Menu
Национальная Академия Наук Азербайджана
Институт литературы имени Низами Гянджеви

Тахира Мамед. Литературные мероприятия Шуши: Функции и миссии

20-11-2020 [ 11:12 ] [ прочитано:96 ]
printerA+ | A-

   Azərbaycanımızın qədim mədəniyyət məkanlarından biri kimi tanınan Qarabağda xanlıqlar dövründən sonra ədəbiyyat və sənət daha da çiçəklənib inkişaf etdi. Molla Pənah Vaqifin Qarabağ sarayında yaşayıb fəaliyyət göstərməsi xanlığın söz, sənət adamlarına verdiyi dəyərin göstəricisidir. Hakim dairələrin sözü, sənəti yüksək qiymətləndirməsi ilə bərabər Qarabağın möcüzəvi təbiətinin insana aşıladığı yaradıcı ruh Şuşada qeyri-adi yaradıcılıq mühiti formalaşdırmışdı. Təsadüfi deyil ki, Qasım bəy Zakir, Baba bəy Şakir, Məhəmməd bəy Aşiq, Natəvan, Nəvvab, Fatma xanım Kəminə, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Yusif Vəzir Çəmənzəminli, Üzeyir Hacıbəyli, Əhməd Ağaoğlu kimi yazıçı və mütəfəkkirlərimiz Şuşada yetişib yaradıcılığa başlayıblar.

Şuşanın necə bir mədəniyyət mərkəzi olmasını, mədəniyyətimizin inkişafına verdiyi töhfələri elə Qarabağ ədəbi məclislərinin fəaliyyəti nümunəsində görə bilərik.

Acınacaqlı haldır ki, Şuşanın ərazisini yox, həm də mədəniyyətini mənimsəmək iddiasında olan mənfur qonşularımız heç bir əsas və fakt olmadan XIX əsrdə Şuşada mədəniyyətin inkişafının belə onlara aid olması təsəvvürünü formalaşdırmağa çalışırlar. Xarici dövlətlərdən yardım istəyib yalvaran erməni liderləri XIX sərdə Şuşanın mədəniyyət mərkəzi olduğunu qeyd edərkən dünya ictimaiyyətində yanlış rəy formalaşdırmağa çalışırlar. Şuşanın onlara heç bir dəxli olmamasına tutarlı cavablardan biri də orada yaranan ədəbiyyat, sənət inciləri, XIX əsrin ədəbi məclisləridir.

Dünya, eləcə də Şərq mədəniyyətində ədəbi məclislər xüsusi mədəni təsisat, institut kimi qədim dövrlərdən mövcud olmuşdur. Şərqdə, eləcə də Azərbaycanda onlar, əsasən saraylarda yaradılıb və üzvləri hökmdarların himayəsində olub.

Azərbaycanda ədəbi məclislərin müstəqil fəaliyyəti xanlıqların süqutundan sonra inkişaf etməyə başlayıb. Xanlıq mərkəzlərinin yerləşdiyi və ya onlara yaxın şəhərlərdə ədəbi məclislər yaranıb. Ədəbi məclislər siyasi hakimiyyət əldən getdikdən sonra mədəni hakimiyyəti ələ alan, mədəniyyətin, maarifin, milli ideologiyanın inkişafına təkan verən mərkəzlər funksiyasını yerinə yetirib. Təəsüf ki, onların mədəniyyət və fikir tariximizdə icra etdiyi rol lazımi səviyyədə araşdırılıb dəyərləndirilməyib. Mərhum ədəbiyyatşünas Nəsrəddin Qarayevin hələ sovet dövründə ədəbi məclislər, onların təmsilçiləri haqda apardığı tədqiqatlar son dərəcə əhəmiyyətlidir. Müstəqillik dövründə ayrı-ayrı ədəbi məclisləri araşdıran alimlərimiz ədəbiyyat tarixini məclis üzvlərinin bədii və pedaqoji fəaliyyətləri haqda yeni məlumatlarlara zənginləşdiriblər. Lakin məclislərin stsus və funksiyası, strateji əhəmiyyəti məsələlərinə aydınlıq gətirmək üçün yeni tədqiqatlara və elmi dəyərləndirmələrə tələbat var.

XIX əsr Şuşa ədəbi məclisləri özünün çoxyönlü funksiyası, ədəbiyyata, mədəniyyətə, maarifə verdiyi töhfələri ilə fərqlənir. Mənbələrdə ən çox adı çəkilən Şuşa məclisləri "Məclisi-üns" və "Məclisi-fəramuşan"dır. Bunlardan başqa, Cəfərqulu xan Nəvanın sarayında fəaliyyət göstərən, azsaylı şair və sənət adamlarını bir araya gətirən üçüncü bir ədəbi məclisin də varlığı qeyd olunur. Bir şəhərdə öz ətrafına yaradıcı şəxsləri yığan üç ədəbi məclisin mövcudluğu həmin məkanın mədəniyyət tarixində tutduğu möhtəşəm mövqedən xəbər verir.

"Məclisi-üns" və "Məclisi-fəramuşan" ədəbi məclislərini mədəni təsisat kimi nəzərdən keçirdikdə Qarabağ ədəbi-mədəni mühiti haqda müəyyən təsəvvür formalaşır.

Ədəbi məclislər ilk növbədə şeir-sənət məktəbi idi. Burada şeirlər, məsnəvilər yazılır, ədəbi müzakirələr aparılır, şeir normaları öyrədilir, nəzirələrlə ənənələr möhkəmlədilir və gələcək nəsillərə ötürülürdü.

Hər iki ədəbi məclisdə təzkirələr yazılıb. "Məclisi-üns"də Müctəhidzadənin "Riyazül-aşiqin", "Məclisi-fərmuşan"da Nəvvabın "Təzkireyi-Nəvvab" və Həsən xan Qaradağinin təzkirələri. Bundan əlavə, Qarabağ şairlərinin tərtib etdiyi cünglər də var. Təzkirə və cünglər ədəbiyyat tarixi elmimizin mühüm qaynaqları və sənədləri olduğu üçün Şuşa ədəbi məclislərinin elmimizə mühüm töhfələri kimi dəyərləndirilə bilər.

Məclis yığıncaqlarında yazılan şeirlərin müzakirəsi, forma-məzmun xüsusiyyətlərinin dəyərləndirilməsi ədəbi tənqid və ədəbi prosesin inkişafına öz təsirini göstərməkdə idi.

Şeir, sənət məktəbi kimi şeirşünaslıq elminin qayda və normalarının öyrədilməsi, qorunması ədəbi məclislərin bəlağət və poetika məktəbi kimi də əhəmiyyətini müəyyənləşdirir.

Ədəbi məclislər həm də musiqi məclisi idi. Tarzən Sadıq (Mirzə Əsəd oğlu Sadıq - Sadıqcan), Hacı Hüsü, Məşədi kişi, Kaştazlı Haşım, Molla Abbasqulu, Molla Vəli, Məmməd Qaryağdı, Məşədi Dadaş və başqa xanəndələr ədəbi məclislərdə fəal iştirak edirdilər. Musiqi məclisləri bəzən şeir məclisləri ilə birlikdə olsa da, onlara xüsusi günlər də ayrılırdı. Həmin vaxtlar "Məclisi-üns"də musiqi məclislərinə Növrəs başçılıq edirdi. Nəvvab özü həm də musiqişünas olduğundan "Məclisi-fəramuşan"ın musiqi yığıncaqlarını həm özü, həm də Hacı Hüsü aparırdı. Hacı Hüsü "Məclisi-fəramuşan"ın içərisində "Xanəndələr məclisi" də qurmuşdu. Nəsrəddin Qarayev yazır ki, Məşədi İsi, Kaştazlı Haşım, Hacı Hüsü, İslam Abdullayev, Mirzə Muxtar, Malıbəyli Həmid və qeyri xanəndələr həmin məclisin üzvü olmuşlar. Qarabağda muğam, ifaçılıq o qədər inlişaf etmişdi ki, o dövrdə Şuşada Bülbül təxəllüsü daşıyan üç müğənni vardı. Müğənnilərin birinə yox, bir neçəsinə ifasına və səsinə görə Bülbül təxəllüsü verilməsi artıq bülbüllüyü təxəllüsdən çıxarıb sənətdə dərəcə mövqeyinə gətirir.  Daha sonra Azərbaycanı dünya səviyyəsində tanıdan və əslən Şuşadan olan opera müğənnimiz, vokalist Murtuza Məmmədovun da Bülbül adını qazanması Qarabağda mövcud olan həmin ənənənin davamıdır.

Məclislərdə musiqiyə elmi münasibət bəslənirdi, muğam normalarına əməl etmək tələb olunurdu. Nəvvab ədəbi məclisdə fəaliyyəti dövründə musiqiyə həsr etdiyi "Vüzuül-ərqam" əsərini yazmışdı.

İncəsənətin fərqli növlərini əlaqədə təqdim edən Şuşa ədəbi məclisləri həm də rəssamlıq, xəttatlıq fəaliyyətini də mərkəzləşdirən mədəniyyət ocaqları idi.

Qərb nəzəriyyələrində XIX əsrdən ədəbiyyat incəsənətin bir növü kimi dəyərləndirilməyə başladı. XX əsrin ilk onilliklərində bu baxış bizdə yazılan nəzəriyyəyə aid məqalə və dərsliklərdə öz əksini tapdı. Şuşa ədəbi məclislərində isə bu problem praktiki şəkildə öz həllini tapmışdı; incəsənət və ədəbiyyat vəhdətdə təqdim olunur, söz və musiqinin əlaqəsi haqda nəzəri müddəalar irəli sürülürdü.

Natəvan gül rəsmləri çəkir, həm də gülə-çiçəyə şeir yazırdı. Hətta onun çəkdiyi rəsmlərə məclis üzvləri də şeir həsr edirdi; Mirzə Həsən kimi.

"Məclisi-fəramuşan" üzvü Mirzə Məhəmməd Katib xəttatlığı ilə seçilir, Həsən xan Qaradaği yaxşı xətti olduğu üçün sifarişlə mühüm əsərlərin üzünü köçürürdü.

Azərbaycanın bütün bölgələrində, o cümlədən Şuşada ədəbi məclislər dövrün ziyalılarını bir araya gətirən, mühüm hadisələrin müzakirə olunmasına xidmət edən mərkəz funksiyasını da yerinə yetirirdi.

Şuşa ədəbi məclislərində elmin inkişafına yüksək dəyər verilir, şəhərin elm xadimləri ədəbi məclislərlə sıx əlaqə saxlayırdı. "Məclisi-ünsün" təməlləri Şuşanın elm və təhsil mərkəzi kimi tanınan Əbülqasım mədrəsəsində atılmışdı. Şairliyi ilə bərabər alim kimi də tanınan Nəvvab "Təzkireyi-Nəvvab"da Şuşada yaşayan alimlərə və müəllimlərə də yer ayırmışdı (Molla Abbas Cavanşir, Mirzə Heydərqulu Təbib, Mirzə Əli Təbib, Mirzə Əli Aşiq və s. ).

Yeni tipli, üsuli-cədid məktəblərinin əməli fəaliyyəti, dərsliklərin yazılması həm Şuşada, həm də bütövlükdə Azərbaycanın bütün bölgələrində ədəbi məclislərin  qabaqcıl təmsilçilərinin iştirakı ilə gerçəkləşirdi. Qarabağda Nəvvab, Qaradaği dərsliklərin tərtibi və yazılmasında fəallıq göstərirdilər. Qaradaği Çerniyayevskiyə "Vətən dili" dərsliyinin yazılmasında yaxından kömək etmişdir.

Milli bayramlarımızın, xüsusən Novruzun təşkili və keçirilməsi işlərinə də mədəni mərkəz kimi ədəbi məclislər başçılıq edib. "Məclisi-üns" üzvü Mirzə Ələsgər Növrəs Novruz bayramlarında "padşah" seçilirdi. Bu mənada, ədəbi məclislər həm də xalqın adət-ənənəsini, etnoqrafiyasını yaşadan bir təsisat idi.

Ədəbi məclis üzvlərinin Azərbaycan tarixinin yazılıb yaşamasında da xidmətləri var. Təsadüfi deyil ki, Azərbaycan tarixinə aid ilk sistemli elmi əsər ("Gülüstani-İrəm") müəllifi "Gülüstan" ədəbi məclisinin rəhbəri Abbasqulu ağa Bakıxanovdur. Şuşa ədəbi məclisləri də tariximizə qiymətli məxəzlər bəxş etmişdir. Nəvvabın uzun illər elmi ictimaiyyətdən gizli saxlanan "1905-1906-cı illərdə erməni-müsəlman davası" əsəri xalqımızın keşməkeşli tarixini faktlar əsasında dəyərləndirmək baxımından qiymətli tarixi qaynaqdır. "Məclisi-ün"s üzvü Mirzə Həsənin "Rəsmi-vilayəti-Qarabağ və şəhri-Şişə" ("Qarabağ vilayəti və Şuşa şəhərinin adətləri") məsnəvisi də bədii olmaqla bərabər, tarix, etnoqrafiya baxımından da araşdırılası qiymətli məxəzdir. Bundan əlavə, məclis üzvlərinin ictimai-real motivli şeirlərində çarizmin o dövrdə Qarabağda apardığı işğalçı siyasətə, erməniləşdirmə probleminə aid bədii nümunələr var. Məmo bəy Məmainin aşağıdakı şeir parçasında olduğu kimi:

 

Ey fələk, nə fəsad bərpa eylədün,

Aləmi fitnəvü-qovğa eylədün.

Bu cənnət Şuşanı xərabə qoydun,

Onu atəşə mübtəla eylədün.

 

Şairlərimiz təkcə Qarabağda, Azərbaycnda şahidi olduqları hadisələrə yox, qlobal proseslərə də şeirlər həsr edirdilər; Məmo bəy Məmainin ingilislərin Şərqdə müstəmləkəçilik siyasətinin əleyhinə yazdığı şeir kimi.

Bölgələrdəki məclis üzvlərinin məktublaşmaları, görüşüb fikir bölüşmələri Azərbaycan ziyalıları arasında mövqe yaxınlığının inkişafına yardım edirdi. Qarabağ ədəbi məclisləri Şamaxı, Naxçıvan ədəbi məclisləri, Qaradağ, Ərdəbil şairləri ilə sıx əlaqə saxlayırdılar.

Klassik şeir ənənəsinin aparıcı yer tutması ilə bərabər Şuşa şairləri heca vəznində də şeirlər yazırdılar. Qarabağda Vaqif ənənələri ədəbi məclislərdən kənarda olduğu kimi, məclislərdə də davam etdirilirdi. Ədəbi məclis təmsilçilərinin xalq şeiri tərzində yazmasına əhəmiyyət verən Həsən bəy Zərdabi onlara bu tip şeirləri aşıqlara verməyi, xalq şənliklərində oxutmağı, xalqı maarifləndirməyi tövsiyyə etmişdi. Bu isə xalq və ziyalı ünsiyyətini artırır, cəmiyyətdə maariflənmənin təşkilinə yol açırdı.

Ədəbi məclislərin özünəxas ədəb-ərkan, nizam-intizam, davranış normaları var idi, burada nalayiq hərəkətə, sözə yol vermək olmazdı. Belə hərəkət edənlər məclis üzvləri tərəfindən tənqidə məruz qalır, qınanır, onlar haqda tənqidi şeirlər yazılırdı. Ədəb-ərkan gözlənilməsi ilə onlar sufi məclislərini də xatırladır. Şairlərin bir-birinə yazdıqları məktub və şeirlərdə son dərəcə yüksək, kübar müraciət formalarından istifadə olunur.

Ədəbi məclislərdə sayılıb-seçilən şairlərə təxəllüslər verilirdi. Təxəllüsü məclis üzvləri və ya mühitin məşhur söz sahibləri verirdi. Fənanın Natəvana, Mehdiquluya təxəllüs verməsi, Nəvvabın Həsən Qarabağiyə təxəllüs seçməsi kimi.

Digər məclislərdə olduğu kimi Şuşa məclislərində də qəzəl ən çox müraciət edilən janr olmaqla şairlər məsnəvi, təmsil, satira da yazırdılar. Satirik ruhlu şeir yazanlar içərisində Mirzə Həsən, Məmo bəy, Nəvvab fərqlənirdi. Dini mövzulu əsərlər - məqtəl, mərsiyyə, növhə də Şuşa məclislərində az yazılmamışdı. Qarabağda şəbih tamaşalarının xüsusi yeri olması, insanların dini inancı, işğalçı güclərin törətdiyi qətl və qırğınlar dini məzmunlu ədəbiyyatın yaranmasını aktuallaşdırmışdı. 

Şuşa ədəbi məclislərində ənənəvi didaktik janr olan nəsihətnamə ənənəsi də davam etdirilirdi. "Məclisi-üns"də Növrəs, Mirzə Həsən, "Məclisi-fərmuşan"da Nəvvab nəsihətnamə yazmışdı.

Qadınların kişilərlə bir məclisdə fəaliyyət göstərməsi Qarabağ ədəbi məclislərinin əsas özünəməxsusluqlarından biri idi. Qeyd etmək lazımdır ki, o vaxt Qarabağ qadınları öz fəallıqları ilə seçilirdilər - həm yaradıcılıqda, həm də xeyriyyəçilikdə. Şairlər Natəvan, Fatma xanım Kəminə, aşıq Pəri ədəbiyyat tarixində fərqli yerə sahibdirlər. Natəvan, Gövhər ağa, Qara Pirimli Nigar, Fatma xanım Kəminə xeriyyəçi kimi də tanınmışdılar. Qadınların xeyriyyəçilik fəaliyyəti özü də müəyyən ənənəyə bağlıdır. Qədim türklərdə qadına yüksək dəyər verilir, orta əsrlərin dünyagörüşü kimi yayılan əxilik hərəkatında qadının bir çox sosial fəaliyyətdə, eləcə də hakimiyyətdə iştirakını təmin edən statusu var idi. Xeyriyyəçilik qadınların əsas fəaliyyət sahələrindən biri sayılırdı. Qarabağ xanımları həm birgə fəaliyyət, həm idarəçilik işləri ilə həmin ənənəyə bağlı idilər. Xurşidbanu bəyim kimi tanınan Natəvana həsr olunmuş şeirlərdən bir neçəsində (Həsən Qarabaği və Nəvvabın şeirində) ona hətta ağa deyilməsi ilə də rastlaşırıq.

Şuşa ədəbi məclisləri XIX əsrdə Azərbaycanda mədəni ideologiyaların inkişafında da mühüm rol oynamışdır. İslamçılıq, türkçülük, azərbaycançılıq, müasirləşmə ideologiyalarının mədəni təzahürlərinə aid sənətkarların yaradıcılığından çoxsaylı misallar gətirmək olar.

Bəzən belə fikirlərə rast gəlirik ki, ədəbi məclis üzvlərinin çoxusu zəif şairlər olub. Bu, onların yaradıcılığının bütövlükdə üzə çıxarılıb, çap olunub araşdırılmaması ilə bağlıdır. Məclislərdə aparılan müzakirələr, şeir, sənət tələbləri orada zəif nümunələrin yazılma ehtimalını azaldır. Burada yaşanan ciddi yarışma və rəqabət, şeir, sənət dəyərləndirməsi, ustadların məclisə rəhbərlik etməsi zəiflərin və dözümsüzlərin sona qədər getməsinə imkan verməzdi.

Qarabağ ədəbi mühiti onun təbiəti qədər zəngin və rəngarəngdir. Öyrənilib araşdırılması, təbliği humanitar fikrimizin inkişafına xidmət etməklə bərabər, həm də onu sahiblənmək istəyən yadları, düşmənləri susdurar.

 

Tahirə Məmməd

professor

"Ədəbiyyat qəzeti", 2020, 16 noyabr