AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Çin mərkəzində Azərbaycan-Çin əlaqələrinin 30 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə mövzu çərçivəsində hazırlanmış rəsm sərgisi ilə tanış olublar.
AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəyli giriş nitqində Çin Xalq Respublikası ilə əlaqələrin inkişafından söz açıb. Xatırladıb ki, Ədəbiyyat İnstitutunun Çin mərkəzi 2016-ci ildən fəaliyyət göstərir. “Bu illərdə Çinlə əlaqələr qurmaq üçün böyük addımlar atmışıq, Çin dili dərsləri təşkil etmişik. Nərgiz Kərimova Çində kurslar keçib və Çin-Azərbaycan ədəbi əlaqələrinə dair fəlsəfə doktorluğu dissertasiyası üzərində işləyir. Bu, filologiya istiqamətində Çin ədəbiyyatına həsr edilən Azərbaycanda birinci dissertasiya olacaq. Çindən gələn çoxsaylı qonaqlar da Çin mərkəzində olublar. Sosial Elmlər Akademiyasının sabiq prezidenti də buranı ziyarət edib. Çin-Azərbaycan ədəbi əlaqələrinə aid bir neçə dəfə konfrans keçirmişik. Bu konfranslarda iki ölkənin alimləri iştirak ediblər. Çin Sosial Elmlər Akademiyasının ayrı-ayrı institutları ilə əməkdaşlıq müqaviləsi imzalamışıq”, - deyə akademik əlavə edib.
Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikası ilə əlaqələrə böyük önəm verdiyi, iki ölkə arasında əlaqələrin bir çox istiqamətlərdə davam etdiyi vurğulanıb.
Qeyd olunub ki, Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsi professor Bədirxan Əhmədlinin rəhbərliyi ilə Azərbaycan-Çin ədəbi əlaqələrinə aid poeziya antologiyası hazırlayıb. Antologiya ilin sonuna kimi çap olunacaq. Bu, ölkəmizdə Çin-Azərbaycan əlaqələrinə həsr edilən birinci antologiya olacaq.
BDU-nun nəzdində Konfutsi İnstitutunun direktoru Van Xuoçian tədbirin təşkili üçün minnətdarlığını ifadə edib: “Konfutsi İnstitutu 2011-ci ildən, yəni yarandığı gündən azərbaycanlı tələbələrin Çində təhsil almaları, bu ölkəni yaxşı tanımaları, dili yaxşı öyrənmələri məqsədilə körpü rolunu oynayıb. Bu sərgi Azərbaycan və Çin ədəbi əlaqələrinin yaranmasının 30 illiyinə həsr olunub. Bundan öncə Xəzər Universitetində də belə tədbir keçirmişik. Ümid edirəm ki, dostluq əlaqələrimiz daha da inkişaf edəcək”.
Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli çıxışında şöbənin fəaliyyətindən danışıb, Çinlə ədəbi əlaqələrimizin davam etdiyini söyləyib.
Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrasının müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Aqşin Əliyev çıxışında Ədəbiyyat İnstitutu ilə Çinin müvafiq qurumları arasında mövcud əlaqələrin davam edəcəyinə ümidvar olduğunu bildirib.
Tədbirdə BDU-nun nəzdində Konfutsi İnstitutunun müəllim və tələbələrinin iştirakı ilə Çin rəqsi nümayiş olunub. Eyni zamanda, Çin yaşıl çayının dəmlənməsi göstərilib. Konfutsi İnstitutunun tələbəsi Rəhman Qarayev Çin dilində mahnı oxuyub.