Menu
Национальная Академия Наук Азербайджана
Институт литературы имени Низами Гянджеви

ПОИСКИ. ИССЛЕДОВАНИЯ

Упрямство Вургуна - Асиф Рустамли

18-02-2025 [ 13:33 ] [ прочитано:27 ]
printerA+ | A-

Səməd Vurğunu yaxından tanıyan məsləkdaşlarının memuarlarında, xatirələrində, şairin xarakterinə xas xüsusiyyətlər vurğulanarkən onun inadkarlığı, əzmi, cəsarəti haqqında təqdim olunan örnəklər, nümunələr şeirlərindəki poetik qüdrətin, məğrurluğun rişələrini, qaynaqlarını özündə yuvalandırır, nişan verir. Onun şəxsiyyəti ilə şeiriyyətinin vəhdətini şərtləndirən monolitlik, bütövlük, sarsılmazlıq tarixi-ədəbi mühitin mənəviyyat meyarı, sənət etalonu adlandırılmağa layiqdir. Vurğun inadkarlığında özünəgüvən, sözünə əminlik, haqqa, həqiqətə inam çırpınır, təcəssüm tapır. Şairin inadkarlığında vurğunluq yaşayır, vurğunluğunda inadkarlıq döyünür. Səmədin uşaqlıq və gənclik illərindən daxili azadlığını, sözə hökmranlığını, vurğunluğunu görməzdən keçmək mümkünsüzdür. Yaradıcılığının ilk dövründə yazdığı "Şərqin qapısı" adlı şeirində "Şair ən inadkar bir çocuq kimi..." - deyərkən o inadkarlığın çocuq saflığına, dönməzliyinə və enməzliyinə işarə edirdi.

"İnadkarlıq - siyasət adamının düşüncə tərzi, döyüşçünün qılıncı, ixtiraçının sirri, alimin sehridir" - söyləyən ingilis etnoloqu Con Lebbok cəmiyyətin həyatında bu insani keyfiyyətin nə qədər önəmli missiya daşıdığını yüksək dəqiqliklə dəyərləndirməyi bacarmışdır.

Vaqif Səmədoğlu atasının F.B.Köçərli ilə ilk görüşü haqqında yazırdı: "Bibisi Ayşə xanım onu Qazağa, orada yenicə, 1918-ci ildə açılmış seminariyaya gətirəndə, həmin təhsil ocağının rəhbəri, böyük maarifçi Firudin bəy Köçərli zəif, raxit bədənli, 12 yaşlı uşağı süzüb, deyibmiş:

- Ayşə xanım, bu uşaq oxuya bilməz, zəifdir, xəstədir, beynində bilik qala bilməz yazığın.

Bunu eşidən Səməd ağzını açıb, Qurani-Kərimdən birnəfəsə surələr deməyə başlayıb, parlaq yaddaşını nümayiş etdirib və sonrakı illərdə seminariyanın 1 nömrəli tələbəsi kimi bütün mahalda ad çıxarıb".

Eyni hadisə Ş.Nəzirlinin "Qoridən gələn qatar" adlı əsərində cüzi dəyişikliklə belə verilmişdi: "Firidun bəy Köçərli xəstə, arıq, qızdırmadan rəngi solmuş, cılız Səmədə baxıb nənəsi Ayşəyə:

- Arvad, bu uşağı illət basıb öldürür, bu oxuya bilməz, bundan bir şey çıxmaz, - deyə onu qəbul etmək istəmirdi.

...Səməd sağ əlini sol döşünün üstünə qoyub ürəyinə işarə edərək, çox ahəstə bir səslə:

- Ah! A Firidun bəy, bircə bilsəydin ki, burda, bu ürəkdə nələr var..."

Hər iki istinadda ədəbiyyat tariximizin babası, görkəmli pedaqoq, Qazax Seminariyasının müdiri Firidun bəy Köçərlini ilkin, yanlış qərarından daşındıran 12 yaşlı Səmədin hazırcavablığı və inadkarlığı olmuşdur.

Qazax Seminariyasına qəbuldan bir az fərqli digər hadisə 1931-ci ilin sentyabrında Səməd Vurğunun başına gəlmişdir. Belə ki, o Moskva Dövlət Pedaqoji İnstitutunda II kursdan təhsilini yarımçıq qoyub Bakıya qayıtdıqdan sonra Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun (Az.DETİ) aspirantura şöbəsinə daxil olmaq üçün ərizə yazmış, qəbul imtahanlarından yüksək qiymətlər alsa da, "sosial mənşəyinə görə aspiranturaya qəbul edilmə"diyi üçün əsl mübarizəyə başlamışdır. Çünki tərcümeyi-halında səmimiyyətlə yazdığı: "Atam Yusif ağa Vəkilov bəy nəslindəndir" cümləsi Səməd Vəkilovun elmə, təhsilə gedən yolunu bağlamaq üçün Az.DETİ-nin müvəqqəti direktoru Gevorkovun və tədris/hissə müdiri Vilçevskinin əlinə "sanballı" fürsət vermişdir. İnstitutun Vəkilov Səmədə aspiranturaya qəbul edilməməsi haqqında 23 sentyabr 1931-ci il tarixli və 061/4/52 nömrəli rəsmi arayışının verilməsinə baxmayaraq, Vurğun Az.DETİ rəhbərliyinə qarşı cəbhə açmış, məhz inadkarlığı sayəsində müvəqqəti direktor Gevorkova əsassız qərarını ləğv etdirməyə nail olmuş, "Partiya tarixi, Qərb dövlətlərinin tarixi, Dialektik materializm, Siyasət, türk və rus dili..." fənləri üzrə verdiyi imtahanların nəticəsinə əsasən aspirantura şöbəsinə daxil edilmişdir.

Vurğun inadkarlığının sınağa çəkildiyi digər bir hadisə 1955-ci ildə, akademik Səməd Vəkilovun Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti vəzifəsində çalışdığı dövrə təsadüf edir. Sıradan olan adi bir hadisə Azərbaycanın iki dövlət qurumu - Elmlər Akademiyası ilə Dövlət Universiteti arasında "Mosesov" fırtınasına çevrilmişdi. Moskvadan göstərişlər... Azərbaycan MK-dan telefon zəngləri, bəlkə də 35 illik sovet dönəmində ilk dəfə olaraq Vurğunun sarsılmaz inadına çırpılaraq çiliklənirdi...

Azərbaycan EA Rəyasət Heyətinin qərarına əsasən həqiqi və müxbir üzvlərin vakansiya yerinə namizədlərin qeydə alınması üçün  elanın çapı və qaydalara müvafiq olaraq sənədlərin təqdimi üçün iki ay müddət verilməsi ənənəsi heç vaxt narazılığa səbəb olmamışdır. Bu dəfə sənədlərin qəbul müddəti 1955-ci il 14 mart tarixində başa çatmışdı. Lakin Novruz bayramı günü, mart ayının 22-də Azərbaycan Dövlət Universitetinin rektorluğundan 8 gün gecikməklə tarix elmləri doktoru, professor Petros Mosesovun tələb olunan şəxsi işi EA-nın elan edilmiş müxbir üzvlüyünə təqdim olunmuşdur. Akademiyanın Rəyasət Heyəti ADU-nun (indiki BDU) rektoruna cavabı çox gecikdirilməmiş, mart ayının 26-da rəsmi məktubla rektor Y.H.Məmmədəliyevin nəzərinə çatdırılmışdır ki, sənədlərin qəbul qaydası (prosedur) pozulduğu üçün professor P.B.Mosesovun şəxsi işi qəbul edilməmişdir.

Akademiyanın cavab məktubu qısa, aydın və məntiqli olsa da, xəbərin arealı sürətlə genişlənmiş, xahiş, minnət, hörmət üslubu az vaxt içərisində  təzyiq, təpki, mərəkə müstəvisinə transfer olunmağa başlamışdır. Petros Baqdasaroviçi Moskvadan və Bakıdan müdafiə edənlər Akademiya ilə bərabər Universiteti də hədəfə almışdılar. Rektor Y.H.Məmmədəliyev məcbur olub mart ayının 28-də Akademiyanın Rəyasət Heyətinə növbəti məktubunu ünvanlayaraq professor P.B.Mosesovun şəxsi işinin istisna hal kimi qəbul olunmasını Universitet rektorluğunun və ictimai təşkilatlarının adından xahiş etdiyini təkidlə diqqətə çatdırırdı. 1947-1950-ci illərdə Akademiyanın prezidenti işləmiş, akademik Yusif Məmmədəliyevin ikinci məktubuna həssaslıqla yanaşılmış, məsələ EA Rəyasət Heyətinin 30 mart 1955-ci il tarixli iclasında akademik Səməd Vurğunun sədrliyi ilə müzakirəyə çıxarılmışdır. İclasda RH üzvlərindən M.A.Topçubaşov, V.P.Volobuyev, A.N.Quliyev, S.P.Tevosov, N.F.Nağıyev, A.N.Smirnov, A.İ.Qarayev, M.Ə.Qaşqay, M.T.Həsənov, Y.B.Kərimov, V.A.Qorin, A.A.Əfəndizadə, A.İ.Xəlilov, Z.İ.Xəlilov və L.N.Xasin iştirak etmişlər. Gündəliyə yalnız bir məsələ daxil edilmişdir: 1. Azərbaycan EA müxbir üzvlüyünə prof. P.B.Mosesevin irəli sürülməsi, sənədlərinin qəbulu və ADU-nun rektoru, professor Y.H.Məmmədəliyevin təqdimatı haqqında.

İclasın sədri, Azərb.EA RH-nin vitse-prezidenti Səməd Vurğun iclas iştirakçılarına bildirmişdir: "Azərb.EA  həqiqi və müxbir üzvlərinin vakansiya yerlərinə sənədlərin verilmə müddəti mətbuatda dərc olunduğu kimi iki ay müəyyən edilmişdir. Bu müddətdən sonra Universitet P.B.Mosesovun sənədlərinin Azərb.EA-nın müxbir üzvlüyünə qəbul olunmasını bizdən xahiş etmişdir. RH-nin üzvləri ilə məsləhətləşdikdən sonra bu qənaətə gəldik ki, iddiaçının sənədlərini mətbuatda dərc olunmuş qaydaların pozuntusuna görə geri qaytarmaq şərtilə prof. Y.H.Məmmədəliyevə məktub göndərilsin. Bundan sonra prof. Y.H.Məmmədəliyev bizə Universitet rektorluğunun və partiya təşkilatı katibinin imzası ilə ikinci məktubu göndərərək vurğulamışdır ki, yol. Mosesovun materialları fakültənin günahı ucbatından gecikdirilmişdir və Akademiyadan sənədlərin yenidən qəbulunu xahiş etmişdir."

Səməd Vurğun rektor Yusif Məmmədəliyevin Azərb.EA Rəyasət Heyətinə ünvanladığı məktubun məzmununu iclas iştirakçılarının diqqətinə çatdırır. Məktubda yazılmışdır: "Azərbaycan Dövlət Universiteti 22 mart 1955-ci ildə Tarix fakültəsi elmi şurasının tövsiyəsi ilə prof. P.B.Mosesovun şəxsi işini Azərb.EA-da vakansiya olan, İctimai Elmlər bölməsinin tarix ixtisasında müxbir üzv yerini tutmaq üçün EA Rəyasət Heyətinə göndərmişdir. Lakin bu il 26 martda gecikməyə görə RH-nin katibi  M.N.Əlizadənin imzası ilə iş bizə qaytarılmışdır.

Namizədliyi irəli sürülmüş P.B.Mosesovun işi ADU Tarix fakültəsinin elmi katibinin günahı üzündən gec qeydiyyata alınmış, ona görə tərəfimdən fakültəyə irad tutulmuşdur.

Prof. P.B.Mosesov respublikada tarix elminin görkəmli nümayəndələrindən biri, Azərbaycan KP tarixi sahəsində əhəmiyyətli xidmətlər göstərmişdir. O, tarix elmləri doktoru, Sov.İKP tarixi üzrə respublikada ən görkəmli mütəxəssisdir. Yüzdən çox elmi işin, 50-dən artıq mətbu əsərin müəllifidir.

1946-cı ildən Prof. P.B.Mosesov 37 elmlər namizədi, 3 elmlər doktoru hazırlamışdır ki, onlardan 25 nəfəri azərbaycanlıdır.

Prof.P.B.Mosesov 30 ildən çox Sov.İKP-nin üzvüdür. SSRİ Ali Attestasiya Komissiyası Ekspert şurasının üzvü, Sov.İKP MK yanında MELS İnstitutu Azərbaycan filialı elmi şurasının tərkibinə seçilmişdir (AMEA arxivi, f-7, siy-3, s.v.-265, q-245).

Təqdimat məktubunu imzalayanlar Azərb.EA Rəyasət Heyətindən xahiş edirdilər ki, P.B.Mosesovun şəxsi işini istisna hal kimi qəbul etsinlər".

Təqdimatın dövrün, zamanın ruhuna uyğun yazılması şübhəsizdir... Şübhə yalnız bir nəfərin 9 ildə 40 nəfər elmlər doktoru və elmlər namizədi hazırlanmasında özünü büruzə verir. Bu absurd fakt 1930-cu illərin Staxanov hərəkatını xatırladır, yada salır. Moskvada AAK Ekspert şurasının üzvü olmaq da nəsə menyümüzə pıçıldayır. Mosesovun rəhbərliyi ilə elmi dərəcə almış 25 azərbaycanlı tarixçi alimin təqdimat məktubunda xüsusi vurğulanması öncədən hədəflənmiş məramlara və məqamlara hesablanmışdır.

Kimdir Petros Mosesov?

Petros 1905-ci ildə Şuşanın Qaladərəsi kəndində anadan olmuş, 1917-ci ildə ikisinifli kənd məktəbini bitirmiş, erməni-daşnak bandalarının 1918-ci ildə xalqımıza qarşı törətdikləri qırğınlarla əlaqədar Qarabağın müxtəlif kəndlərində yaşamışdır. 1922-ci ildə Bakı şəhərinə gəlmiş, 1925-1927-ci illərdə partiya məktəbində təhsil almış, rayon partiya komitələrində təlimatçı, şöbə müdiri işləmişdir. 1929-1932-ci illərdə  Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun aspiranturasında təhsil almış, yolları o dövrün gənc və çılğın Səməd Vurğunu ilə kəsişmişdir. Petros Mosesov İnstitutun müvəqqəti direktoru Gevorkovun 1931-ci ildə Səməd Vurğuna qarşı ədalətsiz qərarını dəstəkləmiş, şairi öz haqqı uğrunda mübarizədən daşındırmağa cəhd göstərmiş, lakin arzusuna çata bilməmişdir. 1939-1941-ci illərdə Azərbaycan KP MK Təbliğat və təşviqat şöbəsinin müdir müavini vəzifəsində işləmiş, tarix üzrə namizədlik işi müdafiə etmişdir. "Azərbaycanda vətəndaş müharibəsi 1917-1920-ci illər" mövzusunda dissertasiya işini 1945-ci ildə bitirərək tarix elmləri doktoru, bir il sonra isə professor elmi adı almışdır. 1946-1947-ci illərdə P.Mosesov Azərbaycan EA Tarix İnstitutunda "Azərbaycan Böyük Vətən müharibəsində" sektorunun müdiri vəzifəsində çalışmışdır.

Petros Mosesovun arvadı Yevgeniya İlinina Azərbaycan KP MK-da əvvəl Məxfi şöbənin, onun müxbir üzv olmaq istədiyi vaxtda isə Protokol hissəsinin müdiri vəzifəsində işləyirdi.

Bu yığcam məlumatlar Azərbaycan EA RH-nin iclasına sədrlik edən Səməd Vurğuna qarşı təzyiqlərin haralardan qaynaqlandığını dəqiqliklə nişan verir. Həm də təəccüblüdür ki, Azərbaycan Elmlər Akademiyasının Rəyasət Heyəti yığışaraq hansısa Qaladərəsindən gəlmiş, "tartan-partan" cızma-qaraları ilə daşnakların məzhəblərinə qulluq edən, orta səviyyəli bir ədəd tədqiqat əsəri yazmayan Mosesovun sənədlərinin qəbul olunub-olunmamasına iclas həsr edib, saatlarla vaxt itirirlər...

İclas davam edir... Səməd Vurğun narahatdır... həmkarlarının arasında demək olar ki, humanitar, ictimai elmlər sahəsini təmsil edən alim yoxdur. Çıxışa yazılan akademiklər tibb, kimya, geologiya, biologiya və fiziologya və s. elm sahələrinə aid mütəxəssislərdir.

Problemə münasibət necə olacaq? O yenə də sözünün vurğusunu qanun-qaydanın üzərinə hədəfləyərək deyir: "Biz burada, yenə də, qəbul edilmiş sənədlərin, qaydaların pozuntusu ilə üz-üzə gəlirik, ona görə də təklif edirəm ki, bu məsələni Rəyasət Heyətinin üzvləri ilə müzakirə edək. Çünki professor Y.Məmmədəliyev xahiş edir ki, bu sənədi istisna hal kimi qəbul edək. Rəyasət Heyətinin üzvlərindən xahiş edirəm ki, bu məsələyə öz münasibətinizi bildirəsiniz."

Səməd Vurğun danışmaq, problemə münasibət bildirmək üçün ilk sözü Azərbaycan EA-nın vitse-prezidenti, akademik Mustafa Topçubaşova verir.  O qeyd edir ki, biz Mosesovun və ya bir başqasının sənədini sadə bir səbəbə görə indi qəbul edə bilmərik. Qəzetdə çox aydın yazılıbdır ki, sənədlərin qəbul müddəti 14 marta qədərdir. İndi biz sualı başqa cür qoymalıyıq: biz qəbul və dərc olunmuş qaydaları pozacayıq, yoxsa, onlara ciddi əməl edəcəyik? Ola bilər ki, sabah digər namizəddən bir təqdimat da gəlsin və o zaman bizim ondan imtina etməyə əsasımız olmayacaqdır. Fikrimcə, Mosesovun namizədliyini müzakirə etməyin mənası yoxdur.

İclasda söz alan Akademik Murtuza Nağıyev həmkarlarının fikirlərini dəstəkləyərək demişdir ki, "vakansiya yerlərə sənədlərin qəbul qaydaları təsdiqlənərək qəzetlərdə dərc olunmuşdur. Bu qaydalar Universitetin rektoruna, partiya təşkilatına çox yaxşı məlum idi və sənədlərini vaxtında verə bilərdilər. Mən Mustafa Ağa oğlunun fikrini dəstəkləyirəm. Qəbul olunmuş qaydaların pozulmasına yol vermək olmaz."

Səməd Vurğun müzakirənin tədricən könülsüz məcraya yönəldiyini müşahidə edir. Y.Məmmədəliyevin birinci məktubuna qayıdaraq bildirir ki, biz ona ilk cavabı doğru olaraq RH-nin adından göndərdik. O isə yenidən ikinci təqdimatı yazdı. Ona görə də RH üzvlərindən xahiş edirəm ki, məsələyə münasibət bildirəsiniz...

Geologiya İnstitutunun ilk qurucularından, Azərbaycan EA-nın təsisçilərindən biri, ilk akademik-katib Mir Əli Qaşqay isə məsələyə çox yığcam münasibətini bildirmişdir: "Biz doğrusunu etdik, Universitet rektoruna cavab verdik ki, mövcud qaydaları pozmaqla sənədləri qəbul edə bilmərik. Çünki iki aylıq müddət bizim nizamnaməmizdə yazılıb."

Həmin vaxt Azərbaycan EA RH-nin akademik-katibi işləyən, genetika, seleksiya, bitki fiziologiyası üzrə görkəmli mütəxəssis Mirzəağa Əlizadə həmkarının fikrinə düzəliş edərək bildirdi ki, "nizamnamədə belə deyilmir. Nizamnamədə deyilir ki, sənədlərin qəbulu qaydalarını, müddətini və mətbuatda dərcinin vaxtını EA özü müəyyən edir. Biz sizinlə iki aylıq müddəti qəbul etmişik, hətta belə bir əlavə ilə ki, əgər materiallar nəzərdə tutulmuş qaydalara uyğun təqdim edilməsə, onda namizəd qeydə alınmayacaqdır."

Səməd Vurğun həmkarı M.Əlizadənin yönləndirici şərhinə aydınlıq gətirərək bir daha vurğuladı ki,  "biz hamıya xəbərdarlıq etmişdik ki, sənədlər martın 14-dək mütləq təqdim edilməlidir." Təbii ki, gecikənlər özlərindən küsməlidir.

Səməd Vurğunun: "Bəs yoldaş Qarayev nə düşünür?" - sualına cavab olaraq  Azərbaycanda eksperimental fizioloji istiqamətin əsasını qoymuş, əzələ və sinir toxuması sahəsində görkəmli alim Abdulla Qarayev lakonik olaraq iclasın sədrinə üz tutaraq demişdir: "Biz sizin Y.Məmmədəliyevə göndərdiyiniz məktuba viza qoymuşuq və təbii ki, sizinlə razıyıq."

RH-nin iclasında Mosesovun bir tarixçi kimi elmi səviyyəsindən, Azərbaycan tarixşünaslığına verdiyi "töhfələr"dən söz açılmır, ümumiyyətlə mötəbər iclasda tarixçilərdən heç kəs iştirak etmir. Elmə xidmət mövzusu şübhəsiz ki, cəmiyyətdə ciddi söz-söhbətə, mübahisəyə səbəb ola bilərdi və RH iclasında bu problemə toxunulmaması çox doğru taktika idi. Prosedur pozuntusu ittihamı isə dəqiq, məntiqli  və mübahisəsizdir. RH-nin iclas iştirakçıları istəsəydi, istisna hal kimi Mosesovun şəxsi işini qəbul edə bilərdi və bu qayda pozuntusu sayılmazdı. Məhz bu məqama Azərbaycan EA RH-nin akademik-katibi Mirzəağa Əlizadə aydınlıq gətirmişdir. Bəs Səməd Vurğunun "millətçilikdə" günahlandırıla biləcəyindən çəkinməyərək inadkarlıq göstərməsinin səbəbləri nə idi?

Əvvəla, Səməd Vurğun Petros Mosesovu Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda oxuduqları vaxtdan yaxşı tanıyırdı. O, tarixçi alim yox, ən yaxşı halda partiya "propoqandisti" idi. Partiyanın təbliğinə dair qəzet məqalələrini "dissertasiya" adlandıraraq elmi dərəcə almışdır. Bu işdə onu daşnak məfkurəli erməni havadarları və mənəvi dayazlığından qaynaqlanan həyasızlıq sindromu stimullaşdırırdı. 1920-ci illərin sonu, 1930-cu illərin əvvəllərində, xüsusilə, Azərbaycanda erməni ağalığı dövründə və repressiya zamanı xalqımıza qarşı Petros Mosesovun "xidmətləri" də danılmazdır.

Məhz vitse-prezident, akademik Səməd Vurğunun sədrliyi ilə Azərbaycan EA RH-nin 30 mart 1955-ci il tarixli iclası prosedur pozuntusu ilə əlaqədar RH-nin eyni mövzuda olan birinci qərarını qüvvədə saxlamış, P.Mosesova "Yox!" deyilmişdir.

Böyük və sevimli sənətkarımız Səməd Vurğunun inadkarlığı, prinsipiallığı  və eyni zamanda qədirşünaslığı sayəsində milli elmimizin isməti, ləyaqəti erməni-daşnak virusunun daşıyıcılarından cəsarətlə qorunmuş, sayıqlıqla hifz olunmuşdur.

Другие новости