Menu
Национальная Академия Наук Азербайджана
Институт литературы имени Низами Гянджеви

ПОИСКИ. ИССЛЕДОВАНИЯ

Национальный эмоциональный и интеллектуальный ландшафт южной поэзии - пишет Парвана Мамедли

28-01-2025 [ 11:15 ] [ прочитано:25 ]
printerA+ | A-

Güney Azərbaycan ədəbiyyatı dünyadan, özəlliklə başqa türk ölkələrilə sıx mədəni əlaqələri olmayan, təcrid olunmuş bir ədəbi adaya bənzəyir. Bu həm də İranın getdikcə dünyadan hər bir sahədə təcrid olunmasıyla bağlıdır. Təbii ki, belə bir durumda bir xalqın bütün çətinlikləri və istəkləri ədəbiyyata yüklənir, yazılan əsərlərdə iz qoyur. Onsuz da uzun illər ədəbi-mədəni həyatın inkişaf mərhələlərini normal şəkildə keçməyən və öz təbii hüququndan məhrum olan güneyli yazarlar bütün çətinliklərə rəğmən, öz mənəvi həyatının davamına çalışır.

Güneydə vətənə, xalqa bağlılıq çox güclüdür və yazarlar real həyatı, problemləri əks etdirməyə çalışırlar. Elə bu səbəbdən İranda Azərbaycan ədəbiyyatı janrlara və qəliblərə hesablanmadan, daha çox məzmuna söykənən ədəbiyyatdır.

Tanınmış şair M.E.Yurdaqulun məşhur bir kəlamı var: "Unutma ki şairləri qışqırmayan bir millət, sevənləri torpaq olmuş yetim uşaq kimidir".

Şair İsmayıl Cəmili də məhz mənsub olduğu xalqının haqqını, hüququnu dilə gətirən, taleyüklü həssas məsələləri şeirlərinə yansıdan milli şairlərdəndir. Onun şeirlərində vətənsevərlik hissi çox güclüdür. Və bunu da deyə bilərik ki, bu şairin poeziyası xalqının qan yaddaşının poetik daşıyıcısıdır. Onun "Təbrizin sevgi payı" adlı şeirlər toplusu ötən il İsveçdə nəşr olunub. İ.Cəmili elə ilk şeirlərindən özünü azadlıq şairi, mücadilə şairi kimi göstərib. Azadlıq bir millətin canlı bayrağıdır, şair də bu bayrağı hər zaman yüksəklərə qaldırmaq istəyir. Və şair üçün ən acınacaqlısı da yan-yana düzülən azadlıq bayraqlarının içində vətəni Güney Azərbaycanın bayrağının olmamasıdır. İ.Cəmili onlarca şeirində ana dili, vətən mövzusunun müxtəlif tərəflərinə toxunub.

Heca vəznində gözəl nümunələr yaradaraq əsərlərində milli koloriti əks etdirənlərdən biri də Nadir İlahidir. Onun şeirləri klassik şeir üslubuna yaxındır. Rübai və qəzəllərlə yanaşı, sərbəst şeirlər də yazır. Şeirlərində Qərb imajist şairlərinin də təsiri duyulur:

 

Saçlarının həsrətindən,

Dedim, darağa dönəcək.

Ay gülüm! Nə biləydim mən

Əlim orağa dönəcək...

 

Artıq xeyli müddətdir ki, "Ədəbiyyat və incəsənət" portalının sevilən "Güneydən gələn səslər" rubrikasında Güney Azərbaycan təmsilçiləri Əli Çağla və Vida Heşməti oxucuları güneyli yazarlarla vaxtaşırı tanış edirlər. Onlardan biri olan Əli Nurvəş (Çağla) yazıçıdır, tərcüməçilik və naşirlik fəaliyyəti ilə də məşğuldur. "Dəlilərin sevgisi" və "Niyar karvanı" romanlarının müəllifidir. Musa Yaqub, Baba Vəziroğlu, Qənirə Paşayeva, Əjdər Ol kimi qələm adamlarımızın kitablarının Güney Azərbaycanda çapını və yayılmasını gerçəkləşdirib.

Əli Çağla dərin düşüncəli, güclü duyğulu və yenilik sevən gənc şairdir. "Savadlı, oyaq kiçik uşağları dustaq edib incitdilər, çoxunu sütül boyunlarından asdılar, bir çoxu da oyundan qaçıb özün asdı" deyir özünün "Vətən oyunu" şeirində:

 

Oyunumuzun adın

Səsləyərdilər "Vətən".

Bu oyunda çoxları

Oldu uduzan, itən...

 

Vətən, vətən, ay vətən,

Səndən acığım gəlir!

Sənin bu oyununda,

Bütün dostlarım ölür...

 

Şeirlərini yalnız dövrü mətbuatda dərc etdirən Zaman Paşazad?nin, nəhayət, bu yaxınlarda ilk kitabı çap olundu. "Aynada öldürülmək" kitabı belə başlanır:

 

Bu bir dueldir, əziz oxucum,

Üz çevirib bir birımızdən uzaqlaşırıq

Hər səhifə bir addımdır.

 

Bəs görəsən, bu duelin sonu nə olacaq? Şairmi öləcək, yoxsa oxucumu?! Halbukı şair ilk səhifədə yazır:

 

Əslində şeir yazanda

səni öldürümşdüm mən,

Amma işıq üzü gördüsə kitabım,

dirilirsən!

 

Heydər Bayatın yaşadığı ölkə haqqında poetik düşüncələri 80-90-cı illər Cənub şeirindəki poetik üslubdan tamam fərqlidir. Onun şeirlərindəki ənənəvi sarsıntı, məyusluq və iztirab ovqatının alt qatında kin, nifrət və ironiya var. "Dar ağacı" şeirində "Boynumu qucaqlamağa, bilirəm, boyun çatmaz - bu ölkənin dar ağacları ucadır" söyləyən şair "Yalançı şeiri"ndə cəmiyyətin ruhi xəstəliyinə çevrilən yalançılığı tənqid edir:

 

Uşaqlıqda ay əllərimi aldatdı gölməçədə,

Cavanlıqda sən ürəyimi aldatdın həyətdə,

İndi baxıram, yol ayaqlarımı

aldadır küçədə.

 

Poetik təbiət təsvirləri arasında Behruz İmaninin "Payız" şeirləri diqqət çəkməkdədir. Onun şeirində bir payız mənzərəsi və ovqatı vəsf olunur:

 

Söz payızındır,

Yarpaqların

Küləklə

Talanması,

Sarı rəngin yaşıllığa

Hörmətsizliyi

Nə acı və qüssəlidir

Kaş ki sənin

Düşüncənə sığaydı -

Mən, payız və uzaq yollar...

 

Biz zahiri dünyamıza duyğularımızdan boylanıb baxırıq. Şair üçün görülən mənzərə və ya varlıq bir duyğunun aynasıdır. Eynən Nəsim Cəfərinin bir şeirində olduğu kimi:

Sap qırılır,

Ulduzlar tökülür,

Röyalar tökülür,

Yalnız

Buludlar qalır yoxluğumla.

 

Nəsim Cəfəri güclü duyğulu və yenilik sevən gənc şairdir. Bir qadın kimi onun dünyagörüşü rəngarəng, düşüncələri dərindir.

İsmayıl Lütfinin "Sən bir pionistsən, şairim" kitabında təsvir etdiyi mənzərələr kiçik detallara qədər araşdırılır, onlara yeni obraz verilir:

 

Yasa var gözlərində,

Son bir duraq, son bir bir trendir.

"Savaş və barış" kitabını oxudunmu heç

Sən bir acı "Tolstoy"san, sevgilim,

Saçların tanrı kimi sevgi yaradıb

Əllərimdəki boğulmuş barmaqlarda.

 

Görünən budur ki, güneyli şairlərin yaradıcılığında ictimai-siyasi mövzularla yanaşı, saf məhəbbətin, təmiz lirik duyğuların da təsvir və tərənnümü mühüm yer tutur.

"Şeir bir ruhı ilgıdır, nəsnələr orada obyektivliyini əldən verib şairın duyğu və düşüncələrinə köklənir" - yazırdı Rza Bərahəni. Lap Rəhim Həqqinin poetik parçalarında olduğu kimi:

 

Yuxuma gələndə səssiz gəl, gözəl,

Ulduzun yuxusu çox yungül olur.

O gün də gözləri sataşıb sənə

Hələ də gecələr mənə göz vurur.

 

Gələndə adımı yavaşca çağır,

Kəpənək gül üstə gərnəşən kimi.

Ya da bir körpənin dodaqlarından

Qundağa gülüşü sürüşən kimi.

 

Milli ənənəvi şeirin bədii intonasiya sistemi Vüqar Nemətin şeirlərində poetik nida ilə birləşir. Misralardakı həyati detallar duyğuların ifadəsində poetik əyaniliyə xidmət edir:

 

İçimdə qanayan bir mahnıdır gözlərin

Nəbzimlə işləyən qol saatım,

Və başımdakı havamdır

Qara geymiş gözlərin.

 

Güney şeirində Qarabağ ağrısı

 

1990-cı illərin əvvəllərindən Güney poeziyası doğma Azərbaycanın yaraları, ağrıları, vətənpərvərlik hissləri ilə nəfəs almağa başladı, bu mövzu oradakı yazarların əsərlərində ədəbiyyatın baş mövzusu olan milli-azadlıq ideyaları ilə qovuşdu. Və Güney şeirində Qarabağ ağrısı Araz yanğısını sanki arxa plana keçirdi. Məhsa Mehdilinin şeirlərindəki həzinlik, kövrəklik Qarabağ dərdindən Təbriz sevgisindən, gəlir, dünyaya etirazını bəzən vərdişə çevrilmiş hayqırtı ilə yox, təmkinli bir ovqatla ifadə edir. Ümumiyyətlə, formalaşmaqda olan Cənub şeirindəki bu üslubun, bu poetik təhkiyənin bədii uğurları göz önündədir.

Məlihə Əzizpurun şeirində də düşmənə nifrət, yurda, türklərin yaşadığı torpaqlara sevgi hissləri çox güclüdür:

 

Vətən:

Sürgünlərimdir.

Vətən:

Şəhidlərimdir.

Vətən:

Yaralarımdır...

Vətən... vətən... vətən...

Təbrizsizləyən hər boğazda

lallığını yaşayır

insanlığın uzun dili

Urmuda

Qarabağda

Urumçuda

və Təbrizdə,               

 

Qarabağ müharibəsinin bədii inikasında Cənub poeziyası Şimalda yaranan ədəbiyyatdan əsla geri qalmamış, bu hadisəni o taylı-bu taylı Azərbaycanın milli fəlakəti, dərdi kimi qəbul etmiş, Qarabağ mövzulu poetik örnəklər Azərbaycan poeziyasını zənginləşdirmiş, ona yeni çalarlar gətirmişdi.

Gənclərin yaradıcılığında klassik şeirlə yanaşı, dünya poeziya ənənələrindən qaynaqlanan maraqlı poetik nümunələrin də yarandığını qeyd etməliyik.

 

Ötən yüzilliyin 40-cı illərindəki

milli-siyasi hərəkat və Əli Tudə

 

Heç bir dövrdə Güney Azərbaycan ədəbiyyatı XX əsrin 40-cı illərində olduğu qədər güclü olaraq siyasi hadisələrlə, kütləvi hərəkatla, xalq həyatı ilə səsləşməyib. Şair və yazıçılar demokratik hərəkatın ədəbi iştirakçısına çevrilir, xalqı İran istibdadına qarşı çıxmağa səsləyir, mübarizə əzmini artırırdı.

İyirminci yüzilliyin 40-cı illərində İranda - Güney Azərbaycanda baş verən milli-azadlıq hərəkatında bir çox şair, yazıçı və ziyalılar da ön sıralarda yer almış, süngü və qələmi ilə vuruşmuşdular. 1946-cı ildə milli hərəkatın qan içində boğulması həmin yazarların çox hissəsinin Sovet Azərbaycanına mühacirətə vadar etdi. Onlar şahidi və iştirakçısı olduqları hadisələri ömür boyu ürəklərində və əsərlərində yaşatdılar. Həmin şairlərdən biri də Əli Tudə idi. Son 10 ildə şairin yaradıcılığının 20 cildliyi və 2023-cü ildə "Əli Tudə-100" kitabı işıq üzü gördü.

Quzeydə mühacirət həyatı yaşayan yazarlarn əsərlərində Cənub həsrəti, bölünmüş millət dərdi motivləri üstünlük təşkil etsə də, onların əsərlərində daha çox Güney Azərbaycanda demokratik hərəkatın yenidən qələbə çalacağına ümid və inam duyğusu ifadə edilirdi. Əli Tudə də həmin nəslin nümayəndəsi və mühacirət ədəbiyyatnn yaradıclarından idi.

Bakıda doğulan, Ərdəbildə böyüyən Əli Tudə erkən yaşlarından şeirə könül verib. Onun poetik əsərləri həmişə azadlığa, yeni həyata doğru can atan, öz məqsədi və ideyası uğrunda vətən torpağını qanı ilə boyayan, lakin geri çəkilməyən, imkan tapdıqca yenidən mübarizə meydanına atılan bir xalqın döyüş nəğmələri idi. Şair canıyla, ruhuyla bağlı olduğu Vətənin sabahına ümidlə baxırdı:

 

Nə qədər döyüş var, mübarizə var,

Bayrağım vətəndir, silahım qələm!

 

İnqilab şairin yaradıcılığının çiçəklənməsinə imkan yaratmışdı. Mübarizlik, cəsarət, mərdlik, azadlıq ruhu Əli Tudə şerinin əsas motivinə çevrilmişdi. Bakıda "Ədəbiyyat qəzeti"ndə ədəbi işçi vəzifəsinə işə düzələn Əli Tudə burada görkəmli şair və yazıçılarla yaxından ünsiyyətdə olub. O, milli-inqilabi ruhlu əsərləri ilə çağdaş Güney Azərbaycanda siyasi lirikanın təməlini qoyanlardandır. Azərbaycanın ikiyə bölünməsi faciəsini bir daha həyatında yaşayan şairin əsərlərində bu ağrılı mövzu qırmızı xətt kimi keçir.

Другие новости