Menu
Национальная Академия Наук Азербайджана
Институт литературы имени Низами Гянджеви

ПОИСКИ. ИССЛЕДОВАНИЯ

Карабах – это наша литература… – пишет Дилара Адильгиль

02-10-2024 [ 15:17 ] [ прочитано:325 ]
printerA+ | A-

İlyas Əfəndiyevin yaradıcılığı əsasında

İlyas Əfəndiyevin həyat və yaradıcılığının əbədi məhəbbəti olan "Qarabağnamə"si dünyanı sarsıdan 44 gündən sonra tamam başqa rəng və nəfəslə canlandı. Yazıçının mənsub olduğu nəsil külli-Qarabağda sayılıb-seçilən ocaq olduğundan "söhbətinin də əsas mövzusu Qarabağ, Şuşa, bəylər, xanlar, onların fəaliyyəti, Vaqif, Zakir, Xan qızı Natəvan" (F.Mehdi), Qarabağa aid nə varsa, - o idi. Hətta onun "fərəhləndiyi, fəxr etdiyi iki şeydən biri Göydəmir atımızın Şuşada heç bir cıdırda məğlub olmaması" faktı idi. İ.Əfəndiyev Qarabağ tarixinin salnaməçisi, Qarabağ təbiətinin tərənnümçüsü idi. Bu mövzu onun yaradıcılığında yüksələn xətt üzrə - hekayədən povestə, povestdən romana doğru bir təkamül prosesi keçib "Hökmdar və qızı"nda öz apogeyinə çatdı. "Şuşa qalasını tikdirən Pənah xana, Şuşa şəhərini milli-mədəni mərkəzə çevirən İbrahim xan"a tarix kitablarında olunan haqsızlıqlar yazıçını həmişə incidirdi. O səbəbdən, əsərlərində əsl həqiqəti birbaşa mətnlə, mümkün olmayanda ayıq və oyaq oxucusuna açıq eyhamla deməklə, Qarabağın yaxşı bildiyi gerçək tarixini unudulmağa qoymur, əslində məntiq və mühakimə ilə özü tarix yazırdı. "Tənha iydə ağacı"nda da İ.Əfəndiyev qəhrəmanlarının dili ilə deyir: "İbrahim xan Azərbaycan xanlıqlarını birləşdirib, vahid Azərbaycan dövləti yaratmağa çalışan ağıllı dövlət xadimi idi. Ona görə çar mayoru Lisaneviç onu əhli-əyalı ilə birlikdə öz əsgərlərinə doğratdırdı". "Hökmdar və qızı"nda Xan ailəsinə qurulan tarixi tələni izləyirik. Yüzbaşı Vanya İbrahim xana sağdan-soldan təzim edərək deyir: "Siz və sizin qəhrəman atanız Pənah xan, Qarabağın Tuğ, Hadrut, Xankəndi, Daşaltı kimi səfalı yerlərində biz erməni gəlmələrinin yerləşib, ev-eşik tikib, kəndlər salmağımıza kömək eləmisiniz. Siz biz erməni xalqına o qədər böyük iltifat göstərmisiniz ki, gərək sizin sadiq qulunuz..." və s. və ilaxır referanslar... Bu baş verir doqquzuncu şəkildə. On üçüncü şəkildə isə könlündən məliklik keçən həmin o Vanya yüzbaşı general Sisianova İbrahim xanı belə satır: "Mən gəlmişəm sizin Gəncə qalasını almağınıza bələdçilik eləyəm. Mən Qalaya gedən bütün gizli yolları bilirəm". Buqələmun kimi dondan-dona düşən, xəyanətkar Vanyanın bu sözləri Sisianovu da təəccübləndirir: - Nə üçün? Türklər sizin Qarabağda, İrəvanda yerləşib kəndlər-obalar salmağınıza imkan veriblər. Sizə toxunmurlar... Əvvəli riyakarlıq, sonu satqınlıq olan bu səhnə XVll əsr Xanlıqlar dövrünü əks etdirsə də, həmin mizan sivil XX əsrin 80-ci illərində Qalada yenidən təkrarlandı. Bu dəfə daha yazıçı təxəyyülü işə qarışmır. Olanlar da iki nəfərin arasında deyil, Vaqifin məqbərəsinin birinci açılışında, çox sayda insanın gözünün qarşısında yaşanır: "Vilayətin birinci şəxsi B.Gevorkov Heydər Əliyevin yanında gedirdi, gah o tərəfə, gah bu tərəfə vurnuxurdu, hər vasitə ilə Heydər Əliyevin diqqətini cəlb etmək, ona nəsə bir xidmət göstərmək istəyirdi. Heydər Əliyev isə Gevorkovu heç görmürdü". Xalq yazıçısı Elçin xatirələrinə davam edərək yazır ki, 1882-ci ilin yayında ilk Vaqif poeziya günlərində Xankəndinin şairi Q.Qabrielyan Sayat-Novadan həm azərbaycanca, həm də ermənicə mahnı oxudu, sonda erməni-azərbaycanlı qardaşlığından danışaraq bağırdı ki, yaşasın Azərbaycan xalqı! Çox yox, 6 ildən sonra, orada iştirak edib bizə mədhiyyələr yağdıran, Vaqifin "Qarabağ xanının vəziri kimi yüksək siyasi keyfiyyətlər"indən söz açan erməni şair və yazıçıları şüursuz erməni kəndlilərinin qabağına düşüb bizə qarşı bayraqdarlıq elədilər. Elə həmin o Qabrielyan ara qarışdıran ekstremistlərdən, azərbaycanlıları Qarabağdan qovan separatçılardan oldu. Bizim isə o vaxt heç nədən xəbərimiz yox idi. Biz 6-ya 6 kimi baxanda, onlar artıq 9 görürdülər. Bu 9 isə İbrahim xanın ayağının altını qazan, "erməni xalqının gələcəyi üçün çalışan" Vanya yüzbaşının "ağlasığmaz dərəcədə böyük coğrafi sahə" tutan "Armeniya ideyası" idi. Professor İ.Doğramacı "Hökmdar və qızı"na yüksək qiymət verərək, onu "böyük tarixi tablo, Azərbaycanın müstəqilliyi baxımından ibrətamiz" əsər adlandırmışdı.

Tənqidçi Y.Qarayev İ.Əfəndiyevin yaradıcılığını səkkizinci "Qarabağnamə" adlandırır, "sənətkarın şəxsiyyəti və təbiəti ilə doğulduğu mühit arasında bilavasitə əlaqə" olduğunu təsdiqləyirdi. Səkkizinci "Qarabağnamə"nin müəllifini isə folklordan su içən, "azərbaycançılıq ideyaları ilə aşıb-daşan" xalq nəğməkarı adlandırırdı. Qarabağın tarixi, mühiti, orada "oynanılan" hadisələr İ.Əfəndiyevin əsərlərində öz panoram əksini, səciyyəsini tapmışdı. Onun yaradıcılığı həm də Qarabağın "Şahnamə"sidir (İdeya M.Rzaquluzadənindir). Qarabağ sevgisi, onun tərənnümü, tarixinə müraciət, bütöv Azərbaycan yanğısına görə İ.Əfəndiyevi Y.V.Çəmənzəminli ilə müqayisə etmək olar.

"Geriyə baxma, qoca"da oxuyuruq: "Cıdır düzünün bir tərəfi şəhər, o biri tərəfi "Xəzinə qayası" deyilən dərin uçurum idi. Cıdır düzündən üzüaşağı baxanda çayın qırağındakı adamlar güclə seçilirdi. Çaydan o tərəfdə - ta uzaqlarda gümüşü duman içində görünən Ziyarət, Kirs dağlarına qədər qalın meşələr uzanıb gedirdi". Bundan əvvəl də Qarabağ təbiətini, onun toponimlərini "Mahnı dağlarda qaldı"da təsvir etmişdi. Xüsusən, Topxana meşəsini. ''Səhər Topxana meşəsi elə duman idi ki, bir addım qabağı görmək olmurdu"; "Elə bil o, Topxana meşəsi səni ovsunlamışdır"; "Mənə elə gəlir ki, Topxana meşəsi də bizdən həmişəlik üz döndərib"... Dramaturq pyesi teatra da elə "Topxana meşəsi" adı ilə təqdim etmişdi, lakin iş prosesində daha cəzbedici səhnə adı ilə əvəz edildi. "Mahnı dağlarda qaldı" Qarabağın qara günlərində işğalın simvoluna çevrildi. Pyesin adı hadisələrdə hallandı. Gah dağlarda qaldı, gah qalmadı. Gah qayıtdı, gah yarım qaldı. Əks-səda verdi, susduruldu. Bu əsəri xatırlamayan, adında məcaz axtarmayan, Şuşa ilə qoşalaşdırmayan olmadı... Mənim də Qarabağ təbiəti ilə yaddaqalan tanışlığım elə "Mahnı dağlarda qaldı"dan başlayır. Pyesdə Şuşanın vizual obrazı geniş planda verilmiş, ovuc içi kimi hər tərəfdən görünmüşdür. Şahnaz da A.Pənahovanın ən gözəl rolu idi. Əsər elə real, melodramatik, həzin notlarla köklənmişdi ki, artıq patetikaya yer qalmırdı. "Mahnı dağlarda qaldı" Dövlət mükafatına layiq görülən ilk tamaşa kimi teatr tarixinə düşdü. Pərdə açılanda səhnəarxası söylənilən "Deyirlər, Qarabağ bir cənnət imiş..." şeir parçası əsərə poetik ovqat verməklə bərabər, tamaşanı da şux başlayırdı. Qəribədir ki, məni nə əsərin inqilabi süjeti, nə də məhəbbət mövzusu cəlb edirdi, ekzotika kimi gələn toponimlərə "takılıb" qalmışdım. Qırxqız yaylağı, İsa bulağı, Məlikşahnəzər kahası, Soltanbud meşəsinin adını ilk dəfə idi eşidirdim. Gülgəzin kəklikotu qoymadığı Cıdır düzünü dünyanın ən geniş, xoşbəxt guşəsi kimi xəyalımda canlandırır, kəklikotunun havasını da alırdım. Növbə gözlədiyi Xanqızı bulağı, ehsan sahibi haqqında düşünürdüm. Şahnazı ovsunlayan Topxana meşəsindən qorxurdum. "Ərim gəldi"dən qırmızı qoşunun ağzının açılıb Əsgəran qalasını işğal etməyini də görmüş kimiydim. Bəhmənmirzənin nəvəsi, Mehmandar ağanın qızı Şahnaz xanımın ovçu oğlanı özünə qəhrəman seçməsi, Böyükbəyin Cavanşir nəslini yaşatmaq arzusu, Fəxrəndə xanımın son anda Xəzinə qayasına üz tutması mənə bilmədiyim, tanımadığım bir aləmdən xəbər verirdi. Qarabağ mahalının məşhur xanəndəsi Keçəçi Məhəmmədin adını da ilk dəfə bu tamaşada eşitmişdim. "Mahnı dağlarda qaldı" ayrılıqda bir Qarabağnamədi. Burada Nadirin, Qacarın Qarabağa hücumlarından, Güzdəkli Bayandurun yurd təəssübkeşliyindən, Qarabağın mötəbər bəylərindən danışılır. Y.Qarayev İ.Əfəndiyev lirikasının İ.Əfəndiyev teatrını daim zirvədə saxladığını xüsusi qeyd edərək yazırdı: "Bu qədər lirik təbiiliyi, bu qədər psixoloji realizmi İ.Əfəndiyev teatrına Qarabağ özü bəxş eləyib". İ.Əfəndiyevin əsərlərində mütləq kimsə "arandan Şuşa qalasına yaylağa" gəlir... Ya da, "ozünü Daşaltına verib qalxır Topxana meşəsinə..." "Qaçaq Nəbinin, Qaçaq Süleymanın yatağı olan Topxana meşəsində and içilir". Təsvir edilən təbiət də Qarabağın təbiətidi. Və bu qeyri-adi təsvirlərlə həm də nabələd oxucuya Qarabağı içindən tanıdır, qarış-qarış gəzdirir. O, bu gözəlliyi bizə sadəcə, təbiət mənzərəsi kimi göstərmir, dərin lirizmlə poetikləşdirib çatdırır: "Heç nə ilə hesablaşmayan böyük məhəbbət öz əbədi saniyələrini yaşayır. Xəzinə qayası uçurumunun dibində Daşaltıçay şırıldayır. Haradasa isaq-musaq quşu aramla səslənir". Yazıçı bütün əsərlərində Qarabağı xatırladacaq bir söz, bir iz qoyur. "Söyüdlü arx"da Qarabağın adı çəkilməsə də, "Qarabağ maralı" oxunur: "Gedək Qırxqız bulağına, çıxaq Şuşa yaylağına..." İkicə səhifəlik "Həyatın əbədi ahəngi" hekayəsində də, Qarabağın sərin şux meşələrini, Yonqarça bulağını, Ziyarət dağını "görürük". İ.Əfəndiyev Şuşada qəza rəisi vəzifəsində işləmiş babası Bayram bəyi öz adı ilə romanına gətirmiş, təbii cizgilərlə təsvir edib obraz səviyyəsinə qaldırmışdı. Yazıçı bundan əvvəl də, "Mahnı dağlarda qaldı" tamaşasında Böyük bəyin adı ilə Bayram bəyin obrazını yaratmışdı. Qaçaq Bahaduru da "Geriyə baxma, qoca"ya "Mahnı dağlarda qaldı"dan gətirmişdi.

Akademik İsa Həbibbəyli "İlyas Əfəndiyev yaradıcılığını Azərbaycan ədəbiyyatının özünəməxsus nağılı" adlandırmışdır. "Nağılçı"nın nəql etdiyi lirik-psixoloji "nağıl"lardan biri də, "Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı"dır. "Gülsənubərlə Sadıqcan..." bir ithafnamədir. İ.Əfəndiyev bu sonuncu əsərini "Qafqazın birinci tarzəni" kimi tanınan Sadıqcana həsr etmiş, müasir Azərbaycan tarının atasını adını belə dəyişmədən əsərinin qəhrəmanı etmişdi (ümumiyyətlə götürəndə, İ.Əfəndiyevdə xronikanı bədiiləşdirmək hallarına çox təsadüf olunur). Əsərin əsas mövzusu məhəbbət olsa da, burada "Şuşa bədii obraz səviyyəsinə" qaldırılmış, "poetik mənzərələri oğul vurğunluğu ilə təsvir edilmişdir" (H.Abbaszadə). Şuşa İ.Əfəndiyev üçün xəritədə kiçicik bir nöqtə deyildi, özünəməxsus kosmos idi. 16 səhifəlik povestdə bir roman ab-havası da duyulur. İ.Əfəndiyevin peşəkar romançı olması inersiya ilə povestə bir roman ağırlığı, sanbalı da gətirmişdi. Yazıçının təsvir etdiyi təbiət mənzərəsinə diqqət yetirək: "Elə bu anda Kirs dağlarından sərin bir meh əsdi. Tarzən Üçmıx dağının zirvəsi tuşundan qapqara, nazik bir buludun ilan kimi qıvrıla-qıvrıla onların başı üzərinə gəldiyini gördü. Aləm birdən-birə qapqaranlıq oldu. Üçmıx dağından gurultu ilə sellər axdı". Bu artıq təbiət təsviri deyil. Sanki təbiətin səsini eşidirsən...

"Xurşudbanu Natəvan" adından da məlum etdiyi kimi, Qarabağın sonuncu varisi, "şaireyi-möhtərəməsi" Natəvanın həyat və fəaliyyətindən bəhs edir. "Peterburqun, Parisin salonları üzünə açıq olan" madmazel uzaq "tilsimli" qalanı kəsdirib oturmuşdu". Əslində bəyimin gerçək təyinatı Şişədə qalıb Xan babalarının ruhunu şad etmək, incə ruhlu qəzəllər, rübailər yazmaq deyildi. Əlbəttə, ədəbiyyatdan nəsibi olması onu həssas, nəcib qəlb sahibi kimi tanıtmışdısa, elmi, iradəsi, siyasi görüşləri, mərdanəliyi ictimai xadim, el anası kimi yetişməsində öz rolunu oynamışdı. Onun dövründə "Şuşa gündən-günə yox, saatdan-saata böyüyür, ticarəti inkişaf edir, şəhər varlanırdı" ("Kafkaz" qəzeti). Məntiqi izahı çətin qərarlar qəbul edir, sadədil xalqın sevgisini qazanırdısa, zümrəsinin tənə-töhməti ilə üzləşirdi: "Nə işin var sənin siyasətlə, niyə "xalq, xalq" deyib vardan-yoxdan çıxırsan?" Yazıçı öz qəhrəmanına tək sevgi vermir, pərəstiş istəmir, Xan qızına olan münasibətini yazıçı təxəyyülünə bürüyüb Natəvana sözdən heykəl qoyur. Yazıçı Natəvanı cazibədar qadın, ana, namuslu həyat yoldaşı, şairə, xalqına xidmətkar el anası, dövlət qurumları ilə danışıqlar aparan diplomat kimi çoxrelyefli yaratdığından, obraz ikipərdəli pyesi daşımaq gücündədir.

"Hökmdar və qızı" bütünlükdə yazıçının Qarabağa olan sonsuz sevgisinin təcəssümüdür. XVll əsr... Tarix boyu "iki od" - Rusiya ilə İran arasında qalan Azərbaycan, onun ən yağlı tikəsi Qarabağ ağır dönəmdən keçir. İ.Əfəndiyevin yaradıcılığında Xan qızının taleyindən də kədərli daha bir hekayət vardır. O da İbrahimin əziz-xələf qızı Ağabəyim ağanın qəmli həyat hekayəsidir. Əsərdə Ağabəyim ağa tək xan qızı deyil, həm də "neçə min illik İran taxt-səltənəti"nin hökmdarı Fətəli şahın zövcəsidir. Yazıçı əsərdə qarşısına qoyduğu əsas ideya xəttindən uzaqlaşmamış, müxtəlif variasiyalarda dil-ağıza düşən Ağabəyim ağa əfsanəsinə uymamışdır. Əsərdə İbrahim xanın ikinci qızı Səltənət bəyimin obrazı da var ki, o da Şuşanın simvollarından olan Gövhər ağa məscidini tikdirən xan qızı Gövhər ağanın prototipi ola bilər...

"Kaspi" qəzetinin 6 sentyabr 2006-cı il nömrəsi belə bir orijinal elanı ilə diqqəti çəkir: "Akademik Dram Teatrı sentyabrın 21-də 134-cü mövsümü İ.Əfəndiyevin "Hökmdar və qızı" tamaşası ilə açacaq. Həmin gün teatrda bütün küsülülər barışacaq". İlyas Əfəndiyev yaradıcılığının birləşdiricilik, sülh amalı özü gedəndən sonra da əfsanəsində, "dünyanın ən gözəl yeri" olan doğma teatrında yaşayır. İ.Əfəndiyevin istər məişətində, istər yaradıcılığında dilinin mübtədası, xəbəri Arazboyu Qarabağ olsa da, amalı bütöv Azərbaycan, millət, xalq idi. Cənnət Qarabağ mənfur düşmən tərəfindən qan çanağına dönəndə özü kimi mövzusu da cənnətlikdən çıxdı, o da qana boyandı. 80-ci illərə qədər yazıçının yaradıcılığında müasir mövzular üstünlük təşkil edirdisə, məlum hadisələrdən sonra onsuz da, həmişə diri olan Qarabağ motivləri "növbədənkənar" irəli keçdi. Düşmənlərimizin ərazi iddiaları başlanandan İ.Əfəndiyev ədəbiyyatın önündə qələmi ilə vuruşurdu. "Mahnı dağlarda qalıb, dağlar da yada qalandan" (F.Sadıq) sonra İ.Əfəndiyevin son gününə qədər "mənəvi ağrısı, acısı Qarabağla bağlı olub". (Elçin) Vətən müharibəsindəki tarixi zəfərimizdən sonra isə "Qarabağnamə" yeni finalla oynanıldı. "Hökmdar və qızı"nın zabitəsi Milli Dram Teatrında Qarabağ işğaldan azad olunana qədər yaşadı. Xalq artisti H.Turabovun qoyduğu ənənəyə görə (1996-cı ildən) Qarabağı qaytarana qədər teatr hər mövsümü "Hökmdar və qızı" ilə açdı. Necə vətənpərvər, yerində edilən təşəbbüs. Sonunda işıq olan! Tamaşanı "səmaların adiləşdiyi", "göylərin altında ən möhtəşəm, ən uca səhnə olan Cıdır düzündə" oynamaq arzusuna doğru getmək! Teatr onilliklərlə sözünün üstündə durmağı bacardı və talismanı sona qədər - torpaqlarımız düşməndən təmizlənənə qədər apardı. Belə ağrılı və həssas dönəmi teatr tarixinə yazmaq isə İ.Əfəndiyevin qismətinə düşdü. Özü görməsə də. Necə deyərlər, cami gedərsə, mehrabı qalır... Nəsr və dramaturgiya üzrə "İlyas Əfəndiyev mükafatı" 44 günlük müharibə və möhtəşəm zəfərimizin şərəfinə təsis edilmişdir. Bu mükafatı Qarabağdan daha çox yazan Aqil Abbasın qazanması isə təəccüblü təsadüf yox, təbii qanunauyğunluqdur.

Onun özü kimi həzin bir payız günü sevimli yazıçımızı itirmədik... Xeyirxahlığın, humanizmin, alicənablığın, qalantın kövrək cismində məskən saldığı böyük müasirimizi, vətənpərvər vətəndaşı, el ağsaqqalını, müəllimi itirdik.

Dünyanın gərdişi elə döndü ki, 30 il o yerlərə gedə bilmədik, İlyas Əfəndiyev bu qubarla dünyadan köçdü. Təsəllimiz Zəfərimizdir. Bir də, şad və rahat ruhların azad Qarabağımız üzərində pərvazlandığını bilmək. Ruhlar isə baqidir...