Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Güney Azərbaycan ədəbiyyatında seçilən imza - Nigar Xiyavi - Esmira Fuad

01-03-2023 [ 12:10 ] [ oxunub:446 ]
printerA+ | A-
103142

Güney Azərbaycan modern şeirinin öndə gələn isimlərindən biri olan Nigar Xiyavi 1960-cı ildə hazırda Meşginşəhr adlanan Xiyav şəhərindəki Çaypara məhəlləsində Hacı Ələkbərli tayfasından olan Möhsin Purəkbərin ailəsində dünyaya gəlib. Bu şəhərdə boya-başa çatıb, ibtidai və orta təhsilini də burada alıb. 1984-cü ildə Tehranda yerləşən Tərbiyəti Texnikumun Mikrobioloji bölməsinə daxil olsa da, təhsilini yarımçıq qoymaq məcburiyyətində qalıb. Bir müddət radioloji sahədə texniki işçi kimi işləyib. 1997-ci ildə ildə Lahicanda yerləşən Azad Universitetinin İngilis dili mütərcimliyi bölməsinə daxil olub, ancaq oranı da müəyyən səbəblərə görə yarımçıq qoyub. 1998-ci ildə ildə Təbriz Azad Universiteti İctimai elmlər fakültəsinə daxil olub və 2002-ci ildə təhsilini başa çatdırıb. 2006-cı ildə Bakıda Xəzər Universitetinin İctimai elmlər fakültəsində magistratura təhsilini "Həbib Sahirin həyatı və əsərləri" tezisi ilə bitirib.

Şeirlərini öncə fars dilində yazan Nigar Xiyavi 1989-cu ildən qardaşı Rövşən Xiyavinin və həyat yoldaşının təşviqi ilə türkcə yazmağa başlayır. Onun "Mənim şeirim" adlı ilk kitabı 1996-cı ildə yayımlanır. N.Xiyavi Azərbaycan türkcəsində yazmağa başlamasını həyatının ən böyük şansı, həm də sınağı sayır: "Mənim aid olduğum nəsil (1960-cı illər) dilimizin bəxtəvər çağında yazmağa başlamadı, yalnız ürək atəşi, can sevgisi ilə yola çıxdı. O zaman Türkcə yazmaq dəbdə deyildi, Türkcə yazanlara alqış-malqış yoxdı, tərsinə, bol-bol diksinti, çətinlik yaşayırdıq".

1993-94-cü illərdə Q.Saididən ana dilinə çevirdiyi "Bəyəl əzalıları" və "Top" adlı iki roman on il sonra yayımlandığında bəzi dostlardan təpkilər görür, hətta tənqid edənlər də olur. Ancaq o, doğru bildiyi işi gördüyünə inanırdı. O tərcümələr də ədəbi çevrədə susqunluqla qarşılanır. Ancaq onların haqqında xəbərlər yurd dışından, İzmir universitetindən, Almaniya, Kanada, Azərbaycan Respublikasından gəlir... Nasir Mənzurinin "Qaraçuxa" romanı çap olunub yayılanda, o da çox sevinir və romanı oxuyub heyran olur. 2003-cü ildə Tehranda, "Fərhəngsəraye Bəhmən" - Azərbaycan seçkinlər festivalındakı toplantıdan sonra Nasir Mənzuri ilə tanış olur, onun dəyərli işinə qarşı susqunluqdan üzüntü keçirdiyini və utandığını bildirir. Sonralar "Avava" romanı haqqında da ilk məqaləni məhz Nigar xanım yazır və "Çıraq" dərgisində dərc etdirərək sanki böyük yazıçının qarşısında mənəvi borcunu ödəmiş olur.

N.Xiyavi Q.Saidinin "Dünyanın ən yaxşı atası" və "Damların üstü, damların altı" pyeslərini, həmçinin, qüdrətli qələm sahibi Rza Bərahəninin "Ayazın cəhənnəmli günləri" romanını da peşəkarlıqla Azərbaycan türkcəsinə çevirib.

Amma Nigar hər işdən öncə, canı qədər sevdiyi bir işlə məşğuldur - şairdir və milyonlarla oxucunun sevgisini qazanmış şeirləri yazır. Şeirlərində özünü iftixarla "Azərbaycan qızıyam" deyərək tanıdır. "Azərbaycan qızıyam" dediyində duyduğu qürur hissi "Buraxın, yaşayım!" şeirində boğulmuş arzularının, bağrından qopduğu xalqı ilə bərabər yaşamadığı azadlıq, bağımsızlıq zövqünün, içindəki dərdlərin poetik biçimli, ağrılı etiraflarına çevrilir, ancaq çox səmimi səslənir:

Ürək çırpıntılı bir quş yuvası,

Başım fırtına meydanı, yanğı dəryası.

Buraxın yaşayım, bu qara nəfəsi

Yorğun-yorğun tövşəyim,

Boynuma qoyulan həyat payımı.

Buraxın eşidim.

İçimdə boğulan hay-harayımı

Buraxın...

Nigarın adı həyata, siyasi basqılara, mənəvi sıxıntılara-vətəndə vətənsizliyə, ana dilinin buxovlanmasına qarşı kəskin etiraz nidaları Güney Azərbaycanda gizli, yaxud açıq şəkildə getməsindən asılı olmayaraq heç vaxt səngiməyən milli azadlıq hərəkatına güclü bir təkandır.

Nigar Xiyavinin 2020-ci ildən öncəki  Azərbaycan-Qarabağ gerçəkliyindən, müvəqqəti məğlub durumumuzdan doğulmuş şeirlərindən acı gülüş, öldürücü sarkazm vulkan kimi püskürür və bu püskürtü ilə də soydaşlarını qəflət yuxusundan ayılmağa, qeyrətə gəlməyə, əldən getmiş, itirilmiş Vətən torpaqlarını, Qarabağı geri qaytarmağa səsləyirdi.

Nigar xanımın əksər şeirlərində fəal vətəndaşlıq mövqeyi özünü yansıdır, haqsızlıq və ədalətsizliklərə qarşı barışmazlıq, soydaşlarının milli hüquqlarının pozulmasına, dilinin bağlanmasına-qəddar ağaların qıfıl vurmasına qarşı üsyan duyğuları şahə qalxır, fərqi yoxdur Güneydə olsun, yaxud Quzeydə... 27 sentyabr 2020-ci ildə başlayan və torpaqlarımızın böyük hissəsinin erməni vandallarından geri alınmasından sonra təbii ki, onun da qəlbi sevinc duyğuları ilə coşub daşır və qələbə ruhlu yeni əsərləri yaranır və yaranacaq...

Şeyx Xiyabaninin 1920-ci illərdə inqilab meydanına atılmasını "Səttarxanın beynindən boylanmaq", onun mütərəqqi ideyalarından, inqilabi fikirlərindən bəhrələnərək yetişmək, inqilabi hərəkatların bir-biri ilə zəncirvari bağlılığı kimi mənalandıran Nigar Xiyavi Səid Mətinpurun böyük Pişəvərinin bətnindən doğulduğunu modernist düşüncələrinin axarında oxucuya təqdim edir. "Gözlüyünü itirmişdi dünya" şeirində cızdığı tabloda Cənubda son dönəmdə yetişmiş inqilab mücahidi, milli fəal Səid Mətinpurun siyasi aktivliyinə, mübarizliyinə, xalqının milli haqq və hüquqları uğrunda ardıcıl mücadilə etdiyinə görə tutulub zindana atılması hadisəsi yansıyır. O, imperializmin bir üzünü tanıyır: Dünyanın harasında olmasından asılı olmayaraq, insanları ölümə, istismara, cismani və mənəvi ölümə sürükləyən, məhkum edən qəddar, cəllad, ölümsaçan qara qüvvələr!.. Və bu ölümü nə ilə, hansı yolla həyata keçirmələrinin heç bir fərqi yoxdur:

"nə fərqi ölümə?

Trotskinin başına balta ensin

ya da Pişəvərini dərəyə aşıran otomobil olsun...

biz ki başsağlığı verməyə kimsəni tapammadıq...

"Başsağlığı verməyə kimsə tapılmır, ancaq düşmənlərimizi tamaha salan sərvətlərimiz olub və ölkəmiz talanıb həmişə" fikrini Nigar xanım "Təbrizin qurabiyyəsi qonaqların sulu ağzında əriyirdi, bizi lağa qoyanları başa salmağa çalışırdım, bütün məhkəmələrin məhkumu isə sənlə mən idik" sözlərilə izah edir. "telfunlar (telefon) Dilqəmi çalır, sevişməyə girəvə yox, savaşmağa silah, get, buralar təhlükəli..." - təklifinə qarşı dirənən lirik qəhrəman qadınlığında və sevgisində qərarlı idi və bütün problemlərin həlli, tapdanan haqq və hüquqların bərpa olunması uğrunda savaşmaq gücündə olan yeni qadını doğurmaq sancısı yaşayır... Bu vəhşilikləri, üzdə "təməddünçü, saxta təbəssümlü" imperializmin iç üzünü açıb xalqa göstərən, soyğunçu siyasətlərin mahiyyətini açan və "şairlərin kölgəsini ayaqlamaqdan" insanları çəkinməyə səsləyən üsyankar xanım heç bir "nisbi arxayınlığa, başlar tərsinə kəsilən sarı bayraqların zahiri əmniyyətinə inanmır ("Sarı əmniyyət" şeirində)", çünki arxasında soyuq küləklərin əsdiyini və bu küləklərin bütün müqəddəsliklərin külünü göyə sovurduğunu görür... Hətta gələn nəsillərin xarakterində getdikcə daha artıq cırlaşma getdiyini apaçıq dərk edən şair "dölümüzə damazlıq gərək" həqiqətini də anlayır və bu anlayışın vəsvəsəsində gizlicə içinə axan göz yaşları qəlbinin dərinliklərində sanki coşub-çağlayan bir dənizə dönür:

Saçlarım gizli bir hıçqırığın darağında,

Dən-dən tökülür.

Başımın ağrısı qapının cəftəsini ağırladır,

Qapı açılmır, açılmır qapı.

Açılıbsa, Önündə divar durur.

Mən bu sarı arxayınlığa inanmıram.

Nigar Xiyavinin və digər xanım yazarlarının da yaradıcılığında azad, bağımsız Vətən, Ana dili, milli kimliyin tanınması arzuları ilə yanaşı, qadın azadlığı, qadın haqları,  feminizmin diqtə etdiyi bir sıra önəmli məsələlər də mühüm yer tutur. Nigarın şeirlərindəki səmimiyyət, fikrin düzgün ifadə və sözlərlə izharı onun ana dilinin incəliklərini mənimsəməsinin sonucudur. Yazarın dil məsələsinə, arınmış türkcədə yazmaq amacına doğru və həssas yanaşması şeir və hekayələrinin, tərcümə əsərlərinin dilinin aydınlığında təzahür edir. Ana dilinin saflığı, təmizliyi və özəlliyinin qorunması onun üçün qutsal bir görəvdir: "Dilimizi doğru düzgün oxuyub öyrənməliyik. Bu gün iran Azərbaycan yazarının bir görəvi, bəlkə də başlıca görəvi əlindən gəldigi qədərcə dilimizi yanlış yazmaqdan arındırmaqdır. Qoy gələcək nəsillər bizlərin ən azından var olan olanaqlar (imkanlar) çərçivəsində dilimizi qorumaq yolunda verdiyimiz əməklərdən, qayğılardan xəbərdar olsun..."

Yaradıcılığında urbanistik mövzular, postmodern estetik təmayül aparıcı yer tutan Nigar Xiyavi dövrümüzdə baş verən savaşlar, qorxunc olaylar, sürətlə silahlanma, insanların kütləvi soyqırğınına məruz qalması, güclü dövlətlərin zəifləri istismar etməsi, insan haqlarının pozulması, xalqının hələ də öz haqq və hüquqlarını əldə edə bilməməsi haqqında daim düşünür, şair ürəyi narahatlıq keçirir və bu narahatlıq əsərlərinə yansıyır: "Günümüzdə bunca acınacaqlı qorxunc olaylar baş verirkən parlaq isdən söz etmək nə qədər doğrudur, bilməm. İnsan övladı çaşbaş duruma ilişmiş, öz içinə sığınaraq huyuxmuşdur. Kimdən, nədən, harada, haçan, niyə qorxmalı və ya qorxmamalı olduğunu belə başa düşmür. İnsanlar gözümüzün qabağında dəstə-dəstə - yüz-yüz, min-min qırğına, qıtlığa, aclığa, yanğına, sürgünə, edama, atəşə uğrayır, dünyanın tükü belə tərpəşmir, halbuki, bir zamanlar hər gün şahidi olduğumuz bu faciələrın yalnız bircəsi tək başına dünyanın bütününü belə alt-üst etməyə yetərliydi, indi elə olub ki, kimsə birgün həmin faciələrdən birınə uğrayacağını o qədər də uzaq görməyir, hər kəs bu kimi faciələrlə qarşılaşmağa hazırlıqlar düşünmək zorundadır. İnsan balası deyəsən sırtıqlaşıb artıq, üzünün suyu tökülüb sanki..."

Nigar Xiyavinin həyatı, yaradıcılığının özəllikləri, sənətkarlıq məziyyətləri haqqında Hümmət Şahbazi, İsmayıl Ülkər, Ənvər Uzun, Nadir Əzhəri, Əli Kafkasiyalı öz məqalələrində söz açmış, şeirlərini təqdim etmişlər.

Çağımızın modern şairi bu gün Təbrizdə yaşayır və gənclik şövqü ilə yazıb-yaradır.

SİZƏ MARAQLI OLA BİLƏR