Menu
Национальная Академия Наук Азербайджана
Институт литературы имени Низами Гянджеви

Пишут Нам и о Наc

Эльнара Акимова: «Мне удалось написать свою историю в литературе...» — Интервью

20-10-2025 [ 14:33 ] [ прочитано:5 ]
printerA+ | A-
106019

Sevinc Mürvətqızının “QadınVari” layihəsində ədəbiyyatşünas alim, Millət vəkili Elnarə Akimova ilə müsahibəsini təqdim edir.

Həyatın bütün sahələrində zərifliyi, estetik duyumu, gözəlliyi, mübarizliyi, sevgisi, mərhəməti, ruhani müdrikliyi və özünəməxsus, əvəzedilməz toxunuşu ilə Qadın Var...

“QadınVari” layihəsi qadınların müxtəlif sahələrdəki fəaliyyətini daha qadınsayağı aspektdən təqdim etməyi qarşısına məqsəd qoyur.

Bu, qadın dünyasının dərin qatlarına yönəlmiş mənəvi və intellektual bir səyahətdir.

Son arzu - Tərlanə Yaqubqızı
Məşhur müğənninin konserti ləğv olundu
“Gündəmlə bağlı nəşrlərin uçqunu altında əzilərkən..." - Beyin rahatlığını haradan tapaq?

Bu səyahətdə ilk yol yoldaşım isə ədəbiyyatın sehrinə könüldən bağlı olan, tanınmış ədəbiyyatşünas alim, Millət vəkili Elnarə Akimovadır.

Onunla şəhərin məşhur kitab mağazalarından birində, kitab qoxusunun qəhvə ətrinə qarışdığı günəşli bir payız səhərində görüşüb söhbətləşmişik.

Həmsöhbətimlə öz təbirincə desək, “ədəbiyyatlaşmış ruhla yaşamaq” anlayışına qadınvari baxış bucağından nəzər salıb mahiyyətinə varmağa çalışmışıq.

- Söhbətimizə uzaq uşaqlıq xatirələrindən və arzularından başlayaq…

- Uşaqlıqda əsas fikrim çox oxumaq, yaxşı təhsil almaq olub. Arzular, ümidlər, xəyallar, bütün bunlar daha çox gənclik dönəmində formalaşır. Həyata daha parlaq yanaşırıq, elə düşünürük ki, hər şey istədiyimiz kimi olacaq… Bəlkə də bu fikir bir az da uşaqlığın necə keçməyindən qaynaqlanır. Mən mükəmməl uşaqlıq yaşamışam, çox gözəl atmosfer olub evimizdə. O qədər dolğun, rəngarəng uşaqlıq keçirmişəm ki...

Uşaqlığıma dönüb nəzər salanda görürəm ki, zərrə qədər travmam olmayıb. Ailədə altı uşaq olmuşuq – dörd bacı, iki qardaş. Halal ruzi ilə böyümüşük, ancaq ona köklənmişik ki, düzgün tərbiyə, təhsil alaq.

Mən 1995-ci ildə universitetə qəbul oldum. Ailədə atamın yeganə ali təhsil alan övladı mən idim. O, mənə doğrulan ümidi kimi baxırdı. Uşaqlıq və gənclik illərimə boylananda ancaq sevgi, xoşbəxtlik dolu keçmiş görürəm.

Atam fəhlə idi, həftənin beş günü Sumqayıt Boru-Prokat Zavodunda qaynar sexdə fəhlə işləyirdi, şənbə-bazar isə evdə olurdu. O, şənbə-bazar günləri demək olar ki, hər həftə bizi Bakıya – teatr tamaşalarına, rəssamların sərgilərinə, gəzməyə aparırdı… Hərdən düşünürəm ki, o vaxt atam iki günlük zaman aralığında bunu edə bilirdi, amma indi biz ömür qaçaqaçındayıq sanki, övladlarımıza o diqqəti verə bilmirik.

- Ananızın və yaxud həyatınızdakı qadınların sizə ötürdüyü yaddaqalan qadınlıq dərsi nə idi?

- Əslində, anamdan daha çox atamdan öyrənmişəm. Həyat dərslərini da, ədəbiyyat sevgisini də, mütaliə şövqünü də ondan götürmüşəm. Anam mütaliədən, kitabdan uzaq sadə ev qadını idi. Tünd, ötkəm xarakteri vardı, amma ürəyi su kimi duru idi. Həmişə düşündüyünü deyərdi, üzdə bir cür, arxada başqa cür deyildi. Bəzən deyirdim ki, “fikirləşdiyin hər şeyi demə, qarşındakı insanın xətrinə dəyə bilər”. Cavab verirdi ki, “arxasınca danışsam, o zaman mən özümü narahat hiss edəcəm, ondansa qoy elə üzünə deyim”. Riyakarlığı qəti bacarmırdı və bu, özünə o qədər xoş gəlirdi ki, qarşısındakı insanın onun haqqında nə fikirləşməsi qəti maraqlı deyildi.

- Qadının ən böyük gücü nədir?

- Hər qadında bu güc müxtəlif ola bilər. Mənim üçün ailəm və övladlarımdır. Bir də yaratmaq və hiss etmək bacarığı! Məncə, yaratmaq bacarığı olanda qadın həm ağrını, həm də sevinci içindən keçirərək yenidən həyata çevirir. Hər qadın işığını özü tapır. Mənim güc istinadım övladlarımdır. Yorulduğum anlarda onların varlığından güc alıram. Oğlum universitetə daxil olanda bir müsahibəmdə demişdim ki, övladlarıma ən böyük nümunə özüm olmağa çalışmışam.

Bu gün də onlar nədənsə yorulub, bezib şikayət edəndə onlara təlqin edirəm ki, Allah insana bacarmadığı, gücündən artıq heç nəyi yükləmir. Əziyyətlər də, çətinliklər də insan üçündür. Allah bizə o çətinliyi daşımaq gücü veribsə, deməli, hər şeyin öhdəsindən gələ bilərik.

– Ana olmaq qadınlıq duyğularınızı necə dəyişdirib, xarakterinizdəki hansı nüansı daha önə çıxardıb?

- Deməzdim dəyişdirdi, sadəcə bəzi duyğuları daha üst səviyyəyə qaldırdı. Mənə elə gəlir ki, ana olandan sonra artıq həyata daha məsuliyyətli, daha fədakar və şəfqətli nəzərlərlə baxmağa başlayırsan. Bəlkə əvvəl məni kövrəltməyən nələrsə, ana olandan sonra kövrəltməyə başladı.

Sosial şəbəkədə uşaqlara qarşı müəyyən qarşıdurmalar, insidentlər qarşıma çıxanda çox həssas yanaşıram. Bir anlıq düşünürəm ki, bu, mənim övladım da ola bilərdi.

Üç il əvvəl Şağan Olimpiya Kompleksində yeniyetmə Turan Rüstəmovun bıçaqlanıb öldürülməsi videosundan o qədər sarsılmışdım ki, bir neçə ay depressiyada olmuşdum. Onun məhkəmələrində də iştirak etdim, haqq davası aparan insanların səsinə qoşulub bir səs olmağa çalışdım. Turanın anasını, nənəsini görmüşdüm, ailə kədərdən darmadağın olmuşdu. Onda öz övladlarımı belə qucaqlaya bilmirdim ki, kiminsə qucağı indi boş qalıb.

Düzdür, həyatdır, belə hadisələrin olması istisna edilmir. Hamısına münasibət bildirə, reaksiya verə bilmirik, amma düşünürəm ki, məhz ana olduğuma görə bu cür faciələri daha dərindən yaşayıram.

Ana olandan sonra artıq hisslərimizin mərkəzində özümüzü deyil, övladlarımızı yaşatmaq dayanır. Daha sakit, daha müdrikcə yanaşırıq həyata. Bütün addımlarımızı da, yaxşılıqlarımızı da artıq övladlarımıza görə müəyyənləşdiririk.

- Qadın olmaqdan yorulanda bu “yük”ü necə yüngülləşdirirsiniz?

- Daha çox özümlə tək qalmağı, özümlə həsbi-hal etməyi sevirəm. Bir fincan çay və öz səsini dinləmək üçün susmaq mənə hədsiz yüngüllük gətirir. Hərdən işin çoxluğundan bezib yorulduğum vaxtlar da olur.

Hətta elə olub ki, gün ərzində 3-4 ağır tədbirdə iştirak edirəm, gərgin tıxacda çətinliklə Sumqayıta, evə qayıdıram. Mənzil başına çatmamış elə yolda növbəti gün üçün zənglər, dəvətlər gəlir. Həmin anda bir bezmə nöqtəm olur. İnsan dincəlməlidir axı. Amma inanın ki, evə çatandan bir saat sonra özüm-özümə əmr edirəm ki, dayanmaq, yorulmaq qəti qadağandır. Missiyamızı ləyaqətlə daşımalıyıq. Həm də mən yorğunluğumu ədəbiyyatla çıxaran adamam. Gündə nə isə oxumasam, o gün mənim üçün itirilmiş sayılır. İşin də ki, hər zaman çətininə qatlaşmaq, daha doğrusu sıfırdan başlamaq kimi bir karmanı yaşamaq olub taleyimdə.

- Nə mənada?

- Məsələn, akademiyanın Ədəbiyyat İnstitutunun tənqid şöbəsindən uşaq ədəbiyyatı şöbəsinin müdirliyinə qədər. YAP İdarə Heyətinin üzvlüyündən Milli Məclisin deputatlığına qədər, üstəlik, “Ədəbiyyat qəzeti”ndə şöbə müdiriyəm. Hamısı da fərqli yaradıcılıq predmetinə malik, yeni tədqiqat istiqamətləri tələb edən sahələr. Mən də ki, dayazlığı sevməyən adam...

Vaqif Səmədoğlunun şeirində belə misralar var: “Dərində üzə bilmirəm, ölsəm, girmərəm dayaza”. Heç bir işdə yola verməyi, üzdən getməyi, başdansovdu yanaşmağı bacarmıram. Bu, mənim qarşımdakından daha çox, özümün özümə hörmətimdir.

- Niyə yorulanda özünüzə bəzən də nəyisə buraxmağa, lap elə hərdən səhv eləməyə icazə vermirsiniz?

- Elə bilirəm ki, daha səhv eləməyə haqqım yoxdur. Adım ədəbiyyatda ciddi bir imza kimi tanınıb. Həmişə düşünmüşəm ki, məni sevənlər öz sevgilərini, sayğılarını avans kimi verirlər, mən də bu sevgiyə layiq ömür sürməliyəm, yalnız imzamın ciddiyyətini qorumaqla o sevgini qaytara bilərəm. İndi də millət vəkili kimi ali status daşıyıramsa, daim mənəvi və ictimai borc narahatlığının içindəyəm. Mənə həvalə olunmuş bütün etimadları doğrultmalıyam.

- Həyatda ən çox hansı kişidən öyrənmisiniz?

- Həyatda ən çox öyrəndiyim kişi – atamdır. 2022-ci ildə vəfat etsə də, yaddaşımda o qədər diridir ki, mən onun yoxluğunu hiss etmirəm. Onun ötürdüyü sevgi, əxlaq kodeksi, həyatıma, ruhuma olan toxunuşları mənə bir ömür bəs edəcək. Atam 90-cı illərin çətin dövrlərində – fabrik və zavodların bağlandığı, işsizliyin başladığı çətin dönəmlərdə məni oxudub. Həmin vaxtlarda onun əziyyətinin qarşılığını nə ilə qaytara bilərdim? Ancaq yaxşı oxumaqla, dürüst yaşamaqla, başını uca eləməklə. Mənlə o qədər qürur duyurdu ki... Amma fərqində idi ki, özü necə mənim qürur qaynağımdır, gücümdür. İndi elə düşünürəm ki, yaxşı ataya sahib olmaq qızları daha güvənli, daha güclü edir.

Yaxşı valideyn ömrün ən gözəl mükafatıdır. Bu sarıdan çox şanslı olmuşam. Mən gözümü açıb evdə nəhəng bir kitabxana görmüşəm. Atam çox mütaliəli insan idi. Anarın, Sabir Rüstəmxanlının, Mövlud Süleymanlının o dövrdə nəşr olunan bütün yeni kitablarını alırdı, dünya ədəbiyyatı ilə bağlı əksər yeni kitab və jurnalları tapıb oxuyurdu. Mən də həvəsə düşüb hamısını oxumağa çalışırdım. Məktəbi bitirdikdən sonra filologiya ixtisasını seçməyim də mənə aşılanmış bu sevgidən idi.

- Qadınların daxili intuisiya gücünə inanırsınızmı, “altıncı hiss”inizlə qərarlar vermisinizmi?

- İntuisiyam çox güclüdür və bu, mənə atılacaq hansısa addımlarda uğurlu bələdçilik edir. Əslində, intuisiyama güvənib verdiyim qərarlar daha çoxdur. Ürəyimlə beynim arasında qalanda həmişə ürəyimə güvənmişəm… Çünki intuisiyama sehr, yaxud təsadüfi bir nəsnə kimi yox, təcrübədən keçmiş hisslərimin yaddaşı kimi yanaşmışam.

- Ürəyiniz sizi “ayağa verməyib”?

- Adətən, verməyib. Amma versə belə, təəssüflənmərəm. Bütün yükümüzü daşıyır, səhv edəndə də dünya dağılmaz...

- İndiki qadınlarda qəbul etmədiyiniz “rol” hansıdır?

- Bu gün qadınların üzərinə çoxlu “rol” yüklənib. O, hər şeyi bacarmalıdır, hər yerə çatdırmalıdır, həm işləməli, həm ana, həyat yoldaşı olmalı, həm də hər kəsin dayağına çevrilməlidir. Amma burada mənim qəbul etmədiyim bir həssas məqam daha var. Qadınların özü də sanki bu gün aydın müşahidə olunan “rol dəyişikliyi”ndə müəyyən rol oynayırlar.

Ekzüperinin bir fikri var: “Ah, qadınlar, qadınlar! Kişilərin başının tacı idiniz, o qədər dediniz ki, bizə azadlıq, bizə azadlıq, qoydular öz yanlarına, oldunuz onların tayı...”. Bu yumorda bir həqiqət payı da var. Cəmiyyətdə əksər qadınlarda bir kişiləşmə gedir. Diqqət yetirin, artıq “qadın zərif məxluqdur” kimi ifadələr çox nadir hallarda işlənir. Qadın artıq öz istəyilə zəriflik sferasından çıxaraq mənasız stereotiplərlə "silahlanır" və cəmiyyətdə bu cür görünməkdən həzz alır. Əlbəttə ki, karyera və təhsil qadın üçün vacibdir, amma bütün bunlarla bərabər, qadınlıq “mən”i itməməlidir.

Azərbaycanda Şərq mentallığı hələ də mövcuddur, bizim üçün ailə kodu çox önəmlidir. Qadın öz gücünə nələrsə edə bilər, amma özünü aşmamalı, bunu cəmiyyətə nümayiş etdirməyi prioritetə çevirməməlidir. Qadın kişi kimi olanda deyil, özü kimi qalmağı bacaranda cəsarətli görünür. Süslənmiş mükəmməlliyə ehtiyac yoxdur.

- Elm, ədəbiyyat, siyasət, iş, ailə… Bir qadın olaraq bütün bunları necə uzlaşdırırsınız? Bu sahələrdən hansında özünüzü daha rahat hiss edirsiniz?

- Hər birində məsuliyyətimi dərk edib üzərimə düşən missiyanın öhdəsindən gəlməyə çalışıram. Amma ədəbiyyatda özümü daha rahat hiss edirəm. Ədəbiyyat mənim mənəvi ərazimdir. Digər sahələrdə və məişətdə yorulanda belə güc aldığım sahə ədəbiyyatdır.

Bir var mexaniki mütaliə edəsən, bir də var oxuduqlarını özündən keçirəsən – ona görə də ədəbiyyatdakı qəhrəmanlar, obrazlar məndə yaşayırlar sanki, şüuraltımda yurd salıblar. Əlbəttə ki, ədəbiyyat ilk növbədə, mənəvi yaşamdır.

Biz onunla həm estetik platforma olaraq “silahlanırıq”, həm də onu həyatımızın bir parçasına çeviririk. Ədəbiyyatlaşmış bir ruhla yaşamaq çox gözəldir...

- Ədəbiyyatşünas alim kimi elə olubmu ki, hərdən həyatınıza da kənardan bir əsər kimi yanaşasınız?..

- Həyatımı bir əsər kimi təsvir etsəm, yəqin ki, hekayə janrı olar. Roman demirəm, çünki hər insanın həyatı romandır əslində. Amma hekayə daha konkret detallara vurğu edir. Mən düşünürəm ki, hər insan bu həyata öz hekayəsini yazmağa gəlir. Siyasətdə yeniyəm, amma düşünürəm ki, ədəbiyyatda və elmdə öz hekayəmi yazmağı bacarmışam.

- Sizcə, “Qadınlıq” obrazını simvolizə etmək üçün bir rəng, bir qoxu və bir səs seçməli olsanız, bunlar nələr olardı?

- Mənim üçün qadınlığın rəngi müxtəlif məqamlara görə dəyişə bilər. Sevdiyim rəng isə çəhrayıdır.

- Bu, bəzən həyata da “çəhrayı eynək”dən baxmağınıza gətirib çıxarmır?

- Hərdən “çəhrayı eynək” taxmaq qaçılmaz olur. Həyatın adiliyindən, bozluğundan təcrid olunub intəhasızlığa varmaq, mənəvi-ruhsal dünyamızın nikbinliyini ziddiyyətlər içrə vurnuxan həyata qənşər qoymaq üçün…

- Bəs sevdiyiniz qoxu və səs?

- Yağışdan sonrakı nəm torpağın qoxusu mənim üçün ən gözəlidir, amma qadınlığın qoxusu deyirsinizsə, yasəmən ətri... İlk baxışda sadə, amma getdikcə dərinləşən… Səs kimi isə, yağış səsi ilə yanan ocağın səsinin harmoniyası.

- Bədii ədəbiyyatdakı qadın qəhrəmanlardan söz düşmüşkən, indiyə qədər oxuduğunuz hansı milli obraz sizə özünüzü xatırladır?

- Maraqlı sualdır. Müxtəlif situasiyalar və fərqli qadın obrazları üzərində fikrən gəzişmələr edirəm, amma iddialı səslənsə də deyim ki, mən özümü daha çox yazılmamış bir əsərin qəhrəmanı kimi görürəm…

Son bir əsrin qadın obrazlarına baxsaq, əsrin əvvəllərində yaradılan qadınların əksəriyyəti taleyin yükü altında əzilmiş, hər şeyə boyun əyən, hüquqları əllərindən alınan müti obrazlardır. Sonra sovet dövrünün “Erkək Tükəzbanlar”ı gəlir. Sonra Saçlılar, Səriyyələr... Daxili “mən”i ilə görünsə də, dövrün sosial tələbi ilə yaradılmış obrazlar... Daha sonra “Dəli Kür”dəki üstünə qadın gətirilən qadın! Yenə də mənən əzilən, alçaldılan obrazlar. Ardınca “Təhminə” gəlir, o da ayrıca bir mərhələnin başlanğıcıdır. Sonra da müharibə və qaçqınlıq dönəmi... İstəsələr belə, yazıçılarımız qürurlu qadın obrazı yarada bilməzdilər. Daim şikayət edən, nisgilli, torpağından, doğma ailəsindən uzaq düşən qadın obrazları…

Bu ədəbi qəhrəmanların heç biri məni ifadə eləmir. İndi bunları deyərkən yenidən fərqinə varıram ki, Azərbaycan ədəbiyyatında özünəməxsus, fərqli qadın obrazı çox az yaradılıb. Bircə Hüseyn Cavidin bütün qadın qəhrəmanları sevgi doludur.

- Qadının ədəbiyyatdakı yerindən danışırıqsa, elə son dövrlərdə polemikaya çevrilən bir məsələ ilə bağlı fikrinizi öyrənmək istərdim. Sizcə, qadın müəlliflərə münasibətdə həqiqətən görünməz baryerlər varmı?

- Mən şəxsən ədəbi mühitdə qadın yazarlara qarşı hər hansı bir təzyiq, sıxışdırma, yaxud onları aşağılama kimi hallarla qarşılaşmamışam. Ədəbiyyat yazı, fikir sənətidir və öz fikri ilə tanınmaq, görünmək imkanları, əslində, hər kəs üçün açıqdır. Ən azı istənilən kəs özünün “Facebook” səhifəsində mətnləri, istedadı ilə görünə bilir. Ədəbi mənzərəyə nəzər salsaq, qadın yazarlarımızın ortaya çıxması və qəbul olunması baxımından 1990-cı illərin sonu, 2000-ci illərin əvvəlləri fərqli bir dövr idi.

Həmin illərdə Nərmin Kamal, Günel Mövlud, Sevinc Elsəvər kimi qadın imzalar ədəbiyyatda fərdi yaradıcılıq üslubları sayəsində önə çıxa bildilər. Daha sonrakı mərhələdə isə Rəbiqə, Sevinc Çılğın, Xuraman Hüseynzadə, Aysel Əlizadə, Sevinc Mürvətqızı, Elnaz Eyvazlı, Könül Arif, sonradan Sahilə Yaya, Cavi Dan, Hədiyyə Şəfaqət, Samirə Əşrəf kimi imzalar ədəbiyyata gəldi.

Yəni qadın yazarlar həmişə görünüb, sadəcə, say baxımından kişilər üstünlük təşkil etdiklərinə və daha çox toplaşmaq, bir araya gəlmək imkanları olduğuna görə onlar dəstə şəklində görünürlər. Qadın yazıçı həm təbiəti, həm də cəmiyyətin ona yüklədiyi öhdəliklərə görə çevrə yarada bilmir. Səhərlər işə, axşamlar evə tələsir. Kişi yazıçı arxayındır ki, evdə onu dəstəkləyən, ailə, məişət yükünü qarşılayan həyat yoldaşı var. Ona görə bir "çöl" estetikası da yaratmaq imkanlarına sahib olurlar.

- Özünüzün sevdiyiniz və xoşlamadığınız xüsusiyyətiniz hansıdır?

- Sevdiyim xüsusiyyətim özüm olmağım, heç kimi təkrarlamamağımdır. Sevmədiyim xüsusiyyətim yoxdur, hər şey məndədirsə, mənə tabedir demək. Onu mən yönləndirir, idarə edirəmsə, demək ki, içim belə diqtə edir. Sevmədiyim nəsə olsa dəyişərəm.

- Hansı qadağanı qəbul etmirsiniz?

- “Tez qayıt” qadağasını. Vaxt darlığında - hər işə, hər tədbirə yetişməyə çalışdığım anda bu cümləni eşitmək məni özümdən çıxara bilir…

- Qadınlar arasında bəzən gizli bir “rəqabət” olur. Məşhur bir deyimdə vurğulanır ki, qadın qadının qurdu da ola bilər, yurdu da... Sizin həyatınızda “qurd olanlar” çoxdur, yoxsa yurd ola bilənlər?

- Yurd ola bilənlərin sayı azdır, amma onların mənəvi gücü o qədər böyükdür ki, lap Ximenesin dediyi kimi, “ucsuz-bucaqsız azlıq”dırlar. Onlarla az-az görüşsəm də, varlıqlarından sonsuz güc alıram. Hər zaman deyirəm, mənim üçün ən böyük sərvət insanlar, qazandığım dostlar, dostluqlardır. Bayaq intuisiya barədə danışdıq, mən elə əvvəldən “qurd olan”ı da, “yurd olan”ı da tanımışam. İnsanların enerjisinin bir-biri ilə uyğunlaşmasına inanıram. İlk görüşdə enerjim tutmayan adamla heç bir halda görüşməməyə, ünsiyyət qurmamağa çalışıram. Ömür mənasız adamlara xərclənəcək qədər uzun deyil.

Rəqabət deyirsiniz, ədəbiyyata yeni gəldiyim vaxtlarda qadın rəqabətini, çəkişməsini daha çox hiss edirdim. İndinin özündə də ən çox eşitdiyim sual budur: “Necə çatdırır?” Bu sual, narahatlıq illərlə refren kimi səslənib və onu səsləndirənlərdən xəbərsiz mənim güc qaynağıma çevrilib. Bəli, çatdırıram! Ailəmlə keçirəcəyim zamandan, enerjidən, gəzintidən, istirahətdən kəsib oxumağa, yazmağa vaxt ayırmaqla çatdırıram.

Hamı şirin yuxuda ikən, mən klaviaturanın səsləri ilə gecənin qaranlığını adlayıb günəşi salamlamaqla çatdırıram. Öz dünyama kökləndiyimə və bu auranı təmiz saxladığıma görə çatdırıram. Kainata ötürdüklərimiz isə bumeranqdır, nə ötürürüksə, bizə geri qayıdır.

- Zahiri və daxili baxımdan sizi “mütləq qadın” kimi hiss etdirən nüans nədir?

- Məncə, qadın ondan hər kəsin gözlədiyi kimi deyil, öz həqiqətləri çərçivəsində olduqda “mütləq” olur. Bu baxımdan, özünü ifadə tərzinə malik olduğumu bilirəm. Özümə inamım və duruşum məni “mütləq” edir.

- Sonda sizi uğura aparan “qadınvari” sirrinizi bilmək istərdik, həmcinslərinizə nə demək istəyərdiniz?

- Zəhmət, çox çalışmaq, doğru ətraf və enerjiyə malik olmaq, kainatı sevmək və öz gücünə inanmaq. Qadının gücü bunu başqalarına isbat edəndə deyil, özü üçün dərk etdiyində yaranır. Öz kimliyini, duyğularını dərk edən qadın təsirlər, təzyiqlər qarşısında müvazinətini itirmir və bu inam onun üçün artıq uğurlu bir həyat hekayəsi vəd edir.

https://kulis.az

Другие новости