Bayrağı yüksəklərə qaldıran dirək deyil,
o ucalığa sevdalanmış ürəkdir!
Orxan Paşa
Qədim Misir tanrılarının mistik rəsmlərinin, "Xeops"un, "dəhşətlər atası" əfsanəvi Sfinksin qayadan yonulmuş heyrətamiz abidəsinin... bir də qədim Oğuz-Türk məskəni Azərbaycanımızın - Qarabağımızın baş tacı olan Şuşa qalasında tikilmiş qoşa minarəli Yuxarı Gövhər ağa məscidinin... və bir də bəxtinə biçilmiş taleyilə mifə çevrilmiş Xudafərin körpüsünün qeyri-adi vizual təsiri yaddaşıma həkk olunaraq, illər keçsə də zaman-zaman düşüncəmə hakim kəsilməkdə davam edib. Və qəribə də olsa, həmişə mənə elə gəlib ki, aldığım vizual informasiya tarix kitablarındakı bilgilərdən daha aydın, dərin və maraqlıdır...
İllərdir etnopoetik düşüncədə ikiyə bölünmüş vətənin ayrılıq simvolu kimi alınan, ayrı düşmüş ellərin həsrətinə için-için göz yaşı axıdan Arazın üzərində onun hələ qayğısız çağlarında ta qədim zamanlarda salınıb sonralar təbii qayalar üzərində daha möhkəm bir şəkildə, 11 və 15 tağdan ibarət yenidən bərpa-inşa edilən, el-obanı bir-birinə qovuşduran Xudafərin körpüsü... Tarixi yaddaşı qoruyub gələcəyə daşıyan keçid-körpü, milli-mənəvi bütövlük simvolu! Nə biləydin ki, əsrlər keçəcək, vətənimizi ikiyə bölənlər sənin qovuşdurmaq missiyanı yarıda qoyacaq, bu da azmış kimi, tağlarını zorla dağıdıb uçuracaqdılar... Daha ağrılısı isə - 27 il mənfur erməni işğalında qalacaqdın...
Xudafərin körpüsü... Adın çəkiləndə, ilk öncə, yaddaşımda sənin şəkillərdən boylanan obrazın (!) canlanıb, sonra haqq aşiqi Dirili Qurbani, Səfəvi-Qızılbaş ordusu ilə üzərindən Şirvana doğru keçib gedən qüdrətli sərkərdə-hökmdar Şah İsmayıl Xətai, ürəyində Vətən boyda ağrı ilə dünyadan köçən görkəmli yazıçımız Fərman Kərimzadənin "Xudafərin körpüsü" tarixi əsəri və Orxan Paşanın (professor Məhərrəm Qasımlının) sənin son 27 ili də içəriləyən, təxminən, iki əsrdə yaşadığın taleyindən doğan obrazını boyaboy ifadə edən emosional və lirik-sentimental ovqatda yazılmış eyni adlı poetik nümunəsi...
"Bəlkə, sən körpü deyilsən, körpü heykəlisən?!" ritorik sualı ilə başlayan "Xudafərin körpüsü" Orxan Paşanın mövzuya yanaşma tərzi, məzmundan dolayı mətnə həssas münasibət sərgiləməsi, yaratdığı lirik-psixoloji təsir və obrazlı-bədii təsvir effekti ilə oxucunu uyğun ovqata kökləyib düşünməyə sövq edir. Yolçusu, gələni-gedəni olmayan, yurddaşların ayaq izləri üzərində əsrlərdən bəri donub qalan, "sirri bilinməz bir nağıl tilsiminə söykəli" heykəl-körpüdü Xudafərin körpüsü... Axı yol gedildikcə yol, körpü də keçildikcə körpü olur:
Bəlkə, sən körpü deyilsən,
körpü heykəlisən?!
Bəlkə, sirri bilinməz
bir nağıl tilsiminə söykəlisən?! -
Yollarını,
qollarını bağlayıb
bəxtini qara suya çəkiblər...
Bəlkə, səni
tarix kitabları üçün tikiblər?!
Eh, Xudafərin, Xudafərin,
yollardan aralı körpü.
Həsrətli körpü,
yaralı körpü!..
Öz-özlüyündə vizual təsvir effekti yaradan bu kiçik şeiri oxuduqca qeyri-iradi olaraq insanın gözləri önündə tarixə şahidlik edən Xudafərinin kitablardan boylanan yalqızlaşan, sanki kədər haləsinə bürünüb "həsrət mamırında daşları, sütunları can verən", "bir yandan da qoca qolları "El" deyib, "Gəl" deyib, - dəli bir inadla Araz sellərinə imtahan verən", lakin bütün bunlara rəğmən, yenə də dirənib dayanan rəsmi - obrazı canlanır.
Xudafərini həmişə bir obraz kimi düşünmüşəm. O mənim düşüncəmdə, sanki gəlimli-gedimli dünyanın hər üzünü görmüş - vaxtilə Böyük Səlcuq Dövlətinin sultanı Alp Arslanın zəfər yürüşünə, Səfəvi-Qızılbaş ordusunun savaş nidalarına, çarpışan qılıncların cingiltisinə, şığıyan atların ayaqlarından qopan nal səslərinə, Qurbani ilə Pərinin məhəbbət dastanına... şahid olmuş, indi isə ömrünün ahıl çağlarında yaddaşında keçmişin bu silinməz xatirələri, üzündə illərin saldığı izlər-qırışlar, sükunət içində nisgilli, kədərli gözlərini təkcə özünə məlum olan ümid və düşüncələrlə yollara dikmiş bir qoca təsiri yaradıb. Və bu təsirin nəticəsində Dədəm Qorqudun:
Qanı dediyim bəy ərənlər,
Dünya mənim deyənlər.
Əcəl aldı, yer gizlədi,
Fani dünya kimə qaldı
- hikməti yada düşüb...
27 il çəkdi... Amma bitdi!
Dediyin ərənlər gəldilər, Dədəm Qorqud... "Son ucu ölümlü dünya"da neçə və necə ərənləri əcəl alıb yer gizləsə də, Oğuz elində ərənlər tükənməz!
Gözlədiyin gün gəldi, Xudafərin körpüsü! Sənə uzanan qanlı əllər kəsildi, sənin "tilsim"in qırıldı! Qəhrəman Azərbaycan əsgəri 18 oktyabr 2020-ci ildə səni mənfur erməni işğalından azad edib üzərində Ay-ulduzlu üçrəngli qələbə bayrağımızı dalğalandırdı! Sinəndə qürurla dalğalanan Azərbaycan bayrağını, qarşında Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevə sənin düşmən işğalından azad olunmağınla bağlı raport verən qəhrəman Azərbaycan əsgərini, əhatəndə Milli Ordumuzun igid döyüşçülərini və bütün bunların müqabilində sənin məğrur görünüşünü fərəh hissi ilə izlədiyimiz həmin gün qələbə soraqlı xalqımızın sevincinə daha bir sevinc qatıldı! Və sənin yağı düşməndən azad olunmağınla milli-qəhrəmanlıq tariximizin daha bir səhifəsi yazıldı! Bu şərəfli tarixi yazanlar da, onun qəhrəmanları da qətiyyətli Ali Baş Komandanımız cənab İlham Əliyev və onun rəhbərlik etdiyi müzəffər Azərbaycan əsgəridir!
Haqq niyyətlə gedilən yolu müqəddəs bilib ona and içiblər ulularımız. Canları-qanları bahasına haqq niyyətlə müqəddəs yola çıxan, sinəndə zəfər bayrağını dalğalandırıb "Qarabağ Azərbaycandır" nidası ilə bu müqəddəs yola davam edən igidlərimizi haqq savaşımızda elliklə gözlədiyimiz Böyük Qələbəyə uğurla, Xudafərin körpüsü!
Dədəm Qorqudun ruhunu anıb yum verəyim:
Yerli qara tağların yıxılmasın!..
Qamən axan görklü suyun qurumasın!..
Qadir Tanrı səni namərdə möhtac etməsin!..
Allah verən umudun üzülməsin!..
"Amin!", "Amin!"
deyənlər didar görsün!..
Xanım, hey!!!
Aynur XƏLİLOVA
filologiya üzrə fəlsəfə doktoru, dosent
"Ədəbiyyat qəzeti", 2020, 10 noyabr