Menu
Национальная Академия Наук Азербайджана
Институт литературы имени Низами Гянджеви

Айгюн Багырлы. Чудесная и чистая Шуша

20-11-2020 [ 10:59 ] [ прочитано:117 ]
printerA+ | A-

Şuşa haqqında birinci yazımı 92-ci ilin qışında - aramıza ilk qar yağanda yazmışdım. İlk dəfəydi qış mənim üçün elə sərt və soyuq görünmüşdü. Sonradan o soyuqluq ruhumuza çökdü, elə çökdü ki, baharda da isinə bilmədik. Al-əlvan çəmənlərdə xarıbülbül axtaran gözlərimiz üşüdü. Bütün gəncliyimiz üşüdü. Xəyallarımızın qibləsi, yuxularımızın başkəndi oldun. Yuxularımıza gəlməyəndə yuxularımız üşüdü. Bəzən ürəyimizin istisi sözlərimizi isidə bilmədi, sözlərimiz üşüdü. Niskilin üşütdü bizi, Şuşa!

  Təkcə torpaq, yurd yeri deyilsən bizim üçün, xəritəmizdə və ürəyimizdə yerin bir başqadır. Mənəviyyatımızın, qürurumuzun, kimliyimizin başkəndisən. Ömründə Şuşanı görməyən hər bir soydaşımız üçün kutsal və mənəvi məkan, ata ocağısan, Şuşa! Sənsiz utana-utana yaşadıq. Dünya salonlarını titrədən himnimizi Üzeyir bəyin vətənində səsləndirə bilməyəndə utandıq. Xan qızının güllələnmiş heykəlinin yol çəkən gözlərindən utandıq. Axşamüstü qayalarında havalanmayan qərib Qarabağ şikəstəsindən utandıq. Dağlarının vəsfi - qırmızı qoftalı, yaşıl tumanlı müqəddəs bayrağımızın zirvəndə dalğalanmamasından utandıq, Şuşa!

  Qorxurdum, elə qorxurdum ki, Səni görmədən böyüyən nəslin sənə biganə olacağından qorxurdum. Amma içindəki vulkana, sevdaya 28 il səssiz-səssiz lay-lay çalan Azərbaycan 40 günə bütün dünyaya Şuşa sevdasını nümayiş etdirdi. Azərbaycan yeni eşq dastanı ilə tarixə və dünyaya dərs keçdi. Bizdə eşqin Məcnunun timsalında səhra modeli də var idi, Fərhadın timsalında qaya-külüng modeli də. Azərbaycan əsgəri XXI əsrdə Şuşada yeni eşq dastanı yazdı. Təqvimdə və taleyimizdə maraqlı və təlatümlü görünən 2020-ci ilin bir payız gününü bahara çevirdi. Tarixə və təqvimə Şuşa Günü yazdı. XXI əsrin bir düyməylə idarə olunan silah və texnikası ilə yox, xəncərlə, bıçaqla, əlbəyaxa döyüşlə, qanı, təri, ruhu ilə fəth etdi səni, Şuşa! Sənə bomba atmaqmı olardı, köksünü yaralamağa, bir daşını tərpətməyə, naxışını incitməyə kimin ürəyi gələrdi?

Dünya mediası təəccüb və heyrətlə Şuşadan gətirilən erməni yaralılarının əksəriyyətinin bıçaq, tapança yarası aldığını yazanda biz riqqətləndik, amma təəccüblənmədik. Eyni vaxtda paytaxtda alman jurnalist ordumuzun sərkərdəsinə - Şuşa sizin üçün bu qədərmi qiymətlidir? - deyəndə Ali Baş Komandan əsgərlərin cəbhədə düşmənə verdiyi eyni cavabı verdi. Bəli, Şuşa bizim üçün heysiyyat, qürur məsələsidir. Azərbaycan əsgəri bu eşqlə, bu iman və inamla yola çıxdı və mənzil başına çatdı.

Yadımdadır, hər yay Şuşaya gedəndə uşaqlarla adımızı bir daşa yazır, üstünü başqa bir daşla örtüb qayıdırdıq. Növbəti dəfə gələndə sadəlövhcəsinə adımızı axtarardıq, tapdığımız vaxtlar da çox olurdu. Şuşa, vəfana etibarım o qədərdi ki, 30 il əvvəl bir daş parçasına yazdığım adımı tapmağa gələcəm. Daşını yağış, qar yusa da yadında qaldığına, bizi bağışladığına çox əminəm. Sən Tanrının şüşə içində daşdan qoruduğu möcüzəli və saf Şuşasan, Şuşa!

Aygün Bağırlı

filologiya üzrə fəlsəfə doktoru, dosent

"Ədəbiyyat qəzeti", 2020, 16 noyabr

 

Другие новости