Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Tədqiqatçı alimin nəsri - Mənzər Hüseynova

13-03-2023 [ 10:11 ] [ oxunub:290 ]
printerA+ | A-
103161

Tədqiqatçı, alim, yazıçı Zümrüd (Rəhimova Şəfi) ilk dəfə olaraq “Yarımçıq nəğmə” romanını yazaraq nəşr etdirdi. Əsərin xeyir-duasını isə mərhum, istedadlı yazıçımız Əlibala Hacızadə vermişdir. Bu əsər tez bir zamanda oxucular tərəfindən maraqla qarşılandı. Əsərdə əsas qəhrəmanlar Leyli ilə Muraddır. Biz bu iki gəncin  və onların əhatəsində olan müxtəlif qabiliyyətli, bir-birindən fərqli taleyli insanlarla tanış olduqca müəllifin təxəyyülünün zənginliyini, istedadını, söz ehtiyatının çoxluğunu, xalq deyimlərinin şahidi oluruq. Həssas qəlbə malik olan Zümrüd xanımın bu əsərini avtobioqrafik roman adlandırmaq olar. Əsərdəki hadisələr müəllifin öz həyatından bəhs edir desək yanılmarıq. Əsərin qəhrəmanları, istər Murad, istərsə də Leyli bir-birlərini sevən, vətənpərvər, zəhmətkeş, mənəvi zənginliyə malik, halallığı sevən, öz doğma torpaqlarına bağlanan gənclərdir. Leyli uşaqlığı ağır keçən, heç kəsdən qayğı görməyən və ona görə də tez-tez sərtliyini biruzə verən Muradı sonsuz məhəbbətlə sevir və həyat yoldaşının bütün qayğı yükünü öz üzərinə götürür. Müəllif  Leylini cəfakeş ömür-gün yoldaşı, qayğıkeş ana kimi bizə təqdim edir. Zümrüd xanım incə ruhlu yazıçı kimi Leyli obrazını da bizə romantik bir qadın kimi çatdırır. O, həm də şair təbiətli xanımdır. Onun qəlbə yatan şeirlərində kövrək, duyğulu, həssas qəlbli bir şairənin ürək çırpıntılarını görürük. Onun haqqında tədqiqatçı alim Zəhra Allahverdiyeva yazır: “Zümrüdün yaradıcılığında sanki nəsr və poeziya arasındakı zahiri fərq silinib aradan çıxır. Romanda təsvir olunan hadisələrin inkişafı boyu sərrast qələmli, gah da kövrək könlü yüksək dutğularla çırpınan şair Zümrüdlə qarşılaşırıq”. Ata, anasını itirən,  uşaqlıqdan ağır məhrumiyyətə qatlaşan Muradın ömrü yarımçıq qalır. Həyat yoldaşının ölümündən sonra Leylinin ağır, əzablı günləri başlayır. Ancaq bu dözümlü qadın bütün çətinliklərdən mərdi-mərdanəliklə çıxır. Əsər böyük həcmli olsa da oxucunu yormur, çünki dili ürəyə yatımlıdır, həm də müəllif əsər boyu maraqlı hadisələrlə bizi məlumatlandırır.

Müəllif bu romandan sonra bir-birindən maraqlı hekayələr yazır.

Budur, qarşımızda Zümrüd xanımın “Yarımçıq nəğmə”dən sonra yazdığı hekayələr toplusu durur. Müəllif hər bir hekayədə aktual, bizi narahat edən mövzulara toxunur. Bu hekayələrdə yaratdığı qəhrəmanların əksəriyyəti qarşılarına çıxan çıtinliklərlə üzləşsələr də, fiziki cəhətdən əzilsələr də öz daxili saflıqlarını, mənəvi təmizliklərini qorumağa bacarırlar. Zümrüd xanım çətin situasiyalarla, problemlərlə üzləşən qəhrəmanlarının həyatını inandırıcı boyalarla təsvir edir. Müəllifin hekayələrinin çoxu kəndlə bağlıdır. Kənd mühiti, kənddə yaşayan insanların, xüsusən qadınların tale hekayələrdə öz əksini tapır. Bu hekayələrdə qadın əri tərəfindən döyülən, zorakılığa məruz qalan “Məngənə”də Elnaz, “Gen dünyanın altında” Səltənət uşaqlarının xoşbəxtliyi naminə işgəncələrə, həqarətlərə dözürlər. Elnazın zalım, tüfeyli həyat sürən, içki düşkünü əri onu incitsə də, o evdən qovulsa da, tanımadığı bir evə iki uşaqla sığınsa da öz namusunu qorumağı bacarır. Və yaxud Səltənətə qonşulardan biri: “Niyə vaxtında aralanmadın, ay Səltənət?” soruşanda Səltənət “Papaq deyiləm ki, gündə birinin başına qonam. Urcahıma çıxan budu özümnən ötrü uşaqları bədbəxt etməyəjəm ha” deyir.

Zümrüd xanımın hekayələrinin birinin adı “Duman”dır. Bu hekayəni çox illər əvvəl “Almanax”ların birində oxuyarkən müəllifi tanımırdım. Tale elə gətirdi ki, mən Zümrüd xanımla Akademiyanın Ədəbiyyat İnstitutunda tanış oldum. “Duman” hekayəsinin müəllifi Zümrüd Rəhimova olduğunu biləndə çox sevindim. Çünki hekayədəki Sürmənin romantik sevgisi, onların qaldıqları alaçığın, yaylağın, təbiətin təsviri məni valeh etmişdir. Mən deyərdim ki, çağdaş nəsrimizdə “Duman” hekayəsini sevgi haqqında ən gözəl hekayə adlandırmaq olar. Hekayədə valideynləri ilə yaylaqda istirahət edən Tibb institutunun tələbəsi Sürmənin həmin yaşıl dağların qoynunda çadır qurub kəşfiyyat işlərini aparan cavan bir dağ mühəndisə olan hisslərindən bəhs olunur. Sürmənin bu ilk məhəbbəti, oğlana olan təmiz, pak hissləri təbiətin füsunkar qoynunda baş verir.  Yaşıllıqların əhatəsinə bürünmüş əzəmətli Dəli dağın ətəyində yerləşən obanın gözəlliyi, qayanın altından axan bulaq, ətrafı bürüyən çən, duman zərif ləçəkli açıq, çəhrayı dağ çiçəklərinin, lalənin ətri qızı məst edir. Belə gözəl əsrarəngiz təbiətin qoynunda necə sevməyəsən, necə sevilməyəsən. Sürmənin yaylaqda təsadüfən rastlaşdığı oğlana olan sevgisi o qədər pak, təmiz, ülvüdür ki, əsəri oxuyarkən istər-istəməz oxucu bu zərif, incə qızın duyğularının sehrindən çıxa bilmir. Bəs mühəndis? Qızın ona olan hisslərindən xəbəri vardırmı? Odamı sevirdi? Müəllif Ramizin – bu dağ mühəndisin Sürməyə olan münasibətini bircə cümlə ilə ifadə edir: “Darıxıram, heç olmasa, sonralar sizinlə  keçirtdiyim günləri xatırlayıb təsəlli taparam” deyir. Ramiz belə görünür ki, darıxdığı üçün Sürməyə meyl göstərir. Onu görüşə çağırır. Oğlanla görüşün həsrətini yaşayan qız səhər yaylağı bürüyən dumanın çəkilməsini  gözləyir. Göz-gözü görmür və duman  ancaq axşamüstü çəkilir və qız yerindəcə donub qalır. Mühəndislərin qurduğu çadır yığışdırılmışdı. Onu görərkən qəlbini titrədən, yanaqlarını köz kimi közərdən, baxışları ilə qızı ovsunlayan, vücudunu əsdirən o gənc mühəndis də çıxıb getmişdir.  Sürmə: “Mən alaçığımıza söykəli vəziyyətdə donub qaldım. Mühəndislərin çadırı yox idi. Uşaqlar köhnə yurd yerində  nə isə axtarır, yerə dağılmış kitab vərəqlərində təyyarə qayırıb uçururdular. Bu, Ramizin oxumaq üçün məndən aldığı kitabın vərəqləri idi”.

Alim, tədqiqatçı Elmira Qasımova: “Zümrüd xanım nədən, kimdən yazmağından asılı olmayaraq hadisələrin cərəyanında onun el-obasına bağlılıq hissi güclüdür. Bəlkə elə ona görə oxucunu  çox asanlıqla öz xəyalı arxasınca salıb onu tanrının bizə təmannasız bəxş etdiyi təbiətin füsunkar dünyasına qovuşdura bilir”.  E.Qasımovanın yazdığı kimi müəllif elinə-obasına bağlılığını “Qumru quşunun duası” hekayəsində də qələmə almışdır. Bu əsərdə təkcə elinə, obasına yox, həm də ananın övlada məhəbbəti də öz əksini tapır.  Ana quşun övlada sonsuz məhəbbəti bizi riqqətə gətirir. Hekayədə həm də quşların bir-birlərinə isti münasibətləri də verilib.  Əsərdə ana quş – Qumru müəllifin yerinə özü danışır. Ana quşla ata quşun eyvanların birində dünyaya gələcək balaları üçün yuva qurmaları, həmin eyvanın sakinləri ana və oğulla tanış olmaları, onların quşlara məhəbbətlə qayğı göstərmələri təsvir olunur. Həm də bu qumru quşların bu eyvanı seçməklə ayaqları düşərli olur. Onlar ananı arzularına qovuşdururlar, oğlunun işsizliyindən üzülən anaya sevinc bəxş edirlər. Ananın oğlu işə düzəlir.

Müəllif “Keçidlər arasında” hekayəsində isə Çin müdriklərindən misal çəkir. “Allah eləməsin keçid dövründə yaşayasan”. Doğrudan da Azərbaycan xalqı keçid dövrünün acısını yaşadı. Bu elə vaxt idi ki, zavodlar, fabriklər bağlandı. İşsizlik baş alıb gedirdi. Ziyalılarımız, xüsusən müəllimlər cüzi maaşla ailələrini güclə dolandırırdılar. Əsərdə də gənc ikən ərini itirən müəllimə övladlarının yemək-içməklərini, əyin-baaşlarını çatdıra bilmədiyi üçün əlavə iş yeri axtarır. Özünə layiq işlə təmin olunmadığı üçün gah döşək yunu yuyur, gah evlərə gedib təmizlik işlərinə baxır, axırda bir körpə uşağa dayəlik edir. Gənc, savadlı müəllimə işlədiyi yerlərdə haqsızlıqlarla üzləşir. Hətta bir evdə oğurluq etməkdə günahlandırılır və müəllimə sarsılsa da işini başqa evdə davam etdirir, ancaq dərs dediyi sinifdə qızlardan biri qəflətən “Siz uşaq saxlayırsınız?” soruşaraq onu pərt edir. Müəllif hekayənin sonunu belə yekunlaşdırır: “Zahirən sakit görünsəm də elə bil içimi alov qarsıdı. Kirə evdə böyüyüb, indi xüsusi evdə yaşayan bu uşaq da keçid dövrünün uşağıdır. Hərbi idarədə mühasib işləyən atası hərbi rütbə qazana bilməsə də, yaxşı pullar qazanırdı”.

Müəllifin bu kitabında təkcə nəsri yox, poetik duyumlu, iç dünyasından xəbər verən esseləri, şeirləri də yer alır. Bu şeirlərdə bir səmimilik, ürək yanğısı var. Hekayələrində olduğu kimi, şeirlərində də təbiət təsvirləri, vətənə məhəbbət, elinə, obasına vurğunluq öz əksini tapıb. Müəllif uşaqları da unutmur. Onun uşaq şeirlərində nənənin nəvəyə məhəbbəti, istəyi, körpələrin nənəyə sevinc bəxş etmələri hiss olunur.

Zümrüd xanımın kitabının “Xatirələr” fəslində  Azərbaycanın görkəmli alimlərindən olan elm və sənət aləmində ömrünü xalqına, vətəninə fəda edən Ziya Bünyadov, Şərqin klassiklərini yada salan onların yorulmaz tədqiqatçısı Rüstəm Əliyev, əsərlərini sevə-sevə oxuduğumuz, öz dövründə “indi də” şöhrətin parlaq zirvəsinə ucalan Əlibala Hacızadə haqqında duyğusal yazıları ilə də tanış oluruq.  

Zümrüd xanımın (Rəhimova Şəfi) əsərlərini oxuduqca onun sözə həssaslığı, personajlarını təbii danışdırmağı ilə yanaşı, dilinin rəvanlığı, özünəməxsusluğu diqqət çəkir. Biz əminik ki, “Yarımçıq nəğmə” romanı kimi müəllifin bu kitabı da oxucular tərəfindən maraqla qarşılanacaq.    

SİZƏ MARAQLI OLA BİLƏR