Menu
Azerbaijan National Academy of Sciences
Institute of Literature named after Nizami Ganjavi

SEARCHES. INVESTIGATIONS

An example of great love for South Azerbaijani literature - Latifah Mirzayeva

01-02-2023 [ 12:37 ] [ read:41 ]
printerA+ | A-
103066

XALQ YAZIÇISI ƏZİZƏ CƏFƏRZADƏ CƏFAKEŞ İNQİLABÇI ŞAİR MƏRZİYYƏ ƏHMƏDİ ÜSKÜLÜNÜN LAYİQİNCƏ TANIDILMASINDA MÜHÜM ROL OYNAYIB

Azərbaycanın Xalq yazıçısı, professor Əzizə Cəfərzadə gərgin ədəbi və elmi yaradıcılığı ilə bərabər, xalqımızın sənətkar qadınlarının da həyatı və yaradıcılığını tədqiq edib üzə çıxarmaq, onları ölkəmizdə və bütün dünyada tanıtmaq sahəsində də az iş görməmişdi. O, ilk dəfə olaraq 1974-cü ildə Cənubi Azərbaycanın aşıq və şair qadınları  haqqında da məlumat verən, Azərbaycan qadınlığının bir növ poetik salnaməsi adlandırılan, daha çox ah-fəryad səsləri ucalan "Azərbaycanın aşıq və şair qadınları" adlı antologiya üçün materialları toplayıb, tərtib edib onu "Gənclik" nəşriyyatında çap etdirmişdi.

Neçə-neçə Azərbaycan xanım şairinin çoxəsrlik fəaliyyətini, ilhamını, yanğısını, fəryadını əks etdirən bu antologiya ilə tanış olan macar alimi İ.Bako deyib: "Məni xüsusilə heyrətə salan budur ki, hər cəhətdən qadının kölə olduğu bir ölkədə və zəmanədə bu qədər şair və aşıq yetişmişdir".

Elə məsələ də burasındadır. Görünür, ictimai-mənəvi təzyiq güclü olduqca, hüquqsuz, dərdini ürəyində boğan qadın, əsarətdən qurtulmaq, xilas olmaq arzularını məhz pünhani yazdığı şeirlərində ifadə edib.

"Azərbaycanın aşıq və şair qadınları antologiyası"nın 1974-cü ildə 23000 tirajla çap edilən və qısa müddətdə nadir nüsxəyə çevrilən birinci nəşrindən sonra 1991-ci ildə tələbata və toplanan yeni materialların çoxluğuna görə cənublu neçə-neçə xanım şairlə birlikdə Mərziyyə Əhmədi Üskülünün də həyat və yaradıcılığı haqqında məlumatın, əsərlərindən parçaların yer aldığı (səh. 240-241) ikinci nəşri də həyata keçirilib.

Bu nəşr haqqında Ə.Cəfərzadə yazırdı:

"Hər halda birinci nəşri görüb Azərbaycanda 40-a qədər aşıq və şair qadının yaşayıb-yaratdığına heyrət edən Avropa münəqqidləri ikinci nəşrdə səksəndən çox aşıq və şair qadının əsəri ilə tanış olub, daha da heyrətlənəcək. Halbuki tədqiqat göstərir ki, aşıq və şair qadınlar Azərbaycanımızda yüzü keçmişdir".

Keşməkeşli həyatını, böyük vətənpərvərlik hisslərini şeirin diliylə əbədiləşdirmiş, qısa, lakin çoxmənalı ömrünün şeirə dönmüş qəlpələrini bizə yadigar qoyub getmiş fədai şair Mərziyyə Əhmədi Üskülü Dalğanın həyatı və fəaliyyəti haqqına qısa məlumatın və "Mən Günəşi sevirəm", "Dalğa", "Mən və Dəmavənd" əsərlərinin (səh. 189-191) də yer aldığı "Azərbaycanın aşıq və şair qadınları antologiyası" (Bakı, "Gənclik", 1991) nəşri əsasında təkrar nəşr edilən "Azərbaycanın qadın şairləri antologiyası" bir daha 2005-ci ildə yenə də Ə.Cəfərzadənin tərtibində "Avrasiya Press" nəşriyyatında çap edilib.

Bütün bunlar ədəbiyyat tarixinin böyük simalarına olan tükənməz məhəbbətdən, onların özlərinin və əsərlərinin əbədiləşdirilməsinə olan qayğı və ehtiyacdan, gələcək nəsillərə də tanıdılması məqsədindən irəli gəlir.

Xalq yazıçısı Ə.Cəfərzadənin alovlu şair, istedadlı nasir, publisist, fədakar müəllim, yalnız Cənubi Azərbaycanda deyil, İranda, bir çox Şərq ölkələrində milli qurtuluş hərəkatının iradəli yolçusu, xalqımızın əfsanəvi igid qızı kimi tanınan Mərziyyə Əhmədi Üskülüyə məhəbbəti daha çox idi. O, cənublu xanım şairə doğma ana məhəbbəti bəsləyirdi. Onu "qızım", "gəlinim", "balam" adlandırırdı.

M.Ə.Üskülünü Azərbaycanın bu tayında tanıdan ikinci yazı olan "Səni kim unudar, Mərziyyə!" adlı məqaləsində Ə.Cəfərzadə yazırdı: "Şəklinə baxıram sadə bir qız, nəcib bir insan, ziyalı bir müəllim canlanır gözlərimdə. Səndə nə böyük istedad, nə böyük təpər varmış. Az ömründə gördüyün işlər hesablansa, kitaba sığmaz, Mərziyyə xanım! Amma mən sənə xanım da deyə bilmirəm, ana öz balasına xanım deyərmi? Sən mənim xalqımın istedadlı, gənc qəlbini el uğrunda şam kimi şölələndirən balasısan! Silaha sarıldın, atəş açdın o zərif əllərinlə, nifrət yağdırdın - gül yarpağı dodaqlarınla, zəmanənin zöhhaklarına qarşı üsyana çağırdın - qızlıq səsinlə!

Mərziyəcan! Sən dünyada iyirmi doqquz il yaşadın. Bu iyirmi doqquz ildə nələr etdin, nələr etmədin, gizli dərnəklərdə dünyanın ən mütərəqqi inqilabi nəzəriyyələrini öyrəndin və öyrətdin, şeirlər yazdın, hekayələr yazdın, yaşıdlarının inqilabi mübarizə yolu haqqında böyük bir xatirat yazıb İranın fədai gənclərinin mübarizə yolunu işıqlandırdın. Bütün bunlar yaşının ölçüsünə sığmır, mənim balam!"

Ə.Cəfərzadə Mərziyyənin fədai, ər qeyrətli, kişi tinətli olması ilə fəxr edirdi. O, M.Üskülünün bu dəyanəti kimdən öyrəndiyini - Tomrisdənmi? Rüstəmədənmi? Zeynəb Paşadanmı? - bilmək istəyirdi. - Nigardımı, Həcərdimi anan? - deyə sual edirdi.

Ə.Cəfərzadə M.Ə.Üskülünün "savak"çılarla gərgin mübarizədə neçə-neçə şah nökərini öldürdükdən sonra amansızcasına güllələnməsinə ağı deyirdi. "Sən hələ nələr yazardın, nələr yarada bilərdin, lakin qoymadılar. Güllələdilər səni... Bu, adi atışmada atılan güllə deyildi. Səhər saat 10-da "Sübhün nazəndə çağında" amma elə o gün sənə dəyən güllələr səni İran xalqının mübarizə tarixinə yazdı, qanla yazdı, silinməz əbədi xətlə yazdı. Cəngavərlik səhifəsində sən Janna d`Arkın daha şöhrətli, mələk xislətli, tuti dilli, ər ürəkli igidim!"

"Mənim iyirmi doqquz yaşlı gəlinim, iyirmi doqquz yaşlı qızım. Qızım sağ olsaydı, səndən nə qədər böyük idi! Sən dünyaya gələn ili itirmişdim. Sənin məzarın üstündə  baş açmadım, ana olub ağlaya bilmədim, ağı, bayatı demədim. Sənin başına duvaq salıb gəlin köçürmək də mənə nəsib olmadı. Bu gecikmiş ağım ("Səni kim unudar Mərziyyə!" məqaləsi - L.M.) sənin məzarına əklik olsun!"

Ə.Cəfərzadə qızı Səma və Mərziyyəni erkən itirdiyi üçün qəlbində əkiz bala itirmiş ana hissi oyanmışdı.

"Elə bildim balalarım məktəb bitirməmiş, dünyanın heç bir ləzzətindən kam almamış, toysuz, böyük Allahın insana bəxş etdiyi ömrü yaşamamış həyatı tərk ediblər". Bu, bir ana fəryadı idi. Millətin M.Ə.Üskülü kimi bir fədakar şairi, nasiri, pedaqoqu itirməsindən qopan fəryad idi Xalq yazıçısının məqaləsi.

Ə.Cəfərzadə 1987-ci ildə qələmə aldığı "Yora bilməz yollar sizi..." (Cənubi Azərbaycanda yaşayan qadın şairlərin yaradıcılığı haqqında) adlı məqaləsində də M.Ə.Üskülüyə, onun yaradıcılığına səmimi münasibətini bildirmişdi.

Cənubi Azərbaycan vətənpərvəri, adını tarixə qızıl qanı ilə həkk edən M.Ə.Üskülünün taleyindən "Mərziyyə" poemasında yanıqlı bir dillə, poetik ehtirasla söhbət açan Xalq şairi Bəxtiyar Vahabzadənin də, "Hər kəs Günəşi sevsə" poemasında "Bu sədlərin, sərhədlərin üzərindən qanımı qaynadan qardaş duyğusu nə nağıldı, nə fərziyə!" söyləyən Xalq şairi Sabir Rüstəmxanlının da, Xalq yazıçısı Əzizə Cəfərzadənin fəryad dolu "Səni kim unudar, Mərziyyə!" məqaləsinin çapını təşkil edən, onun surətini çoxaltdırıb geniş oxucu kütləsi arasında yayan professor Abbas Zamanovun da xalqımızın igid qızı Mərziyyə Əhmədi Üskülüyə məhəbbəti sonsuzdur.

OTHER NEWS