Azərbaycanlı alim Şəfa Əliyeva elmi məruzə ilə beynəlxalq konfransda çıxış edib
29.04.2026 | 16:00
Polşa Respublikasının Lublin şəhərində yerləşən Maria Küri-Sklodovska Universitetində (UMCS) 24 aprel 2026-cı il tarixində II Tələbə–Doktorant Elmi Konfransı: Şərqin ədəbi və dilçilik üfüqləri keçirilib (Literackie i Językowe Horyzonty Wschodu).
Konfrans Şərq ədəbiyyatı və dillərinin müasir elmi yanaşmalar kontekstində araşdırılmasına həsr olunmuş və müxtəlif ölkələrdən gənc tədqiqatçıları bir araya gətirmişdir. Konfransın proqramına uyğun olaraq çıxışlar üç bölmə üzrə təşkil olunmuş, ədəbiyyatşünaslıq, dilçilik və mədəniyyətlərarası tədqiqatlara dair aktual mövzular müzakirə edilib.
Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi, Gənclər Akademiyasının sədr müavini, filologiya üzrə fəlsəfə doktoru Şəfa Əliyeva elmi məruzə ilə çıxış edib.
Onun təqdim etdiyi “Atalıq fiqurunun metamorfik modeli: Anar və Bruno Şults yaradıcılığında yaddaş və identiklik” (“Метаморфная модель отцовской фигуры: память и идентичность в творчестве Анара и Бруно Шульца”) adlı məruzə müqayisəli ədəbiyyat çərçivəsində təqdim olunub. Məruzədə Şərq və Qərb ədəbi düşüncəsi arasında paralellər aparılmış, Anar və Bruno Şults yaradıcılığı əsasında ata obrazının transformasiyası, yaddaş və identiklik problemləri müqayisəli şəkildə təhlil edilmişdir.
Tədbir çərçivəsində geniş elmi müzakirələr aparılmış, humanitar elmlərin aktual istiqamətləri üzrə fikir mübadiləsi həyata keçirilmişdir.
Konfrans gənc alimlər üçün beynəlxalq akademik əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətli platforma rolunu oynamışdır.