İndiki kimi xatırlayıram, 2005-ci il aprel ayının 26-sı idi. Məzunu olduğum Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin mətbuat tarixi və ideoloji iş metodları və jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedralarının birgə iclasında xeyli müddət idi ki, üzərində işlədiyim "Azərbaycan mühacirət mətbuatında publisistika (1921-1991)" adlı doktorluq dissertasiyasının müdafiəyə buraxılması ilə bağlı birgə iclası keçirilirdi. Millət, müstəqillik və istiqlal fədailəri olan mücahidlər sovet rejimi və kommunist ideologiyasının hegemon olduğu 70 il ərzində yalnız "vətən satqını", "vətən xaini" və s. kimi ifadələrlə "xatırlandığından" bu mövzuya, o cümlədən, mühacirət mətbuatına, həm geniş oxucu auditoriyasında, həm də elmi ictimaiyyətdə maraq həddən artıq çox idi. İclasın canlı, işgüzar, fikir mübadiləsi və mübahisələr şəraitində keçəcəyi əvvəlcədən bəlli idi. Universitetdən: Cahangir Məmmədli, Yalçın Əlizadə, Həmid Vəliyev, Akif Rüstəmli, Məhəmmədismayıl Mehdiyev, Mahmud Mahmudov, Nəsiman Yaqublu, Pərvanə Məmmədova, eləcə də AMEA-dan, digər ali təhsil müəssisələrindən dəvət olunmuş Xeyrulla Məmmədov, Vaqif Sultanlı, Alxan Bayramoğlu, Xaləddin İbrahimli, Şamil Vəliyev, Bayram Ağayev, Mənzər İbrahimova, Qafar Çaxmaqlı kimi səriştəli alim, pedaqoqlar mövzunun aktuallığı, tədqiqat obyekti, predmeti, irəli sürülən müddəalar, elmi yeniliyi barədə fikirlərini bildirdilər, tövsiyələrini verdilər.
İclasda tədqiqat işinin elmi-praktiki əhəmiyyəti, dissertasiyanın müvafiq ixtisasa uyğun gəlməsi, iddiaçının dərc olunmuş işlərində dissertasiya materiallarının əks etdirilməsi, avtoreferatın dissertasiyaya uyğunluğu və s. kimi məsələlərə də münasibət bildirildi. İclasın sonuna yaxın çoxdandır mətbuatdan imzasını izlədiyim Nəsiman Yaqublu söz istədi. O, əvvəlcə dissertasiyanın böyük bir dövrü əhatə etdiyini, indiyədək problemə demək olar ki, toxunulmadığını, əsərin gərgin əməyin nəticəsində ərsəyə gəldiyini, iddiaçının bu mövzuda yazmağa, danışmağa da haqqı olduğunu vurğuladı. Sonra qeyd etdi ki, elmi-tədqiqat işinin ilk müzakirəsi zamanı bildirilən iradların böyük əksəriyyəti, o cümlədən, ədəbiyyat siyahısındakı qüsurları dissertant tərəfindən nəzərə alınıb, düzəldilib. N.Yaqublu sonra belə davam etdi:
- Bununla belə, müəllif yenə mühacirət mətbuatının 1921-ci ildən - "Molla Nəsrəddin"lə başladığı fikrində israrlıdır. Fikrimizcə, mühacirət mətbuatının tarixi M.Ə.Rəsulzadənin də qeyd etdiyi kimi, 1923-cü ildən başlayır. Odur ki, dissertasiyada mühacirət publisistikasının sərhədlərinin müəyyənləşdirilməsi məsələsi də bir sıra suallar doğurur.
N.Yaqubludan sonra söz alan Alxan Bayramoğlu da eyni fikirdə olduğunu, dissertasiya müəllifinin mülahizələri ilə razılaşmadığını bəyan etdi...
Müzakirənin nəticəsində əsərin aktuallığını, mövzuya dair çap olumuş məqalə və monoqrafiyaların dissertasiyanın məzmunu və müddəalarını tam əks etdirdiyini nəzərə alaraq, elmi-tədqiqat işinin müdafiəyə buraxılması, monoqrafiya şəklində nəşri məqsədəuyğun hesab edildi...
İclas bitər-bitməz, Nəsiman müəllim mənə yaxınlaşdı, təbrik etdi.
- İradlarımdan incimədiniz? - deyə soruşdu.
- Qətiyyən, əksinə, sizə minnətdaram ki, fikirlərinizi, prinsipial mövqeyinizi bildirdiniz. Sizin araşdırmalarınızı yüksək dəyərləndirirəm, - dedim.
Biz dəhlizdə yenə fikir mübadiləsini davam etdirdik, amma ortaq məxrəcə gələ bilmədik, hərə öz fikrində qaldı, deyə-gülə ayrıldıq.
Düz 20 il əvvəl baş verən bu hadisəni niyə təffərrüatı ilə nəql etdim? Bu yaxınlarda Nəsiman müəllimin oğlu Nihad Yaqublu atası haqqında xatirə kitabı nəşr etmək istədiyini, mənim də N.Yaqublu barədə yazımı həmin kitabda görmək istədiyini bildirdi. Atasının xatirəsinin əbədiləşdirilməsi ilə bağlı övladın təşəbbüsü çox xoşuma gəldi, məni duyğulandırdı. N.Yaqublu ilə bağlı 20 il əvvəl baş verən hadisə yadıma düşdü. Sonralar - mən Universitetdə dərs dediyim vaxtlar demək olar ki, hər həftə Nəsiman müəllimlə görüşür, bir-birimizi gördüyümüz işlərlə bağlı məlumatlandırırdıq. Açığı, Nəsiman müəllimin yaradıcılıq eşqi, tükənməyən həvəsi, enerjisi məni heyrətləndirirdi. Ona zarafatla "sən konveyer sistemi ilə işləyirsən, səni hər görəndə bir kitab təqdim edirsən", - deyirdim. O, isə "Başqa yol yoxdur, zaman az, görüləsi iş çoxdur", - söyləyirdi.
Onunla sonuncu görüşümüz yenə BDU-da, mətbuat tarixi kafedrasında oldu. Zəngə az qalırdı, əlindəki qalın bir dəftəri mənə göstərərək:
- Bilirsiniz, bu nədi?! Gecə səhərə kimi yatmamışam. Kitabımın siqnal nömrəsini oxuyub bu dəftərdə qeydlər aparmışam. Dərsdən çıxıb mətbəəyə aparacağam.
Dəftərə gözucu nəzər saldım, demək olar ki, qeydlərlə dolu idi. Nəsiman müəllim davam etdi:
- Demirəm ki, heç kimə etibar etmirəm, güvənmirəm. Amma inanın ki, özüm nöqtəsinə, vergülünə kimi oxumasam, rahat olmuram, - dedi və ayrılanda soruşdu:
- Sizə keçən görüşümüzdə iki kitabımı vermişdim, "Azərbaycan mətbuatı: Gizli nəşrlər" və "Şuşa ziyalıları. Unudulmuş irs". Baxa bildinizmi?
- Baxdım, vərəqlədim, çox maraqlı gəldi, amma diqqətlə də oxuyacağam, - dedim.
Mən bu yazını yekunlaşdırmaq üzrə idim ki, dostum, yazıçı-publisist Əkrəm Qaflanoğlu mənə zəng etdi, nə ilə məşğul olduğumu soruşdu, dedim ki, professor Nəsiman Yaqublu haqqında xatirə yazıram. O, dərhal dilləndi:
- Yaz, yaz, rəhmətliyi yaxşı tanıyırdım, çox dəyərli alim, gözəl insan idi. Mən Nazirlər Kabinetində Baş Nazirin müavini, Xalq yazıçısı Elçin müəllimin müavini işləyəndə bir dəfə Nəsiman müəllim mənə zəng vurdu ki, Elçin müəllimlə görüşmək istəyirəm. Elçin müəllim onunla görüşmək istəyən elm, ədəbiyyat, mədəniyyət xadimlərini qəbul edir, dinləyir, səlahiyyətləri çərçivəsində yardım edirdi. Nəsiman müəllimi də qəbul etdi. O, qəbuldan çıxanda gülümsəyərək razılığını bildirdi: "Elçin müəllim sağ olsun, məsələ həll olundu". Ə.Qaflanoğlu bir az fasilə verib əlavə etdi: "Mən bir dəfə "səhər mehi, xəfif və lətif meh" mənalarını verən "Nəsimi" sözünün daha hansı mənalar kəsb etdiyini öyrənmək üçün lüğətlərə baxırdım. Gözümə "Nəsiman" sözünün yozumları da dəydi. Müəllif sanki Nəsiman müəllimi yaxından tanıyırmış kimi onu xarakterizə edib. Baxmağınız məsləhətdir".
Əkrəm Qaflanoğlunun işarə etdiyi mənbəyə baxdım. Orada "Nəsiman" adını daşıyan insanlar təxminən, belə xarakterizə olunur: "İş həyatını və sosial həyatı bir arada yürüdə bilən, isti, səmimi insanlardır. Ailələrinə olduqca bağlı, sədaqətlidirlər. Özgüvəni yüksək və güclü xarakterə sahibdirlər. Humanist, özgürlükçü ruha sahib, məhsuldar, yenilikçi, məntiqli, gələcəyə inamlı, dostcanlı, təmkinli, intellektual". Razılaşmamaq olmur! Məhz bu keyfiyyətlərə sahib insan zəngin irs - çox sayda elmi-publisistik məqalə, monoqrafiya və kitablar yaza, nəşr etdirə bilərdi. Təkcə onu demək, qeyd etmək kifayətdir ki, tarixçi-alim 40-dan çox kitabın, o cümlədən, "Ağrılı ömürlər", "Xocalı qırğını", "Azərbaycan legionerləri", "Bakının qurtuluşu", "Türkiyənin azərbaycanlılara müstəqillik mücadiləsində dəstəyi", "Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası", "Qafqaz İslam ordusunun Azərbaycanda izləri", "Polyakların Azərbaycanda fəaliyyəti" və s. kimi dəyərli əsərlər ərsəyə gətirmişdir. Ruhu şad olsun!