☰

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

Azərbaycan Milli Elmlər Akademiyası

Ədəbiyyat İnstitutu akkreditasiyadan müvəffəqiyyətlə keçib

12.11.2026 | 16:00

​​Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu növbəti mühüm uğura imza atıb. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) Rəyasət Heyətinin qərarı ilə institut dövlət akkreditasiyasından uğurla keçib və elmi müəssisəyə şəhadətnamə təqdim edilib.

​

Ədəbiyyat İnstitutunun Elmi şurasının Dövlət akkreditasiyasının yekunları və institusional inkişaf istiqamətləri üzrə keçirilən genişləndirilmiş iclasında AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, iqtisad elmləri doktoru, professor Famil Mustafayev, AAK-da Filologiya elmləri və pedaqogika üzrə Ekspert Şurasının sədri filologiya elmləri doktoru, professor Mahirə Hüseynova və AAK-ın səlahiyyətli əməkdaşları, Ədəbiyyat İnstitutunun Elmi şurasının üzvləri və şöbə müdirləri iştirak ediblər.

Əvvəlcə foyedə Ədəbiyyat İnstitutunun nəşrlərindən ibarət sərgiyə baxış olub.

Tədbirdə çıxış edən akademik İsa Həbibbəyli elmi mühitin inkişafı, mövcud problemlər və qarşıda duran hədəflər ətrafında vacib məqamlara toxunub.

​​Akademik İsa Həbibbəyli çıxışında sovet dövründən başlayaraq klassiklərimizin, dövlət xadimlərinin, eləcə də xalq qəhrəmanlarının həyat və fəaliyyətinin işıqlandırılmasında 1970-ci illərdən sonra müşahidə olunan durğunluq və boşluqları diqqətə çatdırıb. Qaçaq Nəbi, Koroğlu, Səttarxan və digər görkəmli tarixi şəxsiyyətlər haqqında bədii nümunələr və dastanlar yaransa da, onların həyat və fəaliyyətləri elmi-tarixi müstəvidə hələ də dərindən və sistemli şəkildə öyrənilmədiyini deyib. Ədəbiyyatşünaslıqda yalnız məşhur simaların deyil, həmçinin xalqın milli maraqlarına, vətənə sevgi və milli duyğulara xidmət edən digər tarixi simaların da elmi dövriyyəyə daxil edilməsinin vacibliyini vurğulayıb.

​​

Beynəlxalq elmi əlaqələr və kadr potensialına toxunan akademik İsa Həbibbəyli Yaponiya, Çin, Monqolustan, Hindistan və digər ölkələrin dillərini mükəmməl bilən, həmin xalqların ədəbiyyatı ilə Azərbaycan ədəbiyyatını müqayisəli şəkildə tədqiq edən mütəxəssislərin hazırlandığını diqqətə çatdırıb. Dünya ədəbiyyatşünaslığı ilə inteqrasiyanın gücləndirilməsinin vacibliyini qeyd edib.

​​

İclasda çıxış edən Ali Attestasiya Komissiyasının sədri, professor Famil Mustafayev bildirib ki, təmsil etdiyi müəsissənin əsas vəzifəsi elmi müəssisələrin fəaliyyət göstərdiyi dövrdə elmi dərəcə və elmi adların verilməsi olub. Sədr qeyd edib ki, 2019-cu ildən etibarən ölkə qanunvericiliyinə uyğun olaraq Ali Attestasiya Komissiyasına yeni əsasnamə ilə əlavə səlahiyyətlər verilib və bunların da ən əsası elmi müəssisələrin akkreditasiyasının təşkilidir. Avropa İttifaqının akkreditasiya modellərini öyrənmək məqsədilə Avstriya və Xorvatiyaya səfərlər həyata keçirdiklərini xarıtladıb. Həmçinin, prosesin mexanizmindən danışaraq əlavə edib ki, bu işin qurulması üçün əsas yol müəssisənin özünüqiymətləndirmə ilə bağlı sualların verilməsi olub. Müəssisə həmin suallara cavabları hazırladıqdan sonra xüsusi akkreditasiya üçün müəyyən olunmuş və kənardan cəlb edilən ekspertlərdən ibarət ekspert şurası həmin məsələləri yerində yoxlayıb. Bu günə qədər ondan çox müəssisədə akkreditasiya prosesinin həyata keçirildiyini və hazırkı müəssisə də daxil olmaqla cəmi dörd müəssisənin akkreditasiyadan uğurla keçdiyini bildirib.

Professor Mahirə Hüseynova çıxışında akkreditasiya zamanı təqdim olunan sənədlər və elmi materiallarla bağlı fikirlərini bölüşüb. Akkreditasiya müddətində təqdim olunan bütün sənədləri və elmi materialları yüksək qiymətləndirən natiq hər bir tədqiqat işinin əhəmiyyətli və lazımlı olduğunu qeyd edərək tədbir iştirakçılarına təşəkkürünü bildirib və uğurlar arzulayıb.

Sonda akkreditasiya haqqında şəhadətnamə İnstitutun direktoru akademik İsa Həbibbəyliyə təqdim olunub.