Menu
Национальная Академия Наук Азербайджана
Институт литературы имени Низами Гянджеви

Новые публикации

О проблемном и художественном языке поэзии Хурзада Ахмедли - Салида Шарифова

11-03-2024 [ 11:34 ] [ прочитано:107 ]
printerA+ | A-
104272

Hürzad Əhmədlinin yaradıcılığında yer alan şeirlərində ictimai motivli Vətən, torpaq, milliliyin təbliği, ata yurda bağlılıq, xalqın bütövləşməsi uğrunda çağırış və s. aktual məsələlər əsas yer tutmaqdadır. “Mən kiməm, nəyəm?”, “Bizlər yenə bütövləşək”, “Biz Boz qurdun özüyük”, “Kaş Təbrizdə günəş doğa”, “Qaytarın torpaqlarımı” və s. poetik nümunələr öz soykökləri etibarilə türklüyün təfəkkür tərzindən süzülüb gələn humanizm ideyalarının, əxlaqi dəyərlərin təbliğ etməsi ilə diqqəti cəlb edir. Hürzad Əhmədlinin şeirlərində xalqın milli mədəni irsə sahib çıxmağa səsləyişi məzmun və fəlsəfəsi baxımından maraq doğurur. Ədəbiyyatımızın ayrılmaz tərkib hissəsinə çevrilmiş Səməd Vurğun yaradıcılğına kölgə salan, ləkə yaxan məxluqlara dolğun cavab verməsini “Vurğun yaşayacaq bir günəş kimi” şeirində təqdim edir. Hürzad Əhmədlinin şeirlərinin problematikasında dünyaya müraciəti, dünyanın təqdimi fonunda fikir və istəklərini, yaşantılarını çatdıra bilməsi oxucunun marağına səbəb olur. Müəllifin “Dünyam mənim”, “Bu dünya”, “Çox sıxırsan məni, dünya”, “Gözəldi dünya”, “Dünya” kimi şeirlərində dünyanın ziddiyyətli hadisələrinə ictimai-fəlsəfi baxış təqdim edilir. Şair Vətənin, xalqın, dünyanın aktual problemlərini dərin bədii təfəkkürün məhsulu kimi gələcək nəsillərə çatdırır.

Hürzad Əhmədlinin poetik nümunələrinin bədii dilinin tərkibinin müxtəlifliyi və rəngarəngliyi diqqətdən yayınmır. Şairin şeirlərinin bədii dilindəki terminlərin, dialekt və arxaik sözlərin, vulqar və varvar sözlərin istifadə məqamı, bədii ifadə və təsvir vasitələrindən (təkrir, metafor, mübaliğə, bədii sual, bədii təzad, inversiya və s.) istifadə edilməsi müəllifin sənətkarlığını, poeziyanın incəliklərinə vara bilməsini əks etdirir.

 

Poetik nümunələrin problematikası

 

Hürzad Əhmədli qələmə aldığı ictimai məzmuna malik lirik şeirlərində milliliyi, bütövləşməni, milli mədəni irsə sahib çıxmanı, ata yurda bağlı olmağı, vətənpərvərliyi və s. təbliğ edir. O, şeirlərində həm bir şair, həm də bir vətəndaş kimi milli ənənəyə, kökünə və ata yurda bağlılığını, türklüyünü açmağa nail olur. Məsələn, “Mən kiməm, nəyəm?” şeirində müəllif özünün bir tərəkəmə olduğunu göstərir:

Şəhərli deyiləm tərəkəməyəm.

Özüm də bilmirəm mən kiməm, nəyəm.

Türk sözü ilə bağlı olan tərəkəmə sözünün həm türk tayfası, yəni etnik qrupa aid olması, həm də köçəri həyat sürən insanların olması məqamında işlənməsi bəllidir. Məsələn, ərəblər “türkmənlər” anlamını “tərakimə” kəlməsi ilə ifadə etmişdilər. Mənasını dəyişmiş tərəkəmə adı altında maldarlıqla məşğul olan, köçəri həyat sürən adamların təqdim edilməsi də bəlli faktdır. Müəllifin bu misrada “şəhərli deyiləm tərəkəməyəm” ifadəsində heç də onun maldarlıqla məşğul olan insan olması vurğulanmır. “Özüm də bilmirəm mən kiməm, nəyəm” ritorik sualını ünvanlamaqla məhz öz soykükünə, məxsus olduğu etnik qrupa bağlı olan insan kimi narahatlığını ifadə edir.

Hürzad Əhmədlinin “Bizlər yenə bütövləşək” şeirində Cənubi Azərbaycan nisgili qabardılmaqla yanaşı, xalqın azadlığa, birliyə, bütövləşməyə çağırışı səsləndirilir. Maraqlı məqam odur ki, müəllifin bütövləşməyə çağırışı yalnız Şimali Azərbaycanda məskunlaşmış həmvətənlilərini deyil, dünyada məşkunlaşmış azərbaycanlıları bütöv Azərbaycan yaratmağa səsləyişidir. Bu baxımdan, bütöv Azərbaycan şairin milli istiqlal ideyası səviyyəsində bədii sözün obyektinin hədəfinə çevrilir:

Gözündəki pərdəni sil

Təbriz, Həmədan, Ərdəbil

Bakını özünə arxa bil

Bizlər yenə bütövləşək.

Xalqın, millətin bir bütöv olmağa çağırışı müəllifin “Biz Boz qurdun özüyük” şeirində də əksini tapır. Vətən sevgisinin mayası sayıla bilən “Biz Boz qurdun özüyük” şeirində xalqın bütövləşməsinə ümid ilə yanaşı, Cənubi Azərbaycanın ayrılıq dərdi əksini tapır:

Bütöv Azərbaycan yaransın deyə,

İnanıb getmişdik Əbülfəz bəyə.

 

Fəxri xiyabana toplaşaraq biz

Qışqırıb deyirdik: - “bizimdi Təbriz”

Hürzad Əhmədli bu poetik nümunəsinin problematikasında türk qan yaddaşını, mifik düşüncəsini əks etdirən Boz qurdu qısa şəkildə təqdim etməsinə rəğmən, türkün möhtəşəmliyini göz önündə canlandırır. “Biz Boz qurdun özüyük” şeirində xalqın bütövləşməsinə ümid ilə yanaşı, Cənubi Azərbaycanın ayrılıq dərdi əksini tapır:

Biz Boz qurdun özüyük,

Kəlməsiyik, sözüyük.

Bütün türk dünyasının

Şərqə baxan gözüyük.

“Kaş Təbrizdə günəş doğa” şeirində isə müəllif

Can bədəndən ayrı düşdü.

Aradan iki yüz il ötüşdü- deyə Azərbaycan xalqının ikiyə parçalanmasını poetik dillə təqdim etməsinə rəğmən, millətini bu mübariz yolda mətin dura bilməsini səsləndirir:

Düşmənin önündə möhkəm dur, dayan,

Güneyli, quzeyli, ey Azərbaycan.

Müəllif güney və güzey Azərbaycan arasındakı bütövlüyü Təbrizin azad olunması fonunda doğan günəşə bənzədir:

Kaş Təbrizdə günəş doğa,

Şəfəq saça o, Qazağa.

Müəllif məhz Təbrizdə doğacaq bu günəşi bütöv Azərbaycanın simvolu kimi də təqdim edir:

Daha biz birləşib bir yumruq kimi

Bütöv Azərbaycanımın qoyulsun himi.

Hürzad Əhmədlinin xalqın bütöv olacağına ümidi “Qaytarın torpaqlarımı” şeirində əksini tapır:

Bir tərəfin Dərbənddir,

Borçalı, Başkeçiddir,

Təbrizdir, Ərdəbildir

Bütöv Azərbaycanım.

Hürzad Əhmədlinin qələmə aldığı şeirlərinin problematikasında vətənpərvərlik pafosu ilə yazılmış, qalibiyyətlə başa çatan 44 günlük Vətən müharibəsinin qəhrəmanlarını sevə-sevə vəsf etməsi xüsusi yer tutur. Müəllif həmin şeirlərində istər Birinci Qarabağ müharibəsi zamanı, istərsə də Vətən müharibəsi zamanı şəhid düşən oğulları ehtiramla yad edir. Vətən övladlarının doğma torpaqları üçün canlarından keçmələri poetik nümunələrinin ayrılmaz mövzusuna çevrilir. Şair “Gəlmişik”, “Kəndim yas saxlayır şəhidlərinə”, “Dəyərli şagirdim Yunisə”, “Şəhid Yunis Kazımovun xatirəsinə”, “Ağla onları”, “İgid balam, nər balam”, “Burda yatan şəhidlər (Şəhidlər xiyabanında)” və digər şeirlərində şəhidliyi ali bir məqam kimi təbliğ edir. Məsələn, “İgid balam, nər balam” şeirində Vətən uğrunda şəhid olmuş Azər Məmmədovun keçdiyi həyat yolu canlandırılmaqla, şəhidlərimizlə xalqımızın fəxr etməsi qabardılır:

Şəhid qeyrətinə qurban olaq biz.

Adınla fəxr edir bütün kəndimiz.

Müəllif ata yurda, doğma torpağa bağlı olmasını milli düşüncə üstünlük təşkil edən şeirlərində də aça bilir. Bu amil müəllifin doğma el-obasına, ata yurduna bağlılığından irəli gəlir. Şairin “Mən bu elin vurğunuyam”, “Kəmərlidir elim mənim”, “Kaş qayıda meşələrim”, “Ata yurdu”, “Kəndim”, “İncə çayım”, “Oymaqlarım” şeirlərində vətəndaşlıq təəssübkeşliyi fonunda doğma yurd sevgisi əsas leytmotiv təşkil edir. Qeyd etməliyik ki, ata yurda bağlılığını təbliğ edən müəllifin poetik nümunələrində doğma el-obasının məkanları, peyzajı da göz önündə canlandırılır. Məsələn, şairin “Mən bu elin vurğunuyam” şeirində Azərbaycanın doğma məkanlarının bir qismi göz önündə canlandırılır:

Bir günüm olmayıb İncə dərəsiz

Kəmərli, Qaymaqlı, ay Aslanbəyli.

Müəllif şeirinin problematikasında hələ əsarətdə qalan doğma torpaqlarımız üçün də fəryadını səsləndirir. Bu fəryad müəllifin doğma torpaq üçün narahatçılığı ilə yanaşı, ona olan sevgisini də əks etdirir. Məsələn, “Kəmərlidir elim mənim” şeirində şairin Azərbaycan Respublikasının Xocalı rayonunun Daşbulaq kənd inzibati ərazi dairəsində kənd olan və ermənilər tərəfindən Astxaşen adlandırılan Daşbulaq üçün olan narahatçılığı poetik dillə qələmə alınır. Şairin xalqımız üçün ağrılı bir məqamından, həsrətindən yaranan şeirlərində yurd ağrısına köklənmiş məqamların açıqlanması da əsas yer tutur:

“Daşbulağ”ım əsir qalıb.

Düşmən onu bizdən alıb.

Ürəyimi dərdə salıb.

Qara olub günüm mənim.

Hürzad Əhmədli “Kaş qayıda meşələrim” şeirində torpaqlarımızın düşmən tərəfindən tapdalanması, əsarətdə qalması ağrısını ifadə edir:

İstədim ki, verəm salam.

Əsirlikdədir “Qız qala”m.

Döyə-döyə haydan (erməni) alam.

Kaş qayıda meşələrim.

Qeyd etməliyik ki, müəllif konkret olaraq, Azərbaycan xalqının mənfur düşməninin kim olmasını göstərir. “Hay”, yəni erməni olmasını da açıq –aydın şəkildə təqdim edir. Müəllif “Qayıdaq” adlı şeirində ermənilərə qarşı xalqını mübarizəyə də səsləyir:

Bizi bağışlamaz dədə-babamız.

Hayların əlində qalıb obamız.

Çiynimizdə tüfəng, əldə yabamız.

Gəlin, yenə o yerlərə qayıdaq.

Bu bənddə şair doğma torpaqları ermənilərdən qorumağın zəruriliyini izhar edən düşündürücü, ibrətamiz bir şəkildə təqdim edir. Şairin oxuculara təqdim etdiyi “Yurd yerinin həsrəti” şeirlər toplusunda yurd itkisini əks etdirən şeirlər yalnız müəllifin deyil, həm də bütün Azərbaycan xalıqnın itkisi kimi əksini tapır. Şairin qələmə aldığı bayatılarda da torpaq itkisinin ağırlığı və bir faciə olması özünü göstərir:

Mən aşiqəm meşələr,

Yaşıl donlu meşələr

Düşmən əlində qalıb

Bol çeşməli meşələr.

Şairin xalqının milli mədəni irsinin böyüklüyünü danan, onun klassiklərinə mənfur sözləri ilə ləkə yaxmağa çalışan məxluqlara cavab verməsi maraq doğurur. Ədəbi irsimizə iftira atanlara layiqli cavab verməyi bacaran müəllif “Vurğun yaşayacaq bir günəş kimi” adlı şeirində bu missiyalarından birini həyata keçirməsi ilə oxucunun qəlbində rəğbət oyadır:

Vurğunun adına ləkə yaxan kəs,

Özündən xəbərin varmı, ay nakəs?

Orxansan, Sərdarsan, bilmirəm nəsən

Nolar ki, o bayquş nəfəsini kəs.

Hürzad Əhmədli belə şəxsləri çəkinmədən “bayquş” adlandırmasında da haqlıdır. Müəllif həmçinin Səməd Vurğunun şair kimi dolğun obrazını bu misrada təqdim edir:

Vurğun günəşidir ədəbiyyatın.

Onunla fəxr edir Azərbaycanım.

Şairin “Ata yurdu” şeirində ata yurdunun canlı təsviri oxucunun gözündə canlandırılır:

O, mənim qəlbimin zərif səsidi.

Əqlimin, zəkamın düşüncəsidir.

Cahanın ən ülvi bir guşəsidir.

Hər kəsə gözəldir öz ata yurdu.

“Kəndim” şeirində Azərbaycanın şimal-qərbində yerləşən türk mənşəli bir bölgə olan Qazaxa aid səfalı məkanların incəliklə tərənnüm edilməsi ilə müəllif yaddaşına hopan unudulmaz anları fonunda məhz doğma eli, əbədi məskənini şeirlərində canlandırır. Bu canlandırma ilə şair sadəcə həmin məkanları oxucunun gözü önündə canlandırmır, həmçinin dolğun bədii təsvirini yaradır:

Yovşanlım, Kəməndim, Darağan çalım,

Palıdlı, Cülyəlik, ay sarı yalım.

Necə mən sizlərdən aralı qalım,

Mənimçün hər şeydən əzəldi kəndim.

Müəllifin məkan kimi təqdim etdiyi Xocalı özünün bütün tərəfləri ilə dolğun şəkildə əksini tapır. Şair Xocalı dərdinin ağırlığını, xalqın qan yaddaşına hopmasını doğma torpağın ağrısı kimi lirik dillə təqdim edir:

Körpələr qara yıxılır.

Qan içində çabalayır.

Düşmən yolları bağlayır.

Qoymayın yansın Xocalım.

Hürzad Əhmədli bir şair kimi deyil, bir azərbaycanlı kimi Xocalını faciələrlə üzləşmiş bir şəhər kimi təqdim edir. Müəllif xalqının başına gətirilmiş bu qanlı olayın baş verməsinə “dayandırın bu gedişi” deyərək, bu cinayəti törədənlərə qarşı hiddət və etirazını qəlbinin səsiylə poeziyaya gətirməyə nail olur:

Uşaq, qadın, qoca, kişi

Allah götürməz bu işi.

Dayandırın bu gedişi.

Qoymayın yansın Xocalım.

Şair Xocalı soyqırımının dəhşətlərinə həsr etdiyi misralarla bu amansız cinayəti unutmamağa, həmçinin bu faciəni törədənlərin unudulmamasına çağırış edir.

 

Poetik nümunələrin bədii dili

 

Hürzad Əhmədlinin bir-birindən maraqlı lirik şeirlərinin dilində dialektizmlərin yer alması ilk növbədə, diqqətdən yayınmır. Bu şairin Azərbaycan təbiətinin çox gözəl guşələrindən biri olan Qazaxın Azərbaycan ədəbiyyat tarixinin ayrı-ayrı dövr və mərhələlərində ayrılmaz tərkib hissəsi olmasından irəli gəlir. Müəllifin buradan olması onun poetik nümunələrinin bədii dilinə də təsirsiz ötüşmür. Məsələn, şairin “Bu dünya” şeirində istifadə etdiyi “qaxır”, “tıxır” feilləri məhəlli sözlər kimi diqqəti cəlb edir:

Özümdən soruşdum, görəsən, nə iş?

Verdiyin başıma qaxır, bu dünya.

“Qaxır” sözü bu misrada edilən yaxşılığın xatırladılması, yəni, minnət qoyulması, başa qaxınc edilməsi mənasında təqdim edilir.

Bu savaşda ər oğullar yeyildi.

Heç gördüm söyləmir, tıxır bu dünya - misrasında isə “tıxır” sözü isə acgözlüklə yemək mənasında təqdim edilir.

Hürzad Əhmədli bu gün ədəbi dildə işlənməyən, köhnəlmiş hesab edilən sözlərdən də yaradıcılığında geniş şəkildə istifadə edir. Məsələn, şairin “Vətən harayı” poetik nümunəsində “küştü tutdu” ifadəsinin işlənməsi məqamına diqqət yetirək:

İgidlərim Cıdır düzdə at oynatdı.

Oğullarım cəngi çalıb, küştü tutdu.

“Küştü tutmaq” arxaizm nümunəsidir, güləşmək, qurşaq yapışmaq mənasını ifadə edir. Bu söz müasir dilimizdə işlənilmir, müəllif həmin sözdən istifadə edərək, xalqın tarixi yaddaşına eskurs edir, xalqımızın keçmişini canlandırır.

Şair ““Çul” sözünü şagirdə anlada bilməyən müəllimə” adlı şeirində ana dilimizdə arxaikləşmiş sözün yeni nəsil tərəfindən mənasının anlaşılmamasını bir milli faciə kimi dəyərləndirməyə nail olur. Müəllifin,

Eybini bilsən, yatanda

Üstünə salarsan çulu. - misrasında istifadə etdiyi “çul” sözü üstündə oturmaq, həmçinin soyuqdan qorunmaq üçün atın və bəzi başqa heyvanların üstünə salınan qıldan və ya yundan toxunma qalın örtüyə deyilir. “Çul” sözünün müəyyən dialektlərdə istehza ilə geyim kimi mənada işlənilməsi ilə də üzləşirik.

Müəllifin poetik nümunələrində işlədilən kobud sözlər kəskinliyi ilə seçilmir. Ancaq müəllif oxucuda təqdim etdiyi məxluqun mədəni səviyyəsini, yaşadığı mühiti, törətdiyi əməllər barəsində müəyyən təsəvvür yaratmaq baxımından vulqar sözlərdən istifadə etməsinin şahidi oluruq. Məsələn, “Vətən harayı” poetik nümunəsində müəllifin istifadə etdiyi vulqar sözə diqqət yetirək:

Cavaxetiya, Qarabağ heç vaxt sənin olmayıb.

Ağrı dağda, ay əbləh, heç izin də qalmayıb.

Şeir nümunəsində istifadə edilən “əbləh” sözü axmaq, səfeh, gic, sarsaq, başıboş mənasını ifadə etməsinə baxmayaraq, müəllifin “ay əbləh” deyə müraciət etməsi bu sözün söyüş variantında işlənməsini əks etdirir. Çünki əbləh söyüş kimi də istifadə edilir. Şair də bu sözdən istifadə etməklə yanaşı, təqdim etdiyi məxluğun, daha doğrusu erməni millətinin tarixdə törətdikləri insanlığa sığmayan, başqalarının doğma torpaqlarına göz tikmələrini və s. mənfur əməllərini nəzərdə tutaraq, axmaq, səfeh, gic, sarsaq, başıboş adlandırır. Bununla da onların əməllərinin axmaq bir iş olmasını qabardır.

Şairin dilindəki varvarizmlərin işlənməsi maraq doğurur. Bu məqam türk dilində işlənən sözlərin müəllifin şeirlərində yer almasıdır. Müasir ədəbi dilimizdə işlənməyən, ancaq digər türk xalqlarına aid sözlərin işlənməsi oxucunu düşünməyə vadar edir. Məsələn, “A şair” şeirində ədəbi dilimizin qəbul etmədiyi “hayır” sözünün işlənməsi diqqətdən yayınmır:

Mən İncədə doğulmuşam, a şair.

Nələr var qəlbimdə bu kəndə dair.

Desələr, İncədən vaz keçərsənmi?

Ucadan qışqırıb deyərəm: - hayır

“Hayır” sözü alınma söz olmamasına rəğmən, şeirdə maraqlı priyom kimi istifadə edilməsi nəzərdən qaçmır. Müəllifin “hayır” sözündən istifadə etməsi bütün türk dünyasını ağuşuna alır. Türk xalqları arasında vahid Türk dilinin yaradılması məqamının aktuallaşmasını əks etdirir. Şairin “Təkcə həqiqətə söyləyin - pəki” şeirində “pəki” sözünün işlədilməsi də fikirlərimizdə haqlı olduğumuzu təsdiq edir:

Addımı atanda izi bir olun.

Mehriban dolanın sözü bir olun.

Yalanla savaşda siz əlbir olun.

Təkcə həqiqətə söyləyin – pəki.

Maraqlı məqamlardan biri də, şeirlərdə Hürzad Əhmədlinin terminlərdən istifadə etməsi məqamıdır. Şairlərin poetik nümunələrində terminlərə, yəni ayrı-ayrı elm sahələrinə aid sözlərə müraciət etmələri aktual şəkildə özünü əks etdirmir. Bu baxımdan, Hürzad Əhmədlinin istifadə etdiyi terminlərin zəruri tələbdən irəli gəlməsinin də şahidi oluruq. Məsələn, şairin “Silin pislikləri ürəyinizdən” şeirində terminlərdən istifadə etməklə, təlqin etdiyi əsas fikrini tam çatdırmaq məqsədi güdür:

Müharibədən uzaq olsun ölkələr

Bu atomlar, neytronlar, nüvələr

Yer üzünün özülünü silkələr.

Silin pislikləri ürəyinizdən.

Şairin istifadə etdiyi atomlar, neytronlar, nüvələr məhz müharibə əlamətləri kimi qəbul edilməkdədir.

Şairin “Mən kiməm, nəyəm?” adlı şeirinin bədii dilinə diqqət yetirdikdə, istifadə edilən metonimiya diqqətdən yayınmır. Müəllifin müəyyən cisim və hadisəni bildirən sözün əvəzinə əlaqədar başqa bir sözü işlətməsi məqamına nəzər salaq:

“Yaşamaq yanmaqdır” - deyir Bəxtiyar.

Yanmağın özündə iki məna var. – misrasında müəllif Bəxtiyar Vahabzadə əvəzinə, Bəxtiyar işlətməklə metonimiya yaradır.

Hürzad Əhmədlinin şeirlərində təşbehlərə tez-tez müraciət etməsi diqqətdən yayınmır. Bu müəllifin poetik nümunələrinə xələl gətirmir, əksinə əsərin bədii dilinin kamilliyini əks etdirir. Şairin “Dağlar oğlu adlanan yazara” şeirindəki təşbehlərin işlənməsinə nəzər salaq. Müəllif bu poetik nümunəsində də bir əşya və ya hadisənin müəyyən bir əlamətə görə məcazi şəkildə daha qüvvətli bir əşya və ya hadisəyə bənzətmək üçün məhz təşbehlərə müraciət edir:

İnsansa gücüylə dağlara qalxır.

Hünəriylə qartal kimi ucalır.

“Hünəriylə qartal kimi ucalır” sətirindəki təşbehin yaranma ünsürlərinə diqqət yetirək:

bənzəyən – hünəriylə

bənzədilən – qartal

bənzətmə qoşması – kimi

bənzətmə əlaməti – ucalır

Müəllifin təqdim etdiyi bu təşbehdə dörd ünsürdən istifadə edilməsi, məhz təşbehin müfəssəl növündə yaranmasını əks etdirir. Qeyd etmək lazımdır ki, hər bənzətmə də təşbeh adlandırıla bilməz.

“Bu dünya” şeirində də müəllifin müfəssəl təşbeh yaratmasının şahidi oluruq:

Köklü ağacları kökündən yıxır.

Şimşək tək qəflətən çaxır, bu dünya.

Bu misrada da təşbehin yaranma ünsürləri müfəssəl təşbehi formalaşdıran ünsürlərdir:

bənzəyən – bu dünya

bənzədilən – şimşək

bənzətmə qoşması – kimi

bənzətmə əlaməti – qəflətən çaxır

Müəllifin təşbehlərdən məharətlə istifadə etməsi digər poetik nümunələrində də özünü göstərir.

Şair poetik nümunələrində eyni sözü və yaxud da söz qrupunu, ifadəni bilərəkdən təkrar etməklə, təkririn maraqlı növlərini yaradır. Hürzad Əhmədlinin poetik nümunələrinin bədii təsir gücünün artırılması üçün məhz təkrirlərə müraciət edir. Məsələn, “Dünyam mənim” şeirində şair sözləri təkrar etməklə təkririn maraqlı nümunəsini yaradır:

Küləklə gülü bükdürmə.

Can otağımı sökdürmə.

Gecə-gündüz yaş tökdürmə,

Dünyam mənim, dünyam mənim.

Müəllif şeirin bəndlərinin son misralarında istifadə etdiyi “Dünyam mənim, dünyam mənim” təkrarlar şeirdə təkririn epifora nümunəsi kimi maraq doğurur. Hürzad Əhmədli “Bu dünya” şeirində yaratdığı təkrir anaforadır:

Gah yağış yağdırır, gah da gün çıxır.

Gah sevinc gətirir, gah ürək sıxır.

Müəllifin istifadə etdiyi tabesizlik bağlayıcıları tabesiz mürəkkəb cümlənin tərkib hissələrini və həmcins sözləri bir-birinə bağlayır. Hürzad Əhmədlinin bölüşdürmə bağlayıcısı kimi istifadə etdiyi gah, gah da bağlayıcıları anafora yaradır. Müəllifin “Ay meşələr” şeirində də anafora nümunəsi ilə rastlaşırıq:

Bulaqların coşub-daşa,

Yaşa, yaşa, ay meşələr.

Müəllif yaşa, yaşa sözlərini şeirin sətrinin əvvəlində işlətməklə anafora yaradır.

Şairin “Həyat məndən nə istəyir?” adlı şeirində bir əşya və hadisənin müəyyən bir əlamətini digər əşya və ya hadisənin üzərinə köçürərək təqdim etməsi də diqqədən yayınmır. Müəllifin istifadə etdiyi metafora poetik nümunəyə oxucu diqqətinin yönəldilməsinə səbəb olur:

Dərd bulağından su içdim.

Dərin dəryalardan keçdim.

Bu misrada bulaq özünə xas olmayan xüsusiyyətlərlə ifadə olunub. Dərd bulağa aid olan xüsusiyyət deyil. Müəllif çatdırmaq istədiyi fikri, keçirdiyi hiss-həyəcanları, yaşadığı çətinlikləri daha qüvvətli və təsirli ifadə etmək üçün metafordan istifadə edir.

“Kəmərlidir elim mənim” şeirində də müəllif “Meşələrim qan ağlayır” deməklə, metafor yaradır. Burada ağlayır sözü ilə meşələr arasında birbaşa heç bir bağlılıq yoxdur. Hamıya bəllidir ki, ağlamaq insana xas olan əlamətdir. Bənzədilənin əlaməti indi dolayısı yolla bənzəyənin, yəni göylərin əlaməti olmuş, metafor kimi çıxış edir.

Hürzad Əhmədli poetik nümunələrində tez-tez bədii suallara da müarciət edir. Müəllif cavabı olmayan və ya cavabsız qalan suallardan istifadə etməklə çatdırmaq istədiyi fikri qüvvətli şəkildə oxucusuna çatdırmaq məqsədi güdür. Oxucusunun diqqətini məhz çatdırmaq istədiyi fikrə yönəldir. Şairin “Həyat məndən nə istəyir?” adlı şeirində ritorik sual müəllifin fikrini qüvvətli şəkildə çatdırmağa xidmət edən mükəmməl vasitə kimi özünü büruzə verir:

Bu gün sordum öz-özümdən,

Həyat məndən nə istəyir?

Hər şey düşübdü gözümdən

Həyat məndən nə istəyir?

Müəllif oxucusuna “Həyat məndən nə istəyir?” ritorik sual ünvanlasa da, şeir boyu bunu konkret olaraq, cavablandıra bilmir. Müəllifin misraların sonlarında ünvanladığı sualların cavabı heç bir bənddə cavablandırılmır.

Hürzad Əhmədlinin poetik yaradıcılığında şeirlərin bədii təsir gücünü artırmaq məqsədilə istifadə edilən sözlərin qrammatik ardıcıllığının bilərəkdən pozulması şeirə ağırlıq gətirmir, əksinə əlvanlıq qatır. “Atın silahları, ay insan oğlu” şeirində bədii təsiri gücləndirmək üçün müəllifin məqsədli şəkildə şeirin qrammatik ardıcıllığını pozmasına diqqət yetirək:

Güllə yox, gül atın siz insanlara,

Atın silahları, ay insan oğlu.

Evlər tikin, kəndlər salın onlara

Atın silahları, ay insan oğlu.

Poetik nümunədəki gül atın, atın silahları, evlər tikin, kəndlər salın kimi xəbərlər misralarda mübtədalardan əvvəl işlənməklə inversiya yaradır.

Şairin “Silin pislikləri ürəyinizdən” şeirində də şeir üçün daha səciyyəvi əlamət olan inversiya ilə üzləşirik:

Sizə yalvarıram bir ana kimi

Silin pislikləri ürəyinizdən.

Tərpətmə qəlblərdə o sarı simi.

Silin pislikləri ürəyinizdən.

Bu nümunədə də yalvarıram, silin, tərpətmə kimi xəbərlər müəllif tərəfindən digər cümlə üzvlərindən əvvəl işlədilir.

Hürzad Əhmədlinin poetik nümunələrində məzmunca bir-birinə zidd iki anlayış və ya vəziyyətin qarşılıqlı şəkildə təqdim edilməsi də maraq doğurur. Məsələn, “Dünya” şeirində istifadə etdiyi təzadla eyni misra və ya beyt daxilində bir-biri ilə əks məna ifadə edən iki sözü işlədilir:

Qana çalxanırsan, qan çanağısan.

Bilmirəm dostmusan, yoxsa yağısan.

Bu nümunədə müəllif dost və yağı, yəni düşmən kimi bir-birilə əks mənalı, antonim sözlərdən istifadə edərək bədii təzad yaradır.

Şair “Ata yurdu” şeirində gecə və gündüz kimi bir-biri ilə əks olan, yəni antonim sözlərdən istifadə edərək antiteza yaradır:

Bilmirəm mən sənin nəyindən yazım?

Gündüzündən, yoxsa gecəndən yazım?

Gündüzün yazımdır, gecə ayazım.

Hər kəsə gözəldir, öz ata yurdu.

Müəllif əks mənalı sözləri, yəni antonimləri qarşılaşdırdığı kimi, bir-birinə zidd iki vəziyyəti, yəni hər hansı bir əhval-ruhiyyəni, hadisəni qarşılaşdıraraq kontrast yaradır. Məsələn, “İncə çayım” şeirində gülüb, ağlayıb sözləri bir-birinə zidd iki vəziyyət, yaxud əhval-ruhiyyəni qarşılaşdırılması olduğundan, bədii təzadın kontrast yolu ilə yaranmasını əks etdirir:

Üç kənd sənə bel bağlayıb.

Gah gülüb, gah da ağlayıb.

Şair bədii təzadı qələmə aldığı şeirin adına da çıxarır. “Haram-halal” adlı şeirində haram və halal sözləri işlədilməsi təzad yaradır. Bu yalnız şeirin adında deyil, şeirdə təqdim edilən beytlərdə də əksini tapır. Məsələn, şeirdən bir misraya diqqət yetirək:

Eləsi var halal, haram bilmədi.

Kimin halal olub əsil amalı.

Burada halal haram bədii təzad şəklində çıxış edir. Hürzad Əhmədli “Bilən də var, bilməyən də” adlı şeirinin bütün bəndlərində bədii təzaddan məharətlə istifadə edir:

Bu dünyanın nələri var

Bilən də var, bilməyən də.

Keçib gedir illər, aylar

Gələn də var, gəlməyən də.

Bu nümunədə “Bilən də var, bilməyən də”, “Gələn də var, gəlməyən də” bədii təzadları işlədən müəllif sonrakı beytlərdə “Silən də var, silməyən də”, “Gülən də var, gülməyən də”, “Ölən də var, ölməyən də”, “Bölən də var, bölməyən də” kimi bədii təzadlar vasitəsilə gözəl və dolğun fikirləri özündə ehtiva edən poetik nümunə yaradır.

Hürzad Əhmədli şeirlərində bədii dildə çox işlənən bədii ifadə vasitələrindən biri olan mübaliğəyə tez-tez müraciət edir. Şairin “Kəmərlidir elim mənim” şeirində tərənnüm edilən hadisənin yaxud da hiss-həyəcanın bilərəkdən, əslində olduğundan daha qabarıq, şişirdilmiş şəkildə təqdim edildiyini müşahidə edirik. Şair,

Nələr çəkməyibdi başım.

Ümmana dönüb göz yaşım - misrasında öz iztirab və kədərinin ağırlığını ifadə etmək üçün hiperbola yaradır. Müəllif məhz göz yaşının ümmana dönməsinə işarə edərək, məharətlə mübaliğə yarada bilir. “Kaş qayıda meşələrim” şeirində də hiperboladan istifadə edilməsi ilə üzləşirik:

Ünüm göylərə dikəlir,

Kaş qayıda meşələrim.

Müəllifin istifadə etdiyi “Ünüm göylərə dikəlir” sətrində işlədilən dikəlir sözü səslə əlaqəsi yoxdur. Dikəlir sözünün canlı və ya cansız bir əşyanın uzanmış və ya əyilmiş vəziyyətini dəyişib ayaq üstə durmasını, yerindən qalxmasını, hər hansı bir hərəkəti, yəni qalxmağı, başıyuxarı getməyi, yaxud da hər hansı bir hadisənin, olayın düzəlməsini, qurulmasını, bərqərar olmasını özündə ehtiva edə bilir. Ün isə səs, sədadır. Müəllifin öz səsinin Ulu Tanrıya çatması istəyini ifadə edən bu sətir mübaliğə şəklində təqdim edilir.

Hürzad Əhmədlinin mübaliğəni şeirinin adına çıxartması da nəzərdən qaçmır. “Qanı çıxarmayın dizə” şeirinin adında bunun şahidi oluruq. Müəllifin istifadə etdiyi hiperbola məhz baş verən hadisənin daha güclü, daha qabarıq şəkildə təqdim edilməsinə xidmət edir:

Yalvarıram, ay insanlar,

Tökməyin siz nahaq qanlar.

Eşitsin məni duyanlar.

Tövsiyyəm budur ki, sizə

Qanı çıxarmayın dizə.

Hürzad Əhmədlinin poetik nümunələrində müraciət olunan şəxsi, əşyanı bildirən sözlərə və ya söz birləşmələrini özündə əks etdirən xitabların işlənməsi qələmə alınmış poetik nümunələrə bir əlvanlıq qatır. “Ey həyat” şeirində müəllifin istifadə etdiyi “ey həyat” xitabı oxucunu poetik nümunənin məğzinə diqqət yetirməyə vadar edir:

Sənin dərdlərinlə özümü yordum.

Ancaq yenə də mən ayaqda durdum.

Utana-utana görün nə sordum:

Sən niyə qısasan belə, ey həyat.

Qeyd edək ki, xitablardan əvvəl ay, ey, a nidaları da işlənə bilir ki, müəllifin “ey həyat” kimi xitabında ey nidası istifadə edilir. Məsələn, şair “Ata yurdu” şeirində ay nidasından istifadə edərək “ay ana” kimi xitabdan istifadə edir: “Ay ana, mən sənin şalına qurban.”

Maraqlı məqam müəllifin qələmə aldığı şeirlərində bir sözü və ya ifadəni həm mübtəda, həm də xitab kimi istifadə edə bilməsidir. Məsələn, “Oymaqlarım” şeirində “oymaqlarım” həm mübtəda kimi, həm də xitab kimi təqdim edilir:

Hələ əriməyib dağların qarı.

Üşüyürmü görən öz oymaqlarım. - misrasında müəllif “öz oymaqlarım”ı mübtəda kimi təqdim edir.

Mən ovçuyam, öz bərəmdə durmuşam.

Sinən üstə neçə binə qurmuşam.

Baxa-baxa gözlərimi yormuşam,

Nolar bu dərdimi çöz, oymaqlarım.

Bu bənddə isə müəllif “oymaqlarım” məfhumunu işlədərkən, məhz xitab şəklində işlədir. Müəllif xitabı elə şeirinin adına da çıxarır. Məsələn, “Çox sıxırsan məni, dünya” şeirində bunu müşahidə edirik. Əsasən, isimlərlə və ismi birləşmələrlə ifadə olunan xitabların həm canlılara, həm də cansızlara aid edilməsi məqamı müəllifin poetik nümunələrində özünü göstərir. Maraqlı məqam şairin şeirlərində uca Yaradana ey Tanrım, ya Rəbbim, ay Allah və s. deyə xitab edilməsi müəllif mövqeyini əks etdirir. Məsələn, şairin “Dünya” şeirində “Ümidimiz təkcə sənədir, Allah”, “Olaydım” şeirində “Deyirəm, ay Allah, bu gen dünyada” kimi Allaha xitab edilməsi özünü göstərir. Bu xitablar söz birləşməsi olmadığından sadə xitablardır.

Ömrüm boyu kədər gördüm, qəm yedim.

Eyləmə dünyanı padar, ey Tanrım.

Səndən bir huzurlu həyat istədim.

Nə dövlət istədim, nə var, ey Tanrım.

Müəllif şeirlərində istifadə etdiyi atalar sözləri ya olduğu kimi, ya da dəyişikliyə uğradaraq təqdim edir. Məsələn, “Bu, sənin öz niyyətindir” şeirində şairin atalar sözünü olduğu kimi, həm də əsas məğzinin saxlayaraq, özünəməxsus şəkildə poetik dillə təqdim etməsini müşahidə edirik. “Özgəyə quyu qazan özü düşər” atalar sözünü müəllif belə təqdim edir:

Başqasına quyu qazmaq,

Taleyini özü yazmaq,

Və ya

Qurursan hamıya tələ.

Bir gün öz başına gələ.

Hürzad Əhmədli atalar sözünü olduğu kimi də poetik nümunələrində təqdim edir:

“Nə tökərsən öz aşına

O da çıxacaq qarşına”.

Bir gün daş düşsə başına

Bu, sənin öz niyyətindir.

Şair şeirlərində istifadə etdiyi atalar sözləri və məsəlləri ilə şeirin, bədii sözün yarandığı sirli məqam haqqında düşüncələrini ifadə etməyə cəhd edir.

Другие новости