Füzulini dərk etmək, tamı tamına, bir nəfəs qədər ona yaxınlaşmanın ən müxtəlif yolları var. Şübhəsiz ki, bu çox sayda yolların hamısının başında onun öz mətnləri gəlir, ancaq bu mətnlər hardasa dünyaya açıq yox, hermetik mətnlərdir, ən fərqli filoloji şərhlər bitsə də (bəzən Füzuli bu şərhlərdən sonra gəlir, şərhlər sadəcə, maneə rolunu da oynaya bilir, çünki ən azından şərhdə musiqi iştirak etmir, mənanın üzə çıxmasında musiqi əsas məqamdır...), onun öz mətnlərinin dünyanı sarma, onu öz içində əritmə stixiyası bitmir, dayanmır. Füzulini bir mədəni hadisə kimi ən böyük şairlərin zaman içində yaratdığı həlqənin, silsilənin daxilində oxumaq lazımdır. Bu mənada, şübhəsiz ki, o, Hafiz deyildir, yəni ondan sonrakı mərhələlərdən biridir, elə bir mərhələ ki, onda Hafiz və Sədidən heç zaman pozulmayan, daim qəzəl adlı cahanın içində qövr efən nöqtələri barındırır. Hafiz hadisəsi dünyanın ən böyük şairlərini yaradan, bu prosesdə məcburi iştirak edən nəsnədir. Bu silsilənin daxilində həlqələrdən, komponentlərdən biri qaibdən gələn səsdir, digərləri o səsi tamamlayan, sözə çevirən, o sözü yenidən səsli mühitə döndərən həlqələrdir. Bu fəza cismi, qalaktikanın düzümü heç zaman pozulmur. Qədim şairlərin hər biri bir missiyanı yerinə yetirir, gerçəkləşdirir, ilk gənclik, bəlkə də yeniyetməlik illərindən oxuduğuma görə, Füzulini bütün bu prosesin əlifbası kimi qavramışam, əlifbanı bilmədən sonrakı mətnlərin necə, nə üçün yarandığını da fəhm etmək olmaz. Füzuli şairlər içində, bəlkə də ilk dəfə fəzanı göstərir, həm də ulduz əlifbası kimi.
***
Füzuli bütün qədim və orta əsrlər ədəbiyyatını daxili təfsir gücündən keçirdiyi kimi, onun özü də bir gün tənqidə və inkara tuş gəlməliydi. Cabbarlının təbirincə desək, Füzuli bir çevrə, ayrıca bir fəza sistemi yaratmışdı. Nəyisə bu dünyadan, gerçəklikdən ayırırsansa, bir gün sən də maneə, əngəl kimi "oxuna" bilərsən. Onun yaratdığı sistemdə mənaların sırası, onların insanı heyrətləndirmək və dünyanı dibindən tanıtmaq şövqü bitmirdi, əbədi stixiya kimi davam edirdi. Hafizdən gələn prinsip: görünməyən, olmayan şeyi göstərmək, dünyanı bu sistemin içinə salmaq sadəcə, gözəl duyğular oyatmırdı, o həm də poeziya elminin əsaslarını qoyurdu. Burdan nə alınır? Füzuli o qədər ciddi poetik və elmi kitablar, risalə və mətnlər oxumuşdu ki, onlardan xilas olmağın yeganə yolu yeni mənayaradıcı sistem yaratmaqda idi.
Poeziya həyatın ümumi ahənginin içindədir, onun qəfil meydana çıxan, boy göstərən məqamlarındadır, yaxud bu ahəngi yaradan məqamdır, şeirsə, şeir yazmaqsa, dünyada ən təhlükəli cəhddir, insan fikir və düşüncəni hansı yollasa ifadə edə bilir, fikir və düşüncənin ifadə qəlibi tez formalaşır duyğuları isə dəqiq ifadə etmək sadəcə, mümkün deyil, istənilən təsadüfdə demək istədiyinin qışqırığı içində qalır, çölə, zahirə çox az şey çıxır, hiss və duyğuları düşüncə qəlibiylə verə bilməsən, yaxud ani sürüşmə təhlükədir, gizlətmək istədiyini üzə çıxardar, nəzərdə tutmadıqlarını elə bir formada deyər ki, məəttəl qalarsan, məhz bu səbəbdən, poeziya, şeir yazmaq unikal sənətdir, unikal təhlükədir, Füzuli bu işin ən böyük ustadıdır, həm də ana dilində...
Hər şeir, onun məhvərindəki texnologiya enerjinin məhz bu texniki göstəriciyə uyar şəkildə hərəkətini, təsir və effektini şərtləndirir. Bəzən, zaman-zaman Füzulinin qəzəllərindəki hansısa bənd qızğın şərh daşqınlarına səbəb olur, niyə bəs daşqın? Çünki bu mübahisə və mülahizələrdə Füzuli ritminin, Füzuli sözünün yalnız bir cəhəti üzərinə vurğu salınır, çox da dərində olmayan detal qabardılır, ən əsas hissə - şairin belə deyək, izmlər içində çıxardığı oyun unudulur. Füzulinin nəyə qarşı olmasının unudulması onu bədii təfəkkür hadisəsi kimi anlamağın qarşısını alır.
Füzuli şeiri, işlətdiyi metafora və digər poetik fiqurların düzülüşü oxucunu bəndə salır, bunu dinləyib ardını gətirməlisən; təqribən, bəzi modern dil yarışmalarında olduğu kimi: hekayəni yarıyacan dinlə və ardını yaz. Yəni Füzuli yazdığı şeirin çox fərqli planlarının olduğunu bilirdi, onda mətnin anlaşılması problemi tam başqa səviyyədə idi. Bu hermenevtik vahidlərdəki zahiri donuşluq toxunan kimi, nəfəs verən kimi hərəkətə gəlir, misra enerjisi və oxucunun buna qoşulması bir-birindən ayrılan və bir-birinin içinə keçən hekayətlər yaradır...