Menu
Национальная Академия Наук Азербайджана
Институт литературы имени Низами Гянджеви

ПОИСКИ. ИССЛЕДОВАНИЯ

Взгляд на творчество Сейида Азима Ширвани – Вугар Ахмад

14-04-2025 [ 11:13 ] [ прочитано:16 ]
printerA+ | A-

Seyid Əzim Şirvaninin yaradıcılığı olduqca çoxşaxəlidir. Lakin bu zəngin yaradıcılıqda əsas yer maarifçilik ideyasına məxsusdur. O, xalqını savadlı, dünyagörüşlü, məlumatlı və müasir düşüncəyə sahib görmək istəyirdi. Bu arzunun gerçəkləşməsi üçün çalışır, həm poeziyası, həm də pedaqoji fəaliyyəti ilə maarifçiliyi təbliğ edirdi.

AZƏRTAC xəbər verir ki, bu fikirlər AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Vüqar Əhmədin “Seyid Əzim Şirvani yaradıcılığına bir nəzər” sərlövhəli məqaləsində yer alıb. Məqaləni ixtisarla təqdim edirik.

Seyid Əzim ərəb, fars və rus dillərini mükəmməl bilirdi. Şamaxıda müdirlik etdiyi yeni üsullu məktəbdə rus dili də tədris olunurdu. Onun maarifçilik istiqamətindəki fəaliyyəti yalnız dil bilikləri ilə məhdudlaşmırdı. O, bu məktəbdə şagirdlərinə türk olduqlarını anlatmaqla yanaşı, İslam dəyərlərini dərindən başa salır və Avropanın inkişaf etmiş xalqları ilə ayaqlaşmaq üçün rus dilini öyrənməyi tövsiyə edirdi.

“Qurani-Kərim”i əzbər bilən Seyid Əzim uzun illər İraqın Nəcəf şəhərində ilahiyyat dərsləri almış, ərəb dilində heyrətamiz səviyyədə savad qazanmışdı. Amma dövründə Azərbaycanda mətbuat olmadığı üçün maarifçi fikirlərini geniş yaymaq imkanı yox idi. Bu boşluq 1875-ci ildə Həsən bəy Zərdabinin “Əkinçi” qəzetini yaratması ilə aradan qalxdı. Seyid Əzim bu qəzetə şeirlər və məqalələr göndərərək ictimai fikrin formalaşmasına töhfə verdi.

O, həmçinin Tiflisdə fəaliyyət göstərən “Ziya” və “Kəşkül” qəzetlərinə şeirlər göndərir, bu mətbu orqanların işıqlanmasına və sevilməsinə səbəb olurdu. Bu yazılar onun maarifçilik ideyalarını daha geniş auditoriyaya çatdırmasına imkan verdi.

Seyid Əzim təkcə Şamaxı və Bakı deyil, Azərbaycanın bütün bölgələrindəki ədəbi məclislərdə böyük hörmət qazanmışdı. Şairin adı xüsusilə “Əkinçi”, “Ziya” və “Kəşkül” qəzetlərindən tanınırdı. Şamaxılı olan Ünsizadə qardaşlarının təşəbbüsü ilə Şamaxıda açılmış “Məclis” adlı yeni üsullu məktəbdə şəriət dərslərini Seyid Əzim tədris edirdi. Məhz bu məktəbdə Azərbaycanın digər böyük şairi Mirzə Ələkbər Sabir onun dərslərini dinləmişdi.

Maarifçi şairin Qafqazın müxtəlif bölgələrində tanınması onun poeziyasının gücündən və maarifçilik ruhundan irəli gəlirdi. Mir Möhsün Nəvvab, hərçənd ona həcvlər yazmışdı, Seyid Əzimin şeiriyyətinə yüksək qiymət verirdi. Bölgələrdəki məclis üzvləri onu Mövlanə Füzulidən sonra türk poeziyasının nəhəngi hesab edirdilər. Ordubadda fəaliyyət göstərən “Əncümənüş-şüəra” məclisinin rəhbəri Hacıağa Fəqir Ordubadi onunla məktublaşır və bir-birinə mənzumələr yazırdılar.

Seyid Əzim yaşadığı dövrdə bir çox şairin ilham mənbəyi və mənəvi müəllimi olub. Firidun bəy Köçərli onu “Qafqaz şüərasının səramədi” adlandırıb və Azərbaycan ədəbiyyatında tutduğu mövqeyə xüsusi önəm verib. O, Bakı, Şuşa, Gəncə, Qazax, Lənkəran, Təbriz, Ərdəbil, Dərbənd və Şəki bölgələrinin şairləri ilə sıx əlaqədə olub, təzkirələrində onların yaradıcılığından geniş bəhs edib. Bakıda fəaliyyət göstərən “Məcməüş-şüəra” ədəbi məclisində tez-tez iştirak edən şair burada Əbdülxalıq Cənnətinin istedadına da yüksək qiymət vermişdi.

Məlumdur ki, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev Seyid Əzimin yaradıcılığına böyük maraq göstərmiş, onu Bakıya dəvət etmiş və şeirlərini dinləmişdir. Seyid Əzimin oğlu Seyid Cəfərin söylədiyinə görə, Tağıyev onun külliyyatını çap etdirmək istəsə də, senzura və bəzi ruhanilərin müqaviməti buna mane olmuşdu. Amma sonradan bu külliyyat Tehranda nəşr olunmuşdu.

Mərhum professor Xeyrulla Məmmədov “XIX əsr Azərbaycan ədəbiyyatı” kitabında Seyid Əzimin yaradıcılığına geniş yer ayıraraq, onun “Əkinçi” qəzetində yazmaqla ictimai pafos qazandığını, vətəndaş mövqeyinin formalaşdığını qeyd edib: “Fəbbül-ətfal”, “Qafqaz əhlinə xitab”, “Ruhanilik təhsili”, “Əkinçi və xan”, “Köpəyə ehsan” kimi əsərləri həm mövzu dərinliyi, həm də poetik dili ilə dövrün şairlərinə örnək olmuşdur. O dövrdə elə bir şair yox idi ki, Seyid Əzimin dəst-xətindən təsirlənməsin”.

Seyid Əzim təzkirəçilik sahəsində də mühüm işlər görüb, Sadiq bəy Sadiqidən sonra bu sahədə parlaq nümunələr yaradıb.

Azərbaycan ədəbiyyatı zəngin mənəvi və mədəni irs xəzinəsidir. Seyid Əzim Şirvani isə bu xəzinənin ən dəyərli yaradıcılarından biri olaraq, öz humanist və tolerant yaradıcılığı ilə ədəbiyyat tariximizdə silinməz iz qoyub. Onun oğlu Seyid Cəfərə ünvanladığı nəsihətnamə xarakterli şeiri, şairin bütün bəşəriyyətə açıq ürəyə sahib olduğunu nümayiş etdirir. Bu xüsusiyyətlər onun yaradıcılığını işıqlı və həmişəyaşar edib.