyyat İnstitutunun parlaq nailiyyətləri sırasında qeyd olunmalıdır. Ədəbiyyat İnstitutundakı "Şifahi xalq ədəbiyyatı" (Məhərrəm Qasımlı), "Qədim dövr Azərbaycan ədəbiyyatı" (İmamverdi Həmidov), "Orta əsr Azərbaycan ədəbiyyatı" (Fəridə Əzizova), "Yeni dövr Azərbaycan ədəbiyyatı" (İslam Qəribli), "Cənubi Azərbaycan ədəbiyyatı" (Teymur Əhmədov), "XX əsr (Sovet dövrü) Azərbaycan ədəbiyyatı" (Şirindil Alışanlı) şöbələrində aparılan genişmiqyaslı elmi tədqiqat işləri ədəbiyyat tarixçiliyi üzrə qazanılmış nailiyyətləri daha da möhkəmləndirir. İnstitutda hazırlanmış çoxcildlik Cənubi Azərbaycan ədəbiyyatı antologiyaları və ədəbiyyatın bu qoluna həsr olunmuş tədqiqatlar geniş mənada Azərbaycan ədəbiyyatı tarixinə dair tədqiqatları tamamlayır.

Nizami adına Ədəbiyyat İnstitutunda ədəbiyyat nəzəriyyəçiliyi istiqamətində də genişmiqyaslı tədqiqatlar aparılmış, qiymətli elmi nəşrlər meydana çıxmışdır. Ədəbiyyat İnstitutunda akademik Məmməd Cəfər Cəfərovun rəhbərlik etdiyi "Ədəbiyyat nəzəriyyəsi" şöbəsi ölkə üzrə Ədəbiyyat nəzəriyyəçiliyinin Baş qərargahı kimi qəbul edilmişdir. Ədəbiyyat nəzəriyyəçilərinin bir neçə nəsli bu şöbənin zəminində yetişib formalaşmışdır. Yaşar Qarayev, Arif Hacıyev, Şamil Salmanov, İsa Həbibbəyli, Sabir Əliyev, Şirindil Alışanlı, Tahirə Məmməd, Məmməd Əliyev və başqaları Ədəbiyyat İnstitutunun "Ədəbiyyat nəzəriyyəsi" şöbəsinin tanınmış yetirmələridirlər. Akademik Məmməd Cəfər Cəfərov Ədəbiyyat İnstitutunda və ümumən Azərbaycan elmində Ədəbiyyat nəzəriyyəsi elmi məktəbinin yaradıcısıdır. Məmməd Cəfər Cəfərovun "Azərbaycan ədəbiyyatında romantizm", "Mirzə Fətəli Axundzadənin ədəbi-tənqidi görüşləri", Mir Cəlal Paşayevin "Azərbaycanda ədəbi məktəblər", "Füzulinin poetikası", Yaşar Qarayevin "Azərbaycan ədəbiyyatında faciə janrı", "Azərbaycan realizminin mərhələləri", Arif Hacıyevin "Romantizm və realizm", Şamil Salmanovun "Azərbaycan şeirində ənənə və novatorluq", Şirindil Alışanlının "Romantizm mübahisələr, həqiqətlər", "Ədəbi-bədii düşüncənin sərhədləri", Tahirə Məmmədin "Neosufizm" kimi sanballı nəzəri əsərləri ölkə ədəbiyyatşünaslıq elminin fövqündə dayanan sanballı tədqiqatlardır. Bu gün də Ədəbiyyat İnstitutunda ədəbiyyat nəzəriyyəçiliyi uğurla davam etdirilir. Professor Tahirə Məmmədin rəhbərlik etdiyi "Ədəbiyyat nəzəriyyəsi" şöbəsinin əməkdaşları klassik elmi-nəzəri ənənələri uğurla davam etdirir, müasir baxışları əks etdirən ciddi elmi əsərlər yazıb nəşr etdirirlər. Son vaxtlarda "Ədəbiyyat nəzəriyyəsi" şöbəsində hazırlanmış 2 cildlik "Ədəbiyyat nəzəriyyəsinin inkişaf mərhələləri və problemləri" tədqiqatı yeni dövr ədəbiyyat nəzəriyyəçiliyinin mühüm nailiyyətlərindəndir. Ədəbiyyat İnstitutunda 2018-ci ildə yaradılmış "Ədəbi cərəyanlar" sektoru burada nəzəriyyəçilik sahəsində yeni bir elmi istiqamətin inkişaf etdirilməsinə yol açır.

Ədəbiyyatşünaslıq elminin əsas tərkib hissələrindən biri olan Ədəbi tənqid sahəsi Ədəbiyyat İnstitutunda iki istiqamətdə inkişaf etmişdir: Məmməd Arif məktəbi və Kamal Talıbzadə istiqaməti. Akademik Məmməd Arif Dadaşzadənin müasir ədəbi prosesin, yeni əsərlərin təhlil edilib elmi cəhətdən qiymətləndirilməsi sahəsindəki fəaliyyəti və onun ətrafında formalaşan ədəbiyyatşünaslar nəslinin fəal axtarışları əsasında ədəbi tənqid məktəbi yaranmış və elmimizə sanballı töhfələr bəxş etmişdir. Məmməd Arif ədəbi tənqid məktəbi müxtəlif dövrlərdə Yəhya Seyidov, Orucəli Həsənov, Sokrat Musayev, Arif Səfiyev, Akif Hüseynov və başqaları kimi tanınmış simalarını yetirmişdir. Hazırda Ədəbiyyat İnstitutunda "Ədəbi tənqid" və "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" şöbələrində Azərbaycan ədəbi tənqidinin yeni nəsli uğurla fəaliyyətlərini davam etdirirlər. Tehran Əlişanoğlu, Vaqif Yusifli, Elnarə Akimova, Rahid Xəlilov, Qurban Bayramov, Nərgiz Cabbarlı, Salidə Şərifova, Qürbət Mirzəzadə, Mərziyə Nəcəfova, Lalə Həsənova, Aynurə Mustafayeva və başqaları müasir dövrün ədəbi tənqidi fikrini uğurla təmsil edirlər. XX əsrin 70-80-ci illərində keçirilmiş və XXI əsrdə yenidən canlandırılmış "Ədəbi proses" müşavirələri Ədəbiyyat İnstitutu tənqidçilərinin mühüm yaradıcılıq nailiyyətidir. 2013-cü ildən ardıcıl olaraq geniş miqyasda keçirilən bu elmi-yaradıcılıq müşavirələri "Ədəbi proses" hərəkatına çevrilmişdir. "Ədəbi proses" yaradıcılıq müşavirələrinin 2013-2018-ci illəri əhatə edən 5 cildlik materialları bu elmi-ədəbi prosesin qiymətli salnaməsidir.

Akademik Kamal Talıbzadənin adı ilə bağlı olan tənqid tarixi istiqaməti də özünün davamçılarını yetirmişdir. Tənqid tarixi ədəbiyyat tarixçiliyi ilə ədəbi tənqid arasında olan elm sahəsi kimi çıxış etməkdədir.

Dünya ədəbiyyatı və ədəbi əlaqələr istiqamətində də Ədəbiyyat İnstitutu özünəməxsus ənənələrə malikdir. Keçmiş sovet hakimiyyəti zamanı ədəbi əlaqələr mövcud siyasi sistemin tələblərinə uyğun olaraq əsəsən Sovetlər İttifaqı xalqlarının ədəbiyyatları ilə əlaqələri əhatə etmiş, ən yaxşı halda Avropanın sosialist ölkələrinin ədəbiyyatları ilə münasibətləri də özündə cəmləşdirə bilmişdir. Şıxəli Qurbanov, Həbib Babayev, Mirəli Seyidov, Vaqif Arzumanlı, Gülər Abdullabəyova, Tamara Şərifli, Lyudmila Səmədova, Aidə Feyzullayeva, Sara Osmanlı və başqaları həmin epoxanın adlı-sanlı yetirmələridirlər. Hazırda isə Ədəbiyyat İnstitutunda ədəbi əlaqələrin geniş şəbəkəsi yaradılmışdır. Professor Gülər Abdullabəyovanın rəhbərlik etdiyi "Dünya ədəbiyyatı və kompativistika" şöbəsinin əməkdaşları əsasən Qərb ədəbiyyatını Azərbaycan ədəbiyyatı ilə müqayisəli şəkildə tədqiq etməklə məşğuldurlar. İndiki halda Qərb ədəbiyyatının sərhədləri genişləndirilərək Avropa və Rusiyadan başqa Amerika ədəbiyyatını da özündə birləşdirir. 2017-ci ildən Ədəbiyyat İnstitutunda dünya ədəbiyyatı anlayışının yeni bir istiqaməti yaradılmışdır. Professor Bədirxan Əhmədovun rəhbərlik etdiyi "Azərbaycan-Asiya ədəbi əlaqələri" şöbəsi adından da göründüyü kimi, Cənub-Şərqi Asiya ölkələrinin ədəbiyyatlarını araşdırmaqla dünya ədəbiyyatı anlayışının üfüqlərini genişləndirir. Azərbaycan-Asiya ədəbi əlaqələri Ədəbiyyat İnstitutunda yeni istiqamət olub, özündə Çin, Yaponiya, Cənubi Koreya, Hindistan, Pakistan, Əfqanıstan, Vyetnam, Banqladeş  kimi ölkələrin ədəbiyyatları ilə əlaqələri əhatə edir. Şöbədə Çin, yapon, urdu dillərini bilən mütəxəssislərin olması Asiya ədəbiyyatının öyrənilməsinin perspektivlərini təsəvvür etməyə imkan verir. Yeni təşkil olunmuş "Çin Tədqiqatları Mərkəzi" (Nərmin Cahangirova) Asiya tədqiqatlarının miqyasını daha da genişləndirir. Türk xalqları ədəbiyyatlarının araşdırılması da "Dünya ədəbiyyatı" tədqiqatları anlayışında yeni bir mərhələdir. Professor Məmməd Əliyevin rəhbərlik etdiyi "Türk xalqları ədəbiyyatı", filologiya elmləri doktoru Almaz Ülvinin başçısı olduğu "Azərbaycan-Türkmənistan və Özbəkistan ədəbi əlaqələri" şöbələrində türk xalqlarının ədəbiyyatı və bu xalqların ədəbiyyatları ilə ədəbi əlaqələrin tədqiqində mühüm nailiyyətlər əldə edilmişdir. Türk xalqları ədəbiyyatının mənşəyi və mərhələlərinə, görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun yaradıcılığına, Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinə həsr edilmiş beynəlxalq elmi konfranslar bu sahədəki inkişafın yeni dalğasını göstərən mühüm faktlardır. Ədəbiyyat İnstitutunda Əlişir Nəvai Mərkəzinin, Daşkənd Əlişir Nəvai adına Özbək Dili və Ədəbiyyatı İnstitutunda Nizamişünaslıq Mərkəzinin yaradılması ədəbi əlaqələrin müasir dövrünün əhəmiyyətli hadisələridir. Bütövlükdə isə ədəbi əlaqələrin yeni formatda müqayisəli ədəbiyyatşünaslıq kimi istiqamətləndirilməsi bu sahədə müasir dövrün reallığıdır.

Son beş il ərzində Ədəbiyyat İnstitutunda "Nizamişünaslıq" (Nüşabə Araslı), "Erkən yeni dövr Azərbaycan ədəbiyyatı" (Mahirə Quliyeva), "Azərbaycan mühacirət ədəbiyyatı" (Nikpur Cabbarlı), "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" (Tehran Əlişanoğlu), "Ədəbi tənqid" (Vaqif Yusifli), "Mətbuat tarixi və publisistika" (Asif Rüstəmli), "Uşaq ədəbiyyatı" (Elnarə Akimova) şöbələrinin, "Füzulişünaslıq" (Ataəmi Mirzəyev) sektorunun fəaliyyətə başlaması Azərbaycan ədəbiyyatının daha dərindən və əsaslı şəkildə tədqiq edilməsinə geniş imkanlar yaradır. Həmçinin Təhsil şöbəsinin (Samir Səttarov), Beynəlxalq əlaqələr (Xanım Zairova), İctimaiyyətlə əlaqələr (Pənah Hacıyev), Nəşriyyat və proqnozlaşdırma (Töhfə Talıbova) köməkçi şöbələri də Ədəbiyyat İnstitutunda elmi-təşkilati tədbirlərin yüksək səviyyədə həyata keçirilməsinə, elmi əlaqələrin inkişaf etdirilməsinə kömək edir.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda beynəlxalq əlaqələr geniş miqyas almışdır. Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutu, Çin Sosial Elmlər Akademiyasının Mədəniyyət Mərkəzi, Pekin Xarici Dillər Universiteti, Beynəlxalq Türk Akademiyası, Almaniyanın Humboldt Universiteti, Polşanın Ədəbi Tədqiqatlar İnstitutu, Qafqaz Universitetlər Birliyi (Türkiyə), Təbriz Dövlət Universiteti, Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutu, Bolqarıstan Ədəbiyyat İnstitutu, Monqolustan Ədəbiyyat İnstitutu ilə bağlanmış əməkdaşlıq müqavilələri elmi əlaqələrin inkişaf etdirilməsinə, beynəlxalq təcrübələrin qarşılıqlı surətdə öyrənilməsinə meydan açır. Ədəbiyyat İnstitutunda keçirilmiş beynəlxalq elmi konfranslar və institutun əməkdaşlarının xarici ölkələrdə keçirilən beynəlxalq elmi konfranslarda geniş tərkibdə iştirakı elmi əlaqələrin səmərəli formatı kimi inkişaf etdirilir. Nobel mükafatı laureatı Vole Şoyinka, görkəmli yazıçı və ictimai xadim Oljas Süleymenov, böyük macar türkoloqu Georq Xazai, Türkiyənin tanınmış elm xadimi Əhməd Bican Ərcilasun, Estoniya, Bolqarıstan, Monqolustan, Türkmənistan Elmlər akademiyalarının prezidentləri ilə keçirilən görüşlər Ədəbiyyat İnstitutunun üfüqlərinin daha da genişləndirilməsinə xidmət edir.

Ədəbiyyat İnstitutunda yaradılmış "Ədəbiyyatşünaslıq, plyus" Yaradıcılıq Birliyi (professor Vüqar Əhməd) elm adamlarının bədii yaradıcılıq sahəsindəki fəaliyyətinin üzə çıxarılması, onların bədii əsərlərinin qiymətləndirilməsi və nəşr edilməsi tədbirlərini həyata keçirir. "Ədəbiyyatşünaslıq, plyus" Yaradıcılıq Birliyi xətti ilə keçirilən "Fizika və lirika" konfransları, "Qoşa qanad" müzakirələri, kitab təqdimatları, müsabiqələr, "Ədəbiyyatşünaslıq, plyus" Yaradıcılıq Birliyinun elmi-ədəbi mühitini daha da zənginləşdirir. Ədəbiyyatşünas alimlərin bədii əsərlərindən ibarət olan "Plyus bədii yaradıcılıq" almanaxı elmi tədqiqat institutunun ədəbi təmayüllü antologiyasıdır.

Müasirləşmək yollarında məqsədyönlü addımların atılması Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunu yeni üfüqlərə çıxarır. Ən müasir texnologiya ilə təchiz edilmiş "Elektron akt zalı", "Elektron oxu zalı" və "Elektron ekran" müasir elmi inkişafa geniş yol açmağa xidmət edən əlavə imkanlardır. "Elmi informasiya və tərcümə" şöbəsi (Zakirə Əliyeva) Ədəbiyyat İnstitutunun 3 dildə saytını idarə edir, alimlərin əsərlərinin biblioqrafik nəşrlərini çapa hazırlayır. Bu şöbədə hazırlanmış Ədəbiyyat İnstitutu əməkdaşlarının 5 cildlik biblioqrafiyası bu elmi tədqiqat İnstitutunda hər bir əməkdaşın elmi fəaliyyətini güzgüdə olan kimi əyani şəkildə əks etdirir.

Azərbaycan Milli Elmlər Akademiyasının həşişi və müxbir üzvlərinin demək olar ki, hamısının fəaliyyəti Nizami adına Ədəbiyyat İnstitutu ilə əlaqədardır. AMEA-nın həqiqi üzvləri Məmməd Arif Dadaşzadə, Mirzə İbrahimov, Məmməd Cəfər Cəfərov, Həmid Araslı, Feydulla Qasımzadə, Kamal Talıbzadə, Bəkir Nəbiyev, İsa Həbibbəyli, Teymur Kərimlinin, müxbir üzvlər Abbas Zamanov, Yaşar Qarayev, Əlyar Səfərli, Nüşabə Araslı, Tehran Əlişanoğlu ya birbaşa Ədəbiyyat İnstitutunda çalışmış, ya da elmi fəaliyyətlərinin mühüm bir mərhələsini bu elmi-tədqiqat institutunda keçirmişlər. Hazırda institutda 4 nəfər əməkdar elm xadiminin, 1 nəfər akademik və 2 nəfər müxbir üzvün, 47 nəfər elmlər doktorunun, 91 nəfər filologiya üzrə fəlsəfə doktorunun çalışması burada böyük bir elm qvardiyasının yazıb-yaratmaqda olduğunu göstərir. Son illərdə 9 nəfər əməkdaşın elmlər doktorluğu üzrə dissertasiya müdafiə etmələri institutun mühüm elmi nailiyyətlərindəndir. İnstitutda qısa müddətdə gənc alimlər qvardiyasının formalaşması burada ədəbiyyatşünaslıq elminin böyük ehtiyat qüvvəsinin yarandığını göstərir.

Nizami adına Ədəbiyyat İnstitutunun çoxcəhətli və səmərəli fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. İnstituta 1982-ci ildə "Xalqlar dostluğu" ordeninin verilməsi bu elmi tədiqiqat ocağının ədəbiyyatşünaslıq elminin inkişafındakı xidmətlərinin böyük miqyasından xəbər verir.

Nizami adına Ədəbiyyat İnstitutunda görkəmli dövlət xadimi Heydər Əliyevin həyatı və fəaliyyətinin, yazıçı və şairlərə, ədəbiyyat və incəsənətə qayğısının tədqiqi sahəsində diqqətəlayiq işlər görülmüşdür. Akademik Bəkir Nəbiyevin rəhbərliyi ilə Ədəbiyyat İnstitutu əməkdaşlarının hazırladıqları "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı" monoqrafiyası 2010-cu ildə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülmüşdür. Ədəbiyyat İnstitutunda İsa Həbibbəyli, Tehran Əlişanoğlu, Əlizadə Əsgərli, Elnarə Akimova, Aygün Bağırlı, Lalə Həsənova tərəfindən yazılaraq 2018-ci ildə nəşr edilmiş "Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala" monoqrafiyası bu mövzuda yeni formatda meydana çıxan qiymətli tədqiqat əsəridir. Bütövlükdə isə XX əsrin yetmişinci illərindən sonra yaranan ədəbiyyat ümummilli lider Heydər Əliyevin müstəqil dövlətçilik ideallarının işığında tədqiq edilərək ümumiləşdirilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 noyabr 2018-ci il tarixli Sərəncamı ilə Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşlarının ölkəmizin ən yüksək fəxri adlarına, diplomlara və medallara layiq görülməsi bu elmi tədqiqat müəssisəsinin müasir inkişafına dövlət səviyyəsində verilmiş ən yüksək qiymətin ifadəsidir. Göstərilən böyük diqqət və qayğıya görə, möhtərəm Prezidentimiz İlham Əliyevə Nizami adına Ədəbiyyat İnstitutunun kollektivi adından dərin minnətdarlığımızı çatdırmağı özümə şərəfli borc hesab edirəm. Heç şübhəsiz, göstərilən böyük etimad Ədəbiyyat İnstitutunun kollektivini daha səylə və məsuliyyətlə çalışmağa səfərbər edir.

85 yaşın mübarək, Ədəbiyyat İnstitutu - böyük ədəbiyyatşünaslıq məbədi!

5 noyabr 2018-ci il

Ədəbiyyat qəzeti, 13 noyabr, 2018-ci il

PHOTO GALLERY