Böyük ədib və mütəfəkkir, görkəmli ictimai-siyasi xadim Əhməd Ağaoğlunun zəngin yazılı irsində bədii-sənədli nəsr örnəkləri məzmun dolğunluğu və sənət özəllikləri ilə diqqəti çəkir. Türkiyə Cümhuriyyəti tarixinin son dərəcə ziddiyyətli bir dövrünün olaylarını əks etdirən "Sərbəst Firqə xatirələri" sözügedən örnəklər içərisində seçkin yer tutur. Belə ki, həmin xatirələrdə dramatik əsərlərə xas olan gərginlik, kəskin konflikt vardır. Təsadüfi deyildir ki, müəllif əsərin yekun fəslini "Sərbəst Firqə dramının son pərdəsi" adlandırmışdır. Ozamankı Türkiyə cəmiyyətinin mütərəqqi, islahatçı qüvvələri ilə mühafizəkar (bir sıra hallarda isə, hətta qaragüruhçu) qüvvələrinin qarşıdurması, toqquşması, digər tərəfdən isə, böyük öndər Atatürkün və yaxın məsləkdaşlarının daxili ziddiyyətləri, tərəddüdləri və bütün bunların fonunda: "psixoloji halət, zehni durum, rəsmi söz və nitqlərin, verilən bəyanatların, üzdə görünənlərin arxasında gizli qalan ehtiras və arzular, şəxsi təmayüllər və nəhayət... hadisələrin gerçək mahiyyəti" (S.Ağaoğlu) əsərdə dramatik kəskinliyi və çılpaqlığı ilə inikas olunur. Məhz bu səbəbdən - "Sərbəst Firqə dramı"nın bir çox pərdəarxası məqamlarını qabartdığına görə Ə.Ağaoğlunun sözügedən xatirələri 1935-ci ildə tamamlanmasına baxmayaraq, uzun müddət çap olunmamışdır.
"Sərbəst Firqə xatirələri"ni incələyən əksər araşdırmaçılar onun ilk nəşrini 1950-ci ilə aid etmişlər. Belə ki, əsər həmin ildə müəllifin böyük oğlu S.Ağaoğlunun Ön sözü ilə Nəbioğlu yayın evində nəşr olunmuşdur. Ön sözün ilk cümləsi - "Babam mərhum Əhməd Ağaoğlunun Sərbəst Cümhuriyyət Firqəsinin quruluşu, qısa və həyəcanlı həyatı və sonu haqqındakı xatirələrini iki düşüncə ilə nəşr etməyə qərar verdim", təbii olaraq, belə bir qənaətə gəlməyə əsas vermişdir. Bu zaman S.Ağaoğlu ayrı-ayrı şəxslərə aid bəzi hissələri ixtisar etməyi məqsədəuyğun saymışdır. 1969-cu ildə isə o, ilk nəşrdə ixtisar olunmuş hissələrin böyük bir qismini də əlavə etməklə xatirələri təkrar çap etdirmişdir (Ahmet Ağaoğlu. Serbest Fırka Hatıraları. Baha Matbaası, 1969). Həmin mətn sonralar bir neçə dəfə Türkiyənin müxtəlif nəşriyyatlarında yayımlanmışdır. Lakin araşdırmalarımız nəticəsində "Sərbəst Firqə xatirələri"nin 1950-ci ildən öncə dövri mətbuatda - İstanbulda nəşr olunan "Tasvir" qəzetində işıq üzü gördüyünü müəyyənləşdirmişik. Belə ki, qəzet 15 sayında əsərin nəşrini anons etdikdən sonra 23 dekabr 1946-cı ildən etibarən onu S.Ağaoğlunun Ön sözü ilə təfriqə halında yayımlamağa başlamışdır. Sonuncu - 59-cu təfriqə (qəzetdə yanlış olaraq 60-cı təfriqə kimi qeyd edilmişdir) 1947-ci il martın 2-də dərc olunmuşdur. Qeyd edək ki, S.Ağaoğlunun qəzetdəki Ön sözü bir cümlə fərqi ilə ("Bunu yapmaqla həm əksərisi ölmüş olan bu kimsələrə qarşı sayğı vəzifəmi yerinə gətirmiş və həm də xatirələrin tam dəyərini vermiş bulunmaqdayım") əsərin kitab halında ilk nəşrindəki Ön sözlə identikdir. Lakin nədənsə S.Ağaoğlu əsərin daha öncə "Tasvir" qəzetində yayımlandığına dair heç bir qeyd verməmişdir. Sonucda "Sərbəst Firqə xatirələri"nin həmin qəzetdə işıq üzü görmüş təfriqələri araşdırmaçıların diqqətindən kənarda qalmışdır.
Təəssüf ki, xatirələrin Ə.Ağaoğlu qələmindən çıxmış tam mətnini (avtoqraf, yaxud makina yazısı) əldə etmək üçün göstərdiyimiz səylər indiyədək nəticə verməmişdir. Əsərin mükəmməl elmi nəşrini yalnız bundan sonra hazırlamaq mümkün olacaqdır.