Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Rəfail Tağızadənin "Qarabağnamə"si - Vaqif Yusifli

15-02-2023 [ 12:55 ] [ oxunub:128 ]
printerA+ | A-
103099

Qarabağ... Əsrlər boyu bu söz dilimizin əzbəri  olub. Biz ona təkcə ərazi kimi baxmamışıq, canlı təbiət əfsanəsi, Allahın Yer üzünə bəxş etdiyi cənnət kimi, söz və musiqi beşiyi kimi baxmışıq.

"Külli Qarabağın abi-həyatı

Nərmü nazik bayatıdır, bayatı".

Dünyaya dahilər, böyük söz ustadları, səsiylə fələklərə meydan oxuyan xanəndələr bəxş edən Qarabağ bizim mənəvi dünyamızın əzəli-əbədi hakimi olub.

Amma əsrlər boyu Qarabağ torpağı həmişə cəng meydanı olub. Azərbaycanın ayrılmaz parçası olan Qarabağ üstündə savaşlar gedib, qanlar tökülüb, onu Azərbaycandan ayırmaq üçün işğalçı ordular torpağımıza soxulub, amma hər dəfə burunları ovula-ovula geri qayıdıblar.

Çox təəssüf ki, XX əsrin sonu Qarabağ üçün əsl faciəyə çevrildi. Adını bu yazıya gətirməyi layiq bilmədiyim xain qonşular xarici havadarlarının böyük dəstəyi ilə Qarabağı işğal etdilər. Xalqımız otuz il Qarabağ həsrətinə büründü. Amma  İkinci Qarabağ müharibəsində - 44 gündə  Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad etdi. Ali Baş Komandan və şanlı ordumuz  Qarabağa əbədi bahar gətirdi. Yenə əzəli-əbədi torpaqlarımıza qayıdırıq. Bu illər ərzində mənəvi Qarabağımız həmişə bizimlə yaşayıb.  Fransız yazarı Apolliner deyir ki, ruhən işğal olunmaq silah gücünə işğal olunmaqdan daha betərdir. Ona görə də şeirlərimizin, söz sənətimizin başlıca vəzifəsi ruhumuzu ayağa qaldırmaq, onu sönməyə qoymamaq  idi.

Mən istedadlı şair Rəfail Tağızadənin son 20 ildəki yaradıcılığını məhz türk ruhuna xitab kimi qiymətləndirirəm.

Doğrusunu deyim ki, Qarabağ hələ tam mənada  ədəbiyyatımızın baş mövzusuna-aparıcı mövzusuna çevrilməyib. Bəzi gözəl əsərlər yaranıb və yaranmaqdadır, bunu danmaq olmaz. Amma bu böyük itkinin və Qarabağsızlığın yanğısı hələ ədəbiyyatımızın, söz sahiblərinin ürəyinin yanğısına çevrilməlidir. Elə bilirəm, Rəfail Tağızadənin bir kitablıq "Qarabağnamə"si bu yolda uğurlu addımlardan biridir.

Rəfail Tağızadənin heç bir əsərinin adı "Qarabağnamə" deyil, ancaq onun şeir və poemalarını mən belə adlandırdım. Ədəbiyyat tarixində yeddi "Qarabağnamə"dən söz gedir. Həmin "Qarabağnamə"lərdə Qarabağın keçdiyi tarixi yol işıqlandırılır, müəlliflər mənbə və məxəzlərdən əldə etdikləri faktlar əsasında, həm də müşahidələrinə görə tarixi Qarabağın salnaməsini yaradıblar. Rəfail Tağızadə isə bugünkü Qarabağın bədii salnaməsini yazıb.

İlk dəfədir ki, Qarabağ bütün dərdləri, ağrıları və maddi-mənəvi durumu ilə poeziyada bədii tədqiq obyektinə çevrilir.

Qarabağ -

harda olsam,

məni ana kimi qoynuna çəkən

Torpaq.

...Qayaları, daşları yarıb

damcılayan, süzülən, çıxan

isti,

      soyuq,

                 turş,

Su.

Gecələri darıxmağa qoymayan

ulduzlu, əsrarəngiz

Səma.

...Layla bilib yatıran,

istədiyi an ağladan,

döyüşə səsləyən,

ardınca çəkib aparan

Səs.

Məni kökümə, ulusuma, keçmişimə,

Tanrıma bağlayan

QARABAĞ!

 

Rəfailin istər nikbin, istər qəmli, minor və major ruhlu bütün şeirlərində Qarabağ belə böyük bir məhəbbətin obyektidir. Bəlkə Anadan da, Atadan da, dünyadakı bütün müqəddəs varlıqlardan da öncə.

Lirik qəhrəman - şair Rəfail Tağızadə üçün Qarabağ əcdaddır, kökdür, ana Vətəndir. Ancaq bugünkü Qarabağ balasından, övladından ayrılan Anaya bənzəyir və Rəfail bu həsrəti poetik yanğıya çevirir. Ona görə poetik yanğı deyirəm ki, bu gün Qarabağdan söz açan şeirlərin çoxunda məhz bu yanğı görünmür. İstəməzdim ki, dərdli Qarabağa dərdsiz ürəklərin sönük işartısı qarışsın.

"Nərmünazik bayatı" kimi vəsf edilən Qarabağ Rəfailin bayatılarında böyük və ülvi kədərin ifadəsinə çevrilir. "Dünya cənnətə dönsə, yaddan çıxmaz Qarabağ" - Rəfailin bayatıları bu ana bayatıdan güc alır. Daha doğrusu, onun bayatıları bu janrın strukturuna yox, məzmununa, mahiyyətinə daha çox aiddi. Çünki bayatıda əzəldən zərif kədər, incə qəm ifadə olunub. Bayatı həsrət deməkdir, dörd misrada sığışdırılan böyük kədər deməkdi və bayatı ruhu təkcə bayatıların özündə yox, şeirin digər formalarında da zahirə çıxa bilər.

 

Bağında bağlıq varmı,

dağında dağlıq varmı,

köynəkdə ağlıq varmı?-

Qarabağ.

lll

Qarabağ,

meyvələr sovulub gedir,

qaya kimi igidlərin

dözəmmir, ovulub gedir.

lll

Qaralır sönmüş ocağın,

üşüyür yalqız qucağın,

uçar qanadsız uçağın,

içində tonqal çatıla.

 

Rəfailin "Qarabağnamə"sində ağaclar da, quşlar da, yuvalar da, ot da, gül də, çiçək də Qarabağdan danışır, hər şey Qarabağlaşır. Vaqonun altından  asılan beşikdə Qarabağ qaçqınlarının körpələri uyuyur, bixəbər körpələr hardan bilsinlər ki, dünyanın parkı var, bağı var. Böyüyəcəklər bu uşaqlar, amma hələ ki Qarabağı yuxularında görə bilərlər. Yuxu dedik;

 

Bu gecə yuxuma gəlmişdi nənəm.

Qızartı yoxuydu yanaqlarında.

Sifəti ağappaq

amma gözləri yenə gömgöy idi.

Qucaqlayıb

öpüb bağrıma basdım əvvəlkitək.

...Yarpaq dolması istədi nənəm

yəqin indi tənəklər quruyub orda.

Dirəkdən asılan məftillər

ayrılıq nəğməsi səsləndirir

sükut dalğasında.

 

Rəfailin şeirlərində Vətəndən Vətənə həsrətli bir boylanış var. Vətən sanki sərhəd kəndlərində bitir, bu kəndlərdə "qorxudan inəyin, qoyunun, quşun ürək dolusu" səsi gəlmir, qoz da "gecələr qabıqdan düşmür ki, səsi eşidilər, atəşə tutular", kənd sanki canlı muzeyə dönüb.

Rəfail Tağızadənin "Çadır şəhərciyi" poeması bu mövzuda son illərdə yazılan ən ağrılı əsərlərdəndir. Mən deyərdim, bu poemanın qəhrəmanı yoxdu. Çünki çadır şəhərciyi göz yaşlarından hörülüb, "bu yerdə kəkotu, qantəpər olmur", "bu yerin çiskini, dumanı yoxdu", "bulaq yox, gözündən sular damcılar".

 

Palçıqlı çadır şəhərciyi -

nə şəhər kimi şəhərliyin,

nə kənd kimi kəndliyin var.

Biz getsək, neylərsən

bu boş səhrada?

 

Beləcə kədərlə başlayan poema kədərli misralarla da başa çatır.

Rəfail həssas  şairdir və onun həssaslığını böyük ürək ağrısı və qəzəblə yazdığı "Qaçqın uşağı" şeirində də hiss etdim:

 

Müəllimi didərgin,

məktəbi çadırdan,

təqdimatı

adından, soy adından qabaq -

Qaçqın uşağı.

 

Nə doğulduğu yerin dəqiq ünvanı,

nə günü, ayı,

nə nəsli-nəcabəti, məkanı,

çadırda doğulan -

Qaçqın uşağı.

 

Baxışı baxışlardan,

geyimi geyimlərdən fərqli,

gözü özündən böyük,

dərdi çiynində ağır yük,

taleyi müəmmalı bir cocuq,

ürəyi oyuq-oyuq -

Qaçqın uşağı.

 

Bu şeirdə Rəfail şairdən sox publisist kimi çıxış edir, amma şeirin aşıladığı dərd o qədər bizi sarsıdır. Yəni bu şeirdə poeziya publisistikanı ram edib.

Rəfail Tağızadənin Rəsul Rza Mükafatına layiq görülmüş "Qarabağ qazisi haqqında ballada" poeması isə iki yöndən diqqəti xüsusi ilə cəlb edir. Bu poema mənə böyük şair Əli Kərimin psixologizm ilə aşılanmış, assosiativ üslubda yazılmış "Heykəl və heykəlin qardaşı" poemasını xatırlatdı. Böyük Vətən Müharibəsinin qəhrəmanı Cəmil Əhmədova həsr olunmuş həmin poemada Əli Kərim poetik təhkiyə vasitəsilə həm Cəmil, həm onun anası, həm qardaşı, həm də ümumiyyətlə, müharibə haqqında dolğun təəssürat yaradırdı. Rəfailin poemasında da biz Qarabağ müharibəsi, onun  doğurduğu acılıqlar, bu müharibədə ayağını itirmiş bir döyüşçü və onun keçirdiyi mənəvi əzablarla qarşılaşırıq.

Mənim qazi qardaşım

həyətdə oturub

ud çalırmış kimi

kötük güdüllərini ovuşdurur:

sağ barmağım qaşınır,

sol ayağımın altı  aşınır,

ayağım atlanmır

yox dizimə duz yığılıb deyəsən...

Qucağına götürə bilmədiyi

o bircə gül körpəsinə baxır...

Sonra biz onu dəhşətli xatirələr içində görürük. Bu xatirələr insanın - fərdin - Qarabağ qazisinin keçdiyi döyüş yolundan onun protez ayaqlarına qədər yol keçir.

 R.Tağızadənin son illərdə yazdığı şeirlərdə isə artıq qələbəmizdən doğan sevinc var. "Məğrur ordum", "Vətən sevdalım" şeirləri əzəli və yeni Qarabağı tərənnüm edir. Xüsusilə qalib ordumuza və Vətən uğrunda canından keçən şəhidlərə həsr olunan şeirlərdə təkcə Rəfailin deyil, hamımızın alqışları səslənir:

 

Olanı talayıb, varı sökdülər,

Gözləri doymadı, barı sökdülər,

Bunlar elə tayfa, elə kökdülər,

Qonaq gələn yerə deyirlər "yurdum",

Düşmənin istəyin gözündə qoydun,

Mənim məğrur ordum, qəhrəman ordum.

 

Rəfail Tağızıdənin "Qarabağnaməsi" həm də bir kitaba sığan esselərlə doludur. Bu esselər Qarabağ həsrətini və qələbəmizi əks etdirən fəlsəfi ruhlu yazılardır.

Mən dostum şair Rəfailə bu "Qarabağnamə"nin yeni şanlı səhifələrini yazmağı arzulayıram. Və sözümü onun bu misraları ilə bitirirəm:

 

bu torpağa diz köçüb

"səni sevirəm, Vətən"

pıçıldadım mən

qalxdım

dizimdə qan

barmaqlarımda tikan

dodaqlarımda tutya

içimdə bir az rahatlıq

və üç rəngli bayrağımda

azadlıq nəşəsi...  

SİZƏ MARAQLI OLA BİLƏR