Menu
Национальная Академия Наук Азербайджана
Институт литературы имени Низами Гянджеви

ПОИСКИ. ИССЛЕДОВАНИЯ

Tворчество Физули глазами Хамида Араслы - Селтанат Алиева

03-09-2024 [ 14:02 ] [ прочитано:229 ]
printerA+ | A-

Tariximizin, adət-ənənələrimizin daşıyıcısı olan milli-mənəvi sərvətlərimizin məhv edildiyi, ədəbi və mədəni abidələrimizə qadağaların qoyulduğu, repressiyaların baş alıb getdiyi bir rejimdə ədəbiyyat tariximizin zənginləşməsində, bir çox ədəbi abidələrimizin, müəyyən tarixi gerçəkliklərin üzə çıxarılaraq obyektiv şəkildə tədqiqində zəhmət və bacarığını əsirgəməyən ədəbiyyatşünas alimlər sırasında akademik Həmid Araslının da adı qürurla və hörmətlə yad edilir. Ədəbiyyatşünaslığın müxtəlif sahələrini ustalıqla yaradıcılığında birləşdirən alim, ilk növbədə, xalq yaradıcılığının nəzəri və tarixi problemlərinin araşdırıcısı kimi folklorşünaslıq elmini tədqiqatları ilə zənginləşdirmişdir. Belə ki, o, folklor materiallarının toplanılması ilə yanaşı, xalq yaradıcılığının aşıq ədəbiyyatı bölməsinə xüsusi diqqət göstərmiş, bu səbəbdən akademikin "Kitabi-Dədə Qorqud", "Koroğlu", "Şah İsmayıl", "Abbas və Gülgəz", "Aşıq Qərib" kimi dastanlara, o cümlədən, aşıq sənətinin inkişaf mərhələləri ilə bağlı məsələlərə münasibəti də çoxsaylı tədqiqatlarında özünə yer etmişdir. Sarı Aşıq, Aşıq Abbas Tufarqanlı, Aşıq Ələsgər kimi el sənətkarlarını yüksək qiymətləndirərək ədəbi irslərini hərtərəfli şəkildə araşdırmaya cəlb etmişdir. Həmçinin ədəbiyyat tarixçisi və folklorşünas alim yazılı ədəbiyyatla aşıq yaradıcılığı arasında müqayisələr aparmış, öz qənaətlərini "Aşıq yaradıcılığı", "Aşıq poeziyası və klassiklərimiz" adlı məqalələrində ümumiləşdirmişdir.

Folklorşünaslıq problemləri ilə yanaşı ömrünü daha çox XII-XVIII əsrlər çərçivəsində klassik ədəbiyyatın öyrənilməsinə sərf etmiş alim bu sahədə də dəyərli nəzəri fikir və mülahizələri ilə ədəbiyyatşünaslıq elminə əvəzsiz töhfələr vermişdir.

Qısaca olaraq deyə bilərik ki, bu araşdırmalar, əsasən, Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Xaqani Şirvani, Marağalı Əhvədi, İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Məhəmməd Əmani, Fədai, Məsihi, Saib Təbrizi, Qövsi Təbrizi, Məhcur Şirvani, Molla Vəli Vidadi, Molla Pənah Vaqif kimi sənətkarların yaradıcılığını əhatə edirdi. Bu isə elə Azərbaycan ədəbiyyatı tarixi və onun inkişaf mərhələləri demək idi.

Bununla yanaşı, Həmid Araslının tədqiqat sahəsi, yaradıcılıq axtarışları yalnız Azərbaycan ədəbiyyatının sərhədləri ilə məhdudlaşmamış, o cümlədən, Azərbaycan ədəbiyyatına xüsusi təsiri ilə seçilən Əlişir Nəvai yaradıcılığına, Tofiq Fikrət, Əbdürrəhman Cami sənətkarlığına da nüfuz etmiş və onların ədəbi irsini tədqiqat obyektinə çevirməkdən çəkinməmişdir.

Çoxşaxəli yaradıcılıq çərçivəsində alimin Füzuli ilə bağlı tədqiqatları qırmızı bir xətlə ayrılır. Və bu fərqlənmə apardığı tədqiqatlarla yaradıcılığına, öyrənilməsinə böyük qayğı və məhəbbətlə yanaşan alimin şairə həssas münasibətini ifadə etmək baxımından böyük əhəmiyyət kəsb edir. Məhz klassik irslə, xüsusilə, Füzuli yaradıcılığı ilə bağlı aparılmış araşdırmaları ədəbiyyat tariximizin mühüm və əhəmiyyətli səhifələrindəndir.

Füzuli yaradıcılığında müxtəlif problemlərə həsr olunmuş "Məhəmməd Füzuli", "İngilis alimi Gibb Füzuli haqqında", "Füzulinin "Ənüsül qəlb" əsəri", "Füzuli "Divan"ı və onun nəşri" və s. bu kimi çoxsaylı məqalələrlə yanaşı tədqiqatçı alim 1939, 1958-ci illərdə şairin sənətkarlığından bəhs edən bir neçə kitab da hazırlamışdır ki, onların içərisində 1958-ci ildə çapdan çıxmış "Böyük Azərbaycan şairi Füzuli" monoqrafiyası öz həcmi, əhatəliliyi və dəyəri baxımından digərlərini üstələyir. Monoqrafiyanın elmi əhəmiyyətini, füzulişünaslıqda əvəzsiz rolunu Həmid Araslı irsinin tədqiqatçısı fil.f.d. G. Səfərli bu cür ifadə etmişdir: "Bu monoqrafiya ilə Həmid Araslı Azərbaycan füzulişünaslığında yeni bir səhifə açır, onun ədəbiyyatşünaslığın mühüm bir qolu olduğunu sübut edir, füzulişünaslar üçün "nədən yazmalı? və necə yazmalı?" suallarını aydınlaşdırır, bu sahədə elmi meyarları müəyyənləşdirir". Başqa sözlə desək, sanki füzulişünaslara Füzuli yolunda yaşıl işıq yandırır və onları düzgün istiqamətə yönləndirir.

Füzuli irsi ilə bağlı bütün problemlərə sistemli şəkildə nəzər yetirilən monoqrafiya "Füzuli irsinin öyrənilməsi tarixi" adlı bölmə ilə başlayır. Əsər "Füzuli dövründə Azərbaycan və Azərbaycan ədəbiyyatı", "XVI əsrdə Bağdad şairləri", "Füzulinin həyatı", "Füzulinin yaradıcılığı", "Füzulinin lirikası", "Füzulinin  qəsidələri", "Ənüsül qəlb", "Füzulinin alleqorik poemaları", "Bəngü badə", "Söhbətül əsmar", "Həft-cam", "Leyli və Məcnun", "Füzulinin nəsri", "Səhhət və  Mərəz", "Rindü zahid", "Füzulinin müəmmaları", "Füzulinin tərcümələri", "Füzulinin dil və üslub xüsusiyyətləri", "Füzuli və dünya ədəbiyyatı" bölmələri ilə davam etdirilir. Yeri gəlmişkən, qeyd etmək istərdik ki, 1998-ci ildə Həmid Araslının ədəbiyyatşünaslıqla bağlı tədqiqatları "Azərbaycan ədəbiyyatı tarixi və problemləri" adı altında toplanılaraq çap edilmişdir ki, bəhs etdiyimiz monoqrafiya "Azərbaycan türk şeirinin tacidarı" başlığı altında buraya daxil edilmişdir. 2024-cü ildə isə monoqrafiya ayrıca olaraq AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən yenidən nəşr edilmişdir.

Fikrimizcə, monoqrafiyanın Füzulinin tədqiqi tarixi ilə bağlı bölməsi Həmid Araslının Füzuli yaradıcılığına verdiyi yüksək dəyərin ilkin bariz nümunəsidir. Çünki akademik Füzuli sənətkarlığını araşdırmaya cəlb etməzdən öncə şairin həyat və yaradıcılığı ilə bağlı aparılmış bütün tədqiqat işlərini sərhəd tanımadan, diqqətlə nəzərdən keçirmiş, deyilən heç bir nüansı gözdən qaçırmamış, diqqətçəkən müəyyən məqamlara münasibət bildirməyi, bilərəkdən və ya bilməyərəkdən yol verilən yanlışlıqları, təhrif edilən dəlilləri, təbii ki, qəbuledilməz saymış, onları qabardaraq tədqiqatçıların diqqətinə çatdırmağı özünə borc bilmişdir.

Bu prizmadan yanaşdıqda, Həmid Araslını narahat edən və alimin qeyd etdiyi kimi müəyyən qədər mübahisə yaradan həmin faktları tam olmasa da, bir qismini aşağıdakı kimi qruplaşdırmaq mümkündür. Eyni zamanda qoyulan bu problemlər araşdırmalarını düzgün aparma istiqamətində füzulişünaslar üçün həm də yol göstəricisi funksiyasını daşımışdır. Qaldırılan problemlər, əsasən, aşağıdakılardır:

1. Bəzi təzkirələrdə şairin nüfuz və mövqeyinin kiçildilməsi, mərsiyə şairi kimi (mərsiyənəvis) təqdimi.

2. Bir neçə türk tədqiqatçısının Füzulini osmanlı şairi kimi təqdim etməsi.

3. Milliyyəti ilə bağlı yanlış fikirlər, hətta kürd kimi də yanaşılması.

4. Dilinin oğuz türkcəsi olması məsələsinin qoyuluşu və mübahisə doğurması.

5. "Füzuli sentimental şairdir" fikirlərinin ədəbiyyatda əksi.

6. "Füzuli təsəvvüf şairidir", - fikrinın birmənalı qarşılanmaması.

7. Sənətkarın "qəsidəçi şair" adlandırılması.

8. Şairin doğum və ölüm tarixinın tədqiqatlarda fərqli şəkildə qeydi.

9. Füzulinin ən məşhur əsəri "Bəngü badə"dirmi?

10. Əsərlərinin bəzən yanlış tərcümə edilməsi və s.

Bəs bu problemlər, təzad doğuran fikirlər hansı mərhələdən özünü göstərirdi? Doğrudur, Füzulinin yaşadığı dövrdə və eləcə də təzkirəçilik dövründə xüsusi tədqiqatlar aparılmırdı, lakin buna baxmayaraq nə qədər ilkin mənbə - qiymətli mənbə kimi qəbul etsək də, bəzi təzkirələrdə verilən yanlış məlumatlar bu cür problemlərə, mübahisələrə yol açırdı. Buna görə deyə bilərik ki, bütün bu problemlər, etiraz doğuran məsələlər hələ təzkirəçilik dövründən başlayır və sonrakı dövrlərdə bir çoxu həllini tapsa da, içərisində hələ də həllini tapmayan və gözləyən məsələlər vardır. Həmid Araslının təzkirələri tədqiqinə gəlincə, deyə bilərik ki, alim xronoloji ardıcıllığa riayət edərək hələ Füzulinin müasirləri tərəfindən və həmçinin sonrakı dövrlərdə yazılmış təzkirələri də tədqiqat obyektinə daxil etməyi unutmamışdır.

Beləliklə, təzkirələrlə tədqiqata başlayan akademik ən uzaqdan ən yaxına doğru prinsipini rəhbər tutmağa qərar vermiş və nəticədə aşağıdakı regional sistem ortaya çıxmışdır.

1. Füzulidən bəhs edən təzkirələr (Türkiyə və Azərbaycan).

2. Avropa alimlərinin fikir və mülahizələri.

3. Rus şərqşünaslarının mövqeyi.

4. Türkiyədə Füzulinin tədqiqi.

5. Çində uyğurlar Füzuli haqqında.

6. Azərbaycan füzulişünaslığı.

Beləliklə, ardıcıllığı pozmadan, ilk olaraq təzkirələrə nəzər salmış, onları tarixilik baxımından yüksək qiymətləndirərək Füzuli ilə bağlı deyilən hər sözü qiymətli bir tapıntı hesab etmişdir. Çünki bu təzkirələr içərisində Füzulinin müasirləri tərəfindən qələmə alınanları da vardır. Alimin qənaətincə, belə təzkirələrdəki faktların reallığı əks etdirməsi daha inandırıcıdır. Həmid Araslı şairlə bağlı ilk faktın "Təzkirətüş-şüəra"nın müəllifi türkiyəli təzkirəçi Qastimonlu Lətifiyə məxsusluğunu qeyd etmiş, Füzulidən bəhs edən həmin sətirlərin tarixi və elmi əhəmiyyətli olduğunu əsas gətirərək əsərinə daxil etmişdir: "Füzuliyi Bağdadi bu dövr şüərasındandır. Nəvai tərzinə yaxın ürək ovlayan bir tərzi, gözəl üslubu vardır. Tərzində orijinal və təriqində yenilikçidir".

"Səlis və mənalı nəsr yazmaqda əsrinin yeganəsidir", - deyərək Füzuliyə böyük dəyər verən daha bir türk təzkirəçisi, "Gülşəni şüəra"nın müəllifi Əhdi Bağdadinin təzkirəsində eyni mülahizələrin təkrarlandığını da elə Həmid Araslı tədqiqatlarından öyrənirik. Əhdi Bağdadi təzkirəsindən sitat gətirilən hissənin sonunda maraq doğuran belə bir qeyd var: "Eyni zamanda Mövlana Hüseyn Vaizin "Rövzətüş-şühəda"sını tərcümə edərək "Hədiqətüs-süəda" adlı bir kitab yaratmışdır". Maraqlıdır ki, Həmid Araslı Bağdadinin bu qeydi haqqında orada heç bir mövqe bildirməmiş, yalnız "Füzulinin nəsr əsərləri" bölməsində bir cümlə ilə fikrini bu cür ifadə etmişdir: "Onun fars yazıçısı Hüseyn Kaşifdən təbdil etdiyi "Hədiqətüs süəda" Azərbaycan dilində ilk nəsr tərcüməsinin nümunəsi sayıla bilər". Bununla da, Həmid Araslı "Hədiqətüs süəda" əsəri haqqında mövqeyini ortaya qoymuş olur. Ümumiyyətlə, "Hədiqətüs süəda"nın tərcümə əsəri olması məsələsi bu gün də mübahisə doğurmaqdadır və klassik ədəbiyyatın bir çox görkəmli tədqiqatçıları, o cümlədən, Azadə Rüstəmova, Əlyar Səfərli, Xəlil Yusifli və b. əsəri Füzulinin nəsr əsəri kimi qeyd etmişlər.

Azərbaycanlı təzkirəçi Sadiq bəy Əfşarın "Məcməül-xəvas" təzkirəsi Füzuli haqqında rast gəlinməyən bəzi faktları ifadə etməsi baxımından alimin diqqətini özünə yönəldə bilir və tədqiqatçının marağına səbəb olur. Faktla ilk dəfə Sadiqinin təzkirəsində qarşılaşan akademik yazır: "Biz Füzulinin Azərbaycan dilində "Şahü gəda" adlı əsər yazmış olduğunu və hələlik elm aləminə məlum olmayan bu əsəri Sadiqinin şəxsən mütaliə etdiyini həmin məlumatdan öyrənmiş oluruq". Eləcə də alim Sadiqinin şairin həyatı ilə bağlı verdiyi bəzi məlumatları da son olaraq belə qiymətləndirir: "Şairin Bayat qəbiləsindən olmasını aydınlaşdıran Sadiqi Bağdadda İbrahim xan xidmətində olduğunu göstərməklə də tədqiqə möhtac bir məsələni irəli sürmüşdür".

Orta əsr təzkirəçilərindən Sam Mirzənin "Töhfeyi-Sami" təzkirəsinə diqqət çəkən Həmid Araslı Füzulidən bir mərsiyənəvis kimi bəhs edilmənin heç bir əsası olmadığı qənaətinə gəlir. Və ifadə edilən fikirləri Füzulinin nüfuzuna, böyüklüyünə bir zərbə kimi qiymətləndirərək şairin istedadının, böyüklüyünün bu şəkildə təhrif edilməsinə qarşı öz mövqeyini aydın şəkildə bildirir və təzkirədən aşağıdakı sətirləri əsərinə daxil etməyi zəruri hesab edir: "Füzuli Darüssəlami - Bağdaddandır ki, o şəhərdən ondan yaxşı şair çıxmamışdır. İki dildə, yəni: türkcə və ərəbcə şeir deyir. Şeirlərinin çoxu din rəhbərlərinin tərifinə deyilmişdir". Həmid Araslı əslində Sam Mirzənin fikirlərinin altında gizlənən əsl mətləbi onun farspərəstliyi ilə əlaqələndirirdi: "Sam Mirzə fars dili və fars ənənələrinə pərəstiş edənlərdən idi. O bütün əsərlərini Azərbaycan dilində yazmış, atasının ancaq fars dilində yazmış olduğu təkcə bir beytini öz təzkirəsində nümunə göstərib, onun əsl əsərlərini xatırlatmır və beləliklə, Azərbaycan dilinə və Azərbaycan mədəniyyətinə etinasız yanaşırdı. Bütün bunlara baxmayaraq Sam Mirzə özünün 1550-ci ildə bitirdiyi "Töhfeyi-Sami" əsərində Füzuli yaradıcılığından danışmaya bilməmişdir". Bununla da, Həmid Araslı vurğulayır ki, hətta farspərəst Sam Mirzə də təzkirəsində bu şəkildə olsa da, dahi Füzulini xatırlamaq məcburiyyətində qalmışdır.

Füzulidən bəhs edən təzkirələr içərisində yalnız birinin - XVII əsrdə ərsəyə gələn və müəllifi Mirzə Tahir Nəsrabadi olan "Təzkireyi Nəsrabadi"nin Həmid Araslı tərəfindən xüsusi olaraq fərqləndirilməsinin səbəbi isə Füzulinin bir sıra əsərlərinin bu təzkirədə təhlilə cəlb edilməsidir. Doğrudur, alim Füzuli haqqında əsaslı tədqiqatların məhz təzkirələrdən sonrakı dövrlərə aidliyini bildirir, lakin yenə cüzi olsa belə, tədqiqata təzkirələrdən başlanmasını müsbət cəhət, daha doğrusu, bir qığılcım kimi dəyərləndirirdi.

Füzulinin həyat və fəaliyyətini ilkin olaraq təzkirələrdən öyrənməyə çalışan Həmid Araslı ümumiləşmə apararkən: "Lətifi təzkirəsində şairin hələ sağ ikən Rumda - Kiçik Asiyada, Əhdi təzkirəsi İraqda ərəblər, farslar, türklər arasında məşhur olduğunu göstərirsə, Sam Mirzənin əsəri də şairin Səfəvilər dövlətinin hər yerində şöhrət tapdığını təsdiq edir", - qənaətinə gəlmişdir. Və fikirlərini davam etdirərək "Biz şairin nüfuz dairəsini təzkirələr əsasında müəyyənləşdirə bildiyimiz kimi, tərcümeyi-halın müxtəlif məsələlərinin həllində də təzkirələrdən istifadə edirik", - demiş və təzkirələrin dəyərini bir daha qabarıq şəkildə ifadə etmişdir.

Füzuli dühası Avropa və Rusiya şərqşünaslarının da diqqətini cəlb etmiş, və onlar da Füzuli irsini tədqiq edərək dahi şair haqqında söz deməyi özlərinə borc bilmişlər. Klassik ədəbiyyatımızın mahir tədqiqatçısı avropalı alimlərin Füzuli haqqındakı araşdırmalarını nəzərdən qaçırmamış, bu əsərlərdə Füzulinin necə öyrənilməsi məsələsinə aydınlıq gətirmişdir.

Beləliklə, Füzulini ilk belə tədqiq edən avropalı alim P. Hammer olmuşdur. "Osmanlı ədəbiyyatı tarixi" adlı əsərində təzkirələrdəki fikirləri təkrarladıqdan sonra müstəqil fikirlər yürütməyə çalışan P. Hammerin qənaətləri o qədər də ürəkaçan olmamış, elə buna görə də Həmid Araslı tərəfindən Füzulini düzgün anlamadığı üçün tənqid edilmişdir. Nəhayət, bəs nə üçün alim Hammeri Füzulini düzgün anlamamaqda günahlandırmışdır? Həmid Araslının tədqiqatı əsasında Füzuli mövqeyini kiçildən həmin faktları biz bu şəkildə sistemləşdirdik:

1. Ən məşhur əsəri kimi "Bəngü Badə"nin qeyd edilməsi. 2. Füzulinin Quranın qadağan etdiyi şərabı sevməsi qənaəti. 3. Əsərlərinin alman dilinə yanlış və sönük tərcüməsi. 4.Tərcümə edərkən uyğun və uğurlu beytlərin seçilməməsi. 5. Ümumiyyətlə, Füzulini düzgün anlamaması.

Qeyd etmək yerinə düşər ki, Hammerin Füzuli ilə bağlı mövqeyi Həmid Araslıdan əvvəl rus şərqşünaslarından - professor Y.E.Bertelsin marağına səbəb olmuş və onu Füzuli dilini düzgün başa düşməməkdə təqsirləndirərək: "Hammerin bütün bu xüsusiyyətləri onun Füzuli haqqında qeydlərini ciddi elmi əhəmiyyəti olan məqalədən artıq, dolaşıq bir şeyə çevirir", - qənaəti ilə yekun vurmuşdur. Tənqidin yerində olduğunu haqlı sayan Həmid Araslı məhz buna görə Hammerə cavab verərkən Bertelsə istinad etmişdir.

Hammerin Füzuli yaradıcılığı ilə bağlı mövqeyi ilə razılaşmayan Həmid Araslı Avropa alimlərindən Füzulini ilk dəfə azərbaycanlı şair kimi göstərən ingilis şərqşünası E.C.Gibbin qeydlərinə dəyər verərək onun haqqında: "E.C.Gibb özünün "Osmanlı şeiri tarixi" adlı əsərində Hammer tərəfindən Avropa xalqlarına yanlış tanıdılmış olan bu sənətkar haqqında ilk dəfə nisbətən doğru və dolğun məlumat verə bilmişdir. O, hər şeydən əvvəl, bütün şərqşünasların əksinə olaraq Füzulini Azərbaycan şairi kimi göstərmişdir. O bu həqiqəti ilk dəfə qələmə almış, eyni zamanda Füzuli yaradıcılığının əsas xüsusiyyətlərini müəyyənləşdirməyə çalışmışdır", - kimi mülahizəsini ictimaiyyətin diqqətinə çatdırmış və Gibbin bu düşüncələrini Avropada Füzulinin düzgün tanıdılması baxımından mühüm addım hesab etmişdir.

Akademik Həmid Araslı rus şərqşünaslığında Füzuli yaradıcılığını tədqiq edən alimlər sırasında professor Smirnov və Krımskinin adlarını da qeyd etmişdir. Füzuli haqqında "Türk tarixi və ədəbiyyatı" əsərində ətraflı məlumat verən Krımskinin Füzulidən bəhs etməsini H. Araslı təqdir etsə də, "Füzulinin milliyyəti haqqında yanlış mülahizələri davam etdirərək, onun milliyyətcə kürd olduğunu söyləmişdir", - fikirləri ilə etirazını bildirmiş və onun yanlış istiqamətdən getdiyini vurğulamışdır. Buna baxmayaraq alim Krımskinin gəldiyi nəticələrə nəzərən: "Hələ XIX əsrdə rus şərqşünaslığında Füzuli haqqında dəyərli elmi-tədqiqat əsərləri yazılmışdır", - qənaətini də ürəkaçıqlığı ilə söyləyirdi.

 

(Davamı olacaq)

"Ədəbiyyat qəzeti", 2024, 13 avqust