Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Yaşar Qarayev yaradıcılığında Qarabağ: tarixi - mənəvi yaddaş - Lalə Həsənova

17-02-2023 [ 13:43 ] [ oxunub:433 ]
printerA+ | A-
103106

“Gürcüstanda  ana dilinə abidə var. Dinə, peyğəmbərə, İsaya ən böyük heykəli Lissabonda qoyublar. Mədəniyyətə - poeziyaya, musiqiyə, muğama heykəli isə biz qoymalıyıq. Özü də mütləq Şuşada! Çünki “külli Qarabağın abı-həyatı”ən çox məhz Şuşada həmişə bayatıdan, həmişə musiqidən və poeziyadan ibarət olub. Əsatir, folklor, dil, etnos, adət-ənənə, bədii təfəkkür və milli özəlliklə məkan, ərazi, torpaq və təbiət arasında qaynaq və qovşaq çox az bölgələrdə burada olduğu qədərdir”

...

... dünyada elə bir hüquq, hökm və qüvvət yoxdur ki, balanı anadan ayrı salsın, könülü candan -  Qarabağı Azərbaycandan ayrı salsın!...

...

“Ümumbəşəri əxlaqda xəyanət baş verib və dünya Şuşada məhvərindən çıxıb!” – “Qarabağ vaqeəsi” deyilən ən yeni, müasir dramın əxlaqi mənası budur!..”

XX əsr Azərbaycan ədəbiy­yatşünaslığının görkəmli filosof alimlərindən biri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Yaşar Qarayevin  ədəbiy­yatşünaslıq irsi ilə yanaşı, yaxın keçmişimizi, dövrün ağrılarını xüsusi həssaslıqla incələndiyi, analitik şəkildə səciyyələndirdiyi, ədəbi – publisistik yaradıclığı xüsusi maraq doğurur. Y.Qarayev (alim 2002-ci ildə dünyasını dəyişmişdir) müstəqillik dövründə respublikada yaşanan vaqeələrin birbaşa şahidi və iştirakcısı olaraq fəal vətəndaş mövqeyi nümayiş etdirmişdir. "Azərbaycan mühacirət ədəbiyyatı" Beynəlxalq simpoziumunda (Bakı, 25-29 mart 1991) çıxış üçün hazırlanmış “Tarixin Qarabağ yaddaşı: dünən və bu gün” məqaləsində, Qarabağ mövzusuna yalnız ərazi itkisi deyil, mənəvi ağrı olaraq yanaşmış, problemdən fəlsəfi- sosial aspektdə bəhs edərək,  bir neçə istiqamət üzrə incələyən alim, mövzunu fərqli çalarlarla zənginləşdirmişdir.

XX əsr ədəbiyyatında “Vətən” konsepti xüsusi önəm kəsb etmişdi. Bu kəlmə ilk olaraq  mühacirlərimizin dilindən düşmədi. Yeni sistemə etiraz edərək doğma yuvalarını tərk edən insanlar, ömürlərini qürbətdə, vətən  həsrəti ilə başa vurmalı oldular. 

Azərbaycan xalqının dəfələrlə yaşadığı deportasiya (1918-1920, 1948-1953, 1988-1991) prosesləri ədəbiyyatımızda didərginlik mövzusunun, Vətən konseptinin  yenidən gündəmə gəlməsinə səbəb oldu.

Ərazi itkisi tarixi–siyasi fakt olmaqla yanaşı, həm də xalqın, hər bir fərdin daxilində yaşadığı mənəvi ağrıdır. Tarixçi və siyasətçilər problemə birinci prizmadan yanaşırsa, söz, ədəbiyyat adamları, sənət nümayəndələri ikinci yanaşmanı, mənəvi–psixoloji məqamları qabardırlar. Doğma torpaqların itirilməsi xalqın tarixi yaddaşında ənənənin qırılmasına zəmin yaradır, yeni yaşayış məskənində tarixi köklərin qorunması, gələcək nəsillərin bu mirasa yiyə dura bilmələri əsas problem olaraq diqqətdə saxlanılır. Bir qərbli üçün yaşayış məkanının dəyişdirilməsi (könüllü şəkildə) sıradan bir hadisə (əsasən) olaraq, faciə olaraq yaşanmırsa, Şərqli üçün Vətəni tərk etmək, doğma arealdan, kökdən, ənənədən qopmaq kimi ağrılı bir proses olaraq dəyərləndirilir (Ağabəyim ağa haqqında hekayət). Məcburi didərginlik isə qat-qat ağrılı bir prosesdir. “...bügünkü didərgin kədərinin yanında xan qızının, qərib şuşalı şairənin o kövrək kədəri nədir ki?!..”. Köçkün insan bu itkini həm vətəndaş, həm də fərd olaraq yaşayaraq, ikiqat ağrı çəkməli olur. Xalqın yaddaşını “oyaq” saxlamağa çalışan Yaşar Qarayev problemi mənəvi müstəvidə təhlil edərək, yaşananlara ilkin səbəb kimi cəmiyyətdə kök salan mənəvi deqradasiyadan bəhs etmişdir.

Yaşar Qarayev fəlsəfi məfkurəsinin əsasında Şərq dühasından qaynaqlanan, insanla təbiətin bağlılığından doğan harmonik yaşam konsepti durur. İnsan və təbiət arasında  münasibətlərin “daxili, fitri bağlılıq və harmoniya” üzərində bərqərar olmasını bildirən, bu yanaşmanı yazının məhəng daşı olaraq qəbul edən ziyalı, etnosun dünyaya münasibətinin “milli şüurun mədəni-tarixi və mədəni bütövlüyə fitri-ilahi və təbii özülə- millətin məkan koordinantlarına söykən”diyini yazır (505). “Allah-taalanın, taleyin yaratdığı təbii-fitri peyzajı tarixi landşaft tamamlayır, zaman, tarix onu ədəbi-bədii relyefə, poeziya, musiqi, folklor isə sənətdə sabitləşən estetik məkana və mühtə- “mənəvi təbiətə” çevirir”; “... milli, təfəkkür, fərdi səciyyə və əxlaq- hamısı təbii relyef və mühitlə şərtlənir. Bütünlükdə obrazlı şüur, sənət özü bədii cəhətdən dərk olunan təbiətdən və məhz onun bir parçası, doğma övladı, şah əsəri olan insan təhlilindən başqa bir şey deyildir. Öz məxsusi “mən”i ilə İnsan bədii və fəlsəfi tərkib hissəsi kimi bu estetik fenomenə- “peyzaj” anlayışına daxil olur”.

Zamanla bu harmoniya aradan qalxır.“... ilkinliyə, torpağa sevginin cazibə sahəsindən ayrı düşəndə isə insan təbiətin, torpağın özündən də ayrı düşür. ...mənəviyyat bütövlüyü parçalananda ərazi bütövlüyü də qorxu qarşısında qalır. Belə ki, hər cür kütləvi böhranlar, elliklə emiqrasiyalar, tarixi kataklizmlər vaxtı etnik ənənələr, tarixi-milli dəyərlər torpağı adamlardan əvvəl tərk edir. Ərazi itkisini mənəviyyat və ənənə, tarix və yaddaş itkiləri qabaqlayır... daşlar ovula-ovula ölür, qayalar sökülə-sökülə, bulaqlar quruya-quruya ölür, millət isə unuda-unuda! Məhz yaddaş özülü ilə - tarixlə və keçmişlə birlikdə hətta ən amansız eksponizmin-çağdaş erməni irqçiliyinin də hücumuna duruş gətirmək olardı”; “İslamın halal dünya və fərdi mənəvi təkamül ideyası, türklüyün min illik əxlaqi dəyərləri- hamısı burada bolluq, ucalıq və bərəkət tapıb. İndi də bizim üçün harmoniya,  ahəng, kainat öz səhmanını Şuşada pozur. “Ümumbəşəri əxlaqda xəyanət baş verib və dünya Şuşada məhvərindən çıxıb!” – “Qarabağ vaqeəsi” deyilən ən yeni, müasir dramın əxlaqi mənası budur!”

Qarabağdan bəhs edən, bu diyarın incisi olan Şuşa üzərində geniş dayanan müəllif, şəhərin əvvəlki əzəmətini canlandırmağa çalışır. Torpaq itkisi ilə barışa bilməyən, doğma torpaqlara dönmək arzusu ilə yaşayan, hadisələrin səbəkarını arayan, nədən qaynaqlandığını anlamağa çalışan alim xalqının tarixi və gələcəyi haqqında düşüncələrə dalır, vəziyyətin absurdluğu ilə barışa bilmir: “Dənizdən bir min dörd yüz üç metr ucada tutduğu və düz iki yüz qırx beş il toxunulmaz, məğrur saxladığı başını heç kimə əymədi Şuşa. Və bu iki yüz qırx beş ildə dağlar gözəlinin hüsnündən örpəyi heç kəs qapa bilmədi. “Ağdam” adlı cəngavərin əlində tutduğu Şuşa boyda piyalədən dirilik şərbətini heç bir yağı, heç bir yad dodaq içə bilmədi. Bəlkə də Allahın iradəsi və cəzası oldu ki, Qacar tacını və başını, erməni məlikləri- xaçlarını və cəsədlərini qoyub tərk etdilər Murovu, Qırxqızı, Kirsi, Turşsu dağlarını. Pənahabad hər dəfə yenidən abad oldu. Bəs indi necə: pənahımız keçmişdən müasirliyə yenə qayıdacaqmı və Pənahəli xan Şuşanı dördüncü dəfə abad edə biləcəkmi? Üçüncü Şuşa intibahı, dördüncü Pənahabad baş verə biləcəkmi? Ruhumun bir parçası, zəkamın işığı, qürurumun qələsi Şuşa, bu günüm üçün, sabahım üçün Sən mifsən, ya həqiqət?”; “Bu rəvayətdə Şuşanın həm təbiətinə, həm də şeriyyətinə məxsus təkrarsızlığı eyni vaxtda işarə olunub. Bundan belə bu təkrarsızlıq yalnız xatirədə, yalnız yaddaşdamı qalacaq? Şuşasız milli fauna və flora, Cıdır düzüsüz ekologiya, Qarabağsız milli, suveren Azərbaycan mümkün olan şeydirmi?”. Ağrı, xiffət hissləri ilə yanaşı yazıda Şuşanın əvvəlki əzəmətini qayıtaracığı, yenidən bərpa olunacağı ilə bağlı ümid də yer alır. “Yox, azad Şuşasız “mən”liyimiz də, milliliyimiz də, müstəqilliyimiz də naqis və yarımçıq qalardı və azadlığı Qarabağsız bayram etməyə heç zaman mənəvi haqqımız olmazdı”. Xalq adından and verən ziyalı, hər kəsi  Şuşa uğrunda  səfərbərliyə çağırırdı: “Nə qədər ki, Yuxarı Qarabağdan başlayan çayların suyu yenə də göylər kimi mavi və göz yaşı kimi duru axmayir gözümüzün yaşını silməyə haqqımız olmayacaq. Nə qədər ki, Çıdır düzü yad tapdağı altında qalıb, günəşə və səmaya əvvəlki kimi dik, düz baxa bilmir, yeddi milyon azərbaycanlıdan da heç birinin digərinin gözünün içinə dik baxmağa haqqı olayacaq!

“Qayalar və qalalar içəridən ovulur!”-deyirlər. Şuşanın ağrıdan və sevgidən, muğamdan və bayatıdan yoğrulan ağ, mərmər qayası da, hünərdən, namusdan yonulan, ilahidən, qüdrətdən bina olan qalası da belə “ovuldu”. Haram və əyrilik bizdən aldı Şuşanı, “doğma” və yad xəyanətlərin qurbanı oldu Qalam!

Elə ona görə də Şuşasız azadlıq və ədalət mənim üçün tam deyil. Əksinə, məhz Şuşanın olmadığı dünya mənim üçün “məhbəs, Şuşa isə onun ən zülmət güşəsidir” – vaxtilə Hamletə hakim kəsilən bu Elsinyor ovqatı bu gün bizdən hər birimizin Şuşa ovqatına çevrilib”. İllər ərzində bu münasibət dəyişmədi. İkinci Qarabağ müharibəsi ərəfəsində (16 oktyabr 2020-ci il) Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev müsahibələrindən birində müxbirin Şuşa ilə bağlı sualını bu cür cavablandırmışdır: "İşğal edilmiş torpaqların hər bir qarışı, hər bir şəhər bizim üçün doğmadır, əzizdir. Mənim üçün hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə müqayisədə eynidir, bərabərdir. Ancaq siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar". Bu əzm bizi qələbəyə çatdırdı.

Bir necə hissədən ibarət yazının hər bölməsi çağırışla bitir. Ritorik suallar, bənzətmələr, nida cümlələri, çağırış intonasiyası və s. bədii vasitələrdən istifadə müəllifə hisslərini daha canlı təsvir etməyə imkan yaradan, eyni zamanda oxucusunu fəal mövqeyə səsləyən ədəbi priyom olaraq işlənir. “Son üç yüz ildə ilk dəfədir ki, milli varlığımız – dövlətimiz və ərazimiz, torpağımız və təbiətimiz bu qədər sürəkli, bu qədər uzun müddətə Şuşasız (Xarıbülbülsüz) qalır. Tarixdə Pənahəli xandan bəri Şuşa qalasını qorumayan ilk nəsil – biz oluruq. Tarixə belə bir itki ilə daxil olmağa, sabahı, nəsilləri, ekologiyamızı Şuşasızlığa məhkum etməyə mənəvi haqqımız varmı? Axı əgər sabahkı nəsil Cıdır düzünə təbiətdə yox, yalnız Vaqifin, Zakirin, Vurğunun şeirlərində rast gəlsə, o, bunu heç zaman bizə bağışlamaz və yeni Vaqif, yeni Zakir bir daha yaranmaz. Torpaqla yanaşı torpağın saf hava və bitki qatını, folklor örtüyünü, nağıl bayatı qatını da itirərik”.

Beləliklə,  məqalədə Şuşadan yalnız coğrafi məkan deyil, daha çox mənəvi varolma simvolu olaraq bəhs edilir: “Duru suyum (çeşmələrim), saf havam, mənəvi qidam... hamısı həmişə Şuşadan gəlib. Şuşa torpağımın yox, mənəviyyatımın qalası olub. Burada yaranan musiqi, müğam, poeziya, folklor ayrı heç yerdə yaranmayıb. Yalnız Qarabağda bitən nadir çiçəklər kimi!”; “Şuşa təkcə dağdan və dərədən ibarət bir  anlayış deyil, Şuşanın milli tarixini yaşatmış şuşalı da bu anlayışa daxildir. Şuşa – yalnız qayadan uçan hər daş və qələdən qopan hər qəlpə ilə yox, həm də Daşaltıdan, Dotələbdən uzaq düşən hər şuşalı ilə azalır, kiçilir, yox olur. Təbii- mənəvi ilkinliyini və bütövlüyünü Şuşaya qaytarmaq lazımdır”. Qarabağla bağlı bayatıları, əfsanələri, tarixi şəxsiyyətləri xatırlayaraq, Qarabağın   simvollarından bəhs edən Yaşar Qarayev (xarıbülbül, Ağabəyim ağa və s.) vəziyyətin dramatikliyini ifadə etmək üçün xalq yaradıçılığına üz tutur:

Kərbələm vay, qalam vay!

Kərbəlada qalam vay!

Çəkilirdi kərpici,

Alınırdı Qalam, vay!

 

Mən səni yel bilirdim,

Başımda tel bilirdim.

Uca dağlar başında

Qurumaz göl bilirdim.

 

Alim yazısında yetmiş illik “total sistemin tərbiyə etdiyi cocuqlar”ın yenilənməsinin zəruriliyini qeyd edərək, əvvəlki səhvlərimizi xatırladan alim keçmişdən nəticə cıxararaq, bizləri gələcəyimizi sağlam bünövrə  üzərində qurmağa səsləyir. “Avropa da, Şərq də bizə sosial-iqtisadi inkişaf üçün hazır ideyalar və çeşidli qəliblər təklif edir. Lakin kənar modelləri milli özüldə sınaqdan keçirmək növbəti poliqon olmaq bizə yaraşmaz. Milli dövlətdə ideya da milli özüldən doğmalı, kənardan, hazır gəlməməlidir ()”sosializmin məlum modeli kimi”. Göründyü kimi, əsl ziyalı mövqeyindən çıxış edən alim, cəmiyyəti səhv addımlardan qorumağa çalışırdı. “Ötəri ixtilaflar ali dəyərlərə nə dərəcədə  tabe tutula bilir? – milli kamilliyin daxili tamlığı və sabitliyi bir də bu meyarla öılçülür. Axı bu - təcrübə ilə və tarixlə təsdiq olunan məlum bir həqiqətdir ki, məhz ali dəyərlərə yiyələnən millət “köləlikdən azad olur” və əksinə, ali dəyərlərdən məhrum “kütlə azadlıqda da kölə olur. O da məlumdur ki, kütləni millətə ziyalı, milləti kütləyə - qrafoman çevirir. Populistlər və diletantlar, total rejim, düşüncə, əxlaq mərhələsinin üsulları və formaları yalnız o zaman tərəfdar tapır və təsirli görünə bilir ki, hadisə məhz qrafoman mühitdə, yaxud da ümumiyyətlə, vakkumda - əsil ziyalıların və milli dəyərlərin kənarda qaldığı boşluqda baş verir. Stixiyadan yaranan belə piramidada zirvəni intellekt yox, hissi, emosional qat, məhdud sosial-sinfi mənafe, dərnək qrup təmənnası, konformist instinkt təmsil edir.

Ümumiyyətlə, mənəvi dəyərlərlə, millətin sənət, mədəniyyət, ziyalı sərvəti ilə bağlı amilin rolu inqilabi keçid, tarixi təbəddülat məqamlarında qat-qat artır”.

Məqalədə diqqət etdiyimiz məqamlardan biri də budur ki,  Qarabağ dünən və bü gün müstəvisində təsvir edilmir, “inləyən məkan” təsvirinə yer vermədən, yalnız əzəmətli, zəngin torpaq olaraq canlandırılır:

“Əziziyəm, Qarabağ,

Şəki, Şirvan, Qarabağ,

Dünya cənnətə dönsə,

Yaddan çıxmaz Qarabağ – Qarabağı Qafqazın yox, dünyanın gözəllik zirvəsi elan edən bu bayatıda Qarabağın həm fitri-təbii, həm də bədii-estetik məlahətinə eyni vaxtda işarə edilmişdir.

Küllü Qarabağın abi-həyatı,

Nərmü-nazik bayatıdır, bayatı – bu isə Qarabağda təbii və bədii-mənəvi iqlimin birliyindən yaranan kamilliyə artıq folklorun yox, ən mötəbər, yazılı klassik şeirin (M.V. Vidadinin) verdiyi tərifdir”.

 “... nəsillərin Şuşa yaddaşında Azərbaycanın təkcə mədəniyyət yox, həm də çəngavərlik keçmişi”nin cəm olduğunu, “hətta dövlətlərarası yazışmada, diplomatik sənədlər”də belə şeir, ithaf, lətifə, taziyənə, siyasi həcv, pamflet kimi janrlardan istifadə olunduğunu qeyd edən Yaşar Qarayev, “Şuşanın füsunkar hüsnündən ilham  alan” dünya səyyahlarının – alim, sənətkar və şairlərin fikirlərini xatırlatmış, Qarabağın xalq ozanları, aşıqlarından, XIX əsrin son rübündə Şuşada mövcud olan onlarla elm, sənət və ədəbiyyat yönümlü məclislərdən bəhs etmişdir. O, Qarabağın musiqi mühitini təmsil edən sənətkarlar olaraq Mir Mövsüm Nəvvab, Hacı Hüsü, Əbdül Baqi Zülalov və başqa nümayəndələri haqqında geniş məlumat vermişdir. Məqalənin yazıldığı zaman kontekstinə nəzər salsaq bu mövzunun “tarixi qatları”nda ilk dəfə bu qədər geniş, ətraflı bəhs olunduğunu, faktlarla ictimaiyyətə təqdim edildiyini müşahidə edirik.  Eyni zamanda onun yazıldığı XX əsrin 90-cı illərində bu məlumatlar çoxlarına məlum deyildi. Artıq həmin mərhələdən başlayaraq bu mövzular aktuallaşır, illərlə adları “unudulmuş” Şərq mütəfəkkirləri haqqında əsərlər yaranır.

 “Ədəbi Qarabağ” mövzusundan bəhs edən müəllif, Qarabağın “elmi pasportunu” yaratmış, tarixi faktlara, mənbələrə istinad edərək Qarabağın “bizim vahid etnik-estetik təfəkkürü şərtləndirən təbii-çoğrafi kontekstə həmişəlik, sabit üzvi tərkib hissəsi kimi daxil” olduğunu bildirmişdir.

XVIII əsrdə yeni milli şeir məktəbinin əsasının qoyulması (Vaqif, Qasım bəy Zakir, Baba bəy Şakir və b.), XIX əsrin sonu XX əsrin əvvəli Şuşada fəaliyyət göstərən ziyalılıarımız, “Qarabağda yaradıcılıq təşkilatlarının ilk özəkləri” olaraq dəyərləndirilən şeir məclisləri, Qarabağ şeir məktəbinin “qadın şeir imzası ilə həmişə zəngin” olması, “XX əsrin əvvələrindən başlayaraq Qarabağın tarixinə münasibətdə özünü göstərən miqyaslı, müntəzəm, sistemli elmi marağın” ifadəsi olaraq dəyrləndirilən “Qarabağnamələr” xüsusi vurğulanmş, müasir mərhələni təmsil edilən ziyalılar da daxil olmaqla Qarabağ mühitinin xalqımızın mədəni –tarixi  həyatında rolundan əhatəli şəkildə bəhs olunmuşdur.

Yalnız, son bölümdə ermənilərin azğın siyasətini ifşa edən ədib Azərbaycan mühacirətinin bu işdə, azğın düşmənlə mübarizədə böyük rol oynadığını vurğulayır. Göründüyü kimi,  müraciətə “giriş” olaraq yazılmış əsas mətnin məqsədi – hansı amal ətrafında birləşməli olduğumuzu mühacirlərimizin diqqətinə bir daha çatdırmaqdan ibarət idi.

Müstəqllik illərinin əsas mövzularından olan Şuşa, Qarabağ mövzusu ilə bağlı təhlilə cəlb etdiyimiz bu məqaləni mövzu ilə bağlı proqram-məqalə olaraq dəyərləndirmək olar. “Ruhumuz zədələndi, qürurumuz, izzəti-nəfsimiz payimal oldu...”- deyə, Şuşanın xalqımız üçün hansı anlam kəsb etdiyini göstərən bu fikilər qələbəmizin qiymətini birə on artırır. Məqalə yaşadığımız, qalib gəldiyimiz ağrının, dramatizmin canlı təsviri ilə yadda qalır, zəfərə catmaq üçün hansı fiziki-mənəvi itkilərə qatlaşmalı olduğumuzu xatırladır. Ötən llərdə məqalə bizi Şuşaya səsləyirdisə, indiki oxunuşda Şuşa, Qarabağ ətrafında birləşmənin zəruriliyini aşılayır. Şuşa itkisinin daha çox ruhsal, mənəvi problem olaraq işıqlandırıldığı yazıda, tarixi diskursa yer verən, bədii ifadə vasitələrinə müraciət edən alim (bənzətmə, ritorik suallar və s.) problemin miqyası, xalqımız üçün ifadə etdiyi anlamı bütün ağırlığı və dolğunluğu ilə göstərə bilmişdir. Təhlillərdən görünür ki məqalədə təqdim olunan fikirlər Yaşar Qarayev konsepti - multikulturallıq, harmoniya və barış ideyalarını təbliğ edən bir alim baxışıdır. Bu məqalə bir alim, ədəbiyyatşünas və son nəticədə Böyük insan münasibətinin təzahürü olaraq qiymətlidir.

Uzun illərdən sonra yenidən  Şuşada keçirilən Vaqif Poeziya günlərinə qatılan Azərbaycan Prezidenti İlham Əliyev Şuşada işğaldan əvvəl keçirilmiş Vaqif Poeziya günlərini xatırlayaraq belə söyləyib: "…təxminən 40 il bundan əvvəl, bax, bu yerdə atam durmuşdu, mən isə o tərəfdə durmuşdum. Şaxtalı-qarlı havada Vaqifin məqbərəsinin açılışı idi. Ondan sonra 1982-ci il iyulun 29-da atamla bərabər ikinci dəfə Şuşaya gəlmişdim. O vaxt Vaqif Poeziya Günləri keçirilirdi". O zaman atasının 59 yaşı olduğunu xatırlayan Ali Baş Komandan yaşananların rəmzi məna daşıdığına diqqət çəkir: "Bu gün mənim 59 yaşım var. Bəziləri hesab edə bilər ki, bu, təsadüfdür. Ancaq mən hesab edirəm ki, BURADA BÖYÜK RƏMZİ MƏNA VAR, TARİX TƏKRARLANIR. AZƏRBAYCAN TARİXİNİN QARA SƏHİFƏSİ ARTIQ ARXADA QALDI VƏ BİZ YENİDƏN NƏFƏS ALMAĞA BAŞLAMIŞIQ".