Müstəqillik dövrü poeziyası daxilən hansı yeniliklərə, yeni düşüncə, yeni üslub və məna çalarlarına imza atdı? Yəni bu dəyişikliklərə, fərqli düşüncə kontekstinin parametrlərinə əsaslanıb poeziyamızın tam yeni düşüncəyə sahibləndiyini deyə bilərikmi? Bu kontekstdə fikirlərimizi izah etməyə çalışaq.
1990-cı illər poeziyasında bəzi şeirləri oxuyanda hiss edirsən ki, dəyişən sadəcə, sovet dövrünün imperativləri olub, əmək qəhrəmanlarının, gülün, bülbülün təsvirinə, aşiq-məşuq münasibətlərinin sərgilənməsinə formal olaraq son qoyulub. Yəni cəmiyyətdəki ictimai-siyasi proseslərə fəal müdaxilə yolu tutmaqla deyil, əvəzində, eyni patetik formada cılız vətənpərvərlik hisslərini təsvir etməklə, gözlərimizi və qulaqlarımızı yağır edən təbiət təsvirlərini, şablon sevgi etiraflarını sərgiləməyi böyük məqsədə çevirməklə. Halbuki ənənəvi ritmi və intonasiyanı özündə daşıyan köhnə şeir müəllifləri oldu ki, onların şeirlərinin təravəti əzəli poetik gücünü və siqlətini qoruyub saxladı. Firuzə Məmmədlinin müstəqillik dövrü yaradıcılığı bu qənaəti təsdiqləyir. 1990-cı illərin bioqrafik ölçüləri onun poetik qəhrəmanlarının birbaşa "mən"ində ifadə olunur. Oxuduqca, istər-istəməz Məmməd Arazın misralarını xatırlayırsan:
"Desələr, şeirimin avazı köhnə,
Od kimi, su kimi köhnəyəm, bala".
1990-cı illərdən bəri şeirimizdə güclənən modernist başlanğıclar, bir-birini əvəzləyən forma axtarışları, ideya-bədii müxtəliflik nəticəsində milli poeziyamız çoxyönlü təbəddülata uğradı. Bütün yenilik cəhdlərinin qarşısına Firuzə Məmmədli milli poeziyanın gələnəklərinə sadıq qalaraq - heca şeirinin ən gözəl nümunələrini yaradaraq çıxdı. Bu yalnız ona görə baş vermədi ki, yeniliklərə yetməyə potensialı yox idi, əksinə, onun 2000-ci illərdən başlayaraq yazdığı sərbəst şeirlərdə də eyni estetik mündəricə ehtiva olunur, şair düşüncə kontekstini başqa vəzndə də ifadə etməyə nail olurdu. Dəyişən forma idi, şeirdəki ruh, kolorit onillərin o tayından süzülüb gəlirdi. Firuzə Məmmədlinin şeirlərində müasir təfəkkür xalq şeirindən, folklorundan gələn ovqatla, hava ilə qaynayıb-qarışır, milli poeziyaya məxsus üslub, daşlaşmış linqvo-poetik sintaksis, lirik-fəlsəfi düşüncənin hakim olduğu məqamlarda belə yan keçilməyən yaşam kredosu - ilkinliyə bağlılıq şair fərdiyyətinin sübutu kimi mənalanırdı. Amma bu fərdiyyət öz havasına "kökləndiyi" məqamlarda - milli şeirin min il yol gələn bədii təcrübəsini yaşatmaq, onu qorumaq, bu təcrübəyə inanaraq onun sıradan çıxmasına yol verməmək mühafizəkarlığında daha bariz üzə çıxırdı. Çünki şeir duyumu olan bir çox şairlər kimi, Firuzə Məmmədli də anlayırdı ki, hansı formada meydana çıxmasından asılı olmayaraq həqiqi şeir öz oxucusu ilə dil tapacaq, ona qovuşmağı bacaracaqdır. N.Hikmət demiş, "Şeiri istər qışqıraraq, istər bağıraraq yaz, istər pıçıltıyla yaz, istər xalq şeiri üslubunda yaz, istər hissələrə bölüb yaz, istərsə də qədim əruzda yaz, nə fərqi, təki ortalığa əsl sənət əsəri adlana biləcək bir poeziya gətir".
Çəkildi bu suların
Üzündən göy təbəssüm.
Dəniz səni sevirmiş,
Qoy dənizə tələsim.
Sərilim qanad-qanad
Göy suların səthinə.
Sular məni oxşasın
Elə sənin xətrinə.
Əllərini ver mənə,
Saçlarım şanə gəzir.
Səni oxşamaq üçün
Sular bəhanə gəzir.
Firuzə Məmmədlinin poeziyasında dərin düşüncələrə dalıb mücərrəd mənzərə yaratmaq, fəlsəfi mühakimələrə getməyə ehtiyac yoxdur. Onun yaradıcılığı hər cür mücərrədlikdən uzaq, sadə deyim tərzinə, düşüncə ədasına köklənən poeziyadır. Bu poeziyanın fərqliliyi də ondadır; heç bir quramaçılığa uymadan şeir yazmaq, qəlbinə hakim olmuş duyğuları əzib korlamadan mətnə köçürmək.
1970-80-ci illərin poeziyasında maraqlı eksperimentləri, poetik axtarışları ilə seçilən Firuzə Məmmədli müstəqillik illərində poetik-bədii fikrin inkişafında da fəal iştirak etdi. Həyata, cəmiyyət hadisələrinə, insani münasibətlərə yeni, fərqli baxış sistemi yaradan, onları olduğu kimi, birbaşa təsvirə çəkməklə deyil, içindən, duyğular aləmindən keçirdiyi kimi ifadə etməyə çalışan şairin şeirlərində yeni poetik konstruksiyalar qurulur, ənənənin zəminində yetişərək fərqli olmağa çalışmaq meyli və bu yeniliyi formadan məzmun qatına yeritmək səriştəsi hiss olunurdu.
"Ömrə ölçü-biçi sözdü,
Çölü sözdü, içi sözdü.
Mənə düşən iki sözdü,
Birin dedim, biri qaldı",
- yazan şairə Firuzə Məmmədlinin "Dərd üzünü gizləyir" və "İki damla dəniz" kitabları onun müstəqillik illəri yaradıcılığının prioritet istiqamətlərini uğurla sərgiləyir. Birinci kitabda şairənin heca, ikincidə isə, sərbəst vəzndə yazdığı şeirlər yer alıb. Firuzə Məmmədlinin sərbəst vəzndə yazdığı şeirlər də poetik cəhətdən uğurlu alınır, demək olar ki, müəllifin hecada istila elədiyi yeri sərbəstdə qazanmaq imkanı real görünür:
Yenə baxışların
mavi göyləri endirdi
içimin qaranlığına;
cücərdi qəlbimdəki
ümidlərim.
İçərimin künc-bucağı
işıqlandı.
Qaldırdım
dizlərimi yerdən.
Ümidlərim pıçıldadı:
"Dünya gözəldir!"
1990-cı illərdən başlayaraq, vətən mövzulu şeirlərdə yanaşmaların istiqaməti dəyişir, vətən sevdalı, kök, mənşə bağlarına sadiq, tarixə və yaddaşa etibarlı bir sənət nümunəsi olaraq yaranan şeir nümunələri təsəvvürün sınırlarını aşıb sabaha, gələcəyə doğru inkişafda milli ədəbi, fəlsəfi və əxlaqi qütbləri nişan verirdi. Firuzə Məmmədlinin şeirlərində insanın, fərdin mənəvi varlığını yaddaşla bağlayan qatlara, dəyərlərə şair marağı öndə durur, onlar insanı yalnız təbiətin deyil, həm də və daha çox tarixin bir parçası kimi təsvir etməklə önəmli görünüblər.
Firuzə Məmmədlinin şeirlərində hər zaman yurdla, torpaqla bağlı poetik ifadə uğurlu əksini tapıb. Bu şeirlərdəki sızıltı, ağrı, nisgil yalnız doğma kəndlə, doğulub boya-başa çatdığı el-oba həsrəti ilə bitməyib. Bu ağrının ilkin ünvanı Qarabağ olub! Bu şeirlərin fərqi nədə olub? Onlarda Qarabağla bağlı öyrəşdiyimiz minor motivlər - ah-zar, inilti, acizlik, rahatca bardaş qurub onu kiminsə bizə verəcəyini gözləmək mövqeyi nəzərə çarpmayıb. Üsyan, çağırış, qisas yanğısı öndə qərarlaşıb, "Haqqım Qarabağ!" deyərək döyüşə səsləyib şair:
Ağrıdan, əzabdan yordum özümü,
Sındırdım özümü, qırdım özümü.
Mən çox arsızlığa vurdum özümü,
İndi qisas, deyib kükrəyim daha,
Bitsin, əsir ömrü sürməyim daha.
Bu poeziyada Qarabağ dərdi, erməni məsələsi, düşmən obrazını bədii sözün təcəssümünə çevirmək meyilləri daim işlək olub. Həm də təkrar çalarlara yol vermədən, yeni söz demək, problemə fərqli rakurslardan yanaşma cəhdləri nəzərə alınmaqla gerçəkləşdirib bu işi Firuzə Məmmədli. Ötən illər ərzində bizim poeziyada Qarabağ dərdinə, müharibə acılarına münasibət iki kontekstdə özünü göstərib. Gənc nəslə bu mövzuya münasibətdə bir ruh düşkünlüyü, pessimist əhval-ruhiyyə hakim olub. Orta və yaşlı nəsildə isə mübarizə əzmi, coşqu daha mühafizəkarlıqla qorunub, problemin həlli prosesində yaranmış gərginlikdə inamların sarsılmasına mümkün qədər müqavimət göstəriblər. "Düşmənə nifrətdə səbri çox olduq", - yazan Firuzə Məmmədlinin şeirlərində bir bezginlik olub: haqqımızın tapdanmasına, dünyanın susduğu, göz yumduğu ədalətsizliklərə çağırış olub; bizim olanı geri almağa, meydanlara atılmağa. Bu poeziyada Qarabağ prosesləri fonunda dünya işləklərinə, siyasət oyunlarına, ictimai, mənəvi tənəzzül məqamlarına həssas, şikayətçi olan şair mövqeyi erməniyə münasibətdə eyni dərəcədə aqressiv və barışmaz görünüb:
Mərkəzdə ortaqsan "Tərəkəmə"mə,
"Vağzalı"m üstündə gəlinin köçür.
Haçansa minmisən mənim gəmimə,
Qəbrimdə yatmısan, ölənin üçün.
44 günlük müharibədən sonra qazandığımız Zəfərlə Firuzə Məmmədlinin şeirlərinin məzmunu da başqa şəkil aldı. Milli ruhun yeni hadisəsini mübarək bir poetik ovqatla mətnləşdirdi şair:
Baxıb
dünyanın ovqatına,
saralmış yarpaqlar da
saplağından
asıla qalıb, -
gözü payızın yolunda.
Payız
nəfəsini içinə çəkib
uğurlu bir
yağış gözləyir
buludların gözündən.
Buludlar
Qarabağ səmasının
gözündə azadlığın
nəşəsindən
məst olub.
Tarixlə poeziyanın missiyası eyni niyyətdə həmişə birləşiblər: yaddaşın oyaq qalmasına münasibətdə. Çünki tarix kimi poeziya da meyardır. Yaddaşa, həqiqətə qoyulan abidədir. Bu abidənin qorunması işində Firuzə Məmmədlinin rolu müstəsnadır və tarixin yaxınından da, uzağından da baxanda sözün özü qədər mənəvi ucalıqda görünür.