Menu
Национальная Академия Наук Азербайджана
Институт литературы имени Низами Гянджеви

ПОИСКИ. ИССЛЕДОВАНИЯ

Уроки Яшара Гараева - Джаваншир Юсифли

09-04-2025 [ 12:35 ] [ прочитано:20 ]
printerA+ | A-

Hər bir alimin ömürboyu yazdığı, üzə çıxardığı yazılar, onun davranışı, yəni belə deyək, həyat və sənət dəhlizlərində atdığı addımların səsi zamanla unudulur və yenidən anidən canlanır - bizdən asılı olmayaraq. Hər dəfə unudulub canlananda gələcəyə bir parça dəyər köçür, hər dəfə, hər dəfə...

Amma bir də var, bu dəyər parçalarının bitişib bir bütöv yaratması, əsas məsələ budur. Klassiklərin (elə klassik musiqi və kinonun da) təkrar-təkrar oxunması buna xidmət edir, yaddaqalan, sənə dəyər qatan bu oxular arasındakı fərqlər olur. Bunu bilənlər ətrafdan gələn tərif səslərinə bilmərrə fikir vermir, onu yaxına buraxmırlar; reaksiya verənləri görmüşük, bir tərif qırığı, gilizi ucbatından onların gözündə sanki təzədən dünyaya gəlirsən, yəni onu təqdir edirsən deyə, varsan. Buna da şükür. 

Bu adamlar meydana həmişə çal-çağır altında gəlirlər. Bu mənzərəni gördükdə üşüyürsən: görən, təpənin başında uzaqdan gözünün güclə sezdiyi tək vələs necə dözür? Bu görüntü nələr deyir? Sən ona görə qəfil "dünyaya gəlirsən" ki, o adam, o yazı-pozu (cızma-qara) yiyəsi özünü görmür. Beləcə nə qədər insan gəlir dünyaya. O ağac hələ də üşüyür.

Yaşar müəllimi niyə dedim? Yaxşı nələrsə eləyəcək alimə məncə, vəzifə verməzlər, imkan vetmək lazım ki, adamlar onu unutsun, tək qalıb ürəyində nişanladığı hədəflərə yaxınlaşa bilsin, bizə o dərinləri göstərə bilsinlər. İndi söz ən ucuz şey olub, bu sözlərdən hörülən araşdırmanın harasından yapışsan, yer-yerdən söküləcək, bircə sap qaçdımı, içində olmayan şeylər dağılacaq, yer uşaq oyuncaqlarıyla aşıb-daşacaq, ağır cildli kitablar toza dönəcək.

Kitab oxumaq yerinə kitab yazmaq önə keçəndə ən gözəl, ən incə duyumlar, qəfil içinə dolan işıqlanmalar olmamış kimi sönür, klassik mükəmməl tənqidin (həm də bu incə sezmə və ani işıqlanmaların olduğu) astar tərəfi pis və darıxdırıcı, məna verməyən esse olur, bu halda söz butaforiyaya, bəzək və dekorasiyaya çevrilir. Amma klassik essenin bətninə tənqidi gəzişmələr dolanda dünyanın ən qaranlıq tərəfi belə əl içində olduğutək görünəcək. İçində məna və ideya olmayan tənqid də pisdir, esse də. Bədii mətnin içindəki, ən müxtəlif laylardakı əsas olan nüanslar üzə çıxmasa, sənin yazdığın mətnə qoşulan qoşqudan başqa bir şey olmayacaq. Yaşar müəllim bunları bilərək getdi və bunlara öz yazıları ilə müqavimət göstərərək. 

Bədii mətni ciddi ədəbiyyatşünaslıq mətninə necə çevirməli? Bu, təkcə bədii mətni təkrar-təkrar oxumaqla bağlı deyil, ədəbiyyat anlayışıyla, ədəbiyyatın özüylə sıx əlaqəli problemdir. Sənin yozumun bədii mətnin içində tapdığın nəsnələri tamamlamalıdır. Sözün əşyaya çevrildiyi məqamı hiss etmək. Bütün bunlar olmayanda ortada ancaq problem qalır, hər gün böyüyür və böyüdükcə səni yox edir. Sovet dövrü klassikaya baxışların fərqli olması təbiidir, elə XIX əsri yazaraq yaradan sənətkarlara da. Ancaq elmi baxış yüksək filoloji hazırlıq tələb edir, bu olmayanda yersiz müqayisələr, mübaliğə və kiçiltmələr meydan sulayır. Qoqolun "müfəttiş gəlir" nidası burda yerinə düşür. İki məsələ bir-biriylə sıx bağlıdır. Klassikaya o tipli münasibət müasir dövr ədəbiyyatını dəyərləndirməyə də sipər çəkir. Səməd Vurğundan vaz keçmək modern dövr ədəbiyyatını yalın gözlərlə oxumağı şərtləndirir. Axundzadəni rədd etmək ondan əvvəlki böyük ədəbiyyatı anlamamağa səbəb olur. Axundzadəni oxuya bilməyən adam, nə olur-olsun, heç orta səviyyəli füzulişünas da ola bilməz. Bir də yenə Qoqol və onun musiqi haqqında yazdığı şedevr. Onun ürəyinin və sözünün dərinliyini göstərə bilən yazı.

XVII əsrin sonu, XVIII əsrin əvvəllərində poeziyanın üzündəki niqab düşdü. Dünyanı və gerçəkliyi, gözəllik və çirkinliyi niqabsız görmək, rasional təfəkkürün inadı Bakıxanovu, Mirzə Şəfini, Axundzadəni yetirdi, bu axırıncısı isə Sanılını, Əhməd Cavadı, Müşfiqi, Rəsul Rzanı və Səməd Vurğunu yetirdi. Sonra Əli Kərim (... Qolu sındırılan Babək, Yurdu yandırılan Babək...) və misilsiz şairlər pleyadası. Axundov əsrində və ondan sonra niyə hamı məhz Füzulini tənqid etdi? Bu suala Nizami Cəfərov lap yaxında "Ədəbiyyat qəzeti"ndə çıxan yazısında hamıdan fərqli cavab verir: "Füzuliyə gəldikdə isə, onun estetik sufizmdəki "xidmətlər"i o qədər böyükdür ki, ədəbiyyatda realizm (rassionalizm!) ayaq tutan kimi, ilk növbədə, tənqid hədəfinə məhz o düçar olmuş, Mirzə Fətəlinin xəfif ironiyası ilə "nazimi-ustad" ünvanına layiq görülmüşdür. 

Füzuli sufizminin estetikliyində onun (estetikanın!) harmoniyasına xələl gətirməyən mütəvaze (və müdrik!) bir elmilik də var".

Yəni... Müstəqillik dövrü ədəbiyyatı hələ yeni-yeni pərvəriş tapır, qarşıda uzun bir yol var, klassikaya güvənib yeni üslublar, axın və istiqamətlər yaratmağın yolu çətin və əzablıdır.

Другие новости