Məlumdur ki, Azərbaycan–İran ədəbi əlaqələri dünya şərqşünaslıq elminin mühüm bir qolunu təşkil edir. Bu bir danılmaz faktdır ki, Azərbaycan və qonşu İran xalqının mədəniyyət və ədəbiyyatının çox qədim tarixi əlaqələri mövcud olmuşdur və bu xalqların ədəbiyyat və mədəniyyətlərinin bir-birinə qarşılıqlı təsiri məsələləri, həmçinin ədəbi abidələrin tədqiqi, nəşri və öyrənilməsi işi bu gün də davam etməkdədir.
Qeyd etməliyəm ki, XX əsrdə İran nizamişünaslığının inkişafının istiqamətləri və problemlərinə dair 2012-ci ildə "Elm” nəşriyyatında çap olunan "Nizami Gəncəvi İran ədəbiyyatşünaslığında: tədqiqatlar, elmi-tənqidi mətnlər və tərcümələr” adlı monoqrafiya həsr etmişəm. Bu monoqrafiyada İranın bir sıra görkəmli alimlərinin, o cümlədən Vəhid Dəstgirdi, Səid Nəfisi, Əli Əkbər Şəhabi, Zəbihulla Səfa, Bəhruz Sərvəti və başqalarının tədqiqat və nəşrləri əsasında XX əsr İran nizamişünaslığının təşəkkülü və inkişafı ətrafında araşdırma aparmışam. Monoqrafiyada Nizaminin "Divan”ı və "Xəmsə”sinin elmi-tənqidi mətnlərinin İranda hazırlanması və nəşri, şairin tərcümeyi-halı və əsərlərinin ideya-məzmun baxımından təhlili, habelə sənətkarlıq xüsusiyyətlərinin öyrənilməsi araşdırmaya cəlb olunmuş, İran nizamişünaslığının nailiyyət və nöqsanları göstərilmişdir.
Təqdim olunan bu məqalədə məqsəd müasir İran nizamişünaslığının hazırkı durumu, yeni nəşrlər və tədqiqatların nəzərdən keçirilməsi, Azərbaycan nizamişünaslığını narahat edən bir sıra ciddi problemlərin təhlil olunmasıdır.
İlk öncə qeyd etmək lazımdır ki, İranda mütəmadi şəkildə Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuş müxtəlif elmi-kütləvi tədbirlər nəzərdə tutulur, müəyyən olunmuş xüsusi prinsiplər əsasında, ədəbiyyat tarixçiləri tərəfindən daim Nizaminin tərcümeyi-halı gündəmə gətirilir, əsərlərinin bədii-elmi təhlili aparılır. Nizami Gəncəvinin həyat və yaradıcılığına, poeziyasının Şərq, eləcə də dünya mədəniyyətinə təsiri problemlərinə həsr olunmuş konfranslar mütəmadi şəkildə keçirilir. Beləliklə, İranda Nizami şəxsiyyəti və onun "Xəmsə” yaradıcılığı mühüm tədqiqat obyekti olaraq bu gün də qalmaqdadır.
XX əsrin sonlarından başlayaraq, dünya elmində yeni təfəkkür formalarının təşəkkül tapması, demokratik ideyaların inkişafı İran nizamişünaslığına da öz təsirini göstərmişdir. Mənbəşünaslıq baxımından bir sıra görülən işləri nəzərdən keçirmək vacibdir.
Qeyd etmək lazımdır ki, İranda V.Dəstgirdi, S.Nəfisi, B.Sərvəti nəşrlərindən və araşdırmalarından sonra Nizami əsərlərinin çap işi sonralar da davam etdirilmişdir.
Əbdülhüseyn Zərrinkub, Barat Zəncani, Əhməd Mənzuri, Əmin Seyid Hüseyni, Seyid Hüseyn Rza, Səccadi Ziyaəddin, Mehdi Mahuzi, Əlirza Nəbilu, Məhəmməd Rouşən, Məhəmməd Xatəmi və başqaları Nizami Gəncəvi irsinin nəşri və tədqiqi işində əhəmiyyətli işlər görmüşlər.
Nizaminin "Divan”ı və "Xəmsə”sinin nəşri işində İran alimi doktor Barat Zəncaninin rolunu qeyd etmək lazımdır.
Əslən azərbaycanlı olan Doktor Barat Zəncani hicri 1303-cu ildə Zəncanda dünyaya göz açmış, Təbriz və Tehran Universitetlərində təhsil almışdır. O, Nizami Gəncəvi "Xəmsə”sinə daxil olan poemaların, həmçinin şairin "Divan”ının elmi-tənqidi mətnini hazırlamış, Tehran Universiteti nəşriyyatı tərəfindən çap etdirmişdir.
Məlumdur ki, vaxtilə dünyada böyük nüfuza malik mənbə kimi qəbul olunan Vəhid Dəstgirdi nəşrlərində həm də nöqsanlar mövcud idi. Vəhid Dəstgirdi mətnləri hazırlayarkən Nizami beytlərinə yazdığı şərhlərdə şairin "Xəmsə”də yer almış türk xalqına məhəbbətini, vətəni Azərbaycana bağlı duyğularını nəzərə almamış, şairin türkçülüklə bağlı görüşlərini təhrif etməyə çalışmış, özünün şərhlərində ciddi səhvlərə yol vermişdir. Bu haqda bundan əvvəlki tədqiqatımda qeyd etmişəm ki, "Составленный Вахидом Дастгирди на основе 30 древних рукописей текст поэмы "Хосров и Ширин” два раза издавался в Тегеране – в 1313 и 1335 годах хиджры. Эти издания также не свободны от некоторых искажений и недостатков, которые советские низамиведы подвергли серьезной критике, многократно подчеркивая как положительные, так и отрицательные их стороны” [1, s.50].
Nizami Gəncəvinin "Məxzənül-əsrar” ("Sirlər xəzinəsi”) poemasının Barat Zəncani nəşri bir sıra məziyyətlərilə diqqəti cəlb edir. Məlumdur ki, o, Nizaminin "Sirlər xəzinəsi”nin elmi-tənqidi mətnini hazırlayaraq, 1374-cü ildə Tehran Universiteti nəşriyyatında çap etdirmişdir. Bu nəşrdə ilk öncə Nizami əsərinin Azərbaycana xas səbkinin qorunması mühüm əhəmiyyət kəsb edir.
Bu cəhəti xüsusi qeyd etmək lazımdır ki, mətnşünas alim ciddi səylə hazırladığı Nizami poemalarının elmi-tənqidi mətnlərində Azərbaycan ədəbi məktəbinin xüsusiyyətlərinin qorunmasına, Nizami əsərində işlənən türk sözlərinin saxlanmasına, atalar sözləri və xalq ifadələrinə mətndə xələl gəlməməsinə xüsusi diqqət yetirmişdir. Məlumdur ki, bir sıra görkəmli şərqşünas alimlər, o cümlədən Y.E.Bertels də XI-XII əsrlərdə yaranmış Azərbaycan ədəbi məktəbini Şərqin ayrıca poetik məktəblərindən biri kimi öyrənmiş, Qətran Təbrizidən başlayaraq, Azərbaycan şairlərinin yaradıcılığının əsas xarakterik cəhətlərini, onların üslub ümumiliyini müəyyənləşdirmişdir [2, s.25].
Bu dövrdə Azərbaycan ədəbi məktəbi nümayəndələrinin əsərlərinin lüğət tərkibi, türk dili və üslubunun təsiri, açıq-aydın görünən milli dil elementlərinin qorunması hər hansı bir mətnin nəşri işində mühüm şərtlərdəndir. Barat Zəncani öz işlərində bu şərti gözləmiş, Nizami mətnlərini səhih nəşr etməyə çalışmışdır. "Məxzənül-əsrar”ın elmi-tənqidi mətnində müxtəlif nüsxə fərqlərinin seçilməsi, əsas variantların qorunması faktı bunu sübut edir. Azərbaycan xalq dilinə məxsus elementlərin bu mətndə izlənməsini aşağıdakı nümunədə görürük:
دشمن دانا كه غم جان بود
بهتر از آن دوست كه نادان بود
[3, s.150]
Canın qəmi (qənimi) olan ağıllı düşmən
Nadan dostdan yaxşıdır.
Şairin "Xosrov və Şirin”, "Həft peykər”, "Leyli və Məcnun”, "İskəndərnamə” ("Şərəfnamə” və "İqbalnamə”) poemalarının Barat Zəncaninin hazırladığı mətn əsasında nəşrləri də mühüm əhəmiyyətə malikdir. Alim Nizami mətnlərini dürüst anlamış, şərhlərində əsas mənbə olaraq Nizaminin öz yazdıqlarını əsas tutmuş, həmçinin tədqiqlərini elmi-müqayisəli metod əsasında aparmışdır.
Nizaminin "Həft peykər” ("Yeddi gözəl”) əsəri 1994-cü ildə Tehranda Barat Zəncani tərəfindən nəşr edilmişdir. Bu əsərin çapında mötəbər nüsxə olaraq, Yan Ripkanın hazırladığı Praqa nəşri əsas götürülmüşdür. Buna baxmayaraq, mətndə Azərbaycanın mətnşünas-alimi Tahir Məhərrəmov tərəfindən hazırlanmış Moskva, 1987-ci il nəşrinin də təsiri görünməkdədir.
Barat Zəncani, eyni zamanda Nizaminin həyat və yaradıcılığı ətrafında da ayrıca tədqiqatlar aparmışdır. O, hicri 1377-ci ildə Tehranda çap olunan "Nizami "Xəmsə”sində obrazların təsviri” adlı əsərində Nizami Gəncəvi poemalarında yer alan Xosrov, Şirin, Leyli, Məcnun kimi obrazlar, onların daxili aləmi, gözəllik və qəhrəmanlıqlarının, əxlaqi keyfiyyətlərinin təsvirini tədqiqata cəlb edir, Nizami əsərlərinin daşıdığı fəlsəfi-ideya mahiyyəti, şairin humanist görüşləri ətrafında araşdırmalar aparır.
Barat Zəncani həmçinin Nizaminin "Divan”ını da hicri 1391-ci ildə nəşr etdirmişdir. Müəllif Nizami "Divanı”nın tam şəkildə əlimizə gəlib çatmadığını da qeyd etmişdir [4].
Qeyd etmək lazımdır ki, İran alimlərinin əksəriyyəti Nizami Gəncəvinin həyatı və tərcümeyi-halına dair təzkirələrdəki yanlış məlumatları, eləcə də Vəhid Dəstgirdi, M.Moin, Əli Əkbər Şəhabi, Zəbihulla Səfa və başqaları tərəfindən olunmuş təhrifləri təkrarlamışlar. Barat Zəncani də şairin həyatına dair araşdırmalarında bəzi təhriflərə yol vermişsə də, onun nəşr və tədqiqləri dünya nizamişünaslığının inkişafında əhəmiyyətli rol oynamışdır.
Nizami əsərlərinin İranda nəşri mütəmadi şəkildə aparılır. Son dövrlərdə Mehdi Mahuzinin "Məxzənül-əsrar”a yazdığı şərhlər kitabının (h.1395) və Məhəmməd Rouşənin təshihi və nəşrilə "Həft peykər”əsərinin çapı (h.1394) buna parlaq sübutdur. Qeyd olunmalıdır ki, İranda Nizami Gəncəvi əsərlərinin təkrar nəşrləri mütəmadi şəkildə aparılır.
İran nizamişünaslığının tarixində Nizami Gəncəvinin ədəbi mühiti və həyatının öyrənilməsi işində Əbdülhüseyn Zərrinkubun tədqiqlərini xüsusi qeyd etmək lazımdır. O, özünün "Gəncə Piri” (h.1372) əsərində Nizaminin doğulub boya-başa çatdığı Gəncə şəhəri, onun strateji əhəmiyyəti, tarixi, mədəniyyəti haqqında mənbələrə əsasən araşdırma aparmış, şairin həyatı və yaradıcılığı haqqında müfəssəl məlumat vermişdir [5].
Bundan əlavə, İranın Tehran, Məşhəd, İsfahan, Gilan, Rəşt və başqa şəhərlərində keçirilən Beynəlxalq konfranslarda mütəmadi şəkildə Nizami Gəncəvinin həyat və yaradıcılığına dair müxtəlif problemlər yer alır. Vaxtaşırı Azərbaycan alimlərinin də qoşularaq məruzələrlə iştirak etdikləri bu konfranslar mühüm elmi əhəmiyyətə malikdir.
Hicri 1388-ci ildə İslamşəhrdə Azad İslam Universitetində "Həkim Nizami Gəncəviyə həsr olunmuş regional konfrans” keçirilmişdir [6].
Bu konfransda Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuş onlarla məruzə dinlənilmiş, nizamişünaslığın mühüm elmi problemləri tədqiqat obyektinə çevrilmişdir. "Nizaminin "Məxzənül-əsrar”ının dili – musiqi yaradıcılığı”, "Nizami əsərlərində musiqi istilahları”, "Gəncəli Nizaminin düşüncələri”, "Pənc Gənc” (Xəmsə) mənzumələri müasir İran ədəbiyyatında”, "Nizami şeirində astronomik inanclar”, "Huş Ruba qalasının Nizami Gəncəvinin "Yeddi gözəl” əsərindəki Qırmızı günbədlə müqayisəsi”, "Nizami "Xəmsə”sində günəşin təsviri”, "Nizami Gəncəvinin kəlam haqqında görüşləri”, "Xosrov və Şirin”, "Leyli və Məcnun” əsərlərində təlim və əxlaq” və sair mövzularda məruzələr dinlənilmişdir.
http://artkaspi.az/az/nizami-gencevi-irsi-barat-zencaninin-tedqiqatlarinda-gulcin-babayeva-yazir/#.YCuVo48zapo