Menu
Национальная Академия Наук Азербайджана
Институт литературы имени Низами Гянджеви

Другие новости

Национальная академия наук: реалии страны и процессы обновления

16-10-2024 [ 15:44 ] [ прочитано:216 ]
printerA+ | A-
104931

Президент Национальной академии наук Азербайджана академик Иса Габиббейли дал интервью газете "Халг".

– İsa müəllim, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 iyul 2022-ci ildə elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı imzaladığı sərəncamdan sonra görülən işlər və dəyişikliklər barədə fikirləriniz maraqlıdır.

– Müstəqillik dövründə postsovet məkanındakı akademiyaların demək olar ki, əksəriyyətində struktur dəyişiklikləri baş verdi. Bir çox keçmiş müttəfiq respublikalarda elmi-tədqiqat müəssisələri bütünlüklə Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib. Bəzilərində isə elmi-tədqiqat institutları universitetlərin tərkibində yerləşdirilib. Hətta Qazaxıstanda Elmlər Akademiyası uzun bir müddət səhmdar cəmiyyət kimi fəaliyyət göstərdi. Müstəqillik dövrü, eyni zamanda elmlər akademiyalarının strukturlarına, fəaliyyət istiqamətlərinə yenidən baxılmasını tələb edir.

Fikrimcə, cənab Prezidentin 2022-ci ildə verdiyi müvafiq sərəncamı Milli Elmlər Akademiyasının, ölkənin elm siyasətinin yenidən qurulması üçün dövlət səviyyəsində atılmış mühüm addımdır. Bu addım ilk növbədə uzun zaman Akademiyanın tərkibində fəaliyyət göstərən təbiət və texniki yönümlü elmi-tədqiqat müəssisələrinin təhsil sferasına, ali məktəblərə inteqrasiyasını daha sıx şəkildə təşkil etmək, eyni zamanda, ali məktəblərdəki elmi potensialla bu istiqamətlərdəki elmi potensialı əlaqələndirərək, həm dünya reytinqlərində onların nüfuzunu gücləndirmək, ölkəmizin sosial-iqtisadi inkişafında elmin imkanlarını daha da aktivləşdirmək kimi strateji məqsədlərin həyata keçməsinə xidmət edir.

Eyni zamanda, yeni reallıq AMEA-nın tərkibində qalan humanitar yönlü elmi-tədqiqat müəssisələri əməkdaşlarının müstəqil dövlətçilik ideyasının, azərbaycançılıq ideologiyasının, milli-mənəvi dəyərlərin elmi cəhətdən əsaslandırılması, yeni vətənpərvər elmi nəsillərin hazırlanması sahəsindəki fəaliyyətinin daha da genişləndirilməsinə imkan yaradır. Müxtəlif elmi qurumlarda fəaliyyətlərini davam etdirmələrinə baxmayaraq, Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyətini davam etdirən elm adamlarının akademiyanın tərkibində qalan müəssisələrin əməkdaşları ilə qarşılıqlı əlaqələri bu gün də davam edir və fayda verir.

– Azərbaycan Milli Elmlər Akademiyası keçmiş sovet dönəmində çox nüfuzlu, elmi nəzarətdə saxlayan və koordinasiya edən bir qurum idi. Hətta kosmik və hərbi sənaye sahələri ilə bağlı SSRİ Elmlər Akademiyası ilə geniş əməkdaşlıq edirdi. İndi vəziyyət necədir?

– Sovet dövründəki akademiya ilə müstəqillik dövründəki akademiyaların funksiyalarında həm yaxınlıq, oxşarlıq, həm də ciddi fərqli cəhətlər vardır. Fərqli cəhətlərdən başlamaq istəyirəm. SSRİ Elmlər Akademiyası və o cümlədən müttəfiq respublikaların Elmlər akademiyalarının ana vəzifəsi SSRİ adlanan bir ölkənin hərbi sənaye kompleksini inkişaf etdirmək və sovet ideologiyasını təbliğ etməkdən ibarət idi. Çünki qarşı-qarşıya duran iki ideoloji sistem var idi, sosializm və kapitalizm.

Bu sistemlər arasındakı gərginlik, ziddiyyətlər, münaqişələr məcbur edirdi ki, akademiyalar sovet hərbi sənaye komplekslərini inkişaf etdirməyə və sosializm, kommunizm ideyalarını təbliğ etməyə xidmət göstərsin. Ona görə də, hesab edirəm ki, SSRİ zamanında elm inkişaf etsə də, elmin Sovetlər İttifaqı miqyasında olan hədəflərə doğru faydası daha çox idi, müttəfiq respublikaların quruculuğunda, inkişafında elmin töhfə verməsi ikinci planda qalmışdı. Əsas hədəf SSRİ adlanan “derjava”nın hərbi sənaye qüdrətini artırmağa, ideologiyasını möhkəmləndirməyə yönəlmişdi.

Müstəqillik dövründə isə Milli Elmlər Akademiyasının qarşısında duran ana vəzifə Akademiyanın fəaliyyətini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təsdiq etdiyi ölkəmizin sosial-iqtisadi inkişaf strategiyasına və milli prioritetlərinə uyğun surətdə yenidən qurmaqdan ibarətdir.

Əlbəttə, Azərbaycan elmində dünya elminin tərkib hissəsi kimi ölkənin sosial-iqtisadi inkişafı və milli prioritetləri ilə yanaşı, ölkə maraqları baxımından bəşəri dəyərlərin, dünyada gedən proseslərin öyrənilməsi də özünəməxsus yer tutur. Amma elmin, bütövlükdə, ana hədəfi mənsub olduğu xalqa, onun milli-mənəvi dəyərlərinə, dövlətinin milli prioritetlərinə xidmət etməkdən ibarətdir. Belə bir doğru fikir də var ki, elmin vətəni yoxdur. Amma nəzərə almaq lazımdır ki, alimin vətəni var. Ona görə də elm həm bəşəri dəyərlərə, həm də öz ölkəmizin və xalqımızın böyük ideallarına xidmət etməlidir.

– Akademiyanın humanitar yönümlü institutlarının inkişafı ilə bağlı qarşıya hansı hədəflər qoyulub?

– Akademiya dünyada və ölkədə elm sahəsində gedən proseslərdən, hətta ictimai-siyasi proseslərdən ayrı deyildir. Amma humanitar və ictimai elmlərin qarşısında duran əsas vəzifələrdən biri dünyada gedən proseslərlə bərabər, bəşəri dəyərləri də öyrənmək, tədqiq etməklə yanaşı, daha çox ölkənin milli mənafeyinə xidmət edən, milli dövlətçilik ideallarına yönələn tədqiqatların aparılmasından ibarətdir. Bu istiqamətdə artıq bir çox aktual məsələlər elmi mühitin gündəminə gətirilib.

Məsələn, sizə bir fakt deyim: İndiyə qədər uzun zaman, xüsusən Sovet dövründə Azərbaycanda humanitar və ictimai elmlər sahəsində dissertasiya mövzuları verilərkən, elmi-tədqiqat planları müəyyənləşdirilərkən, monoqrafiyalar yazılarkən əsasən problemlərin öyrənilməsinə daha çox fikir verilib və ədəbi-tarixi şəxsiyyətlərin araşdırılması, tədqiq olunması arxa planda qalıb. Bildiyiniz kimi, inkişaf etmiş sosializm cəmiyyəti adlanan Sovetlər İttifaqının 80-ci illər mərhələsində artıq vahid sovet xalqı formalaşdırmaq kimi bir ideya xüsusi bir tələb kimi meydana qoyulmuşdu.

Hətta mahnılar qoşulmuşdu: Bizim ünvanımız nə kənd, nə şəhərdir, nə ölkədir, bizim ünvanımız Sovetlər İttifaqıdır. Sovet İttifaqı vətən, sovet adamı da Sovetlər İttifaqının vətəndaşı idi. Sovetlər İttifaqının tərkibində yaşayan xalqların milli-mənəvi dəyərlərinin, milli özünəməxsusluğunun, tarixi keçmişinin, böyük şəxsiyyətlərinin unutdurularaq arxa plana keçirilməsinə doğru siyasət aparılırdı. Buna ən sərt cavabı “manqurtlaşma” adı ilə dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatov vermişdi.

Təəssüf ki, uzun zaman, hətta Sovetlər İttifaqı çökəndən sonra da elmimizdə o ənənə yaşadılmışdır. Problemlərin tədqiqinə çox diqqət yetirilmiş, şəxsiyyətlərin öyrənilməsi arxa planda qalmışdır. Ona görə də, AMEA Rəyasət Heyətində biz ədəbi-tarixi şəxsiyyətlərin yenidən öyrənilməsi konsepsiyası barədə məsələ müzakirə etdik və artıq Akademiyanın institutları qarşısında Azərbaycanın tarixində və taleyində layiqli yer tutmuş, böyük xidmətləri olan görkəmli şəxsiyyətləri öyrənmək kimi mühüm vəzifə qoyulub.

Təsəvvür edin, bizdə Qarabağın tarixi haqqında kifayət qədər əsərlər yazılıb, Qarabağnamələr çap olunub. Lakin Pənahəli xan haqqında əlimizdə samballı bir monoqrafiya yoxdur. Bizdə Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər dövlətləri dövründə ordu siyasəti, iqtisadiyyat, beynəlxalq əlaqələr və s. öyrənilib, amma həmin dövlətlərin hökmdarları, sərkərdələri haqqında çox az kitablar yazılıb. Şah İsmayıl Xətai və ya Nadir Şah haqqında daha çox xarici dillərdən tərcümə edilmiş əsərləri oxuyuruq.

Cənab Prezident isə müstəqillik dövründə şəxsiyyətlərə qayıdışın əsl siyasi modellərini meydana qoyub. Məsələn, ölkəmizdə bütöv bir il Nəsimi İlinə həsr olundu. O biri il Nizami Gəncəvi İli elan olundu. Bütöv bir il Heydər Əliyev İli kimi qeyd edildi. Dövlət siyasəti şəxsiyyətlərə qayıtmağa, onları daha dərindən öyrənməyə, yeni nəsillərə çatdırmağa yönəldilib. Elm siyasəti isə uzun illər problemləri öyrənməyə istiqamətləndirilmişdir.

Əlbəttə, biz dərindən başa düşürük ki, tariximizin də, bü günümüzün də problemlərini də öyrənmək ciddi məsələdir. Amma bu, şəxsiyyətləri unutdurmaq hesabına olmamalıdır. Ona görə də Akademiyada apardığımız işin əsasında dayanan vəzifələrdən biri də sovet dövründən qalan həmin sindromu tam sındırmaqdan və elm siyasətinin aparıcı istiqaməti olaraq görkəmli şəxsiyyətlərə yenidən qayıdışı təmin etməkdən ibarətdir. Artıq bu istiqamətdə ilkin elmi nəticələr vardır. Bu, Azərbaycan elminin Azərbaycan xalqı qarşısında borcudur. Başqa bir istiqamət haqqında da sizə fikirlərimi bildirmək istəyirəm.

Uzun zaman bizim ədəbiyyat tariximizin, Azərbaycan tarixinin, mədəniyyət tariximizin dövrləşdirilməsi marksist formasiyalar nəzəriyyəsi əsasında aparılıb. Amma biz indi müstəqillik gözü ilə baxanda aydın şəkildə görürük ki, məsələn, ictimai formasiyalar müxtəlif xalqların tarixində, inkişafında fərqli-fərqli dövrlərdə baş verir. Avropada kapitalizm XVII əsrdən başlayır. Bizdə XVIII əsrdə kapitalizmdən danışmaq mümkün deyildi. Tutaq ki, Avropada feodalizm III əsrdən başlayırdısa, bizdə həmin dövrdə normal feodalizm dövründən söz açmaq ehtiyyatlı məsələdir. Amma hazır şəkildə Almaniyada dövrləşdirmə necə idisə, Marksın formasiyalar nəzəriyyəsi əsas kimi qəbul edilməklə, sosializm prinsiplərinə uyğun gəldiyi üçün, bütün müttəfiq respublikalarda da dövrləşdirmə eyni şəkildə qəbul olunurdu.

Son illərdə Akademiyada aparılan əsas işlərdən biri Azərbaycan tarixinin, ictimai fikrinin, ədəbiyyatının, mədəniyyətinin ictimai informasiyalar əsasında dövrləşdirilməsinə əsaslanan marksizm nəzəriyyəsindən qurtarmaq və Azərbaycan xalqının keçdiyi real ictimai-siyasi proseslər əsasında onun inkişaf yolunun gerçək dövrləşdirmə konsepsiyasını hazırlamaq və konkret inkişaf mərhələlərini müəyyən etməkdən ibarətdir. Artıq Azərbaycan ədəbiyyatı tarixinin dövrləşmə konsepsiyası AMEA-da, Beynəlxalq Türk Akademiyasında, Yazıçılar Birliyində müzakirə olunandan sonra qəbul olunub.

10 cildlik Azərbaycan ədəbiyyatı tarixi yeni konsepsiya əsasında çap olunmaqdadır. Rəyasət Heyətində Azərbaycan tarixinin dövrləşmə konsepsiyası haqqında Tarix və Etnologiya İnstitutunun direktoru, professor Kərim Şükürovun məruzəsini dinlədik. Akademik Zemfira Səfərova Azərbaycan musiqişünaslığının keçdiyi inkişaf mərhələləri haqqında qiymətli bir kitab yazıb. Fəlsəfə və Sosiologiya İnstitutu milli fəlsəfə anlayışını elmi dövriyyəyə gətirib, idealist fəlsəfənin elmi əsasları gündəmə daxil olub.

Ölkəmizin Prezidenti cənab İlham Əliyev Azərbaycan ziyalıları, alimləri qarşısında yeni tarixi mərhələnin milli ideyası necə olmalıdır sualını meydana qoyub. AMEA-da 2024-cü ildə üç dəfə - 16 yanvarda, 6 apreldə və 11 iyulda humanitar və ictimai elmlər bölmələrini əhatə edən alimlərin iştirakı ilə milli ideya necə olmalıdır sualı ətrafında alimlərimizin geniş diskussiyaları keçirildi. Alimlərimiz güclü Azərbaycan, Türk dünyası, rəqəmsal inkişaf və strateji tərəfdaşlığı yeni tarixi dövrün inkişaf modeli kimi aparıcı hesab edirlər.

Bundan başqa, AMEA-da Azərbaycanın dövlətçiliyinin qədim tarixinə həsr olunmuş çox maraqlı, deyərdim ki, bir qədər də gərgin, yaxşı mənada ciddi diskussiya keçirildi. Azərbaycan dövlətçilik tarixinin nə vaxtdan başlaması, ayrı-ayrı dövrlərdə hansı yollardan keçərək formalaşması, inkişafı, aparıcı tarixi simaları azərbaycançılıq mövqeyindən elmi diskussiyalardan keçirilərək müəyyənləşdirilir.

Yəni, Akademiyada elmi mühit dəyişib. Zaman özü də elmdə yeniliklər tələb edir. Biz də bu yenilikləri, necə deyim, dissertasiyalara, monoqrafiyalara, məqalə mövzularına çevirməyi və ölkəmizin inkişafına istiqamətləndirməyi mühüm vəzifə hesab edirik. Bunun əsasında Azərbaycanın yeni elmi nəsli, həm də vətənpərvər nəsil formalaşdırılır.

– Son iki ildə AMEA-dakı struktur islahatlarından da, istərdik ki, söhbət açasınız.

– Struktur islahatları AMEA-da gedən yeniləşmə proseslərinin aparıcı istiqamətlərindən biridir. Elmi istiqamətlər sahəsində baş verən yeniləşmə öz-özlüyündə struktur islahatlarının da aparılması zərurətini meydana çıxarır. Məsələn, Azərbaycan Milli Elmlər Akademiyası uzun dövr ərzində A.A.Bakıxanov adına Tarix İnstitutu və Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu fəaliyyət göstərmişdir. Amma biz müstəqillik dövründən sonra Qərb akademiyalarında, Çin Akademiyasında, Asiyanın mötəbər akademiyalarında olan strukturla tanış olduq və gördük ki, etnoqrafiya istiqaməti, ixtisası heç də arxeologiya ilə tam bir-birini tamamlamır. Çünki etnoqrafiya daha çox yerüstü mədəniyyəti, mərasimləri, xalqın məişətini əks etdirir, amma arxeologiya yeraltı mədəniyyəti, arxeoloji dünyanı əhatə edir.

Ona görə də dünya təcrübəsini öyrənərək, Azərbaycan reallığını da nəzərə alaraq Arxeologiya Etnoqrafiya və Antropologiya İnstitutundan etnoqrafiya ixtisasını ayıraraq ona aid olan 3 şöbəni Tarix İnstitutu ilə birləşdirməyi vacib saydıq. Çünki Tarix İnstitutunda Azərbaycan tarixi öyrənilərkən təkcə dövlətçilik tarixi, siyasi tarixi deyil, eyni zamanda milli mədəniyyətin də tarixi öyrənilir. Etnoqrafiya da xalqın maddi mədəniyyətinin ana istiqamətidir. Buna görə elmi cəhətdən etnoqraflar üçün tarixçilərlə inteqrasiya elmi cəhətdən daha çox fayda verə bilər.

Bunu nəzərə alaraq, AMEA Ümumi Yığıncağının vəsatəti əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə Akademiyanın strukturunda Tarix və Etnologiya İnstitutu ilə yanaşı, Arxeologiya və Antropologiya İnstitutu yaradılmışdır. AMEA-nın Nizamnaməsinin verdiyi imkanlar daxilində hər iki institutun daxilində müasir dövrün çağırışları ilə səsləşən yeni şöbələr də formalaşdırılmışdır.

Tarix və Etnologiya İnstitutunda yaradılmış “Qarabağ müharibəsinin tarixi və Böyük qayıdış hərəkatı”, “Qərbi Azərbaycan tarixi”, “Türk xalqlarının tarixi və etmologiyası” şöbələri Akademiyadakı yeniləşmə proseslərinin dalğasında meydana çıxmış yeni strukturlardır. Eyni zamanda, Arxeologiya və Antropologiya İnstitutunda da yeni yaradılmış Xəzərin arxeologiyası, İslam arxeologiyası, Məhkəmə arxeologiyası şöbələri də ilk dəfə yaradılan struktur bölmələri kimi müstəqillik dövrünün çağırışları əsasında qədim dövr tariximizin bütün reallıqları və genişliyi ilə araşdırılmasına imkan yaradır. Bundan bir az əvvəl təsis etdiyimiz Antropologiya şöbəsi də ilk dəfə Akademiya elmi mühitində meydana çıxan fərqli struktur hadisəsidir. Bunlar Azərbaycanın yeni tarixi dövrünün və yeniləşən Akademiyanın müasir mərhələsindəki reallıqlardır.

Qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qərbi Azərbaycana Qayıdış konsepsiyasının işığında Tarix və Etnologiya İnstitutundakı Qərbi Azərbaycan tarixi şöbəsindən başqa Folklor İnstitutunda Qərbi Azərbaycan Folkloru, Əlyazmalar İnstitutunda Qərbi Azərbaycan və Qarabağ əlyazmalarının tədqiqi, Nəsimi adına Dilçilik İnstitutunda Toponimika şöbələrinin yaradılması da Azərbaycan elminin müstəqil Azərbaycan dövlətinin və xalqımızın maraqlarına xidmətə doğru istiqamətlənirilməsinin real göstəriciləridir.

Akademik elmi müstəqil dövlətimizin ideallarına doğru istiqamətləndirmək baxımından möhtərəm Prezidentimizin 14 fevral 2024-cü il tarixdəki andiçmə mərasimində türk dünyası ilə əlaqələrin prioritetliyi sahəsində qarşıya qoyduğu strategiyaya uyğun olaraq Fəlsəfə və Sosiologiya İnstitutunda yeni fəaliyyətə başlamış “Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi”, Memarlıq və İncəsənət İnstitutunda təsis edilən “Türk sənət tarixi və mədəni irsi” şöbələri əməkdaşlarının attıqları ilk addımlar türkologiya elmi istiqamətdəki böyük işin məqsədyönlü başlanğıcıdır. Yeri gəlmişkən, bildirmək istəyirəm ki, AMEA-da 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illiyinin qeyd olunmasına da hazırlıq işlərinə başlanmışdır. Son dövrlərdəki islahatlar Azərbaycanın yeni tarixi mərhələdə də türkologiya elminin mərkəzi olmasını təmin etməyə xidmət göstərir.

Gördüyünüz kimi, artıq qarşınızda yeniləşməkdə davam edən bir Akademiya var. Dünya elmində gedən proseslərə və müstəqil Azərbaycan dövlətinin çağırışlarına uyğun olaraq struktur islahatları bundan sonra da davam etdiriləcəkdir. Yeni strukturların kadr potensialını formalaşdırmaq, elmi istiqamətlərini müəyyən etmək, maddi-texniki bazasını yaratmaq kimi məsələlər də yeniləşmə proseslərinin doğurduğu qayğılardır. Elmi-tədqiqat institutlarının rəhbər heyəti və kollektivi ilə birlikdə çalışırıq ki, bu sahədə forma və məzmunun üzvü əlaqəsinə, vəhdətinə nail ola bilək. Əsas odur ki, AMEA-da yeniləşmə proseslərinin dönməzliyi təmin edilmişdir. AMEA-nın yeni tarixi dövrün ideallarını rəmzləşdirən emblemin qəbul edilməsi də Akademiyadakı yeniləşmə hərəkatının özünəməxsus hadisəsidir.

– Dünya elmi hazırda süni intellektə böyük sərmayə qoyur. Elm mərkəzləri rəqəmsallaşmağa və elektron idarəetməyə doğru gedirlər. AMEA-da hazırda bu sahədə hansı tədbirlər həyata keçirilir?

– Məlum olduğu kimi, hazırda Milli Elmlər Akademiyası daha çox humanitar və ictimai elmlər yönümlü Akademiyadır. Ona görə bir çoxları düşünə bilər ki, rəqəmsallaşma və süni intellekt humanitar və ictimai elmlərlə bir araya sığmır. Mən bunu kökündən yanlış hesab edirəm. İndi süni intellektin nüfuz etmədiyi sahə yoxdur. Cəmiyyətin, təbiətin, kainatın elə bir sahəsi yoxdur ki, orada rəqəmsal inkişaf, elmmetrik göstəricilər, süni intellektin tətbiqi prioritet sahə olmasın. Akademiyada da elektron elmin meydanının genişləndirilməsi və bu sahədə də yeniləşməyə nail olmaq üçün genişmiqyaslı iş aparılır.

Bizə məlum olan MDB və Şərqi Avropa Elmlər Akademiyaları içərisində ilk dəfə olaraq Azərbaycan Milli Elmlər Akademiyasında 18 yanvar 2023-cü il tarixində “Elektron Akademiya” şöbəsi yaradılıb. Buna uyğun olaraq AMEA-nın tabeliyində olan 11 elmi-tədqiqat institutun hamısında, o cümlədən Mərkəzi Elmi Kitabxanada daxili imkanlar hesabına Elektron Xidmətlər şöbələri fəaliyyətə başlamışdır. Artıq ilkin nəticələr vardır.

Birincisi, artıq iki ildir ki, “Elektron Akademiya” şöbəsinin əməkdaşları dünya Akademiyaları ilə müqayisəli şəkildə müəyyən elədikləri elmmetrik göstəricilər əsasında AMEA-nın elmi-tədqiqat müəssisələrinin reytinq cədvəlləri hazırlanır və elmi ictimaiyyətə təqdim olunur. İkincisi, Akademiya alimlərinin əsərlərinə istinadların hesablanmasının Akademiyada vahid mexanizmi yox idi. Dəqiq və tətbiqi elmlər sahəsində dünyada bu barədə müəyyən modellər olduğu üçün həmin sahələr üzrə çalışan alimlərimizin əsərlərinə olan istinadları beynəlxalq reytinq bazalarından öyrənə bilirik. Amma humanitar və ictimai elmlər əsasən ölkə reallıqlarına həsr olunduğu, daha çox milli və regional xarakter daşıdığı üçün ölkəmizdə və başqa əksər respublikalarda da bunları ölçən rəqəmsal qurum olmamışdır.

Hazırda “Elektron Akademiya” şöbəmiz AMEA-da fəaliyyət göstərən alimlərin beynəlxalq bazalarda yerləşdirilmiş 1700 profil əsasında müasir tipli elmmetrik şəbəkə yaratmışdır. İl ərzində həmin invertal rəqəmsal elmmetrik baza vasitəsilə istənilən elm adamının elmi əsərlərinə istinadları öyrənmək mümkündür. Bu, bizə humanitar və ictimai elmlər sahəsində də elmimizin səviyyəsini ölçməyə, müqayisə etməyə, istiqamətləndirməyə, qüvvətli tərəflərimizi, zəif cəhətlərimizi görməyə imkan yaradır.

Bundan başqa, “Elektron Akademiya” şöbəsinin köməyi ilə Akademiyada nəşr olunan elmi jurnalların elektron bazası yaradılmışdır. Elmi nəşrlərimizi beynəlxalq bazalarda yerləşdirmək üçün də addımlar atılmaqdadır. Türkiyədəki TÜBİTAK təşkilatı ilə 23 fevral 2024-cü il tarixdə imzaladığımız əməkdaşlıq müqaviləsi əsasında AMEA-nın 3 jurnalı həmin nüfuzlu qurumun Ulaqbim-Dərgi Park elektron jurnallar bazasına daxil edilmişdir. Eyni zamanda, “Elektron Akademiya” şöbəsi AMEA-nın da Dərgi Park elektron nəşrlər şəbəkəsini yaratmışdır.

Süni intellekt sahəsində IV Sənaye İnqilabının çağırışları əsasında tədbirlər həyata keçirilməkdədir. Məqsədimiz süni intellektin humanitar və ictimai elmlərə tətbiq edilməsinə nail olmaqdan, bu sahə üzrə yeni biliklərə və bacarıqlara yiyələnmış yeni nəsilləri formalaşdırmaqdan ibarətdir. Bu ilin 17 iyulunda TUBİTAK-la birgə “Süni intellekt və rəqəmsal inkişaf: reallıqlar və çağırışlar” mövzusunda keçirdiyimiz beynəlxalq elmi konfransda Azərbaycan elm adamlarının və xarici ölkə alimlərinin məruzələrində səsləndirilən fikirlər, irəli sürülən təkliflər, aparılan müzakirələr bu ən modern istiqamətlərə dair maarifləndirmə baxımından çox əhəmiyyətli olmuşdur. “Elektron Akademiya” şöbəsi əməkdaşlarının yaratdıqları “Süfi” adlandırılan robot modeli süni intellekt sahəsindəki ilkin təşəbbüslərimizdəndir. Süni intellektin humanitar və ictimai elmlər bölməsinə transfer edilməsini daha da genişləndirmək qarşıda duran əsas vəzifələrdəndir.

– “Yaşıl Dünya naminə Həmrəylik İli” və COP29-la əlaqədar AMEA hansı layihələrlə çıxış edir?

– Həqiqətən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin elan etdiyi “Yaşıl Dünya naminə Həmrəylik İli” elmimizin, Akademiyanın qarşısında yeni bir sferaya doğru yaşıl işıq yandırmışdır. Diqqət etsəniz, 2024-cü ildə ən müxtəlif elm sahələrində yaşıl dünyanın müxtəlif problemləri ilə əlaqədar konfranslar, müzakirələr geniş miqyas alıb. Akademiyada il ərzində bu mövzuda 11 elmi konfrans keçirilib. Bugünlərdə Humanitar və İctimai Elmlər sahəsi üzrə də Yaşıl Dünya və COP-29-un çağırışlarına həsr edilmiş elmi konfrans təşkil ediləcəkdir. Bu il elmi leksikada yaşıl enerji, yaşıl artım, yaşıl layihələr, yaşıl bacarıqlar, yaşıl iqtisadiyyat və s. kimi yeni terminologiya aktivlik qazanmışdır. Akademiya elmi mühitində yaşıl energetika, ekoqramatika, aqroarxeologiya, yaşıl leksika, landşaft memarlığı və sair kimi yeni elm sahələri yaranmaqdadır.

COP-29-un Azərbaycanda keçirilməsi Prezident İlham Əliyevin ölkəmizə və xalqımıza böyük nüfuz qazandırdığı mühüm tarixi hadisədir. Azərbaycan Respublikası COP-29 Beynəlxalq Konfransının ən yüksək səviyyədə keçirilməsinin yeni standartını nümayiş etdirəcəkdir.

– AMEA-nın beynəlxalq əlaqələri də oxucular üçün maraqlıdır.

– Sovetlər İttifaqı zamanı müttəfiq respublikaların akademiyalarının beynəlxalq əlaqələri daha çox SSRİ Elmlər Akademiyası vasitəsilə idarə olunurdu. Müstəqillik illərində isə akademiyalar elmi əlaqələrini ikitərəfli əməkdaşlıq əsasında özləri qururlar. Akademiyamızda 50-dən çox ölkə ilə ikitərəfli əməkdaşlıq haqqında bağlanmış müqavilələr əsasında beynəlxalq əlaqələrimiz inkişaf etdirilir. Bununla belə, dünyanın nüfuzlu beynəlxalq elmi təşkilatlarının üzvlüyünə qəbul olunmağımız son iki ilin bu istiqamətdəki yeni hadisəsidir. AMEA-nın dünyanın ən böyük beynəlxalq elmi təşkilatları olan Beynəlxalq Elmi Şuranın, Akademiyalararası Tərəfdaşlıq Təşkilatının, Asiya Akademiyaları və Elmi Cəmiyyətləri Assosasiyasının tamhüquqlu üzvü seçilməsi yeniləşmə dövrünün yeniliklərindəndir.

Artıq AMEA beynəlxalq elmi təşkilatlara qərarlarının qəbul edilməsinə səsvermə hüququna malikdir. Necə deyərlər, dünya elmində bizim də səsimiz var.

– Akademiya 80 illik yubileyinə hansı hazırlıqla gedir?

– 27 mart 2025-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının 80 yaşı tamam olacaq. Akademiyanın Azərbaycan cəmiyyətinin və elminin tarixində və inkişafında mühüm rolu olmuşdur. Akademiyada böyük elmi məktəblər yaranıb, görkəmli alimlər fəaliyyət göstərib. Akademiyanın 80 illiyi Azərbaycanda akademik elmin hesabatı və yeni tarixi dövrün elm strategiyasının müəyyən edilməsi, istiqamətləndirilməsi hadisəsidir. Çalışacağıq ki, Akademiyanın yuvarlaq ildönümü tədbirləri də Azərbaycan elminin inkişafına xidmət etsin, müstəqil dövlətimizin və xalqımızın tərəqqisinə töhfə versin.

– Maraqlı müsahibəyə görə təşəkkür edirik. Sonda bu gün 75 yaşınızın tamam olması münasibətilə sizi “Xalq qəzeti”nin kollektivi adından təbrik edirik.

– Çox sağ olun.

Söhbəti qələmə aldı:

Anar TURAN

“Xalq qəzeti”

Другие новости