Menu
Национальная Академия Наук Азербайджана
Институт литературы имени Низами Гянджеви

ПОИСКИ. ИССЛЕДОВАНИЯ

«Наша письменность, наш язык... - научное исследование Эльнары Акимовой

03-09-2024 [ 13:13 ] [ прочитано:326 ]
printerA+ | A-

Uşaq ədəbiyyatına dair ciddi nəzəri ümumiləşdirmələri, prinsipial yanaşmaları ilə seçilən bu məqalə bütünlükdə humanitar düşüncə sistemimizin bir çox məqamlarına işıq salır.

Məqalənin ərsəyə gəlmə tarixi məlumdur. XX əsrin əvvəllərində - İkinci müəllimlər qurultayından sonra müəyyən dərsliklər çap olunmağa başladı. Bu dərsliklərdən birinin tərtibində M.Mahmudbəyov, S.Əbdürrəhmanbəyzadə, F.Ağazadə, A.Talıbzadə, A.Əfəndizadə, Süleyman Sani Axundov iştirak etmişdir. "İkinci il" adlanan bu dərslik 1908-ci ildə Bakıda nəşr edilmişdir. Şəhərin pedaqoji ictimaiyyəti, ümumiyyətlə ziyalıların ciddi maraqla qarşıladığı "İkinci il"i Süleyman Sani Axundov "inqilabvari dərslik" adlandırmışdır və bu, zənnimizcə dərsliyin ictimaiyyət arasında doğurduğu güclü əks-səda ilə bağlı idi. Tədqiqatçı Nadir Vəlixanov yazır: "Bu dərslik Azərbaycan pedaqoji fikir tarixində yeni mütərəqqi hadisə olmuşdur. "İkinci il"in müəllifləri yenicə oxuyub yazmağa başlayan azərbaycanlı balaların təlim-tərbiyəsinə aid fikirləri sadə, aydın dillə qələmə almağı qarşıya əsas məqsəd qoymuşdular. Məhz buna görə dərsliyin müəllifləri böyük şairimiz M.Ə.Sabirin, A.Səhhətin, A.Şaiqin uşaq təfəkkürünün asan qavraya bilməsinə uyğun, uşaq yaddaşında nəqş sala bilən, balaca oxucunun zövqünü oxşayan şeirlərindən də nümunə verirdilər. Bununla dərsliyin müəllifləri mollaxanalarda uşaqları ərəb, fars ibarələri ilə danışmağa məcbur edən savadsız müəllimlərə qarşı zidd cəbhə tuturdular. Dərslikdə klassik rus ədəbiyyatından uşaqların təlim-tərbiyəsinə aid yazılan əsərlərin tərcümələrindən verilməsi də bu əsərin mütərəqqi xüsusiyyətlərindən idi.

Bu məziyyətlərinə görə "İkinci il" dərsliyini o dövrün bir sıra ziyalıları rəğbət və razılıqla qarşılamışdılar. Gənc müəllim və publisist Ü.Hacıbəyov "Tərəqqi" qəzetində çap etdirdiyi rəyində yazırdı: "İkinci il"in müəllifləri dərsləri üsuli-təbii üzrə düzmüşlər... Birinci dərsləri məktəb və məktəb şeylərinə dair olub və sonra evə, külfətə, ev heyvanlarına, quşlarına, həyətə, sonra bağa, bostana və ondan sonra meşəyə və çöl heyvanlarına dairdir... Söz yoxdur ki, yuxarıda zikr olunmuş şeylər quru bir istedad və təzkardan ibarət olmayıb, bəlkə, gözəl söhbətlər və hekayələr şəklində yazılıb... Xüsusiyyətə gəldikdə "İkinci il" tərbiyə işlərində uşaqların həm qəlbini, həm ağlını və həm də zövqünü tərbiyə edəcək dərslər intixab etmişdir. Məsələn, hekayələr vardır ki, uşaqlarda riqqəti-qəlb, sədaqət, məhəbbət və bu kimi hisslərin tərbiyəsinə xidmət edir. Məsələn, yoldaşlıq, pinti uşaq, növbətlə məktəbə getmək və s. Bəzi hekayə və söhbətlər var ki, uşaqların biliyini artırıb ağlını tərbiyə edir. Məsələn, kitab, kağız və s. Bəzi hekayə var ki, uşaqlarda gözəl zövq tərbiyə edir ki, burasına indiyə qədər diqqət yetirən bir müəllif olmayıbdır. Məsələn, "Bizim ev" hekayəsi gözəl bir evin nümuneyi-timsalını göstərir, planı dəxi çəkilmişdir".

Bütün keyfiyyətlərinə baxmayaraq, "İkinci il" dərsliyi haqqında əks fikir səsləndirənlər də oldu. O zaman Bakıda "Səadət" məktəbində müdür və müəllim işləyən Əli bəy Hüseynzadə bu dərsliyi narazılıqla qarşılayaraq, 1909-cu ildə "Tərəqqi" qəzetində haqqında tənqidi məqalə yazdı. "Yazımız, dilimiz, "İkinci il"imiz" adlanan həmin məqalədə Ə.Hüseynzadə dərslik müəlliflərinin imla qaydalarına dair təkliflərini rədd edir, əlifbanın dəyişdirilməsinə etirazını bildirərək yazırdı: "Tərəqqiyatımızın maneələrini əlifbamızda görərək yazımızı, imlamızı islaha qalxışanların Kiril və Mefodinin uydurduğu rus əlifbasından başqa bir şeyə etibar etdikləri yox, bunların əksəri ingilis əlifbasından bixəbərdilər! Halbuki ingilislər o imlayi-əcibləri ilə Avropa və Amerikada, yaponlar o heroqliflərlə Asiyada mədəniyyətin ovci-balasına vasil olmamışdılarmı? Təməddündə, tərəqqidə onlarla kim rəqabət edə bilər?".

Ə.Hüseynzadə "İkinci il" kitabının sərfindən və nəhvindən (yəni morfalogiyasından və sintaksisindən) narazı qaldığını, onların çox qüsurlu olduğunu bildirərək yazırdı: "Sözümüz "İkinci il"in qəvaidi-sərfiyyəyə (morfoloji qaydalara - E.A.) rəayətsizliyi haqqındadır. Bu qüsurları yenə bir dərəcəyə qədər düzəltmək mümkündür, lakin nəhvə (sintaksisə - E.A.), şeirə, inşayə, üslubi-ifadəyə, fəsahətə mütəəlliq nöqsanlara nə yapacağıq"?!.

Ə.Hüseynzadə kitabdakı bədii nümunələrin düzgün seçilmədiyini bildirərək yazırdı: "İkinci il"in nə şeirində, nə də nəsrində ədəbiyyat nümunələrindən məşahiri-üdəbanın ətfala məxsus kəlamından belə əsər yoxdur". O, Abbas Səhhətin "Quşlar" şeirindən aşağıdakı misraları nümunə verib yazırdı:                      

 

Qaranquşlar, a quşlar!

Cəh-cəh vurun buradə,

Gah yerdə, gah yuvadə

Qonun bu tək budağə

Çox getməyin uzağə...

 

"Səhhətin bu nəzmi qətiyyən səhhəti-kəlamdan xaricdir! O biri sözlər də həp böylə! Anlamıyoram ki, bizim burada müəllimlərin də, müəlliflərin də cığatay və osmanlı ədəbiyyatına qarşı bu inadı nə üçündür? Canım, osmanlı əşar və ədəbiyyatında öylə nümunələr vardır ki, sizin bu kibi şeirlərinizdən daha türkcə, daha azərbaycanca və qafqazcadır. Halbuki, ibarələrində də heç bir qüsur yoxdur!".

Ə.Hüseynzadə Abbas Səhhət, Abdulla Şaiq kimi şairlərin şeirlərinin əvəzinə dərslikdə Osmanlı şairlərindən Tofiq Fikrət, Abdulla Cövdətin şeirlərindən nümunələr verilməsini daha müvafiq hesab edirdi. Tənqidçi bu fikirləri söyləyərkən dərslikdəki nümunələrin bədii-estetik cəhətdən zəif olmasına əsaslanırdı. Əlbəttə, "İkinci il"in müəllifləri dərslik üçün nümunələr seçərkən dilin sadəliyini, uşaqların qavrama qabiliyyətini, çətin alınma sözlərə yer verməmək prinsipinə əsaslanırdılar. Ə.Hüseynzadə isə məzmun və ifadə gözəlliyini əsas götürürdü. O, seçilən mətndə bir-iki çətin sözün işlənməsini heç də qüsur saymırdı. Tənqidçiyə görə mətndə bir-iki ərəb-fars sözlərinin işlənməsi zərərli deyil. Əksinə, uşaqlar həmin sözlərin mənasını öyrənməklə öz bilik dairələrini daha da genişləndirəcəklər. Ə.Hüseynzadə yazırdı: "Amma müntəxabat böylə şeylərdən (mətndə fars-ərəb sözləri olan şeirlər nəzərdə tutulur - E.A.) ibarət olursa, cocuqlar ara-sıra türki, farsi, ərəbi bir çox bilmədikləri kəlmələrə rast gələcəklərmiş! Nə zərəri var! Daha iyi deyilmi, "Aşiyan edirdi", ya "oxuyurdu nəğmələr xoş" kibi qələti-fahiş ibarələr ilə bənləyəcəyinə, bilmədikləri düzgün sözləri öyrənsinlər və yalnız tərcümələr vasitəsilə özgələrin əfkar və təsvirati-ədəbiyyəsilə tərbiyələnəcəyinə yavaş-yavaş türkün öz ədəbiyyatı-milliyyəsini, öz üdabəyi-həqiqiyəsini bir az tanısınlar?"

Əli bəy Hüseynzadənin tənqidlərində həqiqət olduğu danılmazdır. Doğrudan da, onun bəyənmədiyi aşağıdakı bənddə şeiriyyət çox zəif idi:

 

Göy bağçada dallar üzrə bir quş

Çör-çöp yığıb aşiyan edirdi.

Gahi oxuyordi nəğmələr xoş

Gahi uçub ot-saman çəkirdi.

 

Tənqidçi öz narazılığını bildirərkən bu sətirləri nümunə gətirib yazırdı: "Aşiyan edirdi" ibarəsi düzmü" və hələ əvvəli də farsi olan bu "aşiyan" kəlməsi insanı aldadır! Ancaq onun yerinə "yuvə" qoyunuz, baxınız nə olur? Bütün küreyi-ərz üzərində hansı türk, "yuvə edirdi", ev edirdi, ya "məktəb ediyordu" deyir? Sonra "saman çəkirdi", nə? Quş samanı araba iləmi çəkirdi?.. Gahi, gahi yerinə gah, gah denilməzmi? "Əhməd alırdı almalar qırmızı" ibarəsi də düzmi olur? Halbuki, "Səadət məktəbi"nin ibtidai sinif şagirdləri də bilirlər ki, türkcədə sifət isimdən əvvəl gəlir...".

Ancaq bu haqlı iradlara sonralar birtərəfli yanaşan, yaxud onun əsl mahiyyətini təhrif edən bəzi ədəbiyyatşünaslar və ictimai-fəlsəfi fikir tədqiqatçıları Ə.Hüseynzadəni guya milli ədəbiyyatı danmaqda, uşaqlar üçün yazılan əsərləri qiymətləndirə bilməməkdə günahlandırmışlar. XX əsr Azərbaycan ədəbiyyatının tədqiqatçısı Y.İsmayılov 1960-cı illərin əvvəllərində çap etdirdiyi bir monoqrafiyasında yazırdı: " ədəbiyyatın ilk ünsüri" (M.Qorki) sayılan dildə sadəlik, səlislik, yığcamlıq, aydınlıq... uşaqlara məxsus əsər üçün elə zəruri şərtlərdir ki, bunsuz keçinmək və müvəffəqiyyət qazanmaq olmaz. Şaiq uşaqlar üçün yazdığı əsərlərində bu cəhətə daha çox əhəmiyyət vermişdir. Lakin XX əsrin əvvəllərində sadə dildə meydana çıxan əsərlər mürtəce ziyalıların, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev kimi burjua ideoloqlarının xoşuna gəlmir, onların istehzası ilə qarşılanırdı. Onlar nəinki uşaq ədəbiyyatının böyük tərbiyəvi əhəmiyyətini düzgün qiymətləndirmir, ümumiyyətə dil sahəsində mürtəce mövqe tutur, türkləşdirmə siyasəti yeridirdilər...

Ə.Hüseynzadə altı müəllifin müştərək hazırladığı "İkinci il" kimi , əsasən müsbət xüsusiyyətləri ilə diqqəti cəlb edən və tədris sahəsində faydalı xidməti olan bir dərsliyi də pis qarşılamış, "Yazımız, dilimiz, "İkinci ilimiz" adlı məqaləsində həm kitabı, həm də Səhhətin, Şaiqin uşaqların anlayışına, səviyyəsinə uyğun tərzdə, sadə dildə yazılıb orada çap edilmiş şeirlərini tənqid etmişdi. Hər iki müəllifin Azərbaycan dilindəki şeirlərini "türk dilinin qanunlarını pozan" əsərlər adlandırmışdır".

Belə birtərəfli, yanlış mülahizələr akademik Kamal Talıbzadənin 1960-cı illərdə çap olunmuş "XX əsr Azərbaycan ədəbi tənqidi" monoqrafiyasının da səhifələrində yer alırdı. Müəllif yazırdı: "Ə.Hüseynzadə Azərbaycan şairlərinin "İkinci il" dərsliyində çap olunmuş şeirlərinə istehza edərək, onları "türk dilinin qanunlarını pozan" əsərlər adlandırırdı. O, Azərbaycan ədəbiyyatı nümunələri əvəzinə dərsliyə Osmanlı ədəbiyyatı nümunələrini daxil etməyi tələb edirdi".

K.Talıbzadə sonralar çap etdirdiyi "Azərbaycan ədəbi tənqidinin tarixi" monoqrafiyasında fikirlərini bir qədər yumşaltmış, bunu sənət baxımından hasilə gələn mövqe kimi dəyərləndirmişdir: "Yazımız, dilimiz, "İkinci ilimiz" məqaləsində Ə.Hüseynzadənin əlifba uğrundakı mübarizəsinə yanlış qiymət verməsi, Səhhətin, Şaiqin şerlərini tənqid etməsi də belə qənaətlərlə (yəni "sənət sənət üçündür" fikirləri ilə - E.A.) bağlı idi".

Ə.Hüseynzadənin "İkinci il" dərsliyi barədə fikirlərinə birtərəfli və tendensiyalı yanaşma ənənəsi 1980-cı illərin də ədəbi-fəlsəfi və ictimai-pedaqoji fikrində davam edirdi. Həmin dərsliyin həmmüəllifi olmuş Fərhad Ağazadə haqqında yaxşı bir kitab yazmış Əjdər Ağayev sələflərinin fikir və mülahizələrini başqa sözlərlə təkrar edirdi: "Pantürkistlərin başçıları Ə.Hüseynzadə, Ə.Ağayev və başqaları məktəb proqramının yaxşılaşdırılması, tədris planına dünyəvi elmlərin daxil edilməsi və ana dilində dərsliklər hazırlanması işinə hər cür maneə törədirdilər. Xüsusilə, Ə.Hüseynzadə Azərbaycan dilini "kobud", "kasıb" dil adlandıraraq, dərslikləri osmanlı dilində yazmağı tələb edirdi. 1909-cu ildə "Tərəqqi" qəzeti səhifələrində "İkinci il" dərsliyi ilə əlaqədar açılmış mübahisədə bu məsələ öz əksini geniş şəkildə tapırdı".

Tədqiqatçılar Ə.Hüseynzadənin "Yazımız, dilimiz, "İkinci ilimiz" məqaləsindəki fikirlərə, o cümlədən uşaq şeirləri haqqında söylədiyi mülahizələrə münasibət bildirərkən guya C.Məmmədquluzadənin mövqeyindən çıxış edir, öz fikirlərini əsaslandırmaq üçün "Zəncir" felyetonuna söykənirdilər. Qeyd edirdilər ki, C.Məmmədquluzadə "Ə.Hüseynzadənin fikirlərini maddə-maddə tənqid edərək, bu fikirlərə "özünəməxsus kinayə ilə" yanaşmışdır. Halbuki, "Zəncir" felyetonunda Ə.Hüseynzadənin uşaq ədəbiyyatına, eləcə də bədii nümunələr haqqında fikirlərinə dair heç nə yoxdur. Ədəbiyyatşünas Abbas Zamanovun "Əməl dostları" monoqrafiyasında Cəlil Məmmədquluzadənin bu barədə mövqeyi aydın meydana qoyulub. Böyük ədib Azərbaycan əlifbasının dəyişdirilməsi barədə fikirlərinə narazılığını bildirəndən sonra yazır: "Biz özümüzü borclu bilirik bunu da deyək ki, "İkinci il" kitabının Hüseynzadə kimi bir ədibin tərəfindən tənqid olmasına biz, kitab sahibləri ilə bir yerdə hər halda təşəkkür etməliyik və haman tənqiddə göstərilən qüsurların bir neçəsini təsdiq eləyirik... Lakin ümidvarıq ki, yoldaşımız Nemanzadənin bu xüsusda dəxi təfsilli cavabını oxucularımız "Tərəqqi"də oxuyalar".

Əlbəttə, sadə və asan yazmaq o dövrün ədiblərini düşündürən məsələlər idi. Uşaq kitabları, ilk anadilli dərsliklər, oxu kitablarının nəşrində ilkin olaraq bu amilə əsaslanırdılar. Hətta Firidun bəy Köçərli Abdulla Şaiqə ünvanladığı məktublarının birində Şaiqin ona göndərdiyi, 1911-1915-ci il aralığında çap olunmuş kitablardakı əsərlərin məziyyətlərini qeyd edib yazırdı: "Göndərdiyiniz kitabçalar yetişdi və məni artıq dərəcədə xoşhal etdi. Bu qism sadə dildə yazılmış və məalı öz məişətimizdən götürülmüş əsərlər yenicə başlayır meydana gəlməyə. Ona binaən xırdaca uşaqlar üçün yazılan nağıl və hekayələr nə qədər asan və sadə olsa, nə qədər açıq dildə yazılsa və uşaqların fəhminə yaxın olsa, bir o qədər mənzurda (nəzərdə - E.A.) olan məktəblər artıq dərəcədə hasilə gəlib, yaxşı meyvələr gətirər".

Bu tələbatı Əli bəy Hüseynzadə də bilirdi, sadəcə sadəliklə bəsitliyi qarışdırmırdı, sadəlik adı altında uşaqlara bayağı mətnlərin təqdim olunmasını qəbul etmirdi. Daha böyük tələb və ölçülərdən yanaşırdı. Ə.Hüseynzadənin Azərbaycan dilini guya "kasıb", "kobud" dil adlandırması barədə deyilənlər isə əsassız səciyyə daşıyır. Çünki ədibin "Yazımız, dilimiz, "İkinci ilimiz" məqaləsində belə fikir yoxdur. Düzdür, onun dillə bağlı sabit, dəyişməz konsepsiyası vardı.

Azər Turan "Əli bəy Hüseynzadə" kitabında türk sosioloqu Hilmi Ziya Ülkenin "Yazımız, dilimiz, "İkinci il"imiz məqaləsi barədə irəli sürdüyü "Hüseynzadənin şiddətlə hücum etdiyi fonetik yazı şəkli türk ləhcələrinə uyğulandığı zamandan bəri ədəbi dil parçalanmışdır" mülahizəsini şərh edərkən bildirir ki: "Əli bəy Hüseynzadə bütün türklərin anlayacağı ortaq ədəbi türkcənin tərəfindəydi. Azərbaycan ədəbi dili də Hüseynzadəyə görə həmin dil sisteminin tərkibində intişar tapmalıydı".

Ə.Hüseynzadənin yeni dərslik, orada verilən nümunələr haqqında fikirlərini də onun ədəbi görüşlərinin, bədii dünyagörüşünün ümumi kontekstində təhlil edib qiymətləndirmək lazımdır. Bu baxımdan, "Füyuzat ədəbi məktəbi" kitabının müəllifi Şamil Vəliyevin fikirlərinə diqqət edək: "Ə.Hüseynzadə "öz keyfinə tabe bədayepərvər bir adam" olduğunu boynuna alaraq sənətin qanunauyğunluqlarını ədəbi-nəzəri görüşlərində hər şeydən uca tuturdusa da, mövcud gerçəklik və bədii təfəkkür münasibətlərində qarşılıqlı əlaqəni də unutmur, həyatı sənətin mənbəyi kimi qiymətləndirirdi. Yəni tənqidçi yalnız "sənət sənət üçündür" prinsipi ilə məhdudlaşmır, eyni zamanda həyatdan doğan ədəbiyyatın fövqəlbəşəriliyinə inanır və "sənət sənət üçün olanda xalq üçün olur" - fikrinə arxalanır, antisənəti naqis "sənət nümunəsini" isə kəskin tənqid hədəfinə çevirirdi". Digər ədəbiyyatşünas Zaman Əsgərli də həmkarı ilə eyni qənaəti bölüşür: "İkinci il" dərsliyindəki uşaqlar üçün şeir nümunələrinə Əli bəy Hüseynzadə "sənət sənət üçündür" prinsipi, yaxud romantik poeziyanın yüksək estetik tələbləri baxımından yanaşırdı".

Bəli, məhz bu mövqedən yanaşdığı üçün "Quşlar", "Payız", "Yay səhəri" kimi mənzumələr ona bədii cəhətdən zəif, sönük görünürdü. Ə.Hüseynzadə tənqidi fikirlərini "İkinci il"in səhifələrində getmiş şeirlər əsasında söyləyirdi. O, kitabda dərc olunmuş hekayələr haqqında söhbət açmırdı. Ancaq bütövlükdə bədii əsərdən "bəlağət və fəsahət" tələb edirdi. Ona görə "İkinci il" müəlliflərindən biri - M.Mahmudbəyov Əli bəyin fikirlərinə etiraz edərək yazırdı: "Əlifba təlimindən sonra oxunan birinci kitabda nə fəsahət, nə ədəbiyyat nümunələri?.. Fəsahət, bəlağət, filan böylə kitablarda olmaz. İlk qiraət üçün sadəcə asan ibarəli, düzgün hekayələr lazımdır".

Bir dəfə uşaq jurnalı kimi çıxan bir nəşrdəki hərf səhvlərini qüsur kimi göstərib irad tutanda baş redaktor inciyib dedi ki, "Elnarə xanım, siz bilirsiz mən o jurnalı necə çətinliklə çıxarıram?!." Bu əlbəttə ki, cavab deyildi. Unutmayaq ki, sözlərin yazılışında səhvlərə yol verilməsi hələ yazıb oxumağa yenicə başlayan uşaq üçün yanlış yönləndirmə ola bilər. O cümlədən, verilən mətnlərin bədii-estetik keyfiyyət baxımından ürəkaçan olmaması da dərslik səviyyəsinə, görülən böyük işə xələl gətirən amillərdir.

Bu yazını yazdığım günlərdə tarixçi alim Həsən Həsənovun "Ərəbcə - əlifba, latınca - alfabe, türkcə - bitiq?" məqaləsinə görkəmli ədəbiyyatşünas alim Vilayət Quliyevin cavab təriqi ilə yazdığı "Yenilikdən qorxmağa dəyməz" məqaləsini oxudum. Polemik ruhu və filoloji çağırışları ilə seçilən bu məqalədə Vilayət Quliyev tarixçi alimin "tədricən ortaq əlifbaya keçməyi hədəfləyən türk xalqlarının öz yazı sistemini türk dünyasının ilk böyük filoloqu Mahmud Kaşğarinin məşhur "Divani-lüğət-it-türk" əsərində "hərf", "yazı", "kitab" mənasını bildirən"bitiq/bitik" adlandırmağı təklif edən, yəni "Ortaq Türk Alfabesi" yerinə "Ortaq Türk Bitiqləri/Bitikləri" istilahının işlənməsini daha məqsədəuyğun saydığını" bildirən qeydlərini nəzərə çatdırdıqdan sonra özünün "ortaq türk yazısı" qənaəti üzərində dayanır və Əli bəy Hüseynzadənin məlum sözü gedən məqaləsindəki mövqeyə istinad edir: "Böyük fikir adamı Əli bəy Hüseynzadə də 1909-cu ildə "Tərəqqi" qəzetinin bir neçə sayında çap etdirdiyi "Yazımız, dilimiz. İkinci ilimiz" adlı əlifba, ana dili, imla qaydaları və s. məsələlərdən söz açan silsilə məqalələrində "əlifba" yerinə hər yerdə "yazı" kəlməsini işlətmişdi. Bizim eranın X əsrində Soqdiya əlifbasına əsaslanmaqla öz əlifbalarını yaradan qədim və zəngin mədəni ənənələrə malik uyğur türkləri onu sadəcə "yazı" adlandırmağı daha üstün tutmuşdular və indi də həmin termindən istifadə edirlər. Orxon-Yenisey abidələrində istifadə edilən runik türk əlifbası da müasir türk alimlərinin tədqiqatlarında daha çox "yazı", yaxud "yazıt" adı altında tanınmaqdadır. Yeri gəlmişkən, bitiq/bitik kəlməsinin qarşılığı, yaxud sinonimi kimi "yazı" istilahını Həsən Həsənov da qəbul edir".

Yeri gəlmişkən, qeyd edim ki, Əli bəy Hüseynzadə bəzi məqalələrində, həmçinin "Öksüz, yaxud son busə" hekayəsində yazı istilahı ilə yanaşı, bəzən bitik kəlməsindən də istifadə edib.

Əli bəy Hüseynzadənin "Yazımız, dilimiz, "İkinci il"imiz" məqaləsi ədəbiyyata, uşaq mətnlərinə maksimalist ölçülərdən yanaşmağın bariz nümunəsidir. Və əlbəttə ki, özündə bu günümüz üçün də faydalı olacaq bir çox mühüm məqamları çevrələyir.

"Ədəbiyyat qəzeti", 2024, 10 avqust