Menu
Национальная Академия Наук Азербайджана
Институт литературы имени Низами Гянджеви

Другие новости

Научная, литературно-критическая и социально-педагогическая деятельность Акифа Гусейнли - представлена ​​Салидой Шарифовой

10-06-2024 [ 12:57 ] [ прочитано:15 ]
printerA+ | A-
104653

Akif Hüseynli (Hüseynov) -- 26 may 1941-ci ildə Gürcüstanın Tbilisi şəhərində anadan olmuşdur. Tbilisi şəhərindəki 31 saylı şəhər məktəbinə getmiş, Bakıda isə 132 saylı orta məktəbi (1958) və Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini (1964) bitirmişmişdir. Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasında (1965-1968) təhsilini davam etdirmişdir. Sonra “Azərbaycan” jurnalı redaksiyasında tənqid ədəbiyyatşünaslıq şöbəsinin müdiri (1967-1971), “Ulduz” jurnalının baş redaktoru (1971-1973), Qafqaz Universitetində Azərbaycan dili və ədəbiyyatı bölməsinin müdiri, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Müasir ədəbi proses” şöbəsinin müdiri kimi məsul vəzifələrdə çalışmışdır. Filologiya elmləri doktoru, professor Akif Hüseynli pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. Azərbaycan ədəbiyyatının incəliklərini gələcək nəsillərə aşılamış dəyərli ziyalımızın tənqidi təfəkkürünün universallığı “Nəsr və zaman” (1980), “Müxtəlifliyin birliyi” (1983), “Müasir Azərbaycan nəsrinin inkişaf meylləri” (1985), “Sənət meyarı” (1986), “Həyat və sənət həqiqəti” (2001), “Sevgi nəğmələri” (2002) kimi monoqrafiya və kitablarında əksini tapa bilmişdir. Obyektiv və prinsipial müdaxilələri ilə fərqlənmiş Akif Hüseynlinin “Nəsr və zaman”, “Müxtəlifliyin birliyi”, “Həyat və sənət həqiqəti” kitabları Azərbaycan nəsrinin sənətkarlıq məsələləri və nəzəri problemləri, ədəbi tənqid sahəsindəki fəaliyyəti əks etdirir.

Akif Hüseynlinin elmi yaradıcılığı

Ədəbi prosesə biganə qalmayan Akif Hüseynli təhlilə cəlb etdiyi bədii nümunələri orijinal nəzəri fikir süzgəcindən keçirərək mövqeyini əks etdirə bilmişdir. Y.V.Çəmənzəminlinin “İki od arasında” romanını yüksək dəyərləndirmiş Akif Hüseynli əsərin milli-mənəvi dəyərlərimizlə bağlı olması amilini qabardaraq qeyd etmişdir ki, “əsərin milli müəyyənliyi həm də ideya mündəricəsi ilə, müsbət qəhrəmanlardakı milli şüurun aydın ifadəsi ilə, Vətən qayğısı, xalqa məhəbbət kimi keyfiyyətlərlə şərtlənir”. Akif Hüseynli Mehdi Hüseynin “Səhər” romanında dərin ümumiləşdirmə apararq milli gerçəkliklərlə şərtlənən spesifik cəhətləri özündə əks etdirməsi amilinə toxunmuşdur: “Milli konkretliyi obrazların xarakterində, ailə-məişət səhnələrində də qismən müşahidə edirik. Xüsusən kənd həyatının təsvirində belə cizgilərə nisbətən çox rast gəlirik. Ancaq o da diqqətdən yayınmır ki, romanda milli kolorit güclü deyil, tam halda təhkiyə, obrazların psixologiyası, danışığı, hərəkətləri milli boyaların təravətliyi, milli səciyyəvilik baxımından o qədər də dolğun, zəngin deyil, bu da həyata nüfuzu zəiflətmişdi”.
Prof. Akif Hüseynli uydurma süjetlərə, qurama münaqişələrə, süni obrazlara münasibətini birmənalı şəkildə bildirmiş, belə sənət əsərlərinin ciddi oxucu üçün gərəksiz olmasını göstərməyə nail ola bilmişdir: “Sənət əsərlərindən umduğumuz, gözlədiyimiz ilkin məziyyət – gerçəkliyin real mənzərəsinə istinaddır, yaşadığımız dövr haqqında, özümüz və cəmiyyətimiz barədə açıq və ciddi söhbətdir. Boş, uydurma süjetlərlə, qurama münaqişələr və təbiilikdən uzaq qəhrəmanlarla, yalnız bəsit zövqlü oxucuları əyləndirmək mümkündür.” Prof. Akif Hüseynli yeni nəsrin məziyyətlərinin nə olmasına aydınlıq da gətirə bilmişdir: “... müasir nəsrin inkişaf istiqamətini məhz həmin amil – sadə adamların real qayğılarına, məişətinə, insani sevinc və kədərinə həssas münasibətin qüvvətlənməsi səciyyələndirmişdir. Hazırda yaşlı yazıçılarımız kimi, İ. Əfəndiyev, İ. Şıxlı, İ. Qasımov, H. Abbaszadə, S. Əhmədov, C. Hüseynov, H. Seyidbəyli, B. Bayramov kimi sənətkarlarımızın, həmçinin yeni ədəbi nəslin nailiyyətlərini də ilk növbədə, həmin məziyyət şərtləndirmişdir”.
Akif Hüseynlinin qələmə aldığı monoqrafiya və kitablar tədqiqatçılar tərəfindən yüksək dəyərləndirilmişdir. A. Hüseynlinin 1983-cü ildə çap olunmuş “Müxtəlifliyin birliyi” kitabının əhəmiyyətinə toxunmuş Z.Əsgərli müxtəlif xalqların dillərində yaranmış çoxmillətli ədəbiyyatların yazıçının milli mənsubiyyətindən asılı olmayaraq vahid yaradıcılıq metodu olan sosialist realizmi əsasında yazıb yaratmalarına, ədəbi tənqidin də beynəlmiləl və bəşəri mahiyyətilə yanaşı, milli üəyyənliyin tədqiqinə diqqət yetir yetirmələrinə toxunmuşdur. Bu baxımdan, ədəbi prosesdə olan əsərləri vurğulayaraq, Azərbaycan ədəbiyyatşünaslığında ədəbi prosesi tam halda təhlilini verə bilmiş Qasım Qasımzadənin “Ədəbiyyatda millilik və beynəlmiləllik” və Akif Hüseynlinin “Müxtəlifliyin birliyi” kimi iki sanballı tədqiqat əsərinin fərqlənməsinə toxunmuşdur.
Akif Hüseynlinin “Müxtəlifliyin birliyi” kitabında müəllif əhatəli təhlilə cəlb etdiyi hər bir əsəri nəzəri fikir kontekstində dəyərləndirməyə qadir olmuş, ədəbi prosesdəki durğunluğa, tərəqqiyə orijinal ədəbi yanaşmasıyla, qeyri-standart filoloji düşüncəsi ilə münasibətini bildirmişdir.
Prof. Akif Hüseynli həmkarları haqqında irəli sürdüyü fikirlər də bu gün elmliyini saxlamaqdadır. Prof. Akif Hüseynlinin həmkarı, ədəbiyyatşünas, tənqidçi və publisist Əkbər Ağayevin yaradıcılığını tədqiq-təhlil predmetinə çevirərərk ədibin tənqidinin dominant cəhətlərini ön plana çıxararaq fəaliyyətini gözümüzdə canlandıra bilmişdir: “Ə. Ağayevin qələmindən çıxan və ədəbi fikrimizin, mənəvi-mədəni həyatımızın müxtəlif məsələlərini işıqlandıran çoxlu məqaləsi, ciddi tədqiqat əsərləri söhbətə cəlb edildikcə, yaradıcılığa həsr olunmuş bir ömrün məhsuldarlığına sevinməklə yanaşı, tənqidçi düşüncəsinin vüsətindən, ədəbi aləmlə təmasın əhatəliliyindən təsirlənməmək mümkün deyildi”.
Alim və şair Firuzə Məmmədli yaradıcılığı haqqında prof. Akif Hüseynlinin dərin məzmunlu fikirləri də maraq doğurur. Akif Hüseynlinin Azərbaycanın şair qadınlarından biri olan Firuzə Məmmədli yaradıcılığını dərindən duymuşdur. Maraqlı məqam odur ki, müəllif duyğularını sadəcə nəql etmir, bir ziyalı, alim kimi Firuzə Məmmədli yaradıcılığını dəyərləndirir: “Burada (“Məni mənlə bölən dünya” kitabında) 20 Yanvar haqqında şeir yoxdur. Amma bir xalqın ah-naləsi, itirilmiş torpaqlarımızın insan qəlbinə və taleyinə vurduğu yaralar var. Burada qeyri-adi obrazlar var. Obrazlılıq özü də adi deyil. Hadisələr elə qurulur ki, qeyri-adi görünür. Məncə, Firuzə xanım necə yazdığını özü də hiss eləmir. Çünki şeir onun içərisindən bütövlükdə, hazır halda keçir. Yaşanmış hadisələr istedad sayəsində sözə çevrilir və dərhal ifadə olunur. Bu mənada mən Firuzə xanımı ədəbiyyatımızda özünü təsdiq edən bir şairə hesab eləyirəm.”
Akif Hüseynlinin Əhəd Hüseynovun “Mir Cəlal” kitabı haqqında yazdığı məqaləsində professional ədəbiyyat xiridarı kimi münasibətini bildirməyə nail olmuşdur. Həm dahi yazar Mir Cəlalın, həm də Əhəd Hüseynovun yaradıcılıqlarına vəhdət şəkildə qiymət verməyə nail ola bilir: “Ədəbiyyatımızın iki xadiminin – xalq yazıçısı Mir Cəlalla ədəbiyyatşünas Əhəd Hüseynovun yaradıcılıq yolları bu kitabda qovuşmuşdur. Onların ikisindən də bir xatirədir bu kitab”.
Akif Hüseynli Əhəd Hüseynovun “Mir Cəlal” kitabına elmi münasibətini bildirməklə yanaşı, sevimli yazarın ədəbi yaradıcılığına da bir alim kimi dəyər verərək qiymətləndirir: “Mir Cəlalın ədəbi və ictimai fəaliyyəti geniş, çoxcəhətlidir: o, Azərbaycan sovet ədəbiyyatının banilərindən biridir, mahir ədəbiyyatşünasdır, qocaman pedaqoqdur. Elə yazıçı kimi də o, hansısa bir ədəbi janra müraciətlə məhdudlaşmırdı; lirik miniatürlərdən tutmuş irihəcmli romanlaracan müxtəlif formalarda yazıb-yaradırdı. Odur ki, onun haqqında ədib, alim və müəllim kimi hərarətlə danışmaq mümkün idi”.
Prof. Akif Hüseynli elmi kadrların hazırlanmasında səmərəli fəaliyyət göstərməkdədir. Onun elmi rəhbərliyi altında ədəbiyyat elminin maraqlı sahələrini əhatə edən tədqiqatlar aparılmışdır. Ədəbi prosesə dünya ədəbiyyatı elmi-nəzəri fikri səviyyəsində bələd olan Akif Hüseynlinin gənc tədqiqatçılara istiqamət verməsi həyatının kredosuna çevrilmişdir. Akif Hüseynlinin təqdirəlayiq əməli olan bu fəaliyyəti onun özündən sonra yaratdığı məktəb kimi dəyərləndirilməlidir. Akif Hüseynlinin gənc nəslə elm yolunda istiqamət verməsi tədqiqatçılar tərəfindən vurğulanmaqdadır. Tənqidçi Vaqif Yusifli Akif Hüseynlinin tənqidi fəaliyyətində gənclərə istiqamət verməsinə toxunması ilə yanaşı, hər hansı bir əsər haqqında obyektiv rəy formalaşdırmağa qadir olması amilini açıqlamış, bu amilin onun yetirmələrinə də öyrətməsi cəhdlərinə toxunmuşdur: “Nəsr tənqidçisi üçün ən başlıca cəhət fikrimizcə, tənqidçinin hər hansı nasir və onun əsəri barədə obyektiv fikir, rəy formalaşdırmasıdır. Bunu ən çox görkəmli nəsr tənqidçisi Akif Hüseynlinin yazılarında müşahidə etmişik. Onun hələ yetmişinci illərin sonlarında – səksəninci illərin əvvəllərində müasir nəsrimiz haqqında silsilə məqalələrində və icmallarında nəsrimiz tənqid güzgüsündə bütün şəffavlığı ilə əks olunmuşdu. Əlbəttə, Lalə Həsənovanın nəsr tənqidçisi kimi Akif müəllimdən öyrənə biləcəyi çox şeylər var. Xüsusilə, sənətkarlıq məsələləri ilə bağlı məqamları, incələmələri...”
Akif Hüseynli gənc tədqiqatçıların kitablarına ön söz yazmaqla onların qələmə aldığı əsərləri dəyərləndirməklə yanaşı, onların elmi yollarında gördüyü işlərə qiymət vermişdir. Professor Akif Hüseynli f.e.d. Elnarə Akimovanın müəllifi olduğu kitabına yazdığı “Problemlər, şərhlər” adlı ön sözdə gənc kadrın elmi yolda düzgün istiqamət tutmasına, fərdi üslubunun formalaşmasına toxunmuşdur: “Məni qane edən əsas cəhət odur ki, Elnarənin qələmində tədricən fərdi üslub formalaşır. Özəl üslub - özəl düşüncənin təzahürüdür; yaradıcı insanın fərdi mövcudluğu da elə buradan başlayır.”

Akif Hüseynli tənqidiçi kimi

Ədəbi prosesdə yeni söz deməyə qadir ola bilmiş Akif Hüseynli tənqidiçi kimi Azərbaycan tənqidçiliyində xüsusi xidməti olan ziyalılarımızdan biri kimi dəyərləndirilməkdədir. Prof. Zaman Əsgərli Akif Hüseynlini “yeni nəsrin tənqidçisi” kimi dəyərləndirərək qeyd etmişdir ki, “XX əsr Azərbaycan bədii və nəzəri-estetik fikri tarixində “60-cılar” adlanan ədəbi nəslin istedadlı nümayəndələri arasında Akif Hüseynovun ciddi siması aydın görünür. Həmin nəsli tənqid sahəsində isə Y. Qarayev, Ş. Salmanov, A. Səfiyev, A. Əfəndiyevlə yanaşı, bir də Akif Hüseynov təmsil edirdi”.
Zaman Əsgərli Akif Hüseynovun Azərbaycan ədəbiyyatında nəsrlə bağlı tənqidi fəaliyyətindəki fərqli amili qabardaraq, onu həmkarlarından fərqlənə bilməsinə toxunmaqla yanaşı tənqidçi obrazını gözümüzdə canlandırmışdır: “Akif Hüseynovu çiyin-çiyinə fəaliyyət göstərdiyi həmkarlarından və sələflərindən fərqləndirən əsas cəhət onun daha çox bədii mətndən çıxış etməsi idi”. Akif Hüseynlinin yeni təfəkkür axtarışında olan cəmiyyətin tələbini duya bilməsi, və bu amilin onu digər həmkarlarından fəqrlənməsinə səbəb olması zaman axarında təsdiqini tapdı. Akif Hüseynli yalnız nəsr sahəsini deyil, ədəbiyyatşünaslığın müxtəlif növ və janrlarında qələmə alınmış əsərlərə də elmi münasibətini bildirməkdən kənar qalmamışdır. Ədəbiyyatşünaslığın maraq dairəsində olan rəngarən janrlarda qələmə alınmış bədii nümunələrin mühüm problemlərini ədəbi icmal, resenziya, esse, müsahibə və s. şəkillərdə ifadə etmişdir. Akif Hüseynlinin Mirzə Cəlilin “Anamın kitabı” pyesinə münasibət bildirməsi ədibin elmi yaradıcılığının maraq dairəsinin geniş olmasını bir daha təsdiq edir. Akif Hüseynli Mirzə Cəlilin “Anamın kitabı” pyesində milli mənliyin qorunub saxlanılması amilini vurğulaması da diqqətimizi cəlb edir: “C. Məmmədquluzadənin “Anamın kitabı” pyesində … təsvir, müəllif fikri rəmzi ahəng kəsb edir: gələcəyimiz, taleyimiz qardaşların əcaib əqidələrini nə dərəcədə düşüncələrimizdə, ruhumuzda dəf edə biləcəyimizdən, doğma dilin, doğma torpağın təcəssümü kimi canlanan ananın yadigar kitabına nə dərəcədə bağlanacağımızdan, bu kitaba məhəbbətimizdən asılı olacaqdır! Yalnız bu zaman biz milli mənliyimizi qoruyub saxlaya bilərik!”
İsa Hüseynovun “Yanar ürək” əsərinin janrının roman kimi təqdim etməsi diqqəti cəlb edir. “Yanar ürək” əsəri Süleyman Rəhimov, Məmməd Arif, İlyas Əfəndiyev və s. ədiblərimiz tərəfindən povest kimi təqdim edilmişdir. Akif Hüseynlinin “Yanar ürək” əsərinin janrını roman janrı kimi təqdim etməsi alimin fərqli yanaşmasını əks etdirir: “Yanar ürək” romanı tipli əsərlər nəsrimizi, hər şeydən əvvəl, gerçəkliyə səthi yanaşmadan xilas etmək vəzifəsini öhdəsinə götürdü və buna görə də prosesin qeyri-adi dərəcədə təravətli və cazibədar hadisələri kimi geniş maraq doğurdu; ən başlıcası isə sənəti cəmiyyət həyatının hazırkı hadisələrinə, ondakı dəruni dəyişikliklərə çox sayıq münasibətlə, reallıq hissi ilə zənginləşdirdi.”
Akif Hüseynlinin ədəbi proseslə bağlı illik müşavirələrdə nəsrlə bağlı oxunan məruzəsi onun tənqidçilik sahəsindəki xidmətlərinin göstəricisidir. “Ədəbi proses” toplularında (1975-1984-cü illərdə) öz əksini tapmış həmin məruzələrin icmalları dövrün Azərbaycan nəsrinin əsas istiqamətlərinin, uğurlu və uğursuz nəticələrinin izlənilməsinə xidmət edir. Vaqif Yusifli Akif Hüseynlinin ədəbi proselə bağlı nəzəri təhlillərin səviyyəsinə, həm də fakt zənginliyinə görə seçilmiş məruzələrinin fərqlənməsinə toxunmuşdur: “...öz elmi-nəzəri səviyyəsinə və təhlil mədəniyyətinə görə Yaşar Qarayevin “Giriş” sözləri və “Tənqid” icmalı, həmçinin Akif Hüseynlinin “Nəsr” icmalları xüsusilə fərqlənirdi. Heç şübhəsiz, Azərbaycan nəsrinin altmış-yetmişinci illəri daha maraqlı, orijinal, həm məzmunca, həm də forma-sənətkarlıq baxımından böyük tərəqqini əks etdirirdi və Akif Hüseynlinin icmalları (əslində, onun yazıları “icmal” hüdudunu keçir, problem məqalələr kimi diqqəti cəlb edirdi) ədəbi-tarixi hadisə kimi nəzəri cəlb edirdi. İsa Hüseynovun “Məhşər”, Mövlud Süleymanlının “Köç”, Sabir Azərinin və İsi Məlikzadənin povestləri, Elçinin, Anarın nəsr əsərləri. Bayram Bayramovun “Fəhlə qardaş” romanı, Sabir Əhmədlinin, Əkrəm Əylislinin, Vidadi Babanlının o illərdə qələmə aldığı povest və romanları, həmçinin cavan nasirlərin yaradıcılığı öz dərin elmi təhlilini məhz Akif Hüseynlinin icmallarında tapdı”. Akif Hüseynlinin nəzəri mülahizələrini əhatə edən, nəsr prosesinin mənzərəsini əks etdirə bilmiş icmalları bu gün də əhəmiyyətini saxlamaqdadır.
Prof. Akif Hüseynli “Nəsr və zaman” kitabında nəsrin əldə etdiyi nailiyyətlərə toxunmaqla yanaşı, yazarların qələmə almış aldıqları nəsr nümunələrinin konseptual izahını verməyə nail olmuşdur. Akif Hüseynli İsa Hüseynovun nəsrində gerçəkliyi subyektiv qavrayışda ədəbi-bədii əks etdirmənin aspektlərinə toxunmuşdur: “Müəllifin yaradıcılığında şəxsiyyət məhz zaman, xalq, cəmiyyət müstəvisində alınır və mənalanır, onun fərdi xüsusiyyətləri, şəxsi arzu və niyyətləri də mütləq ictimai və vətəndaşlıq siması ilə vəhdətdə göstərilir, “burada düşüncə tərzinə dərindən sirayət edən, üslubu müəyyənləşdirən psixologizm”i də yalnız bu müstəvidə dərk etmək olar”. Prof. Akif Hüseynli psixologizmi personajın mənəvi aləmini, hiss və düşüncələrinin ifadəsi kimi təqdim edir.
Professor Akif Hüseynlinin əsərləri haqqında fikir söylədiyi şəxslərin onun elmi-tənqidi yaradıcılığına qiymət vermələri də diqqəti cəlb etməkdədir. Məsələn, Azərbaycan ədəbiyyatının təbiət şairi Musa Yaqubun öz haqqında deyilmiş fikirlərə müsahibələrinin birində münasibət bildirərkən filoloji təfəkkür sahibi olan Akif Hüseynlinin tənqidi fikirlərinin üzərində xüsusi dayanmışdır. Musa Yaquba ünvanlanmış “yetmişinci illərdə Akif Hüseynli kimi bir tənqidçi rəhbərlik edirdi “Ulduz”a. Onun vaxtında bu jurnal ən gözəl dövrünü yaşadı. Çox samballı mətnlər dərc edilirdi. İstedadlı yazarları “Ulduz” üzə çıxarırdı. İndi isə müntəzəm olaraq eyni imzalar çap edilir. Elə olur ki, iki saydan bir eyni müəllifi görürsən. İndiki “Ulduz”a Akif Hüseynli kimi bir adam lazımdırmı? Bəlkə elə əvvəlki şöhrətini həmin dərgiyə qaytarmaq üçün Akif Hüseynlinin özünü bu dərgiyə gətirmək lazımdır?” fikirlərinə şairin münasibəti həm Akif Hüseynli yaradıcılığına, həm də Akif Hüseynlinin bir vaxtlar, konkret olaraq isə yetmişinci illərdə rəhbərlik etdiyi “Ulduz” jurnalına verilən ziyalı qiyməti kimi dəyərləndirməliyik. Müxbirin Akif Hüseynlinin “Ulduz” jurnalına rəhbərlik etdiyi dövrdə peşəkar redaktor olmasına Musa Yaqubun cavabında Akif Hüseynli həm də savadlı tənqidçi olması əksini tapmışdır: “Akif Hüseynlini çox yaxşı tanıyıram. Çox yaxşı tənqidçimizdir. Savadlı adamdır. Mənim haqqımda da yazıb. Şeirlərimi də çap edib. Bunların hamısı həqiqətdir”. Akif Hüseynli yalnız “Ulduz” jurnalında redaktor olduğu zaman deyil, elmi və pedaqoji fəaliyyəti ilə Azərbaycan mədəniyyəti və ictimai düşüncəsinə yeniliklər gətirmiş ziyalılarımızdan biri kimi diqqət mərkəzində qalmağı bacarmışdır.

Akif Hüseynlinin ictimai-pedagoji fəaliyyəti

Akif Hüseynli yaradıcılğında milli kimlik məsələləri özünü göstərməkdədir. Akif Hüseynlinin “Sovet ədəbiyyatında milli kimlik” əsərində Azərbaycan ədəbiyyatşünaslığında xalqın ictimai-siyasi həyatı, əxlaqı və məişəti, adət-ənənələri, psixologiyası ilə bağlılıq dərəcəsindən asılılı olan millilik məsələlərini açıqlaması, müəllif münasibətini bildirməsi ilə diqqəti cəlb edir. Akif Hüseynli “Müxtəlifliyin birliyi” kitabında da milliliyin xüsusiyyətlərinin mühüm təzahür amillərinə toxunmaqla, aydınlıq gətirmişdir. Akif Hüseynli ədəbiyyatşünaslıqda millilik probleminin nəzəri-metodoloji istiqamətlərini şərh etmişdir. Ədib milli mənsubluq üçün milli bədii ənənələrin əhəmiyyət kəsb etməsinə rəğmən, yeganə şərt olmamasına toxunaraq qeyd etmişdir ki, “sənət gerçəkliyi əks etdirirsə, o, gerçəkliyin özündəki milli spesifikliyə etinasız qala bilməz. Odur ki, bədii əsərin məzmunu da milli səciyyəyə malik olur”. Milli kimlik amilinə toxunmuş Akif Hüseynli bədii nümunələrdə milli gercəkliyin təzahürü olan, millətin tarixini və əldə etdiyiklərini təcəssüm etdirə bilən milli xarakteri və məişət tərzini məzmunun milli əlamətləri kimi təqdim etməyə nail olmuşdur. Ədəbi tənqiddə azadfikirliyi ilə fərqlənən Akif Hüseynli milli psixologiya amilinin bədii nümunələrdə milli şəraitlə şərtlənməsi amilini nəzərə alaraq vurğulamışdır ki, “milli psixologiya konkret surətlərin, xarakterlərin milli həyat tərzindən doğan müəyyənliyi kimi meydana çıxır”. Filologiya elmləri doktoru Akif Hüseynlinin Səməd Vurğun poeziyasında bədii yaradıcılığın mahiyyəti ilə bağlı olan millilik və beynəlmiləllik məsələlərinə toxunması da diqqəti cəlb etməkdədir.
Akif Hüseynli Qafqaz Universitetində Azərbaycan dili və ədəbiyyatı bölməsinin müdiri, Bakı Mühəndislik Unuversitetində pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Prof. Akif Hüseynli tədris etmiş olduğu fənnin elminə dərindən bələd olması tələbələrə tədris etdiyi elmin istiqamətlərini, mahiyyətini, inkişaf yolunu, nailiyyətlərini çatdırmağa səbəb olur. Akif Hüseynli ədəbi prosesdəki uğurlu fəaliyyətini həm də pedaqoji fəaliyyətini davam etdirməsi ilə də təsdiqlədi. Akif Hüseynli tələbələrini yalnız layiqli vətəndaş kimi formalaşmasının deyil, həm də tədris etdiyi fənni sevdirməsinə nail ola bilmişdir.
Filologiya elmləri doktoru Akif Hüseynli AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitunun “Müasir ədəbi proses” şöbəsinin müdiri, Qafqaz Universitetində Azərbaycan dil və ədəbiyyatı bölməsinin müdiri kimi məsul vəzifələrdə çalışarkən Azərbaycan ziyalıları ilə, şair və yazıçıları ilə, elm xadimləri ilə dəyirmi masalar və görüşlər təşkil etməsi ədəbi prosesə, onun nümayəndələrinə bir ziyalı kimi verdiyi dəyəri əks etdirir. MEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitunun “Müasir ədəbi proses” şöbəsinin müdiri olarkən, Azərbaycan ədəbiyyatının nümayəndələri ilə mütəmadi olaraq görüşlər təşkil etmişdir. Akif Hüseynlinin şair, yazıçı və elm xadimlərini görüşə dəvət etməsi maraqla qarşılanmışdır. Məsələn, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitunun “Müasir ədəbi proses” şöbəsində Xocalı faciəcinin ağrılarının canlı daşıyıcısı olan şair Ələmdar Quluzadə ilə təşkil edilmiş görüş Akif Hüseynlinin şair, yazıçı, elm xadimlərinə verdiyi yüksək dəyəri əks etdirir. Akif Hüseynlinin Qafqaz Universitetində Azərbaycan dili və ədəbiyyatı bölməsinin müdiri kimi çalışarkən şair, yazıçı, elm xadimlərinin universitet tələbələri ilə görüşlər təşkil etməsi də təqdirəlayiq amillərdən biridir. Məsələn, prof. Akif Hüseynlinin AMEA-nın Folklor İnstitutunun “Mifologiya” şöbəsinin müdiri f.e.d. Seyfəddin Rzasoyu Qafqaz Universitetində dəyirmi masaya dəvət etməsi yeni nəslin düşüncə tərzinin formalaşmasına təsiri inkaredilməzdir.
Azərbaycan Maarif Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” Kinostudiyası tərəfindən 1973-cü ildə lentə alınmış “Cəfər Cabbarlı. Səhnə əsərləri” dərin məzmunlu qısametrajlı sənədli filmin ssenari müəllifi Akif Hüseynli (Hüseynov) olmuşdur. Kinolentdə əyani dərs vəsaiti kimi istifadə olunmaq üçün Cəfər Cabbarlının səhnə əsərlərindən fraqmentlərin verilməsi ədəbiyyata dərindən bələd olan, Cəfər Cabbarlını dərindən duyub anlaya bilən filoloji təfəkkürə malik olan şəxsə məxsus olması özünü göstərir. Cəfər Cabbarlını sıravi Azərbaycan vətəndaşı kimi sevən, elm adamı kimi duyan şəxslərdən biri də prof. Akif Hüseynli oldu.

Ədəbiyyat:

1. Əsgərli Zaman. Yeni nəsrin tənqidçisi // http://www.anl.az/down/meqale/edebiyyat/2011/iyul/194510.htm
2. Hüseynli Akif. “Mir Cəlal” kitabı haqqında // Əhəd yaşayır. Tərtib edəni Zərnurə Əhəd qızı // https://anl.az/el/alf7/ez_ey.pdf
3. Hüseynli Akif. “Mir Cəlal” kitabı haqqında // http://anl.az/el/alf7/ez_ey.pdf
4. Hüseynli Akif. Ön söz // Əkbər Ağayev. “Əsrin tərənnümü”, Bakı.1980.
5. Hüseynov Akif. Müxtəlifliyin birliyi: Sovet ədəbiyyatında milliliklə beynəlmiləlliyin dialektik vəhdəti. Bakı: Yazıçı, 1983. 214 s.
6. Hüseynov Akif. Nəsr və zaman. Bakı, Yazıçı, 1980, 185 s.
7. Tural Turan ədəbiyyatımızın ipi boşalıb // http://www.anl.az/down/meqale/hafta_ichi/2017/noyabr/565006.htm
8. Tural Turan ədəbiyyatımızın ipi boşalıb. Həftə içi. 29 noyabr, 2017-ci il.
9. Yusifli Vaqif. “Ədəbi proses” illəri // http://edebiyyatqazeti.az/news/edebi-tenqid/2691-edebi-proses-illeri
10. Yusifli Vaqif. Lalə Həsənovanın ədəbi paradiqmaları // http://www.azyb.az/index.php/criticism/post/102