Menu
Национальная Академия Наук Азербайджана
Институт литературы имени Низами Гянджеви

Низами Гянджеви - 880

Тахмина Бадалова. Наследие Низами Гянджеви и "Габуснамэ"

12-02-2021 [ 10:41 ] [ прочитано:210 ]
printerA+ | A-
99917

Erkən orta əsrlərdə Yaxın Şərqdə mədəniyyətin - ədəbiyyat, elm və incəsənətin inkişafında müşahidə olunan xüsusi canlanmanın, söz və sənət sahiblərinin saraylara toplanması və himayə olunmasının bir çox əsaslı sosial-siyasi səbəbləri – “əbədilik” iddiasında olan, adını tarixə yazmaq istəyən hökmdarların yürüş və istilalarının mədhi, daxili islahatların qələmə alınıb gələcək nəsillərə ötürülməsinin vacibliyi, hakimlik şah-şöhrətinin geniş yayılması, tarixi salnamələrin yaradılması, ayrı-ayrı sultanların adlarına kitabların bağlanması, çox vaxt özləri də şairlik edən hökmdarların elm və şeirə marağı və s. – olsa da, nəticədə minillər boyunca yaşayan, yarandığı dövrün ensiklopedik məlumat mənbəyi, mənəvi-əxlaqi dəyərlərinin daşıyıcısı kimi qiymətli qaynaq olmaqla yanaşı, bütün zamanların ədəbi örnəklərinin bədii-estetik bünövrəsini təşkil edən misilsiz nümunələrin yaranmasına şərait yaratmış oldu.

XI əsr farsdilli nəsrin dünya ədəbiyyatında məşhur abidəsi - “Qabusnamə” əxlaqi-didaktik nəsihətlər, sosial problemlərin işıqlandırılması baxımından Şərq bədii-fəlsəfi ədəbiyyatının ən geniş yayılmış və özündən sonrakı yazılı irsə təsir göstərmiş, dəfələrlə üzü köçürülmüş və nəşr edilmiş, bir çox Avropa və Şərq dillərinə tərcümə edilərək ümumbəşəri sərvətə çevrilmiş örnəklərindəndir. “Qabusnamə”nin tədqiqi və nəşri ilə məşğul olan alimlərin – Aqafangel Krımski, Səid Nəfisi, Yevgeni Bertels, Rəhim Sultanov və başqalarının əsərin müəllifi və yazılma tarixi ilə bağlı müxtəlif fikirləri olsa da, onu Ziyarilər xanədanının sonuncu hökmdarı Ünsürülməali Keykavusun 1082/83-cü illərdə oğlu Gilanşaha nəsihətnamə kimi yazdığı qəbul edilmişdir. Əsərin Azərbaycan dilinə tərcüməçisi professor Rəhim Sultanov “Qabusnamə”nin səciyyəsini qısa və dəqiq şəkildə ifadə edərək yazır: “Qabusnamə” dünyanın acı-şirinini dadmış, isti-soyuğunu, ara vermədən bir hökmdarın taxta çıxaraq başqa birisinin şahlığı itirdiyini görmüş, müxtəlif təriqətlər, dini çarpışmalar, saray çəkişmələri, ticarət hiyləgərlikləri, insan dəllallığı, qul alveri şahidi və iştirakçısı olmuş qoca bir atanın öz oğluna vəsiyyəti – nəsihət kitabıdır”.

Keykavus, özünün də müqəddimədə qeyd etdiyi kimi, kitabı qırx fəsilə bölmüş, hər fəsildə həyat, yaşayış üçün gərəkli hesab etdiyi müəyyən bir mətləbdən bəhs etmiş, yeri gəldikcə, fikirlərini təsdiqləyən, mövzu ilə əlaqədar başına gələn, bəzən də eşidib-bildiyi əhvalatlardan ibrətamiz misallar gətirmişdir. Oğlunun gələcəyindən nigaran olan ata həyat təcrübəsindən çıxış edərək qələmə aldığı kitabın eyni zamanda bütün gənclərin və öyüd-nəsihət eşitmək istəyən hər kəsin gərəyi olacağına inanır. Bu baxımdan müəllifin nəsihətləri arasında belə bir qeydi diqqəti çəkir: “Sən (yəni oğlu – T.B.) mənim dediklərimdən yaxşı fayda götürə bilməsən də, elə adamlar tapıla bilər ki, onlar dəyərli sözlərə qulaq asıb, ona əməl etməyi qənimət sayarlar”. Və ya: “...mənim bu nəsihət və öyüdlərimə canla-başla qulaq as və elə də et. Qulaq asmayıb qəbul etməsən, məcburi deyil. Allah kimi xoşbəxt yaradıbsa, o oxuyub anlayar, çünki buradakıların hamısı hər iki dünyanın xoşbəxtləri üçün yazılmışdır”.

Təbii ki, özündən əvvəl yaradılmış maddi-mədəniyyət abidələrini dərindən öyrənmiş və bu mənbələrdən yaradıcılıqla bəhrələnmiş XII əsrin dahi Azərbaycan şairi Nizami Gəncəvi yaradıcılığında müəllifin oğlunun və onun qismində də bütün gənclərin xoşbəxt həyat qurmasına yardımçı olmaq üçün qələmə alınmış “Qabusnamə”nin də mövzu və motivlərinə rast gəlmək olur. İran abidəsinin şairin yaradıcılığa başladığı dövrdən təxminən bir əsr əvvəl yaranıb məşhurlaşmasını və əsərdə də göstərildiyi kimi, müəllifin bir neçə il Nizaminin doğma yurdu Gəncədə qaldığını nəzərə alsaq, gəncəli müdrikin “Qabusnamə” ilə tanışlığı və ümumi yaradıcılıq qayəsinə uyğun gələn bu mənbədən faydalanması tamamilə mümkün və təbii görünər. Təsadüfi deyil ki, professor Rəhim Sultanov Şərq abidəsinin nəşri və tədqiqi ilə məşğul olan İran alimi Səid Nəfisiyə istinadən onun təsir etdiyi ədəbi nümunələrin adlarını sadalayarkən əlavə heç bir məlumat vermədən Nizaminin  “Xosrov və Şirin” əsərinin də adını çəkmişdir: “...Sənai Qəznəvi (bir hekayəni olduğu kimi nəzmə çəkmişdir) “Hədiqətül-həqiqə”, Məhəmməd Ovfi – “Cəvameül-hekayat”, Qazi Əhməd Qəffari – “Nigaristan”, Nizami Gəncəvi “Xosrov və Şirin”, Fəridəddin Əttar Nişaburi – “Əsrarnamə” və “Məntiqüt-teyr”, İbn İsfəndiyar – “Tarix-e Təbəristan”, Xosrov Dəhləvi “Mətləül-ənvar”, Əbdürrəhman Cami – “Silsilətüz-Zəhəb”, Məcdəddin Məhəmməd Hüseyni Məcdi – “Ziynətül-Məcalis” və Məhəqqiq Səbzəvari adı ilə məşhur olan Məhəmməd Bağır “Rövzətül-ənvar” əsərində “Qabusnamə”dən geniş istifadə etmiş”lər. Əlbəttə, belə geniş təsirin səbəblərindən biri də əsərdəki tarixi hadisələrə işarələr, bir çox Şərq və antik dövr alim və filosoflarının fikirlərinə istinadlar, kitabın “məktub-nəsihət” çərvivəsindən çıxaraq dövrünün tarixi mənbəsinə çevrilməsidir.

Maraqlıdır ki, Nizami Gəncəvi irsinin bədii-estetik qaynaqlarından bəhs edən görkəmli nüzamişünaslar – Həmid Araslı, Qəzənfər Əliyev, Qulamhüseyn Beqdeli, Azadə Rüstəmova, Xəlil Hüseynov, Xəlil Yusifli, Nüşabə Araslı, Teymur Kərimli, Mehdi Kazımov, Zəhra Allahverdiyeva və başqaları Nizami Gəncəvi yaradıcılığı ilə Şərqin bir çox məşhur söz-sənət abidələri və folklor nümunələri – “Qurani-Kərim”, “Kəlilə və Dimnə”, “Min bir gecə nağılları”, Nüzamülmülkün “Siyasətnamə” əsəri, Sənainin “Hədiqətül-həqiqə”, Firdovsi, Xaqani və şairdən əvvəl yazıb-yaratmış digər sənətkarlar, eləcə də dini rəvayət və əsatirlər, Azərbaycan nağıl və əfsanələri və s. ilə əlaqələrindən geniş və əhatəli bəhs etsələr də, “Qabusnamə” ilə uzlaşan məqamlarından danışmamışlar. Bəlkə də bu, birbaşa əlaqələrin, mövzu, süjet eyniliyinin qabarıq olmamasından irəli gəlmişdir. Lakin “Qabusnamə”də toxunulan məsələlərə Nizami əsərlərində də münasibətə və hətta “bədii həll” yollarının kəsişməsinə rast gəlirik. Məsələn: Allahın birliyinə və yeganə Yaradan olmasına, əbədi və əzəliliyinə, Peyğəmbərin Tanrının tanınması və insanlara bilmədiklərini öyrətmək üçün göndərildiyinə inam, eşq, sənətkarlıq, əmanətə sədaqət, sufiliyin keyfiyyətləri, münəccimlik və ulduzlara dair biliklər, şahlıq, vəzirlik, rəiyyətlik, ticarət işləri, sənət öyrənmək, övlad tərbiyə etməyin qaydaları, ədalət, söz sənətinə, musiqiyə münasibət, bir çox peşələr – məsələn, həkimliyə dair fikirlər, dövlət adamları ilə dostluq etməyin nəticələri və s. Təbii ki, sadalanan məsələlərə “Qabusnamə” müəllifi ilə Nizaminin münasibətlərində, problemin həlli yollarının axtarışında fərqli məqamlar da vardır və olmalıdır. Çünki birinci bir feodal-zadəgan, hökmdar baxışının məhsulu, onun doğru bildikləri, “özünə bəyəndikləri” idisə, şairin yaradıcılığı bir mütəfəkkirin, bəşəri ideallar və amallar carçısı, humanizm fəlsəfəsinin Şərq ədəbiyyatında tamamamilə fərqli və orijinal sistemini işləyib təqdim etmiş filosofun görüşləri, fikirləri idi. Bu baxımdan xüsusi qeyd etmək lazımdır ki, dahi şair bütün yaradıcılığı boyu zəhmətkeşliyi, nəfsinə hakim olmağı, bir tikə çörək üçün heç kimin qarşısında alçalmamağı təbliğ edirdisə, “Qabusnamə”də feodal əxlaqından doğan, “həyata, maddiliyə aludəlik”, hansı yolla olursa-olsun maddi rifahı təmin etmək üçün lazım gələrsə, hər cür saxtakarlıqdan çəkinməmək və s. kimi “nəsihətlərə” də rast gəlinir. Məsələn: “Öz istedadınla qürrələnmə, dolanmaq üçün ağılsız və istedadsız olmaq lazımsa, ağılsız və istedadsız ol”; “Kimə ehtiyacın varsa, özünü ona qarşı nökər və qul kimi apar” və s. Yəni “Qabusnamə” nə qədər müdrik kəlamlar və nəsihətlər toplusu olsa da, sonucda nəfs və təbii ehtiyaclara bağlı sıradan bir insan oğlunun zehninin məhsuludur. Nizami əsərləri isə fövqəlbəşər düşüncə və zəka sahibi olan, bütün bəşəriyyətin, insanlığın qayğısını çəkən mütəfəkkir filosofun təfəkküründən süzülərək qələmə alınmışdır. Bu faktın özü də, şairin xələflərinin və nizamişünasların da etiraf etdikləri kimi, Nizami kəlamının ilahiliyindən xəbər verir. Necə ki, XVI əsr şairi, Nizami ədəbi məktəbinin davamçılarından olan, üç beşlik müəllifi Əbdi Bəy Şirazi şairin doğrunu, gerçəkliyi bəyan edən “nəzm qələmini” “həkimin (Allahın) xəzinəsinin qapısının açarı” adlandırmışdı:

         خامۀ نظمش ببیان سلیم                                 هست کلید در گنج حکیم

 (Sağlam (məntiqli) bəyanı ilə şeirinin qələmi Həkimin xəzinəsinin qapısının açarıdır).

Akademik Teymur Kərimli də bunu özünəməxsus incəliklə ifadə edərək yazır: “İlahi hikmət qarşısında şairin (Nizaminin) ağlı heyran qaldığı kimi, biz də Nizami təfəkkürünün və sənətinin sirləri qarşısında hələlik yalnız heyranlığımızı bildirməklə kifayətlənirik”.

Lakin təqdirəlayiqdir ki, hakim sinfin nümayəndəsi olan “Qabusnamə” müəllifi zorakılığı pisləyir, ona qarşı çıxır, hətta kobudluğu belə, zorakılıq kimi qəbul edərək oğlunu bu hərəkətdən çəkindirir. Əsərin səciyyəvi xüsusiyyətylərindən bəhs etmişkən bir məqamı da diqqətə çatdırmaq istərdik. Abidədə müxtəlif xalqların nümayəndələri, onlara xas keyfiyyətlər, müsbət və mənfi cəhətlər haqqında da fikirlər vardır və bu fəsildə müəllifin türklər barədə dedikləri rəğbət doğuran mülahizələr diqqəti çəkir. Müəllif yazır: “Türklərin gözəllikləri ümumi görünüşlərindən məlum olar, onların yaxşı cəhətlərini tərif, pis cəhətlərini tənqid etməkdən bir şey çıxmaz. ...cəldlikdə türklərə çatan olmaz, türklərin nəyi gözəldirsə - ən gözəldir, nəyi pisdirsə - ən pisdir. ...Gecələr daha cürətli olarlar, gecə göstərdikləri şücaəti gündüzlər göstərə bilməzlər. Onların ən üstün cəhəti odur ki, çox igiddirlər, qorxmadan, açıqdan açığa düşmənçilik edər, tapşırılan bütün işləri hərisliklə yerinə yetirərlər” və s.

“Qabusnamə” ilə Nizami yaradıcılığının kəsişmə nöqtələrindən biri Tanrıya münasibətdə ağıl və insan zəkasına verilən qiymətdə özünü göstərir. İran abidəsində də Yer üzündəki hər şeyin bir izahı olduğu halda, təkcə Allahın dərk edilməzliyinə, Tanrının yaratdıqlarında təcəssümünə və yalnız yaradılmışı ağıl vasitəsilə dərk etməklə Tanrını dərk etməyin mümkünlüyünə inam diqqəti çəkir: “Ey oğul, bil və agah ol ki, dünyada olan, olmayan və ola bilən hər nə varsa, hamısını olduğu kimi adam dərk edə bilər, yalnız o böyük Yaradandan başqa. ...Ona görə də sən özünə bax, yaradana baxma. Sən yaradılmışa diqqət et ki, Yaradanı əql ilə dərk edə biləsən”.

Eyni fikirlərlə Nizami Gəncəvi əsərlərində, xüsusilə də məsnəvilərin Tovhid hissələrində qarşılaşırıq. Məsələn, “Məxzənül-əsrar”dan gətirilən parçaya diqqət edək:

Əzəldən tərbiyə almış kəslər belə

Bu işin düyününü aça bilmədilər.

Əzəldən onun elmi nə (nəhayətsiz) dərya imiş,

Onun mülkü nə sonsuz səhra imiş.              

  Şair hətta Tanrının elçiləri olan peyğəmbərlərin belə, Onun mahiyyətinin sirlərini açmaqda aciz qaldıqlarını, Onun elminin və hökmranlığının sonsuzluğunu özünməxsus tərzdə ifadə etmişdir.

Peyğəmbərin Allahın hikmət və qanunlarını insanlara öyrətmək üçün göndərilməsi fikri “Qabusnamə”də bir neçə yerdə təkrar edilir. Nizamidə də bənzər fikirlərlə rastlaşırıq.

Sən ərəb yolçuları üçün Aysan,

Sən Əcəm şahlarının şahısan.

Sən onlara yol vermirsən, (lakin) onlar yolu sənə gör tapırlar,

Sn kəndxudasan, lakin kənddə deyilsən.

Əlbəttə, müsəlman Şərqində yaranan əsərlər üçün göstərilən bu kimi fikirlərin üst-üstə düşməsində elə də təəccüblü bir hal yoxdur və Nizaminin həmin fikirləri mütləq şəkildə hansısa konkret bir əsərdən faydalanaraq qələmə aldığını da hökm kimi söyləmək doğru olmazdı. Odur ki, bu misallar üzərində dayanmayıb Nizami yaradıcılğı ilə “Qabusnamə”ni bağlayan konkret məqamlara keçmək daha məqsədəuyğundur.

Bu baxımdan İran abidəsindəki söz, elm və bilik öyrənmək, ədalətli olmaq, şahlarla dostluq etmək haqqındakı fikirləri xüsusilə qeyd etmək lazımdır.

Kitabdan göründüyü kimi, dövrünün elmlərinə, söz sənətinə yiyələnmiş ata oğluna da elmin yollarını tapmağı, hər bir təcrübədən, hətta nadanların əməllərindən də “qəlbin gözü və ağlın nəzəri ilə” nəticə çıxarmaqla bilmədiklərini öyrənməyi məsləhət görür: “Elm və sənət öyrənmək, istər böyük olsun, istərsə kiçik, hamıya vacibdir, çünki insan öz tay-tuşları arasında üstünlüyü yalnız elm və sənətə görə əldə edə bilər”. Yalnız elmlə üstünlük əldə etməyin mümkünlüyünə dair bu fikirlər Nizaminin “İqbalnamə” əsərindəki eyni məzmunlu məşhur beyti yada salır: 

Elmlə, hünərlə! - Başqa cür heç kəs

Heç kəsə üstünlük eyləyə bilməz! (kitabın başlanması hissəsi)            

Şərqdə yaranan klassik əsərlərin hər birində rast gəldiyimiz, sözün ilahi başlanğıcına inam, yersiz danışmağın, yalan söyləməyin ziyanlarına dair müdrik fikirlərə “Qabusnamə”də də tez-tez rast gəlirik: “Nə sənətin sahibi olursan ol, ancaq sözü yerində deməyi bil, çünki yersiz deyilən söz nə qədər gözəl olsa, yenə də çirkin görünər. Faydasız sözlərdən qaç, çünki faydasız sözlərdən həmişə ziyan gələr. Yalan iyi verən və hikmət ətri saçmayan sözlər deyilməsə, daha yaxşıdır”.

Eyni fikirlərin Nizami düşüncəsindən süzülüb gələn poetik ifadəsinə “Xosrov və Şirin” əsərində də rast gəlirik:

Var doğru yazmağa, madam кi, imкan,

Neçin gəlsin gərəк ortaya yalan?!

Qiymətdən salmışdır sözü yalanlar,

Doğrunu danışan möhtəşəm olar.

Və yaxud az danışmağın gözəlliyinə dair “Qabusnamə”dəki aşağıdakı fikirlərə diqqət edək: “Çox bilən, lakin az danışan ol, az bilib çox danışan olma. Deyiblər ki, susmaq salamatlığa, çox danışmaq isə ağılsızlığa bərabərdir. Çox danışan adam ağıllı olsa da, onu ağılsız hesab edərlər, az danışan ağılsız olsa da, az danışdığı üçün camaat onu ağıllı hesab edər”.

Bütün əsərlərində insanın zəka və düşüncə baxımından ən yüksək pillədə qərar tutmasını müxtəlif süjet və hekayətlər daxilində əyani nümunələrlə göstərən Nizami Gəncəvi canlılar içərisində yalnız insana əta olunmuş nitqin gözəlliyinə, lakonikliyinə və səlisliyinə də xüsusi diqqət yetirmiş, artıq, yerinə düşməyən sözün insanı hörmətdən saldığını, bu səbəbdən də özünə sayğı duyan hər kəsin ilk növbədə danışığına, seçdiyi sözlərə fikir verməli olduğunu əsərlərində qeyd etmişdir:

 Az danış, desinlər sözündə güc var,

Çox sözü dinləyən çox nöqsan tutar.

Çox söyləməк bəlкə sənə asandır,

"Çox oldu" desələr, böyüк nöqsandır.

Sirr saxlamağın vacibliyinə dair “Məxzənül-əsrar”dakı “Sirr saxlayan ilə Cəmşidin dastanı” adlı on səkkizinci hekayətdə  oxuduğumuz –

Qarı ona dedi: “Heç kimin adını çəkmə,

Özünə yalnız öz dəmini (nəfəsini) həmdəm et.

Heç kəsi bu dəmin məhrəmi hesab etmə,

Hətta öz kölgəni belə özünə məhrəm hesab etmə...”

öyüd-nəsihət dolu beytlərdə səsləndirilən fikir “Qabusnamə”dəki “...özündən başqa heç kəsə sirr demə, desən, onu artıq sirr hesab etmə” cümləsinin məzmunu ilə yaxından səsləşir.

Nizami Gəncəvinin “Leyli və Məcnun” əsərindəki “İt saxlayan padşah” hekayəsi çox məşhurdur. Professor Xəlil Yusifli həmin hekayə haqqında yazır: “Çox vaxt bu hekayə əsərin əsas mövzusu ilə o qədər də bağlı olmayan bir əlavə kimi şərh olunur. Əslində isə həmin hekayə əsərin ideyası ilə birbaşa əlaqəlidir və ancaq dövrün şahlarının zülmkarlığını tənqid etmək üçün qələmə alınmış bir hekayə deyil; on il şaha sədaqətlə xidmət eləyən, ancaq sonra şah tərəfindən quduz və yırtıcı itlərə atdırılan gənc əslində Məcnundur. Çöldə Məcnunla dost olan, ona toxunmayan, əksinə, onu qoruyan vəhşilər isə həmin quduz itlərdir”. Təbii ki, Nizaminin məqsədi Məcnunun halının hərtərəfli təsviri, ilahi eşq yolunda usanmadan, bezmədən çəkdiyi cövrü cəfanın böyüklüyünü göstərmək olsa da, hər halda şairin fikrini çatdırmaq üçün seçdiyi hekayət ibrətamizdir və onun həyat amalını, şəxsi təcrübəsini, özünün də şahlardan, saraylardan uzaq durmasının bir növ səbəblərini açıb görtərmiş olur.

Maraqlıdır ki, özü hakim təbəqədən olan və ata-babaları uzun müddət hökmranlıq etmiş Keykavus da oğluna nəsihətlərində şahlardan uzaq durmağı məsləhət görür: “Bil, ey oğul, əgər təsadüf səni gətirib şah sarayı adamları içərisinə çıxarsa, sən ona xidmət etməli olsan və şah sənə yaxınlaşmaq istəsə, bu, sənin gözünü tutub başını gicəlləndirməsin, ondan uzaqlaşmağa çalış... Şah hansı gün sənə desə ki, arxayın ol, sənə zaval yoxdur, sən o günü daha çox qorx”. Təsadüfi deyil ki, professor Rəhim Sultanov əsəri həm də “Ziyarilər xanədanının son nümayəndəsinin son sözü, özünüifşa məktubu” adlandırır.

Nizami, demək olar ki, bütün əsərlərində söz sənətinin əsas qaydaları, şeir qoşmağın məziyyətləri, şairliyin əsas keyfiyyətlərini xırdalamış, ən kiçik detalları təhlilə çəkmişdir. Akademik Teymur Kərimlinin də qeyd etdiyi kimi, “Nizami Gəncəli yetkin bir alim-şair kimi, mütəfəkkir, filosof-sənətkar kimi ədəbiyyatda, söz sənətində yeni üslub, yeni şivə yaratdığını, şeirə necə bir dəyər qazandırdığını çox gözəl bilirdi və bunun elmi-nəzəri əsaslarını da istedadlı bir ədəbiyyatşünas, şeirşünas kimi oxucunun diqqətinə çatdırırdı”. Dünyanın söz vasitəsilə var olması məsələsinə toxunan şair sözdən daha çox “ədəbi-nəzəri kateqoriya” kimi bəhs etmiş, “Söz qoşmağın fəzilətini”, “ölçülü sözün, yəni nəzmin ölçüsüz sözdən, yəni nəsrdən daha üstün olmasını” incələmişdir.

(Bu) incə fikri yadında saxla, gör ki,

İncə fikir ölçülüb mövzun olanda (necə olar).

Sözü ucaldan qafiyəsənclər

Hər iki aləmin qafiyəsini sözə çəkərlər.

Şairin bu fikirləri “Qabusnamədə”ki “...nəsrdə işlənən sözləri şeirdə işlətmə, nəsr rəiyyətdir, şeir şah”  mülahizəsi ilə tam üst-üstə düşür.

“Qabusnamə”də müəllif “Qocalıq və cavanlıq qaydaları haqqında”kı fəsildə otuz yaşdan başlayaraq ömrün mərhələlərinə (bir növ vücudnamə kimi) “qiymət verir” və bunları bir kitabdan oxuduğunu bildirir: “Adam otuz dörd yaşına qədər hər gün boyca və qüvvətcə artar, otuz dörddən qırx yaşa qədər olduğu kimi qalar, artıb əksilməz (Günəş də zirvəyə çatdıqda batana qədər yavaş hərəkət edir), qırxdan əlliyə qədər hər il keçmiş ilə nisbətən özündə daha çox zəiflik hiss edər, əllidən altmışa qədər hər ay keçmiş aylara nisbətən daha çox zəifləməyə başlar, altmışdan yetmişə qədər hər həftə keçən həftəyə nisbətən daha çox gücdən düşər, yetmişdən səksənə qədər hər gün özünü dünənə nisbətən daha pis hiss edər. Əgər səksəndən çox yaşasa, saatbasaat dərdi və əziyyəti artar”.

Məlumdur ki, Nizami Gəncəvinin “Xosrov və Şirin” məsnəvisinin “Kitab üçün üzr” hissəsində qəlbə yaxın dostu şairin qələmə aldığı Şirin dastanından bir parçanı dinlədikdən sonra onun sənətinə, qələminin gücünə heyranlığını bildirir, lakin təvazökar şair bu təriflərdən heç də xoşlanmayıb Tanrının yaratdığı adi bir bəndə olduğunu, onun da ömrünün bir gün sona yetəcəyini və vaxtı gələndə bu fani dünyadan köçünü çəkəcəyini söyləyir. Nizami bu hissədə, eynilə “Qabusnamə”də olduğu kimi, ömrün pillələrini, yaş dövrlərini hər birinin özünəxas xüsusiyyətləri ilə təsvir edir. Həm də maraqlıdır ki, şair də İran abidəsində olduğu kimi, “vücudnamə”yə məhz otuz yaşdan başlayır.

 Ömür otuz ildən кeçdimi bir az,

Qəflətdə yaşayıb dolanmaq olmaz.

Qırx yaşa qədərdir həyat nəş əsi,

Qırxda bitib gedir кönlün həvəsi.

Əllidən aşdınmı, canın sağ olmaz,

Ayaqlarda taqət, gözdə nur qalmaz.

Altmışa çatınca yerə çöкərsən,

Yetmişdə hər üzvün düşər taqətdən.

Dünyada əziyyət çəкib boy atdın,

Elə кi, səкsənə, doxsana çatdın,

Ordan da yetirdin özünü yüzə,

Ölüsən, diri də görünsən gözə.

“Qabusnamə”də xüsusi ehtiramla bəhs edilən peşələrdən biri də həkimlikdir. Professor Rəhim Sultanov Keykavusun həkimliyə xüsusi rəğbətinin maraqlı izahını verir: “Keykavus tibb elmini çox sevdiyini deyir. Yəqin burada Şəmsülməali (“Qabusnamə” müəllifinin babası – T.B.) sarayında özünə sığınacaq tapmış İbn Sinanın şöhrəti və təsiri də böyük rol oynamışdır”.

Məlum olduğu kimi, Nizami Gəncəvinin “Məxzənül-əsrar” məsnəvisində “İki həkimin hekayəti”ndə (on ikinci məqalətin hekayəti) bu peşə sahibinin xalqa fayda verə bilməsi üçün, elmi ilə yanaşı, dürüst əxlaqının və saf qəlbinin olmasını illüstrativ şəkildə oxucusuna çatdıra bilmişdir. Qeyd edək ki, bəzən buradakı “həkim” sözünü “filosof” kimi qəbul edənlər də vardır. Lakin, fikrimizcə, bir halda ki, hekayətdə söhbət zəhər hazırlamaqdan gedir, demək, şair burada məhz sözün birbaşa mənasında “təbib”i nəzərdə tutmuşdur.

“Leyli və Məcnun”da isə şair oğluna nəsihət edərkən yaxşı həkimi insanlara can verən İsa ilə müqayisə edir:

İsa mərifətli həkim ol, amma,

İnsanı öldürən bir həkim olma.

Həm həkim, həm fəqih olsan sən, əgər,

Hamının yanında adın yüksələr.  

“Qabusnamə”də “Əmanət saxlamaq haqqında” ayrıca fəsil var. Müəllif burada müasir ədəb-əxlaq normaları baxımından da olduqca dəyərli fikirlər səsləndirir: “Cavanmərdlik və kişilik ondadır ki, əmanəti qəbul etməyəsən, qəbul etsən, qoruyub sağ-salamat sahibinə qaytarasan”. Bu və əmanət saxlamağa, verməyə aid bu kimi digər fikirləri, hekayətləri oxuduqca göz önündə istər-istəməz Nizami Gəncəvinin “Məxzənül-əsrar” məsnəvisindəki “Xain sofu və hacının dastanı” canlanır.

Nizami Gəncəvi irsi ilə XI əsr fasr abidəsi “Qabusnamə”nin müqayisəli araşdırılması şairin irsinin ədəbi-estetik qaynaqları haqqındakı məlumatımızın daha da genişlənməsi üçün əhəmiyyətlidir və dahi sənətkarın özünəqədərki mədəni nailiyyətlərə dərindən bələd olduğunu, bilik və məlumat dairəsinin genişliyini, mənbələrə yaradıcı münasibətini bir daha təsdiqləmiş olur.

İstifadə olunmuş ədəbiyyat:

Qabusnamə. Farscadan tərcümə edəni, qeyd və şərhlərin müəllifi Rəhim Sultanov. Bakı, “Şərq-Qərb”, 2006. 216 səh.
Kərimli Teymur. Epik şeirə yeni şivə gətirən sənətkar. // Nizami Gəncəvi. Sirlər xəzinəsi. Tərcümə edən Xəlil Rza. Bakı, “Şərq-Qərb”, 2017. Səh.19-22.
Kərimli Teymur. Nizami və tarix. Bakı, “Elm” nəşriyyatı, 2002.
Sultanov Rəhim. Ön söz. // Qabusnamə. Farscadan tərcümə edəni, qeyd və şərhlərin müəllifi Rəhim Sultanov. Bakı, “Şərq-Qərb”, 2006. Səh.4-16.
Yusifli Xəlil. İnsan dühasının əəlçatmaz nümunəsi. / Nizami Gəncəvi. Leyli və Məcnun. Tərcümə edən Səməd Vurğun. Bakı, “Lider nəşriyyat”, 2004. Səh.9-13.
Nizami Gəncəvi. Sirlər xəzinəsi. Filoloji tərcümə Rüstəm Əliyevindir. Bakı, “Qanun nəşriyyatı”, 2014. 328 səh.

Другие новости