Menu
Национальная Академия Наук Азербайджана
Институт литературы имени Низами Гянджеви

Другие новости

Совместный проект «Литературной газеты» с Институтом литературы Низами Гянджеви продолжается

28-12-2017 [ 13:03 ] [ прочитано:88 ]
printerA+ | A-
71678

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə Moskvada çıxan «Literaturnaya qazeta»nın birgə “Azərbaycan – Turanın incisi” («Азербайджан – жемчужина Турана») layihəsinin növbəti 6-cı sayı çap olunub. Həmmüəlliflərin “Dəyişikliklər dövrlərinin ədəbiyyatı” başlıqlı yazısı ilə çap olunan bu say XVIII əsrdən başlamış XX əsrin əvvəllərinə qədərki realist və romantik poeziyamıza həsr edilib.

Layihə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəylinin təşəbbüsü və ədəbiyyatşünas Abuzər Bağırovla birgə həmmüəllifliyi ilə həyata keçirilir. Xatırladaq ki, Rusiyanın  əsas ədəbiyyat nəşri olan «Literaturnaya qazeta» keçmiş postsovet ölkələrində və rusdilli qlobal məkanda da geniş oxunur. Bu baxımdan Azərbaycan ədəbiyyatının müasir rus oxucusuna, eləcə də rusdilli daha geniş miqyasda təqdimi və təbliği baxımından layihənin böyük əhəmiyyəti vardır.

Akademik İsa Həbibbəylinin müəllifi olduğu “Azərbaycan ədəbiyyatı dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri” konseptual elmi tədqiqatının bazisində hazırlanan layihənin 6-cı nömrəsi XVIII əsr – erkən realizm dövrü ədəbiyyatı ilə başlayır. Xatırladaq ki, Akademik İsa Həbibbəyli ona qədər əsasən orta əsrlər Azərbaycan ədəbiyyatının tərkib hissəsi kimi təqdim edilən XVII-XVIII əsrlər dövrü Azərbaycan ədəbiyyatını klassik ənənədən fərqli, XIX əsr realizminin zəminini formalaşdıran mərhələ olduğu fikrini özünün konseptual tədqiqatında əsaslandırıb. Müəlliflər erkən realizm dövrünün zirvəsi olan Molla Vəli Vidadi və Molla Pənah Vaqifin yaradıcılığından bəhs açır, hər iki qüdrətli şairin qısa tərcümeyi-hal məlumatları ilə birgə qoşma janrında yazılmış şeirlərindən tərcümə nümunələri təqdim edirlər.

Ardınca XIX əsr Azərbaycan ədəbiyyatının maarifçi realizm dövründə (İsa Həbibbəyli) klassik ənənənin yeni məzmunda davamçıları kimi yaşayıb-yaratmış Qasım bəy Zakir, Mirzə Şəfi Vazeh, Seyid Əbülqasim Nəbati, Xurşudbanu Natəvan və Seyid Əzim Şirvani yaradıcılığına və nəinki Azərbaycan, hətta müsəlman Şərqində yeni epoxanın banisi Mirzə Fətəli Axundzadənin həyatı və fəaliyyətinə, əsərlərindən nümunələrə ekskurs edilir.

XIX əsrin sonlarından etibarən Azərbaycan ədəbiyyatında cərəyan kimi təşəkkül tapan tənqidi realizm və romantizm haqqında məlumatlar və hər iki istiqamətin qüdrətli nümayəndələri olan Mirzə Ələkbər Sabir və Hüseyn Cavidin tərcümeyi-halı və əsərindən nümunələr bu sayda yer alıb. Eyni zamanda, Cənubi Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Məhəmmədhüseyn Şəhriyar və onun “Heydərbabaya salam” poemasından parçalar da «Literaturnaya qazeta»nın çoxminli oxucularına təqdim olunub.

“Literaturnaya qazeta”nın 8 səhifə həcmində oxuculara təqdim etdiyi şeirləri rus dilinə Konstantin Simonov, Pavel Antokolski, Siyavuş Məmmədzadə, Tatyana Streşneva, Vladimir Luqovskoy, Abram Plavnik və başqaları kimi tanınmış sənətkarlar tərcümə etmişlər. Müəlliflər şeirlərindən nümunələr verilən şairlərin şəkillərini də oxuculara çatdırmışlar.

Ən qədim dövrdən başlayaraq görkəmli ədiblərimiz haqqında məqalə və onların əsərlərindən nümunələrin yer aldığı və “Literaturnaya qazeta”da 8 səhifəlik qəzet içində qəzet kimi nəşr olunan “Azərbaycan – Turanın incisi” Azərbaycan ədəbiyyatının dünyada təbliği baxımından əhəmiyyətli layihədir.

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu ilə “Literaturnaya qazeta”nın növbəti əlavəsində XX əsr sovet dövrü və müstəqillik mərhələsinin poeziyası oxuculara catdırılacaqdır.

 

Другие новости