Naxçıvanda “Əcəmi 900: İpək Yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq konfrans keçirilir
13.11.2026 | 14:20Noyabrın 13-də Naxçıvan Dövlət Universitetində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Azərbaycan memarlıq məktəbinin görkəmli nümayəndəsi Əcəmi Əbubəkr oğlu Naxçıvaninin anadan olmasının 900 illiyinə həsr olunan “Əcəmi 900: İpək Yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçirilən konfrans UNESCO-nun 2026-cı il üzrə Yubileylər Proqramına daxil edilib.
Naxçıvan Dövlət Universitetinin Mədəniyyət və Konqres Mərkəzində keçirilən açılış mərasimində dövlət və hökumət rəsmiləri, Azərbaycan Milli Elmlər Akademiyasının, ali təhsil müəssisələrinin və elmi-tədqiqat institutlarının nümayəndələri, eləcə də Çin, Türkiyə, Avstriya, Qazaxıstan, Özbəkistan və digər ölkələrdən dəvət olunan alim və tədqiqatçılar iştirak edirlər.
Konfransın əsas məqsədi Əcəmi Naxçıvaninin zəngin yaradıcılıq irsinin, Naxçıvan memarlıq məktəbinin dünya memarlıq tarixindəki yerinin, İpək Yolu boyunca formalaşmış şəhərsalma ənənələrinin və Orta əsr memarlığının elmi aspektdən araşdırılmasıdır.
Tədbirə 25 elm və təhsil müəssisəsini təmsil edən 118 tədqiqatçı tərəfindən 90-dan çox elmi məqalə və tezis təqdim olunub. Onlardan 16-sı yerli, 9-u isə xarici ölkələrin elm və təhsil müəssisələridir.
İki gün davam edəcək beynəlxalq konfransın elmi müzakirələri hibrid formatda 6 zalda, 3 panel müzakirəsi və 7 elmi bölmə üzrə təşkil olunur. Məruzələrdə Əcəmi Naxçıvani irsi, Naxçıvan memarlıq məktəbi, İpək Yolu üzərində şəhərsalma mədəniyyəti, Orta əsr Azərbaycan memarlığı, tarixi abidələrin qorunması və bərpası, memarlıq ornamentləri, epiqrafik mənbələr, eləcə də mədəni turizmin inkişafı kimi aktual məsələlər müzakirə edilir.
Elmi proqramla yanaşı, konfrans iştirakçıları üçün Naxçıvanın zəngin tarixi-mədəni irsi ilə tanışlıq məqsədilə ekskursiyalar, konsert proqramları və müxtəlif bədii çıxışlar da nəzərdə tutulub.