Kitab adları bəzən taleyə, taleyimizə çevrilir. Keçid dövrlərində, aralıq intervallarda yazılıb da unudulan, sonra bəxt kimi oyanan kitabların adında qəribə nəsnələr gizlənir. Ya bəlkə cilvələnir?! Avropa üçün Tomas Sternz Eliotun poemaları, bəlkə hansısa şeiri bu qəbildəndirmi? Deyilənə görə [fikrimizcə deyə bilmirik], ədəbiyyatda böhranlı vəziyyətlərdən iki əsas çıxış yolu var. Birincisi, parodiyadır. Həm də ədəbi prosesin təbii inkişaf stixiyası ilə parodiya. Bir yerdə, bəli, ancaq məkanın, ərazinin bir qarış yerində enerji o qədər toplanır ki, bu yer boş qalan digər ərazinin də oxusunu, qiraətini təqdim edir. Belədə təqdim edilən "ev oxusu" səhih olmur, işarələrdən hörülür, onların hansı kombinasiyada düzülüş qaydasını sən tapmalısan. Və bu şərti olaraq işarələnmiş iki yer arasında daxili, həm də batini çəkişmə, sorğu-sual başlanır. Bir yerə, azacıq bir yerə nəhəng enerjinin toplanması hər şeyi astar üzünə çevirir. Mirzə Ələkbər Sabirin leksikasına ona qədərki ədəbi proses səhifələrində bəlkə nadir şəkildə rast gəlmək olardı. Ona qədər qapısı qıfıllı olan intuisiyanın qıfılı qırıldı və qadağan edilən bütün sözlər mətnlərə dolur, gərginlik sahələri yaranır, onlar arasında heç bir sərbəst keçid olmur. Ədəbi mətnləri yaradan sənətkarlarda dövrə, zamana dövrün, zamanın heç gözləmədiyi müqavimət yaranır, sonra birə-beş artır bu güc. Marsel Prust o məşhur yeddi cildlik "İtmiş zamanın axtarışında" romanını elə bir dünyada yazmağa başladı ki, küçələrdə insan insanın qanını içirdi. Ən kəskin dövrlərin mənzərəsi düzədüz onun əksinə getməklə yaranıb formalaşır. Prust həm də zamanın ədəbi müstəvidə düzgün anlaşılma düsturunu verdi, indiki zaman keçmişlə doludur, tək deyil, gələcək də var onda, gələcəkdə də keçmiş olacaq... və sair. Sabir o məşhur parodiyaları ilə bədii-estetik təfəkkürü yeni ədəbi zaman üçün qurdu, saat kimi.
"Don Kixot" və "Hophopnamə"... Parodiya burulğanından keçən ədəbi mətnlər illər, əsrlər keçdikdən sonra insanların taleyinə təsir edir. Bu faktı, yaxud faktoru, onların varlığını yalnız hiss edə bilərik, sonra unudarıq, daha sonra taleyin hansı döngəsindəsə bir şeir, yaxud kitab adı, yaxud hansısa mətnin bircə sətri yadımıza düşər, ona qapanıb qalarıq, onun önündə nağıldakı qırxıncı qapı önündəymişik kimi qalarıq. Bədii mətnlərin ifadə etdiyi əbədi, susmayan, ovunmayan gözlənti burdan irəli gəlir. Don Kixot insanların taleyinə təsir etdi, bu talelərə yiyələndi, Hophopnamə də. Yuxarıda izah elədiyimiz anlamda.
Mirzə İbrahimovun "Gələcək gün" romanı. Bu roman ədibin bütün roman, povest, hekayə və pyesləri ilə müqayisədə, millətin taleyini, varlığını anlatmaq baxımından unikal əsərdir. Mirzə İbrahimov ixtisasca şərqşünas idi, Leninqrad məktəbini keçmişdi, bu məktəbin verdiyi biliklərin dərinliyi onun yazıçı intuisiyasında özünü parlaq şəkildə göstərdi. Onun elmi əsərlərinə baxsanız, onlarda qeyri-adi az şey taparsınız, amma bədii mətnlərində, xüsusən, "Gələcək gün" romanında həmin dərinlik ölçüsü bütün əzəməti ilə üzə çıxır.
"Gələcək gün" arxada qalsa da, bu gün də gələcəkdir. Mətləbi və poetikası ilə.