Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Şəms Təbrizi və onun mənalar dünyasının bədii dərki - Bədirxan Əhmədli

22-02-2023 [ 12:46 ] [ oxunub:232 ]
printerA+ | A-
103110

Tanınmış yazıçı Nəriman Əbdülrəmanlının "Şəms" romanı bu günlərdə çapdan çıxıb; yazıçı əsəri "roman-qeybnamə" adlandırır. Adın doğurduğu assosiasiya özlüyündə Mövlana Cəlaləddin Ruminin təsəvvüf rəhbəri olan dostluqları barədə əfsanələr dolaşan şeyx Şəms Təbrizinin həyatını əks etdirir. Şəms Təbrizi və onun Cəlaləddin Rumi ilə dostluğu, ölümü barədə o qədər bir-birinə zidd əfsanə və rəvayətlər dolaşır ki, yazıçının bu əfsanələr burulğanında necə hərəkət edəcəyi və bu işin içindən necə çıxacağı maraq doğururdu. Əslində, Şəms Təbrizinin həyatı, ölümü və ölmündən sonra qəbrinin müxtəlif yerlərdə ziyarətə çevrilməsi də bunu deyir. Haqqında yazılan çoxsaylı əsərlər də böyük sufinin həyatının məhz bu qaranlıq məqamlarına işıq tutsa da, o əsərlərdə bu iki sufinin həyatı, dünyaya baxışı, dostluqları, taleləri barədə informasiyalar, rəvayətlərdəkindən uzağa getmir, necə deyərlər, bir-birini təkrarlayırdı. Nərimanın "Şəms" romanı isə bu tendensiyadan kənara çıxır və yeni bir tendensiyanın əsasını qoyur. Bu tendensiya Şəms Təbrizini bütün yazılanlardan fərqli olaraq Mövlananın kölgəsindən çıxarır, həqiqət axtarıcısı, bir Ruh adamı kimi göstərir, onun həqiqət axtarıcılığının yeni versiyasını yaradır. Bu alternativ versiya iki aspektdən diqqəti cəlb edir; tarixi və bədii.

Əsərdə XII yüzilin sonu-XIII yüzilin əvvəllərində yaşamış Şəmsin həyatı və başına gələn hadisələrdən bəhs edilir. Cəlaləddin Rumi və bir çox tarixi şəxsiyyətlərin də yer alması romanın tarixi aspektini müəyyənləşdirir. Bu mənada, əsəri "tarixi roman" da adlandırmaq mümkündür. Lakin tarixi romanın özü də müxtəlif estetik prinsiplərlə səciyyələnir. Nəriman da tarixi roman hesab etdiyimiz əvvəlki əsərlərində ("Könül elçisi...", "Taclı") bir-birindən fərqli üslublarda keçmişi təsvir etməyin yeni yollarını arayıb və buna nail olub. Yazıçı "Şəms" romanında tarixilik prinsipini bir qədər də inkişaf etdirərək tarixi fonla bədii təxəyyülün mükəmməl sintezini, tarixi hadisə və şəxsiyyətlərin həm forma, həm də məzmun vəhdətini yarada bilib.

"Şəms" romanında yazıçının tarixi hadisələri bədii şəkildə dərki əvvəlcədən müəyyənləşdirilmiş şərhə yox, tarixi səbəblərin dərkinə əsaslanır. Oxucu özünü rəvayətlərə, əfsanələrə bürünmüş bir sufinin həyatı ilə tanışlığa hazırladığı bir zamanda onun yaşadığı dövrün, hadisələrin xronologiyası ilə də qarşılaşır. Yazıçı sanki baş vermiş hadisələri yenidən dəyərləndirir, oxucunu yormadan, tarixi sənədlərə istinad etmədən dövrün ruhunu, tarixi hadisələrin inkişaf qamnunauyğunluqlarını, psixologiyasını, mühitini ugurlu şəkildə təsvir edir. Roman boyu Şəms Təbrizinin fərdi həyatını onu məşğul edən, maraq dairəsində olan (bütün bunlar Şəms Təbrizinin zamanında baş verən ictimai-siyasi, hərbi hadisələri necə həyəcanla izlədiyinin şahidi oluruq) tarixi hadisələrlə bağlaya bilir, Şəms və onun ətrafında baş verən hadisələri gerçəkliyə uyğun təsvir edir. Onun keçmişi  bizə ruhən çox doğmadır. Yazıçı burada dövrün hadisələrini, müharibələrini, toqquşmalarını ən kiçik detallarına qədər incələyir. Tatarların Təbriz ətrafını tutmaları, üç gün ərzində təbrizlilərin əllərində nə vardısa yığıb verməsi, daha sonra onların Səraba üz tutması, şiddətli hücumlarla şəhəri ələ keçirmələri, Arana yollanaraq Beyləqanı xarabaya çevirmələri, Gürcüstanı diz çökdürmələri bu mənzərəni aydın əks etdirir. Tarixilik havası yalnız müharibələrin, toqquşmaların verilməsində deyil, həm də bu dövrdə baş verən fikri cərəyanların, ideyaların ifadə edilməsindədir: "Tatarlar Muğana üz tutanda mən artıq yoldaydım, təhlükə Təbrizin başının üstündən sovuşan kimi, getmək qərarına gəlmişdim. Şeyx Əbu Bəkrlə son vaxtlar Əbu Həmid əl-Qəzalinin məşşailik, Şəhabəddin Sührəvərdinin işraqilik təlimləri barədə söhbət eləmişdik. Məndən ötrü rumlu Ərəstu və Əflatundan başlanan məşşailiyin nədən öz yerini asanlıqla işraqiliyə verməsi çox maraqlıydı. Şeyx Əbu Bəkr həm məşşailik, həm də işraqilikdə dərya olan Sührəvərdinin yolunu davam etdirən Şeyx Şəhabəddin əs-Sührəvərdinin Bağdadda, xəlifə Nasir Lidinillahın himayəsində yaşadığını, bununla bağlı sualların cavabını ondan ala biləcəyimi söyləmişdi".

Nərimanın romanında tarixilik xronotopu və ya bu əsərin tarixi romanın yeni mərhələsinin başlanğıcı olması ayrıca bir tədqiqatın mövzusu olduğundan, burada sadəcə qənaətimi bildirmək istəyirəm: "Könül elçisi...", "Taclı" və "Şəms" romanları ilə tarixi romançılığın yeni mərhələsi başlayır. Nəriman bu romanlarında bizi yazdığı dövrə bir qədər də yaxınlaşdırır, sanki keçmişi yenidən yaşadır; bu günlə keçmişi birləşdirir.

"Şəms" romanının ikinci özəlliyi onun strukturundadır. Burada əsərin arxitektonikasından tutmuş, ruh və fəlsəfi düşüncəsinə, modern üslubuna, orijinal təhkiyəsinə, ritminə qədər çağdaş roman modeli ilə qarşılaşırıq. Şəmsin Təbrzidən başlayan hekayəti Bağdad-Şam-Hələb-Qeysəriyyə-Ərzurum-Sivas-Qeysəriyyə-Malatya-Qeysəriyyə-Konya-Şam-Konya marşurutu ilə davam edir. Bu marşrutun uzun, məşəqqətli olması Şəmsin sonralar Can Dostu adlandıracağı Günəşini axtarması yolunda çəkdiyi əzablardır. Can Dostunu axtarması və onun dalınca getməsini yazıçı uşaqlığında Şəmsin Günəşi ilk gördüyü məqamla müqayisə edir. O zaman hələ dil açıb danışmadığı bir zamanda Günəş onun gözlərinə düşdüyü və şaşırdığı zaman anasının "Yaradanımızdı, göydən sənə baxır, işığını, istisini, gülüşünü göndərir", - deyə ona Günəşi tanıtmış və böyüdükdən sonra öz "günəşini axtarmağa gedəcəksən", - deyə xəbərdarlıq etmişdi. Bu cür xəbərdarlıqlar, butalar çox zaman nağıllarda iki sevgiliyə verilir və onlar bir-birinə qovuşmaq üçün yol gəlir. Zaman-zaman Şəmsə axtardığını tapacağına, Can Dostuna qovuşacağına aid işarələr gəlir. Bu işarələrdə Şəmsə zamanında Ona qovuşacağı bildirilir, hələ qovuşmamışsa, deməli, bunun bir səbəbi var deyilirdi. Belə görünürdü ki, bu görüş üçün Şəms hələ yetkinlik yaşına çatmamış, Mövlana da Şəmsin yükünü çəkə biləcək səviyyədə deyildi. Lakin "Can dostunun "Ey məna aləminin sərrafı, məni axtar tap!" sözləri ilə onun yanında dolaşan, nəfəsini hiss etdiyi hal ilə bir bağ var. Belə hallarda ona yoluna davam etməsi xəbərdarlığı gəlirdi. Yazıçı bu görüşü iki ürfan adamının görüşü kimi verir. Bu cür işarələr Şəmsə qarabasma kimi gəlir, halı özündə olmurdu. Ayan olmaların (xəbərdarlıqların) birində isə onun yeddi "qapı"dan keçdikdən sonra Can Dostuna qovuşacağı bildirilirdi. Bu qapıların hər birinin rəmzi mənaları var idi. Qapılardan bir neçəsini keçdikdən sonra ilk dəfə Şamda Onun nəfəsini və qoxusunu hiss edir, Şamda isə özünün Surətini tapır. Hələbdən sonra daim onu izləyən nəfəs-kölgə barədə düşünməyə başlayır və bunu da Ona gedən yolda bir vasitə hesab edir. Can dostuna qovuşması yolunda Ona Surətinin köməyi çox dəyir. Surəti ətrafda baş verən ictimai-siyasi hadisələri analiz edir və onu xəbərdar edirdi. Şəms Surəti vasitəsilə hadisələrdən xəbər tuturdu. Surəti ilə Şəms arasında yazıçı bir ilahi bağ qurur və bu bağı ondan başqa heç kim bilə, duya bilməzdi.

Nəriman Şəmsi roman boyu həm bir dərviş, Allah adamı, ürfan sahibi və şair olaraq təsvir edir. Lakin o, heç zaman əlinə qələm alıb şeirlərini yazmır. Şəms yalnız Can Dostu ilə görüşməyə doğru yol gedən bir ürfan adamı deyil, həm də Eşqə doğru yol gedən bir haqq adamıdır, onun gözlərinin işində böyük Eşqlə yanaşı, böyük kədər var. Onun getdiyi yol Həqiqət yoludur; axıradək Həqiqətə çatmaq yolunda mücadilə verən bir Haqq aşiqidir. Hətta Can Dostuna çatdıqdan, ona qovuşduqdan sonra belə Həqiqət yolunda mücadiləsini davam etdirir. Həqiqət və Allah yolunda davamlılıqla mücadiləsi onu istəyinə çatdırır, ona verilən funksiyanı yerinə yetirdikdən sonra belə İlahi yoluna davam edir.

Şəmsin Dostla görüşü romanın açar nöqtələrindən biridir. Uzun illərdir ki, Dosta tərəf vilayət-vilayət dolaşan, yola gələn Şəms əslində onun obrazını, kimliyini bilmirdi, çünki onu qəlbində özü yaratmışdı. Yalnız Konyaya çatdıqda Dostun kimliyi və görkəmi haqqında düşünməyə başlayır. Atmış illik ömrün böyük bir hissəsi Dostu axtarmağa sərf olunmuş, ona çatmaq düşüncəsi ilə yola çıxmışdı. "Ey məna alminin sərrafı, mən sənin axtardığın dostam, ötüb keçmə!" sözləri Dostuna bir nəfəs qədər yaxın olduğuna işarə olur. Görüşərkən üç ay çölə çıxmadan "diz-dizə, göz-gözə, əl-ələ" oturub mürid-mürşid statusunda həyatı dərk etmə düşüncələrini bölüşürlər: "O, mənim söhbət müridim, mən onun söhbət mürşidiydim, Rəsulillah Əbubəkrsiz, İsa Məsih həvarilərsiz, Musa Xızırsız yaşaya bilmədiyi kimi, bizim də butamız bir-birimizə verilmişdi, bu dostluğun nə dünəni, nə buğunu, nə də sabahı vardı". Onlar Mənalar aləmi və İlahi eşq ümmanında "yelkən açıb" üzürlər. Lakin heç biri bilmirdi ki, bu görüş nə ilə nəticələnəcək. Onlar bir-birini çox yaxşı anlayırdılar. Yazıçı rəvayətlərdə gəlib bizə çatan Şəmsə olan münasibətin nədənlərini axtarıb tapır. Mövlana Şəmslə qırx günlük xəlvətdən sonra kamilləşmə dövrünü yaşayır. Şəms Mövlanaya Allahın Məşuqu olmağın sirlərini açır. Nəhayət, Mövlana Məşuqluq mərtəbəsinə çatır. O, Şəmsin rəhbərliyi ilə İlahi Eşq yolunda hər şeyindən keçməyə hazır olur. Əslində Allaha Məşuqluq onun canında var idi, sadəcə Şəms Allahın təqdiriylə buna səbəb olur. Mövlana əvvəl yerdə idi, indi isə göylərə çəkilir. Mövlana bununla maddi aləmdən ayrılır. Onun şeirlərində də yeni mərhələ başlayır.

Şəmslə görüşündən sonra Rumi mövlanalıq həddinə çatır, maddi aləmdən ayrılaraq mənəvi aləmə daxil olur. Əslində burada iki missiya bir-birini tamamlayır; Şəms Rumini mövlanalıq həddinə çatdırmaqla öz missiyasını tamamlayır. Rumi bundan sonra Haqq əhlindən Haqq aşiqinə, Allah aşiqindən Allah məşuquna çevrilir. Haqqında rəvayətlər dolaşan Şəmsin ölümünün də fəlsəfəsini Nəriman onun missiyasına bağlayır: Allah Məşuqunun öz Eşqi yolunda ölməsi şəhadətdi. Bəlkə də buna görə yazıçı onun qeybə çəkilməsi kimi verir. Romanın "qeybnamə" adladırılması da burada öz təsdiqini tapır.

Nərimanın "Şəms"də də yeni bir dünya, aləm kəşf olunur. Özü da bir müəllif olaraq sanki qeyb aləminə çəkilir və romandakı hadisələri ən incə detallarına qədər süjet xəttinə düzür. Bütöv bir dövrün hadisələrini, tarixi şəxsiyyətlərini bədii təxəyyülün gücü ilə yenidən canlandırmaq, bərpa etmək və yazdıqlarına zərrə qədər şübhə yeri qoymamaq ancaq yzıçının intəhasız bədii təfəkkürü sayəsində mümkün ola bilərdi. Bu barədə yəqin ki, çox yazılacaq. Ancaq bir fikrimi mütləq burada qeyd etməliyəm; "Şəms" romanı bədii təfəkkürümüzə yeni bir epik təhkiyə gətirir və tarixə yeni münasibət ifadə edir. Bu epik təhkiyə ilə tarixin ən gizli mətləblərini belə duya və dərk edə bilirik. Yazıçının lüğət tərkibində arxaikliklə çağdaşlığın qovuşuqluğu, sözün, ifadənin enerjisi, fenomen funksionallığı, çevikliyi, dəyişən və yeniləşən ritmi, tarixi intonasiyalı dil elementləri yeni roman təfəkkürünün ifadəsində  görünən faktorlardır. Romanın ana süjet xəttinə qoşulan bir çox süjet xətləri (şəxsiyyətlər, talelər, təsvirlər) heyrətamiz mənzərə yaradır və yazıçı intellektuallığının yeni örnəyi kimi mənalanır. "Şəms" romanı bizə keçmişi yenidən dərk etməyə, insanı və onun mənəvi aləmini kəşf etməyə, tarixin fəlsəfəsini, mənalar aləmini qavramağa kömək edir.