Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

MÜSABİQƏLƏR.MÜKAFATLAR

“Fizika və lirika” mövzusunda ən yaxşı tərcümə müsabiqəsinin qalibi

19-04-2017 [ 12:06 ] [ oxunub:170 ]
printerA+ | A-
43410

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında “Novruz təqvimi: lirikada və astrofizikada” mövzusunda ikinci “Fizika və lirika” konfransı keçirilib.

Bu barədə AZƏRTAC-a AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutundan məlumat verilib. Tədbirdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli xalqımızın ən əziz bayramı olan Novruzun etimologiyası, onun Azərbaycan ədəbiyyatında yeri və elmi paralelləri barədə əhatəli məruzə ilə çıxış edib. Novruz bayramının dünyanın bir sıra ölkələrində eyni məzmunlu adlarla qeyd olunduğu, lakin eyni məqsəd daşıdığı bildirilib. İ.Həbibbəyli bu bayramın 2009-cu ildə UNESCO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Novruzun martın 21-də gecə ilə gündüzün bərabərləşdiyi gündə təntənə ilə keçirilməsinin minillərlə davam etdiyini, xalqın yaddaşında bir sıra özünəməxsus adət-ənənə və mərasimlərlə birgə bu günümüzədək gəlib çatdığını vurğulayan akademik ayrı-ayrı ədəbi nümunələrdən misallar gətirməklə bu əziz bayramın, onun atributlarının şifahi və yazılı ədəbiyyatda da geniş əks olunduğunu deyib. Novruzun hələ Nuh peyğəmbərin zamanından – torpağın oyanışından başladığını diqqətə çatdıran İ.Həbibbəyli bununla bağlı xalqımızın yaddaşında yaşayan əfsanə və rəvayətlərin elmi səciyyəsindən söz açıb, türkdilli ölkələrdə keçirilən bayram şənliklərinin oxşar və paralelliklərindən ətraflı bəhs edib.

AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, AMEA-nın müxbir üzvü Nazim Məmmədov konfransın işində ədəbiyyatşünaslarla yanaşı, texnika və təbiət elmləri nümayəndələrinin birgə iştirakının səmərəli və əhəmiyyətli olduğunu bildirib.

AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli “Novruz təqvimi və klassik ədəbiyyat”, Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov “Novruz bayramı və astrofizika elmi”, Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar İmanov “Folklorda səma cisimləri və elmi yozumlar”, Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, professor Tahirə Məmməd “Novruzla bağlı təbiət dəyişmələrinin poeziyada inikası” mövzularında məruzələrlə çıxış ediblər.

AMEA rəyasət heyətinin Elm və Təhsil İdarəsinin rəisi, professor Əminağa Sadıqov, Alimlər Evinin direktoru, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva, Fizika İnstitutunun əməkdaşı, fizika üzrə fəlsəfə doktoru Nazilə Soltanova, Botanika İnstitutunun əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru Sadıq Qarayev mövzu ilə bağlı fikir və mülahizələrini bölüşüblər.

Akademik İ.Həbibbəyli Ədəbiyyat İnstitutunun əməkdaşları arasında “Fizika və lirika” mövzusunda ən yaxşı tərcümə müsabiqəsinin qalibi olmuş Leyli Əliyevaya xatirə hədiyyəsi və xüsusi mükafat təqdim edib.