Menu
Национальная Академия Наук Азербайджана
Институт литературы имени Низами Гянджеви

Другие новости

Отчет периода совершенствования - Айгюн Оруджова

16-10-2024 [ 15:20 ] [ прочитано:172 ]
printerA+ | A-
104932

2019-cu ilin sentyabr ayının sonlarında Bakı şəhərinə ezam edildiyim günlərdən birində Naxçıvan Dövlət Universitetində bakalavr və magistr təhsili aldığım vaxtlardan bir-birindən dəyərli mühazirələrinə və ədəbiyyatşünaslıq elminə olan tükənməz sevgisinə, gələcək nəsillər olan biz tələbələrinə sonsuz inamına və s. xüsusiyyətlərinə görə bənzərsiz müəllimim, magistr dissertasiyama, filologiya üzrə fəlsəfə doktorluğu dissertasiyama elmi rəhbərim və hal-hazırda da elmlər doktorluğu dissertasiyası üzrə elmi məsləhətçim olan AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli ilə görüşdə həmişəki kimi dəyərli bir hədiyyə aldım. Bu hədiyyəm onu tanıdığım zamandan bəri daima gənclik enerjisi ilə yazıb-yaradan elm fədaisinin yenicə “Elm” nəşriyyatında çap olunmuş “Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri” adlı monoqrafiyası oldu. Monoqrafiyanın elmi redaktoru, AMEA-nın müxbir üzvü Ertəgin Salamzadə, məsul redaktoru filologiya üzrə elmlər doktoru Əlizadə Əsgərlidir. İlk öncə onu qeyd edim ki, 452 səhifəni əhatə edən monoqrafiya bu mövzuya həsr olunmuş ilk irihəcmli və sistemli, uzun illərin ədəbi təcrübələrinə əsaslanan və müxtəlif konsepsiyaları ümumiləşdirmə nəticəsində ortaya qoyulan  bir tədqiqat əsəri kimi Azərbaycan ədəbiyyatşünaslığına əvəzolunmaz bir töhfədir.

Monoqrafiyanın “Giriş” hissəsində Azərbaycan ədəbiyyatının mütərəqqi xüsusiyyətləri sadalanır və bədii ədəbiyyatın mərhələlər üzrə əsas mövzuları və qəhrəmanları, xalqın taleyinə və qəhrəmanlıq mübarizəsinə baxışın ifadə edilməsi, təkcə bir ölkənin həyatı deyil, çox geniş miqyasda insanlığın taleyi və gələcəyi üçün axtarışlar və söz xəzinəmizi dünya arenasına çıxaran “İsgəndərnamə” kimi tapıntılar diqqət mərkəzinə çəkilir. Müəllif söz mülkünün sultanı, ölməz əsərləri, böyük idealları ilə dünyanı fəth etmiş Nizami Gəncəvini elə “sözün geniş mənasında dünya ədəbiyyatının Makedoniyalı İsgəndəri” hesab edir. Dünya epos ənənəsində salnaməçilik, səfərnamə və ya cəngavərlik motivləri üstünlük təşkil etdiyi bir zamanda bədiilik meyarlarını əsas alaraq ictimai məzmun ifadə edən “Kitabi-Dədə Qorqud” dastanı hörmətli akademikin fikrincə, “dünya epos sənətinin şah əsəri”dir. Orxon-Yenisey abidələri, ərəbdilli Azərbaycan ədəbiyyatı Azərbaycan yazılı ədəbiyyatının bünövrəsi kimi, XI-XII əsrlər ümumŞərq intibahının inkişafı, XVI əsrdən (Məhəmməd Füzulinin “Şikayətnamə” əsəri nəzərdə tutulur – A. O.) başlayaraq XVII-XVIII əsrlərdə həyatiliyə, realist təsvirə meyl, XIX əsrdə maarifçilik, XX əsrin əvvəllərində milli istiqlal uğrunda mübarizə, eyni dövrdə romantizmin xoşbəxt gələcək ideyaları, sovet dövrü Azərbaycan ədəbiyyatında vətənpərvərlik mövzulu əsərlər, XX əsrin 70-80-ci illərində ümummilli ideyalar, ana dili uğrunda mübarizə və müəyyən səviyyədə azadlıq düşüncəsinin təsvir və tərənnümü və nəhayət müstəqillik dövrünün realizm və romantizm cərəyanları ilə yanaşı dekadentizm, postmodernizm, magik realizm və s. ədəbi axınların Azərbaycançılıq ideologiyasına əsaslanan əsərləri ədəbiyyatın əsas obyekt və istiqamətləri olaraq göstərilmişdir.    

Müstəqillik illərinə qədər və ondan sonra da çoxəsrlik tarixə və zəngin ənənələrə malik olan, ən əsası akademik İsa Həbibbəylinin sözlərilə desək, “Azərbaycançılıq idealının ədəbi manifesti” olan, həm ümummilli idealları əks etdirən, həm də bəşəri əhəmiyyətə malik olan Azərbaycan ədəbiyyatı müxtəlif alimlər tərəfindən fərqli baxışlar əsasında dövrləşdirilmişdir. Monoqrafiyanın “Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi üzrə axtarışlar” adlı hissəsində orta əsrlərdə, XVIII, XIX və XX əsrdə yaranmış təzkirələrdən başlayaraq “Azərbaycanda milli ədəbiyyat tarixi yaratmağın ilk təşəbbüskarı” görkəmli yazıçı, tarixçi alim və ictimai xadim Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm” kitabında verilmiş “Şirvan və ona qonşu olan vilayətlərdə yetişmiş təlifat sahibi və ya başqa bir məziyyətə malik şəxslərin tərcümeyi-halları haqqında” adlı bölməsindəki sistemli ədəbiyyat xülasəsi, Mirzə Fətəli Axundzadənin XIX əsr Azərbaycan ədəbiyyat tarixçiliyinə gətirdiyi analitik-nəzəri təhlil istiqaməti, Firidun bəy Köçərlinin “Azərbaycan tatarlarının ədəbiyyatı” və “Azərbaycan ədəbiyyatı tarixi materialları” araşdırmalarında dövrləşdirmə məsələsində klassik elmi ənənəyə yaradıcı şəkildə bəhrələnməsi, yəni həm coğrafi prinsip, həm də tarixi-xronoloji dövrlərə qruplaşdırma, İsmayıl Hikmətin iki cildlik “Azərbaycan ədəbiyyatı tarixi” dərsliyində Azərbaycan ədəbiyyatının dövrləşdirilməsində islam faktorunun əsas alınması, Yusif Vəzir Çəmənzəminlinin “Azərbaycan ədəbiyyatına bir nəzər”, Əmin Abidin “Azərbaycan türklərinin ədəbiyyatı tarixi”, Salman Mümtazın “Azərbaycan ədəbiyyatı və el şairləri”, Əli Nazimin “Azərbaycan ədəbiyyatı”, Fuad Köprülünün “Azərbaycan ədəbiyyatına aid tədqiqlər”, Bəkir Çobanzadənin “Azəri ədəbiyyatının yeni dövrü: nasionalizmdən internasionalizmə”, “Türk ədəbiyyatı”, “Türk dili və ədəbiyyatı”  və s. əsərlər Azərbaycan ədəbiyyatının dövrləşdirilməsi baxımından dəyərləndirilmişdir. Bu hissədə çox haqlı olaraq “XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatının çoxəsrlik inkişaf tarixinin dövrləşdirilməsi axtarışları və təşəbbüsləri mərhələsi” olduğu kimi bir elmi qənaətə gəlinmişdir.     

“Ədəbiyyat tarixçiliyində yeni mərhələ” hörmətli alimin fikrincə, 1943-cü ildən 1991-ci ilə qədər davam etmiş elmi-nəzəri prinsiplər əsasında çoxcildli Azərbaycan ədəbiyyatı tarixlərinin akademik nəşrlərinin hazırlandığı, çox mühüm elmi hadisələrlə dolu bir dövrdür. SSRİ Elmlər Akademiyası Azərbaycan Filialı Nizami Gəncəvi adına Ədəbiyyat İnstitututnun 1943-1944-cü illərdə nəşr etdirdiyi “Müxtəsər Azərbaycan ədəbiyyatı tarixi”, xüsusən, I və II cildlərinin plan-prospektinə ciddi dəyişikliklər və əlavələr etmiş Azərbaycanın ilk “Xalq şairi”, akademiyanın o zamankı vitse-prezidenti Səməd Vurğunun rəhbərliyi və ilə hazırlanmış üçcildlik “Azərbaycan ədəbiyyatı tarixi”, Əlyar Səfərli və Xəlil Yusifovun “Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı” dərsliyi və s. əsərlər ədəbiyyatşünaslıq elminin inkişafındakı əhəmiyyətli yeri və təbii ki, dövrün tələblərinin nəticəsi olaraq meydana çıxan nöqsanları ilə saf-çürük edilmişdir. Bu dövr “ədəbiyyatşünaslıqda Azərbaycan ədəbiyyatı tarixinin elmi prinsiplərinin formalaşması mərhələsi” kimi xarakterizə edilmişdir.

“Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsinin elmi təsnifatına doğru” adlı hissədə müstəqillik dövründə artıq ideoloji meyarlar əsasında hazırlanmış əvvəlki dövrləşdirmə təşəbbüslərinin qəbuledilməzliyi və obyektiv elmi prinsiplər əsasında yenidən dövrləşdirmənin zəruriliyi nəticəsində 1994-cü ildə Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaşar Qarayevin rəhbərliyi ilə keçirilmiş “Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi” müşavirəsində “Ədəbiyyat tariximiz necə dövrləşdirilməlidir?” sualına Azadə Rüstəmova, Tehran Əlişanoğlu, Tahirə Məmməd, Hüseyn Həşimli, Səadət Şıxıyeva, Nazif Qəhrəmanlı kimi ədəbiyyatşünasların müxtəlif aspektlərdən verilmiş cavabları və geniş baxışları, fərqli yanaşmaları əks etdirən mülahizələri yüksək qiymətləndirilmişdir. Akademik İsa Həbibbəyli AMEA-nın müxbir üzvü Yaşar Qarayevi ədəbiyyat tarixinin dövrləşdirilməsində kompleks yanaşmalar nəzəriyyəsinin ilk müəllifi və ədəbiyyat tarixinin inkişaf mərhələlərinin müəyyən edilməsində özünəməxsus bölgüləri olan əvəzsiz bir ədəbiyyatşünas alim kimi sonsuz ehtiramla yad edir. Professor Baloğlan Şəfizadə, professor Elməddin Əlibəyzadə, professor Bədirxan Əhmədovun çap etdirdikləri “Azərbaycan ədəbiyyatı tarixi”, professor Şirindil Alışanlının “Müasir humanist təfəkkür və Azərbaycan ədəbiyyatşünaslığı” və s.  tədqiqatlar əhəmiyyətli elmi mənbələr kimi diqqət mərkəzinə çəkilmişdir.

“Azərbaycan  ədəbiyyatı tarixinin yenidən dövrləşdirilməsi zərurəti” adlı hissədə hörmətli alim ədəbiyyat tarixinin dövrləşdirilməsi haqqında elmi konsepsiyanın yaradılmasında 5 zəruri cəhəti qeyd edir ki, bunlardan “4. Dövlət müstəqilliyi ideallarının işığında Azərbaycan ədəbiyyat tarixinin dövrləşdirilməsinin vahid sisteminin yaradılması zərurətinin meydana çıxması. Və 5.Dövrləşdirmədə dünyada gedən ədəbi-tarixi proseslərin nəzərə alınması zərurəti” daha çox diqqəti cəlb edir.

Akademik İsa Həbibbəylinin Azərbaycan ədəbiyyatı tarixinin dövrləşdirilməsi konsepsiyası Azərbaycançılıq məfkurəsi, sivilizasiya faktoru, Ədəbi-tarixi prosesin reallıqları, Azərbaycanda ədəbi cərəyanlar kimi dörd əsas prinsipin vəhdətinə əsaslanır. Bu yeni dövrləşdirmədə bir-birindən köklü yeniliklərin baş verməsi əsas götürülən 10 inkişaf mərhələsi fərqləndirilmişdir. Bu inkişaf mərhələləri AMEA Nizami adına Ədəbiyyat İnstitutunun 2018-ci ildə nəşr etdirdiyi on cildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin I cildində “Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri” adı ilə öz əksini tapdığı üçün burada haqqında geniş bəhs etmək fikrindən uzağam. 

Bu günlərdə “Ədəbiyyat təəssübkeşi: İsa Həbibbəyli” adlı yazısında Azərbaycanın “Xalq yazıçısı” Anar monoqrafiya haqqında “İsa müəllimin fədakarlığını və bir institutun işini gördüyünü” qeyd etmişdir. Həqiqətən də, bu monoqrafiya ədəbiyyatşünaslıq elmində bu sahədə olan boşluğu doldurmaq və pərakəndəliyi aradan qaldırmaq gücünə malik uzun illərin axtarışlarının, gərgin əməyinin və ümumiləşdirmələrin nəticəsidir. Qeyd olunan inkişaf mərhələləri ilə “ölkəmizin tarixi keçmişinin poetik xəritəsi” olan Azərbaycan ədəbiyyatının dünya ədəbi prosesində şərəfli yerə malik olduğu sübut olunur və ədəbiyyatın Azərbaycan xalqının işıqlı gələcəyə doğru inkişafına yol açacağına əminlik hissi ifadə olunur.  

Son olaraq bu günlərdə anadan olmasının 75 ili tamam olan son dərəcə humanist, qayğıkeş, elm və ədəbiyyat pərvanəsi, gənc ədib və tədqiqatçıların hamisi akademik İsa Həbibbəyliyə ulu Tanrıdan cansağlığı, yeni-yeni nailiyyətlər arzulayıram! 

 AYGÜN ORUCOVA

 AMEA Naxçıvan Bölməsi filologiya üzrə fəlsəfə doktoru, dosent

Другие новости