Menu
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu

AXTARIŞLAR. TƏDQİQLƏR

Güney Azərbaycanda vahid ədəbi dil məsələsi - Esmira Fuad

11-01-2023 [ 14:48 ] [ oxunub:90 ]
printerA+ | A-
103010

Qloballaşma və Qərbə - Avropaya inteqrasiya dövründə Çağdaş Güney Azərbaycan ədəbiyyatı öz mövcudluğunu əzmlə qoruyub saxlayır. Bu anlayışı formalaşdıran gücün - Güney yazarlarının yaratdığı böyük ədəbi-bədii irs, son dönəmlərdə isə dinamik inkişafı ilə diqqət çəkən modern ədəbiyyat fərqli müstəvilərdə dartışma-mübahisə mövzusuna da çevrilməkdədir. Ancaq Çağdaş Güney Azərbaycan ədəbiyyatı bugünkü duruma yetənədək beş inkişaf mərhələsi keçməli olub. Bu inkişaf mərhələlərinin dördü - Məşrutə dövrü (1906-11), Xiyabani hərəkatı dövrü (1920), 21 Azər İnqilabı - Milli Hökumət dövrü və hələlik sonuncu - 1978-79-cu illər İran İslam İnqilabı dövrü siyasi, beşincisi, Ağ inqilab dövrü isə ədəbi müstəvidə təzahür edib. Təbii, bu dövrlərdə cərəyan edən ictimai-siyasi hadisələrin yansıdığı ədəbiyyat, söz sənəti də istisnasız olaraq bu inkişaf mərhələlərini keçməli olub. Lakin 1960-cı illərdən başlayaraq İranda və Güney Azərbaycanda "Şeiri-no" hərəkatı, Ağ şeir-Ağ inqilab dalğası da kükrəyib ki, məhz həmin mədəni inqilab bu coğrafi məkanda çağdaşlaşma-modernləşmə prosesini güclənib.

Bu bir həqiqətdir ki, Güneydə ədəbiyyatın yeni ictimai məzmun kəsb etməsi, yeniləşmə-çağdaşlaşma prosesinə keçidi Məşrutə inqilabı dövründən etibarən başlanmışdı. Qeyd etməyi gərəkli sayırıq ki, XX əsrin əvvəllərində, yəni 1918-19-cu illərdən etibarən rüşeymləri qoyulmuş modernləşmə prosesinin önündə məhz Tağı xan Rüfət gəlirdi.

İranda və Güney Azərbaycanda sərbəst-yeni şeirin təməlini qoymuş Tağı xan Rüfət (Şəms xanım Kəsmayi, Cəfər Xamneyi, Yəhya Ariyanpur ilə birlikdə) Şeyx Məhəmməd Xiyabani ilə eyni cəbhədə mübarizə aparmış və hər şeyini - sənətini, şeirini, hətta canını belə ustadı və əqidəsi yolunda qurban vermişdi. Novator şairin qənaətinə görə, ədəbi yenilik ədəbiyyata xas bir olay deyil, bəlkə bir sosial və milli məsələdir. Onun gənclərə və əqidədaşlarına: "Sərbəstcə düşünün və hiss edin. Düşüncələrinizi və hiss etdiklərinizi yazın. Düşüncələriniz gerçəyə və elmə dayanmalıdır. Hisslərinizi və ruhunuzu heç bir yad təsirin altında buraxmayın. Hər zaman səmimi olmağa çalışın. Tənqidçinin baxış acısı nə olursa-olsun, tənqidlərini sevinclə qarşılayın. Amma yetərli dəlil olmadan öz düşüncələrinizi söyləməyin. Düşüncələri təcrübə və sınamalardan sonra qəbul edin. Özəlliklə könlünüzdə hüznə-qəmə və iztiraba yer verməyin, əzmli olaraq yarınlara koşun!" - şəklində etdiyi tövsiyəni əməli işə çevirən Güney yazarları bu gün sərbəstcə düşünüb hiss etdiklərini yazır, gerçəyə, həyat həqiqətlərinə və elmə dayanan əsərlər yaradır, ustad Məhəmmədhüseyn Şəhriyar, Həbib Sahir, Bulud Qaraçurlu Səhənd, Səməd Behrəngi, Həmid Nitqi, Əlirza Nabdil Oxtay, Həmidə Rəiszadə Səhər, Mərziyə Üskülü, Söhrab Tahir, Pənahi Makulu, Həmzə Fəthi Xoşginabi, Mirzə Əbdürrəhim Talıbov və digərlərinin yolunu uğurla davam etdiriblər.

Güney Azərbaycan poeziyası və nəsrində, bütövlükdə ədəbiyyatında bu proses 2011-2020-ci illərdə, yəni XXI əsrin I çəyrəyində də dinamik sürətlə inkişaf edib. Şair və yazıçılar çağdaş və modern şeir, yaxud nəsr əsəri yazmaq üçün, təbii ki, ilk öncə çağdaş və modern bir dilin gərəkliliyini dərindən dərk edir və bu istiqamətdə də uğurlu addımlar atırlar. Təəssüflər olsun ki, Güneydə Ana dilinin - Azərbaycan türkcəsinin uzun illər boyu yasaqlanması, məktəblərdə təhsilin fars dilində olması öz fəsadlarını vermiş, ədəbi dilin inkişafı ləngimişdi. Rza şah Pəhləvi hakimiyyətə gəldikdən, yəni 1925-ci ildən sonra Azərbaycan türkcəsinin qəti şəkildə qadağan olunmasının, xalqın bütün milli haqq və hüquqlarının əlindən alınmasının əsas nədənləri despot hakim rejimin və bu rejimin tərəfdarlarının başladıqları iranlılaşma, farslaşdırma siyasətində idi. Müasir fars millətçiliyi "modernləşmə və qərbliləşməni ayrılmaz bir bütün olaraq öz içində birləşdirmişdi. Bu nəzəriyyənin təməlini ilk dəfə çökdürən Mirzə Fətəli Axundzadə olmuşdur", - deyən Arif Kəskin "Fars milliyyətçiliyinin iç üzü" adlı I yazısında müasir fars millətçiliyinin nəzəri inkişafının erməni əsilli Mirzə Mülküm xanla yeni bir mərhələyə qədəm qoyduğunu da diqqət mərkəzində saxlayaraq yazır: "Mirzə Mülküm xan 1833-cü ildə İsfahanda erməni ailəsində dünyaya göz açmışdı. Mülküm xan Fransada təhsil almış, İranda "Fəramuşxanə" adlı bir masson təşkilatı da qurmuşdu... "Qanun" qəzetini nəşr edən Mülküm xan yeni cəmiyyət qurmaq məqsədini güdürdü. Fars millətçiliyi onun təfəkküründə təməl prinsip hesab olunurdu. Onun bu fəaliyyəti fars millətçiliyinin inkişafı üçün ilham qaynağı olmuşdur. Bu siyasəti yürüdən müasir fars millətçiləri üçün İranda böyük təhlükə türklər, sonra isə İslam və ərəblər idi. Fars dili və ari irqi İranın milli və tarixi kimliyi olaraq qəbul edilirdi. Berlində çıxan, İranın 40-a yaxın şəhərində oxunan və yaxşı tanınan "İranşəhr" dərgisinin yazdığına görə, İranın ən böyük problemi etnikçilik və regionçuluqdur: "Bu problem o qədər ciddidir ki, xaricdə yaşayan hər bir iranlıdan haralı olduğu soruşulduğu vaxt anadan olduğu yerin adını deyir. Biz regional firqələri, dilləri, geyimləri, adət və ənənələri məhv etməliyik..."

Məşrutə dövründə yaranmış modern ifadə olan "millət" termini sadə əməkçi insanların təmsil olunduğu rəiyyət (ərəbcə) ifadəsini əvəzlədi. Əlbəttə, Pəhləvi xanədanının "Modern millət" anlayışı əsasən milli ayrı-seçkilik-nasionalizm, sekulyarizm, şahlıq-taxt-tac ənənələri, azad bazar iqtisadiyyatı, əski İran tarixinə heyranlıq, eləcə də hərbçilik təməlləri üzərində boy verirdi və təbii ki, İranda yaşayan digər xalqların, həmçinin, Azərbaycan türklərinin də əleyhinə idi. Çünki bu heyranlıq nəticəsində Türk dili və Türk kimliyi köşəyə sıxışdırılırdı...

Uzun illərdir ki, Güney xalqının ədəbiyyat adamları - şair və yazarları üzləşdikləri belə bir çətin, mürəkkəb duruma, müxtəlif yönlərdən göstərilən basqılara, Azərbaycan türkcəsinə qoyulan qadağalara, ana dilində təhsil üzərindəki yasaqlara rəğmən, var gücü ilə qələmə sarılır, dəyərli əsərlər yaradırlar. Böyük Vətənimizin Güney parçasında qələm sahiblərinin güclü həyat eşqi ilə yaratdığı əsərlər - Nasir Mənzurinin "Avava", "Qaraçuxa", Məcid Şəbbağ Yalqızın "Çalhaçal", "Ağ aşıq", Huşəng Cəfərinin "Günəş", "Ağ atım", Nasir Merqatinin "Talanmış günəş", Əziz Səlaminin "Torpaq duyur addımını", "Susmaz mahnı", "Anamın yurdu uzaqlardan", "Yollar boyu dostumuz" və "Axar kitab", Səhər Xiyavinin "Və... qadın danışır", "Ağrılarım özgə deyil", Hadi Qaraçayın "Barışa inanma, Fərihcəm", Əli Daşqının "Zaminim sevgidir", Məhəmmədrza Təbrizlinin "Qartal balası", İsmayıl Mədədi Ülkərin "Günəş tonqalı", "Yalqız bitki", "Buyur addım at", "Bir salxım dan yeri", "Urmu gölü şeir antologiyası", Məmmədrza Ləvayinin "Gəlirəm, mənə inanın", "Dərinliyimdir dəniz" ,"Günəş səsindir, batır", "Gözlərin doğum günüm", "Terror və azadlıq", "Sonra ürəyimi onlara verdim" poetik topluları bu sırada xüsusi seçilir. "Arbatan", Mustafa Şeyxpurun "Dünya durduğum yerdə qurtarır", Fəriba Mürtəzainin "Dilim ağzımda quruyur", Məlihə Əzizpurin "Göy gözlü tanrı", Fəranək Fərid İpəyin "Yuxuda ayılmaq", "Cızıq", Aydın Arazın "Axşamlar gedir, yoxsa qayıdır?", "Yasaq sözcüyüm", Eyvaz Tahanın "Qurşun hardan açıldı", Ə.M.Ağdaşlının "Şaman", Saleh Ətayinin "Mənim adlarım", Əhməd Xeyrullapurun "Alzaymer", Ərəstu Mücərrədinin "İtən kölgələr", Hamid Əhmədinin "Tutmaz tora", Səid Muğanlının "Sənsiz yalqız qalıb Təbriz", Nəsim Köhnəsalın "Yarım açıq çamadanlar", Xosrov Barışanın "İçdim Təbrizin işıqlarını", Həsən İldırımın "Üşütmə içində istədiklərim", Rüqəyyə Kəbirinin "Təbrizin al təbim", Babək Qocazadənin "Təbrizimə yana-yana baxaydım", "Bir səbət qızıl yumurta", Saleh Səccadinin "İşıqdan danışıq", Rəsul Qədirinin "Tanri bilsin, bir də könül", Ərgin Avşarın "Sən olmasan, gözəlim özgürlük" kimi şeir topluları da ayrıca dəyər daşıyır. Həmid Arğışın tərtib etdiyi "Səksən il hekayəmiz", Rüqəyyə Kəbirinin "İçimdəki qız", "Bu qapı heç çalınmayacaq", "Evim", "Yerdən uca torpaq" və başqa bu kimi kitab və toplularda (adını yazmadığım yazarlarımız, lütfən bağışlayın, əlimə çatan, haqqında bilgim olan kitab və topluları sadalayaraq fikir bildirmək zorundayam), "Dayaq" yayınları və AYB-nin birgə layihəsi əsasında Bakıda nəşr olunmuş Ramin Cahangirzadənin "Daşlar", Elvar Qullivəndin "Zibil dolunda ziyafət", Rəsul Yunanın "Mən Çin məhəlləsində itmişəm" və "Duel", İsmayıl Ülkərin "Sevda yoldaymış", Məlihə Əzizpurun "Su pıçıltısı" və "Mənə bir küçə bağışla", Sayman Aruzun "Paltarlarım adamsızdır", Səkinə Purhəsənin "Ayrılıq durağı", Kiyan Xiyavın "Sarı saatlar dənizində") və dərgilərdə ("Varlıq", "Xudafərin", "Yaşmaq", "Güneyin səsi" və s.), "Dayaq.orq", "Düşərgə", "İşıq", "Sözün sözü", "Öyrənci", "Günaz.TV", "Bulaq.info", "Turuz", "Azadlıq.orq" kimi internet sitələrində, Hadi Qaraçay, Hümmət Şahbazi, Əziz Səlami, Rəsul Yunan, Rza Vəidi Artan, Əli Daşqın, Ramin Cabbarzadə, Məsud İslami, Məsud Haray, Baraz, Neda Səmədi, Ülkər Ucqar, Alqış, Qadir Cəfərinin bloq və özəl səhifələrində də çox önəmli mətnlər vardır. Eləcə də www.anjomaneardabil.blogfa.com, danulduzu53.blogfa.com, yazaraz.blogfa.com, shaerazarbaijan.blogfa.com/cat-1.aspx, mayak2.blogfa.com, anjomanadabi moghan.blogfa.com, cobanyildizi.blogfa. tenqid.blogfa.com, mohajer3657.blogfa.com, www.tonqal.blogfa.com, www.ishiqsoy.blogfa.com lacin-dergisi.blogfa.com, www.modernpoem.blogfa.com, almayolu.blogfa.com, yazaraz.blogfa.com, anjomanvarzegan. blogfa.com, www.dushunce.blogfa.com/post-3.aspx, tabrizfizuli.blogfa.com, www.sabahayol.blogfa.com, com/post-16.aspx kimi bloq və sitələrdə yer almış yazılarla, şeir və nəsr örnəkləri ilə tanışlıq bir daha təsdiqləyir ki, Güney Azərbaycanda ədəbi proses dinamik sürətlə gəlişməkdədir. Bu sırada Güneyin tarix boyunca gəzən canlı məktəbləri rolunu oynamış aşıq yaradıcılığına geniş meydan verən ashiglar.blogfa.com, www.ozan2007.blogfa.com, www.ozanlar dunyasi.blogfa.com, sadaflisaz.blogfa.com və digər bloqları öncül yerdədir.

* * *

"Yaşmaq" dərgisinin baş yazarı, şair və naşir Səid Muğanlı bu gün ədəbiyyatın inkişafının həm Güneydə, həm də Quzeydə qabarıq, bəzi hallarda isə bütün çılpaqlığı ilə özünü göstərən estetik toqquşmalardan daha çox asılı olduğunu söyləyir. S.Muğanlının həmin müsahibədə səsləndirdiyi fikirlər hazırda Güney Azərbaycanda gedən ədəbi prosesin qısa bir xülasəsıdır. Ədəbiyyatda yaşlı və gənc nəsillər arasında bir bəyənməməzlik, bir-birini qəbul etməmə məsələsinə münasibətini sərgiləyən S.Muğanlı bu tendensiyaya da açıqlama verir və bildirir ki, "Güneydə gənclər yaşlı ədəbi nəsildən Şəhriyar və Səhənddən başqa hamının üstünə gedirlər (yəni tənqid edirlər), amma Şəhriyar və Səhəndə bir rəğbət var. Bəzən Şəhriyarın da adını dilinə dolayanlar olur, o zaman deyirik ki, çox da dərinə getməyin, bizim danışdığımız, yazdığımız bu dilin formalaşması onun xidmətidir". Araşdırmaları və tərcümələrilə kifayət qədər oxucu auditoriyası qazanmış Güntay Gəncalp da "Bakıda ədəbiyatda yeni və yaşlı nəsil arasındakı dartışmalar üzərinə" adlı yazısında bugünkü savaş, mübarizə, kürəsəlləşmə dünyasında fikirlərin savaşını normal, təbii qəbul edir və Quzey Azərbaycanda yetişməkdə olan yeni ədəbi nəslin yaradıcılıq enerjisini, potensial imkanını göstərmək üçün özündən əvvəlki nəsilə meydan oxumaq istəyinə diqqəti yönəldir: "Gerçəkdən də bu yeni nəslin "duyum" və "duydurum" səliqələri, zövqləri fərqlidir. Fərqli deyil, təzadlıdır. Bu təzadların çarpışmasını da bəlkə təbii olaraq anlamaq mümkündür... Dünya savaş dünyasıdır. Fikirlərin də savaşı var. Nitşenin hayqırışını duyalım - Barışınız savaş, durğunluğunuz səfərlər olsun..."

İstedadlı şair Məlihə Əzizpurun isə gənc nəslin Şəhriyara münasibətinə, eyni zamanda ustad şairin Güney ədəbiyyatı qarşısındakı misilsiz xidmətləri məsələsinə daha həssas və içdən, həm də qlobal yanaşması düşündürücüdür: "İranda fars dili və ədəbiyyatı qarşısında türkcə uzun illər boyunca susarkən son dönəmdə çağdaş türk ədəbiyyatının ən böyük şairi Şəhriyar yetişdi. Şəhriyar, İranda farsca qarşısında yox olmağa üz tutan Türk dilini "Heydər Babaya salam" əsəri ilə əbədi olaraq ayağa qaldırıb başını göylərə çatdırdı".

Göründüyü kimi, bu gün çağdaş Güney Azərbaycan ədəbiyyatında işlədilən mövcud ədəbi dillə bağlı müxtəlif baxışlar ədəbi mübahisələrin mövzusuna çevrilməkdədir. Şair və yazıçıların bəziləri Türkiyədə daha geniş şəkildə yayılan Anadolu türkcəsini, bir qismi Quzey Azərbaycan türkcəsini, bir qismi isə Ortaq türkcəni məqbul sayır və məqbul saydığı türkcədə də yazmağa üstünlük verir. Beləliklə də, özünü ana dilinin xidmətçisi, qoruyucusu sanır. Onlardan bəzilərinin Ədəbi dil anlayışı ilə bağlı özəl fikir və qənaətlərinə qısaca nəzər yetirmək istəyirik. Çünki ədəbi prosesin inkişafında dil məsələsi ən vacib faktordur. Hadi Qaraçay "Ədəbi dil anlayışı"na özəl münasibətini eyniadlı yazısında sərgiləyir, Ortaq Azərbaycan dilinin, Ortaq Türkcənin gərəkliliyini hayqırır. Elə bir ortaq və aydın türkcənin ki, dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir türk onu anlamaqda çətinlik, zorluq çəkməsin... Bu ortaq türkcəni Osmanlı türkü də, Azərbaycan türkü də, özbək, qırğız, qaraqalpaq, qazax, türkmən, qaqauz, tatar və sair qarındaşlarımız da anlasın, ilişgilərini həmin türkcədə sürdürə bilsinlər... Hadi Qaraçay yazır ki, "XX əsrdə elin, ulusun dilində olan sözcüklərlə yetinmək olmaz, biz bir də yeni sözcüklərin yaradılmasını sağlayacaq bir dil qurumu yaratmalıyıq. Dil qurumu dilimizin köklərinə, özəlliklərinə dayanaraq yeni anlamlara, yeni nəsnələrə uyqun ad qoymaqla ilgilənməlidir. Günümüzdə belə bir qurumun yaradılma olanağı olmadığı üçün dilimizdə gedən dəyişmələr olağanüstü çalışmalara, bir neçə aydının özəl çalışmalarına, başqa sözlə, örgütləndirilməmiş bir biçimdə gedir. Bunun da verdiyi sonuc olduqca azdır..." Məlihə xanım sonucun - nəticənin az olmasının əsas səbəbini Güney Azərbaycanda Quzeydən fərqli olaraq uzun illərdən bəri ana dilində milli təhsilin olmaması ilə əlaqələndirir. Yazar xanım söyləyir ki, "ədəbi dil quzeyli şairin əlində mum kimidir, bu dildə təhsili və hər növ azadlığı olduğuna görə onun üzərində arzu elədiyi kimi işləyib ona şəkil verə bilir, onu istədiyi kimi formalaşdıra bilir, güneydə (Cənubi Azərbaycan) isə bu, çətindir..."

Çağımızın ünlü şairləri Ə.Daşqın, M.Haray, H.Qaraçay, M.Əzizpur, H.Şahbazi, N.Əzhəri, N.Merqati və başqalarının bir ziyalı kimi narahatlığı, türkcənin gələcəyi ilə bağlı əndişəsi başadüşüləndir. Millətin, xalqın ziyalısı bu cür düşünməli, ana dilinin azadlığı, tərəqqisi naminə, təbii ki, çabalar göstərməli, var gücü ilə savaşmalıdı... Bu savaşın gərəkliliyini anlayan türk ruhlu, milli düşüncəli şair, nasir və dilçi alim Əli Daşqın müxtəlif lüğət kitabları və Azərbaycan türkcəsini öyrədən eyitim görəvlilərinə və tələbələrə türkcəni - ana dilimizi sərbəst şəkildə öyrənmək istəyənlərə yardımçı olmaq məqsədi ilə dilçilik məsələlərinə, gündəlik danışıq dilinə, eyni zamanda, dialektologiyaya aid kitablar da hazırlayaraq nəşr etdirib. Vətənpərvər yazar "Türkcə-Türkcə sözlük" (Təbriz, Yaran yayınevi, 1991, 530 s), "Sadə xəritələr (elmi araşdırmalar)", (Təbriz: İranvic yayınevi, 1992, 128 s.), "Farsca-Türkcə sözlük" (1c.,Təbriz, Talaş yayınevi, 1994, 800 s.), "Dil və dilçilik" (Təbriz, Əxtər yayınevi, 1998), "Gündəlik Türk dili" (1 və 2 cildlər., Təbriz, Danyal yayınevi, 1998, hər ikisi 208 s. olmaqla), "İngiliscə-Türkcə-Farsca sözlük 1 və 2 cildlər" (Təbriz, Aşina yayın evi, 2000, hər ikisi 800s. olmaqla), "Azərbaycan dilinin qrammatikası" (Təbriz, 2002, 136s.)", "Dilin iç üzü" (dil-təfəkkür-şüur), (Təbriz, Əxtər yayınevi, 2000, 152 s.), "Ədəbi səbkilər", (Təbriz, Sərçeşmə yayınevi, 2001, 96 s.), "Türkcə rahat dil öyrənimi" (1c., Təbriz, Vəfacu yayınevi, 2002, 192s.), "Türkcə rahat dil öyrənimi" (II c., Təbriz, Vəfacu yayınevi, 2002, 192 s.), "İngiliscə-Türkcə-Farsca dil bilimi", (Təbriz, Əzəm yayınevi, 2002, 160s.), "Türkcə-Farsca danışıq" (Təbriz, Əxtər yayınevi, 2001, 160 s.), "Dədə Qorqud və yeni toplum" (tenologiya), (Təbriz, Əxtər yayınevi, 2003, 160 s.), "Farsca-Türkcə sözlük" (2 c., Təbriz, Əxtər yayınevi, 2006, 1200s.), "Türkcə-Farsca sözlük" (Təbriz, Əxtər yayınevi, 2006, 1040 s.), "Çağdaş Azərbaycan Türkcəsi, Fiziologiya" (Təbriz, 2006, 64 s.), "Ümumi dilçilik" (Təbriz, Nikuyi yayınevi, 2009, 104 s.), "Təbriz dialekti" (Təbriz, Əxtər yayınevi, 2012, 176 s.) kimi monumental əsərlərini məhz bu məqsədlə araya-ərsəyə gətirib. Təsadüfi deyil ki, Türkiyənin Tarsus bələdiyyəsi Kültür və sənət danışmanı Qüdrət Ünal bütün türk dünyasının şair, yazar və alimlərinə bu böyük qaynaqdan - Ə.Daşqının lüğət və sözlüklərindən istifadə etməyi, yararlanmağı tövsiyə edib: "...Ömrünün on yedi sənəsini vermiş və xalqının varlıq, habelə gələcəyini düşünərək 12000 səhifəlik, həm də üç dilli sözlük yaratmışdır, bu işi böyük bir institut öz bilim adamları ilə birlikdə və uzun illər boyunca yerinə yetirə bilmir. Daha nə istəyirsiniz? Alın, kullanın bu böyük qaynağı siz - Türk ölkələrinin öncül yazar, şair və araşdırmaçıları!"

Ana dili, ədəbi dil, şeirin gözəllik fəlsəfəsinin açılışı məsələsi Güneydə çox dartışılan aktual nəsnə olduğundan filosof yazar Eyvaz Tahanın "Şeir varlığın evidir" (Şeirin gözəllik fəlsəfəsi və Azərbaycan şeirinin problemləri. Ərəb əlibasında, birinci çap, Bakı, 2006; ikinci çap, Təbriz, 2008, üçüncü çap, Zəncan, Pinar nəşriyyatı, 2011) kitabı, göründüyü kimi, üç dəfə çap olunub və 2007-ci ildə Güney Azərbaycanda ilin kitabı seçilib...

Hər bir fəlsəfi axtarışında "dil vəsvəsəsi" və ya "dil duyarlılığı" gözə çarpan Eyvaz Tahanın "Dil" fenomenini beləcə qabartması, vaxtaşırı bu məsələyə qayıtması, fikrimcə, Azərbaycan türkcəsinin Güneydəki tarixi durumu ilə bağlıdır. Bəzən belə nəzərə çarpır ki, düşüncə gedişini və təfəkkürün gerçəkləşmə şərtini dildən asılı sanır. Çünki yazarın öz sözləri ilə desək, "insanın düşüncəsi dildə baş verir. Habelə, insanın varlığı dildə gerçəkləşdiyi zamandan etibarən başqa canlılardan seçilməyə başlayır. İnsanın heyvanlardan üstünlüyünün başlıca səbəbini nitqdə görən Aristotel yanılmır..."

Haydegerin məşhur kəlamından ilham alaraq gəldiyi "dil nəinki insan düşüncəsinin, bəlkə varlığının da evidir" qənaətini kitab boyu əsaslandırmağa çalışan E.Taha hətta ədəbi-bədii yaradıcılığında belə, bu vəsvəsədən yaxa qurtara bilmir. Örnəyin, kiçik həcmli roman janrında qələmə aldığı "Qurşun hardan açıldı" əsərində texniki və bədii özəlliklərə riayət etməklə yanaşı, sağlam və axıcı bir dil sərgiləməyə qurşanması nəzərdən qaçmır. Güney Azərbaycan bədii nəsrinin qıtlığında belə bir kitab nəsr mədəniyyətinin gəlişməsinə etkisiz ola bilməzdi. Gözəllik fəlsəfəsinə köklənmiş E.Taha "Şeir varlığın evidir" kitabında bir çox məsələlərlə yanaşı, yenə də Ana dili məsələsini mərkəz nöqtədə saxlayır. Həmin kitabdakı kiçik bir cümləsindəki: "Mən Azərbaycan türkcəsini təfəkkür sahəsində dilləndirmək istəyirəm", - fikri sanki filosof yazarın bir ömür boyunca fəaliyyətinin başlıca amacını əks etdirir. Üstəlik, fəlsəfi nəzəriyyələr işığında Güneydə şeir mədəniyyətinin yayğın olmasının sirrini açmaq üçün nəzəri səbəblər axtarır. Kitabda həm də şerimizin nəsrdən üstünlüyü, şeirlə nəsr dilinin köklü fərqləri, şeirin amac və ya arac olması və şeirlə fəlsəfənin ilişkiləri geniş araşdırılır.

Uzun illər Hindistanın Baş naziri olmuş böyük hind mütəfəkkiri və ictimai xadimi Mahatma Qandi də məhz ana dilinin və ölkəsinin istiqlala qovuşması uğrunda savaşıb: "Hindistanda orta oxulda və universitetdə yabancı dildə oxuma yayılmışdır. Bu, əxlaqi və ruhi baxımdan millətimizə və ölkəmizə çox zərər verməkdədir. Hindistanın istiqlal savaşı həm də öz dilinə sahib çıxması üçündür. Öz dilimizə hələ çox yaxın olduğumuzdan yabancı dildə oxumanın bizə nə qədər zərər verdiyinin fərqində deyilik. Özümüz yabancı dildə təhsil aldığımız üçün bunun zərərlərini anlayıb önləmlər almalıyıq..."

Əfsuslar olsun ki, bu tendensiya dünyanın inkişaf etmiş ölkələri ilə ayaqlaşmaq üçün gecə-gündüz çabalar göstərən bir sıra ölkələrə də xasdır. Son nəticədə itirən, uduzan yabançı dilləri ana dilindən üstün sayanlar olur.

* * *

Şairliyində işıq saçan istedadı ədəbi-tənqidi yazılarında da boy verən Əziz Səlami uzun illər Almaniyada yaşayıb alman dilində danışsa da, ana dilini bircə anlıq da olsa unutmayıb, yazılarını, şeir və öykülərini də məhz anasının laylay dilində, doğma türkcədə qələmə alıb. Fars məktəbində öyrətmənlik edən, tədris etdiyi "fars dili ilə ruhunun da dili bağlanan", hətta "qarğa", "bulud" kimi məfhumları xalis türkcə anlamından başqa türlü düşünə bilməyən Əziz Səlami gəncəcik bir öyrətmən olduğu dönəmlərdə öyrəncilərinə məhz bu nədənlərlə fars dili əvəzinə Ana dilini, milli ədəbiyyatı öyrədib. Güney Azərbaycanda söz və ana dilinin azadlığı, xalqın haqsızlıq və ədalətsizliklərlə üzləşməsi, hüquqlarının pozulması məsələsi Ə.Səlamini daim düşündürüb: "Ta uşaqlıq çağlarından şeir və ədəbiyyatla dərindən maraqlandığım üçün dil məsələsi baş məsələmə çevrilmişdir. Bir Azərbaycan türkü olaraq dilim də Azərbaycan türkcəsi olmuşdur. Məktəbdə mənə öyrətdikləri fars dili mənim ruhumun dilinə qarşı çıxırdı. Mənim üçün "bulud" sözünü buludun özündən ayırmaq mümkün deyildi. Bağçamızda ucalan qovaq ağaclarında qarıldayan qarğaları adlarından ayrı görə bilmirdim. Məktəbdə öyrəndiyim fars dili ilə ruhumun dili bağlanmış olurdu. Hələ beş-altı yaşlarımda bayatılarımızı şirin-şirin öyrənən mən, sözlərinin bir çoxunu anlaya bilmədiyim yad bir dildə şeir əzbərləməli idim! Bu haqsızlıqla barışmazlığım ildən-ilə dərinləşir və ömür yoluma çevrilirdi. Şah dönəmində, ölkəmizin uzaq bir kəndində müəllim olaraq çalışmağım da bundan idi. Dərs kitabları fars dilində olsa da, şagirdlərimə fars dili deyil, öz dillərini öyrədirdim. Mənim onlara öyrətdiyim xalq mahnıları Savakın qulağına çatmadan dağların, dərələrin qoynuna yayılırdı. Şahdan sonra qopan fırtınaya atılmağımın da səbəbi xalqımıza qarşı bu kimi ədalətsizlikləri aradan qaldırmaq idi. Mənim və minlərlə mənim kimi düşünənlərin haqlı röyası gerçəkləşə bilmədi. Qurşunlanan, qana boyanan nə qədər döyüşdaşlarım vardı! Onların çoxu dilimizdə bir kitab belə görmədən, günəşə, azad yaşamağa mahnılar yazırdılar!"

Ana dilində heç bir təhsil almayan, türkcə kitablar oxumayan, yalnız anasının laylalarından, atasının, aşıqların söylədiklərindən bəhrələnib "günəşə, azad yaşamağa mahnılar yazan" Güney yazarları, əgər bu şərtlər altında olmasaydılar, nələr yarada bilərdilər!..

Ə.Səlami, Ə.Daşqın, M.Haray, H.Şahbazi, E.Taha, H.Qaraçay, M.Əzizpur və başqa aydınların, eləcə də Hindistanın görkəmli ictimai-siyasi xadimi M.Qandinin və Nazim Hikmətin də söylədiklərindən görünür ki, deməli, dünyanın imperiya əsarətində olan bütün xalqları eyni hisslərlə yaşayır, eyni amacla da savaşırlar...

Şair, dilçi alim-türkoloq Həmid Nitqi isə imperiya əsarətində olan bir xalqın övladı olaraq bu acı gerçəyi lap vaxtında görürdü. Vətənsevər alim çıxış yolunu "Dildə, fikirdə, əməldə birlik" şüarını gerçəkləşdirmək uğruna çabalar göstərmiş, bütün dünya boyu sakinləşmiş böyük Türk millətinin bir-birini ortaq bir dildə danışıb anlaması naminə ömrünü fəda etmiş İsmayıl bəy Qaspıralının hələ XIX əsrin ikinci yarısında irəli sürdüyü "Vahid ədəbi dil sistemi"ni yaratmaqda görür və bu işin vacibliyini dərk edirdi. Hətta bu məqsədlə 80-ci illərdə "İmla qaydaları" adlı məqalə yazaraq "Varlıq" dərgisinin əlavəsi kimi nəşr də etdirmişdi. Şəhriyarın Azərbaycan türkcəsində qələmə aldığı "Heydərbabaya salam" əsərinin xalq danışıq dilinə son dərəcə yaxınlığını xüsusi vurğulayan dilçi alim Quzey Azərbaycanda illərdən bəri mövcud olan və geniş şəkildə tətbiq edilən imla prinsiplərini gözləməklə ərəb əlifbası əsasında Azərbaycan dilinin fonetik quruluşuna uyğunlaşdırılmış vahid bir ədəbi dil sistemi, yazı üsulu da yaratmışdı. Həmin yazı üsulu - "İmla qaydaları" Güneydə və onun dışında yayımlanan "Varlıq", "Xudafərin", "Yaşmaq", "Bayquş", "Yarpaq", "Güneyin səsi", "Ban" kimi mətbu orqanlarda işlənməkdədir.

Bu məqamda təəssüflə vurğulamaq yerinə düşər ki, böyük Şəhriyar, Səhənd, Sahir, S.Behrəngi, Sönməz, Savalan, H.Nitqi, Ə.N.Oxtay və digər klassik söz ustadlarımızın, H.R.Səhər, N.Mənzuri, Ə.Daşqın, S.Muğanlı, Ə.S.Alov, C.Bozorgəmin, N.Əzhəri, Ə.Səlami, H.Qaraçay, M.Haray, H.Şahbazi, M.Əzizpur, Ü.Ucqar, E.Böyükvənd, Q.Cəfəri, A.Əhmədoğlu, H.Babakişizadə və başqa çağdaş şair və araşdırmaçıların səylərinə, bu yöndə xidmətlərinə baxmayaraq, Güneydə bu gün vahid ədəbi dil tam şəkildə formalaşa bilməyib. Söz ustalarının əksəriyyəti danışıq dili ilə ədəbi dilin fərqləndirilməsini gərəksiz sayır və əsərlərini danışdıqları tərzdə, yaxud şivə və dialektə uyğun yazmaqda davam edirlər.

Aydın insanlar xalqı irəli aparmaq üçün qarşıda duran vəzifələri yaxşı anlayır və bütün imkanlarını bu vəzifələrin həllinə yönəldirlər. Cəmiyyətdə baş verən iqtisadi, ictimai-siyasi prosesləri, eləcə də baş verə biləcək digər halları əvvəlcədən dərk edə bilir və bunları mənsub oldugu auditoriya vasitəsi ilə cəmiyyətə çatdırır, xalqı uyarırlar. Rəsul Qədiri də belə aydınlardandır. Onun bir aydın kimi, xalqın taleyüklü məsələlərinin həlli yollarının tapılması, o cümlədən, Azərbaycan türkcəsinin gəlişməsi və Güneydə ədəbi dilin formalaşması üçün göstərdiyi çabalar da diqqətəlayiqdir. Şairin bu önəmli məsələyə yanaşması, Arazın hər iki sahilində yetişən yazarların bir-birini tanıması, gəlişməkdə olan ədəbiyyatın yaxınlaşması üçün ədəbi körpülərin qurulmasının zəruriliyini yansıdan izahı çox ilgincdir: "Güneydə yaşayan azərbaycanlılar, nüfus baxımından ən azı dörd qat Quzeydəkilərdən çoxdur. Əminəm ki, Arazın o tayından gələn dəstəklər, Güneydəki qırx milyon Azərbaycan türkünün içindən yeni Şəhriyarlar doğurmağa yardımcı olacaqdır. Dolayısı ilə hər iki tərəfin dilinin özləşməsinə, zənginləşməsinə olumlu etkilər buraxacaqdır. Quzey ədəbiyyatına qarışan rus sözləri bizə, Güney ədəbiyyatına, türkcəmizə qarışan fars sözləri isə Quzey Azərbaycan türklərinə anlaşılmaz gəlir. Ədəbi körpülərin qurulması isə vahid, zəngin, yalxı, ortaq bir dilin qəbul olunmasında böyük rol oynaya bilər".

R.Qədirinin başqa bir açıqlaması da çox etkiləyicidir: "Güneydə yaşamayınca, yaxud Güneydə keçənlərlə sıx əlaqə qurmayınca, kimsə Arazın bu tayında nələr keçdiyini, çeşidli sahələrdə bu taylılar nə sıxıntılarla qarşı-qarşıya durduğunu bəlkə başa düşə bilməz. İdeologiya-siyasal mövzuları bir qırağa qoysaq, mən bildiyim qədərincə quzeyli vətəndaşlarımız heç bir zaman mədəni-kültürəl sahələr kimi mövzularda sıxıntı ilə üzbəüz olmayıblar. Öz doğma ana dilimizdə məktəbləri olub, rəqslərini canlandırıb, musiqilərini səsləndiriblər. Ancaq Arazın bu tayında durum tam fərqlidir. 71 il öncə, bir illik milli hökumətin iqtidarda olduğu zamandan başqa, güneylilərin heç bir zaman ana dilində məktəbləri olmayıb, onların ana dilini öyrənməsi belə yasaqlanıb. Türkləri fars olmayan başqa millətləri azlıqda olan fars etnikinin içində əritməyə cəhd etmişlər. Ayrıntılara keçmək istəmirəm, amma bu ağır durumda dünyadan heç bir maddiyyat gözləmədən, gənclik yaşlarından ötə yaşlarda məktəbsiz-müəllimsiz zəngin ana dilimizi öyrənməyə həvəsli olmağa, öyrənib dəyərli əsərlər yaratmağa, ancaq sevgi ilə, yüksək həyat ruhuyla çatmaq olar. Təzyiq çəkənlər bilirlər ki, madam vəsfində çarəsizsən, sevmədiyin qəddar hakimi belə ana dilində tərif etməyin də azacıq dadı ola bilər". Bu düşüncə ilə yazıb-yaradan R.Qədirinin "Təbrizlə mən", "Azərbaycan türkcəsi və mən", "Quzey Azərbaycan və mən" qoşalaşması, heç şübhəsiz, təbii görünür və anlaşılır.

"Dil olmasa, millət də olmaz. Milləti meydana gətirən kültür göstəriciləri arasında ilk sırada məhz dil gəlir. Dil olmasa, din olmaz (B.Vahabzadə)" - bu, danılmaz gerçəkdir. Tarixi mərhələr boyunca müşahidə etmişik ki, siyasi üstünlüklərini, hətta müstəqilliklərini itirən millətlər ana dilini qoruyub saxlamağı bacarıblarsa, yüz illər keçdikdən sonra belə, yenidən ayağa qalxıb siyasi azadlıqlarını qazanıblar. Amma dillərini itirən millətlərin, xalqların tarix səhnəsinə yenidən çıxmasına dair bircə örnək belə yoxdur...

Anlamaq heç də zor deyil ki, ana dili insanı var edən, ona "varlığının evində olduğunu" hiss etdirən, bir insan kimi formalaşdıran ən ümdə nəsnə, qutsallıqdır. "Söz"ü insanın canı kimi dəyərləndirən Eyvaz Taha bəyin fikrincə, "Ana dili çox önəmli fenomendir, hətta qorxunc bir fenomendir. 20-ci əsrdə, xüsusilə analitik fəlsəfə dilə çox diqqət yetirdi və dili düşüncə səviyyəsinə qədər yüksəltdi. Bunun mənası budur ki, dil yalnız düşüncənin ifadə aracı və passiv bir fenomen deyil, dil özü çox aktiv fenomendir və bəzilərinə görə, hətta düşüncə dilin məhsuludur".

Əlini vicdanının üstünə qoyub insanların ifadə vasitəsi kimi istifadə etdikləri ölkənin rəsmi dilində öz varlıqlarını hiss edə bilməyəcəklərini söyləyən filosof yazarın: "Dilə sadəcə bir ünsiyyət vasitəsi kimi baxılmamalıdır. İranda bəzən belə fikirlər səslənir ki, nə istəyirsiniz? Bir rəsmi dil var, bununla da insanlar istədiklərini ifadə edir. Amma mənim baxışımda bu, düzgün deyil. Çünki dil tamamı ilə bizim varlığımıza təsir buraxır və Haydeger demişkən, varlığımızın evidir. Biz başqa bir dildə kainatda olduğumuzu, varlığımızın evində olduğumuzu hiss edə bilmərik. Bu, yalnız ana dilində baş verə bilər", - sözlərindəki gerçəklər düşündürücüdür. Eyvaz Taha İranda türk dilinin indiki durumu və rəsmi dil mövqeyi statusuna təkcə fars dilinin sahib olmasını məqsədyönlü şəkildə yürüdülən siyasətin sonucu kimi açıqlayır və İran Azərbaycanında yaşayan türklərin kimliyinin əsas faktorunun məhz ana dili olduğunu önə çəkir "dövlət-millət anlayışı gündəmə gəlməmişdən öncə, İİR-də türk ədəbiyyatının parlaq dönəmləri olduğunu vurğulayır mövcud durumun təbii bir prosesin sonucu olmadığını bildirir: "Əsasən, İranda fars dilinin yazı dili olması dövlət-millət qavramından qaynaqlanır. Yəni bu, Rza şah zamanında rəsmiləşdirilib. Ondan öncə bizim dilimiz sıradan çıxmış bir dil deyildi... Biz bunu bir proses deyil, bir layihə hesab edirik. O layihənin içində hər halda fransız modeli seçildi, fransız modelində bütün dillərin, bütün etniklərin sıradan çıxarılması, digər dillərin bir dilin xeyrinə tapdalanması bir ilkə, bir prinsipdir. Amma Amerika modelində belə bir şey yoxdur, digər dillərin də varlığı qəbul edilir... İranda fars dilinin yazı dili olması dövlət-millət qavramından qaynaqlanır. Ondan öncə bizim dilimiz sıradan çıxmış bir dil deyildi... İranda türkcə ərəbcə və farsca ilə paralel bir şəkildə tarixi proseslərdən keçirdi. ...Biz bunun başqa dillər, misal üçün farscaya təhlükə oluşduracağını da düşünmürük, amma bunu da haqsızlıq bilirik ki, İranda bu qədər imkanlar yalnız bir dilin xeyrinə toplanıb", - deyən E.Taha sözlərinin istiqamətində iki və ya daha çox dili rəsmi dövlət dili kimi qəbul edən bəzi ölkələrdəki modelə işarə edir".

Bu gün Güney yazarları, aydınlar yenə də Azərbaycan türkcəsinin haqlarını, öncəki statusunu geri almaq, qazanmaq amacı ilə savaşırlar.

SİZƏ MARAQLI OLA BİLƏR