Roma imperatoru Mark Avrelinin (121-180) fikrinə əsasən, "hər kəsin dəyəri onun can atdığı məqsədindən görünür və seçdiyi yolundan aydın olur ki, təqiblər, ittihamlar, repressiyalar azadlığının qarşısında ona əngəl ola bilmir". Millətinin ən ağır dönümündə onun vicdan səsi olmuş və həyatlarını şam kimi əridərək şərəfli bir ömür yolu keçmiş repressiya qurbanları, görkəmli Azərbaycan klassik ədəbiyyatımızın biliciləri - Firidun bəy Köçərli, Salman Mümtaz və o cümlədən, bizə doğma olan Nizami adına Ədəbiyyat İnstitutumuzun əməkdaşları - baş elmi işçisi Qafarov Hüseyn Cəfər oğlu, o vaxt İnstitutun nəzdində olan lüğətlər şöbəsinin müdiri Muradov Şirməmməd Əhməd oğlu və bir çox başqa ədəbiyyatşünas alimlərimiz bu keşməkeşli və çətin yolda əbədilik qazanmışlar. Repressiyanın baş alıb getdiyi bir dövrdə Əli Nazim, Vəli Xuluflu, Əmin Abid, Hənəfi Zeynallı, Ruhulla Axundov təhdidə, təzyiqə, tənqidə baxmayaraq zəngin araşdırmaları ilə Azərbaycan ədəbiyyatşünaslığının sistemləşdirilməsində və ədəbiyyatımızın inkişafında əsl fədakarlıq göstərmişlər.
XX əsrin birinci yarısında yazıb-yaratmış klassik ədəbiyyatımızın yaradıcıları daim anılmalıdırlar. Lakin ölkəmizdə Orta əsr Azərbaycan ədəbiyyatının şair və ədiblərinin elmi tədqiqi və nəşrinin 50-ci illərin sonlarında daha geniş miqyas aldığını söyləsək, səhv etmərik. Klassik ədəbiyyatımızı müxtəlif bucaqlardan işıqlandıran bütöv bir tədqiqatçı dəstəsi - Həmid Araslı, Mir Cəlal, Mikayıl Rəfili, Məmməd Cəfər Cəfərov, Mübariz Əlizadə, Mirzağa Quluzadə, Rüstəm Əliyev kimi görkəmli elm xadimləri orta əsrlər dövrünün klassiklərinin yaradıcılığının öyrənilməsi istiqamətində perspektivli fəaliyyətə başlayırlar. Bu dövr tədqiqatları içərisində Həmid Araslının "XVII-XVIII əsr Azərbaycan ədəbiyyatı tarixi" (1956), Mirzağa Quluzadənin "Nizami Gəncəvi. Həyatı və yaradıcılığı" (1953), Mirəli Seyidovun "Qövsi Təbrizi" (1963), Qasım Cahaninin "Əssar Təbrizi və onun "Mehr və Müştəri" (1966) əsəri və s. monoqrafiyalar görkəmli şairlərin həyat və yaradıcılığının yüksək elmi tələblər səviyyəsində öyrənilməsinin bariz nümunəsidir. Bu proses XX əsrin sonuna qədər durğunluq illərində də səngimir və mənim qismətimə yazılan bu öncüllərlə tanışlıq məhz keçən əsrin 70-ci illərinin sonu, 80-ci illərin əvvəlinə təsadüf edir. O zamanlar Universitetimizin Şərqşünaslıq fakültəsinin ərəb dili bölməsinin məzunu üçün belə alimlərlə ünsiyyət yaddaşından silinməz izlər salmış bir hadisə idi.
Məlumdur ki, "ədəbiyyat" sözü ərəb mənşəli sözdür və bu sözün kökündə "ədəb" sözü gizlənir. Ərəb ədəbiyyatında maarifləndirmə xarakteri daşıyan və "Ədəb" ədəbiyyatı kimi tanınan bir janr da mövcuddur. "Ədəb" ədəbiyyatının əsas məqsədi oxucunun dünyagörüşünün genişlənməsi və ədəb-ərkanın əhəmiyyətindən, ədəb, əxlaq qaydalarından bəhs etməkdir. Elmlər Akademiyasının "Azərbaycan ədəbiyyatının Orta əsrlər" şöbəsinə qədəm basdığım anda ilk təəssüratım o oldu ki, burada çalışan həmkarlarım, sanki bu amala xidmət edirdilər. Bu müqəddəs ocaqda heç kəs ucadan belə danışmır, hamı bir-birilə doğmaları kimi davranırdı. O müdriklərdən bizə miras qalmış bu məbəddə artıq 40 ildən çox çalışıram, amma həmin təəssüratım bu gün də təsəvvürümdə canlanmaqdadır...
O illər şöbəyə AMEA-nın müxbir üzvü, prof. R.Azadə başçılıq edirdi və Orta əsr korifeylərimizin ruhu onun yaratdığı mühitin ab-havasında, ətrafında olan insanların bir-birinə qarşılıqlı münasibətində duyulurdu. Azadə xanım ətrafinda olanlara gözəl bir insan və ziyalı mücəssəməsi kimi çevrələnir və özünə məhəbbət və nüfuz qazanırdı: bir həmkar, bir dost, nəhayət, bir çoxlarının mənəvi anası. Təbii haldir ki, Azadə xanımı tanıyanlardan hər kəs onunla bağlı müxtəlif məqamlar yaşayıb. Lakin onun nəcibliyi, ləyaqətinə və dərin erudisiyalı alim təfəkkürünə qibtə və heyranlıq qarşısında hər şey əriyib yox olurdu. O hər kəsə gecə-gündüzünü həsr etdiyi Nizami, Nəsimi, Füzuli kimi böyük sufilərin dahiyanə əsərlərində özü üçün kəşf etdiyi dəyərlərlə yanaşırdı: "Yaradan insanı öz surətində və özünə bənzər yaratmışdır" və buna görə də Azadə xanım o əqidədə idi ki, insanın qəlbini qırmaq - Tanrının əleyhinə çıxmaq deməkdir. Ümumiyyətlə, sufizm, sufizmin nəzəri əsasları və sinkretik müsəlman mədəniyyətində sufi simvolikasından bəhrələnmə aspektləri R.Azadə əsərlərində aparıcı tədqiqat obyektlərindən idi. Azadə xanım yalnız istedadlı alim, kamil mütəxəssis deyildi, o həm də həssas insan, nəcib bir ürək sahibi, alovlu vətəndaş idi. Bu keyfiyyətləri ilə onu Tanrı mükafatlandırmışdı. O, Tanrının nadir seçilmişlərindən idi - ilahi və fitri-təbii başlanğıcın vəhdəti R.Azadə yaradıcı "mən"inə belə qiymət vermək düzgün olardı. Nə qədər ki, Nizami və Füzuli zamansız və əbədidir - akademik Məmməd Cəfər Səfərovun sözü ilə desək, "Orta əsrlər Azərbaycan ədəbiyyatına dair yazılmış ən yaxşı və orijinal tədqiqatçı hesab olunan" R.Azadə adı bu korifeylərin dairəsindədir. Öz amalı ilə idraka yönəlmiş, taleyinin onun qismətinə yazdığı çox ağır, lakin nəcib missiyadan - Azərbaycan ədəbiyyatının ölməz klassiklərinin ideyalarını və böyüklüyünü müasirlərinin diqqətinə çatdırmaq missiyasından ilhamlanaraq dahi ədiblərin qoyub getdikləri çoxsaylı əlyazmalar, indiyədək məlum olmayan orijinal mətnlər, toxunulmamış ilkin mənbələr üzərində yorulmadan çalışırdı. AMEA-nın prezidenti akademik İsa Həbibbəyli alimin gördüyü işləri yüksək qiymətləndirərək və klassik ədəbiyyatın öyrənilməsində elmi fəaliyyətini "yeni mərhələ" adlandıraraq yazır: "Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, filologiya elmləri doktoru, professor Azadə Rüstəmovanın çoxillik elmi fəaliyyəti dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyatı və yaradıcılığının tədqiqi məsələləri ilə üzvi surətdə bağlıdır. Nizami Gəncəvi, Əfzələddin Xaqani, Qətran Təbrizi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Mövlana Cəlaləddin Rumi və başqaları kimi görkəmli sənətkarların həyatı və yaradıcılığına həsr edilmiş əhəmiyyətli tədqiqatları olan Azadə Rüstəmova intibah dövrü və orta əsrlər Azərbaycan ədəbiyyatının tədqiqi sahəsində mühüm bir elmi mərhələ yaratmışdır". Prof. R.Azadənin qaynar yaradıcı həyatı sıx surətdə müqəddəs məbədgah bildiyi ədəbiyyatla, ədəbiyyatın keçmişi və sabahı ilə bağlı idi. Əminliklə demək olar ki, R.Azadə əsərləri - "Azərbaycan epik şeirinin inkişaf yolları (XII-XVII əsrlər)", "Nizami Gəncəvi", "Fələki Şirvani", "Klassik Azərbaycan poeziyasında qəzəl. Janrın tarixi və poetikası (XII-XVII əsrlər)", "Məhəmməd Füzuli", "Mütəfəkkir-mövlanə Füzuli", "Nizami və onun poeziya sələfləri", "Mənəvi dünənimiz bu günün işığında", "Mövlana Cəlaləddin Rumi" və s. gənc nəslimizə də böyük örnəkdir və seçdikləri ədəbiyyatımızın ən çətin dövrü sayılan - Orta əsrlərin keşməkeşli yollarında onları məqsədə doğru istiqamətləndirən bir oriyentirdir.
Elmimizin daha bir fədaisi - AMEA-nın müxbir üzvü, prof. Əlyar Səfərli ilə rəhbərlik etdiyi "Orta əsrlər Azərbaycan ədəbiyyatı" şöbəsində eyni sahə üzrə çalışırdım. O, şöbədə hər bir əməkdaş üçün arxa, mənəvi dayaq idi. Şad günlərimizin şadlığına qarışır, ağır dəqiqələrimizdə öz müdrik nəsihətləri, məsləhətləri ilə qayğılarımızı əritməyə çalışırdı. Mənəvi sərvətlərimiz haqqındakı əqidələrdə uyğun gəlməyən məqamları açıqlamaq, onları təhrif və əyintilərdən təmizləmək - bugünkü ədəbi-nəzəri fikrin tələb etdiyi bu ümdə vicdani vəzifəni Əlyar müəllim alim - vətəndaş məsuliyyəti ilə tədqiqlərində həll etmişdir. Füzulinin "Həqiqətüs-süəda" əsərini tərcümə hesab edənlərə Əlyar Səfərlinin cavabı o oldu ki, əsərin tərtib və nəşrindən sonra onu orijinal əsər kimi təqdim etdi və bu böyük alim və yorulmaz insanın Əmaninin "Divan"ı, Xətainin əsərləri, Qazi Bürhanəddinin "Divan"ı, Məhcur Şirvaninin "Qisseyi-Şirzad", Hamidinin "Seyfəlmülük" və s. əsərlərinin tərtib və nəşri buna misaldır.
"Hər bir insanın qiyməti onun gördüyü işlərlə, o işlərin dəyəri ilə ölçülür", - fikrini yenə də təkrar etmək istərdik. Əlbəttə, qəlbimizdə iz qoyan bu böyük alimlər repressiya qurbanları olmayıb, lakin ömürlərini elmə qurban vermiş alimlərimiz də fədai sayila bilər, elmlə döyünən, yanan ürək onun sahibini fədailər cərgəsinə aparar, ölümsüzlik bəxş edər... Özünə də ölümsüzlük qazanmış böyük alimimiz Yaşar Qarayevin sözlərini burada yada salmaq istərdik: "Azadə xanım özünün yox, taleyin seçdiyi yolda əsl alim olmaq, özünü elmə həsr etmək üçün bir insan ömrü qurban vermişdi və bu qurban qadın ömründən qopanda ikiqat qiymətlidir". Fikrimcə, əsl alimin şəxsiyyəti və yaradıcılığı hər cəhətdən bir-birini tamamlamalıdır. İnsanlığı, qayğıkeşliyi, zəhmətkeşliyi, həm də hünəri ilə, mübarizliyi ilə fərqlənən alimə, hətta uca Yaradan yüksək qiymət verərək buyurmuş idi: "Alim öldü, aləm öldü". Xalq yaşadıqca onun fədai alimləri də ölümsüzdürlər!